QAYAÜSTÜ TƏSVİRLƏRİN DÖVRLƏŞDİRİLMƏSİ
Qayaüstü təsvirlərin dövrünü müəyyənləşdirmək üçün hələlik nə
ümumiləşdirilmiş, nə də fiziki-kimyəvi üsul məlumdur. Bunun üçün əsasən rəsmin
qayada döyülməsi texnikası, şəklin üslubu, ya mövzu yığımı və ya şəcərə
müşahidəsi (köhnə-təzəliyi, biri-birini kəsməsi) və s kimi üsullar əsas götürülür.
Lakin abidənin tarixini düzgün müəyyənləşdirmək üçün bu üsulların heç biri
ayrılıqda, hər bir qayaüstü təsvir üçün ayrılıqda əsas ola bilməz. Qayaüstü
təsvirlərin düzgün tarixiləşdirilməsi üçün bu və başqa üsullardan hamılıqla,
kompleks şəkildə istifadə etməklə yanaşı, əsasən onların yaradıcılarının düşərgələri
və qəbir abidələrində (aparılmış qazıntıların nəticələrini nəzərə almaq lazımdır.
Əgər qayaüstü təsvirlər qədim düşərgə, yaşayış yeri və qəbir abidələrindən
uzaqdırsa onların tarixini əsaslandırılmış şəkildə müəyyən etmək çox çətin olur.
Təsvirlərdə eyni obyektin (deyək ki, insanın, öküzün, keçinin və s. ayrı-ayrılıqda)
iri və ya kiçik ölçülü, az və çox real çəkilməsi də onun tarixini müəyyənləşdirmək
üçün əsas ola bilməz. Belə bir fərdin təsviri nəhəng qaya səthində çox iri ölçüdə də
kiçik də qazıla bilər. Lakin ocaq başında kiçik bir daş parçası üzərinə qazılmış eyni
heyvan şəkli dövründən asılı olmayaraq kiçik ölçülü olacaqdır. Qayalar üzərindəki
qədim təsvirlərin reallıq dərəcəsi də sözsüz həmişə əsas kimi qəbul oluna bilməz.
Axı, kolleksiyada, deyək ki, Qobustanda qeydə alınmış müxtəlif tarixi dövrlərə aid
yüzlərlə keçi təsviri sözsüz ki, nə bir «rəssamın», nə də rəssamlıq məktəbinin
yaratdığı əsərlərdir. O dövrün «rəssamlarının» heç də hamısı eyni qabiliyyətə,
indiki ölçü ilə savada malik olmamışdı. Elə indinin özündə bir neçə lap eyni
məktəbi qurtarmış adam naturadan və ya fotosundan istifadə etmədən hansı bir
heyvanın, deyək ki, öküzün, keçinin təsvirini çəkməyi tələb etsək onların çəkdiyi
rəsmlərin heç ikisi də bir-biri ilə eyni olmayacaq.
Qədim qayaüstü təsvirlərin dövrünü dəqiqləşdirmək sahəsində arxeoloji
qazıntıların nəticələri əsas ola bilər, əgər qazıntı ilə tədqiq edilən abidənin qayaüstü
təsvirlər mədəniyyəti ilə əlaqəsi olsa, yəni biləvasitə qonşu olsalar. Bu baxımdan
qədim şəkillərin tarixinin müəyyənləşdirilib dəqiqləşdirilməsi üçün Qobustanda
aparılmış qazıntı-tədqiqat işləri böyük elmi əhəmiyyət kəsb edir.
Doğrudur, qayaüstü təsvirlərin aşkar edilib qeydə alındığı yerlərdən çox
uzaqda aparılmış qazıntılar zamanı əldə edilmiş materiallardan gil qablar,
sümükdən və tuncdan düzəldilmiş əşya, silah, kəmər və s. üzərində müxtəlif bəzək
xətləri və təsvirlərə (keçi, maral, balıq və s.) rast gəlinir və bu kimi materiallar
qayaüstü təsvirlərdə, bir ümumi hal kimi bu və ya başqa süjetin hansı tarixi
dövrdən başlanıb yaranması üçün əsas götürülür. Bu da müəyyən qədər deyək ki,
Xanlar rayonundan üzərində keçi ovu səhnəsi təsvir edilmiş qab, Şahtaxtıdan
112
üzərində heyvan rəsmləri çəkilmiş boyalı qab, müxtəlif rayonlardan tapılmış tunc
kəmərlər kimi abidələr üzərindəki təsvirlər, tapıntı və onu müşayiət edən
materiallarla dövrləşdirmək baxımından əhəmiyyətlidir. Lakin, qədim təsvirlərin
tam dəqiq, yəni nəinki müəyyən yüzilliyin əvvəli - axırı ilə lap əsrlə də
müəyyənləşdirilməsi etiraz doğura bilər.
Qədim qayaüstü təsvirlərin dövrünü çox geniş götürmək lazımdır. Belə ki,
eyni süjet istifadə olunan abidənin (gil qabın, kəmərin və s.) düzəldilməsindən
əvvəl də, sonra da yaşaya bilər. Yəni deyək ki, bir keçi şəkli və ya hər hansı bir
rəsmin tarixini arxeoloji materialın üzərindəki eyni tipli rəsmə əsasən o materialın
(gil qabın) dövründən sözsüz ki, qabağa aid edirik. Lakin o qabın üzərindəki şəklin
qabdan gec olmaması o demək deyil ki, bizim onunla oxşar saydığımız obyekt
ondan gec ola bilməz. Və ya bir arxeoloji abidə üzərində qeydə alınmış süjetin
yalnız o tapıntı dövründə meydana gəldiyini, ondan çox-çox qabaq da
yaşamadığını kim təsdiq edə bilər? Ona görə də Qobustanda arxeoloji qazıntılar
zamanı aşkar edilmiş abidə ilə biləvasitə bağlı, qədim təsvirlərin tarixini daha
düzgün təyin etmək olar.
Misal üçün, «Ana zağa»nın şimal divarını təşkil edən 30 №-li qayanın
düşərgəyə baxan üzündə, 12-14 metr uzunu, 5-6 metr hündürlüyü olan sahədə
yüzlərlə qədim şəkillər bir-birinin üstündə çəkilib (15-ci tablo, şəkil E). Bu
səhnənin 1,5 metr hündürlüyündə aşağı hissəsi qazıntı nəticəsində torpaq altından
üzə çıxarılıb. Buradakı şəkillər bir-birinə qarışmış, kölgə kimi döyülmüş, belləri
kəmərçinli və yay-oxla silahlanmış Mezolit dövrü adamlarının təsvirləridir. Bu
şəkillərin aşağı, ayaq hissəsi Daş dövrünün mədəni təbəqəsinə çatır, qalan hissəsi
sonrakı Eneolit, Tunc, Antik dövrlərinin qalıqları ilə örtülmüşdür. Buradakı insan
təsvirləri o vaxt - Daş dövrü rəssamları tərəfindən, adamların rahat dayanıb işləyə
biləcəyi səviyyədə çəkilmişdir. Minillər ərzində, sonrakı tarixi dövrlərdəki insan
fəaliyyəti nəticəsində yaranmış mədəni təbəqələrin altında qalmışdır. Bununla
yanaşı Daş dövrü təbəqəsinin özünün içində, ocaq başında və təbəqənin altında
qalmış, üzərində göstərilən tip təsvirlərin çəkildiyi kiçik ölçülü daşların da aşkara
çıxarılması onların Qobustanda Daş dövrü Mezolit və Neolit) rəssamlarının işi
olduğuna şübhə qoymur.
«Ana zağa»da həyat davam etdikcə əmələ gələn mədəni təbəqə qalınlaşmış,
daha qədim şəkilləri örtmüş, sonrakı dövrün sakinləri isə əlləri satdıqca yuxarı
sahələri öz dövrlərinin təsvirləri ilə bəzəmişlər. Ona görə də Daş dövrü adamlarının
əli çatmamış, sonrakı dövrlərdə çəkilmiş şəkillər olan səviyyədə daş dövrü şəkilləri
yoxdur. Buna bənzər səhnə və mədəni təbəqə altından aşkar edilmiş, üzərində
təsvirlər qazılmış daşlar Qobustanda «Kənizə», «Firuz», «Qayaarası» və başqa
düşərgələrdən, «Böyükdaş» Tunc dövrü yaşayış yerindən, eləcə də 3, 7, 15, 18, 23,
28, 30 №-li kurqanlardan da aşkar edilmişdir ki, onlar Qobustanın qədim qayaüstü
təsvirlərinin tarixini dəqiqləşdirmək üçün bir növ doğum şəhadətnaməsi sayıla
bilərlər (15-ci tablo, şəkil A,B,V,Q,D).
113
Bir qeyd. Kurqanların qazıntısı ilə aşkar edilmiş şəkilli daşların kurqanlara
təsadüfi gətirildiyini və bu təsvirlərin daşın üzərində qabaqdan olduğunu söyləmək
olardı. Lakin qazıntılar zamanı bu vəziyyətin ola biləcəyinə fikir verməklə biz
müəyyən edə bilmişik ki, onlar elə dəfnlə əlaqədər çəkilmiş təsvirlərdir. Bu cür
şəkilli daşlar 7, 18, 23 və 28 №-li kurqanlarda qəbrin üstünü örtmüş, 3, 7, 30 №-li
kurqanların kromlex daşları, 15 №-li Kurqanın nişangah daşı kimi qoyulmuşdur. 3
№-li kurqanda 12 ədəd şəkilli daşdan ikisi kromlexdə, on ədədi isə daş qutu qəbrin
ətrafına düzülüb ona söykənmiş vəziyyətdə qoyulmuşdur. Göstərilən daşlarda
şəkillər hər yerdə düz vəziyyətdədir. Onların hamısında əsasən keçi təsvir
edilmişdir. 3 №-li kurqanın şəkilli daşlarından birində sayqaq şəkli çəkilmişdir.
Başqasının isə bir üzündə keçi təsviri düz vəziyyətdə qoyulmuş, əks üzündə isə
kiçik ölçülü öküz təsviri var. Görünür bu öküz şəkli daşda qabaqdan olmuşdur,
Belə ki, keçi şəkli daşda düz vəziyyətdə dayandığı halda onun ayaqları yuxarı
vəziyyətdə qalmışdır. (15-ci tablo, şəkil D).
3 №-li kurqan eramızdan əvvəlki 3-cü minilliyə aiddir. Bu kurqanda
basdırılan adam kurqanın böyüklüyü, ölünün daş qutuda dəfn edilməsi (qəbir çox
qədim zamanlarda açılıb qarət edilmişdir) və bəzi əldən qalmış tapıntılara, eləcə də
kromlexdə nişangah daşı kimi kobud daş heykəlin qoyulması dəfn olunanın çox
hörmətli, varlı adam, qəbilə ağsaqqalı olmasına işarə edir. Onun qəbrinin ətrafına
söykənmiş daşlardan 10 ədədinin üzərində çəkilmiş heyvan şəkilləri isə görünür
rəmzi şəkildə onun mallarının öz yanında dəfn olunmasını ifadə edir. Bu məsələ
qayaüstü təsvirlərin çəkilməsi səbəblərinin izahı üçün də əhəmiyyətlidir. Onu da
qeyd edək ki, Qobustanda kurqanlar eləcə də yaşayış yerlərinin qazıntısından aşkar
edilmiş daşlar üzərindəki keçi təsvirlərinin heç birinin belinin kəsik olmasına rast
gəlməmişik.
Qobustanda ən qədim rəsmlər qadın təsvirləridir. Onlar adətən döş və
baldırları qabarıq, başı çıxıntıvari, qolsuz olmaqla rəmzi ANA, nəslin davam
etdiricisi kimi təsvir edilmişlər. Bəzi qadın təsvirlərində (Ceyranlar düşərgəsində)
oturacaq almacıqları qoşa, hətta üç kiçik dairəcik şəklində verilmişdir. Qayaarası
düşərgədə, «Ana zağa»da 29 №-li daşın şimal üzünün aşağı hissəsindəki tipli qadın
təsvirləri Paleolit dövrü qadın fiqurlarına tam oxşar və Qobustanda ən qədimdir.
Sonrakı qadın təsvirlərində baldırlar öndən görünüşdə ikiləşir, yayla (kaman)
silahlanmış, bədəni xətlərlə kəsilib bəzənmiş və s. şəkildə verilirlər.
Öküz təsvirləri qadın və yay-oxla silahlanmış siluet şəkilli kişi təsvirlərindən
sonradır. Onlar Qobustanda qədim insan düşərgələri və onların ətrafındakı
qayalarda çəkilmiş ibtidai vəhşi öküzlərdir. Deməli, Qobustanda öküz şəkilləri
insan təsvirləri qədər qədimdir. Əlbəttə, qədim qobustanlılar ibtidai öküzü
görmədən onun təsvirini yarada bilməzdilər. İbtidai öküzlərin isə nəsli eradan
əvvəlki IV minillikdən kəsilib. Hər halda onlar qadın təsvirlərindən sonradır. Belə
ki, Qobustanda bir neçə yerdə öküz təsviri qadını kəsir (Böyükdaş, yuxarı səkidə
29, 43, 78 №-li və Kiçikdaş dağında Qayaaltı sahənin 5 №-li daşında), lakin bir
114
yerdə belə, qadın təsvirinin öküzü kəsməsi qeydə alınmayıb. Bu o demək deyil ki,
Qobustanda üst Paleolitin sonları - Mezolitin əvvəllərində qayalarda qadın
təsvirləri çəkilən zaman bu yerlərdə öküz olmayıb. Əksinə, Qobustanda (və
Abşeronda) Qobustan öküzləri tipli, Binəqədi qır qalıqlarından tapılmış
«Məstanzadə» öküzləri yaşayarkən çox güman ki, bu yerlərdə heç həyat
olmamışdır (hər halda o yaşda həyat izi, Şərqi Azərbaycanda hələlik bizə məlum
deyil).
Qobustanda öküz təsvirləri çoxdur. Sözsüz ki, onların çox qədimləri də, gec
çəkilmişləri də var. Qədim Qobustanda öküz əsas ov obyekti də olmayıb. Ona görə
də bir sıra «tərs» suallara cavab tapmaq çətin olduğundan onların hər biri haqda və
ya dövrlər üzrə tarix demək də çətindir. Lakin qadına pərəstişlə öküzün totem
olması onların eyni dövrə aidliyini, həmişə öküz qadından sonra çəkilsə də,
qədimliyini göstərir.
Qabaqda qeyd etmişdik ki, qədim Qobustanda ən çox ceyran və gur
ovlanmışdır. Lakin onların təsvirləri azdır. Onlar da, az olsalar da, əsasən qədim
düşərgələrdə və onlara yaxın yerlərdədir. Ceyran şəkilləri keçiyə, gur şəkilləri isə
ata oxşadığından ayrı-ayrılıqda hər birinin tarixini müəyyənləşdirmək çətindir.
Lakin ümumən ceyran təsvirlərini gur şəkillərindən daha qədimdən çəkildiyini
söyləmək olar. Çünki «Qayaarası» düşərgəsində ən çox ceyran ovlanması görünür
bu yerlərdə hələ gurların məskunlaşmaması ilə əlaqədardır. Bundan sonrakı bütün
dövrlərdə ceyran da, gur da başqa heyvanlar da həmişə yaşamışlar. Ona görə də
onların tarixinin hər tip, fərd üçün ayrı-ayrılıqda müəyyənləşdirilməsi çox çətindir.
Bu çox böyük problemdir və onun həlli bizim bu işimizin çərçivəsindən kənardır.
Bir də ki, bizim söhbətimizin əvvəllərində də bu məsələlərlə əlaqədər fikirlərimiz
olub.
QOBUSTANDA KEÇMİŞ VƏ İNDİKİ VƏZİYYƏT
Qobustanda aparılmış arxeoloji qazıntılar, müşahidə və tədqiqatlarımızın
nəticələri göstərir ki, Böyükdaş və Kiçikdaş dağları ərazisində həyat üst Paleolitin
sonundan -Mezolitə keçid dövründən başlamış və orta əsrlərə qədər davam
etmişdir. Burada həyat Daş dövründən antik dövrə qədər xüsusən qaynar olmuş,
orta əsrlərdən, görünür iqlimin dəyişməsi, rütubətin azalması, quraqlığın
çoxalması, torpağın şoranlaşması, bitki örtüyü və heyvanat aləminin kasıblaması
get-gedə yaşayış şəraitinin pisləşməsinə səbəb olmuşdur. Lakin Qobustanda həyat
tam kəsilməmiş, maldarlar üçün qışlaqlarda da olsa XX əsrə qədər davam etmişdir.
Qobustanda Daş dövrü yaşayış yerlərinin çoxluğu o dövrdə burada yaşayışın daha
qaynar olması ilə bağlıdır ki, ən çox qayaüstü təsvirlər də o dövrdə yaradılmışdır.
Qobustan abidələri həyatla yanaşı yaranmağa başladığı kimi bu minillər
ərzində hər cür təsirlərə də məruz qalmış, bir yandan yaranıb çoxalan abidələr bir
yandan da korlanmış, dağılmış, silinmişdir və s. Əlbəttə, abidələrin saxlanmasına
115
belə mənfi təsir həm insanlar (elə çox qədimdən, onların özlərinin dövründən
indiyə kimi), həm də təbii qüvvələr (su, külək, günəş, soyuq, zəlzələ və s.)
tərəfindən edilmiş və nəticəsi ondan ibarətdir ki, bizim götür-qoylarımıza görə
qayalar üzərində döyülmüş. sürtülmüş, qazılmış, cızılmış qədim rəsmlərdən bizə
qədər gəlib çatan (qeydə alınmışları) çox az faiz təşkil edir. Elə qaya sahələri var
ki, külək onun səthində şəbəkə düzəldib, ovub töküb, kənar hissələrdə isə orda-
burda xətt qalığına (yəqin ki, qədim şəkil qalığı izləri) rast gəlinir. Qədim
şəkillərdən bir qismi yenə də daşın yumşaqlığından yağış suları ilə yuyulub tamam
və ya hissə-hissə silinib (məs. Böyükdaş dağı aşağı səki sahəsi üzrə 1 №-li daşın
şərq üzünün cənub hissəsindəki gəmi təsvirləri kimi); bir hissə qədim təsvirlər
qazılmış olduqları qaya səthinin isti və soyuğun, yağış və küləyin təsiri ilə lay-lay
qopub düşmüşdür (misal üçün Böyükdaş dağı yuxarı səki sahəsində 39 və 67 №-li
qayalardakı «yallı» səhnələrinin hissələri kimi). Qeyd edək ki, 67 №-li qayadakı
«yallı» səhnəsində 1948-1950-ci illərdə İshaq müəllim yuxarı cərgədə 5, altdakı
cərgədə 7 adam olmaqla 12 adam rəsmi qeydə alıb, çap da edib. İndi bu səhnədə 10
adamın rəsmi qalıb, hər cərgənin sol tərəfində qayadan bir lay (təbəqə) qopub.
Bunlardan başqa çox yerdə, xüsusən qayaların altında və sığınacaq tipli örtülü
yerlərin divarlarında da min illər ərzində müxtəlif dövrlərin adamları tərəfindən
qaya - daşın dibində qalanmış ocaqların da istisi daşı (əhəngi) yandırıb korlamış və
oradakı şəkilləri məhv etmişdir.
Qobustana ən böyük ziyanı tikinti üçün daş kəsənlər vurub. Bu iş xüsusən
şəhərsalma ilə əlaqədar, binaların yonma ağ daşdan tikildiyi vaxtlardan
başlanmışdır. Bakıdakı bir çox binaların keyfiyyətli daşları (o cümlədən Xan sarayı
kompleksinin daşları hələ XV əsrdən, çox güman ki, ondan da qabaqdan)
Qobustandan araba və dəvə ilə daşınıb gətirilmişdir. Bu iş - qayaları partladıb daş
qırmaq əsrimizin 40-cı illərində Qobustana qarşı çox güclü, dağıdıcı düşmənə
çevrilmişdir. Nəticədə, Böyükdaş və Kiçikdaş dağlarının ətəklərində çox böyük
sahələrdə minlərlə qayalar partladılıb, daşı doğranıb daşınmış, yerlə-yeksan
edilmişdir. Qayaların partladılması ilə (özü də insan yaşayışı üçün ən əlverişli,
qədim düşərgə yerlərdə olan qayalar) nəinki minlərlə şəkillər eləcə də başqa maddi
qalıqlar məhv edilmişdir. Bu cür yerlərə baxdıqca adamı dəhşət götürür. Belə ki,
Böyükdaş dağının cənub və cənub-şərq ətəyi qayaları (yeri gəlmişkən qeyd edək
ki, yaşlı yerlilərin dediyinə görə vaxtilə bu sahədə olmuş nəhəng qayaların dibində
bütöv qoyun sürüsü, mal naxırı kölgələnə bilirmiş); dağın yuxarı səki sahəsindəki
su quyusu ətrafında qədim yaşayış yerlərini örtmüş qaya çıxıntıları; «Ana zağa»
düşərgəsi ətrafındakı qayalar; Kiçikdaş dağının şərq ətəyi və cənub qurtaracağı
sahələrinin qayaları üzərindəki qədim şəkillər və yaşayış yerləri məhv edilmişdir.
Azərbaycan EA Tarix İnstitutunun Qobustanda qədim qayaüstü təsvirləri
aşkar etdiyi vaxtdan, Qobustanda qayaların sındırılmasına qarşı mübarizəsinə
baxmayaraq 1950-ci illərin əvvəllərinə kimi daşların partladılıb əl ilə doğranması
davam etmiş, hətta üzərində qədim şəkillər olan, qeydə alınıb nömrələnmiş bir
116
neçə daş (Böyükdaş dağı aşağı səki sahəsi üzrə 15, 203, 212, 216, 220 və s. kimi
şəkilli daşlar) da 1950-ci ildə sındırılıb məhv edilmişdir. 1951-ci ildən isə
Qobustan abidələri mexanikləşdirilmiş Duvannı daş karxanasının «dəyirmanında
üyüdülməyə» məruz qaldı. Böyükdaş dağının üstünə, karxananın işləməsi üçün yol
çəkilməsi, yüksək gərginlikli elektrik xətti çəkilməsi də neçə-neçə qayanın bu işə
mane olmaması üçün partladılıb götürülməsinə səbəb oldu.
Böyükdaş dağının hər tərəfdən sıldırım qaya ilə əhatələnmiş, daş dövründə
Qobustan qəbilələrinin qovma üsulu ilə ov etməsi üçün təbii tələsi, Tunc dövründə
qonşu qəbilələrin basqınından qorunduqları təbii möhkəm yaşayış yeri
(«Böyükdaş» yaşayış yeri) olmuş düzən zirvəsində mexanikləşdirilmiş daş
karxanası açıldı. Onun fəaliyyəti nəticəsində qədim Qobustan sakinlərinin maddi-
mədəniyyət qalıqları buldozerlə süpürülüb atılmış, dağın üstü eybəcər hala
salınmış, dağın tam dağıdılması üçün real şərait yaradılmışdır. Bu vəziyyət haqda
yuxarıda yeri gəldikcə danışmışıq.
Bəli, Qobustan abidələrinin başına nə oyunlar açılmayıb? Bu suala
Qobustanın Daş dövrü sakinlərindən biri «Kirpi» jurnalında belə cavab vermişdi:
- Ey mənim nəticə-kötükcələrim, mən sizin fəxrlə haqqında danışdığınız bu
abidələri minilliklər boyu, qışın soyuğunda, yayın istisində, daş alətlərlə, ovum
uğurlu olduqda tox, olmayanda ac, qarına yaratdım. Sizin üçün yadigar tarix
qoydum. Minilliklər boyu ruhum onların yanına qayıtdıqca təsəlli tapır, şad olurdu.
İndi siz, neçə vaxtdır ki, onları dağıtmaqla məşğul olmusunuz. Söz düşəndə isə
məni ibtidai insan, vəhşi, geri qalmış adlandırırsınız. Bu necə olur? Yaradan mən,
bağışlayan mən laqeydcəsinə dağıdan siz, vəhşi, geri qalmış ibtidai mən, mədəni
siz? Bağışlayın, mədəni kimdi, vəhşi kim? İnciməyin!..
Qobustanda qədim qayaüstü təsvirlərin elm aləminə məlum olması
Qobustan abidələrinin tam dağılmasının qarşısını almağa bir qədər kömək etdi.
Şəkilli daşların axtarılıb qeydə alınmasına başlandı. Onların üzərində iri ölçüdə
(gözə çarpan) inventar nömrələri yazıldı, toxunulmazlıqları haqda qərarlar
çıxarıldı, tapşırıqlar verildi. Müəyyən qədər əl ilə daş sındırılmasının qarşısı alındı.
Mexanikləşdirilmiş daş karxanasının fəaliyyətə başlaması ilə qayaların partladılıb
doğranması dayandırıldı.
Qobustan abidələrinin qorunub saxlanması naminə, Tarix İnstitutu o vaxt
müraciət və məktublarla yuxarı orqanlar qarşısında məsələlər qaldırmış, lakin
Böyükdaşda mexanikləşdirilmiş daş karxanasının açılmasına mane ola bilməmişdi.
Rəhmətlik İshaq müəllim deyirdi:
- Bir dəfə Mir Cəfər Bağırov (o vaxtkı Azərbaycan KP MK-nın birinci
katibi) məni yanına çağırtdırıb dedi: «Yoldaş Cəfərzadə, nə deyirsiniz, qayalarda
bir neçə cızıq tapmısınız deyə istəyirsiniz ki, müharibədən qayıtmış, Hitlerə qələbə
çalmış əsgərlərimiz üçün ev tikməyək?»
Aydın idi. Amirlik dövründə baş katibin bu amiranə sözünə kim etiraz edə
bilərdi?
117
Qeyd edək ki, Böyükdaş dağının (sonra da Kiçikdaş dağının) üstündə daş
karxanasının açılması və buna icazə verilməsi böyük tarixi səhv, tarixi abidələrə
qarşı görünməmiş cinayət idi. Ona görə ki;
1. Mexanikləşdirilmiş daş karxanası açılarkən qədim qobustanlıların yaşayış
yeri, öz təbii quruluşu, müxtəlif tarixi dövrlərin çoxlu abidələrini özündə
saxlaması, bütövlükdə Böyükdaş dağının özünün tarixi abidə olması nəzərə
alınmamışdı.
2. Daş karxanası işə başlayana qədər dağın Tunc dövründə təbii qala kimi,
yaşayış yerinə çevrilmiş yastı zirvəsi tədqiq edilməmişdi.
3. Nəzərə alınmamışdı ki, dağın üstünü örtmüş 15-20 metr qalınlığında
əhəng daşı layı, üstü şərqə tərəf maili olan dəniz dibinin, su keçirməyən gilin
üstündədir. Burada daş karxanasının fəaliyyəti nəticəsində, daşın kəsilməsi ilə
alınacaq çalaya yığılacaq yağış sularının qaya örtüyü ilə dəniz gilinin arasına
düşməsi qayaların minillər ərzində təbii şəkildə qopub şərqə tərəf diyirlənməsilə
dağın görkəminin dağılması prosesi 100 dəfə, 1000 dəfə sürətlənə bilər.
Beləliklə, nə bunları nəzərə alan, nə də tarixçilərin abidələrin qorunması
üçün qaldırdıqları səsi eşidən oldu. Beləcə, düz 15 il alimlər Qobustanda qayaüstü
təsvirlərin öyrənilməsi və arxeoloji qazıntılarla öz tədqiqatlarını Qobustan
qayalarını kəsib əridən daş karxanası ilə qonşuluqda aparmalı oldular. Bu dövrdə
nəinki dağın üstü doğranıb dərinləşdi, eləcə də gecə-gündüzlü iş şəraitində,
karxanada işçi qüvvəsi kimi istifadə edilən məhbusların (onlar düşərgələri ilə
karxana arasında azad gəzirdilər) qədim şəkillərin üstündən yazdıqları avtoqraflarla
Qobustan abidələrinə daha bir zərbə vuruldu. 1962-1963-cü illərdə Böyükdaş
dağının üstünə yolu qısaltmaq üçün açılmış tunel dağın qədim şəklini də dəyişdi.
Sonra Respublika Tikinti Materialları Nazirliyi Böyükdaş dağının üstündən
milyonlarla doğranmış daş çıxarmaqla Kiçikdaş dağının zirvəsini də karxana üçün
hazırlamağa başladı.
1965-ci ildən mən Qobustanda geniş arxeoloji qazıntı işləri aparmağa
başladım. həmin il «Çardağ zağa», «Qara zağa» IV daşaltı sığınacaq və «Ana
zağa»da, 1966-cı ildə yenə «Ana zağa» və 1 və 2 №-li kurqanlarda qazıntı
aparmaqla yanaşı daş karxanasının Böyükdaş dağına (onun tarixi-arxeoloji
abidələrinə) vurduğu zərbələr və bu zərbələrin gələcək nəticələri haqda fikirləşməli
oldum. Daş karxanasının maneəsiz genişlənməsinin nəticəsinin gətirə biləcəyi
ziyan gündən-günə iri görünür və bu haqda təbil çalınmasını tələb edirdi.
Bu yolda ilk addım Qobustanda qədim qayaüstü təsvirlər, qədim düşərgə və
yaşayış yerləri, kurqan abidələri saxlanmış Böyükdaş, Kiçikdaş, Cingirdağ və
Yazılıtəpə sahələrinin 1966-cı ildə Respublika Nazirlər Sovetinin 9 sentyabr tarixli
503 №-li qərarı ilə Mədəniyyət Nazirliyi nəzdində Qobustan Dövlət Tarixi-Bədii
Qoruğu elan edilməsi oldu.
118
Yeri gəlmişkən qeyd edim ki, Qobustan ərazisinin qoruq elan edilməsi üçün,
Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru mərhum Zelik Yampolskinin
əməyi çox olub. Allah ona rəhmət eləsin.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 1967-ci il fevral ayından fəaliyyətə
başladı və bu vaxtdan Qobustan abidələrinə maraq və diqqət artdı. 1971-ci ildə
Qobustan abidələri üzərində Duvannı daş karxanasının dağıdıcı işi dayandırıldı, O
vaxta qədər dağıdılan dağılmış, sındırılan sınmış, itən itmişdi, Bundan sonra daş
karxanasının dağıdıcı fəaliyyətinin izlərini silmək, Qobustanı abadlaşdırmaq,
onu geniş və hərtərəfli öyrənmək, onu milli mənlik timsalına çevirmək və sözsüz,
xarici turizmə şərait yaratmaq üçün (hökumət və partiya qərarları verildi.
Qobustan qoruğu ərazisinin abadlaşdırılması, (ətrafına sərhəd işarələri vurulması,
bəzi sahələrinin hasara alınması, Səlyan şossesindən, Səngəçal qəsəbəsi yanından
Cingirdağ sahəsinə, oradan Kənizə dağının şərq ətəyi ilə Böyükdaşa və Kiçikdaşa,
oradan da yenə Səlyan şossesinə çıxan, qoruq ərazisində isə bu yoldan turistlərin
abidələrin yığcam sahələrinə gedə biləcəyi qollar ayrılan yol çəkilməsi, Böyükdaş
dağının ətəyində muzey kompleksi və muzeyə giriş arkası və s. planlaşdırıldı.
1976-cı ilə kimi Qobustan ərazisinin abadlaşdırılması və yollar çəkilməsinin
planları Azərbaycan Dövlət Layihə İnstitutu və Bakı soveti tərəfindən hazırlandı.
Lakin get-gedə bu qərarların həyata keçirilməsi işinə maraq azaldı. Hazır
layihələrin maliyyələşdirilməsi, abadlıq işləri və yollar çəkilməsi planının icrası
yaddan çıxdı. Qobustan dildən-dilə düşsə də turkistlərin və ekskursiyaların, eləcə
də sərbəst gələnlərin sayı getdikcə artsa da, bununla yanaşı baxımsız Qobustanın
dərdi də artdı. Qapısız, hasarsız Qobustan muzeyi onu görməyə gələnlər üçün
dönüb oldu, necə deyərlər, açıq şəhər. Dağın ərazisində nəzarətsiz gəzənlər,
xüsusən məktəblilər (bəzən elə böyüklər də) və çobanlar addımbaşı, «qədim
babaları» kimi qayalarda aftoqraflar yazmağa və bununla da Qobustanın qədim
təsvirlərini korlamağa başladılar. Bunun üçün tək Qobustan qoruğunu təqsirkar
etmək düz deyil, Çünki davamiyət, özü də nəzarətsiz davamiyət, çoxaldıqca
nəzarəti də artırmaq lazım idi. Qoruğun az miqdar elmi işçisi və ekskursiya
aparıcısının gücü, nəinki üç dağın ərazisi, İç Böyükdaş dağının ekskursiya
marşrutuna daxil edilmiş sahəsini belə tam nəzarətdə saxlamağa çatmır.
Get-gedə Qobustan unudulmağa başladı: Mədəniyyət Nazirliyinin Qobustan
kimi zəngin, ümumbəşəri əhəmiyyətə malik, Azərbaycan xalqının on minillik
tarixinin güzgüsü olan açıq səma altındakı bu muzeyə hansısa ev muzeyi ilə bir
səviyyədə baxması Qobustana olan marağın get-gedə zəifləyib aşağı düşməsinə
səbəb oldu.
Qobustan abidələri aşkar edildiyi vaxtdan cəmi iki dəfə lazımi qədər diqqət
mərkəzində olub. Onlardan, bir dəfə Qobustanda qədim qayaüstü təsvirlərin
varlığının aşkara çıxarılıb öyrənilməyə başladığı ilk illərdə - 1950-ci illərin
əvvəllərində, ikinci dəfə Qobustanda qoruq yaradılmasından sonrakı 5-6 il ərzində.
Hər iki halda Qobustana marağın, onun bir tarixi mərkəz, qədim mədəniyyət ocağı
119
kimi qiymətləndirilməsinin əsas şərtini vəzifəli şəxslərin, akademiya və
Mədəniyyət Nazirliyi rəhbərliyinin Qobustana hörmətində, onların sözdə yox, işdə
Qobustan abidələri ilə maraqlanması və ona qiymət verməsində, onun da
nəticəsində Qobustana, adicə olaraq, tez-tez getmələrində görürəm.
Birinci hal üçün. Qobustan hələ yenicə açıldığı, çoxlarının hələ Qobustanın
qədim mədəniyyət ocağı olmasını inkar etdiyi, Qobustan qayaüstü təsvirlərinin
səyyar ovçular və çobanların əməlləri olduğunu düşünənlər olduğu vaxt respublika
Elmlər Akademiyasının prezidenti, dünya şöhrətli alim Yusif Məmmədəliyevin və
Azərbaycanın xalq şairi, ölməz Səməd Vurğunun (16-cı tablo. şəkil A və B), eləcə
də institut direktorları, elmlər doktorlarının tez-tez Qobustana getməsi, abidələrlə
maraqlanması, Qobustanın əhali arasında tanınması, onun hörmətinin artmasını
bilavasitə təmin etmişdi.
İndi Böyükdaş dağındakı muzey binası o vaxt daş karxanasına edilmiş bəzi
güzəştlər əvəzində, onun hesabına, Qobustanı öyrənən arxeoloji ekspedisiya üçün
baza tikilmişdir.
İshaq müəllim deyirdi ki, o binanın tikintisini razılaşdıq. Sonra planı, cizgisi
hazırlandı. Karxana işə başlamağı gecikdirirdi. Bir dəfə akademiyada Səməd
Vurğunla görüşəndə məndən binanın tikintisinin nə yerdə olduğunu soruşdu.
Gileyləndim. Dedim: - Ay Səməd, çox o yan-bu yan edirlər, gecikdirirlər, işə
başlamaq istəmirlər. O qayıtdı ki, Əə, ay İshaq, Səməd Vurğun ölməyib ki, kefini
pozma, onlar tikməz, mən özüm tikdirərəm, öz pulumla, qorxma sizin rahat
işləməniz üçün bina tikiləcək.
Bəli, Səməd Vurğun kimi adamın bu cür qiyməti və ürək-dirəyindən sonra
Qobustanın qədim mədəniyyət ocağı olmasına kimdə şübhə qala bilərdi. İlk
illər göstərilən yüksək şəxslərin tez-tez Qobustana getməsi, Qobustanın
öyrənilməsi üçün ekspedisiya təşkili və onun hər cür təchiz edilməsi Qobustanın
tanınması üçün əsas şərt olmuşdu.
İkinci dəfə Qobustan ərazisində dövlət qoruğu yaradıldığı gündən, şəxsən
mədəniyyət naziri, görkəmli bəstəkarımız Rauf Hacıyevin və müavini Rüstəm
Babaxanovun dövründə xüsusi diqqət mərkəzində olmuşdur. Həm nazir, həm də
nazir müavini tərəfindən bu diqqət heç də bəzilərinin o dövrün iyrənc
münasibətləri əsasında, mənim direktor kimi şəxsi «qulluğum» müqabilində
olduğunu düşünə biləcəkləri səbəbdən deyildi. Əksinə, hər iki rəhbərin (nazir və
müavinin) xalqımızın keçmiş tarixi və mədəniyyətinə hədsiz hörməti, bu sahədə
Qobustan abidələrinin əhəmiyyətini dərindən başa düşmələrinin nəticəsi idi. (Mən
Qobustan qoruğunda ilk direktor olduğum 10 ilin 5-6 ilini R. Hacıyev və R.
Babaxanovun rəhbərliyi altında, qalanını Zakir Bağırovun Nazir, Nəbi Xəzri və
Teymur Əliyevin nazir müavini olduqları vaxt işləmişəm). R. Hacıyev və R.
Babaxanovun vaxtında Qobustan qoruğunun təşkili, onun əsl mənasında açıq səma
altında, minilliklərin tarixini orijinaldan nümayiş etdirən bir muzeyə çevrilməsi
bütün mədəniyyət nazirliyinin bir nömrəli qayğısına çevrilmişdi. Nazirliyin
120
tabeliyində olan bütün idarə və təşkilatlar (təchizat idarəsi, təmir və istehsal sexləri,
plan büroları və s.) rəhbərliyin xüsusi tapşırığı ilə sözsüz və tam təmənnasız
Qobustana kömək etməli, onun sifarişlərini növbədənkənar, birinci yerinə yetirməli
idi. Qobustanın başqa nazirlik və yuxarı təşkilatlardan asılı işi olduqda mütləq zəng
çalar, nazir və ya müavin adından Qobustana kömək etməyi xahiş edərdilər.
O vaxt nazir və müavini heç olmasa ayda bir dəfə (bəzən 2-3 dəfə)
Qobustana gələrdi, qonaq gətirərdi, ya da elə özü istirahət gününü Qobustanda
keçirərdi. Bəzən abidələr haqda, məndən qabaq qonağa R. Babaxanov özü izahat
verər, ekskursiya başlayardı. Nazir və müavinin Qobustana gəlməsi adamlarda,
Qobustan qəsəbəsinin rəhbər və ziyalıları arasında ən tutarlı təbliğat rolu oynayırdı.
Yadımdadır, bir dəfə R. Babaxanov xəbər göndərdi ki, sabah səhər saat 8-in
yarısında Qobustanda olum, qonaq gələcək. Oldum. sonra saat 8-də Rüstəm
müəllim öz maşınında bir nəfərdə gəldi. Məlum oldu ki, qonaq Fransa
baletinin ulduzu Serj Lifardır. O, Moskvada R. Hacıyevlə görüşüb Qobustan,
oradakı kollektiv rəqs səhnələri, onların çox qədimliyi haqda ondan
məlumatlandıqdan sonra bir saatlığa da olsa Qobustanda olmaq, qədim «yallı»
təsvirlərini görmək istədiyini bildirib, Təcili olaraq lazımı razılıqlar, Bakıya və
geriyə uçmağa təyyarəyə bilet alınıb, R. Babaxanova qonağı qarşılamaq,
Qobustana aparmaq və qaytarıb saat 13. 00-da Moskvaya yola salmaq haqda
tapşırıq verilib. Elə də oldu. Qonaq aeroportdan bir-başa Qobustana gəldiyi kimi
Qobustandan da birbaşa aeroporta qayıtdı. O qobustanda qədim yallı
şəkillərini gördü və Qobustan haqda geniş məlumat aldı. (Qeyd edim ki, Serj Lifar
yaşlı və əslən ukraynalı idi. O inqilab vaxtı, cavan olanda, ailəsi ilə Fransaya
köçübmüş, ona görə də bizimlə rahat rus dilində danışır və izahımızı dinləyirdi).
Məncə, daha artıq izaha ehtiyac yoxdur. R. Hacıyevin təbliğatı öz bəhrəsini
verdi. Fransa ilə Azərbaycan balet məktəbləri arasında o vaxtkı mübadilə,
«Qobustan kölgələri» baletinin Fransaya getməsi ilə nəticələndi.
Sonrakı illərdə R. Hacıyev də R. Babaxanov da nazirlikdən getdilər, yerinə
yeniləri gəldi, get-gedə Qobustana maraq, baxım azaldı. Qobustan muzeyi də adi
ev muzeyləri ilə yanaşı qoyuldu.
Qobustan abidələri elmimizin, tariximizin, xalqımızın fəxridir. Onu
qorumaq, öyrənmək, təbliğ etmək lazımdır. Bunun üçün:
1. Qobustanın abadlaşdırılması, yollar çəkilməsi və heç olmasa hələlik
Böyükdaş dağı ətrafının hasarlanması işi təxirə salınmadan həyata keçirilməlidir.
2. Qobustan qoruğunun ehtiyaclarından doğan hər cür təsərrüfat işləri və
Qobustanda qonaqların rahatlığı üçün lazımı işlər görülməlidir.
3. Qobustanın hər bir daşının toxunulmaz muzey eksponatı olduğunu
nəzərə alaraq Qobustan qayaları - Qobustan abidələri arasında nəzarətsiz
gəzintilərin qarşısı alınmalı, iş şəraiti yaxşılaşmalı və abidələri qorunması
məsələsi sistemli olaraq, səmərəli şəkildə həll edilməlidir.
121
4. Qobustana gələnlərə və turistlərə hər vaxt və yüksək səviyyədə
qulluq etmək, onların hər birinə abidə haqqında lazımı məlumat vermək üçün
xüsusi rejim - qayda yaratmaq lazımdır.
5. Qobustan beynəlxalq miqyasda reklam olunmalı, o haqda bukletlər,
bələdçilər, açıqcalar, döş nişanları və s. çapların keyfiyətli buraxılması və geniş
yayılması təşkil edilməlidir.
6. Qobustan abidələrinin tədqiqini sürətləndirmək, bunun üçün Qobustan
arxeoloji ekspedisiyasının iş şəraitini yaxşılaşdırmaq, Qobustanın qədim qayaüstü
təsvirləri - Qobustan petroqliflərinin tam çapı təşkil edilməlidir. Əfsus ki, Qobustan
abidələrinin tədqiqi üçün lazımı şərait və köməklik göstərilmir. Elmi axtarışlar bir
növ «həvəskar» səviyyəsində aparılır. Abidələrin qorunması üçün qoruğun lazımı
qədər qüvvəsi və imkanı yoxdur. Qobustan qoruğunun yaranmasından 28 il keçir.
Qobustan beynəlxalq turizm marşrutuna daxil edilmişdir. Son illərdə tarixi
mövzulu məclislər, respublika televiziyası, bir çox tədbir və çıxışlar Qobustan
haqda söz demək və ya Qobustan lövhələrini göstərməklə başlayır. Kimdən
soruşulsa - Qobustan nədir? Cavab verər ki, babalarımızın yurdu, qədim
mədəniyyət ocağımız fəxrimiz və s. Lakin atalar deyib ki, «bal-bal deməklə ağız
şirin olmur. Qobustana gurultulu çıxışlar, pafoslu sözlər yox, əməli kömək, onun
qeydinə qalmaq, onu abadlaşdırmaq, ondan həm milli mənliyimizin təbliği, qədim
tariximizin öyrənilməsi, həm də indiki zamanda gəlir götürmək üçün də istifadə
etmək gərəkdir. Bu
işlər üçün 22-23 il əvvəl respublika hökumətinin müvafiq qərarları olub,
tapşırıqlar verilib. Bəs bu qədər vaxtda nə iş görülüb? Qobustana yollar
çəkilməsinin, qoruğun abadlaşdırılmasının başqa planı hazırlanıb. Vaxt keçib, iş
yoxdur. Atalar deyib. «Pul qoy pul götür». Bəli, abadlıq işləri vaxtında aparılsaydı,
Qobustan xarici turizm üçün lazımi şəkildə reklam edilsəydi, indi gəlir valyuta ilə
hesablanardı. Yaddan çıxarmaq lazım deyil ki, Qobustan qədim tariximizin inkişaf
güzgüsü, mədəniyyət ocağımız, kimliyimizin, qədim kökümüzün carçısı, açıq səma
altında nə qədimlik dərəcəsi, nə də dövr müxtəlifliyi və bir ərazidə yığcamlığı və s.
cəhətdən bərabəri olmayan bir muzey, bir incidir.
Dostları ilə paylaş: |