ARGENTİNA
Argentina İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə. İkinci Dünya müharibəsinə Argentina 1945-ci ilin martında antihitler koalisiyasının tərəfində qoşuldu. 1945-ci ilədək o, Latın Amerika ölkələri içərisində bitərəfliyini saxlayan yeganə dövlət idi. Müharibə dövründə Argentina xeyli gəlir əldə etdi və aqrar sənaye dövlətinə çevrildi.
Bununla belə ölkədə xarici kapitalın ağalığı hələ də qalırdı. İqtisadiyyatda əsas yeri latıfundistlər və ticarət-maliyyə oliqarxiyası tuturdu. Hələ 1943-cü ildə Xuan Dominqo Peronun başçılığı altında Argentinada «Birləşmiş zabitlər qrupu» adlı təşkilat yarandı. 1946-cı ilin fevralında Peron Argentinanın prezidenti seçildi. Peron 1955-ci ilə qədər bu vəzifədə qaldı. İqtisadiyyatın dövlət bölməsi möhkəmləndirildi. 1947-ci ildə iqtisadi müstəqillik deklarasiyası qəbul edildi.
Peronun prezidentliyi dövründə xarici kapitalistlərin əlində olan iqtisadiyyatın bir sıra sahələri milliləşdirildi. İngilislərin əlində olan dəmiryollar, qaz, sığorta, telefon, teleqraf onlardan pulla alındı. Ölkədə yeni müəssisələr tikildi. Banklar və xarici ticarətin bir hissəsi dövlətin əlinə keçdi. Dövlət bölməsi ölkə iqtisadiyyatında əsas yer tutmağa başladı. Argentinanın maliyyə vəziyyəti yaxşılaşdı. O, borclu dövlətdən borc verən dövlətə çevrildi. Avropa və Latın Amerikası ölkələrinə 4 mlrd. peso kredit verildi. Əmək haqqı artdı, fəhlə sinfinin sayı çoxaldı.
Peronun yaratdığı Milli İnqilab Partiyasının tərkibi burjua nümayəndələri, dövlət qulluqçuları və fəhlələrdən ibarət idi.
Peron xarici siyasətdə müstəqil kurs götürdü. 1946-cı ilin iyununda SSRİ ilə diplomatik əlaqələr yaratdı. O, ABŞ-ın ölkəyə iqtisadi və siyasi müdaxiləsini məhdudlaşdırmaq üçün addımlar atdı.
1949-cu ildə Argentinanın yeni konstitusiyası qəbul olundu. Ölkə qarşısında milli iqtisadi inkişaf məsələsi və Peronun xustisializmi (ədalət) mühüm vəzifə kimi dururdu. Bu ideyaya görə Argentinada sinifsiz cəmiyyət qurulmalı, əhalinin aşağı təbəqələrinə xüsusi güzəştlər olunmalı idi. Həmçinin Argentinanın rəhbərliyi altında Latın Amerikası ölkələrindən ibarət xüsusi dövlətlər birliyi olan Cənub bloku yaradılmalı idi. Əslində Peronun idealogiyasının əsasını millətçilik təşkil edirdi.
Dostları ilə paylaş: |