İsveçrə XX əsrin 80-90-cı illərində
80-ci illərin əvvəllərində İsveçrə yüksək inkişaf etmiş sənaye və intensiv kənd təsərrüfatına malik olan bir ölkə idi. O, əhalinin hər nəfərinə düşən milli gəlirə görə dünyada 2-ci, xarici valyuta ehtiyatına görə isə 4-cü yeri tuturdu. 1983-cü ildə İsveçrə banklarının ümumi aktivi 656 mlrd.İsveçrə frankı idi.
Bununla belə, 1981-1983-cü illərdə ölkədə hiss ediləcək dərəcədə iqtisadi enmə müşahidə edildi. Sənaye istehsalı 5% aşağı düşdü. Sənaye məhsulu buraxılışı istehsalın bütün sahələrində azaldı. İşsizlərin sayı 1980-ci ildəki 6,3 mindən 1983-cü ildə 30,4 minə, 1984-cü ildə isə 36,6 minə çatdı ki, bu da işləyən əhalinin 1,2%-ni təşkil edirdi. Xarici ticarət ixtisar edildi, qiymətlər qalxdı, inflyasiya gücləndi. Ölkədə sosial vəziyyət gərginləşdi. Xüsusilə xarici fəhlələrin vəziyyəti daha çətin oldu. 1981-ci ildə keçirilən referendum xarici fəhlələrin hüquqlarını genişləndirmək haqqında təklifi bəyənmədi.
İsveçrə hökuməti iqtisadi vəziyyəti yaxşılaşdırmaq məqsədilə «büdcəni sağlamlaşdırmaq» adı altında qanun layihəsi işləyib hazırladı və bu qanun layihəsi 1980-ci ildə keçirilən referendumda bəyənildi. Təklif edilən tədbirlər ilk növbədə zəruri tələbat mallarıın qiymətlərinin yüksəldilməsi ilə əlaqədar idi. Bir sıra malların satınalma qiymətləri artdı, hərbi büdcə genişləndirildi ki, bu da inhisarların mənafeyinə cavab vernirdi. 1983-cü ildə hökumət İsveçrə ordusunun 15 il ərzində 420 «Leopard-2» tankına malik olması haqqında proqram işləyib hazırladı.
Kütlələrin təzyiqi altında hökumət zəhmətkeşlərin sosial tələblərini yerinə yetirməyə məcbur oldu. 1983-cü ildə üçhəftəlik haqqı ödənilən məzuniyyət müəyyən edildi. 1984-cü ilin yanvarın 1-dən işsizliyə görə məcburi sığorta haqqında qanun qüvvəyə mindi. Həmin qanuna görə sığorta fonduna verilən məcburi üzvlük haqqı iki dəfə artırıldı.
80-ci illərdə də İsveçrənin xarici siyasətində nəzərə çarpacaq dəyişiklik baş vermədi. İsveçrənin Qərb ölkələri ilə münasibətlərinin inkişafı onun bitərəf və bloklara qoşulmayan ölkələrlə əməkdaşlığına, təhlükəsizlik və əməkdaşlıq üzrə ümumavropa prosesində iştirakına mane olmurdu. 1981-ci ildə İsveçrə adi silahların konkret növlərinin qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında konvensiyanı imzaladı. İsveçrə tərksilah üzrə Ümumdünya konfransının keçirilməsi ideyasını müdafiə etdi. 80-ci illərdə İsveçrənin BMT-yə girməsi məsələsi geniş müzakirəyə səbəb oldu. 1986-cı ilin martın 16-da keçirilən referendumda əhalinin əksəriyyəti İsveçrənin BMT-yə girməsinə qarşı çıxdı.
Sovet-İsveçrə münasibətləri 80-ci illərdə xeyli inkişaf etdi. 1982-ci ildə hər iki dövlət arasında başlanan sazişə əsasən SSRİ İsveçrəyə təbii qaz verməyə başladı. 1985-ci ilin noyabrında Cenevrədə yüksək səviyyədə ABŞ - SSRİ rəhbərlərinin görüşü keçirildi.
90-cı illərdə İsveçrə iqtisadiyyatı yüksək sürətlə inkişaf etmişdi. İsveçrənin iqtisadi nailiyyətlərinin əsasını böyük həcmli investisiyalar və xarici bazarda yüksək keyfiyyətli İsveçrə mallarına olan tələbat təşkil edirdi. İsveçrədə bu dövrdə iqtisadiyyat bahalı, elmtutumlu məhsul buraxılması sahəsində daha da ixtisaslaşdı. Kənd təsərrüfatının intensivliyi yüksəldi. Adambaşına düşən milli gəlirin yüksək səviyyəsi yenə də saxlanıldı. İsveçrə kapitalın əsas ixracçısı kimi yenə də fəaliyyətini davam etdirirdi. Ölkə dövlət quruluşundakı özünəməxsus xüsusiyyətləri yenə də qoruyub saxlayırdı. 90-cı illərdə də İsveçrə «daimi» bitərəflik siyasətinə sadiq qaldı.
Dostları ilə paylaş: |