Aydin talibzadə



Yüklə 2.76 Kb.
PDF просмотр
səhifə1/24
tarix26.02.2017
ölçüsü2.76 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

_______________Milli Kitabxana_______________ 
                                                           AYDIN TALIBZADƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
      
                             MEHDİ “MÜƏMMASI” 
 
                                              VƏ YA 
 
                SƏNƏTDƏ KONSEPTUAL HAMLETİZM    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                              BAKI     2009 

______________Milli Kitabxana_______________ 

 
 
Elmi redaktor:                                      Ədalət Vəliyev               
                                                       sənətşünaslıq namizədi 
 
 
 
 
 
 
 
 
 
Aydın Talıbzadə.  
Mehdi “müəmması” və ya sənətdə konseptual hamletizm. - 
Bakı, 2009. 
 
 
 
 
 
 
 
      Monoqrafiya,  əsasən, teatrşünaslara, teatr xiridarlarına  və 
sənət bilicilərinə ünvanlanır. 
     Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmayıb; amma o 
şəxslər ki, Mehdi Məmmədovun həyat və yaradıcılığı ilə 
maraqlanarlar, onlara bu tədqiqat  əsərini oxumaq yasaq 
edilməz.  
 
 
 
 
 

______________Milli Kitabxana_______________ 

 
                                       ZİYARƏT 
    
 
     Əssəlamun-əleykum ya əhl-əl-qübur!  
     Fəxri xiyabanın ziyarətçisiyəm: məzarlığın qapısı 
qarşısında dayanmışam. 
     Salam olsun qəbiristanlıq sakinlərinə! 
     Salam  olsun  dünyasını  əbədi sükut evinə  dəyişmiş 
insanlara! 
     Mehdi Əsədulla oğlunun məzarına və ruhuna salam olsun!         
     İçəri girirəm. Sükut addım səslərini susdura-susdura 
arxamca iməkləyir: elə bil körpələrin ayılmasından qorxur. 
Bura icazə üçün gəlmişəm.  İstəyirəm bir halallıq alam Mehdi 
Məmmədovdan... yazacağım kitabın halallığını...  
     Yasin... 
     Ürəyimdə dua ayələrini pıçıldayıram.  
     Səlavat, səlavat, səlavat!      
     İzn ver, ya Mehdi ibn Əsədulla, sənin haqqında bir kitab 
yazım, özündən və yaradıcılığından danışım, həyatından, 
yaşadığın günlərdən danışım! Elə danışım, elə yazım ki, bu 
əsərin bir üzü tədqiqat olsun, bir üzü - publisistika, bir üzü də - 
roman!     
     Mehdi  Əsədulla oğlu, məni dinlə, eşit və agah ol, adına, 
ruhuna, nəslinə sayğım böyükdür! Sənin barəndə deyəcəyim   
hər sözü, fikri mənə halal elə!  
     Mərmər necə  də soyuq və biganə daşdır!  May  sona 
yaxınlaşır, hava isə mülayimdir, amma hələ ki Bakıda yaz istisi 
duyulmur.  
     And içirəm ki, bir cümləmdə belə yalan olmayacaq!  
     Amin! 
      

______________Milli Kitabxana_______________ 

Allaha and içirəm ki, bütün məqamlarda həqiqəti 
söyləyəcəyəm. 
     Amin! 
     Sənət idealına xəyanət etməyəcəyimə and içirəm! 
     Amin! 
     İnan mənə və heç nəyi gizli saxlama!  
     Birdən buludların arasından günəş  əlini uzadıb məzar 
daşına sığal çəkir... Sanki haradansa uzaq bir projektor o 
dünyanın pərdəsini işıqlandırır... 
     Ruhlara  de  ki,  mənə  hər işimdə yardımçı olsunlar, sirlərin 
üstündən örtükləri götürsünlər, mənə  qırx otağın qırxından da 
xəbər yetirsinlər! 
     Bütün dualar sonucda tanrı arxivində toplanır. 
     Mehdi ibn Əsədulla! Mehdi ibn Əsədulla! Eşit və agah ol! 
Eşit və agah ol! Məramım bu kitabımla sənə abidə yapmaqdır, 
sənət dünyasında tutduğun uca mövqeyin səbəbini yeni 
nəsillərə anlatmaqdır! Niyyətim xoşdur,  əməllərim pakdır! 
Lütfünü məndən əsirgəmə! Allah sənə rəhmət eləsin! Allah  
rəhmət eləsin Barat xanıma da, Elçinə də!  
     Cəfər Cəfərovun da qəbrini Fəxri xiyabanda arayıb 
tapıram. Bir neçə anlığa burada da ayaq saxlayıram...  
     Məzarı nurla dolsun bu insanın! Müəllimlər müəllimi Cəfər 
Həşim oğluna da rəhmət diləyirəm Allahdan! Dost olublar 
Mehdiynən. Onun haqqında ilk və yeganə kitabı da məhz 
teatrşünaslığın professoru Cəfər yazıb. Və nə yaxşı ki yazıb: bu 
tədqiqatın indi qiyməti qızıla bərabərdir. Cəfər Cəfərovun da 
halallığı mənim üçün vacib!  
     Fəxri xiyabanın qapısından çıxıram. 
     Hamınızın ruhu behiştlik olsun!  
     Prospektlə 
şütüyən taksilərdən birini əl eləyib 
saxlatdırıram. Ovqatım getdikcə korlanır. Axı  mən niyə and 
içdim? Deyirlər, əla kitab yaz! Həqiqətsiz də əla kitab olurmu, 
yahu? Hamı guya həqiqət axtarır, əslində isə həqiqətdən qaçır  

______________Milli Kitabxana_______________ 

 
və  hər cür günaha batır ki, təki onunla üzləşməsin. Çünki 
həqiqət hamıya sərfəsizdir. Bir ölülər, bir də  əbədiyyət 
həqiqətdən qorxmur. Mən tarixi faktların məhz təkcə  mənə 
bəyan etdiyi həqiqəti söyləyəcəyəm... Özüm inandığım həqiqəti 
söyləyəcəyəm... Bu, mənə  də, Mehdiyə  də  bəsdir. Öz 
mənafelərini güdən adamlara isə həqiqət lazım olmur. Bunları 
fikirləşə-fikirləşə bir də görürəm ki, Arxiv idarəsinə çatmışam. 
Taksinin pulunu verib yola salıram. Arxivlərin həqiqətini heç 
kim gizlədə bilmir. Arxivlərin danışdığını da heç kim danışa 
bilmir. Qovluğu qovluq ardıyca gətirib düzürlər qarşıma... 
şəkillər...  əlyazmalar... məktublar...  şəkillər...  ərizələr... 
arayışlar...  şəkillər... 
     Salam Mehdi! Bu mənəm! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       
               

______________Milli Kitabxana_______________ 

 
 ÖN SÖZÜN DÜŞÜNCƏ MOZAİKASI 
     
                                                           “Dərdə bax, millətə bax, niyyətə bax! 
                                                             Ölülərdən ölülər feyz alacaq!”.
1
 
                                                                                H.Cavid 
    
 
     Teatrşünas monoloqu:  “Canlı meyit” tamaşası rejissor 
Mehdi Məmmədov yaradıcılığında akme dövrünün 
başlandığına simptomatik bir işarə, bir eyham sayılmalıdır 
məncə. Məncə “Canlı meyit” Mehdi Məmmədovun 
Azərbaycan teatr mədəniyyətinə Mehdinin yenidən “dirilməsi”, 
Mehdinin  əhyası, Mehdinin yeni “zühur”u barəsində yazdığı 
vizual  ərizədir, bəyanatdır, ismarıcdır. Məhz “Canlı meyit” 
tamaşasından sonra Bakı camaatına xəbər yayıldı ki, Mehdi 
şəhərdədir, Mehdi səhnədədir. Və şəhərə dönən kimi, səhnəyə 
çıxan kimi onun ifasında Protasov soyadlı personajın ittihamı 
da simptomatik səsləndi: “Bir həya edin, utanıb qızarın. Axı, 
neyçün özgə işinə qatışır, çirkli əllərinizi başqalarının həyatına 
uzadırsınız.  Əlinizdə ixtiyar var deyə, sevinirsiniz və 
hökmünüzü göstərmək üçün sizdən min qat ləyaqətli adamların 
nəinki cisminə, ruhuna belə əzab verirsiniz”.
 2  
 
     Həqiqətən, ölmüş bir yazıçının, musiqiçinin, sənətçinin 
dünyasını tədqiq eləyəndə sanki müəyyən müddətə qəbirqazan 
işləyirsən, özgəsinin  şəxsi həyatında, gündəliklərində, 
məktublarında, sənədlərində, fikirlərində “eşələnirsən”, öz 
əbədi rahatlığı içində bulunan müqəddəs ruhun səltənətinə elə 
bil ki çağırılmamış qonaq kimi soxulursan. Nə etməli, peşənin 
tələbi budu. Ona görə  də  mən  əvvəlcədən dua etdim ki, bir 
kimsənin qəlbi, ruhu, xatirəsi inciməsin, bir kimsə məndən  

______________Milli Kitabxana_______________ 

 
narazı qalmasın, məni nədəsə günahlandırmasın. Çünki yüzillər 
bundan əqdəm belə buyurulub ki, “Qeysərin haqqını Qeysərə, 
Tanrının haqqını Tanrıya ver”. Mən bunu, əsla, pozmam. 
Nədən ki, hər Yazıya mən namaz qılmağa başladığım kimi 
başlayıram. Mehdi Məmmədovun həyatını, yaşam tərzini, 
yaradıcılığını da ol səbəbdən öyrənib araşdırıram ki, bu insanın 
ömründə, tamaşalarında, düşüncələrində, nitqində Azərbaycan 
mədəniyyətinin, Azərbaycan mentallığının,  Şərqin fikir 
işçisinin, avropalaşmış müsəlman ziyalısının varolma cizgiləri, 
prinsipləri, xüsusiyyətləri güzgülənir, azəri türkünün maarifçi 
hamletizmi güzgülənir.  
       Səslərin “montaj”ından görünən Mehdi Məmmədov. 
Radioteatr effekti. Birinci sözü Mehdi aldı, Mehdi dedi: 
“Elə 
adlar vardır ki, onları  eşidəndə  təqdim və  tərif gərək olmur. 
Onlar nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri ada
nişana, təmtəraqlı ünvana möhtac görünürlər. Rütbələr, 
vəzifələr, mənsəblər də onları  bəlirtmir, bəzəmir.  Əksinə, bəlkə 
onlar tutduqları yeri, mənsəbi, daşıdıqları rütbəni bəzəyir, 
ucaldırlar. Belə adların, bu cür adamların şöhrəti təbii, hörməti 
qanuni olur. Belə  şəxsiyyətlərin qazandıqları  məhəbbət sonsuz, 
etimad isə misilsizdir. Onlara qarşı xalqın rəğbəti az qala 
pərəstiş  rəsminə çevrilir. Onların yazdıqları, dedikləri insanı 
saflaşdıran, ucaldan, nəcibləşdirən təsir və  təlqin qüvvəsi kəsb 
edir”.
3
 M.Məmmədov bu sözləri Hüseyn Cavidi düşünüb də 
söyləmişdi. Həmin fikirləri mən indi Mehdinin özünə 
ünvanlayıram, Mehdiyə qaytarıram, onun şəxsiyyətinə  şamil 
eləyirəm. Nədən ki, bu sətirlərin qəhrəmanı qismində mən elə 
Mehdi Məmmədovun özünü görürəm.   
     Danışır müasir Azərbaycan teatrşünaslığının müəllifi 
Cəfər Cəfərov:  “Məmmədovun rejissurası alim, tədqiqatçı 
işinə  bənzəyir. O, obyektiv təfəkkür sahibidir: və bu adam öz 
sənətkar subyektivliyini tez-tez elə bil susmağa vadar edir.  

______________Milli Kitabxana_______________ 

 
Söhbət aktyor Məmmədovdan gedəndə isə vəziyyət başqalaşır: 
bu zaman onda subyektivlik hakim mövqelərə yiyələnir, kəskin 
ifadə çalarları qazanır. Fikirləşirsən ki, aktyorluq təcrübəsi öz 
sübyektiv bədii dünyasını daha işıqlı boyalarla bəlirtməkdə 
Məmmədova yardımçı ola bilər; bu subyektivlik onu 
həyəcanlandıra bilər, silkələyə bilər, özündən çıxarda bilər. 
Nəticə etibarilə  də bu alınar ki, onun rejissurasında sənət 
kəşflərinin, duyğusal məqamların payı bir az da artar... Tam 
haqlı olaraq onu teatrın erudisiyalı  nəzəriyyəçisi kimi 
tanıyırlar... Öz rejissor praktikasında tamaşanın bütövlüyünə, 
janr və üslub müəyyənliyinə  Məmmədov çox böyük diqqət 
verirdi. O, dramaturgiyanın rəngarəngliyi uğrunda mübarizə 
aparırdı, hesab edirdi ki, təsiredici qüdrətə malik canlı bir 
sənət kimi teatra yeksənəqlik, forma arxaizmi ziddir. O, sübuta 
yetirirdi ki, əgər müasir səhnə  sənəti dünya teatrının 
uğurlarından bəhrələnmirsə, sənətin milli özgürlüyü 
konservləşir, cılızlaşır”.
4
  Əla fikirlərdir, amma 1967-ci ilə 
qədər olan Mehdiyə aiddir. Cəfər Cəfərov elə bil fala baxıb 
söyləyib bunları. Nədən ki, məhz 1968-ci ildən etibarən Mehdi 
Məmmədovun istər rejissurasında, istər aktyorluq 
praktikasında, istərsə  də yazılarında bir çılğınlıq, bir 
ərköyünlük, bir coşqu, bir üsyan pafosu, bir etiraz dalğası 
özgür bir “mən”lə  bərabər peyda olub Azərbaycanın teatr 
məkanında hadisələr sırası yaradır. 
     Danışır professor Yaşar Qarayev: “Cavidin məşhur bir 
ifadəsi var: “Yerə enməm də  səma  şairiyəm!”
5
 Onun da 
səmadan yerə endiyi, məişətdə, ailədə olduğu kimi göründüyü 
məqamlar çox az idi, çox nadir idi. Mənə elə  gəlir ki, oğul 
Mehdi Məmmədovu, ata Mehdi Məmmədovu, ailə başçısı 
Mehdi Məmmədovu ictimai xadim Mehdi Məmmədovdan, 
rejissor Mehdi Məmmədovdan ayıran sirlər bir pərdə arxasında 
idi. O özüylə başqaları arasında  ən yaxın, məhrəmlik 
məqamlarında da həmişə müəyyən məsafə, distansiya 

______________Milli Kitabxana_______________ 

saxlamağı sevirdi. Ən adi söhbətlərdə  də, süfrə arxasındakı 
ünsiyyət məqamlarında da danışığının nəinki forması, hətta 
ahəngi, tələffüzü efirdə danışdığı ahəngdən, tələffüzdən 
seçilmirdi. Məhz bu baxımdan Mehdi Məmmədov indiyə kimi 
mənim üçün bir müəmma olaraq qalır”.
6
  Əgər onun müasiri 
kimi tanınan məşhur bir ədəbiyyatçı Mehdini “müəmma” 
adlandırırdısa, mən bu müəmmanı çözə biləcəyəmmi? Bəlkə bu 
“müəmma” elə Mehdi maskasıdır, özünü özgələrdən qorumaq 
vasitəsidir? Bəlkə  də heç müəmma yoxdur, Mehdi ucalığının 
özü bizə müəmma qismində görünür? Hər halda bunlara cavab 
bulmaq çox çətin olacaq. 
     Danışır xalq yazıçısı  İmran Qasımov: “Mehdi gözəllik 
vurğunudur. Mənə elə  gəlir ki, gözəllik sözünü ən çox 
Mehdidən eşitmişəm. Hamı da bu fikrə şərik çıxa bilər. Onun 
estetika mövzusunda söhbətlərini - saysız-hesabsız məzmunlu, 
təravətli söhbətlərini kim eşitməmişdir! Mehdi gözəlliyin çılğın 
təbliğatçısıdır, yorulmaz təbliğatçısıdır”.
7
 Mehdi Məmmədov 
üçün “gözəllik” anlayışının özü nə demək idi; o, bu gözəlliyin 
həyatda və sənət aləmində təcəssümünü necə mənalandırırdı? 
     
Danışır xalq artisti Barat Şəkinskaya:  “O mənimlə həmişə 
iş barəsində söhbət eləyirdi. Bilirsiz, Gəncədə  mən ona 
öyrəşmişdim. Bakıya gələndən sonra isə Mehdiylə aktyorlar 
arasında vasitəçi oldum. Axı mən bilirdim ki, Mehdi tamaşanı 
parçalarla qurur və axırda ortaya yaxşı bir iş  çıxarır. 
Aktyorlarsa ona inanmırdılar... Məsləhətə qulaq asırdı, amma 
yenə öz bildiyini eləyirdi. Tamaşanı elə qururdu, elə  gətirirdi 
ki, sənin məsləhətinin özü belə tanınmaz olurdu”.
8
 Bu sözləri 
Barat xanım  şəxsən mənim özümə deyib. Həmin gün dəqiq 
qalıb yaddaşımda... Heç nəyi unutmamışam. Rənglər 
təptəzədir. Sənətçilərdən hazırladığı portret verilişlərini milli 
televiziya məkanının klassikasına çevirə bilmiş istedadlı 
rejissor Mehriban Ələkbərzadə ilə birlikdə getmişdik Barat 
Şəkinskayanın mənzilinə.  

______________Milli Kitabxana_______________ 
10 
Onun Mehdi Məmmədovla bağlı fikirlərini öyrənəcəkdik. Elə 
bu dəm Mehdinin və Barat xanımın oğlu Elçin də  gəldi ora. 
Kameranı işə saldılar. Mən birinci sualımı verdim. Barat xanım 
başladı  nə başladı... Gördüm ki, ürəyi doludur. Amma birdən 
nə oldusa, necə oldusa, dayandı, sözünü dəyişdi və birdən-birə 
çox rəsmi danışdı. Mən heç nə anlamadım. Ancaq sonradan 
bildim ki, Barat xanımın bu çaşqınlığının səbəbi Elçin imiş. 
Elçin istəmirmiş ki, anası öz keçmiş  ərinin barəsində bütün 
həqiqəti çılpaqlığına qədər söyləsin. Hərçənd Barat xanım 
macal tapıb mənə dedi ki, “qaradinməz adam idi. Otağının 
qapısını açıb yeməyini uzadardıq ona və qapını bağlayardıq. 
Saatlarla çıxmazdı ordan”. 
      Danışır Azərbaycan aktyor məktəbinin “əfsanə”si 
Abbas Mirzə  Şərifzadə: “Bu cavan çox yüksələcək. Ancaq 
bilin ki, onu yüksəldən təkcə istedadı, çalışqanlığı yox, həm də 
təvəzökarlığı, sadəliyi, şəxsi tərbiyəsi, böyük-kiçik yeri bilməsi 
olacaqdır”.
9
 Tarixin çox nadir bir fraqmenti. Abbas Mirzənin 
özü Mehdini bəyənib, ona dəstək olub 
      Danışır SSRİ xalq artisti, rejissor Mehdi Məmmədov: 
“İncəsənətin  əsl və sonuncu məqsədi müasir insanın tərbiyə 
olunması, onun mənəvi, etik simasının formalaşmasıdır.  Teatr  -     
tribunadır, teatr - kafedradır, onun özünəməxsus teatr vasitələri 
vardır: o, insanın düşüncəsinə  və  qəlbinə estetik cəhətdən təsir 
göstərir. Onlara yüksək bədii və emosional hiss aşılayır, onlarla 
bədii obrazların dili ilə danışır,  ən nəhayət isə, mənəvi zövq 
verir. Teatr xalq üçün, tamaşaçı üçün yaranmışdır və  fəaliyyət 
göstərməkdədir. Bundan başqa, teatr tamaşaçısız və ondan 
təcrid olunmuş halda yaşaya bilməz. Öz tamaşaçısı ilə  əlaqəsini 
itirmiş teatr kollektivinin aqibəti uğursuz olur, o, insanların arzu 
və amallarına soyuqqanlıq göstərir, xidmət etdiyi şəxslərin 
qəlbində əks-səda tapa bilmir. Belə hallarda o özünün ən mühüm 
komponentlərindən birini - özünün yaradıcısını itirmiş olur. 
Tamaşa tamaşaçı ilə birlikdə  

______________Milli Kitabxana_______________ 
11 
yaranır.  İncəsənətin bir sahəsi kimi teatrın özünəməxsus 
xüsusiyyəti, habelə təsir qüvvəsi və məqsədi bununla ölçülür”.
10
 
Əla! Amma necə  də Qothold Efraim Lessinqin, Nikolay 
Çernışevskinin, Nikolay Dobrolyubovun, Aleksandr Gertsenin 
fikirlərinə oxşayır! Elə oxşamalıdır da! Ona görə ki, Mehdi 
Məmmədovun sənət fəlsəfəsi, gözəllik fəlsəfəsi rus demokrat-
sosialistlərinin şinelindən çıxmışdı. 
      Danışır Azərbaycanın radio və teleefirinə öz 
mahnılarından boyunbağı düzmüş bəstəkar Tofiq Quliyev: 
“Mehdi müəllim mənim ürəyimin ağrısıdır. Biz onunla 
uşaqlıqdan dost idik. Sözün əsl mənasında dost idik. Biz üç 
nəfərdik Bakı  uşaqları. Mən idim, Mehdi idi, bir də  Zəfər 
Nemətov. Biz ayrılmaz idik. Mehdi Məmmədov unudulmaz bir 
şəxs idi... unudulmaz. Bizim bütün həyatımız bir-birinə bağlı 
idi... Mən çox rejissorlarla işləmişəm. Amma mənim qəlbimdə, 
yaradıcılığımda, həyatımda Mehdi kimi iz qoyub gedəni 
olmayıb”.
11
 Mehdinin Tofiq Quliyev və  Zəfər Nemətov kimi 
sənətkarlardan savayı da xeyli dostları vardı ki, bu adam 
onlarla birgə vaxtaşırı yeyib-içirdi, zarafatlaşırdı, toy tutub 
bayram eləyirdi.
12
 Azərbaycanın xanəndəlik sənətində öz 
imzası ilə tanınan Qulu Əskərovla,  şair  Əlağa Kürçaylı ilə, 
rejissor  Şəmsi Bədəlbəyli və  əfsanəvi Rza Təhmasiblə  də 
Mehdi Məmmədov  əla münasibətlər saxlayıb. Zəfər 
Nemətovun oğlu Azər Paşa da söyləyir ki, Mehdi Məmmədov 
çox şən, deyib-gülən, zarafatlardan inciməyən bir insan olub.
13 
Bununla mən vurğulamaq istəyirəm ki, müasirləri arasında 
Mehdi  şəxsiyyətilə bağlı Azərbaycanın mədəni mühitində iki 
cür düşünüblər: Mehdi qaradinməzdir, adama yovuşmazdır və 
əksinə: Mehdi zarafatcıldır,  şəndir, dost olmağı bacaran 
birisidir, kef əhlidir. Bunlardan, görəsən, hansı  həqiqətə daha 
çox uyğundur? 
       Danışır akademik Fuad Qasımzadə: “Mehdi 
Məmmədov teatr və dramaturgiyanın nəzəri və praktiki 
məsələlərini,  
 

______________Milli Kitabxana_______________ 
12 
marksist-leninçi estetikanın mühüm problemlərini dərindən 
işıqlandırır. Onu müasirlik məsələsi daha çox düşündürür. 
Vətəndaş-sənətkar, vətəndaş-alim olan Mehdi müasirliyi teatr 
sənəti üçün başlıca amil, aparıcı ox seçmişdir. O, müasirliyi 
geniş planda: fəlsəfi-qnoseoloji, ideya-siyasi və  bədii 
emosional aspektlərdə  tədqiq edərək onun geniş  şərhini 
vermişdir. Mehdi üçün müasirlik məzmundur, mündəricədir, 
ideyalılıqdır, novatorluqdur, yüksək sənətkarlıqdır, məzmun və 
forma vəhdətidir”.
14
 Onun düşüncə aləmilə duyğusal 
dünyasının bir-birilə  nə  dərəcədə  əlaqələndiyini aşkarlamaq 
olacaq mənim məramım. Sözdən  əmələ  və  əməldən sözə, 
görəsən, həqiqət məsafəsi nə qədərdir? 
     Danışır opera müğənnisi  İya Aksyonova: “Mənim 
yaddaşımda Mehdi Əsədullayeviç çox ağıllı, işıqlı, güclü, qəlbi 
incə, müstəqil bir adam kimi qalıb. Deyim sizə ki, əksəriyyət 
Mehdini başa düşmürdü. Bu insanda güc zəifliklə, zəriflik 
sərtliklə, belə  qəribə bir şəkildə, yan-yanaşı dayanmışdı, bir-
birinə bitişib dayanmışdı. Təbiəti etibarı ilə o, xeyirxah adam 
idi, uşaqları yaman sevirdi, özgəsinin ağrısını öz ağrısı kimi 
yaşayırdı. Mehdi ümumiyyətlə az danışırdı. Yox, əgər 
danışırdısa, elə dolğun, dürüst danışırdı ki, hamının ağzı açıq 
qalırdı, hamıya maraqlı olurdu. O, heç nəyi elə-belə demirdi və 
gözəl bilirdi ki, nədən danışır”.
15
  Dövrünün, zəmanəsinin bir 
nömrəli natiqi qismində  də Mehdi Məmmədov bənzərsiz 
fiqurdur və  mədəniyyət sistemində öyrənc yeri kimi təhlilə 
çəkilə bilər. Onun söz demək, fikir ifadə eləmək məharəti 
fenomenal idi. 
     Danışır teatrşünas  Əsəd Məmmədov, Mehdinin qardaşı 
oğlu: “Hüseyn Ərəblinskinin 100 illiyi keçirilirdi. Əmim də bu 
yubileyə bir çıxış hazırlamışdı. Özün bilirsən də, onun necə 
nitq mədəniyyəti vardı. Mən də salonda oturmuşdum,  əmimə 
qulaq asırdım. O da həmişə olduğu kimi ağır-ağır, ləngərli 
danışırdı. Danışdı, danışdı  və başladı Hüseyn Ərəblinskinin 
çəkdiyi əziyyətləri, məşəqqəti, zülmü xatırlamağa... Və elə bu 

______________Milli Kitabxana_______________ 
13 
an bir pauza getdi. Düzü, biz, biz deyəndə ki, ümumiyyətlə 
sənət adamları, alışmışdıq onun söhbət zamanı götürdüyü 
pauzalara. Amma bu dəfə elə olmadı: pauza uzandıqca uzandı. 
Hətta tamaşaçılar narahat-narahat yerlərində qurcalandılar. 
Mehdi səhnədə dayanmışdı  və danışmırdı, daha doğrusu
danışa bilmirdi. Bu heç də pauza deyildi. O, göz yaşları 
axıdacaq qədər kövrəlmişdi. Mən duydum ki, əmim  əməllicə 
qəhərlənib, Hüseyn Ərəblinskinin acılarını öz acıları kimi 
duyduğundan qəhərlənib və qəhər onu danışmağa qoymur. Bu, 
mənə yaman bərk toxundu. Yubileydən sonra əmim bizə gəldi. 
Elə qapıdaca fürsətdən istifadə eləyib ondan soruşdum: “Mehdi 
müəllim, deyəsən, qəhərləndiniz, axı?” O, yüngülcə başını 
tərpətdi və tez içəri girib atamın yanına keçdi, artıq heç nə 
söyləmədi, bu söhbətin üstünə bir daha qayıtmadı”.
16 
     
Kişilər ağlamır, kişilər qəhərlənir. Mehdi Məmmədov 
xoşbəxt ömür yaşamışdı, nə istəmişdi, onu da eləmişdi; 
məişətini öz bildiyi kimi, öz duyduğu kimi, özünə rahat və 
əlverişli olduğu kimi düzüb-qoşmuşdu. Həyat Mehdini heç bir 
faciə  və ya dramatik bir hadisə ilə qabaq-qənşər qoymamışdı: 
şikayətlənməyə onun haqqı yox idi. Belə insanlar, əksərən, 
zaman keçdikcə laqeydləşirlər: rahatlıq onları laqeydləşdirir; 
onlarda rəhmdil olmaq, başqalarının ağrısına, acısına  şərik 
olmaq bacarığı “korşalır”. Amma Mehdi... üzünü belə 
görmədiyi akyor Hüseyn Ərəblinskinin taleyini, dərd-sərini elə 
qavramışdı ki, bundan elə  həyəcanlanmışdı ki, qəhər Mehdi 
Məmmədov kimi bir teatr nəhəngini səhnədə susdurmuşdu. 
Azərbaycan teatr tarixinin bir nömrəli aktyoruna qarşı belə 
duyğusal münasibət insanı heyrəyləndirməyə bilməz... 
  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə