Fransa dördüncü respublika dövründə. 1946-cı il noyabrın 10-da Fransada Milli Məclisə seçkilər keçirildi. Kommunistlər 5,5 milyon səs olaraq parlamentdə 182 yer, sosialistlər 3,5 milyon səs alaraq 101 yer, xalq Respublika hərəkatı partiyası 5 milyon səs alaraq 164 yer aldı. Kommunist partiyası sosialistlərə məsləhət gördü ki, iki partiyalı hökumət təşkil etsin. Lakin sosialistlər buna razı olmadılar. Burjua partiyalarının təzyiqi ilə başda sosialist partiyasının lideri L.Blüm olmaqla birpartiyalı kabinet təşkil edildi. Sağ sosialistlər hökuməti əmək haqlarının artırılmasına qarşı çıxdı, Vyetnamda müharibəyə başladı. ABŞ-la bir sıra maliyyə sazişləri bağladı.
1947-ci ilin yanvar ayının 16-da ölkədə prezident seçkiləri keçirildi. Prezident sosialist Vensan Oriol seçildi. Tezliklə Leon Blüm istefa verdi və sağ sosialist Rmadyenin başçılığı ilə üçpartiyalı koalisiyalı hökumət təşkil edildi. Onun tərkibinə Xalq Respublika hərəkatı partiyasının nümayəndələri və beş kommunist daxil oldu. 1947-ci ildə Reno avtomobil zavodunda fəhlələr əmək haqqlarının və iş şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar tətil edərkən kommunistlər onları müdafiə etdilər. Hökumətin tərkibində fikir ixtilafı yarandı. Kommunistlər hökumətdən kənarlaşdırıldılar və 1982-ci ilə qədər hökumətin tərkibinə daxil ola bilmədilər.
1947-ci ildə Şarl de Qoll «Fransız xalqının birliyi» partiyasını yaratdı. Bu partiyanın məqsədi Fransada güclü hakimiyyət yaratmaq idi. Bu partiya həmçinin Qərbi Arvopa ölkələrinin vahid iqitsadi və siyasi blokda birləşməsini irəli sürürdü. Ş.de Qolla görə belə olardısa, qərbi Avropa həm SSR-yə qarşı dura bilər, həm də ABŞ-dan asılı olmazdı. Dördüncü respublikanın fəaliyyətindən bir il keçməmiş iqtisadiyyat komissarı Monne tərəfindən xüsusi plan işlənib hazırlandı ki, bu da Fransa tarixinə «Monne planı» kimi düşdü. Monne planının məqsədi Fransa iqtisadiyyatının modernləşdirilməsi və onun dövlət tərəfindən tənzimlənməsinə şərait yaratmaq idi. Bu məqsədlə 1947-ci ildə beşillik plan qəbul edildi. Bu plan ilk vaxtlar özünü doğrultdu. Fransa Marşall planına qoşularaq ABŞ-dan aldığı 1,2 milyard dollar yardımın xeyli hissəsini sənayenin modernləşməsinə verdi. Bu dövrdə kapital qoyuluşunun əksəriyyəti sənayeyə istiqamətləndirilmişdi. Bu isə sənayenin sürətli inkişafına imkan verirdi. Dövlət inhisarçı kapitalın artımı da sürətləndi. İstehsalın mərkəzləşməsi gücləndi. İqtisadiyyatın proqramlaşdırılması ilk növbədə dövlət bölməsi müəssisələrinə şamil edilirdi. Hökumət və inhisarçılar arasında bağlanan sazişlərdə iri müəssisələr üçün plan tapşırıqları müəyyən edildi. Dövlətin nizama salma siyasəti həmçinin kredit buraxmaq, vergi imtiyazları, iri müəssisələri icarəyə vermək, xarici valyuta məsələlərini və s.-ni də əhatə edirdi. 1948-ci ildə Fransa sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki səviyyəyə çatdı. 1950-ci ildə kənd təsərrüfatı məhsulu istehsalına görə müharibədən əvvəlki səviyyəni ötüb keçdi. 1949-cu ildə ölkədə kartoçka sistemi ləğv edildi. 1946-1958-ci illərdə Fransada sənayenin yeni sahələri (qaz və neftçıxarma, nefttəmizləmə, atom, elektron, kimya və s.) meydana gəldi. Əsaslı kapitalın yeniləşməsi başlandı. Texniki baza genişləndi. Bunun müəyyən hissəsi ən yeni avadanlıqlar üçün sərf edilirdi. Bütün bu tədbirlər Fransanın iqtisadi inkişafını sürətləndirsə də, lakin kapitalist iqtisadiyyatının qeyri-sabitliyini aradan qaldırmağı bacarmadı. İnhisarların mövşeyi gücləndi.
Fransanın iqtisadi həyatında canlanmanın müşahidə edilməsi heç də onun siyasi həyatının sabit qalmasından xəbər vermirdi. Dördüncü respublika dövründə Fransada 14 dəfə hökumət dəyişikliyi oldu. 1947-ci ilin noyabrın 22-də Xalq respublika hərəkatı partiyasının liderlərindən olan Robert Şumanın başçılığı altında hökumət təşkil edildi. Bu hökumətin tərkibi əsasən Xalq respublika hərəkatı partiyasının nümayəndələri və sosialistlərdən ibarət idi. Bu hökuməti bəzən «üçüncü qüvvələr partiyalarının bloku» da adlandırırlar. Şuman hökuməti tətilə qarşı mübarizəyə başldaı. Daxili işlər naziri Jukl Mak mübarizə aparan fəhlələrə qarşı qoşun və polisdən istifadə etdi. Şuman hökumətinin antifəhlə siyasəti sosialistlərin vəziyyətini çətinləşdirdi. Onlar müxalifətə keçməyə məcbur oldular. 1948-ci ilin sentyabrın 11-də radikal sosialist Anri Keyin başçılığı altında hökumət təşkil edildi. Hökumət antifəhlə siyasətini davam etdirdi.
1950-1953-cü illərdə Fransa iqtisadiyyatında enmə, 1953-cü ildən sonra isə bir sabitlik nəzərə çarpmağa başladı. İstehsalın və kapitalın mərkəzləşməsi və təmərküzləşməsi gücləndi, xırda və orta müəssisələr birləşməyə başladı. Sənayenin dövlət bölməsi inkişaf etdi. Fransa kapitalist inteqrasiyası prosesində fəal iştirak etməyə başladı. Mərkəzləşmə prosesi Fransanın kənd təsərrüfatını da əhatə etdi. XX əsrin 50-ci illərində 900 min kəndli təsərrüfatı öz mövqeyini itirdi. Kəndlilər şəhərə üz tutdular. İnflyasiya nəzərə çarpmağa başladı. Ancaq 1958-ci ildə real əmək haqqı 1938-ci ildəkindən yüksək oldu.
50-ci illərdə Fransada mühafizəkar və mütərəqqi qüvvələr arasında mübarizə gücləndi. 1951-ci ilin mayında kommunistlərin əleyhinə olan yeni seçki qanunu tətbiq edildi. 1951-1956-cı illərdə Fransanı idarə edən Mendes Fransın başçılıq etdiyi «sağ mərkəz hökuməti»nin dövründə sağa dönüş surətləndi. 1952-ci ildə FKP əleyhinə ittihamlar səsləndi ki, guya o, dövlətə qarşı qəsd hazırlayır. 1954-cü ildə konstitusiyaya bir sıra antidemokratik dəyişikliklər edilməsinə nail olundu. Hökumətin, prezidentin səlahiyyətləri artırıldı. Milli Məclisin hüquqları məhdudlaşdırıldı. Ölkədə siyasi partiyalar və qüvvələrin qruplaşması baş verdi. Sənayenin milliləşdirilməsi nəinki dayandırıldı, hətta bir sıra hallarda müəssisələr öz əvvəlki sahiblərinə qaytarıldı. Fövqəladə vergilər qoyuldu, tariflər yüksəldi. Amnistiya verilməsi nəticəsində bir çox kollaborasionist azadlığa buraxıldı. Seçki sistemində edilmiş dəyişikliklər nəticəsində parlamentdəki proporsional nümayəndəlik majoritar (bu və ya digər mahalda səslərin 50%-dən çoxunu toplamış partiyanın, yaxud blokun həmin mahaldan bütün deputat yerini tutması hüququ) nümayəndəlik ilə əvəz olundu.
50-ci illərin ortalarında Fransada kəskin siyasi böhran yarandı. Siyasi böhran burjua partiyalarını da bürüdü. 1953-cü ilin mayında de Qoll öz partiyasını buraxdığını, özünün isə siyasətdən getdiyini bildirdi. Keçmiş vişist Pujadın başçılıq etdiyi bir çox xırda burjua dairələri tələb etdi ki, parlament buraxılsın, demokratiya məhdudlaşdırılsın.
1954-cü ilin sonunda Fransada yeni problemlər meydana çıxdı. 1954-cü ildə Əlcəzairdə başlanan milli-azadlıq hərəkatı ilə əlaqədar olaraq ordu və polisdə də gizli faşist qrupları meydana gəldi. 1955-ci ilin yayında Fransada həmçinin Əlcəzairlə müharibəni kəsmək hərəkatı da yaranmağa başladı. Belə bir şəraitdə 1955-ci ilin sonunda seçkiqabağı kampaniya genişləndi. Sosialistlər, radikallar, sosialist-respublikaçılar və digər mütərəqqi partiyalar birləşib «Respublika cəbhəsi» adlanan blok yaratdılar. 1956-cı ilin yanvarın 2-də keçirilən seçkilərdə Kommunist partiyası və «Respublika cəbhəsi» müvəffəqiyyət qazandılar 1956-cı ilin yanvarın 31-də sosialistlərin lideri Gi Mollinin başçılığı altında «Respublika cəbhəsi» hökuməti təşkil edildi. İlk vaxtlarda zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra sosial tədbirlər həyata keçirildi. Əvəzi ödənilən məzuniyyət iki həftə oldu. ZonaLararası əmək haqqı fərqi qadağan edildi. Qocalara pensiya vermək üçün Milli fond təşkil edildi.
«Respublika cəbhəsi» hökuməti 1956-cı ildə Tunis və Mərakeşə müstəqillik verdi. Lakin Fransanın Vyetnamla 1946-1954-cü illərdə apardığı müharibə qurtaran kimi o, Əlcəzairlə müharibəyə başladı. Bu mühariə 1962-ci ilə qədər davam etdi. Əlcəzairin 8 milyon əhalisindən 1 milyonu fransız idi. Fransa Əlcəzairə müstəmləkə kimi deyil, özünün «dənizarxası departamenti» kimi baxırdı. 1955-ci ildə Böyük Səhrada zəngin neft yaratqları kəşf edildikdən sonra Fransa üçün Əlcəzairin dəyəri daha da artdı. Fransa belə hesab edirdi ki, «Əlcəzair Fransanın olmuşdur və Fransanın da olmalıdır». 1958-ci ildə Əlcəzairdə vəziyyət xeyli kəskinləşdi. 1956-cı ildə Fransa Suveyş kanalının milliləşdirilməsi əleyhinə çıxaraq İngiltərə və İsraillə birlikdə Misirə qarşı müharibəyə başladı. Həmçinin bu hökumətin dövründə Fransa NATO-nun fəal üzvlərindən biri kimi hərbi xərclərini xeyli artırdı. Əgər 1951-ci ildə silahlanma üçün cəmi 875 milyard frank vəsait sərf edirdisə, bu rəqəm 1958-ci ildə 1 trilyon 576 milyard frankı ötüb keçdi.
50-ci illərdə Fransanın həm Avropaya, həm də müstəmləkələrə münasibətində iki meyl var idi. Bu meyllərdən biri Avropa ilə əməkdaşlıq, digəri isə Fransanın Avropada böyük dövlət olduğunu göstərən meyl idi. Birinci meylin tərəfdarları «Avropapərəstlər», ikinci meylin tərəfdarları isə «millətçilər» adlanırdılar. Birinci meyl daha üstün idi. Məhz birinci meylin üstünlüyü şəraitində Fransa 1951-ci ildə Avropa kömür və polad birliyinə, 1957-ci ildə Avropa iqtisadi birliyinə (AİB) üzv oldu. Almaniya ilə tarixən barışaraq hər ikisi bu birlikdə rəhbər rol oynamağa başladılar. «Vətənlərimizin Avropası» prinsipi burada əsas götürülürdü.
Müstəmləkələrə münasibətdə də ölkədə daim bir-birini əvəz edən iki meyl mövcud idi. Bunlardan birinin tərəfdarları «ultra müstəmləkəçilər» adlanır və onlar tələb edirdilər ki, Fransa heç bir müstəmləkəsinə azadlıq verməməlidir. İkinci meylin tərəfdarları «neomüstəmləkçilər» adlanırdılar. Onlar göstərirdilər ki, Fransa müstəmləkələrinə azadlıq verməli, lakin onları iqtisadi yolla öz rəhbərliyi altında saxlamalı, onların sərvətlərini mənimsəməlidir.
1958-ci ilin aprelində Fransada yenidən siyasi böhran kəskinləşdi. Sağ qüvvələr bundan demokratiyaya qarşı hücum üçün istifadə etdilər. 1958-ci ilin may ayının 13-də neofaşist qrupların təşkil etdiyi «Əlcəzairi milli xilas komitəsi» tərəfindən Əlcəzairdə qiyam baş verdi. Bu qiyamdan məqsəd ölkədə hərbi diktatura yaratmaq idi. Ultra müstəmləkəçi qüvvələr istəyirdilər ki, Əlcəzairin Fransaya inteqrasiyasını başa çatdırsınlar. Bu qüvvələr öz mənafeləri naminə yaranmış siyasi böhrandan çıxmağa cəhd edərək 1953-cü ildən siyasətdən getdiyini elan edən general Şarl de Qolla təklif etdilər ki, yenidən hakimiyyətə qayıtsın və güclü icraedici hakimiyyətə malik yeni siyasi rejimi yaratsın. Şarl de Qoll bu təklifi qəbul etdi. Çünki demokratiya və siyasi sabitlik tərəfdarları da xilas yolunu Şarl de Qollun hakimiyyətə qayıtmasında görürdülər. 1958-ci il iyunun 1-də Milli Məclis əksəriyyət səslə Şarl de Qollu hökumətin sədri təsdiq etdi. Yeni hökumətin tərikibinə burjua partiyalarının, həmçinin, sağ sosialistlərin nümayəndələri də daxil oldular. 1958-ci ilin iyunun 2-də Şarl de Qoll ölkədə fövqəladə vəziyyət elan etdi və Milli Məclisi buraxdı. Bu hadisə Fransada dördüncü respublikanın sonu demək idi.
Dostları ilə paylaş: |