QOBUSTANDAKI BAŞQA ABİDƏLƏR HAQQINDA
Qobustanda Böyükdaş və Kiçikdaş dağları ərazisində orta Daş dövründən
başlamış həyat min illər boyu, eramızın orta əsrlər dövrünə qədər davam etmişdir.
Bu dövr ərzində davam edən həyat Qobustanda qayaüstü təsvirlərdən əlavə
müxtəlif dövrlərin həyat, təsərrüfat və mədəniyyətinin izlərini qoymuş, bir çox
müxtəlif tipli tarixi abidələr yaratmışdır. Bəzi tipləri haqda söhbət açmağı lazım
bildiyimiz bu abidələr də qədim qayaüstü təsvirlərlə yanaşı, (qədim qobustanlıların
min illər ərzində həyat ehtiyacından irəli gəlib yaradılmışdır
Qayaüstü təsvirlər kimi Qobustanda başqa tarixi-mədəni abidələr də
müxtəlif tiplidir. Onların da yaranması və müxtəlif tipli olması Qobustanda
həyatın min illər boyu davam etməsi, bu dövr ərzində insanların yaşayış tərzinin,
həyat iqliminin dəyişməsi ilə bağlıdır. Belə abidələrə qazıntılar nəticəsində qədim
düşərgə və yaşayış yerlərindən əldə edilmiş daş alətlər, silahlar, bəzək əşyaları və
insanların başqa məişət əşyaları, Qobustanın qədim musiqi aləti «Qaval daş»,
yalaqlar, dəlmələr, qədim yazılar, işarə və damğalar, pirlər, karvansaralar və s.
daxildir. Bu kimi abidələrin də xalqımızın keçmişi, tarixi, adət-ənənəsi, təsərrüfat
həyatı, ideoloji dünyagörüşü və s. haqda anlayışları araşdırmaq üçün əhəmiyyəti
böyükdür.
Qavaldaş. Qobustanda maraq doğuran qədim abidələrdən biri qədim musiqi
aləti-Qavaldaşdır. İshaq müəllimin əsərlərində onun adı «Qavalçalan daş» deyə
çəkilir. Bu təsadüfi deyil, çünki həmin abidə yerli maldarlara ata-babadan bu ad
altında məlum olmuş və yaddaşlardan silinməmişdir.
Daşdan bu cür qədim musiqi aləti Qobustanda iki ədəddir. Bunlardan
birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Cingirdağ - Yazılıtəpə qədim
qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır (12-ci
tablo, şəkil B). İkinci Qavaldaş Böyükdaş dağının şimal-şərq ətəyində yastı və
nəhəng qaya parçasıdır. O bir (qərb) yanını torpaq örtmüş sal qayanın üstündədir.
Qavaldaşın şimal ucu 50 sm-dən çox yuxarı qaldırılıb və daşın ortasına yaxın yerdə
altına balaca bir daş atılmışdır. Beləliklə, Qavaldaşın cənub ucu altına atılmış daşın
üstündə olmaqla bütövlükdə havada qalmışdır.
Cingirdağdakı birinci Qavaldaş ortada 70 sm qalınlığında, şərq tərəfdə
getdikcə nazikləşən (uzunluğu 270, eni 200 sm) yastı qaya parçasıdır. Bu qaya
75
parçası iki ədəd nisbətən kiçik daşın üstünə qoyulub, onlar isə öz növbəsində üstü
şərqə tərəf maili nəhəng qaya üzərində yerləşdirilib.
Qavaldaşların hər biri görkəmcə ətrafda olln minlərlə qaya parçalarından o
qədər də fərqlənmir. Nə çox ətrafda yastı iri və xırda ölçülü daş və qaya parçası.
Bəs niyə yalnız bunlar, göstərilən iki daş musiqi aləti sayılır? Bunun səbəbi həmin
daşların müxtəlif sahələrinə xırda daşlarla zərbə endirməklə alınan müxtəlif tonlu,
metal cingiltili səslərdir. Bəli, bu daşlarda zərb alətlərində ifa edilən musiqi
nömrələrini səsləndirmək mümkündür.
Qavaldaşın səs çıxarmasının sirri çox sadədir - onun hava yastığı üzərinə
qaldırılmasındadır. Bəli, quru, yüngül, özündən altdakı daş və qaya üzərinə iki
nöqtədə toxunan və beləliklə bir növ havada qalmış təbəqəvari yastı əhəngdaşına
kiçik daşla zərbə vurduqda qalınlığından və nazikliyindən, böyük və kiçikliyindən,
zərbənin daşın qalın və ya nazik hissəsinə, vurulmasından asılı olaraq müxtəlif
toplu, istənilən ahəngli səslər alınır. Hətta, kiçik daş parçası 6 yana, elə yalın əllə
də Qavaldaşa ötəri bir zərbə vurduqda onun içərisindən gələn zümzümə bir dəqiqə
kəsilmir.
Mən Qavaldaşın səsinin adi milli nağaradan da güclü səslənməsi haqda
söhbət açmaq istəmirəm. Yəqin ki, oxucuların bir çoxu xalqımızın ən qədim
mədəniyyət ocağı - Qobustanda olmuş, onun qədim qayaüstü təsvirlərini ziyarətə
gəlmiş və burada nəinki Qavaldaşın səsini eşitmiş, hətta kiçik daşla vurub onu
dindirmişlər də. Oxucuların böyük əksəriyyəti bəlkə də elə hamısı söz yox ki,
Qavaldaşın səsini televiziya verilişlərində mərhum sənətkarımız, bir çox musiqi
festivalları laureatı, nağaraçalan Cingiz Mehdiyevin dindirməsində eşitmişlər.
Qobustana ekskursiyaya - qədim mədəniyyət ocağımıza ziyarətə gələnlər
çox vaxt sual edirlər: «Qavaldaşdan musiqi aləti kimi istifadə etmiş babalarımızdan
heç kəs zəmanəmizə qədər yaşamayıb, o dövrdə yazı da olmayıb, yazılı sənət də
yoxdu. Bəs alimlər necə biliblər ki, bu daşlar musiqi alətidir? Onlar necə aşkar
edilmişlər?» sözsüz ki, təbii olaraq bu vəziyyətdə düşüb qalmış daşlara da təsadüf
etmək olur, demək olarmı ki, qədim babalarımız onların hamısından istifadə
ediblər?..
Əvvəlcə bir haşiyə. 1973-cü ilin yazında Azərbaycan Ali Soveti sessiyasının
gündəliyinə Azərbaycanda tarixi abidələrin vəziyyəti və mühafizəsi məsələsi
qoyulmuşdu. Məsləhət olmuşdu ki, sessiya öz işinə başlaması ərəfədə və
iclaslararası tənəffüslərdə iclas salonuna giriş qapısındakı zal və foyelərdə,
deputatları tanış etmək üçün tarixi-arxeoloji və qədim memarlıq abidələrinin
şəkilləri və tapıntı eksponatlardan sərgi təşkil edilsin, eyni zamanda musiqi
mədəniyyətimizin qədim abidəsi - Qavaldaşda qədim melodiyalar səsləndirilsin.
Bu ərəfədə, bir gün mədəniyyət nazirinin o vaxtkı müavini Rüstəm
Babaxanov məni çağırıb tapşırıq verdi ki, səhər telestudiyadan bir nəfər operator və
nağaraçalan Çingiz Mehdiyevi götürərsən gedərsiniz Qavaldaşda bir-iki qədim
76
musiqi nömrəsi çalıb lentə alarsınız. Qoy sessiya iştirakçıları və qonaqlar eşidib
görsünlər ki, bizim xalqın mədəni kökü nə qədər qədimdən gəlir.
Səhəri biz görüşdük rəhmətlik Çingiz nağarası ilə gəlmişdi. Mən ona dedim:
«Çingiz, nağaranı burada, studiyada bir yerdə qoy qalsın, lazım deyil». O təəccüblə
«Necə, bəs mən niyə gedirəm, çalmaq lazım olmayacaq?» Dedim: «Yox Çingiz,
çalacaqsan, bu yoldaş da (adını bilmədiyim operatoru göstərdim) lentə yazacaq,
ancaq Qobustanın öz nağarasında çalmaq lazımdır». O əvvəl bir söz demədi,
razılaşdı, maşına oturub yola düşdük. Yolda soruşdu: «Cəfərqulu müəllim,
çalacağım nağara hansındandır. Birdən məktəb barabanı olar? Böyükdür, kiçikdir,
nədəndir, axı mən nədə çalacağımı bilmədim? Dedim: «Çingiz, narahat olma,
orada nə sizin nağaradan, nə də heç bir baraban yoxdu. Siz zəmanəmizdə ilk dəfə
olaraq səsini maqnitofon lentinə yazmaq üçün Azərbaycanın ən qədim zərb musiqi
alətini - Qavaldaşı səsləndirəcəksiniz. Bu şərəf sizin qismətinizə düşüb, bunun
üçün narahat olmaq yox, sevinmək lazımdır. Qaldı çalacağınız alət, o iri bir qaya
parçasıdır. Nə deyim, gedək görərsən. Əminəm ki, o alətdə istədiyin havanı çala
biləcək və sonra özün də razı qalacaqsan».
Yolda maşını saxlayıb 2 ədəd yumurta formalı lakin bir qədər iri çay daşı
götürdüm. Maşın Qavaldaşın 25-30 metrliyində dayandı, düşüb piyada getdik.
Qavaldaşa çatanda mən çaydaşılarını Çingizə uzatdım.
- Al, Çingiz, məharətini göstər.
- Nə, daşı neynirəm, nə çalım?
- Çingiz, bizim babalardan qalma ən qədim musiqi alətimiz budur
(Qavaldaşı göstərdim), babalarımız hələ çox qədim zamanlarda yallı rəqslərini,
bayram və şənliklərini bu daşdan axan musiqi sədaları altında keçiriblər. Al, bu
kiçik daşlarla bir bu qaya parçasına toxun və qulaq as.
O daşların hərəsini bir əlində tutub Qavaldaşa yaxınlaşdı. Sonra əlindəki
daşları Qavaldaşa toxundurub üzümə baxdı. Mən qımışdım. Onun sifəti donmuşdu.
Daşdan çıxan zümzümə hələ də davam edirdi. Sonra yenidən daşa əvvəlcə iki
yavaş, sonra iki bərk zərbə endirdi və geri çəkildi. İndi onun da sifəti güldü.
- Cəfərqulu müəllim, bu lap aləmdir ki? -dedi.
- Çal, Çingiz, - dedim, - çal yazaq aparaq səsləndirək. Qoy hamı görsün ki,
ulu babalarımız daşların sirrinə necə bələd olublar, ondan nəinki silah və əmək
alətləri düzəldiblər, hələ onların səsindən də istifadə etməyi bacarıblar.
- Bəli, - dedi Çingiz, sonra operatora – Qur, qardaş, dedi, qur
maqnitofonunu bu daşın dibində, yazın, görək nə çıxır. - Sonra mənə - Nə çalım,
Cəfərqulu müəllim?
- Çal, Çingiz, qədim yallı havasın çal, - dedim, - qoy o havanı Qavaldaşın
«dilindən» eşidib özümüz üçün bu yerlərin keçmişi haqda təsəvvür yaradaq,
o vaxtların şahidi olan qayalar isə bu səsi yenidən eşidib diksinsin.
Çingiz çaldı, maqnitofon işlədi, Qavaldaşın səsi qayalarda əks-səda verdi.
Qədim yallı, tərəkəmə havaları və Çingizin, oradaca həvəsə gəlib bəslədiyi «Qədim
77
ritmlər» Qavaldaşın nəfəsindən lentə köçürüldü. Qavaldaşın səsi respublika Ali
Sovetinin sessiyasında qonaqlar üçün, sonra isə dəfələrlə radio dalğaları və
televiziya ilə səsləndirildi. Eşidənlərin çoxu inana bilmirdi ki, bu melodiyalar
nağarada deyil, qavaldaşda ifa edilir.
Yadımdadır bir dəfə qavaldaşı o vaxtlar respublika televiziyasında «Dalğa»
proqramının ilk verilişlərindən birində səsləndirməli olduq. Bu dəfə Çingiz oğlu
Həsən də (o da nağaraçıdır, atasının sənətini davam etdirir) nağarasını da
götürmüşdü. Çingiz Qavaldaşı səsləndirdi. Sonra Qavaldaşı yenidən oğlu Həsənlə
birlikdə səsləndirdilər. Daha sonra Çingiz gətirdiyi nağaranı götürüb eyni
melodiyanı onda çalmağa başladı. Yenidən, bir də Qavaldaş səsləndi. Bu səfərdə
iştirak edənlərin hamısı Qazaldaşın nağaradan daha yaxşı səsləndiyini söylədi.
«Qavaldaş»
necə
tapılmış,
onun
musiqi
aləti
olduğu
necə
müəyyənləşdirilmişdir? Bu haqda İshaq müəllim belə nəql edirdi ki, 1947-ci ildə
axtarışda olarkən bir dəfə, yazın istisində yorulub Cingirdağ zonasında
yaxınlıqdakı çoban dəyələrinə yaxınlaşıb su istəyir. Onu yorulmuş görüb alaçığa
dəvət edirlər, körəməz verirlər, içir, sonra oturub bir qədər dincəlmək istəyir.
Düşərgədəkilər onun başına yığışıb işi ilə maraqlanırlar, söhbət edirlər. Bir azdan
çobanların briqadiri yolda görünür (o düşərgədə yox imiş) və yaxınlaşıb toğlu
sürüsünün yerini - harada olduğunu soruşur. Çobanlardan biri cavab verir ki,
«Qaval çalan daşın» yanındadır. İshaq müəllim bu cümləni tutur və soruşur: «Sürü
haradadır dediniz?» Çoban cavab verir ki, «Qaval çalan daşın yanındadır». İshaq
müəllimi maraq götürür, çobanları o daş haqda sorğu-suala tutur. Deyirlər ki, bəli,
Cingirdağın şimal-şərq ətəyində belə bir daş var ki, qaval kimi səslənir. Onu nağara
kimi çalıb səsləndirmək olur. İshaq müəllim xahiş edir ki, daşı ona göstərsinlər. Bir
nəfər gedib daşı göstərir. İshaq müəllim deyirdi ki, çoban daşı çaldı və daşdan elə
bir məlahətli səs qopdu ki, az qalmışdı mən özüm də oynayam. Bir də deyirdi ki,
mən maldarların çoxundan, qocasından da cavanından da soruşanda ki: «Siz nə
bildiniz ki, bu daş nağara kimi səs çıxarır və ona «Qaval çalan daş» adını kim
verib? Hamısı çiyinlərini çəkib deyirdilər: «Nə bilim ata-babadan gözümüzü
açandan onu «Qaval çalan daş» deyə eşidib tanımışıq».
Böyükdaş dağındakı 2 №-li Qavaldaş isə sonralar aşkar edilib qeydə
alınmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, özündən altdakı qayaya-daşa az
toxunmaqla bir növ havada qalmış hər hansı yastı və iri əhəng daşı parçası
müəyyən ölçüdə səs çıxarır. Biz belələrinə çox rast gəlmişik. Lakin bu daşların
yeri, vəziyyəti, duruşu və s. qədim insanlar tərəfindən onların musiqi aləti kimi
istifadə edilməsi haqda fikir söyləməyə haqq vermir.
Böyükdaş dağındakı Qavaldaşın qaldırılıb altına daş qoyulmaqla, xüsusi
olaraq düzəldildiyini qeyd etmişdik. Onu da deyim -ki, hələ təzəcə aşkar edilən
zaman onun şimal ucu və cənub tərəfi səthində döyülüb hamarlanmış sahələr aydın
görünürdü (bu sahələr indi də turistlər tərəfindən döyülməkdən təzələnib ağarıblar).
Onun qədim qobustanlılar, çox güman ki, 200-300 metr aralıdakı, ilk Tunc dövrünə
78
aid «Dairə» yaşayış yerinin sakinləri tərəfindən qaldırılıb düzəldildiyi və musiqi
aləti kimi istifadə edildiyi bizdə şübhə doğurmur.
Qobustana ekskursiyaya gəlmiş həmvətənlərdən, elə qonaqlardan da soruşan
olar ki, bəs Böyükdaşda, yuxarı səkidə, marşrutun axırındakı Qavaldaş?
Əlbəttə, ekskursiya marşrutunun axırında gələnlərə Qavaldaş kimi təqdim
edilən belə bir daş var. Lakin o əsl Qavaldaş deyil, adi qaya parçasıdır, qədim
adamlar ondan qavaldaş kimi istifadə etməyiblər. Onu son illərdə Qobustan
qoruğunun əməkdaşları qoyublar ki, ekskursiyanın axırında, əsl Qavaldaşa
baxmağa, onu dindirməyə gedə bilməyən (əsl Qavaldaşın uzaqda olması və ya
vaxtın azlığı üzündən) qonaqlara Qavaldaş haqda məlumatı burada versinlər, bu
daşı səsləndirməklə daha dolğun təsəvvür yaratsınlar.
Cingirdağdakı 1 №-li Qavaldaş qədim Qobustanda görünür daha çox
səsləndirilmişdir. Onun şərq tərəfi döyülməkdən quruluşca pianoyaoxşar görkəm
almışdır. Onun bir ucundan o biri ucuna qədər yan-yana vurulan zərbələrdən alınan
səslər pianoda bu istiqamətdə basılan dillərin verdiyi səslər kimi dəyişir. Bu
səslənmənin təsirini ifadə etməyə çətinlik çəkirəm.
Qavaldaşın təqdim olunan fotosunu İshaq müəllim 1947-48-ci illərdə çəkib
(12-ci tablo, şəkil B). O vaxt Qavaldaş qədimdəki kimi tam salamat olub. İndi
daşın şərq tərəfinin çalınan səthi boyaboy sındırılıb. Kimsə, hansı yaramaz, hansı
qanmazsa (oxucudan üzr istəyirəm) daşdan çıxan səsə görə hesab edib ki, yəqin
içərisi boşdur... Sındırıb (İshaq müəllimin qeydinə görə 1953-cü ildə sındırılıb).
Söz yox ki, 1 №-li Qavaldaş sındırılmamış daha ahəngdar səslənirmiş, lakin indi
də pis səslənmir.
Qavaldaşdan danışdıq, ancaq oxucu heç də elə fikir etməsin ki, qədim
qobustanlılar çalğı aləti kimi yalnız bu daşdan istifadə ediblər. Əlbəttə, dünyanın
hər yerində və bütün xalqlarda olduğu kimi qədim qobustanlılar da, söz yox ki,
qarğıdan, qamışdan, ağacdan, tarım çəkilmiş teldən, dəridən və s. orqanik
materiallardan düzəldilmiş nəfəsli və zərb musiqi alətlərindən də istifadə etmişlər.
Lakin, orqanik materiallardan düzəldilmiş musiqi alətlərinin nümunələri min illər
ərzində, zamanın hökmü ilə çürüyüb məhv olmuş, bizə qədər gəlib çatmamışdır.
Qərinələrin tufanlarına sinə gərərək bizə gəlib çatanı Qavaldaş olmuşdur. Bir də
daşdan musiqi aləti kimi istifadə edilməsi tək bizdə, Qobustanda deyil, dünyanın
bir sıra regionlarında məlumdur.
Ədəbiyyatda qaya və qədim daş tablolar üzərində qədim musiqi alətlərinin
təsvirlərinə rast gəlinir. Daş tam-tamlar və daş litofonlar da məlumdur.
1949-cu ildə Cənubi Vyetnamda dəmir yol fəhlələri Ndut Lyanq Krak kəndi
yaxınlığında torpaq işləri zamanı əhəng daşından uzunluğu bir metrə qədər, hər iki
üzdən qəlpələr qopardılmaqla yonulub nazildilmiş bir neçə qəribə formalı daş
lövhə aşkar edirlər. Neolit dövrünə aid edilən bu daş lövhələnin vəzifəsini
müəyyən etməkdə uzun müddət alimlər çətinlik çəkirlər. 9 il sonra bir nəfər torpaq
sahibi, fransız Bulbe göstərilən daş lövhələrin yerindən onlarca kilometr aralıdakı
79
Buon Berde kəndində, təsadüfən bir dini bayrama rast gəlir və görür ki, müqəddəs
camışı qurbankəsmə məqamında üç ədəd uzunsov daş lövhə gətirib ipdən
asdılar. Sonra daş lövhələri çalmağa başlayır və onlardan alınan melodiya altında
camışı kəsib qanından bu daşların çopur səthinə də çilərdilər. Beləliklə, əvvəl
tapılmış daş lövhələrin də qədim musiqi aləti - litofon olduğu aydınlaşır (məlumat
«Nauka i jizn» jurnalından (1908, № 1) götürülüb).
Yadımdadır, bir dəfə Qobustana Afrikadan Mali Respublikasının
mədəniyyət işçiləri gəlmişdilər. Onlara Qavaldaşı göstərəndə onların ölkəsində də
belə çalınan daş olduğunu, ona tam-tam deyildiyini bildirdilər.
Ədəbiyyatda tam-tamların vəzifəsi çox vaxt musiqi ifa etmək üçün yox, səs
siqnallarının ötürücüsü, bir növ edilən basqınlar və bu kimi hadisələr haqda
xəbərdarlıq ötürücüsü kimi izah edilir. Biz bu cür izahla tam razı deyilik. Götürək
elə Qobustanı. Cəmi iki Qavaldaş (Böyükdaşda və Cingirdağda) məlumdur.
Araları, əgər düz xətt çəksən və aradakı nəhəng Kənizə dağını belə silib götürsən
7-8 km-dir. Şıx qaya ilə Şonqardağ qədim insan məskənlərinin arası isə 15-20 km-
dir. Tam-tamlar da qavaldaşlar da adi qaya parçalarıdır, qayalar dənizinin
içərisində başqa daşlardan seçilmir, onların səsi yerləşdikləri ərazi və dağın
ərazisindən kənara çıxmır. Onları dağların zirvəsinə, səsin qonşu dağa çata biləcək
nöqtəsinə qaldırmaq da mümkün deyil və beləsinə bir dənə də olsun təsadüf
olunmayıb. Ona görə də təcili xəbərlərin tam-tamlar vasitəsilə uzaq məsafəyə
ötürülməsi haqda fikirlər əsassızdır. Tam-tamlardan, deyək ki, qavaldaşdan
«xəbərçi» kimi yalnız ətraf ərazidə (Yazılıtəpə və Cingirdağda 1 №-li, Böyükdaşda
2 №-li Qavaldaşla) yaşayan qəbilə ağsaqqallarını qəbilə şurasına yığmaq və ya
ovçuları ova səsləmək üçün istifadə oluna bilər.
Uzaq məsafəyə xəbər göndərmək üçün siqnal vasitəsi kimi dağların başında
od yandırmaq, tüstü qaldırmaq daha əlverişlidir, o da ki, təmiz, dumansız hava
şəraitində. Qobustanın qavaldaşları olduqları sahənin sakinlərinin - qədim
Qobustan qəbiləsinin şənliklərini musiqi sədalarına qərq etmiş, cavanları yallı
oyununa həvəsləndirmişdir. Qavaldaş Qobustanın möcüzələrindəndir. Bu gün də
onda istənilən musiqini səsləndirmək olar.
Yalaqlar. Yalaqlar qayalar və daşlar üzərində qazılmış ilk tərpənməz
qablardır. Bu cür qablar Qobustanda çoxdur. Bu tip abidələrə əsasən (mənim
təcrübi müşahidələrimə görə) qədim düşərgə və yaşayış yerləri olan sahələrdə qaya
və daşlar üzərində təsadüf olunur. Qobustanda yalaqlar Böyükdaş, Kiçikdaş
sahələri və Cingirdağda Yazılıtəpədə çoxdur. Şonqardağ sahəsində «Şonqar»
düşərgəsi ətrafında da yalaqlar var. Mən Böyük Qobustan ərazisində qədim yaşayış
izi olmayan heç bir başqa dağın ərazisindəki daşlı-qayalı sahədə yalağa təsadüf
etməmişəm.
Arxeoloji dəlillərə əsasən yalaqların yaranma tarixi yeni Daş, Neolit
dövründən başlayır və onlardan istifadə müxtəlif formalarda indiyə kimi davam
edir.
80
Yalaq sözü, indi xalq arasında, itə yal (yemək) qekülən çuxur (qab)
mənasında işlənir. Buradan aydınca görünür ki, yalaq çox qədimdən bəri yemək
mənasını saxlamış, yemək qabı mənası daşıyır. (Yalaqlara, xüsusən qayalar
üzərindəki yalaqlara cülyə də deyilir, Məs: Qazax rayonunda). Qədim yalaqlar
çevrilmiş konus şəklində qazılmış, formaca da Neolit dözrünün sivri oturacaqlı ilk
gil qablarını xatırladır. Belə qablardan biri «Ana zağa» düşərgəsində iri daş parçası
üzərində, Neolit dövrünün ocaq qalığının kənarında, biri, yenə o dövrə aid
«Kənizə» düşərgəsində qərb kameranın içində, ikisi də düşərgənin şərq tərəfi
həyətində aşkar edilmişdir. «Ana zağa» ətrafındakı 26, 28, 53-57 və 143 №-li
daşlar üzərində də 40-a qədər yalaq vardır. Dağın aşağı səki sahəsində isə 200-dən
çox yalaq qeydə alınıb. Qobustan qayalarındakı bu cür yalaqların diametri 10-40
sm, dərinlikləri isə 10-20 sm-ə çatır. Onlar əsasən açıq havada, qayaların üst
səthində qazılmışdır. Çoxunun kənarında yağış suyunu ona istiqamətləndirmək
üçün nazik qanovlar vardır. Deməli, bu cür yalaqlar yağış suyu yığmaq üçün
nəzərdə tutulmuşdur.
Böyükdaş dağı aşağı səki sahəsindəki 2,5x1,8 m səthə və 50-60 sm qalınlığa
malik 21 №-li daş üzərində irili-xırdalı 21 ədəd yalaq qazılmışdır. Qeyd edək ki,
birincisi, bu daş çox iri bir qayanın bu daşa tərəf əyilməklə əmələ gətirdiyi örtülü
sahədədir və heç vaxt bu daşın yalaqlarına yağış suyu düşmür. İkincisi, üzərində
yalaqlar qazılmış bu daş parçasının yalaqlar qazılmış səthi odun təsirindən yanıb
qızarmışdır. Görünür, vaxtilə qədim qobustanlılar onun üstündə güclü ocaq
qalamaqla daşı bərk qızdırmış, sonra odu və külü süpürüb təmizləyərək bu
yalaqlara çiy ərzaq qoyub üstünü örtmüşlər ki, daşın istisi (daş soyuyana qədər)
onu bişirsin. Bu daş bir nöz qədim qobustanlıların «pitixanası» rolunu
oynamışdır və biz bu daşı şərti olaraq «Qobustan mətbəxi» adlandırmışıq.
«Ana zağa» və «Kənizə» düşərgələrində qazıntı zamanı diqqətimizi
yuxarıda qeyd etdiyimiz Neolit dövrü yalaqları ətrafında rast gəldiyimiz çoxlu
çaydaşı qırıqları cəlb etmişdi. Ümumiyyətlə, çaydaşı qırıq və qəlpələrinə
Qobustanın Daş dövrü düşərgələrində çox rast gəlmişik. Onlar bu daşdan alət
düzəldərkən alınmış qəlpə və qırıqlardır. Onların üzərindəki, əsasdan qopardılmaq
üçün vurulmuş zərbələrin izi və alınmış zərbə düyünləri əsasında bu cür istehsal
tullantılarını, elə çaydaşından düzəldilmiş alətlərin özünü də seçmək arxeoloq üçün
çox asandır. Qeyd etdiyimiz düşərgədə yalaqların yanında topa halında rast
olduğumuz çaydaşı qırıqlarında isə onların zərbə ilə qopardılmasını göstərən heç
bir əlamət yoxdur.
Lakin onların xeyli hissəsinin ocaqda olması, yanıb qızarması aydın bilinir.
Deməli, bu çaydaşı qırıqları yalaqlarda maye (su, süd kimi) qızdırmaq, xörək
(yarma, piti) bişirmək üçün qızdırıcı kimi işləmiş çaydaşılarının qırıqlarıdır. Bu
üsulla yemək bişirmək üçün yalağa müəyyən qədər soyuq ərzaq tökülür və
ocaqda çox bərk qızdırılmış çay daşını təmizləyib onun içinə atırlar və daşın
istisindən maye qızır, qaynayır, bişir. Əgər bir daşın istisi yalaqdakı həcmin
81
qızıb bişməsinə bəs etməsə, vaxtaşırı yalaqdan soyumuş daşı kənar edib əvəzinə
başqa qızmış çaydaşı atırlar və s. Deməli, qazıntı zamanı yalaqların yanında aşkar
edilmiş, ocaqda olmuş, lakin heç bir zərbə almadan parçalanmasına çaydaşıların
bərk, qızarıncaya qədər qızdırılmış halda soyuq mayenin içinə atılması
temperaturun bir anda kəskin dəyişməsi səbəb olmuşdur. Bu o deməkdir ki,
qədim qobustanlılar yalaqlardan xörək -piti və yabanı dənlərdən - çətənə və dabanı
taxıl dənlərini, daş sürtgəclər vasitəsilə əzərək yarma bişirmək üçün istifadə
etmişlər. Qeyd edək ki, yabanı buğda Qobustanda indi də bitir və dən verin.
Etnoqrafik dəlillər göstərir ki, yalaqlardan tərpənməz qablar kimi istifadə edilməsi
(müəyyən şəraitlə əlaqədər, qab olmadığı təqdirdə) zəmanəmizə qədər davam edir.
Çobanların çöldə qoyunu yalağa sağıb sonra qızdırılmış daşlarla südü qaynadıb
«qoqurtmac» deyilən qatılaşmış süd məhsulu, hazırlamaları haqda məlumatlar var.
Onların qab olmayan yerdə yalağa sağılmış südün içinə maya atıb pendir
düzəltmələri də məlumdur.
70-ci illərin əvvəllərində (dəqiq tarixi yadımda deyil) Bakıda geofiziklərin
Ümumittifaq konfransı keçirdi. Konfrans iştirakçılarından bir dəstə Qobustana
gəlmişdi. Onlara mən özüm bələdçilik edirdim. «Ana zağa» yaxınlığındakı
yalaqların yanında yuxarıdakı fikrimi söylədikdə iştirakçılardan biri - moskvalı bir
alim, bildirdi ki, turist kimi Yaponiyada olarkən onlara qızdırılmış daşların köməyi
ilə yalaqlarda bişirilmiş düyü veriblər.
Tarixən gildən, daha sonralar metal, şüşə və b. materiallardan qabların
meydana gəlməsi və inkişafı daş yalağlara olan ehtiyacı heçə endirir və yalaqlar
məişətdə birbaşa insanlara qulluqetmə funksiyasını itirir, adamlar onlardan itə
yemək, yal tökmək üçün istifadə edirlər. Bununla belə, Qobustan qayalarındakı
yalaqlardan maldarların yağış suyu yığmaq üçün istifadəsi son vaxtlara kimi davam
etmişdir. Diametrləri ən çoxu 25-30 sm, dərinlikləri 15-20 sm-dən çox olmayan,
əsasən çevrilmiş konus formalı qədim yalaqların həcmi get-gedə böyümüş, forması
dəyişmiş və onlar təknəvari dördbucaqlı vannalara və daş çərhovuzlara
çevrilmişlər.
Dəlmələr. Qədim Qobustanda təsərrüfat həyatı ilə bağlı abidələrdən biri də
dəlmələrdir. Onlara əsasən qədim düşərgə və sığınacaqların divarlarında, ən çox isə
antik və orta əsr dövrlərinin yaşayış məskənlərində, ətrafın arxac daşlarında
(demək olar addımbaşı) rast gəlinir. Qobustanda Cingirdağ - Yazılıtəpə sahəsindəki
daşlarda ilk illər 100-ə qədər dəlmə qeydə alınmışdır.
Dəlmələr daş və qayaların tilində, iki tərəfdən iti daş, sonralar isə metal
alətlərlə qazılaraq açılmışdır; Onlardan düşərgə sığınacaqların divarlarında bir, bir
yarım, bəzən iki metr və daha hündürdən açılmışları zənbil və torbalarda ərzaq
məhsulları asmaq üçün, yaşayış yeri ətrafındakı dəlmələr isə heyvanları (atı, öküzü,
dana-buzovu və s.) bağlamaq üçün idi. Qobustanda ən qədim dəlmələrdən biri
―ovçular zağasında‖, 45 №-li daşdakı öküz ovu səhnəsinin qabağındakı daşın üst
tilindədir. 45 №-li daşın o biri üzündə isə Qobustanda yeganə, boynunda ip olan
82
vəhşi öküz təsviri var. Buradakı dəlmə hər iki tərəfdən burma üsulu ilə işlənib,
başqa dəlmələrə görə xeyli geniş deşiyə malikdir. Özü də «Ovçular zağasına»
arxeoloji qazıntı nəticəsində, bir metrə qədər dərindən, torpağın altından aşkar
olunmuşdur. Çox güman ki, heyvanların əhliləşdirilməsi dövrünə aiddir. O zaman
onda diri tutulmuş balaları № yaralı heyvanları, görünür, bu daşa bağlayıb, ot verib
yedizdirirlərmiş ki, sonra heyvanlar insanlara öyrəşib əhliləşmişlər.
Qobustanda qədim yaşayış olmuş ərazilərdə bir ucundan deşik (dəlmə)
açılmış, insanın gücü çata biləcək, ölçücə kiçik daşlara da rast gəlinir. Onlar
əslində iki məqsədlə -heyvanın xüsusən atın, otlamasına imkan yaratmaqdan ötrü
belə daşa bağlayıb hörükləmək üçün və gəmi-qayıqlarda lövbər kimi istifadə oluna
bilərlər. Bu ölçülü və eyni məqsədlə işlədilmiş, lakin bir ucu və yanından deşik
açmaq əvəzinə daşın ortasından ip bağlamaq üçün dərin gəz açılmış daşlara da rast
gəlinir.
İşarə və damğalar. Qayaüstü təsvirlərlə yanaşı Qobustanda işarə və
damğalar da diqqəti cəlb edir. Daş və qaya (eləcə də ağac, metal və s. materiallar)
üzərində qazılmış işarə və damğalar ideoqramlar, simvollar qayaüstü təsvirlər
arasında xüsusi yer tutur. Qaya və daşlar üzərində qədim şəkillərlə yanaşı tez-tez
bu kimi abidələrə də rast gəlinir. Onlar bir çox qədim rəsm qallereyalarında artıq
Paleolit dövründən məlumdur. Lakin təbii çəkilişi ilə adamı heyran edən qədim
incəsənət əsərləri - qədim qayaüstü təsvirlərlə yanaşı çəkilmiş bu tip abidələrə çox
vaxt fikir verilməmiş və onlar uçota alınmamışdır. Tarixən yazı əvəzi, yazı simvolu
sayılan bu tip abidələr Qobustanda çoxdur və onlar müxtəlif məna və məqsəd
daşımışlar.
Qobustanda qeydə alınmış işarə və damğalardan ən qədimlərinin yaranma
tarixi Tunc və bir qədər də qabaqkı dövrlərdən başlayır. Onlar arxeoloji
ədəbiyyatda göy cisimləri kimi başa düşülən çərxi-fələk nişanı, biri-birinin içində
olmaqla konsentrik çevrələr, çevrənin perpendikulyar kəsişən xəttlərlə dörd yerə
bölünməsi, bir nöqtə və çevrədən yanlara çəkilmiş şüavari xətlərlə alınmış işarələr
kimi abidələrdir.
Göy cisimləri kimi başa düşülən işarə və damğalara Qobustanda əsasən
yaşayış yerləri və onların yaxınlığındakı qayalar, eləcə də kurqan tipli qəbir
abidələrinin daşları üzərində rast gəlinmişdir. Görünür, axırıncılar axirət dünyası
ilə bağlı insanlara həyat və işıq mənbəyi - günəşin tərənnümü üçün yaradılmışdır.
İşarə və damğalar qayalar, daşlar, tikili qalıqları, qəbir daşları üzərində eləcə
də iri ağacların, (çinarların) gövdəsində qazılmışdır. Qobustan zonasında işarə və
damğalar son zamanlara kimi yaşamışdır. Onların yaranması zərurətini heç də nə
təsadüfi, nə də birmənalı izah etmək yaramaz. Kosmik işarələr əsasən günəşə, aya,
ulduza və s. pərəstişin nəticəsi kimi izah edilir, axirət dünyaya inamla
əlaqələndirilir. Belə işarələrə az-az təsadüf edilir. Qobustan qayalarında ən çox
yayılmış işarə kiçik çevrədən aşağıya tərəf çəkilmiş üç şüavari xətt və ya əvvəl bir
83
xətt çəkilərək sonra onun yanlarından ayrılmış xətlərin əmələ gətirdiyi formaya
malik işarələrdir (14-cü tablo, şəkil A).
Bu tip işarələr Cingirdağ ərazisində çoxdur. Cingirdağ sahəsində 43 daş
üzərində 170-ə qədər işarə-damğa qeydə alınıb. Onlardan 23 daş üzərində yalnız
işarələr qazılıb (120 ədəd), 20 daşda isə işarələrlə yanaşı qayaüstü təsvirlər də
vardır. 123 və 143 №-li daşlar üzərində 21 və 36 ədəd olmaqla 57 işarə qazılmışdır.
Onların hamısı müxtəlif ölçülü elementlərlə olsalar da eyni motivli işarələrdir.
Qaya və daşlar üzərində işarə və damğaların nə məqsədlə qazılması haqda
tam və qəti fikir söyləmək, söz demək çətindir. Hər halda onların tayfa-qəbilə nəsli
və şəxsi damğa-işarələri olduğu haqda fikir bizə görə, daha ağlabatandır, əsas
sayılmalıdır. Bu işdə ayrı-ayrılıqda həmin abidələrin yaranma tarixini də bilmək
vacibdir. Əlbəttə, qayalar üzərində qazılmış qədim şəkillər kimi işarə və damğalar,
eləcə də başqa abidələrin də yaranması tarixinə çox ehtiyatla, götür-qoyla
yanaşmaq lazımdır. Xüsusən də bu abidələrdən söhbət açmaq xatirinə qələm
işlədən alimlər üçün. Bu haqda sonrakı bölmədə.
Qobustanda qədim yazılar. Qədim tarixin öyrənilib dəqiqləşdirilməsi işində
qayalar, qədim tikililər, qəbir daşları və s. üzərində saxlanmış epiqrafik abidələrin
də tarixi mənbə kimi böyük əhəmiyyəti var. Bu kimi kitabələrdə əsasən binaların
nə vaxt, kim tərəfindən tikilməsi, dəfn olunanın kimliyi, yaşadığı dövr haqda
məlumat və dini kəlamlar verilir. Bir qisim yazılar qaya, daş, tikili, ağac, divar və
s. üzərində avtoqraflar kimi meydana gəlir. Bir də tarixi əhəmiyyəti olan,
keçmişdən xəbər verən, keçmişin almanaxı olan (Bisütun yazıları kimi) kitabələr
də olur. Qobustan qayaları üzərində də bir sıra yazı qalıqları qeydə alınmışdır.
Onların çoxu ərəb əlifbası ilə, biri isə latın qrafikası ilə yazılmışdır. Ərəb əlifbası
ilə yazılmış kitabələrdən biri və latın qrafikalı yazı müəyyən tarixi əhəmiyyətə
malikdir.
Qədim Roma kitabəsi. Latın qrafikası ilə latın dilində yazılmış bu kitabə
1948-ci ildə İ. M. Cəfərzadə tərəfindən Böyükdaş dağı aşağı səki sahəsində 16-cı
daş kimi qeydə alınmış qaya üzərində aşkar edilmişdir. Bu kitabə romalıların
ildırım-sürətli, XII legionu və ya onun senturiyasının, eramızın I əsrinin 84-96-cı
illəri arasında Şərqi Azərbaycanda-Qobustan ərazisində olduğunu göstərir.
Kitabənin dövrü onun mətnindən aydın olur. Kitabədə deyilir ki, imperator
Domisian Sezar Avqust Kermanskinin dövrü Lütsi Yuli Maksim XII ildırım sürətli
legionun senturiyası. Deməli, kitabə 84-cü ildən əvvəl yazıla bilməzdi. Çünki
burada Domisianın ləqəbi-Kermanski sözü işlənib. Tarixən məlumdur ki, Domisian
bu adı 84-cü ildə qallar üzərində qələbədən sonra alıb. Kitabə 96-cı ildən sonra da
yazıla bilməzdi, çünki Flavilər sülaləsinin son nümayəndəsi olan Roma imperatoru
Tit Flavi Domisian 96-cı ildə bürokratik hakimiyyətini möhkəmləndirməsindən
narazı qalmış senatın əli ilə azad edilmiş qullar tərəfindən öldürülmüş və onun
adının hər yerdən silinməsi haqda qərar çıxarılmışdı. Belə olduqda, sözsüz ki,
ölümündən sonra onun adı bu kitabədə çəkilə bilməzdi. Burada Domisianın adının
84
saxlanması isə, görünür onunla bağlıdır ki, Domisianın ölümündən sonra
romalıların əli bu yerlərə çatmayıb. Roma qoşun hissəsinin o dövrdə Azərbaycana
kəlməsi, eləcə də Qobustan ərazisində olması haqqında ümumiyyətlə, heç bir yazılı
məlumat saxlanmamışdır. Ona görə də Roma qoşunlarının bu ərazidə olmasının
səbəbi haqda da tam və qəti söz demək çətindir. Lakin bu yazı, hər halda,
göstərilən dövrdə romalıların buraya gəlmiş olduqlarına şahidlik edir. Kitabədə
XII ildırımsürətli legionun adı çəkilib və sentüriya (80-dan 120 nəfərə qədər
sayda qoşun bölməsi) işarəsi qoyulub. Bunu da demək çətindir ki, burada
legionun özü və ya onun senturiyası olub?
Qobustandakı qədim Roma kitabəsinə İ. M. Cəfərzadə, P. X. Tumbil, Y. A.
Paxomov və Z. İ. Yampolski xüsusi məqalələr həsr ediblər. Lakin axır nəticə kimi
burada olmuş Roma qoşunlarının nə sayı, nə də kəlmələrinin məqsədi, bu haqda bir
başqa yazılı məlumatın, maddi dəlilin olmaması üzündən tam aydınlaşdırılmır.
Aydın olan isə odur ki, birincisi, kitabə, adı hələ eradan əvvəlki III əsrdən çəkilən,
Xəzər dənizinin qərb sahili boyu cənubdan şimala gedən yolun üstündədir.
Yəni romalılar buraya bu qədim yolla gəlmişlər. Fərqi yoxdu, Tumbilin güman
etdiyi kimi Sarmat keçidi vasitəsilə olsa (şimaldan) da, Ermənistandan keçərək
Ağstafa vadisi və Kür ilə, cənubdan Xəzər sahili ilə olsa da Böyükdaş və Kənizə
dağları ilə Xəzər dənizi arasından keçən yolla gəlmişlər.
İkincisi, romalılar bu kitabəni çox güman ki, ötəri, yolüstü
yazmayıblar, az müddətə (heç olmasa bir neçə günlüyə) də olsa burada dincəlmək
üçün dayanıblar. Biz ona əsaslanırıq ki, o vaxt üçün qoşun hissəsinin Kür çayından
şimala, heç olmasa su olan Bakıya kimi getməsi üçün (100 km-dən çox) azı iki gün
vaxt lazım idi və onlar bu yolu gecələyib dincəlmədəm keçə bilməzdilər. Bir
tərəfdən də orada içməli su da olmalı idi. Belə bir nöqtə, həm yolun yarı edilməsi,
həm də su olması baxımından Böyükdaş dağının ətəyi ola bilərdi. Bizim
Qobustanda apardığımız tədqiqat və müşahidələrimiz də göstərir ki, romalılar
tərəfindən bu kitabə yazıldığı vaxt, ümumən antik dövrdə Böyükdaş dağının cənub
və şərq tərəfinin cənub hissəsində qaynar həyat olmuşdur. Nəzərə alsaq ki, o vaxt
Böyükdaş dağı yuxarı səki sahəsindəki çox sulu bulaq -quyunun (bu quyunun suyu
ilin payız, qış və yaz aylarında daşıb öz-özünə axır) suyu əl ilə yonulub düzəldilmiş
daş arxla dağın cənub ətəyinə axıdılmışdır, buradakı qaynar həyatın həcmini
təsəvvür etmək olar,
Daha bir qeyd. İ. M. Cəfərzadə 16 №-li daşın üzərində kitabədən 4 və 8
metr qərbə olmaqla 2 ədəd sadə qazılmış xaçvari (üstəgəl işarəsi kimi) işarə qeydə
almışdır. Biz hesab edirik ki, bu iki işarə əsl mənasında xristianlıqla bağlı deyil
(belə hesab edəklər olub), çünki, əvvələn kitabə ilə işarələrin qazılması üsulu və
saxlanma vəziyyəti uyğun deyil, bir də ki, Böyük Qobustan ərazisindəki 30 illik
axtarış və müşahidələrimizə əsasən bu ərazidə ümumiyyətlə, müsəlmanlığa qədər
bütpərəstlik və atəşpərəstlik olub, xristianlıq olmayıb.
85
Hər halda Qobustandakı latın dilli Roma kitabəsi tariximizin bir səhifəsinə
işarədir, bu səhifənin doldurulması yeni materiallar və xüsusi tədqiqat tələb edir.
Ərəb qrafikalı yazılar. Qobustanda bir neçə daş və qaya üzərində Ərəb
əlifbası ilə yazılar da qeydə alınmışdır. Onlar əsasən bir-iki isimdən və ya nəsli
adlardan ibarətdir. Ərəb əlifbası ilə, lakin fars dilində yazılmış bir kitabə bu
baxımdan müəyyən əhəmiyyət kəsb edir. O, Yazılıtəpədə 91 №-li daş üzərində
qeydə alınmışdır. Kitabə üç sətirdən ibarətdir.
1-ci sətirdə - «İmad», 2-ci sətirdə - İ. M. Cəfərzadənin oxuduğu kimi -
«Şaki» (və ya «Şaci»), 3-cü sətirdə - «dua qoftə rəft» yəni - dua etdi getdi
yazılmış və dua etdi sözü ilə getdi sözü arasında iri bir çevrə qazılmışdır. İshaq
müəllimin bu dairəvi işarəni ibadət duvağı hesab etməsi həqiqətə uyğundur.
Yazının dövrü orta əsrlərə - XIII-XIV əsrlərə aid edilir (14-cü tablo, şəkil B).
Qobustanda Kiçikdaş dağı Daşqışlaq sahəsindəki 15 №-li daşın üzərində,
maral şəkilləri arasında ərəb əlifbası ilə iki yazı qalığı var. Onlardan biri müəyyən
əhəmiyyət kəsb edir. 2 sözdən ibarət olan bu da, yazıda «Məlik Şaci» yazılmışdır.
Burada yazı kufi xətlədir. Lakin Nəsx xəttinin elementlərinin olması yazını XIII
əsrə aid edir. Bu yazı çox aydın yazılmış və yaxşı saxlanmışdır. Buradakı «Şaci»
sözü formaca Yazılıtəpədəki «Şaki» oxunmuş sözlə eynidir. Orada əlifin yuxarı
ucu sola əyilib simin başlanğıcı ilə birləşdiyindən «Şaki» kimi oxunmuşdur və bizə
görə orada da «Şaki» yox, «Şaci» yazılmışdır, hər iki oxunuşda bu söz isimdən
sonra gəlir və çox güman ki, Şaci ya məkani ləqəb, ya da orta əsrlərdə bu
regiondakı qəbilələrdən birinin adıdır. Bir sıra daşlarda isə ərəb əlifbası ilə
«Bəylər» sözü yazılmışdır. Son əsrlərə aid yazılar əslən Mərəzə - Şamaxı
zonasından olan nəslin adıdır və burada həmin nəslin adının tez-tez yazılması son
əsrlərdə bu yerlərdə o nəslin qışlalaması ilə əlaqədardır.
Yazılıtəpədə 91 №-li daşdakı yazı isə Yazılıtəpənin pir kimi ibadət yeri
olmasının məhsuludur və bu baxımdan İmad Şacinin bu yerə gəlib ibadət etməsi,
namaz qılması heç də təəccüblü deyil. Onu da qeyd edək ki, Yazılıtəpədə
apardığımız arxeoloji qazıntı nəticəsində aşkar edilmiş XII-XIII əsrlərə aid üçotaqlı
dini bina qalığı yazıya qədər artıq burada var idi və yüz illərlə özündən qabaq
«müqəddəs yerdə» yaranmış pir üçün inşa edilmişdi.
Qobustanda pirlər. Qobustanın qədim qayaüstü təsvirlərinin sonrakı tarixi
dövrlərdə ilahi qüvvə tərəfindən yaradıldığının güman edilməsi bu yerlərdə pirlərin
yaranmasına, qayalarda mehrablar yonulmasına, qazılmış ayaq izlərinin
müqəddəslərin ayaq izləri sayılması və s. kimi inamlara səbəb olmuşdur.
Ümumiyyətlə, Böyük Qobustan ərazisində pirlər çoxdur. Onlardan bütpərəstlik və
atəşpərəstlik dövrlərinin pirləri demək olar ki, tamamilə yaddan çıxmışdır. Bununla
belə qayalar üzərində saxlanmış göy cisimlərinin şəkillərinin olması, qədim
şəkillərin çoxunun totemizmlə əlaqəli olması, Kərkəz, Şonqar, Turaqay, Kənizə,
Cingir baba kimi müəyyən etiqadlarla bağlı dağ adlarının saxlanması bu ərazidə
vaxtilə pirlər şəbəkəsinin çoxluğunu göstərir. Onlardan bir qismi (İshaq müəllimin
86
arxiv yazılarında adı çəkilən «Cingir baba», «Sarı baba», «Huri qızlar» «Şıxı qaya»
kimi, görünür, müsəlmançılıqdan qabaqkı dövrlərin dini görüşlərinə uyğun
pirlər) artıq yaddan çıxır. Bəli, həyat zamanın gərdişinə uyğun neçə də tez və
amansız dəyişir. 1950-ci illərdə Qobustan qışlaqlarının sahiblərinin hamısının bilib
tanıdığı bu pirlərin yerini göstərə biləcək adam tapmaq indi gec də çətindir.
Pir dedikdə əslində inam, ibarət yeri düşünülür. Bəli, pirə inama, etiqada
görə gəlir, ibadət edirlər. Biz azərbaycanlılarda belə bir inam yerinə ocaq da deyilir
(Bittili ocağı, Hacı Əfəndinin ocağı və s). Bizə elə gəlir ki, ocaq inamı, ocağa səcdə
də pirə səcdənin anonimidir və bu adla inam daha güclüdür. «Ocaq haqqı» ən
inandırıcı andı, «ocağı söndü» ən dəhşətli faciəni, ən qəddar qarğışı ifadə edir.
Əlbəttə, inamla əlaqədar, ümumən pirlər, ocaq, od, günəş, ay, su, çörək və s. inam
obyektləri haqda çox danışmaq odardı! Lakin bu bizim məqsədimizdən genişdir.
Biz Qobustan ərazisində qayaüstü təsvirlərdən əlavə başqa abidələr haqda, eləcə də
bir qədər də pirlər haqda məlumat da kifayətlənməliyik.
Qobustanda formasını və funksiyasını saxlamış pirlər əslində müsəlmançılıq
dövründə yaranmış pirlərdir («Qara atlı», «Sofu Həmid», «Sofu Novruz» və s.).
Qara atlı piri. Kiçikdaş dağ massivinin cənub qurtaracağında, kiçik təpə
üstündəki iri qaya parçalarından birinin altında düzəldilmiş pir belə adlanır. Burada
nəhəng qaya parçasının altında qayadan yonularaq sənduqə formalı qəbir daşı
düzəldilmiş, qaya örtüyü sahəsi açıq tərəflərdə hörülərək qapı asılmaqla pir üçün
yarımağara tipli otağa çevrilmişdir. Sənduqənin üstündə və ətrafında zəvvarlar
tərəfindən gətirilmiş qab-qacaq qoyulmuş, ip-sap, cır-cındır (parça qırıqları)
asılmış, bütün başqa pirlərdəki kimi adi pir səhnəsi yaradılmışdır. Rəvayətə görə,
bu sənduqə qeybə çəkilmiş mömin bir ərəb sərkərdəsinin qəbrinin simvoludur.
Bu pirin yaranması buradan bir qədər cənub-şərqdəki «Qara atlı»
qəbristanlığındakı at fiquru formalı qəbir daşı (10-cu tablo, şəkil D) ilə əlaqədardır.
Bəli, bu qəbristanlıqdakı bir qəbir daşı başsız və ayaqsız olsa da üstündə yəhər və
silah növləri olmaqla atın bədəni formasındadır. Yanında isə formaca keçədən qış
üçün boğazlı çəkməni andıran yonulmuş bir daş parçası - atın kəsilmiş başı (?) var.
Qara atlı qəbristanlığındakı at fiquru və Qara atlı piri ilə əlaqədar əfsanədə
deyilir ki, bu diyarda islam dini yayılan vaxtlarda ərəb missionerləri və qoşun
dəstələri ilə «dinsizlər» (atəşpərəst və bütpərəstlər) arasında tez-tez baş verən
toqquşmaların birində çox böyük nüfuza malik mömin hərbi rəis dəstəsindən aralı
düşüb dinsizlər tərəfindən təqib olunaraq bu yerə - Kiçikdaş dağının cənubuna,
indiki Qara atlı qəbristanı olan yerə çatır. Burada görür ki, artıq düşmənlər onu
haqlayıb. Odur ki, atından düşüb gizlənmək üçün qayaların arasına qaçır.
Düşmənlər ata çatıb, görəndə ki, sahibi yoxdu, atın başını kəsirlər. Sonra yenidən
müqəddəs şəxsin dalınca qayalığa cumurlar və indiki pirə çevrilmiş yerdə ona
çatdıqda, düşmən əlinə keçməmək üçün o qeybə çəkilir, görünməz olur. Elə həmin
anda da atının başı kəsilmiş cəsədi daşa dönür.
87
Qara atlı qəbiristanındakı at fiquru Azərbaycanın bir sıra cənub rayonlarında
orta əsrlər dövrü üçün məlum qoç, qoyun, at fiqurlarından biridir.
Qara atlı xalq arasında uzun sürən pis xəstəliklərdən azad olma piri sayılırdı.
İndi də işlərinin düzəlməsi, xəstəlikdən azad olması üçün bu pirə nəzir deyən və
ibadətə gələnlər çoxdur. Pirin içərisində uşağı olmayan qadınlar tərəfindən nənni
(yüyürük) asılmasına da təsadüf olunur.
Sofi Həmid piri. Səngəçal karvansarasından Qaraçı karvansarasına,
Şıxqayaya, oradan da qərbə - Şamaxıya gedən qədim karvan yolunun üstündə,
Miyəcik deyilən yerə çatmamış, yolun solunda, hündür təpənin dibində, düzdəki
qəbristanlıqda Sofu Həmid adlı müqəddəs bir qocanın qəbridir. Qəbrin üstündə ağ
daşdan, çöldən kub şəkilli, üstündə 8 tərəfli gümbəzə malik məqbərə tikilib.
Məqbərənin ətrafı dördbucaqlı olaraq hasara alınmışdır. Məqbərənin içində,
girişdən sağ tərəfdə Sofu Həmidin qəbirüstü tikilisidir. İshaq müəllim 1940-cı ildə
bu qəbir qutusunu necə gördüyünü belə təsvir edirdi: üstü 2 kv metrə qədər,
hündürlüyü 80 sm olan dördbucaqlıdır. Üstündə, görünür ziyarətçilərin uzun
müddət əl vurub toxunmasından tam şumallaşmış 2-3 ədəd tünd rəngli çay daşı var
idi. Bu daşların yanında isə köhnə bir saxsı cam vardı. Onun içinə yarıya qədər su
tökülmüşdü. Bu su pirin həyətindən götürülmüş torpağın onda əridildiyindən
bulanıq olurdu. Torpaq suya qabın yanına qoyulmuş ağac qaşıqla qatılardı.
Sənduqənin üstündəki dəmir çubuğa isə pirə gələnlərin paltarlarından əsgilər, qadın
saçı və s. bağlanmışdı. Bir yanda ağac çərçivədə köhnə, parıltısını itirmiş
güzgü qoyulmuş, bir küncdə isə uşaq üçün simvolik nənni asılmışdı. Qapının
girəcəyində isə yerə çoxlu dəmir mıx çalınmışdı. İshaq müəllimin dediyinə görə elə
o vaxt Şamaxı rayonundan Şıxlar qəbiləsindən olan iki nəfər oradaca ona danışıb
ki, Sofu Həmid piri əsasən ilan vuran adamlara onun zəhərindən qurtarmaq üçün
kömək edir və odur ki, ona «İlan piri» də deyilir.
Sofu Həmid piri haqda rəvayətə görə Sofu Həmid 450 il bundan qabaq
Abşeronda, Pirşağı kəndində yaşayırmış və oranın şeyxlərinin qohumu imiş.
Rəvayətlərin hamısının əsasını belə bir süjet təşkil edir ki, mömin allah bəndəsi
Sofu Həmid qoca vaxtı oğlanlarına vəsiyyət edir ki, öləndə onu dəvəsinin üstünə
sarıyıb buraxsınlar, dəvə harda yatsa orada da dəfn etsinlər (onun varı-dövləti bir
ağ dəvəsi varmış). Odur ki, Sofu Həmid öləndə oğlanları onun vəsiyyətinə əməl
edirlər, ölüsünü dəvənin üstünə sarıyıb buraxırlar. Ağ dəvə baş alıb gedir və gəlib
Qobustana çıxır, indi pirdəki qəbir daşının yerində yatır. Sofu Həmidi düşürüb
oradaca dəfn edirlər, dəvə isə daşa dönür.
Sofu Həmid pirinin əslində ilan piri olması haqda Vladimir Bezmenovun
Qafqazın tarixi və arxeologiyası cəmiyyətinin xəbərlərinin I cildindəki Şirvan
haqdakı məqaləsindən: Sofu Həmidin qəbri və onun ətrafındakı torpaq zəhərli ilan
və həşəratların sancmalarının öldürücü nəticələrini yox etmək kimi qəribə
xüsusiyyətə malikdir. Misal üçün - bu torpaqla zəhərli ilanın dişi dəyişmiş yeri
sürtmək, bədənə iynə ilə olduğu kimi yeridilmiş zəhərin təsirini azaldır. Bu yerə
88
sürünüb gəlmiş ilan zəhər vermək iqtidarını itirir. Qobustanda eləcə də Şirvanda
hər ehtimala qarşı şəfaverici vasitə kimi bu torpaqdan bir çimdik dəsmalın ucuna
bağlayıb özləri ilə gəzdirirlər.
Məqalədə belə bir məlumat da verilir ki, Mərhum Mir-Mühəmməd Şirazı
tərəfindən tərtib edilmiş Karabazinin (padzəhr çarə) və ya ―Mahzen-ül-ədviyyat‖
(Dərmanlar mağazası, yəni aptek) kitabının torpağın xassəsi fəslində belə
yazılmışdı: «Sofu Həmid Kabıstanskinin torpağı güclü tirilkiyat (zəhərkəsici)
cümləsindəndir və vaxtında həm sürtmək, həm də su ilə udmaqla işlədilərsə ən
qorxulu ilan növünün zəhərini təsirsizləşdirir və ona görə də onların sancmasından
xilasedici vasitə kimi məsləhət bilinir.
Əlbəttə, vaxtilə xalq arasında yayılmış və hətta V. Bezmenov tərəfindən
qələmə alınmış, torpağın sürtülüb və ya əridilib içilməsinin ilan zəhəri üçün şəfa
verəcəyinin heç bir elmi-tibbi əsası yoxdur, bu, ümumi dini etiqad inamına
əsaslanır. Söz yox, Sofu Həmid piri torpağının neçə ilan vuranı xilas etməsi haqda
məlumat yoxdur. Lakin belə bir şərti məlumat da var ki, bu üsullarla ilan vurmuş
(sancmış) adam bu yerə çox tez çatdırılmalıdır (görünür, nə vaxtsa ilan vurmuş
adamın aqibəti pis qurtarmış və səbəbi onun pirə gec çatdırılması ilə izah
olunmuşdur).
Sofu Həmid babanın ağ dəvəsinə gəldikdə deməliyəm ki, indi doğrudan da
pirin həyətində, Sofu Həmidin sərdabəsinin qabağında bir neçə metrlikdə, ağ
daşdan, təbii böyüklükdə, dizlərini qatlayıb yatmış dəvə heykəli var. İshaq müəllim
bu dəvə heykəlinin faşizmə qarşı 1941-1945-ci illər müharibəsi vaxtı Mədəniyyət
Nazirliyi tərəfindən Sofu Həmid piri yanındakı «Ovdana» gözətçi qoyulmuş, eyni
zamanda pirə qulluq edən Baba Gözəl adlı bir nəfərin sifarişilə Şamaxı rayonunun
Sündi kəndi sakinləri tərəfindən düzəldildiyini söyləmişdi. 1966-cı ildə mən özüm,
t.e.n. F. M. Muradova ilə Şamaxı zonasına daşlar üzərində işarə və damğaları
toplamaq üçün arxeoloji səfərdə olarkən Sündi kəndində olduq və bu məsələ ilə
maraqlandıq. Orada Bizə Sofu Həmid pirindəki ağ dəvə heykəlini doğrudan da
Sündi kəndinin sakini Nemətov Balanemətin düzəltdiyini söylədilər.
Sofu Novruz piri. Bu pir adi qəbiristanlıqla kiçik, dördbucaqlı məqbərə
içində, deyilənə görə, Sofu Novruz adlı mömin və müqəddəs bir şəxsin qəbridir.
Sofu Novruz piri (və Sofu Novruz qəbiristanlığı Qobustan qəsəbəsindən Umbakı
yolu ilə, sonra köhnə torpaq yolla qərbə, Qaynarça deyilən (25 km məsafədə)
yerdən keçərək Ərəbqədim və Mərəzəyə gedən yolla 50 km məsafədə, kiçik dağın
cənub ətəyindədir. Burada yol çox böyük bir qəbiristanlığı iki hissəyə ayırır.
Sağda, dağa tərəf şimal hissədə qəbirlər təzədir, hətta indi də Mərəzə (Qobustan)
rayonu kəndlərindən, bəzən elə Qaradağ-Ələt zonasından da vəsiyyətə əsasən
ölüləri burada dəfn edirlər. Qəbiristanlığın çox geniş sahəsində, yolun sol
hissəsində qəbirlərin hamısı qədimdir. Bu hissədə zəmanəmizdə gözümüz
öyrəndiyi formada və yazısı olan bir dənə də qəbir yoxdu. Qəbirlərin hamısında
başdaşıları adi, qəbirətrafı daşlardan az seçilən, çox iri olmayan yonulmamış
89
daşlardandır. Lakin onların çoxunun üzərində müxtəlif) formalı işarə və damğalar
qazılmışdır. Onların çoxu Qobustan qoruğu ərazisindəki Böyükdaş, Kiçikdaş və
Cingirdağ sahəsinin qayaları və yaxın ərazilərdəki son əsrlərin qəbir daşları
üzərində qeydə alınmış işarə və damğalardan fərqlidir. Bizə görə, Sofu Novruz
qəbiristanlığındakı işarə və damğalar Qobustan zonasında yazı mədəniyyətindən
qabaqkı dövrlərin məhsuludur və orta əsrlərin ilk çağlarına, bəlkə də daha qədim
tarixi zamanlara aiddir. Qəbiristanlığın bu hissəsində, eləcə də pir ətrafındakı
hissədən dağın zirvəsinə tərəf döşündə bir neçə çox böyük, 10 metrlərlə diametrə
malik və nisbətən kiçik diametrli, əsasən dairəvi planda, yonulmamış iri daşlardan,
qədim kromlexlər tipli hörgü qalıqları var.
Bu sahənin Qobustan qoruğu və Qobustan qəsəbəsindən uzaqlığı, lazımi
nəqliyyat vasitəsinin və fəhlə qüvvəsinnn olmaması üzündən bu abidələrdə
yoxlama qazıntısı belə apara bilməmişik. Lakin müşahidələrə əsasən deyə bilərəm
ki, bu divar qalıqları Böyükdaşda eramızdan əvvəlki III minilliyin sonuna aid
«Dairə» yaşayış yeri və Qaynarça kromlexləri tipindədir. Bu tip abidələr Böyük
Qobustanın qərb sərhədləri daxilində «Qoçbulaq» deyilən Qoşabulağın ətrafında da
çoxdur. Güman edirik ki, onların arxeoloji qazıntılarla tədqiqi Qobustanın ilk Tunc
dövründən sonrakı az məlum olan tarixi-mədəni irsi haqda material verəcəkdir.
Dostları ilə paylaş: |