nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı İlham Əliyevin çıxışı
(17 may 2001-ci il)
Mayın 17-də «Hyatt Recensi» otelində Avropa Şurası Parlament Assambleyasının Miqrasiya,
Qaçqınlar və Demoqrafiya Komitəsinin «Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlər»
mövzusunda konfransı öz işinə başlamışdır. Konfransda Azərbaycan Parlamentinin AŞ PA-da
nümayəndə lıeyətinin rəhbəri, millət vəkili İlham Əliyev çıxış etmişdir:
Hörmətli cənab sədr! Hörmətli qonaqlar! Xanımlar və cənablar!
İlk növbədə sizin hamınızı - konfrans iştirakçılarını Azərbaycanda səmimi qəlbdən salamlayıram və sizə
işinizdə uğurlar arzulayıram. Cənubi Qafqazda qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş
bu konfransın məhz Azərbaycanda keçirilməsi bizim üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə də mən
konfransın təşkilatçılarına - miqrasiya, qaçqınlar və demoqraflıya məsələləri üzrə komitəyə bu tədbiri Bakıda
keçirdiklərinə görə dərin minnətdarlığımı bildirirəm.
Bu bizim üçün hər şeydən əvvəl ona görə əhəmiyyətlidir ki, Azərbaycan cəmi bir neçə ay bundan əvvəl
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsi
ölkəmizlə Avropa Şurası arasında sıx təmasların olmasından xəbər verir. Digər tərəfdən, bu bir də ona görə
əhəmiyyətlidir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox qaçqının əmələ
gəlməsindən ən çox əziyyət çəkən bir ölkədir.
Sovet İttifaqının dağılması ərəfəsində və Sovet İttifaqı dağıldıqdan sonra, dünyada, o cümlədən bizim
bölgədə çoxsaylı etnik münaqişələr meydana gəlmişdir. Bu münaqişələr ölkələrin xalqlarına olduqca böyük
ziyan gətirmiş, on minlərlə insanın həyatını itirməsi və etnik münaqişələr nəticəsində yüz minlərlə insanın
qaçqına çevrilməsi ilə nəticələnmişdir.
8 milyon əhalinin bir milyondan çoxunun qaçqın vəziyyətində yaşamasının nə demək olduğunu biz hamıdan
yaxşı dərk edirik. Mən əvvəl qeyd etdiyim kimi, Azərbaycan bu münaqişədən ən çox əziyyət çəkən tərəfdir.
Hazırda torpaqlarımızın 20 faizi Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Hörmətli cənab sədrin
burada qeyd etdiyi kimi, bir milyondan çox azərbaycanlı öz vətənində qaçqına və köçkünə çevrilmişdir. Əgər
bunların bir qismi Ermənistanda həyata keçirilmiş etnik təmizləmə nəticəsində öz yurd-yuvasını itirərək
Azərbaycana pənah gətirmiş insanlardırsa, digər böyük bir qismi Dağlıq Qarabağda və işğal edilmiş ətraf
rayonlarda yaşamış insanlardır. Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində öz daimi yaşayış yerlərindən
didərgin düşmüş, bütün əmlaklarını itirərək, öz hüquqlarından məhrum olmuş, Azərbaycanın daxilində qaçqına
çevrilmişlər.
Dünyada bir insanın haqqının tapdalanması özlüyündə faciədir. Dünyanın bütün demokratik, mütərəqqi
insanları, insan haqlarının tapdalanmasının əleyhinə öz səslərini qaldırırlar. Amma təsəvvür edirsinizmi, bir
milyondan çox insanın haqqı tapdalanmışdır, onda Avropa hansı hissləri keçirməlidir? Bu insanlar öz ev-
eşiklərini itirmişlər, bütün mülklərini, varidatlarını, hər şeylərini itirmişlər. Onların bəziləri məhv olmuşlar.
On ildən çoxdur ki, bir milyona yaxın insan çadırlarda ağır vəziyyətdə yaşayır, uşaqlar çadırlarda doğulur,
məktəbə gedir. Qaçqın və köçkünlər çadırlarda dünyasını dəyişir. Amma hələ də bu münaqişə həll edilməmişdir.
Hesab edirəm ki, qaçqınların məsələsinə məhz ümumavropa insan hüquqlarının tapdalanması prizmasından
yanaşmaq lazımdır. Biz hamımız əlimizdən gələni əsirgəməməliyik ki, bu vəziyyətə son qoyaq.
Avropa bu problemlərə biganə qalmamalıdır. Avropanın ən mötəbər, ən nüfuzlu təşkilatlarından biri olan
Avropa Şurası Parlament Assambleyası Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızı azad etməsi, bir
milyondan çox soydaşımızın öz yurdlarına dönməsi üçün ciddi, təsirli tədbirlər görməli, addımlar atmalıdır.
Konfrans iştirakçılarının bəziləri düşünə bilərlər ki, çıxışımda işlətdiyim «işğalçı» ifadəsi ciddi bir
ittihamdır. Biz bu gün Bakıya ona görə toplaşmamışıq ki, kimisə ittiham edək. Daha çox ona görə toplaşmışıq
ki, münaqişənin, bu problemin həll olunmasına öz töhfəmizi verək. Mən bunu anlayıram, bununla razıyam. Eyni
zamanda hesab edirəm ki, əgər hər bir şeyi öz adı ilə çağırmasaq, onda münaqişənin həll edilməsi çox çətin
olacaqdır. Əgər bir qaçqını qaçqın kimi qəbul ediriksə və onun problemləri ilə məşğul oluruqsa, biz gərək
işğalçını da öz adı ilə çağıraq, təcavüzkara da təcavüzkar olduğunu açıq bildirək. Əks-təqdirdə, düzgün diaqnoz
qoymadan «xəstəliyin» müalicə olunması çox çətin olacaqdır.
Siz çoxunuz İkinci Dünya müharibəsi zamanı işğaldan əzab çəkmiş ölkələri təmsil edirsiniz. Lakin o zaman
Avropa bütün qüvvələrini, səylərini bir araya gətirərək işğala, təcavüzə son qoymağa nail oldu. Bu gün də
Avropanın bir hissəsi olan Azərbaycanın torpaqları işğal olunubdur. Bu işğal beynəlxalq ictimaiyyət tərəfindən,
həmçinin torpaqlarımızı işğal edən Ermənistanın rəhbərləri tərəfindən də qəbul olunubdur. Mən əminəm ki, əgər
Avropa 50 il bundan öncə olduğu kimi səylərini, qüvvələrini yenidən bir araya gətirərsə, onda bizim qitədə
qaçqın problemi daha mövcud olmayacaqdır.
Hörmətli qonaqlar, icazə verin, sizi bir daha vətənimizdə səmimi qəlbdən salamlayım, sizin işinizə uğurlar
arzulayım. Əminəm ki, bugünkü konfrans çərçivəsində aparılan müzakirələr, əldə ediləcək nəticələr qaçqınların
problemlərinin aradan qaldırılması istiqamətində ciddi bir addım olacaq. Çox sağ olun.
Dostları ilə paylaş: |