Argentina XX əsrin 50-70-ci illərində. 1947-1953-cü illərdə Peron rejimi ölkədə siyasi üstqurum kimi formalaşdı. 1951-ci ildə Argentina ABŞ ilə hərbi pakt bağladı. Lakin Peronun milli reformizm siyasəti sağların xoşuna gəlmədi. 40-cı illərin sonu – 50-ci illərin əvvəllərində iqtisadiyyatda enmə başlandı. Daxili siyasi həyat kəskinləşdi. Dünya bazarında Argentinanın kənd təsərrüfatı məhsullarının qiyməti düşdü. Ölkənin maliyyə vəziyyəti çətinləşdi. Ticarət balansı passiv qaldı. Dövlət sənayeləşdirmə proqramından əl çəkdi, yerli və xarici kapitala güzəştə getdi. ABŞ banklarından 125 mln. dollar istiqraz alındı. Ölkədə yenidən xarici kapitalın nüfuzu gücləndi. 1955-ci ilin mayında hökumət ölkənin neft ehtiyatlarını ABŞ kompaniyasına istismara vermək haqqında saziş bağladı. Tətillər gücləndi. 1952-ci ildə ölkədə mühasirə vəziyyəti elan edildi. Parlament nümayiş və yığıncaqların qadağan edilməsi haqqında qanun qəbul etdi. 50-ci illərin ortalarında latifundistlər, ticarət-maliyyə və katolik kilsəsinin yuxarı dairələri Perona qarşı çıxdılar. 1955-ci il sentyabrın 16-da general Leonardi başda olmaqla ordu hissələri Kordovada antihökumət çıxışları etdi. Peron ölkəni tərk etməyə məcbur oldu. 1956-ci ilin fevralına qədər hakimiyyətdə general Aramburınun başçılıq etdiyi müvəqqəti hərbi hökumət oldu. Bu hökumət burjua-mülkədar və xarici inhisarların mənafeyini müdafiə edirdi. Xarici siyasətdə isə ABŞ-la əlaqələri möhkəmləndirmək xətti götürüldü. Hökumət xalq hərəkatının qarşısını almaq üçün 1957-ci il iyunun 27-də ölkədə yenidən mühasirə vəziyyəti elan etdi. 1957-ci ilin sentyabr-oktyabr aylarında ölkədə 4 milyon adamın tətili hökuməti mühasirə vəziyyətini ləğv etməyə və prezident seçkiləri keçirməyə məcbur etdi. 1957-ci ildə Artur Frondisinin başçılığı altında Vətəndaş radikal partiyası yenidən təşkil edildi.
1955-1957-ci illərdə ölkədə hökm sürən hərbi diktaturadan sonra 1957-ci ildə prezident seçkiləri keçirildi. Frondisi ölkənin prezidenti seçildi. Onun dövründə daxili siyasi həyat bir qədər demokratikləşdirildi. «İqtisadi sabitləşmə proqramı» qəbul edildi. Siyasi amnistiya verildi. Siyasi partiya və təşkilatların fəaliyyətinə icazə verildi, fəhlə sinfinə bir sıra güzəştlər edildi. SSRİ ilə ticarət genişləndirildi. SSRİ ona 1958-ci ildə neft sənayesini inkişaf etdirmək üçün 400 milyon rubl kredit verdi. Bütün bunlara baxmayaraq ölkədə iqtisadi vəziyyət pisləşməkdə davam edirdi. Kütləvi tətillər başlandı. Tezliklə hökumət yerli oliqarxiya və xarici kapitalistlərə güzəştə getdi. O, latifundiyaları məhdudlaşdırmadı. Xarici ticarət üzərində dövlət nəzarəti azaldıldı. Ölkəyə xarici kapitalın axını gücləndi. Frondisi hökuməti ABŞ-la ölkənin neftli torpaqlarının 30 il müddətinə ABŞ-a icarəyə verilməsi haqqında saziş bağladı. ABŞ Argentinaya 329 mln. dollar kredit verdi.
1962-ci ildə Argentina ABŞ-ın təzyiqi nəticəsində Kuba ilə diplomatik əlaqələri kəsdi. Böhran şəraitində Argentinanın mühafizəkar qüvvələri ABŞ səfirliyinin razılığı ilə 1962—ci il martın 28-də hərbi çevriliş etdilər. Hakimiyyətə senatın sədri X.Mariya Qido gəldi. Demokpatik qüvvələrə qarşı mübarizə davam etdirildi. 1963-cü ilin iyununda keçirilən prezident seçkilərində Vətəndaş radikal partiyasından olan İlia qələbə qazandı. Onun dövründə milliləşdirmə siyasəti yeridilirdi. Ölkədə sosial sahədə mühüm tədbirlər həyata keşirildi. Prezident A.İlia tərəfindən mürtəce qanunlar ləğv edildi. Siyasi məhbuslar əfv olundu və siyasi partiyaların fəaliyyətinə icazə verildi. 1963-cü il noyabrın 15-də neft sənayesi milliləşdirildi. Bu siyasət ABŞ və bir sıra inhisarçı dairələrin narazılığına səbəb oldu. 1966-ci il iyunun 27-dən 28-nə keçən gecə general Onqaniyanın başçılığı altında çevriliş oldu, xunta yaradıldı. 1966-cı ildə Onqaniya prezident seçildi. Onun əsas prinsipi intizam, qayda-qanun və kommunizmin kökünü kəsmək idi. Demokratik azadlıqlar ləğv edildi. ABŞ-la «səmimi münasibətlər» yaradıldı. Konqres buraxıldı. Bütün siyasi partiyaların fəaliyyəti qadağan edildi. Qanunverici və idarəedici hakimiyyət prezident və xuntanın əlində cəmləşdi. Xuntanın təhlükəsizliyini təmin etmək üçün 100-ə qədər dekret verildi. Qısa bir müddətdə sənayenin əsas sahələrinin 95%-i xarici kapitalistlərin əlinə keçdi.
Xunta Argentinanın suverenliyinə böyük zərbə vurdu. 1968-ci ildə tətillərdə 8 milyon adam iştirak etdi. 1969-cu ildə Kordova şəhərində xalq üsyanı baş verdi. Ölkədə iqtisadi vəziyyət pisləşdi. Hökumət əleyhinə çıxışlar başlandı. «Milli azadlıq uğrunda vətəndaş cəbhəsi» yaradıldı və 1973-cü ildə o, «Xustisialist azadlıq cəbhəsi»nə çevrildi. Onqanyanın siyasəti xalq kütlələri içərisində yenidən Peronun ideyalarına qayıdış yaratdı.
1973-cü ildə Peronun tərəfdarlarından olan Kampora prezident seçildi. Kampora dərhal Peronu ölkəyə çağırtdırdı və öz vəzifəsini ona verdi. 1973-1975-ci illədə Peron yenidən prezident oldu. Normal həyat qaydaları bərpa olundu. İqtisadiyyatda dövlət bölməsi möhkəmləndirildi, neft sənayesi milliləşdirildi, əmək qanunvericiliyi genişləndirildi, aqrar islahat hazırlandı. 1975-ci ildə Peronun vəfatından sonra bu vəzifəni onun arvadı Mariya Peron tutdu. Hər tərəfdən təzyiqlər başlandı. Faşist vıə terrorçu təşkilat olan Argentina Antikommunist Alyansı (AAA) öz fəallığını gücləndirdi. 1976-cı il martın 24-də baş verən hərbi çevriliş nəticəsində prezident general X.P.Videla oldu. O, parlamenti buraxdı, 48 siyasi partiya və demokratik təşkilatın fəaliyyəti qadağan edildi. Kütləvi təqiblər başlandı. İqtisadi sahədə xüsusi mülkiyyət möhkəmləndi. Ölkəyə xarici kapital geniş şəkildə cəlb edildi. Gəlir azad surətdə xaricə axmağa başladı. Dövlətin neft kompaniyaları üzərində inhisarı ləğv edildi.
Dostları ilə paylaş: |