QƏRBİ AVROPA İNTEQRASİYASININ İNKİŞAFI
Avropa dövlətlərinin birləşdirilməsi ideyası hələ XIX əsrin ortalarında yayılmışdı. Onun fəal tərəfdarlarından biri olan Viktor Hüqo isə 1872-ci ildə yazırdı: «Biz böyük Avropa Birləşmiş Ştatlarının yaradılmasına nail olacağıq. Biz sərhədsiz vətənə, gömrüksüz ticarətə, maneəsiz hərəkətə, tıxacsız sözə, azad vicdana, ehkamsız həqiqətə nail olacağıq».
İnteqrasiyanın yaranmasının başlanğıcı Fransanın baş naziri Robert Şumanın təşəbbüsü ilə 1951-ci ildə yaradılan Avropa kömür və polad birliyi (AKPB) ilə qoyuldu. O, altı ölkənin (Fransa,AFR, İtaliya, Belçika, Lüksemburq, Hollandiya) daş kömür, dəmir filizi və metallurgiya sənayesini birləşdirirdi. Hazırda o, Qərbi Avropada bütün daş kömür istehsalına, polad əridilməsinin və çuqun istehsalının 90%-dən çoxuna, dəmir filizi istehsalının 40 %-nə nəzarət edir.
1957-ci ildə həmin ölkələrin oxşar atom sənayesinin yaradılması – atom enerjisi üzrə Avropa birliyi (Avratom) haqqında saziş imzalandı. Qərbi Avropada atom energetikasının koordinasiyası birliyin başlıca vəzifəsi oldu.
Avropa İqtisadi Birliyi (AİB) inteqrasiya prosesini müvəffəqiyyətlə başa çatdırdı. Onun yaradılması haqqında müqavilə 1957-ci ildə, AFR, Fransa, İtaliya, Belçika, Niderland və Lüksenburqun nümayəndələri tərəfindən Romada imzalandı. Məqsəd birliyin iştirakçısı olan ölkələr arasında ticarətdə olan məhdudiyyətləri tədricən aradan qaldırmaq və adamların, kapitalın, malların, xidmətin sərbəst hərəkətini təmin edən vahid daxili bazar yaratmaq idi. Həmçinin nəqliyyat, kənd təsərrüfatı sahəsində ümumi siyasətin işlənib hazırlanması, valyuta ittifaqının yaradılması, vergi sisteminin unifikasiya edilməsi və s. nəzərdə tutulurdu. Mahiyyət etibarı ilə söhbət, birliyin iştirakçısı olan dövlətlərin bütün iqtisadi siyasətini qeyri-milli, ümumi birliyin nəzarətinə verməkdən gedirdi. Avropa İqtisadi Birliyinə daxil olmayan Böyük Britaniya 1960-cı ildə Avropa Azad Ticarət Assosi–yasiyasını yaratdı ki, onun üzvləri Avstriya, Böyük Britaniya, Danimarka, Norveç, Portuqaliya, İsveç və İsveçrə idi. Lakin bu iqtisadi qurum AİB-lə rəqabətə davam gətirə bilmədi və tezliklə öz fəaliyyətini dayandırdı.
AİB-in (bəzən onu «Müştərək bazar», «Ümumi bazar» da adlandırırlar) sürətli iqtisadi inkişafı başqa dövlətlərin də ona birləşmək arzusuna səbəb oldu. 1973-cü ildə onun tərkibinə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya , 1995-ci ildə isə Finlandiya, İsveç, Avstriya daxil oldu.
AKPB, Avratom və AİB ümumi şəkildə Avropa Birliyi (AB) adlanır. Onların əsasən Brüsseldə, həmçinin Lüksenburq və Strasburqda yerləşmiş ümumi büdcə və rəhbər orqanları var. İcraedici orqan qanunvericilik təşəbbüsü hüququna malik olan Avropa Birliyi Komissiyasıdır (ABK). O, 4 ilə seçilir və hər həftə iclas çağırır. Onun vəzifəsi AİB-in fəaliyyətini gündəlik müşahidə etməkdən, ona nəzarət etməkdən və zəruri qanun layihələri irəli sürməkdən ibarətdir. Adı çəkilən orqanlardan başqa Strasburqda işləyən və vəzifəsi daim genişlənən Avroparlament mövcuddur. 1978-ci ildə Avropa parlamentinə birbaşa seçkilər keçirildi. Onun deputatları hər bir ölkə əhalisinin sayına münasib surətdə seçilir, AİB-in özünün bayrağı, himni var, «Avropa pasportu» yaradılıb. Qəbul edilən «Əsas sosial hüquqlar xartiyası»nda vətəndaşların AİB-in bir ölkəsindən digərinə gedərkən hüquqlarının pozulmamasına təminat verən minimum şərtlərin siyahısı verilmişdir. 70-ci illərdə AİB-in kənd təsərrüfatı siyasətinin əsaslarının möhkəmləndirilməsinə xidmət edən «Yaşıl Avropa» proqramının qəbul olunmasına nail olundu. Vahid Avropa hesablama vasitəsi olan ekuyə və milli valyutaların dəyişməsinin tənzim edilməsi praktikasına keçildi. 70-80-ci illərdə AİB ölkələrinin texnoloji əməkdaşlığı genişləndi. FAST (Texniki inkişafı proqramlaşdırmaq), «Evrika» (Texnoloji inkişafın kompleks inteqrasiyası) proqramlarının həyata keçirilməsi Qərbi Avropanın dünyanın qabaqcıl iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməsinə və Avropa İttifaqının yaradılmasına keçilməsinə imkan verdi.
1991-ci ilin dekabrında imzalanmış Maastrix (Hollandiya) müqaviləsinə müvafiq olaraq Avropa İttifaqı (Aİ) gerçəkliyə çevrildi. Bu sazişin əsas məqsədi Avropada vahid iqtisadi, sosial, hüquqi, informasiya və mədəni məkan yaratmaqdır. Artıq 1993-cü ildən Aİ ölkələrində yaşayan əhali azad hərəkət etmək hüququ qazanmışdır. Vahid kapital, əmtəə və xidmət bazarı formalaşmışdır. Gələcəkdə valyuta sistemini birləşdirmək, vahid vətəndaşlığa keçmək, təhlükəsizlik sistemini möhkəmləndirmək və Avropa ölkələrinin hərbi-siyasi cəhətdən daha da yaxınlaşmasını təmin etmək planlaşdırılmışdı. 1999-cu ilin yanvarında yeni Avropa valyutası-yevro tətbiq olunmağa başlanmışdır. O, artıq Avropa İttifaqının sabit valyutasına çevrilmişdir. AİB-də əgər «Vətənlərimizin Avropası» prinsipi əsas götürülürdüsə, Aİ-də «Avropa vətənimizdir» prinsipi rəhbər tutulur.
Vaxtilə sosializm birliyi daxilində də QİYS -in vasitəsi ilə inteqrasiya prosesi gedirdi. Lakin 1991-ci ildə QİYS-in fəaliyyətinin dayandırılması bu prosesə son qoydu SSRİ-nin varisi olan Rusiya Federasiyası indi MDB (Müstəqil Dövlətlər Birliyi) vasitəsilə keçmiş SSRİ məkanında inteqrasiya prosesinin aparılmasına səy göstərir.
2004-cü ilin aprelin 30-da Avropa İttifaqına bir neçə dövlət yeni üzv (Polşa, Kipr, Çexiya, Macarıstan, Slovakiya, Latviya, Litva, Estoniya, Malta və s.) daxil oldu və onun üzvlərinin sayı 25-ə çatdı. Makedoniya, Xorvatiya Bolqarıstan və Rumıniya da 2007-ci ildə bu quruma daxil oldular. Hazırda Avropa İttifaqı 450 milyon adamın yerləşdiyi ərazini əhatə edir. 2004-cü ildə Avropa İttifaqı Avropada «yeni qonşuluq» siyasəti irəli sürdü ki, bu qitədə yerləşən dövlətlər onu dəstəklədilər. Hazırda Avropa İttifaqının qarşısında duran ən mühüm problemlərindən biri enerji ehtiyatlarının təhlükəsizliyi problemidir. Məhz bu baxımdan Qərb ölkələri Xəzərdə zəngin neft ehtiyatlarına malik olan Azərbaycan respublikası ilə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verirlər. Hazırda Avropa İttifaqının 27 üzvü var.
90-cı illərdə Azərbaycan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələr yaratmışdı. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycana 1 mlrd 300 milyon dollardan çox kredit verilmişdi. Xarici ölkələrlə imzalanmış 90-a yaxın mühüm sənəd Azərbaycanın Avropa iqtisadi münasibətləri sisteminə inteqrasiyası prosesini sürətləndirmişdir.
1994-cü il sentyabrın 20-də Azrəbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın neft şirkətləri daxil olan konsorsium arasında Xəzər dənizinin Azərbaycan neft sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə işlənməsi haqqında 30 illik saziş imzalandı. Bu sənəd «Əsrin müqaviləsi» adını aldı. Əsrin sonunadək 14 ölkənin 30 neft şirkəti ilə 57 mlrd sərmayə qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi imzalandı. Müqavilələrin reallaşmağa başlaması əsrin sonuna kimi Azərbaycan Neft Fonduna 230 milyon ABŞ dolları həcmində vəsait gətirdi.
1998-ci il sentyabrın 8-də Bakıda İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilmiş, «Avropa-Qafqaz-Asiya» dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalanmışdır. Azərbaycanın TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə əməkdaşlığı nəticəsində respublikamızın nəqliyyat kommunikasiyalarından istifadə edilməklə Avropa-Asiya istiqamətində tranzit yüklərinin daşınmasının həcmini on dəfələrlə artırmışdır.
2005-ci ilin mayında Bakı-Tbilisi-Ceyhan neft-ixrac boru kəmərinin açılması ilə Azərbaycan neftinin dünyaya nəqli başladı.
Dostları ilə paylaş: |