QAYAÜSTÜ TƏSVİRLƏRİN YARANMA SƏBƏBLƏRİ HAQDA
İnsan yaranan gündən dünya onun maraq dairəsidir. O, bütün ömrünü bu
maraq dairəsində zəhmətlə, sevinclə, əziyyətlə, şadlıqla keçirir, fikri-zikri yemək-
yaşamaq, axtarmaq-tapmaq, ehtiyacını ödəmək, istəyini yerinə yetirmək olur.
Təminatı, dolanması yaxşı keçdikdə əyləncəyə də, gözəlliyə də fikir verir, özü də
gözəlliklər yaratmaq həvəsinə düşür. İşi düz gətirmədikdə, şərait olmadıqda,
ehtiyaclarını rəvan ödəyə bilmədikdə çətinlikləri aradan qaldırmaq üçün yollar
axtarmağa, fövqəltəbii qüvvələrə baş əyməyə məcbur olur. O həyatının
(zəhmətinin bəhrəsi, ovunun uğurluluğunun, sağlamlığının, xəstəliyinin və s. həm
istənilən, həm də arzu olunmayan vəziyyətlərinin səbəbinin) kimdənsə, nədənsə
asılı olmasına inanmalı olur. Onun ürəyində xeyir və şər qüvvələrin varlığı, ilahi
qüvvələrin insan üzərində hakimliyi fikri onun özünün varlığını istiqamətləndirici
amilə çevrilir, insan özü üçün allah da yaradır, ovsuna da inanır.
İnsan irsi və təcrübi biliklər əsasında baş verəcək hər şeyi bilir, onlar üçün
həm sevinir, həm də kədərlənir. O bilir ki, kişi-qadın yeni insan, qəbiləyə artım
gətirir. Uşaq doğulur ana-ata sevinir, iməkləyir, tutub ayağa qalxır, ilk addımını
atır, ilk «ana», «ata» kəlmələrini deyir, bunların hamısı üçün valideyin sevinir
Uşaq böyüyür, ilk qazanc gətirir, evlənir, uşağı (qocalar üçün nəvə) olur yenə
sevinc və s. Bunlar hamısı təbiətin səndən, məndən və heç kəsdən asılı olmayan
qanunlarıdır. Bu qanunların başqa, əks üzü də var. Demirəm təsadüflər nəticəsində,
elə lap qocalıb 80-ı, 100-ü ötdükdə də insanın ölümü arzu olunmur, nəinki
qocalıqda, eyni vaxtda lap pis və ağır xəstəliklərin incidib əzab verdiyi bir vaxtda
da insan ölüm istəmir. Bəli, həyatda işi düz gətirmədikdə, çıxılması çətin görünən
anlarda və s. bir sıra vəziyyətlərdə insanın Allahdan ölüm istəməsini çox adam
eşidib. Lakin bu istək və qışqırıqlar dilin ucunda, boğazdan yuxarıdır, ürək onu
demir. İnsan ən axır gündə, son nəfəsində belə yaşayacağına inamını itirmir, əgər
itirirsə onu təbiblər də heç olmasa bir müddət, bir gün, bir neçə saat belə saxlaya
bilmir. O ölməlidir, ölür!
Dünyanın işinə bax. İnsan ölür, əvvəl axır, yüz min illərdən sonra olmamışa
dönür, adı da, qəbri də izi də itir, hətta ən tanınmış, dünyanı lərzəyə salmış adamlar
da. Bu da həyatın qanunauyğunluqlarındandır.
Həyat belə qurulub. Onun qanunları rəngarəng, çox və dəyişilməzdir,
«Xeyirlə şər qardaşdır» kəlamı havayı deyilməyib, biri doğulur, biri ölür, biri
ağlayır biri gülür... Beləcə həyat da dağ çayı kimi axıb gedir. Günəş də səhər çıxır
axşam batır (bizə, bizim dünyamıza görə olsa da).
Nə olsun? Mən bunları niyə yazıram? Bəlkə, bunların Qobustana bir dəxli
var? Bəli, var. Qobustanda bizim dünyamızın bir zərrəsi, minillərin həyat meydanı,
keçmişimizin tarixi, bu günümüzdə babalarımızın ocağına olan maraq dairəmizin
bir nöqtəsidir.
104
Qobustanda həyat 12-13 min il bundan qabaq başlayıb. Bunu Qobustanda 30
ilə qədər apardığımız arxeoloji qazıntıların nəticələri deyir. Bəlkə bu tarixi bir-iki
min il də qabaqdan hesab etmək olar. Buna işarə edən elementlər və məntiqi
dəlillər var, işığı gəlir. Lakin bunun üçün materiallar, tarixi şahidlər hələlik azdır.
Qobustanda arxeoloji qazıntılar, qədim insan düşərgələrindən (20-dən çox
insan məskəninin əksəriyyətində qədim qobustanlılar orta və yeni Daş dövründə -
Mezolit və Neolitdə yaşamışlar) aşkar edilmiş materiallar, onların təsviri və təhlili
irihəcmli elmi kitabda verilə bilər.
«Qobustan dünyası» kimi oxuculara təqdim etdiyimiz bu kitabda biz
söhbətimizi Qobustanın qədim qayaüstü təsvirləri əsasında qurmuşuq. Ona görə də
bir qədər onların necə, nə məqsədlə, hansı düşüncə və təfəkkürün nəticəsi kimi
yarandığı haqda mülahizələrimizi bildirmək istərdik. Əlbəttə, yuxarıda biz demişik
ki, bu haqda deyilən heç bir fikrin əyri və ya düzlüyünə heç kəs şahidlik edə
bilməz. İbtidai adamların fikrini olduğu kimi oxumaq üçün yalnız ibtidai adam
olmaq lazımdır, bu isə mümkün olan şey deyil. Ona görə də bizim fikirlərimiz
arxeologiya elminin 200 ilə yaxın müddətdə əldə etdiyi nailiyyətlərin nəticələrinə,
apardığımız arxeoloji qazıntılar, müşahidələr, şəxsi məntiq və mülahizələrə
əsaslanır.
Qədim qayaüstü təsvirlərin mənasını açmaq çoxlu zəhmət və vaxt tələb
edir. Bir də kolleksiyadan götürülmüş bir-iki qədim şəkil haqqında fikir söyləmək
üçün onlar seçilmiş yox, tam şəkildə (kolleksiyada) öyrənilməlidir.
Biz yuxarıda Ulu nənənin dili ilə keçmişdən söz açmışdıq. Demişdik ki,
Qobustan qayalarındakı hər insan təsviri ovda, əməkdə fərqlənmiş, qəbilədə
hörmət qazanmış, tanınmış bir qədim qobustanlının əksi, obrazı kimi yaradılıb,
«ölməzləşdirilib», pərəstiş obyektinə, başqalarının onun əməlləri və hörmətindən
ibrət dərsi almaq simvoluna çevrilib. Sonuncu göstərici haqda fikir arxeoloji
ədəbiyyatda var. Biz onunla müəyyən qədər razıyıq.
İnsan heç vaxt ölmək istəmir, eləcə də onun əzizləri, yaxınları, soydaşları
onun öldüyünə inanmaq istəmirlər. İnsanlar ölmüş valideyninin adını uşağına,
nəvəsinə qoyur (hələ sağlığında da öz adını nəvəsinə qoyan baba və nənələr var).
İndi də əziz adam öldükdən sonra onun qəbri üstündə sərdabələr tikdirir, qəbir
daşları qoydurur, üstündə barelyef əksini çəkdirir, varı, gücü çatmayanlar isə eləcə
fotosunu yapışdırırlar. Bəli, bütün bunlar keçmişlə, insanların və dinlərin yaratdığı
insanın ölməzliyi inamı ilə bağlı deyilmi? Arxeoloji qazıntılar zamanı açılmış
qədim qəbirlərdə ölülərin yanına onun bəzək şeyləri, silahı, qab-qacağı, əmək
alətləri işə qoyulurmuş? Qəbilə, başçıları və o dövrün hökmdarlarının qəbrində
onların atının, nökərlərinin, arvadlarının basdırılması nə ilə bağlıdır? O dünyada
ölmüş şəxsin qulluğunda duracaqları üçün basdırılmayıblarmı?
Misir fironu Tutanxamon öldükdə onu yerin altında hazırlanmış xüsusi
sarayda dəfn etmiş, qızıl taxtı və neçə ton qızıldan ibarət var-dövlətini yanına
qoymuşlar. Fironun tabutunu 453 kq təmiz qızıldan tökülmüş qapaq örtmüşdür.
105
Qapaq elə tökülmüşdür ki, üstü barelyef formasındadır və sahibinin sifətini əks
etdirir. Fironun axirət binasında onun o dünyada ac qalmaması üçün qızardılıb
mumiyalanmış turac və s. yeməklər də qoyulmuşdur. Bütün bunlar indiki əsas
dinlərdə axirət dünyası, cənnət-cəhənnəm, ruhun yaşaması kimi inamların özülünü
qoyub. Bəli, bütün bu inamlar islamdan da, xristianlıqdan da, başqa dünyəvi
dinlərdən də çox-çox qabaq, ibtidai dövrün başlanğıcından, insanın özünü insan
kimi dərk etdiyi zamandan yaranıb.
Arxeoloqlar tarixi-keçmiş insanların yaşayış tərzi, adət-ənənəsi, təfəkkürünü
öyrənmək üçün qədim insan məskənlərində, onların qəbir abidələrində axtarışlar
aparır, maddi dəlillər toplayır, mühakimələr yürüdürlər. Əldə edilmiş əmək alətləri,
təsərrüfat əşyaları, ocaq və tikili qalıqları babaların yaşayış tərzi və təsərrüfat
həyatından xəbər verirsə, qədim qayaüstü təsvirlərin yaranma səbəblərinin bağlı
olduğu dini görüşlər, düşüncə və təfəkkürləri, adət-ənənələri haqda əsas
materialları keçmişin qəbir abidələri verir. Müxtəlif tarixi dövrlərdə, müxtəlif dini
görüşlərə malik insanların qəbir abidələrində, qəbir formasında, ölünün qəbirdə
qoyulması vəziyyətində və s. fərq olur, Lakin insanın ölünü basdırmağa başladığı
vaxtdan ta əsrimizə qədər (müəyyən qədər indi də) ölünün yanına avadanlıq bəzək
əşyaları və paltar, at, qul, yemək-içmək, silah qoymaqla basdırılması ölümü tam
axıracan qəbul etməmək, ölməzliyə inam deməkdir.
Arxeoloji ədəbiyyatda qayaüstü təsvirlərin yaranma səbəbi haqda
mübahisələrdə alimlər əsasən ovsunçuluq (makiya) və real həyatla bağlılıq
tərəfdarları kimi çıxış edirlər. Qayaüstü təsvirlərin dini və ya incəsənət abidəsi
olması haqda da mübahisələr çox olur. Mən bu məsələlərə ilk dəfə toxunduğuma
görə bu haqda fikir söyləmək istəməzdim. Çünki bu sahədə fikir söyləmək üçün
mən xüsusi axtarış aparmamışam, heç düşünməmişəm də. Burası da var ki, mənim
apardığım tədqiqatlar elə bilavasitə bu məsələlərə yaxındır, qayaüstü təsvirləri
yaradanların həyatını, tarixini, kimliyini öyrənməyə qulluq edir.
Qayaüstü təsvirlərin yaranma səbəbinin izahında mən real həyatla bağlılıq
tərəfdarıyam. Qayaüstü təsvirlərin izahında ovsun tərəfdarları çoxluq təşkil edir.
Onlar hesab edirlər ki, ovsun dindən qabaqdır və qayaüstü təsvirlər tam mənfəət
üçün çəkilmişdir. Yəni, heyvanları çəkmişlər ki, ov uğurlu olsun, qadın şəkilləri
bolluq rəmzidir, heyvanların artmasına kömək etmək üçündür, günəş təsviri günəşi
çağırmaq üçündü, və s. Buna görə də qayaüstü təsvirlər incəsənət abidələri sayıla
bilməz. Əgər incəsənət abidəsi kimi yaransa idi biri-birinin, yenisi qədiminin
üstündən çəkilib altdakını kəsib korlamazdı. Eyni zamanda qayaüstü təsvirlərin
mifik görüşlər və ovsun mərasimi ilə bağlılığı da irəli sürülür.
Bəli, ilk baxışda bu cür fikir və dəlillər inandırıcı görünür. Elə izah edirlər
ki, az qalırsan inanasan ki, nəinki qayaüstü təsvirlər elə dünya özü də ovsun
üstündə yaranıb. Hətta qədim qayaüstü təsvirlər haqda qələm işlədən müəlliflərin
çoxu da fikirləşmədən, bu konsepsiyanın təsiri ilə ovsuna düşüb əsərlərində qədim
təsvirlərin izahının əsas səbəbini ovsunçuluqla bağlayırlar.
106
Mən abidələrin yaranma səbəblərinin ovsunçuluq ilə bağlılığını əsas
götürən alimlərlə tam razılaşa bilmirəm. Eyni zamanda bir xalq, qəbilə, qrupun
həyatı, adət-ənənəsi, dünyaya baxışı, təsəvvürü və s. izah edərkən onu başqasının
həyatı, adət-ənənəsi və s. ilə eyniləşdirmək yolu ilə izahın da əleyhinəyəm. Bütün
xalqlar və qəbilələrdə insanların həyatı üçün ümumi cəhətlər olsa da adamlar biri-
birindən seçilir. Milyonlarla insanlardan biri-birinə oxşayanları olsa da hamısı
seçilir, hətta ən oxşar əkizlər belə səsilə də olsa, hər hansı bir əlamətinə görə isə,
heç olmasa yaxın adamları tərəfindən tanınıb seçilir. Qədim xalqlar, qəbilə və
qrupların qoyub getdiyi abidələr kompleksi də mütləq, nə ilə isə biri-birindən
özünəməxsusluğu ilə seçilir. Odur ki, xalqın tarixini düzgün öyrənmək üçün
abidələrimizi başqalarından fərqləndirən əlamətləri ayırmağı onların fərqini
tutmağı bacarmaq lazımdır. Necə ki, küçədə safari geymiş adam görsən bilirsən ki,
hindlidir, başı çalmalıdırsa ərəbdir, başına geniş kənarlı həsir şlyapa qoyubsa -
meksikalı və mərkəzi amerikalıdır və s.
Mən bilirəm ki, mənim bu cür izahımın əleyhinə çıxan çox olacaq. Bax, elə
deyəsən o etirazları eşidirəm, - deyirlər ki, bəs necə olur ki, Fransada da, Afrikada
da bizdə də, Sibirdə də ibtidai insanlar biri-birindən xəbərsiz eyni formalı və
məqsədli alətlər (əl çapacağı, iti ucluq, qaşov və s.) düzəltmişlər. Bəli, müxtəlif
tipli alətlər qədim insanlar tərəfindən və biri-birindən xəbərsiz olaraq hər yerdə
düzəldilib. Axı, onların hamısı insanların paltar geyməsi kimi ümumi həyat
ehtiyacı ilə əlaqədər (çapma üçün, kəsmək üçün, vurmaq, deşmək, əzmək və s.
üçün) hər yerdə icra edəcəyi vəzifəyə uyğun formada düzəldilmişlər. Onların da
hər biri, bir atadan, bir anadan olmuş oxşar əkizlərdə olduğu kimi, eyni ustanın
əlilə hazırlansalar da bir-birindən seçilməsini təmin edəcək ştrixlərə malikdirlər.
Biri-birindən seçilməsi mümkün olmayan ekzemplyarlar yalnız qəlibdə və ya
zavod dəzgahlarında düzəldilə bilər.
Beləliklə, mən hesab edirəm ki, milyonlarla insan fərdləri, meşədəki ağaclar,
çöldəki bitkilər və s. və s. öz aralarında fərqləndiyi, tanındığı kimi insan qrupları -
qəbilələr də öz aralarında həyata baxışları, xüsusilə mədəni qalıqları ilə seçilə
bilərlər. İnsan cəmiyyətinin tarixi, həyatı və mədəniyyətini öyrənib izah edərkən
bu fərqləri, deyək ki, heç olmasa Avstraliya və Qafqazın qədim qəbilələrinin
mədəni irsləri arasındakı fərqləri ümumi oxşarlığa görə eyniləşdirmək yox, onları
seçmək lazımdır. Deməli, müxtəlif dövrlərdə, müxtəlif qədim müəllif - rəssam
tərəfindən qayada qazılmış qayaüstü rəsmlər də mövzusu, yaranmasına, dövrün
tələbatı baxımından biri-birindən seçilməlidir. Onların yaranma səbəblərini izah
etdikdə də hər dövrün qayaüstü təsvirlər kolleksiyasının bütövlükdə və fərdi
çəkilməsi üçün ola biləcək səbəbləri seçib öyrənmək və sonra fikir söyləmək
lazımdır.
Qayaüstü təsvirlərin ovsunçuluq məqsədilə çəkilməsini hesab etmək bizə
görə, onunla bağlıdır ki, bu konsepsiya tərəfdarları ibtidai adamları təkcə texniki-
mədəni səviyyəsi aşağı, təbiət qüvvələri qarşısında aciz insanlar deyil, həm də
107
həyatda tam aciz, bir növ yalnız yemək və yatmaq qeydinə qalan canlı varlıq
sayırlar.
Dünyada ən qədim qayaüstü təsvirlərin çoxu üst Paleolitə aid edilir. Bu
dövrün insanları artıq müasir insanlara bənzəyirlər. O dövrün maddi qalıqlarını
(arxeoloji materialları) (yaradanları o qədər də küt, deyilişi qədər ibtidai - geri
qalmış, aciz və bacarıqsız saymaq bizə görə o qədər də düz deyil, sadəlövhlükdür.
Kim deyə bilər ki, İspaniya və Fransa mağaralarındakı 20-30 min il bundan qabaq
oxranı piyə qatıb düzəltdiyi rəngi barmağı ilə hamar olmayan, girintili-çıxıntılı
səthdə bizən, vəhşi at, kərgədan və s. kimi heyvanların şəklini böyük ustalıqla
təsvir etmiş ibtidai rəssamların bacarığı indiki rəssamlardan aşağı olub? Yəni o
rəsmləri yaradan, eləcə də Qobustanda təbii böyüklükdə öküz, 4 m-dən çox
uzunluğu olan balıq təsvirlərini bir neçə xəttin köməyilə çox real və mütənasib verə
bilən, əməlləri müasir adamları heyran qoyacaq qədim Qobustan rəssamının ağlı
yəni o qədər işləməyib ki, qida əldə etməkdə aciz olub, ovsuna yalvarıb. Mən
buna inanmıram. İnanmıram ki, çaxmaq, yaşma, dəvəgözü və bu cür şüşə qədər
kövrək, lakin çox möhkəm daşlardan alət düzəldən, onu xüsusi formaya sala
bilən, lazım gəldikdə bu daşlardan qopardılmış lövhəvari qəlpələrin nəinki
kənarlarını dişəkləmək, hətta qalın üzlərindən qəlpədər qopartmaqla lazımi qədər
nazildib ox ucluğu, nizə ucluğu düzəldə bilən qədim babalar ədəbiyyata düşdüyü
qədər də aciz olub? Bəli, ehtiyac insanı hər şeyə qadir edir, lakin düşünən insanı,
heyvanı yox. İbtidai insanlar gücü çatmayan təbiət qüvvələri qarşısında aciz
olmuşlar. Elə indi də zəlzələ, tufan, qışın soyuq, yayın bəzən çox isti olması kimi
hallara qarşı çətinlik çəkirik. Lakin qədim insanlar yem, yemək, «yal» əldə etmək
üçün əməl, vasitə, özündə güc tapmış, heyvan ovlamaq üçün silah növləri
düzəltməyi, tələlər qurmağı və s. bacarmışlar. Eləcə də təbiətin hazır nemətlərinin
hansının yeməli olduğunu, onları nə vaxt, haradan yığmaq lazım olduğunu
öyrənmiş və bilmişlər.
İbtidai insanların təbii qüvvələr qarşısında gücsüzlüyü, yuxarıda qeyd
etdiyimiz kimi, onları fövqəltəbii qüvvələrə baş əyməyə məcbur edir,
onlarda kimdənsə, nədənsə asılı olmaları fikrini, allahları, dini yaradır. Bu kimi
asılılıqdan çıxmaq arzusu ovsunun yaranmasına, ona inama gətirir. Bizə görə ilk
insanlarda təbiət qüvvələri qarşısında acizliklə əlaqədər yaranan inamlar ilk dini
görüşlərdir. İnsanların zəmanəmizdə yaradıb qəbul etdiyi müxtəlif dinlər isə ilk
inamların müxtəlif şəraitdə insanlar tərəfindən öz istəklərinə uyğun, müxtəlif
istiqamətlərdə inkişafının nəticəsidir.
Ovsunçuluğun dindən qabaq yaranması fikrini irəli sürənlər onun müasir
dini ehkamlara görə bəsit, sadə formada olmasını əsas götürürlər.
Qobustanın qədim qayaüstü təsvirlərinin yaranma səbəblərini biz ovsunla
bağlılıqda yox, dinin köklərini yaratmış inamla bağlılıqda görürük. Biz artıq bu
inam və təsvirlərin yaranma səbəbləri haqda, yeri gəldikcə onun ovsun əsasında və
ya bizim necə hesab etdiyimiz hatda söhbət açmışıq. Bizə görə insan təsvirlərində
108
əsasən qəbilə üzvləri, onların hörmətliləri, ovda və əməkdə fərqlənənləri, ayrı-ayrı
fərdlər, qadınlar (ana simvolu kimi), heyvanlar əsasən totem, pərəstiş obyekti, az
miqdarda ovlamış, əsasən isə qəbilənin, adamların keçisi, atı, malı və s. marallar
gözəllik simvolu kimi və s. çəkilmişlər. Rəsmlərdə istənilən hadisənin qabaqcadan
arzu olunan kimi göstərilməsi yox, artıq olmuş hadisələr, varlıqlar təsvir olunur. Bu
baxımdan Qobustanın qayaüstü təsvirlərinin müəyyən mənada şəkillərlə verilmiş
hadisələr haqda piktoqrafik yazıya yaxınlığını qeyd etmək olar.
Makiya tərəfdarlarına görə: 1. Təsvirlər ovsun məqsədilə olmasa idi
qayalarda şəkillər çəkmək də lazım gəlməzdi. Elə isə bəs indi qəbir daşları
üzərində heykəl qoymaq, yaradılan portretlər, məbədlərin divarlarında,
tramvaylarda... məktəblərdə şagird mizlərində yazılan adlardamı ovsun məqsədi
güdür? Yox, bütün bunlar ölməzlik inamından gələn özünü əbədiləşdirmə inamının
nəticəsidir.
2. Makiya tərəftarları hesab edirlər ki, şəkillər ovsun məqsədi ilə
çəkilməsəydi bir-birinin üstündən, eləcə də qaranlıq mağaralarda və əlçatmaz
sahələrdə qazılmazdı. Bəli, Qobustanda bir-birinin üstündən çəkilmiş, altdakını
kəsmiş və korlamış şəkillər çoxdur. Lakin bu o deməkdirmi ki, sonuncu rəssam
ovsun məqsədi güddüyünə görə altdakı şəkilə fikir verməyib? Yox, sadəcə olaraq
onlar arasında dövr fərqi çoxdur, vaxt keçdikcə daha qədimlər köhnəlib, təzəliyini
itirir, tam diqqət etməsən görünməz olur və hətta silinib itir. Bu cür biri digəri
üzərində çəkilmiş şəkillərə isə əsasən qədim yaşayış yerlərinin divarlarında daha
çox rast gəlinir. Deməli başqa dövrün adamları bir yandan qədim şəkillərə o qədər
də fikir vermir, bəlkə onu heç görməmişlər də. Bir də ki, əgər çəkilən insan təsviri
kiminsə, qəbilə üzvünün xatirəsini əbədiləşdirirsə onun əksi (şəkili) niyə yaşayış
yerinin divarında (indi ümumi qəbristanlıqda dəfn olunma sayağı) qazılmayaydı?
Daha qədim şəkillərin sonrakı nəsillər tərəfindən görünməyib, yeni təsvirlərlə
kəsilib korlanmasını da adi hal saymaq olar. Bəli, çox vaxt onlar altdakı şəkilləri
görməyiblər.
Kiçik bir izahat: ən qədim təsvirlərin üzərində onu kəsib korlayan nisbətən
sonrakı rəsmləri çəkən rəssamı sözsüz ki, əsasən öz çəkdiyi şəkil maraqlandırıb.
Qobustanın qədim qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ. M. Cəfərzadə də, mən
də qayalar üzərindəki hər cür (ən qədim və sonrakı) təsvirləri öyrənmək üçün
onların hamısının estampını olduğu kimi çıxarmağa, hər birinin tarixini
müəyyənləşdirmək üçün hansının hansını kəsməsini (sonra çəkildiyini)
müəyyənləşdirməyə çalışmışıq. Lakin çox vaxt hamısını görə bilməmişik. Mən
özüm dəfələrlə, mənə yaxşı tanış olan səhnədə, hətta deyək ki, nəinki ildə, ayda,
həftədə, lap ekspedisiya vaxtı gündə yanından keçdiyim, dibində oturub qazıntı
apardığım qayalar üzərindəki məlum təsvirlər arasında daha bir, qabaq mənə
məlum olmayan, İshaq müəllimin estampına düşməmiş şəkil gördükdə
təəccüblənmişəm ki, necə olub onu indiyə qədər görməmişəm.
109
Kiçikdaş dağı Qayaaltı kolleksiyasının 5 №-li ilə qeydə aldığımız daşında
nəhəng bir balıq şəkli var, uzunluğu 4, 3 metrdir, əvvəldə Ulu nənənin dediyi bölgə
balığı. Biz onun estamp surətini və fotosunu, üstündəki başqa təsvirlərlə birlikdə 4
dəfə təzədən işləməli olmuşuq. 1-ci dəfə onun quyruq hissəsini (naməlum şəkil
qalığı kimi), 2-ci dəfə bundan sola gedən və üstündə üçbucaqlı fiqur qazılmış uzun
xətt qalığını (balığın bel xətti və üst üzgəsi) görüb götürmüş, 3-cü dəfə balığın tam
konturunu aşkarlayıb estamp etmişik, 4-cü dəfə balığın ortasında və ondan aşağıda
da başqa şəkillər (insan və öküz) olduğunu aydınlaşdıra bilmişik (1972, 1985 və
1986 illərdə). İ. M. Cəfərzadənin estampını çıxardığı və hətta bəzi çap etdiyi
səhnələrdə də gözə dəyməyən, estampdan kənar qalmış təsvirlər çoxdur. (Biz
çalışırıq ki, «Qobustan petroqlifləri»nin tam çapı üçün buraxılmış təsvirləri
mümkün qədər yerinə qoyaq).
Qədim təsvirlərin qaranlıq, əlçatmaz, çətin keçilən yerlərdə (səthlərdə)
çəkilməsini də makiya ilə əlaqələndirmək ilk baxışda yenə inandırıcı görünür.
Bəli, Qobustanda «Ana zağa» ətrafında belə vəziyyət var. Kiçikdaşda
yuxarıda qeyd etdiyimiz, balıq olan 5 №-li qayanın uçuruma baxan, əlçatmaz
üzündə də qədim təsvirlər var. (Onların nə tam fotosunu çəkmək, nə də bir hissə də
olsa estampını çıxarmaq mümkün deyil). İndi qoy əvvəl makiya tərəfdarları cavab
versinlər ki, bu şəkilləri, lap elə ovsun məqsədilə olsa da, necə çəkiblər? Axı,
Böyükdaş dağı yuxarı səki sahəsindəki 78 №-li qayanın qərb üzü dibindəki qadın
və öküz (bunlar yuxarıda söhbət açdığımız «7 gözəl» adlandırılan qadın və oradakı
öküz deyil, onlar daşın cənub başındadır) təsvirlərilə qabağındakı qaya arasında
məsafə 0,5 m qədər və daha dardır. Bu şəkillərə heç adamın əli də çatmır. Onları
yalnız yandan baxmaqla görmək olur və s. Lakin axtarışlar və tutuşdurmalar deyir
ki, təsvirlərin bu kimi çətin vəziyyətlərdə, əlçatmaz sahələrdə olması bu yerlərdə
vaxtilə vəziyyətin başqa cür, şəraitin əlverişli olması, minillər ərzində qayaların
uçub dağılması, yıxılması, aşması, çevrilməsi nəticəsi ilə əlaqədardır. Onlar çəkilən
vaxt bu yerlər nə əlçatmaz, nə də qaranlıq olmamışdı.
Makiya tərəfdarlarının irəli sürdüyü bir fikrə də etiraz edək. Bəziləri hesab
edirlər ki, qədim qayaüstü təsvirlər ovsun məqsədi ilə, -yalnız ovun
müvəffəqiyyətli olması, yəni tam mənfəət üçün çəkilib. O vaxt estetik hiss
olmamış, ona görə də onları incəsənət abidəsi hesab etmək olmaz.
Moskvalı arxeoloq A. A. Formozov bu fikrə çox haqlı olaraq etiraz edir
ki, hər bir sənət (rəssamlıq, qrafika, heykəltəraşlıq) əsərini yaradan bir mənfəət
güdməmiş deyil, hamısının məqsədi ilə yanaşı mənfəəti də nəzərə alınır. Doğrudan
da bu cür əsərlər ya, satılmaqla, ya ad almaqla, ya heç olmasa bağışlanıb hörmət
qazanılması ilə öz mənfəətini gətirir. Bu tip əsərlərin incəsənət əsəri olmasına
heç kəs etiraz etmir. Eləcə də portretlər, plakatlar, mozaika, freska, kilsə şəkilləri,
barelyeflər, qəbir daşları və s. incəsənət əsərləri sayılır və hər biri axır nəticədə
mənfəət gətirir. Əksinə, bu baxımdan bəlkə də elə qayaüstü təsvirlər öz
müəllifi üçün xüsusi mənfəət gətirməyib. Axı, daş dövründə, qəbilənin kollektiv
110
yaşayışı şəraitində, qəbilə üzvləri kollektivin yaşaması üçün bacardığı işi icra edib,
qəbilənin ümumi süfrəsindən yediyi vaxt hər hansı ağsaqqalın, fərqlənmişin
surətini qayada yonmağa, əlavə, xüsusi bir mükafat kimi nə ala bilərdi? Onun
mənfəəti güman ki, yaxşı işinə görə bir və ya bir neçə dəfə payına «yağlı tikə»
verilməsi olardı.
Söz yox ki, mənimlə bu məsələdə, eləcədə qayaüstü təsvirlərin izahı ilə
əlaqədar fikirlərimlə razılaşmayanlar, mənim başqaların fikirləri əleyhinə
çıxmağıma irad tutanlar olacaq. Onlardan xahiş edərdim ki, mənim «səhvimi» - axı
filan böyük alim filan kitabında belə yazıb isnadına əsasən tənqid etməyə
tələsməsinlər, əvvəl mənim tənqid etdiyim fikirlər, eləcə də mənim fikirlərimin
həyatiliyinə əmin olsunlar, məntiqiliyini yoxlasınlar, sonra qiymət versinlər, tənqid
etsinlər.
Onu da qeyd edək ki, əgər ovun uğurlu olması üçün qayalarda ovlanacaq
heyvanın şəklini çəkmək müvəffəqiyyəti təmin edən əsas amil olsa idi, bütün
qayalıqlar qədim təsvirlərlə dolu olmalı idi.
Qobustanda qədim insan düşərgələrində və onun ətrafında ən çox qədim
insan və öküz təsvirləri olduğu halda keçi təsvirləri tək-təkdir və onların da bəzisi,
bizə elə gəlir ki, ceyran şəkilləridir. Yazılıtəpədə əksinədir. Keçi şəkilləri
Böyükdaş dağı aşağı səki sahəsində də nisbətən çoxdur və vaxtilə pir kimi
ibadət yeri odmuş sahədədir. Beləliklə, bizim nəticələrimizə görə Qobustan
qayaüstü təsvirləri süjet müxtəlifliyi qədər də müxtəlif səbəblərdən yaradılmışlar.
Onlar başlanğıc etibarilə imkanların dünyagörüşləri ilə bağlı həyat və təsərrüfat
zərurətləri nəticəsində yaradılmışdır. Qədim qayaüstü təsvirlərin yaranma
səbəblərini, qeyd etdiyimiz kimi, qədim insanlar tərəfindən hörmətli müasirlərinin
ölməzliyi ilə əlaqədər, onlara pərəstişin nəticəsi, onlara qoyulmuş «abidələr»
mövqeyindən, heyvan təsvirlərini totem, var-dövlət, öz heyvanı və sürüsü,
kəsilmiş qurbanlar və s kimi həyati ehtiyac və istəklərlə bağlı izah etmək
lazımdır. Gəmi təsvirləri, kollektiv əmək, kollektiv və tək-tək rəqs
səhnələri, müxtəlif üsullarla ov səhnələri və s. insanların həyat şəraiti və tərzinin
göstəricisidir.
Qədim qayaüstü təsvirlərlə yanaşı Qobustandakı «Qaval daşlar», müxtəlif
tarixi dövrlərdə qazılmış yalaq və çapma hovuzlar, heyvan bağlamaq və ərzaq
asmaq üçün dəlmələr, qədim düşərgə və yaşayış yerləri və s. kimi insan
faaliyyətinin qalıqları, bu yerlərdə minillərlə adi insan həyatının, müxtəlif tarixi
dövrü və inkişafı səviyyəsindən məlumat verən arxeoloji xəbərçilərdir.
Qədim qayaüstü təsvirlərin yaranma səbəblərinin izahı üçün bəzən
nağıl və əfsanələrə də müraciət edirlər. Bəli, həyat özü ilə yanaşı nağıllar və
əfsanələr lə yaradır. Lakin nağıllar və əfsanələr həyat - tarix yaratmır. Qobustan
qədim babalarımızın tarixən yaşayış tərzi və mədəni inkişafının güzgüsüdür. Ona
olduğu kimi, tarixi əks etdirdiyi kimi baxmaq lazımdır. Onu şişirtmək, nağıla,
111
əfsanəyə çevirmək, daha da «böyütmək» üçün dartıb-dartıb nəticədə əymək lazım
deyil, tariximizi gülünc göstərər.
Dostları ilə paylaş: |