CƏFƏrqulu rüSTƏmov



Yüklə 225.42 Kb.
PDF просмотр
səhifə1/10
tarix25.04.2017
ölçüsü225.42 Kb.
  1   2   3   4   5   6   7   8   9   10


 
CƏFƏRQULU RÜSTƏMOV 
 
 
 
 
 
 
 
 
QOBUSTAN DÜNYASI 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI 
 
BAKI - 1994 
 
 


 
BBK 9.2.6  
R 88 
 
Redaktoru: Məlahət Əsədova  
Rəssamı:   Məmmədtağı Abdullayev 
 
 
Kitab  Qazax  «Tac»  səhmdar    cəmiyyətinin  vəsaiti  hesabına  nəşr  olunub. 
Səhmdar  cəmiyyətinin  məsul  nümayəndəsi  Rüstəm  Söhrab  oğluna  xeyirxah  
niyyətinə görə təşəkkürümüzü  bildiririk. 
 
 
 
 
Rüstəmov Cəfərqulu.  
R 88. Qobustan dünyası. - B.; Azərnəşr, 1994,   176 səh. 
Əsər   Qobustanda   son    10-15   min   il   ərzində qədim azərbaycanlıların 
qayaüstü    təsvirlər, ibtidai insan düşərgələri, yaşayış yerləri və b. abidələrin aşkar 
edilməsi  və  öyrənilməsi  tarixindən,  aparılmış  arxeoloji    qazıntılar,  onların     
nəticələrindən    bəhs   edir.   Müəllif   25   illik   tədqiqat nəticəsində Qobustanda 
orta  daş  dövründə    başlamış  həyat  və  təsərrüfatın,  incəsənətin  mədəniyyətin 
inkişafını abidələrin dili ilə yığcam şəkildə izah edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BBK  902.6 
R     0504000000-59 
10-94 
M (651)-07-94 
 
 
İSBN 5-552-01097-3 
© Azərnəşr, 1994 


 
MÜƏLLİFDƏN 
 
Tarixin bir ümumi məqsədi var-keçmişi öyrənmək. Onun öyrəndiyi sahələr 
çoxdur.  Lakin  tarix  sözü  ilk  növbədə  xalqın  tarixi,  millətin  tarixi,  vətənin  tarixi 
kimi qəbul edilir. Bu tarix nə qədər zəngin olarsa adama bir o qədər böyük qürur 
gətirər, vətənə və xalqa rəğbətini artırar. Atalar deyiblər: «Ot kökü üstündə bitər», 
xalq  qəhrəmanı  qoç  Koroğlu  da  demişdi  ki,  «qoç  oğlu  qoç  olar».  Elə  isə  gəlin 
baxaq  görək  babalarımız  kim  olub?  Doğrudan  da  biz  kimlərin  sələfləriyik?  Min-
min  illər  bundan  qabaq  bugünkü  torpağımızda  babalarımız  necə  yaşayıb, 
məşğuliyyətləri  nə  imiş,  hansı  dünyagörüşə  və  mədəni  inkişaf  səviyyəsə  malik 
olmuşlar? 
Tarix.  Bəli.  kimliyimizi  bilmək,  vətənimizi  sevmək,  onun  dost  və 
düşmənlərini  seçmək,  onlarla  münasibətlərimizi  düzgün  qurmaq  üçün  tariximizi 
öyrənmək, bilmək lazımdır. 
Tarix  necə  öyrənilir?  Deyirlər  «tarixi  xalq  yaradır»  və  ya  «tarix  xalqın 
içində  yaranır».  Bəli,  bu  belədir.  Hər  kəs  ailəsinin,  qəbilə  üzvü  qəbiləsinin,  kənd 
əhli öz kəndinin, ölkə əhli vətənin həyatında baş verən hadisələr, dəyişikliklər və s. 
haqda baba ataya, ata oğula, oğul nəvəyə nəsilbənəsil məlumat verir, tarixi yaşadıb 
davam etdirir. Bu cür yaşadılan tarix bəzək, danışanların istək və arzusundan asılı 
olaraq, şişirdirilib əsası həqiqət olan əfsanəyə də çevrilir, boylar, dastanlar yaranır. 
Tarixin  öyrənilməsi  üçün  əsasən  iki  mənbədən  -yazılı  və  maddi 
mənbələrdən  istifadə  edilir.  Bu  mənbələrin  heç  birində  tarixi,  yuxarıda 
göstərdiyimiz  kimi,  nəsildən-nəslə  şifahi  ötürməyə    əsaslanmaqla  yox,  ilk  mənbə 
əsasında işıqlandırılır. Tarixi mənbələrdə biz tarixi min illər bundan qabaq yazılmış 
kitablardan oxuyur, necə deyərlər, tarixin şahidi olmuş adamın dilindən «eşidirik». 
Tarixi  öyrənmək  üçün  ikinci  mənbə  arxeoloji  materiallardır.  Arxeologiya 
tarixi  maddi  dəlillər  əsasında  öyrənən  xüsusi  elmdir.  Arxeologiya  insanların  min 
illərlə  bundan  qabaqkı,  yazı  dövrünə  qədərki  həyatını  öyrənməklə  məşğul  olur. 
Onun  arxivi  arxeoloji  qazıntılar  zamanı  aşkara  çıxarılmış  yaşayış-yerləri,  qəbir 
abidələri,  əldə  edilmiş  əmək  alətləri,  silahlar,  təsərrüfat  və  bəzək  əşyaları,  onların 
üzərində saxlanmış naxış formaları, şəkillər və s. və s. abidələrdir. 
 
Bəli, keçmiş həyatı canlandırmaq, ulu babalarımızın necə yaşadığını, nə ilə 
məşğul  olduğunu,  kimliyini  müəyyənləşdirmək  və  bunun  üçün    yüzlərlə-minlərlə 
suallara  cavab  vermək  üçün  bu  arxivi  oxumaq  lazımdır.  Bu  arxivi  oxumaq  nə 
deməkdir? Yəni deyək ki, arxeoloq  filan   yaşayış   yerini   qazıb,  buradan  o  nə 
oxumalıdır.   Əvvələn,   bu   yaşayış   yerinin   yaşını-dövrünü  müəyyənləşdirməli, 
o dövrün təbii şəraiti cəmiyyətin ictimai-iqtisadi səviyyəsi əsasında həmin yaşayış 
yerinin  niyə  məhz  burada  (deyək  ki,  bu  təpənin  üstündə)  salınması  sualına,  sonra  
yaşayış    yerində  evlərin,    küçələrin    bu    formada    planlaşdırılma    səbəblərinə,  
yaşayış   evlərinin,   yardımçı   binaların yerləşmə    xüsusiyyətlərinin    müxtəlif    
tarixi     şəraitin   tələbatından   irəli   gələn   səbəblərinə   və   s. məntiqi  cavab  


 
tapmalıdır.  Əmək  alətləri  və  silahların hansı materialdan və  necə hazırlanması 
üsullarına, onların necə işlədilməsinə, dəfn abidələrinin  hansı  adət-ənənəyə qulluq 
etməsi,  bəzən  əşyalarına  görə      onların  sahiblərinin  həyata  baxışı  və  dini 
görüşlərinin necə olması və s. haqda suallara savab tapmalıdır. 
Gəlin,  arxeoloji  arxiv  adlandırdığımız  bir  növ  materialların-ulu  baba  və 
nənələrimizin  min  illər  boyu  məişətinə  daxil  olmuş,  bununla  da  min  illər  ərzində 
yaranmış  qədim  mədəniyyətlərin  dövrləşməsində  arxeoloqlar  üçün  «məlumat 
kitabçası» sayılan keramika adlandırdığımız gil qabların öyrənilməsi üçün nə qədər 
zəhmət tələb olunduğuna fikir verək. Gil qabların meydana gəlməsi Neolit dövrünə 
and edilir. Azərbaycanda bu dövr eramızdan əvvəlki VII-VI minilliklərə aiddir. O 
vaxtdan keçən 8-9 min il ərzində həmişə gil qab istehsalı olub. Düzdür ilk vaxtlar 
kiçik,  kövrək,  bəsit  olsalar  da,  Eneolit  (Mis-tunc)  dövründən  başlayaraq  gil 
qabların  çeşidləri  də,  həcmləri  də  durmadan  artır,  bu  proses  zəmanəmizə  qədər 
davam edir. 
Lap qədimdən başlayaraq gil qablar üzərində onları hazırlayanların istək və 
arzusunu, estetik cəhətdən gözəlliyə məftunluğunu, müxtəlif baxışlarını əks etdirən 
bəzək  nümunələri  meydana  gəlib  getdikcə  [müxtəlifləşir,    forma    və    işlənmə 
texnikasına görə çoxalırdı. Bunun üçün sızma, qazma, yapma, eləcə də sürtmə ilə 
və rənglə vurulmuş naxış və bəzəklərdən istifadə edilir. Lakin bütün dövrlər üçün 
cam camlığında, bardaq  bardaqlığında, qazan qazanlığında, küp küplüyündə və s. 
qalır.  Bəlkə  heç  bunlardan  hansının  nə  üçün    işlədildiyini  demək  də  çətin  deyil, 
lakin  gil    qabların    tarix  üçün  əhəmiyyətini  o  adam  (əslində  arxeoloq)    dərk  edə 
bilər  ki,    yerdən  qaldırdığı  gil  qab  qırığının  keçən  minilliklərin  hansı  tarixi 
dövründə, bu dövrün hansı mərhələsində (Eneolit, Tunc, Dəmir dövrünün, antik və 
orta əsrlərin hansı mərhələsində)  hazırlanmış olduğunu söyləyə bilsin. Bunun üçün 
isə bir, beş, on və hətta daha çox kitab  oxumaq  da  azlıq  edir, bunun  üçün  uzun   
illərin  zəhməti,  təcrübəsi  lazımdır.  Belə  olduqda  «arxeoloji  arxiv»  də    düzgün  
oxunur,  tariximiz,      keçmişimiz  də  yazılan  kitabda,  yaranan  tarix  güzgüsündə 
düzgün əks olunur. 
«Qobustan  dünyası»  adlı  bu  kitabda  qədim  tarixi  köklərə,  qədim 
mədəniyyətə  malik  çox  qədim  xalq  olduğumuzu  dünyaya  car  çəkən  Qobustan 
abidələri  haqda  məlumat  verəcəyik.  Qobustanın  qayaüstü  təsvirlərinin  tapılması, 
öyrənilməsi,  bu  misilsiz  tarixi  abidələrə  münasibətdən  söhbət  açacaq,  Qobustan 
«arxivini» qədim qayaüstü rəsmləri oxumağa  çalışacağıq. 
 
 
 
 
 
 
 


 
QAYAÜSTÜ TƏSVİRLƏR 
 
Tarix-insan bu iki məfhum biri digəri ilə bağlıdır. İnsan olmayan yerdə tarix 
də  yoxdur,  tarixsiz  də  insan,  cəmiyyət  yoxdur.  Tarix  insanın  varlığı  ilə  yaranır, 
onun  nə  vaxtdan  mövcudluğu,  həyatının  inkişaf  mərhələləri  və  bu  mərhələlərin 
yaranma və bir-birini əvəzetmə səbəbləri, insan cəmiyyətlərinin yaranması, onların 
inkişafını  təmin  edən  təbii  və  iqtisadi  amillərin  rolu  və  s.  məsələləri  işıqlandırır. 
Tarix  dedikdə  keçmiş  nəzərdə  tutulur,  lakin  keçmiş  var  uzaq  keçmiş,  var  yaxın 
keçmiş, yaxın keçmiş, əsasən, yazılı dövrü əks etdirir ki, bu dövrün tarixi hər il, hər 
ay, hər gün yaranır və yaranmaqda davam edir. 
Uzaq keçmişi, insan övladının yaranmasından yazı ixtira edilməsinə qədərki 
dövrü  əhatə  edir.  Bu  dövrün  tarixi  maddi  mədəniyyət  qalıqları-qədim  düşərgə  və 
yaşayış  yerləri,  buradakı  insan  yaşayışının  qalıqları,  təsərrüfat  və  məişətə  aid 
tapıntılar  (alətlər,  silahlar,  qablar,  bəzək  əşyaları  və  s.)  vasitəsilə  öyrənilib  bərpa 
edilir.  Bu  kimi  maddi  mədəniyyət  qalıqları  elmdə  tarixi  abidələr,  arxeoloji 
materiallar adlanır. 
Tarixi  abidələrin  ən  maraqlı  və  sirlilərindən  biri  də  qayaüstü  təsvirlərdir. 
Qədim  qayaüstü  təsvirlər  ibtidai  cəmiyyətdə  insan  əməyi  və  fəaliyyətini,  onun 
həyatı  və  dünyagörüşünü  rəngarəng  və  canlı  şəkildə  əks  etdirən  arxeoloji  abidə  - 
tarixi sənədlərdir. 
Qədim rəsmlər qayalar üzərində müxtəlif üsullarla (döymə, qazma, sürtmə, 
eləcə  də  rənglə)  çəkilmişdir.  Onların  ən  qədimlərinin  yaşı  20  min  ildən  çoxdur, 
cavanları son orta əsrlərdə yaradılmış abidələrdir. 
Qədim  qayaüstü  təsvirlər  dünyanın  bir  çox  ərazilərində  aşkar  edilib 
öyrənilmişdir. 
XIX  əsrin  ortalarına  qədər  arxeologiya  elmi  yenicə  formalaşırdı.  Bu  işlə 
həvəskarlar  maraqlanırdı.  İnsan  cəmiyyətinin  keçmişinə,  xüsusilə  onun  görkəmli 
və  real  sənət  əsərləri  yarada  biləcəyinə  şübhə  ilə  yanaşılırdı  və  yaranmaqda  olan 
cavan elm sahəsi hələ kilsə (din) baxışlarına qarşı çıxmaq üçün nə lazımi gücə, nə 
də  öz  sözünü  demək  üçün  lazımi  qədər  inkaredilməz  materiallara  malik  idi.  Tək-
tək  təsadüfi  tapılmış  daş  alətlər,  naxışlı  qədim  əşyalar  və  s.  kimi  klassik  tarixi 
abidələr ziyalılar içərisində maraq doğurur, diqqəti cəlb edirdi. Tapıntılar arasında 
insan  əli  ilə  düzəldilməsi  şübhə  doğurmayan  nüsxələrin  mənşəyi  haqda 
mübahisələr gedir, bu sayaq materialların axtarılması üçün addımlar atılırdı. 
Qayalar  üzərində  qədim  təsvirlərin  varlığı  keçən  əsrin  ortalarından  qeydə 
alınmağa  başlanmışdır.  Qədim  şəkillər  əsasən  iki  üsulla  çəkilmişlər.  Onlarları 
birincisi petroqliflər (petroz - daş, gluphe - naxış açma) daş üzərində naxış, digəri 
isə palitra - rənglə çəkilmiş təsvirlərdir. 
Bunlardan əslində birincilərin tapılma tarixi daha qədimə aiddir. Onları ilk 
dəfə  140  il  bundan  əvvəl  -  1848-ci  ildə  Oneqa  gölü  sahilində  K.  Qrevink 
görmüşdür  (Савватеев  Наскалвные  рисунки  Карелии.  Петрозаводск,  1983). 


 
Lakin o zamanlar bu  kimi abidələrə fikir verilməməsi  üzündən qədim petroqliflər 
ədəbiyyatda  öz əksini tapmamış və öyrənilməmişdir. 
Palitra  tipli,  tarixən  daha  qədim  dövrlərə  aid  (yuxarı  Paleolitə)  qayaüstü 
təsvirlərin  varlığı  isə  keçən  əsrin  70-ci  illərində  ilk  dəfə  İspaniyada  aşkar 
edilmişdir. Bir dəfə çiynində tüfəng, yanında ov tulası olan bir ovçu Altamira kəndi 
yaxınlığında ətraf ərazidən seçilməyən alçaq bir təpəyə qalxırmış (Altamira kəndi 
İspaniyada  santandera  şəhərindən  30  km  qərbdədir).  Təpənin  başında  birdən  it 
yoxa çıxır. Ovçu iti axtarır, çağırır və görür ki, itin səsi çəmənlikdəki daş topasının 
altından gəlir. O daşları qaldırdıqda onların arasından yerin altına aparan yol açılır. 
Ovçu  yeraltı  boşluğa  aparan  yolun  tam  düz  sahədə  olmasına  təəccüb  edir  və  ora 
yıxılan olmasın deyə yolun ağzını iri bir daşla örtür. Bir qədər keçdikdən sonra bu 
çəmənliyin  sahibi  Don  Mapselino  de  Sautuola  ilə  rastlaşdıqda  onun  sahəsində 
gördüyü yeraltı yol haqqında ona danışır. 
Don  Marselino  de  Sautuola  vəkil  idi,  boş  vaxtlarında  arxeoloji  ədəbiyyat 
oxuyardı.  Fransa    mağaralarında  qədim insan  izlərinin tapıldığından  xəbərdar idi. 
Bununla  belə  onun  ağlına  gəlmir  ki,  Altamira  kəndi  yaxınlığındakı  yeraltı  yolu 
yoxlasın. O, yalnız 7 ildən sonra bu fikrə gəlir. Sautuola bir əlində şam, digər əli ilə 
yeraltı  yolun  divarlarını  tuta-tuta  irəliləyir.  Bir  qədər  getdikdən  sonra  əli  divara 
çatmır  və  şamı  başı  üstə  qaldırdıqda  özünü  mağaranın  içində  görür.  O,  burada 
ibtidai insanların izi ola biləcəyini yəqin edib mağaranın gil döşəməsini bir qədər 
qazır  və  bir  neçə  ədəd  çaxmaq  daşından  hazırlanmış  uzunsov  lövhəvari,  ucu 
itilənmiş və ağzı diş-diş edilmiş qəlpələr tapır. 
1978-ci  ildə  Sautuola  Parisdə  ümumdünya  sərgisində  tapıntılarını  göstərir. 
O  vaxtın  tanınmış  arxeoloqu  fransız  Pyet  bu  tapıntıların  insan  tərəfindən 
düzəldildiyini təsdiq edir və Sautuolaya hətta qazıntı  aparmaq  üçün göstərişlər  də  
verir. 
Bir gün Sautuolanın 9 yaşlı qızı Mariya ondan xahiş edir ki, heç olmasa bir 
dəfə  onu  özü  ilə  aparsın.  Mağarada  Sautuola  qazıntı  ilə  məşğul  ikən  qızcığaz  bir 
əlində şam, digər əli ilə divardan tutaraq mağaranın dərinliyinə tərəf gedir. Elə yerə 
gəlib çıxır ki, burada onun atası ayaq üstə dura bilməzdi. Tavandan qaya çıxıntıları 
sallanırdı.  Birdən  uşaq  elə  qorxur  ki,  şam  əlindən  düşür  və  «Tors»,  «Tors»,  yəni 
«Öküz»,  «Öküz»  deyə  qışqıraraq  atasının  yanına  qaçır.  Sautuola  qızını 
sakitləşdirməyə çalışır, həyəcanlanmış qız atasının əlindən tutub onu öz tapıntısının 
yanına  aparır.  Qaya  üzərindəki  bizən  şəkillərini  gördükdə  alim  özü  də  bir  an 
tarazlığını  itirir.  Axı,  minillərlə  insan  gözündən  gizlənmiş  bu  şəkilləri  ilk  dəfə  9 
yaşlı qız aşkar etmişdir. 
Sautuolanın Altamira mağarasında aşkar etdiyi qədim qayaüstü təsvirlər ilk 
vaxtlar bütün İslaniyada sensasiya kimi çox böyük maraq doğurur. Hətta İspaniya 
kralı özü bu qədim sənət əsərinə baxmaq üçün mağaranı ziyarət edir. 
Lakin  tezliklə  Sautuolanın  tapıntısına  şübhə  yaranır.  O  dövrün  elm  və  din 
xadimləri,  arxeoloji  yığıncaqlar  belə,  onu  saxtakarlığda  təqsirləndirirlər.  Altamira 


 
mağarasının  şedevrləri  tədricən  yaddan  çıxır.  Yalnız  20-25  ildən  sonra  -  Fransa 
Paleolit mağaralarında oxşar rəsmlər tapılıb elmə məlum olduqdan sonra Altamira 
rəsmləri öz elmi  əhəmiyyətini təsdiq edir, lakin bu etirafları  görməyə Sautuolanın 
artıq ömrü çatmır. 
Lakin  qeyd  edək  ki,  Altamira  mağarasından  əvvəldə  bir  sıra  mağaralarda 
(Marsula,  Per-non-per,  Şabo)  şəkil  və  xətt  qalıqlarına  rast  gəlinmiş,  lakin  buna 
əhəmiyyət verilməmişdir. Hələ 1864-cü ildə Fransadakı Nio mağarasının sonralar 
«Qaras»  adlanan  salonunda  F.  Qarriq  öz  gündəliyinə:  «Burada  divarlarda  şəkillər 
var. Bu nədir?» - yazmışdı. Sonralar bu mağaralarda və La Müt mağarasında qədim 
rəsmlərin Paleolit dövrü rəsmləri olduğu təsdiq olunmuşdur. 
XX  əsrin  əvvəllərindən  başlayaraq  qayaüstü  təsvirlərin  axtarılıb  qeydə 
alınması  və  öyrənilməsi  geniş  vüsət  alır.  İlbəil  qədim  qayaüstü  rəsmlərin  aşkar 
edildiyi mağara və ərazilərin sayı artır. 
Azərbaycanda  qədim  qayaüstü  təsvirlər  ilk  dəfə  1939-cu  ilin  yazında 
Qobustanda  aşkar  edilmişdir.  Onları  elm  aləminə  Qobustan  qayaüstü  təsvirlərinin 
ilk  tədqiqatçısı  İ.  M.  Cəfərzadə  həmin  ildə  tapmış,  1947-ci  ildən  başlayaraq  bu 
təsvirlərin sistematik tədqiqinə başlanmışdır. 
1960-cı  illərdə  Abşeron  yarımadasında,  Naxçıvan  MR-da  Gəmiqaya  və 
Kəlbəcər  rayonu  ərazisində  də  qaya  və  daşlar  üzərində  qədim  şəkil  və  təsvirlər 
qeydə alınmışdır. 
 
QOBUSTAN 
 
Qobustan  Şərqi  Azərbaycanda  coğrafi  rayondur.  Böyük  Qafqaz  dağlarının 
cənub-şərq  ətəkləri  ilə  Xəzər  dənizi  arasındakı  qobu  və  yarğanlara  malik  geniş 
ərazi Qobustan (qobular diyarı) adlanır. 
Qobustan  sözünün  mənasını  müxtəlif  cür  yozanlar  var.  Bəziləri  Qobustan 
sözünün dil oynaqlığı nəticəsində qor (od), kov, kav (öküz) və ya kəbr (atəşpərəst 
mənasında), kavır (kafir) sözlərindən əmələ gəldiyini göstərirlər. Onlardan birincisi 
Qobustanı odun "(günəşin) çıxdığı yer mənasında (sonrakılar Kovıstan, Kavıstan, 
sonra  isə  Qabıstan,  Qəbristan  sözlərindən  yarandığını  iddia  edirlər.  Hətta 
yadımdadır,  Qobustan  qoruğunun  qarovulçusu,  o  vaxt  82  yaşı  olan  Şıxlar  kənd 
sakini Əliağa kişi (Allah ona rəhmət eləsin) deyərdi: «Buraya ona  görə Qobustan 
deyilir  ki,  burada  qış  olmur  və  qar  yağsa  bostan  olur,  Qobustan  -  qar  bostan 
sözündəndir». 
Əlbəttə,  fikir  söyləmək,  söz  demək  xatirinə  hər  bir  sözü  hecalara  bölüb, 
hecalara  uyğun sözlərlə eyniləşdirmək, onu istənilən  formada  yozmaq olar.  Lakin 
məncə  dilimizdə  olan  söz  üçün  məna  axtarmaq  lazım  deyil.  Azərbaycan  dilinin 
izahlı  lüğətində  oxuyuruq  «Qobustan  qobu  və  stan  (yer),  yəni  qobuluq,  qobular 
olan yer deməkdir». 


 
Qobu  sözü  türk  mənşəli  sözdür,  qurumuş  geniş  çay  vadisi  mənası  verir. 
Qazax  rayonunda  -Ceyrançöldə  böyük  bir  vadi  xalq  arasında  Qara  qobu  adı  ilə 
tanınır.  Monqolustanda  Mərkəzi  Asiya  səhrası  Qobi  (görünür  bizə  rus  dilindən 
çatdığına  görə  Qobi)  -  qobu  səhrası  adlanır.  Qobustan  ərazisi  özü  də  (indiki 
Qobustan  rayonunun  mərkəzi  Mərəzə  qəsəbəsindən  Xəzər  dənizilə  Qobustan 
qəsəbəsinə,  Sumqayıt  çayından  Pirsaat  çayına  qədər)  təbiət,  iqlim  və  yer 
quruluşuna görə göstərilən ərazilərlə eynilik təşkil edir. 
Qobustan  ərazisi  şimalda  Baş  Qafqaz  silsiləsinin  cənub    yamacı,    qərbdə  
Pirsaat  çayı,  cənubda    Hərəmi  Mişov  dağları,  şərqdə  Xəzər  dənizi  və  Abşeron 
yarımadası  ilə  (Yasamal  dərəsi,  Çala  yeri  və  Ceyranbatan  çökəkliyi)  sərhədlənir. 
Bu  ərazinin  uzunluğu  (şimaldan  cənuba)  100  km,  eni  80  km-ə  yaxındır.  Ərazinin 
orta hündürlüyü 600-700 m-dir, bəzən 1000 m-ə çatan nöqtələri də vardır. 
Qobustanın  mərkəz  hissəsini  Ceyrankeçməz  çökəkliyi  tutur.  Geoloji 
cəhətdən  Qobustanın  şimal  hissəsində  təbaşir,  qalan  sahələrində  əsasən  Paleogen 
və  Neogen  çöküntüləri  yığılmışdır.  Qafqazda  ən  böyük  palçıq  vulkanları 
Qobustandadır. Qobustan dağətəyi zona olsa da burada qayalıq sıralar çoxdur. Bu 
çıxıntılar arasında yarımsəhra sahələr inkişaf etmişdnr. 
Qobustan quru subtropik iqlimə malikdir. Havanın orta illik temperaturu 12-
14,5°-dir. Qışı mülayimdir, yayı isti və quru keçir, bəzən istilik 40°-dən çox olur. 
Yağıntı əsasən payızın sonundan yazın ortalarına qədər düşür və illik balansı orta 
hesabla 218 mm-ə bərabərdir. 
Qobustanın əsəs çayı onu iki yerə bölən Ceyrankeçməzdir. Suyu şorandır və 
əsasən  yağış  suları  ilə  qidalanır.  İsti  aylarda  tamamilə  quruyur.  Qobustanın 
içərilərində  də  tək-tək  şoran  qaynamalara  rast  gəlmək  olur.  Böyükdaş  dağında 
mənbəyini əhəngdaşından süzülən atmosfer suları təşkil edən su quyuları və bulaq 
var. 
Qobustanda  əsasən  boz  qonur  şoran  və  yuxarı  hissələrdə  şabalıdı  və  açıq 
şabalıdı torpaq sahələri yayılmışdır. 
Ərazi  bitki  örtüyü  cəhətdən  kasıbdır.  Ot  örtüyü  əsasən  payız  və  yaz 
aylarında, yağışdan sonra əmələ gələn və istilərin düşməsi ilə quruyur. Yarımsəhra 
və quru çöl bitkiləri geniş yer tutur. Buraya azömürlü bitkilər (otlar), çoxillik şoran 
otlar  və  yovşan  daxildir.  Xüsusən  yaz  aylarında  yovşan  göyərən  sahələrdə  adda-
budda torpağı partladıb qaldırmış, çox dadlı yerdonbalanına rast gəlmək olur. 
Qobustanla  ağac  və  kollar  əsasən  qayalıqlar  arasında,  kökləri  əhəngdaşı 
qayalarından  nəm  götürə  biləcək  yerlərdə  bitir.  Qayalar  arasında  vəhşi  qızılgül 
(itburnu),  böyürtkən,  doqquzdon,  ardıc,  dağdağan,  cır  albalı,  dovşanalması, 
iynəyarpaq armud və s. kollarına, eləcə də cırlaşmış əncir, nar və meynəyə də rast 
gəlmək  olur.  Cırlaşmış  meyvə  ağaclarının  qayalıqlarda  saxlanması  qədimdən  bu  
yerlərdə  yaşamış əhalinin bağ qalıqlarından xəbər verir. Biz arxeoloji tədqiqatlarla 
əlaqədar  müşahidələrimizdə  əncir,  nar,  dağdağan,  meynə  kimi  meyvə  ağaclarının 
qalıqlarının  hər  yerdə  qədim  insan  məskənləri  ilə  əlaqədar  olması  fikrini  yəqin 


 
etmişik  (söz  yox  ki,  bu  insanların  bağçılıq  təsərrüfatı  yaranan  tarixi  dövrdən 
sonraya  aiddir).  Məsələn,  Avey  dağının  qərb  tərəfindəki  «Daş  salahlı»  mağarası 
ətrafında  (mağarada  Mustye  dövründə  -  100-80  min  il  bundan  əvvəl  yaşayış 
olmuşdur) bu kimi bağ  meyvələrinin qalıqları  yoxdur.  Lakin dağın şərq tərəfində 
Damcılı  mağarası  və  onun  ətrafında  üst  Paleolit,  Mezolit,  Neolit  qalıqları  olan 
sahədə  sonrakı  tarixi  dövrlərdə  -  Tunc,  Antik  və  ilk  orta  əsrlərdə  də  gur  həyat 
olmuş və burada o dövrlərdən qalma çoxlu cır əncir, nar, üzüm, dağdağan ağacları 
var və indi də bar verir. 
Qobustanın  nə  bitki  örtüyü,  nə  də  heyvanat  aləmi  xüsusi  olaraq 
öyrənilməyib. Bu yerlərin heyvanat aləmi kasıbdır. Hazırda burada canavar, tülkü, 
boz dovşan, çöl siçanı, tısbağa, kərtənkələ (aqama), koramal, zəhərli ilanlar (əsasən 
gürzə), quşlardan - kəklik, göyərçin, çöl bülbülü və s. xırda quşlar, həşəratlardan - 
əqrəb, böy və s. görmək olar. Dənizkənarı zonada və yağmurlu aylarda maldarların 
heyvanları suvarmaq üçün düzəltdikləri göl və nohurlarda çöl ördəyi, qaşqaldaq və 
xırda su quşları yuva qururlar. 
XX əsrin 40-cı illərinə qədər Qobustan çöllərinin yaraşığı ceyran olmuşdur. 
Lakin  onlar  ovlanıb  (xüsusən  hərbi  hissələr  tərəfindən  U-2  təyyarəsi  ilə) 
qırılmışdır.  İndi  Qobustanda  onlara  rast  gəlmək  demək  olar  ki,  çətindir.  Mən 
şəxsən yalnız bir dəfə, 1976-cı ildə Qobustanın içərilərində Qaynarca deyilən yerdə 
qazıntıya  gedərkən  Torağay  dağından  qərbdə  üç  ceyran  otladığını  görmüşəm. 
Onlar da bizim maşını görüb uzaqlara qaçdılar. 
Hazırda  Qobustanda  kəkliklərin  də  aqibəti  ceyranlarınkına  yaxınlaşır. 
Onlara, ovlandığına görə, az-az rast gəlinir. 
Qobustanın  müasir  dövr  üçün  təbii  şəraiti,  bitki  örtüyü  və  heyvanat  aləmi 
haqda  qısaca  olaraq  yuxarıda  məlumat  verdik.  Bəs  Qobustanın  qədim  qayaüstü 
təsvirləri  və  başqa  tarixi  arxeoloji  abidələrinin  yarandığı  keçmiş  dövrlərdəki 
vəziyyəti necə olmuşdur? Necə olmuşdur ki, indi çox quru və kasıb görünən təbiətə 
malik  bu  ərazi  qədim      insanların    diqqətini  cəlb  etmişdir  və  onlar  burada  necə 
yaşamışlar?  Oxuculara  təqdim  etdiyimiz  bu  yazının  məqsədi  elə  həmin  suallara 
bacardığımız  qədər  izahlı  cavab  vermək,  qədim  dövrlərdən  bizə  yadigar  qalmış 
abidələrin dili ilə qədim qobustanlıların təsərrüfat həyatı, dini və dünyəvi görüşləri, 
adət-ənənələri,  qədim  mədəniyyət  sahələrinin  tarixi  dövrlərdə  inkişafı  kimi 
məsələlərdən  söhbət  açmaq,  qədim  qobustanlıların  kimliyini      aydınlaşdırmağa 
çalışmaqdır. 
Qobustanda  ərazinin  geoloji  dövrlərdəki  vəziyyətindən  danışmaq  bizim 
gücümüz  dairəsindən  və  məqsədimizdən  kənardır,  bu,  geoloqların  işidir.  Söz  yox 
ki,  Qobustan  ərazisində  (Şərqi  Azərbaycan)  neft  laylarının  yaranması,  palçıq 
vulkanının təqribən 1 m dərinlikdən atdığı daşlaşmış ağac qalığının dövrü, keçmiş 
Duvarını  (indi  Qobustan)  sahəsində  neft  quyusundan  çıxmış  və  70-ci  illərin 
əvvəllərində  Üçtəpə  ərazisində  əsgərlər  hərbi  səngər  qazdıqları  zaman  təpələrin 
birində  aşkar  edilmiş  balina  sümükləri  sübut  edir  ki,  okean  dövründə  Qobustan 

10 
 
ərazisinin  quruluşu  indiki  kimi  olmamışdır.  O  vaxtlar  nə  Abşeron  dənizinin 
qalıqları olan Qobustan  qayaları,  nə  yanar vulkanlardan  əmələ  gəlmə  Torağay  və 
Kənizə kimi əzəmətli dağlar vardı. Qobustanın indiki görkəmi geoloji cəhətdən çox 
cavandır, onun formalaşma və dəyişilmə prosesi indi də davam edir. Söz yox ki, bu 
dəyişikliklərin  şahidi  olmaq  üçün  bir  insan  ömrü  kifayət  deyildir,  hətta  bir  neçə 
min il də o qədər hiss olunan deyil. Belə ki, Kənizə vulkanı sonuncu dəfə 1950-ci 
ilin may ayında püskürmüşdür. Bu yaxınlarda (15-20 il ərzində) Ələt yaxınlığında 
Ayranaxan  dağının,  Lökbatan  vulkanının,  Seyildağ  və  s.  palçıq  zulkanlarının 
püskürməsinin  şahidi  olmuşuq.  Arxeoloji  tədqiqatlar  zamanı  qədim  insanların 
yaşayış  üçün  istifadə  etdikləri  sığınacaqları  əmələ  gətirmiş,  eləcə  də  üzərində 
qədim  təsvirlər  qalmış  qayaların  yerdəyişməsi,  çevrilməsi  və  s.  kimi  dəyişikliklər 
qeydə  alınmışdır  ki,  bunlar  Qobustan  ərazisində  geoloji  inkişaf  prosesinin 
aktivliyini  göstərir.  Göstərilən  dəyişikliklərin  bəziləri  haqda  (qayaların 
yerdəyişməsi) işin gedişində, xüsusilə tarixi abidə və qayaüstü təsvirlərin dövrünün 
dəqiqləşdirilməsi ilə əlaqədar məlumat verəcəyik. 
Qayıdaq  Qobustanın  bizi  maraqlandıran  keçmişinə  -  yəni  Qobustan 
abidələrinin  yaranma  dövrünün  şəraitinə.  Yəqin  oxucuları  maraqlandırır  ki,  min 
illər bundan əvvəl mövcud olmuş şəraiti necə bilmək olar? Elə Qobustanın özündə 
də bu mümkündürmü? 
Bəli,  mümkündür.  Müxtəlif  sahələr  üzrə  kompleks  elmi  axtarışlar  və 
(geoloji, arxeoloji, paleontoloji, paleocoğrafi, etnoqrafik və s.) tədqiqatlar əsasında   
onları   məntiq   maşınından keçirməklə. 
Qobustanda apardığımız arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir 
ki, burada -Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi 
üst Paleolit dövrünün sonu, Mezolit (orta daş) dövrünün əvvəllərindən, ümumən 15 
min  il  əvvəlki  dövrdən  başlayır.  Ola  bilsin  ki,  ondan  da  3-5  min  il  əvvəl  buraya 
insan ayağı dəymişdir və hələlik o dövrün düşərgəsi qayalıqların altında qalmış və 
ya  sadəcə  olaraq  aşkar  olunmamışdır.  Lakin  30  illik  tədqiqat  və  müşahidələrim 
əsasında  Qobustanda  həyat  izinin  ondan  daha  qədimdə  olmasını  güman  edə 
bilmərəm. 
Ümumiyyətlə,  həyatın  başlanması,  özü  də  ibtidai-daş  dövrü  insanlarının 
yaşaması üçün mütləq lazımi şərait olmalıdır. Bu şərait ilk növbədə ibtidai insanlar 
üçün iqlim şəraiti və qida mənbəyinin əlverişliliyi və bolluğu ilə şərtlənir. Demək, 
əgər 15-20 min il bundan əvvəl Qobustanda həyat başlanıbsa, burada lazımi şərait 
olub, bu ərazi indiki kimi quru və susuz, bitki və heyvanat aləmi isə kasıb olmayıb. 
Qobustan  indinin  özündə  də,  bitki  örtüyü  və  heyvanat  aləminin  kasıb 
olduğu  dövrdə  də  insanı  cəlb  edir.  Bunu  hiss  etmək  üçün  Qobustan  torpaqlarına 
səfərə  çıxmaq,  onun  dağlarına,  düzlərinə  ayaq  basmaq,  palçıq  vulkanlarının 
kraterlərindəki «pil-pilə»lərə tamaşa etmək gərəkdir. Bəs keçmişdə? 
Qobustan  qayaları  üzərində  çəkilmiş  heyvan  təsvirlərinin  çoxnövlülüyü 
göstərir ki, o vaxt Qobustan ərazisində gur, ceyran, ibtidai öküz, dağ keçisi, maral 

11 
 
və  s.  sürüləri  olmuşdur.  Bu  heyvanların  burada  yaşaması  üçün  ərazi  bol  yem 
ehtiyatına,  sıx  bitki  örtüyünə  malik  olmalı  idi.  Belə  olmasa  idi,  qayalarda  təksir 
edilmiş  və  arxeoloji  qazıntılar  zamanı  sümük  qalaqları  tapılmış  heyvanlar  bu 
ərazidə yaşaya bilməzdi. Qədim Qobustanda nəinki bol bitki örtüyü, savanna tipli, 
bəlkə də daha sıx meşə də olmuşdur. Arxeoloji qazıntı zamanı «Ana zağa» adlanan 
Daş  dövrü  yaşayış  yerindən  aşkar  olunmuş  ocaq  yerindən  götürülmüş  kül-kömür 
qalığı  analiz  olunarkən  burada  şam  və  palıd  ağacları  da    yandırıldığı 
müəyyənləşdirilmişdir.  Bunu  necə  izah edək?  Qobustanın  Daş dövrü  adamları   
yandırmaq  üçün  uzaq  şimal  ərazilərindən  və  Böyük  Qafqazdan  palıd  odunu 
gətirmişlər?  Özü  də  elə  bir  zamanda  ki,  hələ  heyvanlar  əhliləşməmiş,  heç  bir 
nəqliyyat  vasitəsi      olmamışdır.  Yoxsa,  ocaq  üçün  palıd  və  şam    ağacını  yüz 
kilometrlərlə  məsafədən  çiyinlərində  gətirmişlər?      Əlbəttə,  yox,  Qobustanda 
qayalar      arasında  indi    də  şam  ağacları  fəsiləsinə  mənsub  ardıc  kollarına  rast 
gəlmək  olur.  Söz  yox  ki,  göstərilən  ağaclar  vaxtilə  Qobustanda  olmuş  və  son 
minilliklər  ərzində  iqlimin  dəyişməsi,  münbitliyin  azalması,  bəlkə  elə  Xəzər 
dənizində «yeni kaspi»  dövrü  dəniz qalxmasının təsiri  ilə  şimala və qərbə tərəf 
çəkilmişdir. 
Qobustan qayalarındakı qaban və qaban ovu səhnəsi vaxtilə burada bu növ 
heyvanın yaşadığını göstərmirmi? Qobustanda dəniz kənarında və çay yataqlarında 
onların  qidalanması  və  yaşaması  üçün  qamışlıqlar  olmuşdur.  Şübhəsiz  ki, 
qayalarda  təsviri  saxlanmış  gəmiləri  düzəltmək  üçün  qarğı  və  qamış  heç  də  uzaq 
məsafələrdən gətirilməmişdir. 
Bütün bunlar qədim Qobustanda təbii şəraitin insanların yaşaması üçün tam 
əlverişli  olduğunu  göstərir.  Bu  cür    şərait  Qobustanda,  eləcə  də  Şərqi 
Azərbaycanda  və  Abşeronda  Qobustandakı  həyatın  bizə  məlum  olmuş  tarixindən 
çox-çox  minillər  əvvəl  yaranmışdı.  Binəqədidə  aparılmış  qazıntılar  zamanı 
qurumuş    qır    gölündən    Pleystosen  dövrünə    aid  çoxlu  fauna  və  flora  qalıqları 
aşkar edilmişdir. Burada  40 növ  məməli heyvanların,  110 növ quş, 22 növ bitki 
qalığı qeydə alınmışdır. Onurğalı və onurğasız heyvan və həşəratların müxtəlifliyi 
minlərlədir.  Bütün  bunlar  da  keçmişdə  Şərqi  Azərbaycanda,  Abşeronda  və  yəqin 
ki,  onunla  bilavasitə  qonşu  Qobustan  ərazisində  də  həyat    üçün    şəraitin    çox  
qədim  zamanlarda yaranmış olduğunu göstərir. Nəzərə alsaq ki, bu ərazilər həm də 
qiymətli  balıqlarla  (xəşəm,  nərə,  kütüm,  ziyad,  bölgə  və  s.)  zəngin  Xəzər  dənizi 
sahilindədir,  demək,  qədim  qobustanlıların  balıqçılıqla  məşğul  olmaq  üçün  də 
geniş  imkanları  olmuşdur.  Qayalarda  təsvir  edilmiş  gəmi  və  balıq  təsvirləri, 
qazıntılar  nəticəsində  tapılmış  balıqçılıq  alətləri  və  balıq  sümüyünün  qalıqları  da 
bunu sübut edir. Onlar haqda söhbətimiz sonradır. 
Qobustanda    həyatın    bu    qədər      qədimdən    başlaması  və    Qobustan  
mədəniyyətinin    bu  qədər  zənginliyi,  uzun  minillər  boyu  davam  və  inkişaf 
etməsinin qanunauyğunluğuna şübhə qalmır. Axı ovçuluq bol ov olan yerdə, həyat, 
yaşayış  üçün  şərait  olan  yerdə,  mədəniyyət  də  yaşayışın  tam  təmin  olunduğu, 

12 
 
insanların onun inkişafı üçün imkan və vaxtları olduğu şəraitdə daha tez və sürətlə 
inkişaf  edə  bilər.  Bütün  bunlar  göstərir  ki,  Qobustan  qayaüstü  təsvirlərinin 
yaranması  bu  ərazidə  minillər  davam  etmiş  əlverişli  şəraitdə,  bu  yerlərin  qədim 
sakinləri,  Azərbaycan  xalqının  babaları  tərəfindən  yaradılmış  və  minillər  ərzində 
qayalardan gəlib-gedənlərə, nəvə-nəticələrinə baxmışdır. 
Lakin  XX  əsrin  ortalarına  qədər  Qobustanda  qədim  insan  düşərgələrində 
torpaq  altında  qalmış  maddi  mədəniyyət  qalıqları  nəinki  elm  aləminə  məlum 
olmamış, qayalardan bizə baxan qədim təsvirlər də heç kəsi maraqlandırmamışdır. 
Onlardan  bir  qrupu  -  Yazılıtəpə  təsvirlərinə  görə  bu  yerlər  pirə  çevrilsə  də  bu 
haqda elm aləminə xəbər  verən olmamışdır. 
  
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə