Danışır respublikanın xalq artisti, Mehdinin tələbəsi
Firdovsi Naibov: “Əgər Ədil İskəndərov və Tofiq Kazımov
teatra öz ailələri kimi baxırdılarsa, Mehdi Məmmədov teatra öz
məşuqəsi kimi yanaşırdı. Onu o qədər də maraqlandırmazdı ki,
aktyor necə yaşayır, necə dolanır: teatrda kimin qayğısı nədir;
tamaşasını hazırlayırdı və çıxıb gedirdi. Dərsdə də belə idi.
______________Milli Kitabxana_______________
14
Hərçənd məni Gənc Tamaşaçılar Teatrının baş rejissoru Zəfər
Nemətovun yanına, bugünki kimi yadımdadır, 1960-cı ildə
məhz o, göndərdi: yoxsa bizi bölgə teatrlarına paylaşdırırdılar.
Ancaq bu da heç əbəs deyildi. O, tələbələrini də öz teatr
maraqları prizmasından qiymətləndirirdi. Məni həmişə
Xəyyam çağırırdı. Hər dəfə təkrar eləyirdim ki, Mehdi müəllim
adım Firdovsidir. Amma o, buna fikir vermirdi. Səhərisi yenə
mənə Xəyyam deyirdi. Mən indi düşünürəm ki, yəqin hələ o
dövrdə Mehdi Məmmədovun rejissor dünyasında “Xəyyam”
pyesini səhnəyə gətirmək ideyası dolaşırmış və bəlkə də o,
məndə Xəyyamı görürmüş”.
17
Mehdi Məmmədov haqqında
daha bir paradoks... yəni bir-birini təkzib edən iki əks fikir...
yaxın ola-ola uzaq qalmaq müəmması...
Danışır professor Əkbər Ağayev: “... rejissor və aktyor
Mehdi Məmmədovun teatr haqqındakı yazıları, mətbuatda,
radio və televiziyadakı çıxışları böyük maraq doğurur, diqqəti
cəlb edir. Təkcə ona görə yox ki, sənət haqqında, teatrın
müxtəlif yaradıcılıq məsələləri barədə o öz mülahizələrini və
fikirlərini xüsusi bir sənətkar istedadı ilə deyir, həm də
söhbətlərini maraqlı qurur və nitqinin məzmun və forması ilə
pərəstişkarlarını cəlb edir. M.Məmmmədov teatrdan,
dramaturgiyadan yazanda və danışanda onu geniş oxucu və
tamaşaçı kütləsinə sevdirən ən başlıca səbəb böyük sənət
eşqidir, teatra bəslədiyi sənətkar məhəbbətidir. Mehdi
Məmmədovu kiçik yaşlarından teatr sənətinə bağlayan da, onu
teatr sənətinin yollarında ilhamlı və dözümlü bir xadim kimi
irəli aparan da, teatrın problemlərindən mütəxəssis sözünü-
söhbətini şirinləşdirən də bu məhəbbətdir, bu sevgidir. Elə
buna görə də onun teatr haqqındakı şifahi söhbətləri və yazıları
diqqəti cəlb etməklə bərabər bədii zövq də aşılayır, həm
düşündürür, həm də hisslərə emosional qida verir”.
18
Çox, çox, lap çox adam belə danışa bilər Mehdidən…
***
______________Milli Kitabxana_______________
15
Mən düşüncə fraqmentlərindən yığılmış bu mozaikada
yaradıcılığı Azərbaycan teatr mədəniyyəti tarixinin böyük bir
mərhələsinə sığışan rejissor, aktyor, filosof, estet, pedaqoq,
maraqlı həmsöhbət Mehdi Məmmədov portretinin sanki bir
neçə eskizini cızmağa çalışdım. Axırda gördüm ki, onlardan
hər birini sonsuza qədər, ideala qədər işləmək də olar,
müəyyən cizgiləri uydura-uydura hər eskizi mükəmməl
portretə çevirmək də olar. Amma, təəssüf ki, bu eskizlərin heç
biri Azərbaycan mədəniyyətində əsl dolğun Mehdi portretini,
Mehdi obrazını əvəzləməyəcək. Çünki onu xatırlayan
insanların hər birinin qəlbinə, yaddaşına Mehdi bir cürə həkk
olunub, bir cürə hakim olub. Hərə Mehdini öz istədiyi kimi, öz
qavradığı kimi, özünün başa düşdüyü kimi, özünün sevdiyi
kimi öz iç dünyasında yaşadıb, yaşadır və yaşadacaq. Ona görə
də hərə bir Mehdiyə, bir Mehdi obrazına, bir Mehdi
şəxsiyyətinə, bir Mehdi imicinə iddialıdır. Bəs gerçək həyatda
Mehdi portretinin, Mehdi obrazının, Mehdi imicinin əsas
qayəsini hansı cizgi müəyyənləşdirirdi? Əlbəttə ki, sənət
sevgisi. Sənət onun üçün canından, varlığından, həyatından
artıq idi, anasından, atasından artıq idi, qohumlarından,
əzizlərindən, övladlarından artıq idi, sevdiyi qadınlarından artıq
idi. “Sənət qurbanlar tələb edir” deyiminin mənası nədirsə, elə
budur. Onun həyatını öyrənib, rejissor, aktyor, alim fəaliyyəti
üçün mühüm hadisələri çözüb də mən belə söyləyirəm ki,
Mehdi Məmmədov öz teatrını, tamaşalarını, kitablarını,
məqalələrini, fikirlərini, sənət naminə daxilində yaratdığı
intizamı dünyada hamıdan... hamıdan... hamıdan... çox sevirdi
və əmin idi ki, o, bunu nahaq eləmir. Bu sənətkar bir uşaq
sadəlövhlüyü ilə həmişə inanıb ki, onun gördüyü iş yaşadığı
dünyanı bir az daha alicənab, bir az daha duyğusal, bir az daha
intellektual, bir az daha səmimi, bir az daha insanpərvər və bir
az daha xeyirxah edəcək. Mehdi Məmmədov sənət üçün
yaşayıb, öz ali idealları üçün yaşayıb, şıq geyimli qəribə bir
dərviş kimi, aşiq kimi yaşayıb, Azərbaycan Hamleti kimi
______________Milli Kitabxana_______________
16
yaşayıb, həqiqətlər qəsrinin sakini kimi yaşayıb; nə
əqidəsindən dönüb, nə sənətinə arxa çevirib, nə də dediyi
sözləri dəbbələyib. Mehdi Məmmədov saf adam olub, heç kimə
əyilməyib, heç kəsə üzgörənlik, yaltaqlıq eləməyib, kiməsə
gücü çatmayanda, sadəcə, mənalı-mənalı susub və çıxıb gedib.
Mən Mehdi Məmmədovu Azərbaycan teatr mədəniyyətinin
fenomeni bilirəm və, eyni zamanda, onu sənət dünyasının ən
sirli müəmması qismində qavrayıram. Bu “müəmma”nı
ucaboy, qamətli, görkəmli (söz necə də yerinə düşür!)
Mehdinin davranış və danışıq üslubunun, səsinin magiyası
şərtləndirirdi. Onun qüvvətli bioenerjisi idi müəmma: Mehdi
maqnit kimi hamını özünə çəkirdi, ekstrasens kimi hamıya təsir
göstərirdi. Və Mehdini sevirdilər, dəlicəsinə sevirdilər, ona
ideal rejissor, ideal sənətçi, kişi idealı kimi baxırdılar. Nəticədə
isə Mehdi Məmmədov hamının gözü qarşısında zəmanənin
qəhrəmanına, zəmanənin bayraqdarına (Azərbaycan peşəkar
teatrının 100 illik yubiley təntənəsində bayrağı əskər
addımlarıyla səhnəyə Mehdi Məmmədov çıxarmadımı?)
çevrilirdi, gah əfsanələrdə yaşayırdı, gah lətifələrdə. Bu,
zəmanə qəhrəmanının alın yazısıdır. Şəhər bəyənib seçdiyini
həmişə qısa bir müddətə öz folklorunun çərçivəsinə,
parametrlərinə salır və bu yeni qəhrəmana folklorun
prizmasından yanaşır. İndisə Mehdi Məmmədov artıq tarixi
şəxsiyyətdir, onun artıq tarixən formalaşmış siması, tarixən
formalaşmış imici var; Milli Teatrın divarından asılmış portreti
var ki, yağlı boya ilə işlənilib; kino arxivində, televiziyanın
filmotekasında kadrları var ki, Mehdinin diri obrazını
dünəndən bugünə gətirir. Ona görə də mənim üçün titan
Mehdi, dahi Mehdi haqqında monoqrafiya yazmaq son dərəcə
çətindir. Amma inanıram ki, axırı çox uğurlu olacaq. Çünki
kitaba hazırlıq dövründən ta üzü bu yana yaxşı-yaxşı
insanlardan, - Mehdi Məmmədovun qardaşı oğlu Əsəddən,
oğlu Ülvidən, nəvəsi Mehdidən, əvəzsiz Şəfiqə xanımdan,
Elçin Məmmədovun bacısı Solmaz xanım Həmzəyevadan,
______________Milli Kitabxana_______________
17
tələbələri Firdovsi Naibovdan, Ələkbər Kazımovskidən,
Respublika Arxiv idarəsinin müdiri Maarif Teymurovdan,
Teatr Muzeyinin direktoru Nuridə Nurullayevadan, Teatr
Xadimləri İttifaqının prezidenti Azər Paşa Nemətdən,
teatrşünas həmkarlarım
İ.Kərimovdan,
İ.Rəhimlidən,
İ.İsrafilovdan kömək görmüşəm. Mənim sevimli teatrşünas
dostum Kəmalə xanım Cəfərzadənin söhbətlərindən,
məsləhətlərindən dəfələrlə yararlanmışam. Hamınıza...
hamınıza təşəkkürlər! Biz hamımız xeyirxah bir iş görürük.
Təki gördüyümüz iş Mehdi Məmmədovun adına,
mədəniyyətdəki imicinə, sənətdəki ucalığına layiq olsun....
______________Milli Kitabxana_______________
18
______________Milli Kitabxana_______________
19
OLUMDAN TEATRA...
(modus vivendi)
“Fizikada dəqiqqlik dəqiqsizliyin həddini tapmaqdır”.
Karl Popper
Əgər dünya teatrdırsa, onda bəs teatr nədir?
Tamaşa oyundur. Burada hər şey aldanışdır, illyuziyadır,
təlqindir. Məharət, bacarıq, peşəkarlıq ondadır ki, səni bədii
uydurmaya, yalana inandırırlar. İnanmayıb neyləyəcəksən: axı
özün pul verib bilet almısan ki, səni aldadıb əyləndirsinlər.
Tamaşada yaşamırlar, yaşantıları imitasiya eləyirlər. Orada
kimsə gerçəkdən doğmaz, doğulmaz, ölməz və öldürməz:
amma sən ürəkdolusu ağlayarsan, ürəkdolusu gülərsən, kimisə
sevərsən, kiməsə səcdə edərsən, kiməsə də - nifrət...
Həyatda isə olurlar və ölürlər... və bu zaman məsafəsində
hərdən də teatra işləməyə gedirlər, tamaşa oynamağa gedirlər
və bir gün də görürlər ki, teatrın dahisi olublar, teatrın dəlisi
olublar, teatrın məcnunu olublar.. və daha teatrsız yaşaya
bilmirlər, teatrsız nəfəs ala bilmirlər, teatrdan ayrıla bilmirlər...
və özlərini teatra “qurban” deyirlər, fəda eləyirlər... və heç
nəyin fərqinə varmırlar... Mehdi Məmmədov da Yaşar
Qarayevin 1974-cü ildə miniatür monoqrafiya, miniatür
tədqiqat kimi yazdığı “Sənət eşqi” məqaləsində onun “Sən
yenidən doğulsaydın necə yaşayardın?” sualını belə
cavablayıb: “
Yenidən yaşayardım teatr üçün... Yenə teatrda
işləyərdim. Rejissor olmaq istərdim. Əgər bacarsaydım... Aktyor
olmaq istərdim. Ola bilsəydim”.
19
Nə bir qırıq tərəddüd, nə bir
qırıq təəssüf. Peşmançılıq da sıfır nöqtəsində. Mehdi
Məmmədov öz ömrünü sanki teatra görə, teatr üçün
proqramlaşdırmışdı və buna heç heyfsilənmirdi də. Çünki teatr
Mehdini dünyanın xoşbəxt sənətçisi eləmişdi.
Mehdi Məmmədovun rəsmi, hər yerdə bəyan edilən doğum
tarixi 22 may 1918-ci ildir. Sənədləşdirilmiş faktdır, yəni
müzakirəyə çıxarılmır, reviziya olunmur. Kim nə vaxt, harada
______________Milli Kitabxana_______________
20
Mehdi Məmmədov haqqında nə yazıbsa, necə yazıbsa, mütləq
bu fakta söykənib, təhkiyəsini bu fakt üstündə qurub. Düzdür,
Cəfər Cəfərov 22-si yazır doğum gününü, İlham Rəhimli 23-ü.
Mən baxdım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin arxivinə və gördüm ki, öz tərcümeyi halında
rəhmətlik doğulduğu günü heç yazmayıb. Amma Respublika
Dövlət Arxivindən tapdığım tərcümeyi-halda isə Mehdi
Məmmədov 22 mayı doğum günü göstərmişdi. Bəs onda
İ.Rəhimli haradan alıb bu məlumatı? Ola bilsin ki, Mehdi
Məmmədovun özü söyləyib bunu ona. O da ola bilsin ki,
kitabın nəşrində səhv buraxılıb... Nə isə... bir günün nə
əhəmiyyəti... Yaşın da nə fərqi var ki... Hərçənd dahilərin,
tarixi şəxsiyyətlərin, məşhur sənətçilərin həyat və yaradıcılığını
işıqlandıran monoqrafiyalarda yaşanılmış hər anın, məqamın,
hər xırda detalın, balaca bir qeydin və ya əliçi boyda məktubun
önəmi böyük olur. Çünki bu monoqrafiyalar olumla ölüm
arasında düzənlənən tarixi zaman parçalarından qəlpə-qəlpə,
xatirə, təəssürat epizodlarından fraqment-fraqment yığılmış
mozaik mövcudluq mənzərələridir.
Mehdi anadan olub papaqçı Əsədulla kişinin ailəsində, Şuşa
şəhərində, çətin bir zəmanədə, qırğınlar, qaçqınlar dövründə.
Əsədulla kişi Allah adamı, mömin bir bəndə sayılıb, ənənəvi
müsəlman libasları geyinib, başına qara buxara papaq qoyub,
tanrısına həmişə səmimiyyətlə etiqad edib. Mehdinin anası
Sayalı Hüseyn qızı da mən gördüyüm bütün şəkillərdə baş
örtüyündədir. Bu ailə 1922-ci ildə köçür (niyəsini öyrənə
bilmədim) Bakıya və Suraxanskaya (keçmiş Bir may, indiki
Çingiz Mustafayev) küçəsində 17 nömrəli dalanda, 5 nömrəli
evdə məskunlaşır: Cəfər Cəfərov da, İlham Rəhimli də bu tarixi
birmənalı şəkildə təkrarlayırlar. Amma Mehdinin özünün
1945-ci ildə yazdığı bir səhifəlik avtobioqrafiyasında bildirilir
ki, onlar Bakı şəhərinə 1923-cü ildə təşrif buyurublar. İlham
Rəhimli bu köçün səbəbini ağır güzəranla əlaqələndirir.
Qismən bununla razılaşmaq olar. Ancaq bir fakt
______________Milli Kitabxana_______________
21
təkzibedilməzdir: ağır ruzgar Əsədulla kişini Şuşa kimi
dünyəvi bir cənnətdən uzaqlaşdırsa da, hər halda ona imkan
verib ki, Bakıya yetişən günün səhərisi Bayır şəhərdə ailəsi
üçün ev alsın və ya ev kirayələsin. Bu məsələni, əfsus ki,
dəqiqləşdirə bilmədim. Amma artıq onu yüz faiz özüm üçün
dəqiqləşdirdim ki, Bakıya köç ərəfəsində Əsədulla kişinin
ailəsində üç oğlan uşağı böyüyürdü. Mehdidən sonra 1920-ci
ildə Xəlil, 1922-ci ildə isə sonbeşik Teymur dünyaya göz
açmışdı. Qeyri-stabil sosial-siyasi, iqtisadi bir mühitdə beş
nəfərdən ibarət bir külfəti dolandırmaq heç kimə asan
görünməsin. Bir yandan ilk Cahan savaşının fəsadları, bir
yandan çarizmin devrilməsi, bir yandan erməni qudurğanlığı,
bir yandan ingilislər, bir yandan farslar, bir yandan müsavat,
bir yandan bolşeviklər, bir yandan eser-menşeviklər: camaat isə
elə hey kasıblaşırdı, kasıblaşırdı və sonucda hər şeyə qarşı
laqeydləşib, hamıdan üz döndərib çörək istəyirdi. Əsədulla
Məmməd oğlu hünərli adam olub ki, belə bir qarışıq zəmanədə
uşaqlarını böyütməyə, oxutmağa və hətta yaxşı geyindirməyə
pul tapıb, dinini, əqidəsini qorumağa - ləyaqət. Deməli,
Əsədulla kişini bir o qədər də kasıb adam saymaq düzgün
deyil. Sayalı xanımın da öz yaşına uyğun ciddi, səliqəli və
urvatlı geyimi bunu sübut edir.
Cəfər Cəfərov yazır ki, Mehdi 1931-ci ildə yeddiillik
məktəbi qurtarıb.
20
Mən bura yalnız onu əlavə edərdim ki,
həmin yeddiillik məktəb Bakıda 3 saylı məktəb kimi
qeydiyyatdan keçmişdi. Adi hesablamadan aydınlaşacaq ki,
evin böyük uşağı 1924-cü ildən, yəni guya 6 yaşından dərsə
gedib və guya ki 13 yaşında ikən həm natamam orta təhsilini
bitirib, həm də Bakı Teatr Texnikumuna qəbul olunub. Elə bu
an ailədə problem yaşanıb, Mehdinin istəyi ailənin gündəlik
həyatına bir dissonans gətirib. Hadisələrin gerçəkləşmə
məkanı: Suraxanskaya küçəsi, 17 nömrəli uzun dalan, arı
pətəyini xatırladan həyət, 5 nömrəli balaca ev. Əsədulla kişi
Mehdinin teatr texnikumuna getməsinə etiraz edir, qonşular
______________Milli Kitabxana_______________
22
eşitməsin deyə səsini ucaltmadan “qışqırıb” acıqlanır, səhnə
sənətini oğluna yaraşdırmır, onun uşaqlıq “sevda”sını
əngəlləyir, bir dindar kimi şəriətin qayda-qanunlarını üstün
tutur. Amma buna baxmayaraq Mehdi fikrini dəyişmir,
iradəsindən dönmür, teatr sevgisini həyatının leytmotivinə
çevirir. Soruşulur: əsl müsəlman ailəsində böyümüş 13 yaşlı bir
uşaq Əsədulla kişi kimi mömin, zəhmli bir atanın sözündən
necə çıxa bilərdi? Mənim üçün bu, həmişəlik müəmma olaraq
qalacaq. Qalacaqmı? Adətən oğlan uşaqları 15 yaşından
etibarən valideynlərinə ciddi tərzdə asi olmağa, öz istədikləri
kimi rəftar etməyə başlayırlar; çalışırlar ki, böyükləri öz ağıl və
iradələrilə məftun etsinlər. Bunu bacarmayanda isə əsəb
keçirilər, sinirləri pozulur, depressiya vəziyyətinə düşürlər. 13
yaşlı oğlan uşağı valideynlərinə qarşı üsyana faktiki surətdə
hələ hazır olmur. Ona görə də məndə bəzi məqamlarla əlaqəli
şübhələr oyanır ki, görəsən, Mehdinin əsl yaşı ilə pasportda
göstərilən tarixin sosial-kulturoloji dissonansı nə qədərdir?
XIX əsrin sonunda və XX yüzilin əvvəllərində hərə bir
səbəb ucbatından yaşını ya artırırdı, ya da azaldırdı: əksərən də
dəftərxana işçiləri bu məsələdə aşkar səhlənkarlığa, etinasızlığa
yol verirdilər. Şəxsi təcrübəmdən bilirəm ki, mənim öz
babamın, nənəmin, hətta atamın (onun 1931-ci ildən olmasına
baxmayaraq) da təvəllüdü pasportlarına səhv yazılmışdı. Onlar
bir tarix deyirdilər, sənədlər başqa tarixi görükdürürdü.. Ol
əyyamda belə-belə səhvlərin sayı bizim Azərbaycanda notarial
xidmətin yarıtmazlığı üzündən yaman çox idi. Zənnimcə,
Mehdinin də yaşı pasportunda bir-iki (ya da üç) il azaldılıb.
Əlbəttə, bunu mən belə güman edirəm. Hərçənd bir-iki (və ya
üç) yaş tarixi zaman müstəvisində, Mehdi Məmmədovun sənət
dünyasının elmi, bədii-estetik parametrləri, dəyərləri
müstəvisində nəyi dəyişəcək ki? Heç nəyi... Bəs mənim
monoqrafik əsərimə yeni nə gətirəcək? Koordinal surətdə yenə
heç nə... Amma öz şübhələrimi, gümanlarımı oxucuyla
bölüşməsəm, mən mən olmaram. Əsla elə düşünməyin ki,
______________Milli Kitabxana_______________
23
hökmən təzə nəsə yazmaq, təzə nəsə demək həşirindəyəm.
Sadəcə, mən özüm anlamaq, bütün varlığımla duyub inanmaq
istəyirəm ki, kiçik yaşlarında öz təhsil yolunu Mehdi həqiqətən
vunderkind olub keçib, yoxsa adi tələbələr kimi “pillə-pillə
ayaq qoyub nərdivanə”? Nə üçünsə mənə elə gəlir ki, Mehdinin
doğum tarixilə onun tədris illərindəki davranışı və qavrayışı,
hətta şəkillərdəki görkəmi arasında bir uyğunsuzluq var: Mehdi
hər yerdə yaşından böyük görsənir. Mən bu şübhələrimlə
çarpışırkən qəfildən bir versiya çıxdı ortalığa: onu da
Azərbaycan teatr tarixinin faktlarını gözüyumulu əzbərə
söyləyən İlham Rəhimli açıqladı. Guya aktyor Kamil Qubuşov
deyərmiş ki, bizim teatrda ondan savayı daha üç adam 1915-ci
ildəndir: Əliheydər Ələkbərov, Məmmədrza Şeyxzamanov, bir
də Mehdi Məmmədov.
21
Mehdinin olum tarixinin Kamil
Qubuşov variantında “1915-ci il” onun doğulduğu vaxt kimi
göstərilir ki, bu da mənim şübhələrimə bəraət qazandırır.
Mehdini niyə altı yaşından yeddiillik məktəbə yazdırmalıydılar
ki? Həmin çağlarda valideynlər uşaq oxutdurmağa indiki
adamlar qismində tələsmirdilər, axı! Digər tərəfdən Mehdinin
ailəsi nə Azərbaycan zadəganlığına mənsub idi, nə də milli
ziyalı təbəqəsini təmsil edirdi. Onda uşağın təhsiliylə bağlı belə
tələsgənliyin səbəbi nə? 1923-cü ildə Bakıya köçüb gəlmiş bir
ailədə valideynlər öz övladlarını 6 yaşından məktəbə
yazdırmağı niyə prioritet iş hesab eləməliydilər? Burada
məsələ bir az başqadır. Mən elə düşünürəm ki, Mehdi yaş
etibarı ilə məktəbə getməyə gecikirmiş, əgər onun təvəllüdü
1915-ci ildən hesablanarsa. Bir də Mehdi yaxınlarına
danışarmış ki, valideynləri Bakıya gələndə onun 9 yaşı varmış.
Deməli, köç haradasa yayda, ya da payız aylarında baş tutub,
yəni Mehdinin 8 yaşı tamam olub 9-a keçdikdən sonra... Ona
görə də Mehdi 1923-cü ildə Bakı şəhərində məktəbə yazıla
bilməyib. Yəqin ailə sosial-siyasi problemlər ucbatından
məktəb məsələsini Şuşada da həll etməyə macal tapmamışdı.
Ona görə də Bakıda bu problem qədərincə aktuallaşmışdı və
______________Milli Kitabxana_______________
24
nəhayət ki, 1924-cü ildə imkan düşən kimi Əsədulla kişi 9 yaşlı
oğlunu məktəbə göndərmişdi, məsələni yubatmamışdı. Digər
vacib bir cəhət: yeddillik məktəbdən sonra Teatr Texnikumuna
sənəd hazırlayarkən 13 yaşlı uşaq (əgər doğum tarixi 1918-ci il
qəbul edilirsə) nə bilə bilərdi, haradan bilə bilərdi ki, teatr
sevgisi nədir? Vaxtilə rəhmətlik Cəfər Cəfərov da bu suala
müstəqim cavab verməmişdi, məsələdən yayınmışdı, ümumi
frazalardan bəhrələnmişdi, amorf danışmışdı. Mehdinin sənətə
meylini dövrün gəlişməkdə olan teatr dəbinin urvatı ilə,
Azərbaycan aktyorlarının camaat arasındakı məşhurluğu ilə,
sovet dövlətinin səhnə sənətinə marağı və dəstəyilə izah
eləmişdi. Ancaq 13 yaşlı uşaq üçün bu, nə qədər önəmli idi?
Mən düşünürəm ki, Mehdi teatr məktəbinə daxil olanda onun
13 yox, 16 yaşı (doğum tarixinin 1915-ci il versiyası
təsdiqlənir) varmış və biz “16 yaş” dedikdə Cəfər Cəfərovun
söylədiyi bütün motivasiyalar həməncə inandırıcı olur. Busa
artıq həqiqətin özüdür. Fikrimizi təsdiqləyən daha bir sənəd
Mehdi Məmmədovun 1974-cü ildə yazdığı məqaləsidir:
“Teatrın havası, eşqi məni rahat buraxmır, elə bil cavab istəyir,
qərar gözləyirdi. Peşə seçmək, həyatda öz yolunu tapmaq vaxtı
çatanda atamın arzusuna qarşı durmalı oldum. Bu məqamda
anladım ki, teatra məhəbbət, təkcə duyğudan, hissdən, həvəsdən
ibarət ola bilməz. Bu məhəbbət ağıl, əqidə, inam anlayışından
ayrı deyildir”.
22
İndi Siz özünüz deyin, 13 yaşlı uşaq bu
emosional peşə sevgisini və coşqulu etirazı yaşamağa
qabildirmi? Mən şəxsən buna inanmıram və belə bir nəticəyə
gəlirəm ki:
Mehdi Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə
anadan olub.
Cəfər Cəfərovdan fərqli olaraq Yaşar Qarayev Mehdi
Məmmədovun teatr sənətinə qarşı sevgisini Cəlil bəy
Bağdadbəyovun adı ilə bağlayır: “Teatr aləmindən kənar bir
mühitdə tərbiyə görmüş M.Məmmədov özünün teatra
həvəsinin tarixçəsini yada salarkən hamıdan əvvəl o vaxt
Bakıda qadın rollarının ən yaxşı ifaçısı kimi tanınmış Cəlil
______________Milli Kitabxana_______________
25
Bağdadbəyovu xatırlayır. Bir may küçəsində balaca Mehdi ilə
qonşuluqda yaşayan bu aktyor Orta Asiyaya səfərə hazırlaşmaq
məqsədilə iki çamadan pyes və teatr tarixi xülasələri
toplamışdı. Bu xülasələri köçürmək işində balaca Mehdi
aktyora kömək edir və hər dəfə qonorar kimi ondan bir neçə
konfet mükafat alırdı. Lakin şübhəsiz, bu zəhmət üçün
Mehdinin qazandığı ən böyük mənəvi mükafat səhnə əsərlərilə
tanışlıq və ilkin teatr bilikləri idi”.
23
Birincisi ona diqqət yetirin
ki, Yaşar Qarayev Mehdinin anadan olduğu ili, yəni 1918-ci ili,
birmənalı dürüst qəbul etdiyindən tez-tez “balaca” təyinindən
yararlanır. Əgər Mehdi balaca idisə, onda bu uşağın mirzəlik
qabiliyyəti nə dərəcədə Cəlil bəyin karına gəlirdi? İkincisi onu
deyim ki, Mehdigili Bağdadbəyovla qonşu olmayıblar.
Suraxanskaya küçəsilə onun evi arasında düz altı-yeddi
palanlıq bir məsafə vardı. Cəlil bəy Bağdadbəyovun qızı
Züleyxa xanım yazır ki, onlar keçmiş Poluxin küçəsində indi
prokurorluğun yerləşdiyi binada yaşayıblar.
24
Mən burada
qonşuluq yox, başqa bir faktoru önə çəkərdim. Cəlil bəy
Bağdabəyov da şuşalı olub və bəlkə də Əsədulla kişini şəxsən
tanıyıb, onunla ünsiyyət saxlayıb. Şuşalıların bir-birini tanıması
nə çətin işdir bəyəm? O da ola təqribən eyni yaş nəslinə
mənsub insanların tanışlığı... Mümkün ki, elə bu məqam
Mehdini Poluxin (indiki Murtuza Muxtarov) ya da Zərgərpalan
küçəsilə aparıb çıxarıb Cəlil bəygilə. O da istisna edilmir ki,
Cəlil bəy usta Əsədullanın evinə təşrif buyuranda Mehdidən
dərrakəli bir uşaq kimi xoşu gəlib və Mehdini özünə müvəqqəti
köməkçi, katib götürüb. Yoxsa Mehdi Cəlil bəygilə necə düşə
bilərdi? Üçüncüsü, bu baş verib haradasa 1929-30-cu illər
arasında. Mən yenə Züleyxa xanımın xatirələrinə istinadən
bunu söyləyirəm. Nədən ki, 1930-cu ildə Aşqabada ezam
edilən Cəlil bəy Bağdadbəyov həbs edilir və sürgün olunur.
Yəni onların 1930-cu ildən sonra görüşmək ehtimalı sıfırdır.
Biz əgər Mehdinin doğum tarixini 1915-ci il götürsək, o zaman
“balaca” sözünü işlətməyə ehtiyac qalmayacaq və həməncə
______________Milli Kitabxana_______________
26
aydınlaşacaq ki, Cəlil bəylə Mehdinin münasibətləri gerçək
maraqlar zəminində formalaşıb. Çünki 15-16 yaşlı bir
yeniyetmə 13 yaşlı uşaqdan fərqli olaraq artıq həyatdan nə
istədiyini təxmin edə bilir... və... teatr xülasələrini köçürmək
işində acizlik göstərmir... Ona görə də həqiqət budur ki:
Dostları ilə paylaş: |