Avqust 2016 İş yeri statistikası açıqlanıb



Yüklə 4,35 Mb.
səhifə46/46
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#1670
1   ...   38   39   40   41   42   43   44   45   46

Sentyabrın qəbul cədvəli


30.08.2016

Dövlət və hökumət rəsmilərinin 2016-cı ilin sentyabr ayında vətəndaşları hansı şəhər və rayonlarda qəbul edəcəyi açıqlanıb:


Qəbul edən
Gün
Yer
Əhatə olunan şəhər və rayonlar

Ramin Quluzadə, rabitə və yüksək texnologiyalar naziri

9

Şəmkir

Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy

Oqtay Şirəliyev, səhiyyə naziri

9

Şəki

Şəki, Oğuz, Qax, Zaqatala, Balakən

Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

15

Ağsu

Ağsu, Şamaxı, İsmayıllı, Qobustan

Azad Rəhimov, gənclər və idman naziri

16

İsmayıllı

İsmayıllı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən

Hicran Hüseynova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri

16

Astara

Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı

Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

16

Kürdəmir

Kürdəmir, Ucar, Göyçay, Ağsu

Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi

22

Zaqatala

Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax, Balakən

Zakir Qaralov, baş prokuror

23

Beyləqan

Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın

Səlim Müslümov, əmək və əhalinin sosial müdafiəsi naziri

23

Tərtər

Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın

Heydər Əsədov, kənd təsərrüfatı naziri

23

Saatlı

Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala

Şahin Mustafayev, iqtisadiyyat naziri

23

Şəmkir

Şəmkir, Tovuz, Gədəbəy

Ziya Məmmədov, nəqliyyat naziri

23

Naftalan

Naftalan, Goranboy, Tərtər

Mikayıl Cabbarov, təhsil naziri

23

Zərdab

Zərdab, Ucar, Göyçay, Ağcabədi

Fazil Məmmədov, vergilər naziri

23

Füzuli

Füzuli, Ağcabədi, Beyləqan, Xocavənd

Aydın Əliyev, Dövlət Gömrük Komitəsinin sədri

23

Göygöl

Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir

Ramil Usubov, daxili işlər naziri

24

Lənkəran

Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı

Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

28

Ağsu

Ağsu, Şamaxı, İsmayıllı

Əbülfəs Qarayev, mədəniyyət və turizm naziri

29

Biləsuvar

Biləsuvar, Salyan, Neftçala, Beyləqan, Cəbrayıl, Xocavənd

Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri

30

Gədəbəy

Gədəbəy, Gəncə, Samux, Göygöl, Daşkəsən

Fikrət Məmmədov, ədliyyə naziri

30

Ağcabədi

Ağcabədi, Beyləqan, İmişli

Kəmaləddin Heydərov, fövqəladə hallar naziri

30

Ağdam

Ağdam, Bərdə, Tərtər

Kərəm Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

30

Zərdab

Zərdab, Ucar, Göyçay,

Hesablama Palatası ünvanlı sosial yardım təyinatında nöqsanlar üzə çıxarıb


30.08.2016

Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-mart aylarında Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələrini təsdiq edib. Rəsmi məlumata görə, bir sıra hallarda ünvanlı dövlət sosial yardımı (ÜSY) təyinatı üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib, 56 iş üzrə ailənin əməkhaqqı gəlirləri, 36 iş üzrə sosial müavinətlərdən, 17 iş üzrə əmək pensiyalarından, 22 iş üzrə torpaq payından, 11 iş üzrə digər mənbələrdən gəlirləri haqqında, 16 iş üzrə ailənin tərkibi, 2 iş üzrə kredit öhdəliyi, 1 iş üzrə edilmiş alğı-satqı, 100 iş üzrə ailənin istifadəsində avtomobilin olması haqqında düzgün və ya tam məlumat verilməyib, 2 iş üzrə ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi bilinib, 16 məcburi köçkün işi üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmayıb, 2 iş üzrə Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbi ailənin tərkibinə daxil edilib, nəticədə ÜSY üzrə artıq ödəmələr yaranıb.

Qeyd olunur ki, sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da qanunvericiliyin bir sıra tələblərinə əməl edilməyib, əmək pensiyası hüququ olduğu halda 5 iş üzrə əlilliyə görə, 3 iş üzrə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1 iş üzrə ailə başçısının itirilməsinə görə, 7 iş üzrə kommunal güzəştlərin ləğv edilməsinə görə sosial müavinət ödənib, 16 iş üzrə vətəndaşın vəfat etdiyi tarix dəqiqləşdirilməyib, 7 iş üzrə səhv hesablamalara yol verilib, birdəfəlik müavinətlərin ödənməsində nöqsanlar olub: “Təqdim edilmiş məlumatlara əsasən, auditin başladığı tarixə həm ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlər mövcud olduğu müəyyən edilib və həmin vəsaitlər audit dövründə dövlət büdcəsinə qaytarılıb.

Hesablama Palatasının Kollegiyası Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yol verdiyi nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla digər nöqsanların qısa müddət ərzində ləğvi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, müvafiq təqdimat Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib”.

İstiqraz hərracında sifariş təklifi 3 dəfədən çox üstələyib


31.08.2016


Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 8 investor 15 sifariş verib. Nominal üzrə ümumi məbləği 33 milyon 714 min 500 manat olan sifarişlər 96,3512 manat (15,4003 faiz) və 97,9200 manat (8,6383 faiz) qiymət intervalında təqdim edilib.

Avqustun 30-da keçirilən hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97,6234 manat (9,9001 faiz), orta ölçülmüş qiyməti 97,7580 manat (9,3265 faiz) olub. İstiqrazların ödəmə tarixi noyabrın 29-dur.


Dollar 1 manat 63 qəpiyi ötdü


31.08.2016

Avqustun 31-də ABŞ dollarının rəsmi kursu dəyişib. 1 dollar 1,628 manatdan 1,6321 manata qalxıb. Avqustun 26-dan bəri rəsmi məzənnə sabit qalmışdı.

Avroda da bahalaşma var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,8209 manata satılır. Ötən gün kurs 1,8188 manat idi.

Mərkəzi Bank Rusiya rublunu ucuzlaşdırıb. 1 rublun rəsmi kursu 0,0252 manatdan 0,0250 manata enib.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Mərkəzi Bankla Dövlət Neft Fondu 2016-cı ildə manatın məzənnəsini nizamlamaq üçün valyuta hərraclarında üst-üstə 4 milyard 87,3 milyon dollar satıblar.


Biləsuvar və Şəmkirdə yoxlamaların nəticələri açıqlanıb


31.08.2016

Dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinə (RİH) ayrılmış vəsaitlərdən istifadə auditinin nəticələri üzrə hesabat təsdiq olunub. Hesablama Palatası bildirir ki, audit 9 tədbiri, o cümlədən beş məktəb və bir inzibati bina və iki yolun tikintisi, həmçinin Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi layihəsi üzrə ümumilikdə 31 milyon 363,8 min manat məbləğində vəsaiti əhatə edib.

Rəsmi məlumata görə, RİH “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları”nın tələblərinə əməl etməyərək layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlamayıb, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin bəzi tələblərinə əməl etməyib, nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb.

Audit hesabatına görə, tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb: “Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyanın aktlarının tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmənin texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub. Yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların məktəblərə təhvil verilməsi tam təmin olunmayıb.

1 yanvar 2016-cı ilə başa çatdırılmamış kapital qoyuluş üzrə 1 obyektin dəyəri, 10 obyekt üzrə isə kreditor borcun məbləği mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməyib”.

Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə Şəmkir Rayon Təhsil Şöbəsinə (Şöbə) ayrılmış vəsaitlərlə bağlı auditin nəticələrini də açıqlayıb. Audit ümumilikdə 46 milyon 901,5 min manat məbləğində vəsaiti əhatə edib: “Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən artıq əməkhaqqı ödənib. Audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödəndiyi müəyyən olunub.

Azkontingentli ibtidai siniflərdə komplektləşdirilmənin düzgün aparılmaması, siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində artıq büdcə vəsaitinin ödənişinə yol verib.

Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əməkhaqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əməkhaqqı və kompensasiya ödənməsi hallarına yol verilib, həmçinin funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib.

Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbləğindən artıq vəsaitin ödənməsi, həmçinin alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.

Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126 min manat olub, həmin məbləğin 70,1%-ni kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil edib”.

Valyuta yağışından quraqlığa…


31.08.2016

İqtisadçı ekspert Rövşən Ağayev ölkədəki valyuta qıtlığının səbəblərini şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “2007-2014-cü illərdə neftin yüksək qiyməti hesabına ölkə iqtisadiyyatı dollar yağışına düşmüşdü. Digər tərəfdən ölkəyə böyük həcmli xarici kredit axını vardı. Həmin 8 ildə hökumət xətti ilə Azərbaycana 6 milyard dollara yaxın kredit (ildə orta hesabla 750 milyon dollara yaxın) gəlib. Təkcə 2011-2012-ci illərdə hökumətin xətti ilə daxil olan kreditlər 2,5 milyard dollar təşkil edib. Amma 2015-ci ildə həmin göstərici 500 milyon dollardan da az olub.

2007-2014-cü illərdə bankların aldığı kreditin həcmi ildə orta hesabla 1 milyard dollar olmaqla 7,5 milyard dolları ötmüşdü. Hətta 2008-ci ildə bu göstərici 1,3 milyard, 2010-cu ildə 1,7 milyard, 2012-ci ildə 1,6 milyard dollar olmuşdu. 2015-ci ildə isə banklar nəinki xaricdən borc almayıb, əksinə, borcları azaltmaq üçün ölkədən 500 milyon dollar çıxarıb.

Başqa qeyri-hökumət kreditlərinə baxsaq, 2007-2014-cü illərdə bu kanalla ölkəyə 6,5 milyard dollara yaxın xarici kredit axıb. Hökumət və bank kanallarından fərqli olaraq 2015-ci ildə bu xətlə kreditlərin həcmi artıb və 1,3 milyard dollardan çox olub”.

Rövşən Ağayev qeyd edir ki, bir tərəfdən neftin qiyməti kəskin düşüb, digər tərəfdən isə alternativ kanallarla (xarici kreditlər, xarici investisiyalar, qeyri-neft məhsullarından ixrac qazancları) valyuta axınları azalıb. Başqa bir tərəfdən isə xarici kreditlərə görə, xüsusilə hökumətin və bankların borclarına görə ödəmələr kəskin artıb, buna da valyuta kütləsi lazımdır. Nəticəsi isə özünü bazardakı valyuta defisitində göstərir. Hökumət isə tələbatı boğmaqla problemi ən azı ləngitməyə, sonra isə sehrli çubuğun köməyi ilə həll edəcəyinə hələ də ümid edir”.


Arif Hacılı: “Hər kəsi referendumda iştirak etməməyə çağırırıq”


31.08.2016


“Sentyabrın 26-na təyin olunan referendum xalqa lazım deyil, dövlətimizin və cəmiyyətimizin mənafelərinə ziddir”. Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalistlərlə söhbətində belə deyib.

Avqustun 30-u Müsavatın mərkəzi qərargahında mətbuat konfransı keçirən Arif Hacılı deyib ki, Azərbaycanda keçirilən son referendumlar xalqın yox, Əliyev rejiminin maraqlarına xidmət edib: “2002-ci ildə keçirilən referendumda proporsional seçki sistemini ləğv etdilər, bununla aparıcı müxalifətin parlamentdən kənar qalması, ölkədə təkpartiyalı sistemin yaranması üçün zəmin yaratdılar, prezidentin səlahiyyətlərini artırdılar. 2009-cu ildə İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olmasını yasaqlayan müddəanı konstitusiyadan çıxartdılar.

İndiki referendum da yenidən prezident səlahiyyətlərinin artırılması və Əliyev hakimiyyətinin uzadılması məqsədilə ortaya atılıb. Sentyabrın 26-na təyin olunan referendum xalqa lazım deyil, dövlətimizin və cəmiyyətimizin mənafelərinə ziddir. Ona görə biz buna müqavimət göstərməliyik və göstəririk. Hər kəsi bu referendumda iştirak etməməyə çağırırıq”.

26 sentyabr referendumuna konstitusiya dəyişiklikləri layihəsi çıxarılıb (Müqayisəli təqdimat). Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Referendum üzrə təşviqat qrupunun (təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq) qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdimatı avqustun 22-də başa çatıb. 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”. Müsavat Partiyasının yaratdığı “Respublika” təşviqat qrupunun qeydiyyat üçün gərəkli 40 min seçici imzası baryerini keçə bilmədiyi bəyan olunub.

Müsavat başqanı qeyd edib ki, partiyanın yaratdığı təşəbbüs qrupuna 2 mindən çox vətəndaş, o cümlədən müsavatçılar, “Nida” və “D-18” təşkilatlarının nümayəndələri qatılıblar: “Hakimiyyətin total təzyiqi altında çox çətin bir vəzifənin öhdəsindən gələ bildik. Qısa müddətdə 88 seçki dairəsindən 41 mindən artıq imza toplayaraq MSK-ya təhvil verdik. Bilirsiniz ki, referendumla bağlı 3 təşviqat qrupu qeydə alınıb. Onların nə vaxt, harada imza toplaması haqqında cəmiyyətin xəbəri olmadı. Amma MSK onları qeydə aldığı halda “Respublika” təşəbbüs qrupu haqqında tamamilə əsassız qərar qəbul etdi. Şübhə etmirik ki, bu sifariş birbaşa İlham Əliyevdən gəlib. Hakimiyyət bu referendumu bir oğruluq əməliyyatı kimi, xəlvət keçirmək istəyir. İndiyə qədər bu referendumun hansı zərurətdən irəli gəldiyini cəmiyyətə izah etməyiblər”.

Arif Hacılı xatırladıb ki, qanunvericiliyə əsasən, referendumun baş tutması üçün seçicilərin 25 faizi səsvermədə iştirak etməlidir: “Seçicilərin bir qismi ümumiyyətlə ölkədə deyil. Böyük bir hissəsi isə indiyə qədər baş verən saxtakarlıqlara görə seçkiyə, onların rəyinin nəzərə alınacağına inanmır, ona görə son illər keçirilən seçkilərdə iştirak etməyib. Hətta parlament seçkilərində əhalinin cəmi 10-15 faizi iştirak edir. Hesab edirik ki, bu referendumda 25 faiz seçicinin iştirakı qeyri-mümkündür”.

Müsavat başqanı qeyd edib ki, adətən seçki ərəfəsində siyasi məhbusların bir hissəsi azad olunurdu: “Amma indiki referendum ərəfəsində siyasi məhbusları nəinki azad etmirlər, əksinə, REAL-çı Natiq Cəfərlini, AXCP üzvlərini həbs etməklə, Müsavatın və “Nida” təşkilatının üzvlərinə qarşı təzyiqləri artırmaqla, 11 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yenidən cinayət işi açmaqla repressiyaları daha da genişləndirirlər. Cəmiyyəti qorxutmağa, xof yaradıb referendumla bağlı öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Biz buna müqavimət göstərməliyik, müqaviməti artırmalıyıq”.

Müsavat başqanı kütləvi aksiyalar məsələsi ilə bağlı da açıqlamalar verib. O xatırladıb ki, referenduma start verilən gündən müxalifət düşərgəsində kütləvi aksiyalar mövzusunda müzakirələr başlayıb: “Sentyabr ayında kütləvi aksiyalar keçirəcəyik”.

Arif Hacılı Müsavatın birgə aksiyalara tərəfdar olduğunu, lakin bəzi təşkilatların fərqli mövqe tutduqları bildirib: “Referendum ərəfəsində birgə aksiyalar keçirmək təşəbbüsü gənclərdən gəlib. Biz bu təşəbbüsə müsbət yanaşmışıq, bəzi təşkilatlar fərqli yanaşıb. Hər bir təşkilatın mövqeyinə hörmətlə yanaşırıq. Müsavat özü kütləvi aksiyalar keçirmək iqtidarındadır. “D-18” təşkilatı ilə hələ referendum başlayan dövrdə razılığa gəlmişik ki, kütləvi aksiyalar məsələsində birgə addımlar ataq. “Nida” və digər təşkilatlarla da bu istiqamətdə müzakirələrimiz davam edir. Yaxın günlərdə mitinqin günü dəqiqləşdiriləcək və müvafiq qərar ictimaiyyətə açıqlanacaq”.

Müsavatın MSK-nın qərarından apellyasiya şikayəti verdiyini vurğulayan Arif Hacılı mübarizəni bütün müstəvilərdə, o cümlədən hüquqi müstəvidə davam etdirəcəklərini deyib.

Xəbəri Bastainfo.com yayıb.

Azərbaycan 10 ildə neftdən 140 milyard dollar qazanıb


31.08.2016

Neft müqavilələri çərçivəsində Azərbaycan 140 milyard dollara yaxın vəsait əldə edib. İqtisadçı ekspert Rövşən Ağayev belə yazır.

Transparency.az-ın məlumatına görə, son 10 ildə mənfəət neftinin satışından əldə olunan gəlirlərə nəzər salan ekspert qeyd edir ki, böyük neft pullarının ölkəyə sel kimi axdığı 2006-2015-cı illərdə mənfəət neftinin satışından Dövlət Neft Fonduna 122,5 milyard dollar daxil olub: “Xarici podratçı və subpodratçı şirkətlər büdcəyə mənfəət vergisi formasında təxminən 10 milyard dollar, əməkhaqqından gəlir vergisi formasında ən azı 1,5 milyard dollar vergi ödəyib. Beləliklə, hökumətə xarici neft müqavilələrindən mənfəət nefti və vergilər formasında 140 milyard dollara yaxın vəsait ödənib.

Bəs xaricilər ölkədən nə aparıb? Tədiyyə balansının məlumatlarına görə, 2006-2015-cı illərdə investorlar özlərinə düşən 36,4 milyard dolları repatriasiya edərək ölkədən çıxarıblar. Əlavə olaraq 1,5 milyard dollardan çox vəsait xarici şirkətlərin işçilərinə əməkhaqqı formasında ödənib. Nəticə budur ki, 10 ildə neftdən qazanılan vəsaitlərdən 80 faizi mənfəət neftinin satışından xalis qazanc və vergilər formasında Azərbaycan hökumətinə çatıb”.




Demoqrafiya göstəriciləri açıqlanıb


31.08.2016


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələləri müzakirə olunub. Avqustun 31-də yayılan rəsmi məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin sabit artım tempinin müşahidə edildiyini vurğulayıb: “2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faiz artaraq 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfərə çatıb. 2015-ci ildə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 17,4 nəfərə qədər artıb. Proqnoz hesablamalara əsasən, ölkədə əhalinin sayı 2050-ci ildə 12 milyon nəfər olacaq”.

Nazir qeyd edib ki, ötən il ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 6-dan 5,7-yə enib: “Eyni zamanda 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Ötən ilin yekunlarına görə isə körpə ölümü göstəricisi hər 1000 diri doğulana 11 olub.

2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş, o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş idisə, 2015-ci ildə bu göstərici 75,2 yaş, o cümlədən kişilər üçün 72,7 yaş, qadınlar üçün isə 77,6 yaş səviyyəsində olub”.

Nazir diqqətə çatdırıb ki, qeyd edilən dövrdə əmək ehtiyatlarının sayı 29 faiz artaraq 4 milyon 923 min nəfərdən 6 milyon 335,9 min nəfərə çatıb: “Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalinin sayı 30 faiz, iqtisadi fəal əhalinin sayı isə 12 faiz artıb. Əhalinin sayında əmək ehtiyatlarının xüsusi çəkisi 2003-cü ildəki 59 faizdən 2015-ci ildə 65,3 faizə çatıb.

2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan əhalinin sayı 20 faiz artıb. Bu təbəqənin xüsusi çəkisi 6 faizdən 6,2 faizə qalxıb. Eyni zamanda 1990-cı illə müqayisədə bu yaşda olan əhalinin say artımı 67 faiz təşkil edib, xüsusi çəkisi isə 4,8 faizdən 6,2 faizə qədər yüksəlib”.

Ölkədən miqrasiya axınına toxunan nazir bildirib ki, 1990-cı illərin əvvəllərindən bu ənənə öz intensivliyi ilə fərqlənsə də, 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişib və 2015-ci ildə +1,1 min nəfər təşkil edib.

Ölkədə doğulanlar arasında cins nisbətinin pozulduğunun narahatedici məqam olduğu vurğulanıb. Nazir qeyd edib ki, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür: “Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlərin uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə tədbirlərinin davam etdirilməsinə ehtiyac var. Bununla bağlı doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair fəaliyyət planının hazırlanması, ictimai maarifləndirmənin aparılması diqqətdə saxlanılır”.

Tədbirdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində dövlət proqramı (2016-2025-ci illər)” adlı yeni layihənin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğu qeyd edilib. Məlumata görə, proqramda ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi istiqamətləri əksini tapır.


Sentyabrın dərəcəsi


31.08.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 32 dərəcəyədək yüksələcək) olacağı qeyd edilir.

Digər bölgələr üzrə belə orta aylıq temperatur proqnozlaşdırılır:

Naxçıvan Muxtar Respublikasında 20-23 dərəcə isti (gecələr 12-17, gündüzlər 25-30, bəzi günlərdə 33-35 dərəcə);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 14-18 dərəcə isti (gecələr 10-15, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23-25 dərəcə);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 20-22 dərəcə isti (gecələr 14-19, gündüzlər 23-28, bəzi günlərdə 30-34 dərəcə);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 17-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 19-24, bəzi günlərdə 30 dərəcə);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 21-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33 dərəcə);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 20-23 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 32 dərəcə).


Ermənistanın ixracı 16,5% artıb


31.08.2016

-cı ilin yanvar-iyul aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 2 milyard 658,9 milyon dollara çatıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti avqustun 31-də belə hesabat yayıb.

Rəsmi hesabata əsasən, 2016-cı ilin yanvar-iyul aylarında Ermənistanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% artaraq 969 milyon dollar olub, idxal isə 4,4% azalaraq 1 milyard 689,8 milyon dollara düşüb. Xarici ticarətdə 720,8 milyon dollarlıq mənfi saldo yaranıb.

2016-cı ilin 7 ayında Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 10% artıb.

Milli Statistika Xidmətinin məlumatına görə, hesabat dövründə Ermənistanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmində 5,9%, Avropa İttifaqı dövlətləri ilə ticarət dövriyyəsinin həcmində 1,3% artım qeydə alınıb. Ermənistanın digər ölkələrlə ticarət dövriyyəsinin həcmi də artıb: 2%.

Novator.az xatırladır ki, 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin həcmi ötən ilin 7 ayına nisbətən 26,89% azalaraq 9 milyard 347 milyon ABŞ dolları olub. İdxal (4 milyard 757,2 milyon dollar) ixracı (4 milyard 589,7 milyon dollar) üstələyib.

Harada ömür daha uzundur?


31.08.2016

Transparency.az www.infoplease.com almanaxına istinadla bildirir ki, 2015-ci ildə Azərbaycan orta ömür uzunluğuna görə 72,2 yaşla 224 ölkə arasında 143-cü yerdə qərarlaşıb.

Ötən il orta ömür uzunluğuna görə ən yüksək göstərici Monakoya məxsus olub. İnfoplease.com bu Avropa ölkəsində orta ömrü 89,52 yaş göstərir.

Orta ömür uzunluğuna görə ilk beşlikdə Yaponiya (84,74 yaş), Sinqapur (84,68), Makao (84,51), San Marino (83,24) dayanır.

2015-ci ildə İslandiyada orta ömür uzunluğu 82,97 yaş, Honkonqda 82,86 yaş, Andorrada 82,72 yaş, İsveçrədə 82,5 yaş olub.

İlk onluğu Britaniyaya məxsus Gernsi adaşı qapayır. La-Manş boğazındakı bu adada orta ömür uzunluğu ötən il 82,47 yaş olub.

Keçmiş sovet məkanında ən öndə duran Estoniya 76,47 yaşla siyahıda 86-cıdır.

Gürcüstan 91-ci (75,95 yaş), Litva 113-cü (74,69), Ermənistan 121-ci (74,37), Latviya 123-cü (74,23), Özbəkistan 128-ci (73,55), Belarus 139-cu (72,48), Ukrayna 148-ci (71,57), Qazaxıstan 152-ci (70,55), Rusiya 153-cü (70,47), Moldova 154-cü (70,42), Qırğızıstan 155-ci (70,36), Türkmənistan 157-ci (69,78), Tacikistan 168-cidır (67,39).

Türkiyə siyahıda 74,57 yaşla 115-ci, İran 71,15 yaşla 149-cu yerdədir.

Orta ömür uzunluğuna görə 224 ölkə arasında sonuncu yerdə 49,81 illə Afrika ölkəsi Çad gəlir.

Ötən il Qvineya-Bisauda orta ömür 50,23 yaş, Əfqanıstanda 50,87 yaş, Svazilenddə 51,05 yaş, Namibiyada 51,62 olub.

Transparency.az qeyd edir ki, rəsmi məlumata görə, 2015-ci ildə Azərbaycanda orta ömür uzunluğu 75,2 yaş (kişilər üçün 72,7, qadınlar üçün 77,6 yaş) olub.

İyirmi il öncə, 1995-ci ildə Azərbaycanda orta ömür uzunluğu kişilər üçün 65,2 yaş, qadınlar üçün 72,9 yaş olub. Həmin il üçün orta ömür 69,1 yaş göstərilib.

2000-ci ildə orta ömür 71,8 yaşa qalxıb, kişilərin orta ömür uzunluğu 68,6 yaş, qadınların orta ömür uzunluğu 75,1 yaş olub.

2010-cu il üçün orta ömür uzunluğu 73,6 yaş qeyd edilib. Kişilər üçün orta ömür 70,9 yaş, qadınlar üçün 76,2 yaş göstərilib.



2014-cü ildə orta ömür uzunluğu 74,2 yaşa çatıb. Doğulanda orta ömür uzunluğu kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş olub.
Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin