QOBUSTANDA QAYIQ TƏSVİRLƏRİ
Qobustanda qayıq təsvirləri yüzdən çoxdur. Onlar qayalar üzərində qazma
üsulu ilə çəkilmişlər. Formalarına görə üç cürə: xətti, siluet və hörmə görünüşlü
qayıqlardır. Xətlə çəkilmiş qayıqlar ən qədimdir. Apardığımız arxeoloji qazıntılar
göstərir ki, Paleolit dövründə qayıq düzəldilməyib. Qayıqların tarixi Qobustanda
orta Daş (Mezolit) dövründən başlayır. İlk qayıqlar əsasən ağac gövdəsindən
düzəldilmiş, kiçik ölçülü, təknəvari olmuş, 1-2 adam və yük götürmüş, əsasən
çayları keçmək üçün işlədilmişlər. Bu tip qayıq təsvirləri Böyükdaş və Kiçikdaş
dağlarının ətəklərindəki daşlarda çoxdur. Onlara tək-tək dağların yuxarılarında da
rast gəlinir. Belə qayıqlar kiçik ölçülüdürlər.
Qayıq təsvirlərinin dağın aşağısında, düzənliyə yaxın sahələrdə daşlarda
çoxluğu görünür, bu, qədim qobustanlıların balıqçılıq fəaliyyəti ilə əlaqədardır.
Kiçikdaş dağı 85 №-li daşdan qədim qayıq təsvirlərindən birinin içində 2 adam,
aralarında isə qayığın yükü göstərilmiş, Böyükdaş dağı yuxarı səki sahəsindəki 42
№-li daşda isə qayığın fəlakətə uğraması səhnəsi təsvir edilmişdir. Burala qayıq
təsviri ortadan qatlanıb sınmış kimi göstərilmişdir.
63
İkinci tip qayıq təsvirləri qayalarda kölgəvari döyülmüş enli gövdəlidir.
Böyükdaş dağının aşağı səki sahəsindəki 8 və 99 №-li, Kiçikdaş sahəsindəki 50 və
123 №-li daşlarda çəkilmiş bu tip qayıq təsvirləri qamışdan və qarğıdan
hazırlanmışdır. Bu cür qayıqları İ. Cəfərzadə eradan əvvəlki VII-VI minilliklərə aid
etmişdir (5-ci tablo, şəkil A və 13-cü tablo, şəkil A).
Üçüncü tip qayıq təsviri Daşqışlaq sahəsində 13 №-li daş üzərində qeydə
alınmışdır. Buradakı hər iki qayıq xətlə çəkilmiş, forması qövs tərəfi aşağı olmaqla
seqment şəkillidir. Hər iki qayıq təsvirinin gövdəsi sağa və sola maili çəkilmiş
xətlərin kəsişməsindən alınan şəbəkə ilə doldurulmuşdur. Bu cür qayıqlar bir növ
səbətvaridir. Çox güman ki, onların üzərinə heyvan dərisi çəkilmiş və ya içəridən
su keçirməyən maddə ilə (qətran) suvanmışdır. Onlar Mesopotamiyada e.ə. VIII
əsrə aid karkas üzərinə ağac qabığı və ya heyvan dərisi çəkilməklə hazırlanmış
yüngül qayığa oxşayır.
Qobustanda 1 və 2-ci tip qayıq təsvirlərinin içərisində dikinə, lakin qısa
çəkilmiş xətdən ibarət simvolik adam verilmişdir. 2-ci tip gəmilərin bəzilərindəki
bu cür dənizçiləri çəpinə xətt kəsir. Görünür ki, bu xətlərlə avarlar göstərilmişdir.
Bəzi qayıq təsvirlərinin burnunda günəş çəkilmişdir. Başqa regionlarda və
tarixin sonrakı dövrlərində gəminin başında quş, ilan, heyvan başı formalı
simvollar, quyruq (hissəsinin quş quyruğu kimi düzəldildiyi məlumdur.
Arxeoloji ədəbiyyatda bəzən qayıq təsvirlərinin dənizlərdən uzaq
məsafələrdə olmasına əsaslanaraq hesab edirlər ki, gəmilər ölünün ruhunu o biri
dünyaya aparmaq üçün çəkilmişdir. Əlbəttə, qədim gəmilər və onların çəkilmiş
təsvirlərinin ölünü axirət dünyaya aparmaq üçün olmaları haqda fikirlər və
əfsanələr çoxdur. Qobustan qayıqlarının burnundakı günəş təsvirinin də pis havada
günəşi çağırmaq üçün, ovsunçuluq məqsədi ilə çəkildiyini hesab edənlər də var.
Mən gəmi təsvirlərinin burnunda verilmiş günəş şəklinin günəşi çağırmaq
məqsədi ilə çəkilməsinin əleyhinəyəm. Gəminin burnunda günəş şəkli çəkilməsini
ovsun və günəş şəklinin günəşi çağırmaq olduğunu iddia edənlər, deyəsən insan
tarixinin inkişaf mərhələlərini yaxşı bilmirlər, bu cür izahla bizim qədim qobustanlı
babalarımızı həyatdan kənar, küt təbiəti bilməyən ağılsızlar hesab edirlər. Yuxarıda
demişdim ki, qədim Qobustan sakinləri elə indiki insan tipində idilər. Bizim kimi
düşünməyi də, dərk etməyi də bacarırdılar. Oxucu özü düşünsün, bizim Qobustan
mədəniyyətini yaradanlar haqda belə fikirləşmək onların özlərinin səviyyəsinin
aşağılığından irəli gəlmirmi?
Mezolit dövrü qobustanlılarının çaxmaq daşından mikroölçülü lövhələri
necə qoparmasını (daşı daşa vurmaqla), onlar üzərində mikroskopik dərəcədə
xırda dişəkləri necə işləmələrini fikirləşəndə az qalırsan səcdə edəsən. Bir də,
yuxarıda ayrı-ayrı heyvanları və bütöv səhnələri onların necə real, mütənasib,
təbiət qanunlarına, heyvanların anatomik və həyati xüsusiyyətlərini gözəl bilmələri
ilə çəkdikləri haqda danışmışdıq. Biz qəti deyirik, qədim qobustanlılar öz dövrünün
64
ən inkişaf etmiş və mədəni adamları, öz dövrünə görə elmi-texniki və həyati
biliklərin qabaqcılları səviyyəsinə bərabər adamlar idilər.
İnsan yaranandan kün çıxanda yuvasından (mağarasından, ocağından...)
çıxıb çölə, ova, işə gedib (elə indiki kimi, öz dövrünün tələbinə uyğun, öz
səviyyəsində), axşam evinə, mağarasına, ocağına qayıdıb, oturub (ocaq başında),
yatıb, bilib ki, neçə keçəcək, səhər açılacaq, günəş çıxacaq, yenidən işə, ova... gün
günü əvəz edəcək. Bunu nəinki Mezolit və Neolit dövrünün, elə alt Paleolit
dövrünün adamları da 100 min illər bundan qabaq bilirdilər. Bunu nəinki insanlar,
bütün canlılar bilir, hətta yarasalar da bilir ki, gecə qurtarır, gün çıxacaq, işıq
olacaq, qaçıb mağaraların tavanından asılmaq, axşam qaranlığını gözləmək
lazımdır.
Bəlkə, pis havada günəşi çağırıblar. Yenə yox. Mən sual edərdim, il fəsillərə
- yaza, yaya, payıza, qışa nə vaxtdan və kim tərəfindən bölünüb, eləcə də aya,
həftəyə... Əlbəttə, insanlar tərəfindən, onların nəsilbənəsil təbiət qanunlarını
müşahidələri nəticəsində, özü də hər yerin öz iqlim qurşağına uyğun olaraq.
Demək, insanlar (eləcə də qədim qobustanlılar) yaxşı bidirdilər ki, fəsillər üzrə nə
vaxt hansı bitki bitir, meyvə yetişir, yarpaq tökülür, hava soyuyur. Günəş yayda
yandırır, qışda isə heç isitmir də. Odur ki, günəşi çağırmaqla gələn deyil, qədim
adamlar inansaydılar ki, günəşin şəklini çəkməklə, çağırmaqla o gəlir, özü də lap
yaydakı kimi isti olur, daha yanacaq ehtiyatı görməzdilər.
Mən hiss edirəm ki, mənə etiraz edənlər, «inamsız insan yaşaya bilməz,
gəminin burnunda günəş çəkməklə ona inanıblar» deyənlər, hətta etnoqrafik
dəlillər söyləyənlər də olacaq. Bəli, bunlar düzdür, lakin kim inanar ki, qışın
dumanlı, çiskinli günündə gəminin burun hissəsinə günəş təsviri çəkilsə, doğrudan
da elə o gün hava açılar, duman çəkilər, günəş çıxar? Əlbəttə, yox.
50-ci illərə qədər, Göycə mahalı, bizim yaylaqlar Ermənistana verilənə
qədər hər il kəndimizin adamları dədə-baba yaylaqlarımıza gedərdi. Orada çox
vaxt yağış, duman, soyuq olur. Yadımdadır, həftə ilə yağmurlu günlər olardı.
Ancaq hamı bilirdi ki, hava açılıb günəşli günlər olacaq. Qonşuda Mələk nənə adlı
bir qarı vardı. Yağış yağanda yuyub sərdiyi paltarı yığmazdı. Deyərdi: - «yağ-yağ,
paltarı yığan deyiləm, axırda özün qurudacaqsan» (yəni günəş çıxacaq, qurudacaq).
Bu, Mələk nənənin günəşin gələcəyinə inamı idi. Allah ona rəhmət eləsin.
Bir də görürdün duman dağılır, axşam buludun arasından ulduz görünür.
Belə vaxtda qonşular Feyzulla kişinin qızı Pərnisanı, Pirməmməd oğlu Nəbinin
oğlu Dadaşı, Əmrahoğlu Mədədi və başqa anasının ilki olan uşaqları səslər, tələb
edərdilər ki, göydə ulduz görünür, tez onu bağla, səhər gün olsun. Onlar da üzünü
ulduza tutub deyərdilər:
Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm.
Əgər səhər gün çıxmasa
65
Dörd yanını dağlaram
Məhşərəcən bağlaram.
Səhərisi gün doğrudan da gün çıxan vaxt da, günəşin çıxmadığı günlər də
olurdu. Birinci halda axşam ulduzu bağlayanlara təşəkkür edilirdi, elə bil bütün
yaylaqdakı ellər, obalar üçün günəşin çıxmasının açarı elə onların əlində imiş.
Lakin hava dumanlı qalıb gün çıxmayanda bir dəfə də onlara irad tutanın səsini
eşitməzdik. Hamı bilirdi ki, külək dumanı qovub aparmadı, ona görə də günəş
çıxmadı. Nə olar sabah çıxar, o biri gün çıxar, axır çıxacaq. Ulduzu bağlamaq isə
bir adət idi, bəlkə də ilk uşağın üstünlüyü, kəsərliliyinə inam yaratmaq, ona, ilk
uşağa istəkdən yaranan adət, nə isə...
Gəminin burnunda günəş təsviri çəkmək qışda, pis havada günəşin
çıxmasına zəmanət ola bilməz. Bəs, Qobustanda gəmi təsvirlərinin burnundakı
günəş təsvirləri nə üçün çəkilib?
Mən yuxarıda demişəm və bir daha qeyd edirəm ki, qədim qayaüstü
təsvirlərin hər birinin və onların hissələrinin nə məqsədlə çəkilməsi haqda qəti fikir
söyləmək çox çətindir. Lap tam mənası ilə düzünü söyləmiş olsan da qətiliyinə
təkid edə bilməzsən, sonra o qədər niyələr çıxır ki, axı, keçmişdən dediyin fikiri
təsdiq edəcək heç kəs qalmayıb. Yozumlar isə müxtəlif ola bilir və hər kəs özünü
haqlı sayır.
Mən də Qobustan gəmilərindəki günəş təsviri, onun məqsədi barədə öz
izahımı söyləyə bilərəm. Əvvəlcədən oxucuların nəzərinə çatdırım ki, burun
hissəsində günəş təsviri çəkilmiş gəmi şəkilləri yalnız Qobustandadır. Məncə, bu
o deməkdir ki, günəşin bu qaydada təsviri Qobustan üçün lazım imiş. Nə üçün?
Görünür, Qobustan şəraiti ilə əlaqədar, Qobustan Xəzər dənizinin qərb
sahilindədir. Balıqçılıq qobustanlıların həyat və təsərrüfatında ovçuluq və
yığıcılıqdan az əhəmiyyətli sahə olmayıb. Buna görə də onlar hələ Mezolit
dövründən qayıq düzəldib dənizə çıxa bilmişlər. Bir tərəfdən də qeyd etdik ki,
ilk kiçik ölçülü qayıq təsvirlərində günəş təsviri yoxdur. Burnunda günəş təsvir
olunan iri qayıqlar -gəmilərdir. O gəmilər ki, sahildən uzaqlaşıb dənizə çıxa
bilirlər.
Mən gəmidə olmuşam, dənizə çıxmış və dənizdən qayıtmışam. Bilmirəm,
bəlkə mənə elə gəlir, adam gəmidə olarkən, sahil görünməyəndə elə bil suyun
üzündə qalır, cəhəti itirir (söhbət texniki vasitələrlə təchiz olunmuş səriştəli
dənizçilərdən getmir bir cəhət, bir istiqamət axtarır. Bununla əlaqədar ta qədim
zamanlardan dənizçilər üçün açıq dənizdə ay, ulduz və günəş bir növ kompas
rolunu oynayıb. Qobustanda isə dənizə çıxan qədim qobustanlılar səhər-səhər,
günəşə tərəf şərqə - dənizə, axşam evə - qərbə, yenə günəşə tərəf üzməli idilər.
Bütün günü günəşə tərəf üzmək, günəşlə bərabər dəniz üzərində dolanıb, istiqaməti
itirmədən, axşam günəşlə geri qayıda bilərdi. Görünür, gəminin burun hissəsində
66
günəş təsvir etmək azmamaq, istiqaməti itirməmək üçün həmişə günəşə tərəf
üzmək lazım olduğunu göstərmək üçündür.
Başqa bir inam. Məlum olduğu kimi, qədim Misirdən başlamış, demək olar
bütün qədim mədəniyyət ocaqlarında insanlar günəşə inanmış, ona sitayiş etmişlər.
Əlbəttə, dağlarında vulkanlar od püskürən Qobustan, torpağından alov çıxan
Abşeron, atəşpərəstliyin ocağı, çox qədim zamanlardan «Odlar diyarı» kimi
tanınan bir ərazi üçün də günəşi müqəddəs saymaq, ona sitayiş etmək istisna
olmamışdır. Qobustanda günəş pirinin olması da bu fikri təsdiq edir. Kiçikdaş
dağında 97 №-li qayanın üstündə 20-dən çox günəş simvolu -spiralvari çevrələr
çəkilmişdir. Onlardan 6 ədədi qaya üzərində yer səviyyəsindən hündürdədir,
qalanları isə qazıntı nəticəsində aşkar edilmişdir. Qazıntı zamanı buradan ocaq
qalığı, son Eneolit və ilk Tunc dövrü qab qırıqları və s. materiallar tapılmışdır.
Eyni spiralvari günəş simvolları üzbəüzdəki 18 №-li daşın dibində də aşkar
edilmişdir. Arxeoloji ədəbiyyatdan günəş məbədinin divarlarının spiralvari dairələr
və çərxi-fələk - svastika nişanları ilə bəzədilməsi məlumdur. Qobustanda qazılmış
7 №-li kurqanın qəbir daşının üstündə və bir çox şəkilli daşlar üzərində də günəş
simvolu olan işarələr vardır. Bütün bunlar günəşə inamın, ona pərəstişin
Qobustanda güclü olması və uzun zaman davam etməsili göstərir.
Beləliklə, günəş Qobustanda sitayiş edilən obyektlərdən, qədim
qobustanlıların allahlarından biri olmuş, onları nəinki isitmiş, hətta dəniz
səyahətində müşayiət etmiş, onlara yol göstərmişdir.
Bu söhbət oxucuya təzadlı görünə bilər, deyə bilər ki, qədim qobustanlılar
günəşi allah sayıb, ona inanmışlar, lakin qayığın burnuna adicə yol göstərən,
mayak kimi çəkmişlər.
Bir aydınlıq. Bəli, o dövrdə hər yerdə, eləcə qədim Qobustanda da günəş
ümumi allah, insanlara həyat verən, həyat mənbəyi idi. Lakin hər qəbilənin,
qrupun, hətta bəzən ailənin də öz allahı, totemi vardı. Çoxallahlılıq dövrü idi. Hamı
üçün ümumi günəş allahdan başqa, adamlar və qəbilələr ayrı-ayrılıqda heyvanlara,
təbiət hadisələrinə, göy gurultusuna, şimşək çaxmasına, dağa, daşa, hətta özlərinin
düzəltdikləri heykəlciklərə və s. inanmış, ona səcdə etmişlər. İndi bütün bunlar
təəccüblü görünsə də, dünyada hələ də belə inamlar qalmış yerlər var.
Qayıq təsvirlərinin burnunda günəşin yol göstərici kimi təsvir edilməsi heç
də o dövr üçün günəşə inamsızlıq kimi başa düşülməməlidir. Əksinə, günəş göydə
görünsə də, görünməsə də onlar üçün allah sayılmış, inanmışlar ki, o var, qarşısını
duman, bulud alsa da var. Ona inanmaq, ona tərəf getmək həmişə səadət
gətirməlidir. Günəşin qayıqların burnunda çəkilməsi də günəşi çağırmaq üçün yox,
günəşə inananların ona səcdə etməsi, günəşə arxa çevirməmək, həmişə ona tərəf
getmək, üzmək təbliğatıdır.
Söhbət ki, Qobustanın gəmi təsvirlərindən düşdü, daha bir məsələ haqda -
Qobustan gəmiləri tipində «Ra» və «Tiqris» gəmilərini düzəldərək dənizlər keçmiş,
okeana çıxmış məşhur norveçli alim və səyyah Tur Heyerdalın Qobustana gəlməsi
67
haqda da məlumat vermək istərdim. Çünki Heyerdalın Qobustana səfərindən sonra
mətbuatda və s. «Qobustan bilicilərinin» dilində belə şayiələr gəzmişdi ki, guya
məhz Heyerdal Qobustan gəmilərinin dünyada ən qədim olduğunu göstərib və
tarixini dəqiqləşdirib və s.
Mən Qobustanın qədim mədəniyyət ocağı olmasını və tarixinin qədimliyini
Tur Heyerdalın və b. şəxsiyyətlərin adı və dedikləri əsasında təsdiqləməyə tərəfdar
deyiləm. Bəzi alim və tədqiqatçılarımızı da indiyə qədər bizdə vərdiş halı almış öz
gücümüzə
və
bacarığımıza
inamsızlıqdan,
başqa
millətin
tanınmış
nümayəndələrinin dediklərinə haqq-nahaq üstünlük verərək ona baş əyməkdən,
qədim mədəniyyətimizin, milli kökümüzün haradansa, başqa yerlərdən gəlmə
saymaqdan əl çəkməyə səsləyirəm.
1981-ci il avqustun ortalarında Tarix İnstitutundan mənə xəbər verdilər ki,
(o vaxt mən ekspedisiyada idim) ayın axırı üçün Tur Heyerdal Qobustana gələcək.
Ayın 28-də o, Bakıya və 29-da Qobustana gəldi. O, əslində Azərbaycana
Qobustandakı qayıq təsvirlərinə baxmağa gəlmişdi. Özü də buraya gələnə kimi
onun Qobustan qayıqları, onların dövrü haqda məlumatı var idi. Gəlməsindən
məqsəd isə Qobustan «Tiqris»lərinin qamışdan hazırlandıqlarını və onların dövrü
haqdakı məlumatları yoxlamaq idi.
Mən onu Qobustanın tarixi-arxeoloji abidələri, qayaüstü təsvirlər,
alardığımız arxeoloji qazıntıların nəticələri ilə tanış etdim. Onu da deyim ki, mən
ona ümumiyyətlə qayaüstü təsvirlər haqda məlumat verərkən bir qədər bikef
görünürdü. Ona görə də «Ana zağa» mağarasındakı qadın təsvirlərini göstərib
zarafatla dedim ki, gör Qobustanın qadınları necə gözəldirlər. O da zarafatla cavab
verdi ki, «qadınları özünə götür, mənə isə gəmiləri göstər». Mən onun arzusu ilə
gəzib baxa biləcəyimiz sahələrdəki qayıq təsvirlərini ona göstərdim və biz bu
təsvirlər ilə əlaqədar fikir mübadiləsi etdik. Söhbətimiz çox canlı keçirdi.
Tərcüməçi - Heyerdalın kitablarını rus dilinə tərcümə etmiş, həm də onun dostu,
Oslo universitetində təhsil almış Lev Jdanov dediklərimizi elə tərcümə edirdi ki,
elə bil tərcüməsiz danışırdıq.
T. Heyerdal qayıq təsvirlərinə baxdıqca I tip qayıqların ağacdan, ikincilərin
qamışdan və qarğıdan düzəldildiyinə etiraz etmədiyini bildirdi. Bir də onu ən çox
maraqlandıran günəşin qayığın burun hissəsində verilməsi oldu. Axı o, qədim
Misir qayıqlarında günəş təsvirinin qayığın burnunda yox, ortasında - dor ağacında
təsvir olunduğunu görmüşdü. Özü də etiraf etdi, günəşin bu cür təsvirini birinci
dəfədir, özü də Qobustanda görür. O, günəş təsvirinin günəşə sitayişlə əlaqədar
olması fikri ilə razılaşdı.
Qonaqla əsas mübahisə Qobustan qayalarındakı qayıq təsvirlərinin tarixi
barədə oldu. O, hələ Azərbaycana gələnə qədər Qobustan gəmilərinin e.ə. VII-VI
minilliklərə aid edilməsini bilirdi və buna şübhə ilə yanaşırdı (onu müşayiət
edənlərdən biri də moskvalı etnoqraf Henrix Anoxin idi. Yəqin ki, onun vasitəsilə
İ. Cəfərzadənin «Qobustan» (Bakı, 1973) albomu ilə tanış olmuşdu). Odur ki,
68
o bildirdi ki, Şərq ölkələrində gəmi təsvirləri xeyli gec dövrlərə, cəmi 3500 il
bundan əvvələ aid edilir. Bu, bizdən Qobustandakı gəmi təsvirlərinin qədimliyini
əsaslandırmağı tələb etmək idi. Çünki o, Qobustanda qayıq təsvirlərinin tarixinin
göstərdiyimiz qədər qədim olması ilə heç cür razılaşmaq istəmirdi. Məsələ çox
ciddi qoyulmuşdu.
Onu da deyim ki, (təvəzökardıqdan uzaq olsa da) əgər o gün hansı bir
(üzürlü və ya üzürsüz) səbəbdənsə mənim onu müşayiət edib izahat vermək
imkanım olmasaydı, yəqin ki, bizim tədqiqatların nəticəsi ilə tanış olmayan və
bizim bu məsələnin sübutu üçün dəlillərimizi bilməyən onu razı sala bilməyəcəkdi.
Mən onunla bir saata qədər mübahisə etməli oldum. Ən əvvəl qonağa qədim
qayaüstü təsvirlər, o cümlədən qayıq təsvirlərinin (yarandığı dövrdə Qobustanda
olmuş əlverişli təbii-coğrafi şəraitdən söhbət açdım. Bu işdə mənə xüsusilə
Azərbaycan EA-nın müxbir üzvü (indi akademik) Budaq Budaqov kömək etdi.
Sonra qonağa Qobustanda aparılmış arxeoloji qazıntılar nəticəsində əldə edilmiş
materiallar, onların saxlanmış olduğu mədəni təbəqələr, buradan tapılmış, üzərində
gəmi şəkli çəkilmiş daşları göstərdim və lazımi məlumat verdim. Bundan sonra o
bildirdi ki, Qobustanda aparılan yüksək səviyyəli arxeoloji qazıntı və tədqiqat
işlərinin nəticələri Qobustan qayıqlarının qədimliyinə onda şübhə qoymur. Sonra
etiraf etdi ki, Qobustanda qədim mədəniyyət və ibtidai incəsənət abidələrinin bu
qədər zəngin, onun köklərinin, xüsusilə qayıq təsvirlərinin bu qədər qədim
olmasını gözləmirmiş.
Açığını deyim, bu etirafa kimi Heyerdal çox soyuqqanlı idi, gülmürdü, üz-
gözündən şübhə tökülürdü. Yalnız bu uzun mübahisədən sonra göstərdiyimiz
etirafı etdi və əllərini qaldırıb (olduğu kimi deyirəm) iki kəlmə dedi. Tərcüməçi də
onun kimi əllərini qaldırıb tərcümə etdi: «Mən təslim». Sonra Tur bildirdi ki, hər
şey indi ona aydın oddu, qayıqların tarixi ilə də, tədqiqatçıların nəticələri ilə də
razıdır. Deməli, Qobustanda qayıq təsvirlərinin ən qədim olmasını və tarixini o
bizə yox, biz ona dedik. O isə güman etdiyini bildirdi ki, ola bilsin Qobustan,
kökləri çox qədimə gedən və indiyə qədər məlum olmayan, Mesopotamiyadan da
qədim mədəniyyət ocağıdır. Onun bizdən qabaq, bizə dediyi əsas fikir bu idi.
Bundan sonra qonağın üzünə təbəssüm gəldi, gözləri güldü. Çünki o
gəlişindən çox razı qalmışdı, Qobustana məftun olmuşdu. Artıq dincəlmək də
istəmir, hey yeni şəkillər görmək istəyirdi. Ona təklif edəndə ki, -«yorulmusunuz,
gedək bir az dincəlin», etiraz etdi ki: «Nə dincəlmək? Gördüklərim və
eşitdiklərimdən artıq dincəlmək varmı? Mənə bütün gəmi şəkillərini göstərin».
Sonra o biləndə ki, gəmi təsvirlərinin çoxu marşrutdan kənarda, Kiçikdaş dağı
sahəsindədir, bizi addımbaşı izləyən və işləməyə mane olan mətbuat işçilərini
və avtoqraf almaq üçün əl-ayağa dolaşan «müşahidəçiləri» göstərib dedi: «Mənə
bunlar yox, siz (məni və Firuzə Muradovanı göstərərək) tədqiqatçılar, tərcüməçi
və maşın bəs edərdi. Mən o dağdakı qayıq təsvirlərinə də baxardım» (13-cü tablo,
şəkil B).
69
Mən ona Kiçikdaş dağının Daşqışlaq sahəsindəki III tip – səbətvari
qayıqların fotosu və rəngli slaydını göstərdim. Heyerdal onların səbətvari, dərin
oturacaqlı qayıqlar olması haqda fikrimizi təsdiq etdi və bu tip qayıqlardan
Mesopotamiyanın çay və göllərində indi də istifadə olunduğunu söylədi. O bizdən
ayrılarkən Qobustana bir daha gəlmək, Qobustan abidələri ilə daha geniş, daha
yaxından tanış olmaq arzusunda olduğunu bildirdi.
1987-ci ilin sonunda xəbər tutdum ki, Tur Heyerdal 1988-ci ilin yazında
yenidən Qobustana gəlmək və Qobustandan kinofilm çəkmək üçün icazə alıb.
Lakin erməni daşnaklarının 1988-ci ilin ilk aylarından qaldırdığı, Azərbaycan
xalqının başına gələn bugünkü müsibətlərə səbəb məşhur Qarabağ «problemi»
onun yenidən Qobustana gəlməsinə mane oldu.
QƏDİM QOBUSTANDA «YALLI»
Qədim qobustanlıların yaşayışı, adət-ənənələri və kökü ovçuluqla bağlı
ibtidai həyat tərzini əks etdirən tablolar içərisində «Yallı» rəqsi səhnələri də diqqəti
cəlb edir (7-ci tablo, şəkil B; 10-cu tablo, şəkil V). Müasir balet, teatr, rəqs
sənətinin başlanğıcı olan «Yallı» rəqsinin kökü çox qədimlərdən, Daş dövründən
başlayır. Özü də insanların həyatı zərurətindən doğmuşdur. «Yallı»nın
Azərbaycanda ən qədim rəqs olduğunu söyləmək üçün işcə dəlilə müraciət edək.
Birincisi, Qobustan (qayalarında tarixin müxtəlif mərhələlərinə aid kollektiv
rəqs - «yallı» səhnələri vardır. Əlbəttə, bu cəhət başqa regionları istisna etmir. Belə
ki, qayalarda çəkilmiş yallıya oxşar kollektiv rəqs səhnələri başqa yerlərdə (məs:
Özbəkistanda, Qazaxıstanda, Sibirdə və s.) və başqa xalqlarda da vardır. Bu nə
deməkdir? Böyük bir ərazilə, bəlkə dünyanın hər yerində eyni mədəniyyətmi
olmuşdur? Hər halda (bu qədim insanların dünyagörüşü və ideologiyası ilə bağlı
olsa da) yallı oyunu ibtidai insanların yaşamaq üçün qalib gəlmək ehtiyacından
doğmuşdur. Bu rəqs ibtidai insanların güclülüyünü, dözümlülüyünü, çevikliyini,
kollektivin bir adam kimi birgə, ahəngdar hərəkətini təmin etmək üçün məşq rəqsi,
ibtidai idman oyunu kimi meydana gəlmişdir. Bu cür məşqlə qəbilə üzvləri ov
zamanı bir adam kimi hərəkət etmək, güclü vəhşi heyvana ovda iştirak edən
ovçuların bir anda zərbə endirmək, heyvan sürüsünü lazımi istiqamətə - tələyə,
əlverişli ov sahəsinə yönəltmək, qaçmağa yol tapmayan yaralı vəhşinin ovçulara
hücum edəcəyi təqdirdə necə hərəkət etmək, yoldaşına necə kömək etmək və s.
kimi vərdişlərə yiyələnirdilər. Belə olmasaydı onlar təbiətin sərt qanunlarına və
güclü vəhşi heyvanlara qarşı aciz qalardılar. Axı, uğurlu ov - qida, qida isə
yaşamaq demək idi. Deməli, yaşamaq üçün yeməli, «yallanmalı», «yal» (qida) əldə
etməli idilər. Bunun üçün ovladıqları heyvanı hər gün səhərdən axşamadək
qovmağa dözməli, ona qalib gəlməli idi. Bu isə qədim ovçudan güclü və çevik
olmağı, o da öz növbəsində məşq tələb edirdi.
70
Bütün göstərilən vərdişlər, eləcə də nizə və ox atmaq, lazım gələrsə yaralı
heyvanın üzərinə atılmaq, ağaca dırmaşmaq, qayadan atılmaq və s. «yallı»
oyununun məşqində qazanılırdı. Bütün bu söhbətlər insanların təbiətlə üz-üzə
durduğu ibtidai dövrlərə aiddir.
Qədim qobustanlıların (ovçuların) öz işlərin müvəffəqiyyəti üçün necə məşq
etmələri qayalardakı kişi təsvirlərinin ayaq əzələlərinin qabarıq, bədənlərinin
qamətli və möhkəm təsvir edilməsində aydın görünür.
Zaman keçdikcə həyat inkişaf edir, ibtidai dövr daha mütərəqqi tarixi
dövrlərin yaranması, yaşayış üçün lazım olan nemətləri insanların özlərinin
yaratması, ovçuluqdan istehsal təsərrüfatına keçilməsi başlanır, ovçuluğu əkinçilik
və maldarlıq təsərrüfatı əvəz edir. İnsanların qida ilə təmin edilməsində ovçuluğun
ikinci, üçüncü yerə keçməsi ilə əlaqədar «yallı» oyunu üçün vərdişlər də get-gedə
yumşalır, öz formasını dəyişir, insanlar üçün əyləncə, sağlamlıq və gözəllik
oyununa çevrilir, tamaşa və teatr səhnələrinə çıxır.
Bir haşiyə. Oxucular yəqin bilirlər ki, insanlarda irsiyyət, irqi mənsubiyyət
nəsildən-nəslə keçir, təbiətin, dünyanın sonsuzluq məhvərində fırlanan bir element
kimi davam edir. Mənə elə gəlir ki, (etiraf edirəm ki, mən bu sahələr üzrə
mütəxəssis deyiləm, xüsusi məşğul da olmamışam) insanların min illər ərzində
qazandıqları vərdişlər, adət-ənənələr də bir növ «irsilik» hüququ qazanır,
özününküləşir. Belə ki, məsələn, ayrı-ayrı fərdlər və ya qruplar istisna olmaqla,
bütöv bir xalqın, millətin dili, milli musiqi hissiyyatı, həyata və təsərrüfata
münasibətlərinin elementləri müəyyən qədər dəyişə bilər, lakin itə bilməz.
Bu cəhətdən Azərbaycan xalq rəqsi «yallı»nın köklərinə və bu gününə nəzər
salaq. Yuxarıda göstərdiyimiz «yallı» oyununu yaradan təbii-tarixi səbəblər, dövrü,
şəraiti həyatda çox əsas məsələnin (ov-qida) həlli üçün ciddi və çətin hazırlıq tələb
edirdi. Belə bir hazırlığa nail olmaq üçün məşqin tələbatı da çox çətin idi. O
dövrün daş aləti ilə heyvan, özü də güclü heyvan ovu o qədər də asan, qəbilə
üzvlərinin ayrı-ayrılıqda öhdəsindən gələ biləcəyi iş deyildi.
«Yallı» oyununa güclü, dözümlü, özü də 20 yaşla 40 yaş arasında kişilər
girirdilər.
Hazırda «yallı» oyununu çox vaxt tamaşa meydançalarında görürük. Bu
«yallı» söz yox ki, onun ovçuluqda öz əhəmiyyətini itirməsindən atom dövrünə
qədər inkişaf yolunun bəhrəsidir. İndi «yallı»da yaşından asılı olmayaraq kişi və
qadın bir yerdə rəqs edir, ürəkaçan istirahət səhnəsi yaranır. Lakin bu müasirləşmiş
«yallı»dır. Kişilərlə qadınların birlikdə «yallı» getməsi səhnəsini, mənim fikrimcə,
Qobustan «yallı»sı ilə bağlamaq və xalq rəqsi adlandırmaq dövrün tələbilə düz
gəlmir, xalqın ifasında yaşamış fərmanı vermir, Qobustan qayalarında yalnız
kişilərin ifa etdiyi «yallı» səhnəsinin ruhunda deyil. Bu cür, kişilərlə bir yerdə,
bərabər sayda və bir sırada «yallı» oynamaq İslamın hökm sürdüyü yüzilliklərdə,
xüsusən də bizim kəndlər və obalarımızda, qadınların üzlərini göstərməyə haqqı
olmadığı bir şəraitdə mümküm deyildi.
71
Bir də xalq arasında, necə deyərlər, toyda-mağarda oynanan «yallı» var,
uşaqlıq vaxtlarında kənddə gördüyüm «yallı». O «yallı» ki, mən onu yada salmaqla
yuxarıda qədim Qobustan «yallı»sı haqda dediklərim nəticəyə gəlmişəm.
Yadımdadır, otuzuncu illər idi (mənim təxminən 9-10 yaşım vardı). Kənddə
Oktyabr inqilabının ildönümü günü idi. Bayram şənliyini keçirmək üçün kənd
camaatı dəstə ilə tarla düşərgəsinə gedirdi (deyəsən kolxoz belə qərar çıxarmışdı).
Axını qara zurna müşayiət edir, bir dəstə kənd cavanı isə çalınan «yallı» sədaları
altında insan axınının qabağında gedirdi. Oyuna kəndin hörmətli cavanlarından
Gülməmmədoğlu Bayram başçılıq edirdi (Gülməmmədoğlu Bayram 37-ci illər
repressiyasının qurbanı olmuşdur). Ümumiyyətlə, o vaxt kənd şənliklərində «yallı»
daimi oyun idi. Ona Gülməmmədoğlu Bayram, İsmayıloğlu İslam və b. adları
yadımdan çıxmış seçmə cavanlar başçılıq edərdilər. Başçı cərgə ilə düzülmüş
oyunçular dəstəsinin boy sırası ilə baş tərəfində durar, əlində qamçı və ya möhkəm
eşilmiş çatı olardı. Dəstə harmonik şəkildə (elə səhnədəki kimi) rəqs edirəm. Başçı
əlindəki qamçı və ya çatını yellədə-yellədə hərdən gözlənilməz bir hərəkət
edərdi (məsələn, cibindən yaylıq və ya bıçaq çıxarar, papağını yuxarı atıb- tutar,
yerdən əlinə daş götürər, atılıb ağacdan yarpaq qoparar və s). Oyunçular da
başçının etdiyi hər bir hərəkəti olduğu kimi təkrar etməli idilər, əks halda başçı
tərəfindən qamçı və ya çatı ilə vurulub cəzalandırılardı (onu da deyim ki, bu cəza
zərbəsi heç də yüngül olmurdu). Başçı həmişə vəziyyəti çətinləşdirmək, oyunçuları
daha çətin «suallarla» imtahan etmək üçün fənd axtarmalı, oyunçular isə onu təkrar
etməli idilər. Lakin başçının ortaya atdığı hərəkət prinsipcə yerinə yetirilməsi
mümkün olan hərəkət olmalı idi. Odur ki, göstərdiyim vaxt ahıl, uşaq, böyük bir
yerdə, qabaqda «yallı» dəstəsi tarla düşərgəsinə gedərkən birdən başçı
(Gülməmmədoğlu Bayram) atılıb bir uşağı qucağına götürdü. Oyunda iştirak edən
cavanlar hamısı adamlara tərəf yüyürdü, kimi uşaq, kimisi də əlinə uşaq
keçmədiyindən, yaşlı adamları qucağına götürdü. Lazımi vaxtda bu hərəkəti icra
etməyə müvəffəq olmayan və cəza zərbəsi alan da oldu.
Mən bu hadisəni və o vaxt kənddə dəfələrlə gördüyüm «yallı» oyununun
ümumi şərtlərini qeydə almaqla oxucunun diqqətini ona cəlb etmək istəyirəm ki,
yallının gedişində başçı cibindən yaylıq, bıçaq və ya kişiyə məxsus hər hansı əşya
çıxarır, papaq atır, kəmər açır və s. nə edirsə, deməli başqa üzvlər də kişi olmalı,
onlarda da bu əşyalar olmalıdır (deyək ki, ovçudur, demək silahı olmalıdır). Əgər
ağacdan yarpaq qoparır, su arxından atılır, yerdən daş götürür və s. hərəkətləri
vaxtında təkrar edirsə, o «yallı» oynaya bilər, yəni qədim ovçu kimi əli də, ayağı
da, başı da işləyir, gücü də çatır, hər hərəkətə, hər hadisəyə hazırdır. Biz bu
hərəkətlərdə qədim qobustanlılara məşq kimi lazım olmuş qədim «yallı»nın
saxlanmış cizgilərini görürük.
Bütün oyunlar (istər qədim, istər müasir) kökü etibarı ilə gücün və ağlın
qələbəsi üçün məşq rolu oynayır və bütün qələbələrin rəhnidir. Hərb sahəsində də,
idmanda da, təhsildə də qələbə qazanmaq yaxşı təlim möhkəm məşq tələb edir. Nə
72
alim, nə rəssam, nə musiqiçi və s. təlimsiz, biliksiz, zəhmətsiz əsər yarada bilməz.
Bütün idmançılar, eləcə də zehni yarış idmançıları olan şahmatçılar da yaxşı
bilirlər ki, yüksək pilləyə qalxmaq üçün güclü, dözümlü, öz sahəsində tam hazır
olmalıdırlar. Bilirlər ki, birinci olmaq üçün möhkəm hazırlıq, məşq lazımdır.
Bunsuz qələbə də ola bilməz.
«Yallı»nın köklərinin çox qədimlərə getməsinə dəlalət edən ikinci sübut
«yallı» sözünün özünü hesab etmək olar.
Yuxarıda qeyd olunduğu kimi, «yallı»nın kökünü yemək mənasında işlənən
«yal» sözü təşkil edir. «Yallı» ov, yəni qida əldə etmək üçün lazımı gücə və
vərdişə yeyələnmək oyunudur. Bəzən deyirlər yal it üçün yeməyin adıdır. Bəli, indi
dilimizdə belə qalıb, yeri gələndə elə indi də yemək mənasında işlədilir.
Yeməkdən başqa dağın qılıncvari tirəsinə və atın boynuna da «yal» deyilir.
Dağ tirəsinin «yal» adlanması da, çox güman ki, yal-yemək-yallı oyunu sözləri ilə
əlaqəlidir. Çünki, «yallı» oyununda qazanılmış bütün vərdişlər əsasında ov adətən
dağ tirəsində, dağın aşırımında, bir yandan pusqu qurmaq, o biri tərəfdən ov
heyvanlarını dağdan uçurmaq üçün qovub oraya yönəltmək tələb edir. Dağın yalı
ovun uğurlu olması üçün münasib yerlərdəndir, bir növ bərədir. Nahaq yerə
demirlər ki ovçu ovu bərəsində vurar.
Qaldı atın «yalı». Dilimizdə belə ifadələr var - «...filankəs... atın yalından
yapışdı» və ya «atı yalmanlayıb mindi». Bu ifadələrdə atın «yalı» və ya «yalmanı»
dedikdə, atın yalı kimi onun uzun, dağ tirəsi kimi boynu, yalmanı dedikdə yalında
bitmiş uzun və gur teli başa düşülməlidir. Onu da deyim ki, «yallı» sözü elə lap
qədimdən, Qobustandan türkdilli söz kimi işlənilməkdədir.
Bir neçə kəlmə «yallı» oyununa başqa izahlar haqqında.
Qayaüstü təsvirlərlə məşğul olan bəzi alimlər və həvəskarlar «yallı»nı
mərasim oyunu, ovsunçuluqla bağlı rəqs səhnəsi hesab edirlər. Bu cür yozma
tərəfdarları hesab edirlər ki, uğurlu ov üçün ocaq başında «yallı» getmək lazım
imiş və inama görə kollektiv nə qədər çox rəqs etsəydi, ov o qədər uğurlu olardı.
Ona görə də bu cür «yallı» - mərasim oyunları günlər və həftə ilə ocaq ətrafında
davam edərdi.
Əlbəttə, cəmiyyətin tarixi boyu insanların dünyagörüşündə ovsunçuluğun
müəyyən yer tutması hallarını inkar etmək fikrində deyilik. Eləcə də kollektivin
ovdan əvvəl «yallı» getməsinin ovçularda qələbəyə, oyun uğurlu olacağına inam
yarada biləcəyinə də sözüm yoxdur. Lakin uğurlu oyun «yallı» oyununun formal
və uzunmüddətli ifasından asılı olması düzgün izah deyil. Yəni mərasim üçün
«yallı» getmək heç də ov obyekti olan heyvanlara təsir və onları təslim edə bilməz.
İnam. Bəli, inam müvəffəqiyyət üçün əsas şərtlərdəndir. Müharibədə
qələbəyə, ovda müvəffəqiyyətə inanmaq gərəkdir. Lakin yalnız inamla qələbə
çalmaq olmaz. İnam o vaxt qələbə gətirir ki, müharibə üçün lazım olan hər cür
silah və texnika, ordunun yaxşı hazırlığı, möhkəm nizam-intizam olsun, əsgərlərin
yaxşı fiziki hazırlığı, qədim Qobustan ovçuları kimi dözümlü, güclü, çevik və s.
73
lazımi hazırlığa malik olsun. O zaman onlarda qələbəyə həqiqi inam yaranır və
qələbə əldə olunur. Qədim qobustanlılar da ovda müvəffəqiyyət qazanacaqlarına
ona görə inanmırdılar ki, «yallı»» oynayıb, mərasim icra ediblər, ona görə
inanırdılar ki, ov üçün hər cür hazırlıq keçiblər, lazımi gücə malikdirlər,
dözümlüdürlər və s.
Qobustan qayaüstü təsvirlərinin yaradıcılarının nə kimi bacarığa, həyati
biliklərə malik olmaları haqda söhbət açmışdıq. Onu da qeyd etmişdik ki, süvarinin
nizə ilə keçi ovlaması nə qədər səbatsız, Həyati biliklərdən uzaq səhnədir. Lakin bu
kimi şəkil və səhnələr qədim qayaüstü təsvirlərin məqsədli çəkilməsi çərçivəsindən
kənardır və onların həyatı olduğu kimi əks etdirməsi fikrini kölgə altına ala bilməz.
Belə səriştəsiz, qeyri-real «tablolar» azdır, kökləri də qədim qayaüstü təsvirlərin
yaranması dövründən və məqsədindən uzaqdır. Onlar əsasən son dövrlərin,
ovçuluq təsərrüfatının qəbiləni təminedici sahə kimi aradan çıxması, onun köhnə
üsullarla aparılması qaydasının yaddan çıxması dövrünün məhsuludur. Bu dövrdən
rəsmlər də reallığını itirir.
Biz yuxarıda yeri gəldikcə qayalar üzərində həkk edilmiş bəzi qədim
səhnələr, onların həyatiliyi və reallığı haqda məlumat vermişdik. Əlbəttə, Qobustan
qayalarında saxlanmış bütün təsvir və səhnələr haqda söhbət açmaq, onların hər
birini təsvir etmək bizim bu işimizin həcmi baxımından mümkün deyil və onların
hamısından danışmağa ehtiyac da yoxdur. Bu, Qobustanın bütün qayaüstü
təsvirləri kompleksinin tam çapı ilə əlaqədər həyata keçirilə bilər və olacaqdır.
Yuxarıda biz Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyası və ümumən
Qobustan abidələri haqda ümumi aydınlıq yaratmaq məqsədilə buradakı bəzi
seçmə, yəni söhbətimizin izahı ilə əlaqədar şəkil və səhnələr haqda məlumat
verdik. Bu baxımdan daha bir səhnə, qədim ovçuluq təsərrüfatının silah
işlətmədən, tələ üsulu ilə apardıqları ov üsulu haqqında məlumat vermək istəyirəm.
Yuxarıda Böyükdaş və Kiçikdaş dağlarının hər yandan qayalı uçurumla əhatə
olunmuş hamar zirvəsinin (Qədim qobustanlılar üçün təbii tələ olduğunu demişdik.
Qədim qobustanlılar qayalar arasında qurma tələlərdən istifadə edib
heyvanları diri də tuta bilmişlər. Kiçikdaş dağında 58 №-li qayada belə bir ov
üsulu səhnəsi təsvir edilmişdir. Bu səhnədə vəhşi öküz tələyə düşüb. Səhnə özü
öküzün də insanın da rahat keçə biləcəyi qaya çatının arasında çəkilib. Şəkildə
yuxarısı bir, aşağıya tərəf haçalanan ip təsvir edilib. Bir ucuna da nə isə ağırlıq
bağlanıb. Görünür bu ipin ucunu tutmaq, sürüşüb çıxmağa qoymamaq üçündür.
İpin arasında öküz təsvir edilib. İlk baxımda bu adi bir səhnədir, öküzün üstündən
enən xətt haçalanıb bucaq əmələ gətirir. Lakin fikir verdikdə aydın olur ki, öküz
adicə dayanmayıb, o tələdədir və elə təsvir edilib ki, irəli dartınıb nədənsə qopmaq,
azad olmağa çalışır. Bununla yanaşı öküzün ağzından iki xətt çıxır. Həyatı, təbiəti
bilməyən deyər, nə olsun öküzün dilidir. Amma yox, qədim qobustanlı yaxşı bilirdi
ki, öküzün dili heç vaxt bayıra (itinki kimi) çıxmır. Özü də öküzdə iki yox, bir dil
var. Bəs bu xətlər nədir? Öküz tələdədir, o azad olmaq üçün dartınır, çalışır,
74
böyüdür. O çox yorulub (lap bütün günü kəndlinin çubuğu altında kotan çəkmiş
öküz kimi) odur ki, bu xətlər, öküzlər üçün bu vəziyyətdə xas olan, ağzından
daşan köpüyün göstəricisidir.
Əlbəttə, bu təbii qanunauyğunluğu qədim qobustanlı rəssam bilib, bəlkə
tələyə düşmüş öküzün vəziyyətini də dəfələrlə görüb və ona görə də bu səhnəni
çox real və canlı təsvir edib.
Dostları ilə paylaş: |