CƏFƏrqulu rüSTƏmov



Yüklə 225.42 Kb.
PDF просмотр
səhifə2/10
tarix25.04.2017
ölçüsü225.42 Kb.
1   2   3   4   5   6   7   8   9   10

QOBUSTAN  QAYAÜSTÜ TƏSVİRLƏRİNİN AÇILMASI TARİXİNDƏN 
 
Qobustanın  qədim  qayaüstü  təsvirləri  haqda  ilk  məlumat  1938-ci  ildə 
alınmışdır. Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı Azərbaycanın əməkdar 
elm  xadimi,  mərhum  İshaq  Cəfərzadənin  dediklərindən:  «1938-ci  ilin  noyabr 
ayında  Azərbaycan  Xalqlar  Dostluğu  Muzeyinin  (indiki  Azərbaycan  Tarixi 
Muzeyi)  ekspozisiyasına  baxmağa  gəlmiş  maşın-təmiri  trestinin  mexaniki  Dmitri 
Antonoviç  Antopov  adlı  bir nəfər  muzeyin  işçilərinə  (o  zaman  İshaq  müəllim  də 
muzeydə  işləyirmiş)  danışır  ki,  1924-cü  ildə  Kabristan  ərazisində  ovda  olarkən 
söngəçal dəmiryol stansiyasından təxminən 10-15 km qərb tərəfdə üzunsov və düz 
zirvəli  yastı  bir  dağın  (Cingirdağ  nəzərdə  tutulur)  ətəyindəki  nəhəng  bir  qaya 
parçası üzərində əlində nizə tutmuş atlı təsviri və ona  məlum olmayan qrafika ilə 
yazı, bu yerdən 7-8 km şimalda, Miyəcik qəsəbəsindən (vaxtilə neft kəşfiyyatçıları 
üçün salınmış bu qəsəbənin indi yalnız geri qalıb) bir qədər şimal, qərbdə köhnə bir 
karvansaranın  uçuqlarını  görmüşdür»  (Bu  karvansara  XV  əsr  karvansaralarından 
biridir.  O  xalq  arasında  Qaraçı  karvansarası  adı  ilə  məlumdur  və  Azərbaycanda 
memarlıq abidələri siyahısına daxildir). 
Antonovun 
bu 
məlumatına 
qədər  nəinki  Qobustanda,  ümumən 
Azərbaycanda  qədim  qayaüstü  təsvirlərin  olması  haqda  heç  bir  məlumat  yox  idi. 
Ona görə də bu məlumat muzey işçilərini olduqca maraqlandırdı. Lakin məlumatın 
yoxlanılması məsələsi bir qədər mürəkkəb idi. Tarix muzeyinin belə bir məlumatı 
yoxlamaq  üçün  səfər  təşkil  etməsi  bir  sıra  maddi  və  texniki  imkanların  azlığı 
üzündən  çətin  idi.  Ona  görə  də  1939-cu  ilin  ilk  aylarında  bu  haqda  SSRİ  EA 
Azərbaycan 
filialının  Tarix,  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun 
müdiriyyətinə  məlumat  verilir.  Tarix  İnstitutu  məsələnin  əhəmiyyətini  nəzərə 
alaraq  1939-cu  il  may  ayının  12-də  məlumatları,  onların  tarixi  əhəmiyyətini 
yoxlamaq üçün Qobustan zonasına bir günlük səfər təşkil edir. 
Qobustana  ilk  elmi  səfərin  iştirakçıları  çox  çətinliklə  olsa  da  Cingirdağın 
ətəyinə gəlib Yazılıtəpədə Antonovun dediyi süvari təsvirini tapmış və ətrafdakı bir 

13 
 
neçə  qayada  çox  iri  ölçülü  dağ  keçisi  təsvirləri    olduğunu  qeydə  alıb  Bakıya  
qayıtmışlar. 
Bu səfərdən 5 gün sonra 17-20 may 1940-cı il tarixdə Qobustan ərazisinə 4 
gün davam edən ikinci səfər təşkil edilmişdir. İ. Cəfərzadədən başqa İ. P. Şeblikin, 
N. Q. Mel (Korçakova), Y. A. Paxomov və  muzeyin iki işçisinin də iştirak etdiyi 
bu  səfər  zamanı  Antonovun  göstərdiyi  Miyəcik  (və  ya  Qaraçı)  karvansarasından 
başqa  Puta  dəmiryol  stansiyası  yanındakı  karvansaraya  (Yenqi-yeni),  Səngəçal, 
Ağ-Arqun  karvansaralarına,  Sofu  Həmid  pirinə,  Ceyrankeçməz  çayı  üzərindən 
karvan körpüsünə və s. abidələrə də baxılmışdır, 
Qobustan  ikinci  səfərdə  yenidən  Cingirdağın  ətəyindəki  Yazılıtəpədə  daha 
bir  neçə  şəkilli  qaya  aşkar  edilib  qeydə  alınır,  yerli  əhali  (bu  ərazidə  olan 
qışlaqların  maldarları)  ilə  söhbətlər  aparılır  və  çobanlar  deyirlər  ki,  Yazılıtəpədə 
daşlar  üzərindəki  şəkillərdən  Kənizə  dağından  cənub  tərəfdə,  Duvannı  dəmiryol 
stansiyasından (indiki Qobustan qəsəbəsi) qərb və cənub-qərb tərəfdəki Böyükdaş 
və Kiçikdaş dağlarının qayaları üzərində də vardır. 
Cəfərzadənin  dediyinə  görə,  ilk  dəfə  (I  səfərdə)  buradakı  maldarlar  və 
onların  ailə  üzvləri  arxeoloqlara  yaxın  gəlmək  istəməmişlər.  Lakin  onların  nə 
məqsədlə  gəldiklərini  bildikdən  sonra  kömək  etməyə,  yeni  abidələr  haqqında 
məlumat verməyə başlamışlar. Qaraatlı piri və Qaraatlı qəbiristanlığındakı daş atlı 
heykəli  haqda  əfsanə  də danışmışlar. 
İkinci səfər zamanı alimlər Kiçikdaş dağı ərazisində, Qaraatlı qəbiristanlığı 
yaxınlığındakı bir neçə qaya üzərində də qədim şəkillər aşkar edir, pirin özünü də 
nəzərdən keçirərək Bakıya qayıdırlar. 
Bir  neçə  kəlmə  Qobustan  qayaüstü  təsvirlərinin  kim  tərəfindən  aşkar 
olunması  haqqında.  Yuxarıda  göstərdiyimiz  kimi  mexanik  D.  Antonovun 
məlumatından sonra Qobustan qayaüstü təsvirlərinin tədqiqi ilə ilk İ. M. Cəfərzadə 
məşğul olmuşdur. Lakin ədəbiyyatda bu işi öz adı ilə bağlamaq fikrində olanlara da 
rast gəlmək olur. Bu səpkidə iki tapılmış paleontoloqun - N. K. Vereşakin və N. O. 
Burçak-Abramoviçin yazıları vardır. Onların birgə nəşr etdirdikləri iki məqaləsi və 
Vereşakinin  tək  nəşr  etdirdiyi  kitabçasında  (bax:  ədəbiyyat  siyahısı)  göstərilir  ki, 
1945-ci  ilin  yazında  onlar  «Qızılqum»  və  «Kiçikdağ  (Böyükdaş  və  Kiçikdaş 
dağları  nəzərdə  tutulur)  qayaları  üzərində  şəkillər  qeydə  almışlar  və  sonra  İ.  M. 
Cəfərzadəyə  məlumat  vermişlər.  Məqalədə  Böyükdaş  dağı  sahəsindəki  bir  sıra 
qədim  təsvirlərin  (o  cümlədən  dağın  ətəyindəki  8  №-li  daşdakı  məşhur  «Tiqris» 
tipli  gəmilərin  də)  şəkillərini  və  bəzi  izahatlar  vermişlər.  Qeyd  edək  ki,  abidənin 
aşkar edilməsi arxeoloji cəhətdən onu birinci dəfə qeydə alan tədqiqatçının adı ilə 
bağlanır.  Əlbəttə,  böyük  sahəli  abidələrdə  əsas  tədqiqatçıya  kömək  edən  hər  bir 
ekspedisiya  iştirakçısının  tapdığı  ayrı-ayrı  tapıntılar  da  bilavasitə  tədqiqatçının 
adına çıxılmalıdır. Qobustanda müxtəlif illərdə İshaq müəllimlə yanaşı ekspedisiya 
iştirakçılarının hər biri üzərində qədim rəsm saxlanmış bu və ya digər daşı ilk dəfə 
aşkar  etmişdir.  Elə  mən  özüm  İshaq  müəllimin  kolleksiyasına  200-dən  çox  daşın 

14 
 
əlavə  olunmasına  kömək  etmişəm.  Böyük  Qobustan  ərazisinə  daxil  olan  Şıxqaya 
və Şonqardağ sahələrində yeni kolleksiyaları ilk dəfə aşkar etməyimə baxmayaraq 
Qobustanda qədim qayaüstü təsvirlərin ilk tədqiqatçısı İ. M.  Cəfərzadədir. Qədim 
təsvirlərin axtarışı üçün ilk təşəbbüsü də o irəli sürmüş, bu işə də o başlamışdır. 
N. K. Vereşakin yazır ki, Böyükdaş dağında qədim şəkillər tapılmış sahəni 
1945-ci  ildə  Bakı  arxeoloqu  İ.  Cəfərzadəyə  mən  göstərdim  və  o,  1947-ci  ildən 
onların  qeydə  alınması  və  öyrənilməsini  təşkil  etdi.  (Н.  К.  Вeрешагин.  Записки 
палеонтолога.  Л.,  1981,  сəһ.  49-50).  İshaq  müəllim  isə  öz  əlyazmasında  yazır 
(sağlığında  da  deyirdi)  ki,  Azərbaycan  EA  Təbiət  Tarixi  Muzeyinin  paleontolotu 
N.  O.  Burçak-Abramoviç  və  Zoologiya  İnstitutunun  əməkdaşı  N.  K.  Vereşakin 
1945-ci ilin yazında Cingirdağ və Yazılıtəpədə qədim qayaüstü təsvirlərə baxmağa 
getmişdilər. Qayıdandan  sonra onlarla qədim təsvirlərin tarixi, eləcə də Böyükdaş 
və Kiçikdaş dağları ərazisində də bu cür təsvirlərin olması haqda söhbətimiz oldu. 
Onlara  Qaraatlı    piri,  oradakı  200-300    yaşlı    ardıc      ağacları  və  s.  haqda  da 
məlumat verildi. Burçak-Abramoviç  və Vereşakin Böyükdaş dağında 1946-cı ildə 
Tarix İnstitutu tərəfindən Qobustana yoxlama səfərinə Tarix İnstitutunun işçiləri İ. 
P. Şebligin, O. Ş. İsmizadə, İ. M. və S. K. Cəfərzadələrlə birgə iştirakları zamanı 
olmuşlar. 
Bəli,  bu  cür  dolaşıqlıq  əmələ  gəlir.  Böyükdağa  dağında  qədim  qayaüstü 
təsvirləri ilk dəfə kim  görüb? Burçak-Abramoviç və Vereşakinə görə onlar, 1945-
ci  ilin  yazında.  Cəfərzadəyə  görə,  1945-ci  ildə  onlar  Böyükdaş  dağında  qədim 
şəkillər  olması  haqda  məlumatı  ondan  almışlar  və  1946-cı  ildə  şəkilləri    (öküz, 
insan, gəmi rəsmlərini)  birgə görmüşlər. 
Onu  qeyd  etmək  istəyirik  ki,  Qobustanda  qədim  qayaüstü  təsvirlərin 
varlığının  ilk  dəfə  Cəfərzadə  tərəfindən  qeydə  alındığını  Burçak-Abramoviç  və 
Vereşakinin  özləri  də  etiraf  edərək  birinci  məqalələrinin  ilk  səhifəsinin  ikinci 
abzasında  yazırlar:  «Kabristanın  qayaüstü  təsvirləri  ilk  dəfə  arxeoloq  İ.  M. 
Cəfərzadə tərəfindən  Səngəçal dəmir  yol  stansiyasından 10 km qərbdə, Cingirdağ 
yaxınlığında aşkar edilmiş və ədəbiyyatda (1, 3, 7, 10)  göstərilmişdir». Beləliklə, 
Qobustanda  tədim  qayaüstü  təsvirlərin  varlığının  aşkar  edilməsi  Azərbaycanın 
qocaman arxeoloqlarından mərhum İshaq Cəfərzadəyə aid olması şübhə doğurmur. 
Söz  yox  ki,  1939-40-cı  illərdə  varlığı  məlum  olmuş  qayaüstü  təsvirlərin 
elmin  tələbi  səviyyəsində  öyrənilməsi  adi  səfərlərlə  mümkün  deyildi.  Bu  iş  planlı 
şəkildə 1941-ci ildən görülməli idi. Lakin ikinci dünya  müharibəsinin başlanması 
bu işin vaxtında təşkil olunmasına mane oldu. 1945-ci ildə müharibənin qurtarması 
ilə  Qobustanda  qayaüstü  təsvirlərin  də  öyrənilməsi  yada  düşür.  Bu  işi  öz  üzərinə 
götürmüş  İ.  Cəfərzadə  Qobustana  xüsusi  ekspedisiya  planlaşdırır.  Azərbaycan 
Respublikası EA  A.  Bakıxanov adına Tarix İnstitutunun  ilk ekspedisiyası 1947-ci 
ildə  təşkil  olunur  və  sonrakı  illərdə  (1948,  1950,  1951,  1954,  1960,  1961,  1963, 
1964, 1965) də davam edir. Lakin 1965-ci ildə ekspedisiya Qobustana çatandan 2 
gün sonra İshaq müəllim xəstələnərək Bakıya qayıtdı və ömrünün sonuna kimi bir 

15 
 
daha  ekspedisiyaya  yollana  bilmədi.  1965-ci  ildən  Qobustan  arxeoloji 
ekspedisiyasına  rəhbərlik  bu  sətirlərin  müəllifinin  üzərinə  düşdü.  Mən  Qobustan 
ekspedisiyasının  tərkibində  1960  və  1961-ci    illərdə    də  «Ovçular  zağası»  adlı 
qədim  sığınacağın  arxeoloji  qazıntısında  köməkçi  kimi  iştirak  etmişdim.  1965-ci 
ildə  isə  ekspedisiyaya  köməkçi  kimi  yox,  qədim  düşərgədə  qazıntı  aparmaq  üçün 
dəvət  olunmuşdum.  Beləliklə,  Cəfərzadədən  sonra  onun  tədqiqatlarının  arxeoloji 
qazıntılarla bağlı hissəsini mən aparmalı oldum. 1965-66-cı illərdə yalnız arxeoloji 
qazıntı  işləri  ilə  məşğul  olur,  İshaq  müəllimin  sağalaraq  qayaüstü  təsvirlərin 
qeydiyyatı, təsviri və tədqiqi ilə məşğul olacağını gözləyirdim. 
1966-cı  il  sentyabr  ayının  9-da  Qobustanda  qədim  qayaüstü  təsvirlər 
saxlanmış  və  qədim  arxeoloji  abidələr,  düşərgələr  qeydə  alınmış  Böyükdaş, 
Kiçikdaş, Cingirdağ dağları və Yazılıtəpə ərazisi Respublika Nazirlər sovetinin 509 
№-li qərarı ilə  Dövlət tarixi-bədii qoruğu elan edildi  və  1967-ci il  fevralın 1-dən 
müəllifə  mütəxəssis  kimi  Mədəniyyət  Nazirliyi  nəzdində  yaradılmış  bu  qoruğu 
təşkil və rəhbərlik etmək işi tapşırıldı. Bundan sonra Qobustan ekspedisiyası Tarix 
İnstitutu və Qobustan qoruğu tərəfindən müştərək ekspedisiya kimi indiyə kimi də 
davam etməkdədir. 
 
QOBUSTANDA İLK AXTARIŞLAR 
 
Qobustan,    ərazisi  çoxlu  sönmüş  və    bəzən    hələ  də  püskürən  palçıq 
vulkanına,  əhəng  daşı  örtüklü  və  ya  qumlu  çıxıntılardan  ibarət  alçaq  dağlara, 
qobularla şırım-şırım  bölünmüş geniş   yaylalara   malik  çox qədim və ekzotik bir 
diyardır.  Bu  məkanın  adı  indi  dildən-dilə  gəzir,  onu  eşitməyən,  bu  yerlərin  ulu 
babalarımızın yurdu   olmasını bilməyən adam indi çətin tapılar. Qobustan sözünü 
bütün xalqların dillərində   səsləndirən, Qobustanın başını uca edən buradakı çox 
qədim  tarixə  və  mənəviyyata  malik  xalqımızın  abidələr  xəzinəsinin  varlığıdır.  Bu 
xəzinənin  yaranma  tarixi  orta  daş  (mezolit)  dövründən  başlayır.  Bütün  sonrakı 
tarixi dövrlərdə də inkişaf edərək  zənginləşən bu  xəzinə babaların yaratdığı qədim 
qayaüstü  təsvirlər  və  qazıntılar  nəticəsində  aşkara  çıxarılmış  əmək  alətləri,  silah 
nümunələri,  təsərrüfat,  məişət  və  bəzək  əşyaları  və  s.-dən  ibarət  arxeoloji 
qalıqlardır. 
Gəlin bu xəzinəyə nəzər salaq. Qobustana baş çəkək, abidələrlə  tanış  olaq,   
onların      tarixi,      necə  və  nə  məqsədlə,  kimlər  tərəfindən      yaradılması  haqqında 
söhbət  açaq,  onları  dindirməyə  -  oxumağa  çalışaq.  Bir  də  ki,  bu      abidələr      necə   
aşkara      çıxarılmış,      axtarışlar,  tədqiqatlar  necə  aparılmış,  bu  yoldakı 
müvəffəqiyyətlər  və  çətinliklər,  onları  dadan  və  səfasını  çəkənlər,  əmək  sərf 
edənləri də hörmətlə  yada salaq. 
Qobustan  abidələrinin  öyrənilməsi  ilə,  qeyd  etdiyimiz  kimi,  Tarix 
İnstitutunun Qobustan arxeoloji ekspedisiyası məşğul olmuşdur. 1960-cı ilə qədər 
ekspedisiya  Yazılıtəpədə  13  №-li  daşın  altındakı  sığınacaqda  apardığı  nəticəsiz 

16 
 
qazıntını nəzərə almasaq əsasən qayaüstü təsvirlərin axtarılıb tapılması, qeydiyyata 
alınması  və  şəkillərin  surətinin  təbii  ölçüdə  estampının  çıxarılması  ilə  məşğul 
olmuşdur.  Ekspedisiyaya  İshaq  müəllim  başçılıq  etmiş,  ona  isə  müxtəlif  illərdə 
texniki  və  yardımçı  işçilərlə  yanaşı  institutun  elmi  işçilərindən  –  mərhum 
arxeoloqlarımızdan Osman Həbibullayev, Ömər İsmizadə, Nina Minkeviç, eləcə də 
ekspedisiyanın  daimi  üzvü,  İshaq  müəllimin  həyat  yoldaşı,  rəssam  Səfiyyə  xanım 
Səfərzadə  kömək  etmişlər.  Sonralar  Naxçıvanda  məşhur  Kültəpə  abidəsi  və 
Naxçıvan  abidələrinin  ilk  görkəmli  tədqiqatçısı  Osman  müəllim  də,  Yaloylu  təpə 
mədəniyyətinin,  Mil  düzündə  Qaratəpə  abidəsinin,  Bakı  orta  əsr  qalıqlarının 
tədqiqatçısı  Ömər  müəllim  də,  Mingəçevirdə,  Örənqalada  arxeoloji  qazıntıların 
iştirakçısı,  Xocalı-Gədəbəy  mədəniyyətinin  tədqiqatçısı  Nina  Vladimirovna  da 
Qobustan  qayaüstü  təsvirlərinin  aşkara  çıxarılmasına  böyük  əmək  sərf  etmişlər. 
Allah onlara rəhmət eləsin. 
O  illər  ekspedisiya  xüsusən  ağır  şəraitdə  işləmişdir.  Ekspedisiya  üzvləri 
alaçıqda  yaşayır,  ocaqdan  istifadə  edirdilər.  İş  yaz-yay  aylarında  aparıldığından 
gecələr hətta qaranlıqda oturardılar, çünki neft lampası olsa da işığa həşərat (qurd-
quş) yığıldığı üçün ondan istifadə etmək təhlükəli idi. Axı ilin o vaxtı ətrafda hər 
daşın altında əqrəb, hər daşın kölgəsində böy, zəhərli ilan  görmək olur. O zaman 
isə qayaüstü təsvirləri olan Böyükdaş, Cingirdağ sahələri insan nəfəsindən uzaq idi. 
Səfiyyə  xanım  danışırdı  ki,  «çox  vaxt  səhər  tezdən  qalxdıqda  görərdik  ki, 
yaxınlıqdakı  düzdə  bir  dəstə  ceyran  otlayır.  Sonra  bizim  tərpənişimizi  və 
ekspedisiyaya  qulluq  edən  maşının  səsini  duyub  Kənizə  dağından  keçib, 
Qobustanın içərilərinə qaçardılar». 
İshaq müəllim danışırdı ki, bir dəfə iyun ayında çox isti idi, günün istisindən 
daşlar, qayalar qızıb  ətrafa  istilik yayırdı. Yoldaşlarla  hərəmiz dağın bir tərəfində 
daşlarda  şəkil  axtarırdıq.  Mən  Böyükdaş  dağının  yuxarı  səki  sahəsindəki  bulağa 
yaxın yerdə idim. Gün günortaya qalxmışdı, bərk yorulmuşdum. Bulağa gedib əl-
üzümü yudum, su içdim və yaxınlıqdakı iri bir qayanın kölgəsində oturdum ki, bir 
az  dincəlim.  Birdən  yaxınlıqda  güclü  bir  hənirti  eşitdim.  Dönüb  bulağa  tərəf 
baxanda  belinin  tükləri  yolunmuş  nəhəng  bir  yalquzaq  qarşımda  durdu.  Biri-
birimizlə göz-gözə gəldik. Doğrusu bərk qorxdum. Elə bil dilim tutulmuşdu, səsimi 
çıxara bilmədim. Deyəsən canavar da məndən qorxmuşdu, tez dönüb qaçdı. O bir 
qədər aralandıqdan sonra qışqıra bildim. 
Ekspedisiya  üzvlərinin  ilk  illərdə  necə  gərgin  şəraitdə  işlədiyini  təsəvvür 
etmək üçün İshaq müəllimin bir söhbətini də vermək istəyirəm. 
Söhbət  ilanlardan  gedir,  Qobustan  ilan  olan  yerdir.  Oxucular  diksinməsin 
deyə əvvəlcədən onu deyim ki, ilan zəhəri ilə nə qədər dəhşətli görünsə də o qədər 
də  xeyirli  və  sülhsevər  heyvandır.  Düzü,  əvvəllər  ilan  görən  kimi  öldürməyə 
çalışırdım.  Öldürüb  günaha  batdığım  vaxtlar  da  çox  olub.  İlandan  heç  vaxt 
qorxmamışam,  lakin  ölüsünə  də  əl  vurmaqdan  çəkinir,  diksinirəm.  Sonralar  qəti 
yəqin  etdim  ki,  ilanı  tapdamasan,  onu  bilə-bilə  və  ya  görmədən  çıxılmaz 

17 
 
vəziyyətdə qoymasan, yəni onun qaçmağa yeri olmadıqda üstünə getməsən qorxulu 
deyil, özü aralanıb çıxıb gedər. 
İshaq müəllim danışırdı: «Dəyəmiz Böyükdaş dağının aşağı səki sahəsində, 
1  №-li  şəkilli  daşın  yaxınlığında  idi.  Ekspedisiyaya  elmi,  texniki  işçilər  və 
sürücüdən  başqa  xörəyimizi  bişirmək  üçün  İsmət  adlı  yaşlı  bir  qadın  da 
götürmüşdük.  Biz  hamımız  səhər  çayından  sonra  qayalıqlara  dağılıb  şəkilli  daş 
axtarmaq, tapılmış daşları işləməklə məşğul olurduq. İsmət xala isə evdə - alaçıqda 
qalır, yır-yığış edir, xörək hazırlayır, qabları yuyurdu (1-ci tablo,. şəkil A). 
Böyükdaş  dağı  şərq  tərəfdən  amfiteatr  formasındadır.  Alaçığımız  dağın 
aşağı hissəsində elə bil səhnədə idi. Dağın hər yerindən görünürdü. Mən hər dəfə 
alaçığa tərəf baxanda İsmət xalanı, işi olsa da olmasa da bayırda, alaçığın yanında, 
günün  altında  görürdüm.  Bir  dəfə  ondan  soruşdum  ki,  nə  üçün  həmişə  günün 
altında  oturursan,  gün  yandırmırmı?  O  adamların  yanında  cavab  vermədi.  sonra 
axşama  yaxın,  yoldaşlar  dincələrkən  yanıma  gəlib  dedi:  «İshaq  qardaş,  vallah 
deməyə  də  dilim  gəlmir,  siz  işə  gedənə  kimi  mən  lazımı  qab-qacağı  və  ərzağı 
alaçıqdan çıxarıb ocağın yaxınlığındakı qayanın dibinə yığıram. Axı, gündüz mən 
alaçığa girə bilmirəm». Sonra nəql etdi ki, 10 gündən çoxdur siz  yığışıb işə, çölə 
gedəndən  sonra,  o  qayalığın  dalından  uzunluğu  təxminən  metrə  yarımdan  çox, 
belinin  eni  dörd barmaq  olan  iri  bir  ilan  gəlir,  alaçığa  girir,  qalxır  Ninanın  yığma 
çarpayısına  və  burulub  yatır.  Bir  də  sizin  gəlmək  vaxtınıza  az  qalmış  sürünüb 
gedir. 
İshaq  müəllim deyirdi:  «Mən  onda  başa  düşdüm ki,  biz  gələndən bir  neçə 
gün sonra, özümüzlə gətirdiyimiz pişik balasının itməsinin də bir neçə gün qabaq, 
biz  alaçıqda  qalarkən  çarpayıların  altındakı  tapıltının  da  səbəbkarı  bu  imiş.  Lakin 
Nina Bladimirovna qorxar deyə biz bu sirri Bakıya çatana kimi açıb ona demədik, 
eləcə də ekspedisiyanı başa vurub getdik, ilan isə orada qaldı». 
Səfiyyə  xanımın  danışdıqlarından:  «İshaq  məni  çox  işlədirdi.  Elə  bil 
Qobustanda  bütün  qayaüstü  şəkillərin  surətini  bir  gündə  qurtarmalıyammış?  O 
vaxtlar cavan olsam da yorulurdum. Elə vaxt olurdu ki, böyük daşlardakı çoxşəkilli 
səhnənin  surətini  çıxarmaq  üçün  saatlarla  dayanmadan,  özü  də  qızmar  günəş 
altında  işləməli  olurduq.  Odur  ki,  iman  olan  kimi  qayanın  kölgəsində  uzanıb 
dincələrdim.  Bir  dəfə  beləcə,  qayanın  kölgəsində  gözümə  yuxu  gedir.  Bir  də 
gördüm  ki,  İshaq  alçaq  və  yumşaq  səslə  deyir:  -  Səfa,  ay  Səfa,  məni  eşit  amma 
tərpənmə,  o  yan  bu  yana  dönmə,  yavaş-yavaş  aşağı,  ayağına  tərəf  sürüş.  Əvvəl 
yuxulu  olduğumdan  elə  bildim  yuxu  görürəm.  Sonra  gördüm  İshaq  yenə 
dediklərini  təkrar  edir.  Yavaş-yavaş  ayıldım.  delim:  -  Nə  olub,  nə  deyirsən?  –  və 
qalxdım. O dedi: - heç, daha heç nə, qurtardı, qalx. Və davam etdi: - Qorxma, sən 
yatmışdın, başının üstündə, təxminən 50-60 sm aralını göstərib, -burada da qınrılıb 
bir gürzə yatmışdı. Qorxurdum ki, səni çalar. Görünür ya mənim səsimdən, ya da 
sənin tərpənməyindən o da ayılıb sürünüb getdi». 

18 
 
Belə  bir  hadisənin  şahidi  mən  özüm  də  olmuşam.  1975-ci  ildə  yayın 
ortasında,  bir  gün  «Kənizə»  düşərgəsində  qazıntıdan  sonra,  axşam  sərinində 
Qobustan  qoruğu  binasının  cənub  balkonunun  qapıüstü  kiçik  örtünün  altında 
Firuzə  xanım  stulda  oturub  dincəlir,  mən  ondan  qərb  tərəfdə  əyilərək  yuyulub 
sərilmiş  qazıntı  materiallarına  baxırdım.  Uşaqlarımız  (oğlum  və  qızım)  isə 
balkonun  şərq  hissəsində  oynayırdılar.  Birdən  bir  tappıltı  eşitdim  və  başımı 
qaldırana  kimi  Firuzə  bərk  qışqırdı.  Elə  bu  vaxt  yanımdan  bir  nazik  uzun  ilan 
şütüyüb  balkondan  kənara  atıldı.  İlan  balkonun  tavanından  sarafanda  oturmuş 
Firuzənin  açıq  çiyninə  düşmüşdü.  Firuzə  əvvəl  elə  bilib  ki,  çiyninə  haradansa  ip 
sürüşüb  düşüb.  Sonra  baxıb  görəndə  ki,  çiynindən  düşən  ilandır,  qışqırmışdı.  O 
ilana  biz  ox  ilan  deyirik.  Qobustanda  çox  cəld,  güllə  sürəti  ilə  sürünən  bu  ilan 
zəhərsizdir,  qorxulu  deyil,  lakin  bu  vəziyyətdə  onun  qorxusuz  olmasını  özü  də 
qadına, eləcə də ilandan qorxan kişiyə, başa salmağa nə qədər vaxt lazımdır?? 
Əlbəttə,  belə  «təhlükəli»  yerdə  (axı  çox  adam  ilan  sözündən  diksinir), 
göydən  günəş,  aşağıdan  qızmış  qayalar  yandıran  bir  şəraitdə  işləmək,  bu  şəraitdə 
qədim  şəkillərin  estamp  surətini  düzgün  köçürtmək  üçün  estamp  kağızını  qaya 
üzərində  saatlarla  saxlayıb  dayanmaq  çox  ağır  iş,  qəhrəmanlıqdır.  Bəlkə  də 
Qobustan ekspedisiyasının keçmiş üzvlərindən  heç  kəsin Qobustan abidələri  üzrə 
ixtisaslaşması onların tədqiqi ilə məşğul olmaq istəmədiklərinin səbəblərindən biri 
də burada iş şəraitinin ağırlığı olmuşdur? 
Qobustan  başdansovdu  tədqiqata  sirr  vermir.  Qobustan  abidələrini 
öyrənmək,  onların  sirlərinə  yiyələnmək  üçün  Qobustan  şəraitində  işləmək,  bu 
şəraitə dözmək, hətta qayalar arasında dolaşmağı sevmək gərəkdir. 
1960-cı  ildə  Böyükdaş  dağında  Qobustan  arxeoloji  ekspedisiyası  üçün 
tikilən  5  otaqlı  baza  -evin  hazır  olması  ekspedisiyanın  iş  şəraitini  xeyli 
yüngülləşdirdi. İndi bu binada, Qobustan qoruğunun bazası kimi həm Qobustanda 
aparılmış  arxeoloji  qazıntıların  materiallarından  ibarət  qoruğun  arxeoloji  fondu 
yerləşir,  həm  də  ekspedisiyanın  fəaliyyətini  əks  etdirən  sərgi  -ekspozisiya  
fəaliyyət göstərir. 
1960-cı  ildən  Qobustanda  nəticəli  arxeoloji  qazıntı  işlərinə  başlanmışdır. 
Mən ona  görə nəticəli deyirəm  ki, buna  qədər yuxarıda adını çəkdiyim  Yazılıtəpə 
sahəsində  13  №-li  daşın  altında  və  ona  yaxın  bir  neçə  yerdə  aparılmış  yoxlama 
qazıntıları, Böyükdaş dağında 23, 29 və 65 №-li daşların dibində qədim şəkillərin 
torpaq  basmış  aşağı  hissəsini  açıb  təmizləmək  üçün  aparılmış  kiçik  qazıntılar 
Qobustan  qayaüstü  təsvirlərinin  dövrü  mənsubiyyəti  ilə  əlaqədar  tutarlı  elmi  dəlil 
verməmişdi.  Bu  baxımdan  qayaüstü  təsvirlərin  dövrünü  müəyyənləşdirməyə 
dəyən,  ilk  elmi  nəticələrə  imkan  verən  arxeoloji  qazıntı  İ.  M.  Cəfərzadənin 
rəhbərliyi  altında  Böyükdaş  dağının  yuxarı  səki  sahəsindəki  «Ovçular  zağası» 
adlandırılan daşaltı sığınacaqda başlandı və 1961-ci ildə də davam etdirildi. 
1960 
və 
1961-ci 
illərdə 
Qobustan 
arxeoloji 
ekspedisiyasının 
iştirakçılarından 2 nəfər - Kostin familiyalı hərbi mütəxəssis və Tarix İnstitutunun 

19 
 
topoqrafi Kərimov Gümüş Qobustanda şəkilli da yerini topoplana salmaqla, İshaq 
müəllimin  həyat  yoldaşı,  institutun  rəssamı  Səfiyyə  xanım  Qobustanın  qədim 
qayaüstü  təsvirlərinin  estamp  surətini  çıxarmaqla  məşğul  olurdu.  O  illər  Səfiyyə 
xanıma institutun laborantı, sonra Qobustanın Tunc dövrü abidələrinki tədqiqi üzrə 
elmi dərəcə almış, Qobustandan yeganə elmlər namizədi Firuzə Muradova kömək 
edirdi.  Sonra  müəlliflə ailə qurmuş Firuzə xanım 1965-ci ildən Qobustanda bütün 
arxeoloji  qazıntıların  iştirakçısı  olmuşdur.  Mən,  tarix  elmləri  namizədi  H. 
Kəsəmənli  ilə  «Ovçular  zağasında»  arxeoloji  qazıntıda  işləyirdim.  Qeyd  edim  ki, 
bu  qazıntıya  mən  bir  növ  mütəxəssis  kimi  kömək  edirdim.  Belə  ki,  əvvəlki  illər 
Qazax rayonunda Lvey dağındakı «Daş salahlı», -«Damcılı» və Dağlıq Qarabağda 
«Azıx»  mağaralarında  Paleolit  dövrü  arxeoloji  qazıntılarında  iştirak  etmişdim  və 
Daş dövrü qazıntısı üzrə az-çox təcrübəm var idi. «Ovçular zağası»nın qazıntısında 
İshaq müəllimin köməkçisi kimi iştirak edirdim. 
―Ovçular  zağası»nda  aparılan  qazıntılar  göstərdi  ki,  Qobustan  qayaüstü 
təsvirlərinin  tarixi  bu  qazıntıya  göstərildiyi  kimi  eradan  əvvəlki  V-III  minillərdən 
daha  qədimlərə  aiddir,  Qobustan  ov  yeri,  pir  yeri  yox,  qədim  insanların  yaşayış 
yeri, çox qədim bir mədəni ocaqdır. 
«Ovçular  zağası»nda  qazıntıdan  sonra  məlum  oldu  ki,    burada    geniş  
arxeoloji  qazıntılar  aparmaq lazımdır. O zaxt İshaq  müəllim bir neçə dəfə  mənə 
təklif   etmişdi   ki,   bu işi   öz  üzərimə  götürüm. Özünü öymək olmasın, deyəsən 
İshaq müəllimin mənim  «Ovçular zağası»ndakı işimdən  xoşu   gəlmişdi. Lakin o 
vaxt  mən  razı    olmamışdım.      (Yuxarıda  qeyd  etdiyim  kimi  mən  Qobustan  
abidələrinin  arxeoloji  qazıntılar yolu ilə tədqiqinə yalnız 1965-ci ildən başladım). 
Bu o demək deyildi ki, Qobustan abidələri məni maraqlandırmamışdı. Yox, sadəcə 
olaraq  o  vaxt  mən  Paleolit      ekspedisiyasının  üzvü  idim.  İkincisi  və  açığı,  İshaq   
müəllimlə   işləmək   istəmədim.   Çünki   məndən qabaq   Qobustanda   işləmiş   
arxeoloqlardan      heç      biri  burada  daimi    işləmək    istəməmişdi.    Bunun  səbəbini 
Qobustanda iş şəraitinin çətinliyi ilə, bir də İshaq müəllimin ağır təbiətli olması ilə 
izah edirdilər. 
İshaq Məmmədrza oğlu Cəfərzadə ucaboylu və düz qamətli idi. O vaxt artıq 
saçı-saqqalı çallaşmışdı. Tarix institutunun  arxeologiya şöbəsinə rəhbərlik edirdi. 
Heç vaxt heç bir partiyada olmamışdı. Hökümət və partiya haqqında danışmaqdan 
qorxardı.  Öz  işində  dəqiq,    özünüsevən,    öz    işini  üstün  tutan  adam  idi.  Bu,  ilk 
söhbətindən özünü göstərirdi. İshaq müəllim yaxşı alim arxeoloq və xalqının adət-
ənənəsinin gözəl bilicisi, geniş dairədə tanınmış görkəmli etnoqraf idi. Akademiya 
sistemində çox adam onu sanlı ensiklopediya adlandırırdı. Qanuna tabe idi. Ondan 
kənara  çıxmazdı.  İşini  bərk  tutmağı  sevirdi.  Ondan  oxumaq  üçün  bir  kitab 
götürsən, bir sənəd istəsən qəbz almamış verməzdi. Məqsədli iş, kömək, yoldaşlıq 
üçün əliaçıq, malını çölə atmayan xəsis idi. Hər işi bəyənməzdi. Çox tələbkar idi. 
Əyri  işi  görmək  istəməzdi.  Ağır  təbiətliliyi  də  onun  çox  tələbkar  olmaqla  özünü 
sevməsindən  irəli  gəlirdi.  Necə  deyim  görülən  işləri  müəyyən  ölçü  ilə 

20 
 
qiymətləndirəcək  olsaq  o  özünün  nisbətən  ucuz  işini,  başqasının  gördüyü  daha 
baha işdən üstün tutar və bunu belə də qələmə verərdi. Danışığı amiranə, baxışları 
zəhmli  idi.  Nə  isə.  Onun  ağır  təbiətli  olmasını  birgə  işlədiyim  ilk  illərdə  mən  də 
hiss  edirdim.  Mən  hiss  edirdim  ki,  onun  əlinin  altında  işləmək,  onun  göstəriş  və 
dediklərini  haqq və  ya  nahaq,  yersiz olub-olmamasına  varmadan  yerinə  yetirməli, 
öz  fikrini  bir  yana  qoyub  onun  dediyini  əsas  saymalısan.  İshaq  müəllim 
ekspedisiya vaxtı, çöldə, üzvlərin qeydinə yaxşı qalardı. Lakin bəzən bu qayğı çox 
xırdalanar, yoldaşın durub-oturmasına, yeyib-içməsinə göstəriş verməyə çevrilərdi. 
Hamı  onun  hər  göstərişinə  (ürəkdə  razı  olmasa  da)  sözsüz  əməl  edər,  böyük 
sözündən çıxmamağa dözər, dinməzdi. Ətrafın ona müsəlman itaətkarlığı onu daha 
da ruhlandırır, qol-qanad verirdi. Bütün bunları görə-görə əvvəl, 1964-cü ilə qədər 
onun təklifini hər dəfə bir bəhanə ilə rədd edirdim. Çünki neçə deyərlər, sərbəstlik 
istəyirdim.  Beləcə  daha  iki  il  keçdi.  Qazax  arxeoloji  ekspedisiyasında  məşhur 
Şomutəpə  abidəsinin  qazıntısında  iştirak  etdim,  Aşağı  Göycəli  kəndindəki 
Töyrətəpədə müstəqil qazıntı apardım və s. nə isə. 
1965-ci  ilin  qışında,  bir  dəfə  İshaq  müəllim  məni  yanına  çağırıb  Qobustan 
ekspedisiyasının  üzvü,  qayaüstü  təsvirlərin  estamp  surətlərinin  çıxarılması  üzrə 
rəssam,  öz  həyat  yoldaşı,  Səfiyyə  xanımın
*
  yanında  dedi:  «-Bala,  Qobustan  pis 
abidədir?» Mən cavabında «İshaq müəllim, bu nə sözdü, yəni Qobustanın tayı var 
ki?»  sonra  o  dedi:  «Mənim  sənin  səliqəndən,  işindən  xoşum  gəlir,  özüm  də  artıq 
yaşlaşmışam,  istəyirəm  ki,  Qobustanda  mənim  işimi  sən  davam  etdirəsən,  səbəb 
nədir ki, sən belə bir abidəyə yaxın durmaq istəmirsən?» 
Mən  artıq  tələdə  idim.  Bəhanə  yeri  qalmamışdı.  Qobustanda  işləmək 
istəmədiyimin əsl səbəbini demək məcburiyyətində qalmışdım. Ona görə bildirdim 
ki,  sizin  «səbəb  nədir»  sualınıza  cavabıma  görə  məndən  inciyərsiniz,  istəmirəm, 
qoyaq qalsın. O  bu səbəbin onun üçün çox  maraqlı olduğunu bildirib  cavab necə 
olursa-olsun  inciməyəcəyinə  qəti  söz  verdi.  Mən  onun  xasiyyətinin  ağır  olması, 
onun  rəhbərliyi  altında  sərbəst  qazıntı  aparmaq  və  sərbəst  fikir  söyləməyin  çətin 
olacağı  haqda,  nədən  çəkinirdim,  hamısını  açıb  dedim.  Rəhmətlik  özünə  məxsus 
əda ilə azca qımışdı və dedi: «Mənim yaşım keçir, özüm də tez-tez xəstələnirəm. 
Qobustanda  geniş  arxeoloji  qazıntılar  aparmaq  lazımdır,  bu  işi  sənə  tapşırmaq 
istəyirəm».  Sonra  bir  an  dayanıb  dedi:  «Səfiyyə  xanımın  yanında  söz  verirəm  ki, 
sən  bu  işdə  tam  sərbəst  olacaqsan,  mənim  ağır  saydığınız  təbiətimlə  əlaqədər 
dediyiniz  hərəkətlərimi  hiss  etməyəcəksən,  qazıntı  ilə  əlaqədar  heç  bir  işinə 
qarışmayacağam, razısanmı?» Mənim sözüm qalmadı, razılaşmalı oldum və 1965-
ci  ildən  Qobustanda  qədim  insan  məskəni  olmuş  daşaltı  sığınacaqlarda  sərbəst 
qazıntı aparmağa başladım. 
Ümumiyyətlə,  xüsusən  Azərbaycan  xalqı  üçün,  qocaya  hörmət,  onun  halal 
zəhməti, düzgün əməli qarşısında baş əymək, ağsaqqal məsləhətini dinləmək ən ali 
                                                           
*
 Kitab çapda olarkən Səfiyyə xanım rəhmətə getmişdir. Allah rəhmət etsin. 

21 
 
milli  hissiyyatdır. Qobustan arxeoloji ekspedisiyasında  çox adam iştirak etmişdir. 
Onların  hamısının  haqqında  yazmağa  o  qədər  də  ehtiyac  duymuram.  Lakin 
Qobustan  abidələrinin  tapılıb  öyrənilməsi  yolunda  zəhməti  olan  və  çox  böyük 
tədqiqatçıların,  eləcə  də  Qobustanla  yaxından  maraqlanan  adamların  hörmətini 
qazanmış iki nəfərin zəhməti barədə oxuculara məlumat verməyi lazım bilirəm. 
Səfiyyə xanım  Qəhrəman qızı  Cəfərzadə (Əhmədova).  Heykəltəraş  Cabbar 
Qaryağdı  ilə  bir  oxuyub,  1932-ci  ildə,  Azərbaycanın  xalq  rəssamları  Səttar 
Bəhlulzadədən  bir  il  sonra,  Maral  Rəhmanzadə  və  Fuad  Əbdürrəhimovdan  bir  il 
qabaq  Əzim  Əzimzadə  adına  rəssamlıq  məktəbini  qurtarıb.  1937-ci  ilə  qədər 
Azərnəşrdə  kiçik  rəssam,  1937-ci  ildən  1941-ci  il  müharibəsi  başlanana  qədər 
İncəsənət  institutunda  rəssam,  1941-1943-cü  illərdə  Azərbaycan    XDİP-da    117  
№-li    senzura    işçisi      (ərəb  əlifbası  ilə  məktubları  oxuyan)      sonra  Tarix 
muzeyində,  1945-ci  ildən  Tarix  institutunda  rəssam  işləyib.  1945-ci  ildə  İshaq 
müəllimlə  ailə  qurub  və  bütün  ömrü  boyu  işi  Qobustan  qayalarındakı  qədim 
təsvirlərin      surətini      kağıza    köçürüb    çap  üçün    hazırlamaq  olub.  Qobustan 
qayaüstü  təsvirlərinin  üzünü  dəqiq  çıxarmaq  təsvirlərin  xətti  ilə  qayalardakı  təbii 
şırımları    ayırmaq    üçün    Səfiyyə    xanımın    barmaqları  qayaların  səthini  bir-bir   
tumarlayıb,   bəzən   barmaqlarının dərisi  gedib qan  axan vaxtlar olub.  Günəşin 
istisindən  qayaların  saç  kimi  qızdığı  vaxt  o,  yorulmadan  işləyirdi.  Bəzən  qayanın 
çatı  arasından  ona  baxan  ilanla  göz-gözə  olsa  da  estampaj  kağızını 
sürüşdürməmək,      şəkilin surətində əyintilərə yol verməmək üçün işi bu şəraitdə 
saatlarla  davam  etdirməli  olurdu.  Qobustan  ekspedisiyasının  başqa  iştirakçıları 
kimi  belə  işlərdə  mənim  də  iştirak  etdiyim  vaxtlar  çox  olub.  Səfiyyə  xanım  işin 
ağırlığından  heç  vaxt  şikayətlənməzdi.  Bəzən  də  qayalardakı  keçi  rəsmlərinin 
üzünü çıxarıb qurtarar və ona baxa-baxa zümzümə edərdi: 
 
Sən özün bir dəcəl keçisən  
Keçilərin ən bicisən  
Verməyirsən xumsi-zəkat  
Hanı gətirdiyin sovqat? 
 
Bu bəndi Səfiyyə xanım üzünü keçi təsvirlərinə tutaraq çox şəstlə deyirdi. O 
danışırdı  ki,  1935-36-cı  illərdə  Azərnəşrdə  kiçik  rəssam  işləyərkən  Azərbaycanın 
sevimli  şairi  Mikayıl  Müşfiq  də  orada  işləyirmiş  və  uşaqlar  üçün  şerlər 
hazırlayırmış.  Bu  bəndi  də  bir  səhər  M.  Müşfiq  iş  yerində  işçilər  üçün  deyib, 
Səfiyyə xanım da onu həmişəlik yadında saxlayıb. 
İndi   də   bir   şikayət.   Səfiyyə   xanımdan   yox,  ona qarşı haqsızlıqdan. 
1965-ci  ilə  qədər  İ.  M.  Cəfərzadənin  aşkar  edib  qeydə  aldığı  Qobustanın  qədim 
qayaüstü    təsvirlərinin    demək  olar    ki,  hamısının    təbii  ölçüdə  estamp  surəti 
Səfiyyə  xanım  tərəfindən  alınıb  qrafitlə  işlənmişdir.  İshaq    müəllimin    çap  
etdirdiyi bütün 
məqalələrdə  və  eləcə  də  «Elm»  nəşriyyatının  buraxdığı  sanballı 

22 
 
«Qobustan»  (Bakı,  1973)  albomunda  çap  olunmuş  qayaüstü  təsvirlərin  hamısının 
surətini  xanım  hazırlamışdır.  Lakin  bu  zəhmət  heç  yerdə  qeyd  olunmamışdı. 
Göstərilən  albomda  cəmi  dörd  rəngli  fotonun  H.  Hüseynzadə  tərəfindən  çəkildiyi 
göstərilir.  Kitabda  verilmiş  120  daş  üzərindəki  qədim  şəkillərin  hamısının  tək 
Səfiyyə xanım tərəfindən hazırlandığı halda kitabın rəssamları kimi A. Hacıyev və 
V.  Seytinin  adları  qeyd  olunur.  Axı,  onların  heç  biri  Qobustan  qayaüstü 
təsvirlərindən  nəinki  bir  daşın,  heç  bir  şəklin  belə  üzünü  çıxarmayıblar.  Səfiyyə 
xanıma isə kitabın ön sözündə kitabın bütün illüstrasiyalarının müəllifi  kimi yox, 
V.  Fomenko  ilə  bərabər  köməkçi  rəssam  kimi  təşəkkür  bildirilir.  Həm  İshaq 
müəllimin, həm də nəşriyyatın təqsiri və nə qədər böyük haqsızlıq! 
Səfiyyə  xanımın  1947-ci  ildən  1960-cı  illərə  qədər  əziyyətlə  hazırladığı  (İ. 
Cəfərzadə və Ə. Ələsgərzadə ilə birgə) «Abşeronun qəbirdaşları üzərində qazılmış 
nəqşə  və  yazılar»  albomu  da  60-cı  illərdə  və  70-ci  illərdə  olmaqla  iki  dəfə  nəşrə 
qəbul  olunub,  hər  ikisində  İ.  M.  Cəfərzadə  tərəfindən  hazırlanmış  mətn  nəşriyyat 
tərəfindən «itirilmiş» və albom işıq üzü görməmişdir. 
Səfiyyə xanım gözəl, səliqəli, şirindil, çox xanım qadın idi. Övladı olmayıb, 
əvəzində  İshaq  müəllimə  uşağı  kimi  qulluq  edərdi.  Çox  mehriban  və  həssas  idi. 
Tanıyanların çoxu etiraf edir ki, ömrünün son iki on ilini tez-tez xəstələndən İshaq 
müəllimin 87 yaşa qədər yaşamasına Səfiyyə xanımın qayğısı, mehribanlığı kömək 
etmişdir.  İshaq  müəllim  də,  ağırtəbiətli  olsa  da,  Səfiyyə  xanımla  mehriban  idi, 
zarafat edər, komplement    deyərdi. Onun zarafatlarından biri haqda: 
-  Artıq  10  ildən  çoxdur  ki,  İshaq  müəllim  aramızdan  gedib.  İndi  Tarix 
İnstitutu  Arxeologiya  və  etnoqrafiya  şöbəsi  elmi  şurasının  qərarı  ilə  «Qobustan 
petroqlifləri»ni      (Qobustanın      qədim      qayaüstü    təsvirlərini)  tam  şəkildə  çapa 
hazırlamaq mənə həvalə edilib 
İshaq  müəllim özünün  «Qobustan» (Baku, 1973) kitabında  Böyükdaş dağı 
aşağı səki sahəsi üzrə 15 №-li daşda iki ədəd öküzə oxşar heyvanın estamp surətini 
və  onların  təsvirini  çap  etməklə  qeyd  edir  ki,  bu  daş  şəkillər  çox  olub,  lakin 
daşkəsənlər daşı partladıblar, indi 15 №-li daş yoxdur, qalmayıb. Bir dəfə, iki-üç il 
bundan əvvəl, İshaq müəllimin materialları arasında mən bir fotoşəkilə rast gəldim. 
Onun  arxasında  «Aşağı  səki  daş  №  15»  yazılmışdı.  Baxdım,    böyük    qaya  
parçasıdır  üstündə  də  çoxlu  qədim şəkillər var. Onların çoxu zamanın təsirindən 
pis  oxunur,  ortada  isə  haqqında  qeyd  etdiyim  (15  №-li  daşdakı)  iki  öküzəoxşar 
heyvandan  biri  tam  görünür,  qayanın  dibində  isə  Səfiyyə  xanım  dayanıb.  Məni 
maraq götürdü ki, Səfiyyə xanım bu daşdakı şəkillərdən niyə yalnız bu iki öküzün 
estamp sürətini çıxarıb? Bəs, o biriləri niyə çıxarılmayıb. Daş da ki, sınıb, indi artıq 
yoxdur. 
Bu maraqla Səfiyyə xanımın yanına getdim və bu məsələni  aydınlaşdırmağı  
xahiş etdim.  O  dedi: 

23 
 
-  Nə bilim, İshaq müəllim mənə bu iki öküzün sürətini götür, dedi. Sonra da 
dedi  ki,  Sofa,  onlar  iki  öküz,  sən  də  dur  daşın  yanında  ol  üçüncü  öküz,  bir  yerdə 
şəklinizi çəkim və çəkdi  (foto).  
Dedim: 
-  Səfiyyə   xanım,   bəs   incimədinizmi   ki,   sizi də öküzlərə qatıb?  
Dedi: 
-  Yox, zarafat etmək onun adəti ndi. Nə olsun, onda elə demişdi, bir dəfə də 
mən  Yazılıtəpədə  9  №-li  daşın  şəkillərini  işləyirdim.  O  daşda  bir  iri  ölçülü,  çox 
təbii nə gözəl çəkilmiş nəhəng maral şəkli var. İshaq fotoaparatı qurub mənə dedi: 
«Mənim  maralım,  get  dur  o  maralın  yanında  ikinizin  bir  yerdə  şəklinizi  çəkim». 
Elə də etdi (1-ci tablo. şəkil B). 
Araz Gülü oğlu Məmmədov. Hamı ona Araz dayı deyərdi. 1950-ci illərdən 
Tarix İnstitutu onu Böyükdaş dağında qədim qayaüstü təsvirlərin qoruqçusu kimi 
işə  götürmüşdü.  Sonra  ömrünün  axırına  kimi  Tarix  İnstitutu  və  Qobustan 
qoruğunun  bu  iş  üzrə  nəzarətçisi  olmuşdu.  Araz  dayı  hündürboylu,  pəhləvan 
cüssəli,  yorulmaq  bilməyən,  həyatda  çox  sadə,  yumşaqürəkli,  əyrilik  haqda 
təsəvvürü  belə  olmayan  adam  idi.  Ata-babadan  kasıb  olmuş,  müharibədə  əsir 
düşmüş,  müharibədən  sonra  evinə  qayıdaraq  təsadüfi  işlərdə  işləmiş,  bir  çətən 
oğul-qız böyütmüşdü. O qədər ürəyi yumşaq idi ki, heç bir uşağına qışqırıb səsini 
qaldırmamışdı. Ailəsinin qulu idi. Çox diqqətli, çalışqan, hər cür iş bacaran və hər 
şeylə  maraqlanan  adam  idi.  Araz  dayı  tam  savadsız  olmasına  baxmayaraq, 
Qobustanın  tarixi  abidələrilə  lap  tarixçi  arxeoloq  kimi  maraqlanırdı.  İshaq 
müəllimin  aşkar  edib  qeydə  aldığı  700-dən  çox  şəkilli,  dəlməli,  yalaqlı  daşa 
inventar  nömrəsini  o  qazmışdır.  Bütün  şəkilli  daşların  nömrəsi  ilə  yerini  bilirdi. 
Qobustanın  bir  çox  arxeoloji  abidələri  onun  köməyi  və  məlumatı  ilə  aşkara 
çıxarılmışdır. 
Araz  dayı  Qobustanda  arxeoloji  ekspedisiya  dövründə,  mənim  Qobustan 
qoruğunun direktoru olduğum on ildə (1967-1976) isə  həmişə  bizimlə  idi.  Araz 
dayı    Qobustanın      içərilərini      yaxşı      tanıyırdı.      Dəfələrlə,  Xəzər    dənizindən   
Mərəzəyə,    Böyük     Qobustanın    içərilərinə qədər  bizə bələdçilik etmişdi. Yeri  
gəlmişkən,   Araz  dayı     yaxşı  ovçu-canavar  ovçusu  idi.   Bir dəfə qonşuluqdakı 
sovxoz  yatağının  sürüsünə  dadanıb  ziyan  verən  canavarları  güdüb  balaları  ilə 
birlikdə məhv etmiş, dərilərini ovçular idarəsinə vermiş, fermadan   da   bir   qoç   
mükafat   almışdı. 
Ekspedisiyalar  vaxtı  Araz  dayı  tez-tez  qazıntı  sahəsinə  gəlir,  qazmaqda 
olduğumuz  qədim  düşərgə,  yaşayış  yeri,  hörgü  ilə  tikili  qalıqları,  kurqanlar  və  s. 
kimi   abidələrin   xarakteri   ilə   maraqlanır,   burada material ola biləcəyini necə 
müəyyən etdiyimiz haqda suallar verirdi. İş gününün axırında ekspedisiya üzvləri o 
günün qazıntı  materiallarını  yuyub Qobustan bulağının   yanında,   ya   da   baza - 
binanın      eyvanında  sərdikdə  Araz  dayı  gələr,  bütün  materialları    (bəzən  yüzlərlə 
daş alət və çaxmaq daşı qəlpəsini) bir-bir qaldırıb baxar, qaytarıb yerinə qoyardı. 

24 
 
Maraqlandığı  yeni  tapıntı  haqqında  soruşar,  tanıdıqları  nüsxələrin  oxşarının  adını 
çəkər, düz bildiyinə sevinərdi. Bizim işlə, arxeoloji abidələrlə, tanış olduqca bu və 
digər abidəyə oxşar yeri  harada   gördüyünü xəbər verərdi. 
Bir dəfə, 1960-cı ildə Qobustan qayalarında, Böyükdaş dağının ayağında və 
Kiçikdaşdakı  Qaraatlı  piri  qəbiristanlığındakı  başdaşılarda  qazılmış  işarə  və 
damğaların kağıza çıxartdığımız sürətlərini foto üçün   kalkaya   köçürərkən   Araz   
dayı      yanımıza    gəldi.  İşlədiyimiz  işarələri  görüb  dedi  ki,  bu  cür  şəkillər  Sofu 
Novruz qəbiristanlığı     yanında, yolun sol  tərəfindəki daşlarda çoxdur. səhəri bizi 
oraya  apardı.  Baxdıq    ki,  bu      daşlar    çox  qədim,    yazısı  olmayan,  bəlkə  də 
müsəlmançılıqdan  da  qabaqkı  yaddan  çıxmış  bir  qəbiristanlığın  baş  daşılarıdır. 
Çoxunun  da  üzərində    doğrudan      da      müxtəlif    işarə    və    damğalar    var.  Sofu 
Novruz qəbiristanı Qobustan qəsəbəsindən Mərəzəyə gedən torpaq yolla 50 km-lik 
məsafədədir. Bu  qəbiristanlıqdan topladığımız işarələr F. Muradovanın Qobustan - 
Şirvan zonasının işarə və damğaları haqda elmi məqaləsi üçün əsas oldu. 
Qobustanda 1 və 2 №-li kurqanları qazan zaman Araz dayı Axtarma dağının 
cənub  dibində  də  bu  cür  3  qurama  (o  kurqanlara,  əl  ilə  yığıldığı  üçün  qurama 
deyirdi) olduğunu bildirdi. Orada 4 kurqan var idi.  Sonra onları qazıb Qobustanın 
Tunc dövrünü öyrənmək üçün xeyli material əldə etdik. 
Göyərçin  dağının  dibindəki  28  №-li  kurqanın  və  Şıxqaya    zonasındakı  
«Yeddi    qardaş»  kurqanlarının  yerini  də,  Böyükdaş  dağında  qədim  ovçuluqla 
əlaqədə  -  «Tülkü  tutan»  qurğusunu  və  bir  çox  başqa  abidələri  də  bizə  Araz  dayı 
göstərmişdir. Araz dayı daş karxanasının bağlanması ilə əlaqədər Qobustana gələn 
hökumət  adamları  və  başqa  qonaqlar  üçün  apardığım  ekskursiya  və  izahatlardan 
elə öyrənmişdi ki, qoruğu işçiləri olmayan vaxt buraya  yolüstü, vaxtsız  gələnlərə  
ekskursiya   aparıb    marşrutdakı   abidələri   göstərir və müəyyən qədər  məlumat 
verə  bilirdi.  Mən  əminəm  ki,  Araz  dayı  60-80-cı  illərdə  Qobustanda  olmuş 
adamların çoxunun yadında qalıb. 
Böyükdaş dağındakı bulağı Araz dayı tikib qaydaya salmış və divarında bir 
daşa  «Araz  bulağı»  yazmışdı.  Araz  dayı  rəhmətə  gedəndən  sonra  hansı  əli 
qurumuşsa  yazını  məhv  edib.  Nə  deyim?  Mən  isə  Araz  dayı  onun  Qobustanla 
bağlılığı,  Qobustana  məhəbbəti  haqda  bu  kiçik  məlumatı  kitaba  salmaqla  Araz 
dayının adının da yaddaşlarda qalmasını istərdim. Allah ona rəhmət eləsin! 
  
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə