“Hörmətli Ədil!
Azərbaycan teatrosunun, incə sənətinin qazandığı müvəffəqiyyət
münasibətilə sevincimi səninlə bölüşmək istəyirəm.
______________Milli Kitabxana_______________
50
Dekadada iştirak edənlərin, xüsusən sənin, aldığın ənam, həqiqətən,
iftixara layiqdir. Sənin keçdiyin qısa yol hər bir gənc üçün nümunəvi və
həsəd aparılmalı yoldur.
Səni yeni və daha artıq müvəffəqiyyətlərlə təbrik etməyi arzu
edirəm.
Səmimiyyətlə! Mehdi!
Moskva, 18.04.38.”
44
1935-ci ildən Azərbaycan Dövlət Dram Teatrında bir
diplomçu-rejissor kimi fəaliyyətə başlayıb sonradan bu
fəaliyyəti genişləndirmiş, 1938-ci ildə Moskva dekadasında
“Şahsənəm” operasının quruluşuna görə “Şərəf nişanı” ordenilə
təltif edilmiş Ədil İskəndərova ünvanladığı məktubunda Mehdi
onun keçdiyi sənət yolunu nümunəvi adlandırmaqla sanki
Ədilə deyir ki, sənin böyüklüyünü və birinciliyini qəbul
edirəm, səninlə çiyin-çiyinə işləməyə hazıram və gəl, bir-
birimizə mane olmayaq. Düşünülmüş və qədərincə doğru
addımdır. Bəs Ədil necə, ona cavab verirmi? Mehdini
dəstəkləyirmi? Bilinmir. Mehdinin arxivi və gündəlikləri bağlı
qapı arxasında... və məndən gizlin... Amma Mehdi həyatının
gedişi bəzi məqamları elə dürüst işıqlandırır ki... Bu məktub
bizə heç də iki səmimi dostu yox, iki potensial rəqibi tanıtdırır,
bu rəqiblərin bir-birinə olan hörmətini tarixi araşdırmanın
səhifələrinə gətirir. Amma paradoks bundadır ki, onlar
potensial rəqib ola-ola heç vaxt bir-birilə rəqabət
aparmayacaqlar.
Hərçənd Mehdinin diplom tamaşasını Azərbaycan Dövlət
Dram Teatrının səhnəsinə yaraşdırmayacaqlar... Onu diplom
sorağında Gəncəyə göndərəcəklər...
Həyatın, olum faktının, 30-cu illərdə uzaq bir şəhərdə
bulunmaq tarixçəsinin sosial-iqtisadi, ideololoji, ruhsal-
psixoloji çətinlikləri Mehdinin iradəsini qıra bilmir, onu soyuq
Moskvadan isti Bakıya tələsdirmir. Yəqin ki, “sənət sevgisi”,
“sənət yanğısı” adlı duyğusal bir yaşantının reallığı elə bu:
fədakarlıq, donkixotluq, dözüm. Əvəzini tanrı Mehdiyə ikiqat
qaytarır. A.V.Lunaçarski adına Teatr Sənəti İnstitutunun Tədris
______________Milli Kitabxana_______________
51
teatrında o, 1938-ci ildə klassik rus repertuarında aktyorların
son dərəcə böyük önəm verdiyi Neznamov (A.N.Ostrovski
“Günahsız müqəssirlər”), 1939-cu ildə isə Yevstiqneyko
(M.Qorki “Günəşin övladları”) rollarını ifa edir. Elə həmin ildə
Moskva Bədaye Teatrının sütunlarından biri L.M.Leonidov
onun aktyorluq istedadını yüksək qiymətləndirir. 1940-cı ildə
bədii qiraət üzrə son dərəcə böyük mütəxəssis A.N.Qlumov
“Per Hünt” adlandırılmış konsert proqramında Mehdi
Məmmədovu Puqoviçnik rolunda səhnəyə çıxardır və sonradan
N.M.Qorçakova məktub göndərir ki, bəs Sizin tələbənizin ifası
Leninqrad səhnə ustalarının səviyyəsindən heç də geri
qalmırdı.
45
Mən elə düşünürəm ki, Dövlət Teatr Sənəti
İnstitutunun bu konsert proqramını bir qastrol layihəsi kimi
keçmiş Sovetlər Birliyinin “şimal paytaxtı”na aparıblar; Mehdi
Məmmədovu isə çoxlarından üstün bildikləri üçün bu işə
qoşublar, proyektdə onun rolunu aktivləşdiriblər və hətta
Leninqradın (indiki Sankt-Peterburq) kübar teatr elitasına
göstərməkdən belə ehtiyatlanmayıblar.
1939-cu ildə Dövlət Teatr Sənəti İnstitutunun rəhbərliyi,
yəqin ki, təhsil illərində fərqləndiyinə və istedad, bacarıq
sərgilədiyinə görə Mehdi Məmmədovun rejisssor təcrübəsini
Moskva Bədaye Akademik Teatrına təyin edir.
K.S.Stanislavski üçcə il var ki ölüb, Vladimir İvanoviç
Nemiroviç-Dançenko isə hələlik sağdır və... işləyir, teatrın
bədii həyatında yönləndirici mərkəz, koordinator missiyasını
yerinə yetirir. Görünür, bu təyinatdan sonsuz qürur, fərəh,
sevinc duyan Mehdi öz yaşantılarını danışmaq, onları
obyektivləşdirmək, dostları ilə paylaşmaq naminə Azərbaycan
teatr elitasının ilk beşliyinə daxil olan Rza Təhmasibə rus
dilində məktub yazır. Bu məktub Mehdi yaradıcılığının
tədqiqatçısı üçün, milli teatr tariximiz üçün qiymətsizdir: nədən
ki, bir çox mətləbləri həməncə aydınlaşdırır, Mehdi
Məmmədovun 1939-cu ildə yaşadığı günlərin bəzi lövhələrini
təsəvvürə gətirməyə imkan verir, onun Rza Təhmasibə 1936-cı
______________Milli Kitabxana_______________
52
ildə Bakıdan Moskvaya ünvanladığı birinci məktubu kimi.
İndisə o, Rza Təhmasibin Bakı mənzilinə Moskvadan göndərir
məktubunu. Həmin “namə”nin mətni:
“Çoxhörmətli Rza!
Sizə uzun müddət yazmadığıma görə məni bağışlayın. Məsələ bu ki,
Bakıdan çıxanda Sizin poçt ünvanınızı götürmədim və bunun
ucbatından məktublarımı Sizə yollaya bilmədim.
Moskvaya gəldiyim gündən MBT-da təcrübədəyəm. Nemiroviç-
Dançenkonun hazırladığı “Üç bacı” tamaşasına təhkim edilmişəm.
Hərçənd mənim təcrübəm müşahidəçi olmaqdan o yana getmir; amma
buna baxmayaraq məşqlər məni darıxdırmır və cana gətirmir. Belə ki,
hər dəfə özüm üçün faydalı-faydalı şeylər tapıram və onları beynimə
həkk edirəm. Mənim təcrübəmin o biri hissəsi ki, Kirovobad teatrında
keçməliydi, yəqin ki, baş tutmayacaq. Çünki bu teatrın mənimlə əlaqəsi
yalnız ondan ibarət olub ki, onlar mənə min rubla yaxın bir məbləğ
göndəriblər. Nə pyes var, nə bir xəbər var, nə də bir izahat... hətta
yolladığım məktublara qısa bir cavab da yoxdur. Nəhayət ki, bu
adamlara sonuncu məktubu yazıb onlardan qəti bir söz istədim:
xatırlatdım ki, vaxt bitir və əgər kollektivə mənim vəziyyətim əl
vermirsə, qoy, mənə bu haqda açıq şəkildə bildirsinlər. Mənim
göndərdiyim “ultimatum”a cavab olaraq bu günlərdə bir xəbər
almışam: yazırlar ki, incəsənət işləri üzrə idarə ilə razılaşdırmaya
əsasən onlar məni Kirovabad teatrının rejissoru vəzifəsindən azad
ediblər. Bu, mənim üçün gözlənilməz olmadı deyə, mənə bir elə də təsir
eləmədi. Mən bilirdim ki, bizdə orada hamı Mkırtıçyanlar deyil.
Beləliklə, mən dilxor olmadan və bunu unutmadan öz maraqlı
təcrübəmi MBT-da davam etdirirdim. Fevraldan isə bizim dərslərimiz
başlayır.
Bu mövsümün Moskva premyeralarından MBT-da “Tartüf” və
Vaxtanqov adına teatrda “Müfəttiş” diqqəti cəlb edir. “Tartüf”
Stanislavskinin son işi olub və bu işi M.N.Kedrov davam etdirib. İndi
özü də həmin rolda oynayır. Bu tamaşa onunla diqqəti çəkir ki, burada
Stanislavskinin tamaşanın və obrazların fiziki həyatı barədə söylədiyi
fikirlər öz təcəssümünü tapıb. Müzakirə, deyəsən, sabahdır.
Fikirləşirəm ki, gərək hökmən orada olam. Söhbət maraqlı alınsa,
ətraflı yazaram. “Müfəttiş”sə, mənə elə gəlir ki, quruluşçu rejissorun
(B.Zaxava) və artistlərin (Simonov - Xlestakov) cəsarətli uydurmaları
və zəngin fantaziyaları ilə maraqlıdır. Formalizmə və naturalizmə qarşı
keçirilən kompaniyalardan sonra meydana gəlmiş boz teatr tamaşaları
______________Milli Kitabxana_______________
53
adamı o qədər təngə gətirmişdi ki, belə bir tamaşaya həməncə hörmət
hissiylə yanaşırsan...
Hörmətli Rza! Fürsətdən istifadə edib Sizə öz qardaşım Teymuru
təqdim etmək istəyirəm. Məktubumu da, mənim xahişimlə, Sizə elə o
özü çatdıracaq. Sizdən rica edirəm, əgər mümkünsə, ona bir neçə
dəqiqəlik vaxt ayırın. O, Sizin diqqətinizə dəyər!!! İnandırım Sizi ki,
Teymur istedadsız oğlan deyil. Sizin məsləhət və yardımınıza onun
ehtiyacı var. Mən onu məhz Sizin yanınıza göndərirəm. Çünki
özümdən bilirəm ki, Sizin kimi böyük həyat təcrübəsi və avtoriteti olan
bir şəxsin bir neçə xeyirxah sözü, isti münasibəti onun kimi bir cavan
üçün çox şey deməkdir... Bir də xahiş eləyirəm, öz məsləhətlərinizi
ondan əsirgəməyin. Öncədən Sizə təşəkkür edirəm.
Bacınız Gülsümə və Əzizə salam söyləyin.
Salamat qalın.
Mehdi Moskva,
07.12.39.”
46
Tamaşa tamaşa olunca, rejissor teatra gəlincə, sənətçi
mədəniyyət aləmində tanınınca o qədər işlər baş verir ki... və
sonucda görürsən ki, böyük sənətkarların hamısı eyni bir yolu
keçib... Dünyada ən çox istedadlı adama paxıllıq eləyirlər...
dünyada ən çox istedadlı adama mane olurlar... dünyada ən çox
istedadlı adama qarşı təcavüzdə bulunurlar... dünyada ən çox
istedadlı adamdan qorxub ehtiyatlanırlar... onu “sındırmağa”,
işini yubatmağa, özünü distansiyada saxlamağa çalışırlar. Rza
Təhmasibə göndərilmiş bu məktub da mənə elə şeyləri danışdı
ki... Danışdı ki, artıq 30-cu illərin sonuna doğru Mehdi Bakıda
arzuolunmaz şəxsə çevrilmişdi; onun bir diplomçu kimi
Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlamasını
istəməmişdilər. Deməli, Mehdinin 1935-ci ildə yazdığı
“Öhdəçilik” formal bir şeymiş və onun real gücü yox imiş. Əks
təqdirdə Mehdinin diplom tamaşasını Kirovabad (Gəncə)
teatrına salmazdılar ki... Bəyəm Azərbaycanın o zaman
Moskvada təhsil görmüş rejissorlarını bir əlin barmaqları ilə
sayıb qurtarmaq olmazdımı? Bəyəm teatrın rəhbərliyi
Moskvaya gedərkən Mehdiyə öhdəçilik yazdırıb ona 75 rubl
______________Milli Kitabxana_______________
54
təqaüd kəsməmişdimi? Bəs onda Mehdiyə qarşı, yəni istedadlı
və savadlı cavan bir oğlana qarşı, başqa sözlə, teatrın ümidinə
qarşı bu biganəlik, bu etinasızlıq haradandır? Bəlkə Ədil
İskəndərov istəmir Mehdinin teatra dönüşünü? Hətta bu azmış
kimi Kirovabad da, dəhşətə bir bax, Mehdidən imtina edir.
Frans Kafkanın romanlarının atmosferi. Sənə hamının ehtiyacı
var və sən konkret heç kimə lazım deyilsən; amma hamı üçün
əngəlsən, baş ağrısısan. Beləcə, qapı ağzında kirimişcə əyləşə-
əyləşə qocalıb ölmək də olar. İlahi, bu vətəndə işlər hər bir
zaman, hər bir yerdə eyni cürə görülür... İstedad istedadını
sübut edincə istedadsızlaşır. Bu məktubda da Mehdinin
sıxıntısı aşkar hiss olunur; hiss olunur ki, o, əməllicə
narahatdır: sabahını proqnozlaşdıra bilməməsi ucbatından
narahatdır. Di gəl ki, o, Rza Təhmasibə heç bir şikayət yazmır,
konkret heç kimi günahlandırmır, umu-küsü eləmir; sənətdən
danışır, kiçik qardaşının qeydinə qalır.
Niyə məhz Rza Təhmasib? Onlar nə vaxtdan tanış idilər?
Necə olurdu ki, Mehdi özündən 21 (rəsmi 24) yaş böyük Rza
Təhmasibin arvadı Gülsüm xanıma və qaynı Əzizə salam
göndərirdi? Bu adamlar harada belə mehribanlaşmışıdılar?
Məktubun tonallığından əlüstü bilinir ki, Mehdinin Təhmasibə
hörməti sonsuzdur və ona bir ustad kimi yanaşır. Şübhəsiz, Rza
Təhmasib Mehdiyə qayğı göstərib, bu cavan istedadlı rejissor
və aktyoru dəstəkləyib ki, Mehdi də qardaşı Teymurla bağlı
ona ağız aça bilib. Haradasa Mehdinin sənət yolunun əvvəlində
mən Rza Təhmasibi onun hamisi, qeyri-rəsmi himayədarı kimi
görürəm. Görürəm ki, Mehdi Rza Təhmasibi dinləyib, onun
sözünə, məsləhətinə qulaq asıb. Elə 1945-ci ildə Azərbaycan
Dövlət Teatr İnstitutuna müəllim vəzifəsinə işə düzələrkən
Mehdinin xasiyyətnaməni Rza Təhmasibdən alması da, əqidəcə
əsl kommunist, həqiqətsevər bir adam olan Rza Təhmasibin öz
tərifini ondan əsirgəməməsi də dediklərimin sübutudur. Bu
xasiyyətnaməyə sonra bir də dönəcəyik. İndisə öz tərcüməmdə
həmin sənədi (əsli rus dilindədir) Sizə təqdim edirəm:
______________Milli Kitabxana_______________
55
“XASİYYƏTNAMƏ
Mən yoldaş Mehdi Əsədulla oğlunu 1932-ci ildən M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında öz assissentim kim tanımağa
başlamışam. O, Azərbaycan Dövlət Teatr İnstitutunda mənim tələbəm
olub; L.Beriya adına Kirovabad teatrının bədii rəhbəri vəzifəsində
çalışıb. İndisə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının
quruluşçu rejissorudur. Yoldaş Məmmədovun keçdiyi yaradıcılıq
yolunu təfəkkürə meyllilik, axtarışların zənginliyi, ciddilik və
nəticələrin möhtəşəmliyi fərqləndirir. Onun “Nizami”, “Nə yardan
doyur, nə əldən qoyur”, “On ikinci gecə” və digər bu kimi tamaşaları
göstərdilər ki, o, necə dərindən düşünüb mahiyyətə vara-vara işləyə
bilir, yarada bilir. Bu tamaşaları ilə yoldaş Məmmədov özünü istedadlı,
yüksək quruluşçu mədəniyyətinə yiyələnmiş, peşəsini mükəmməl
öyrənmiş, aktyor kollektiviylə məqsədli şəkildə işləməyi bacaran bir
rejissor kimi tanıtmışdır. Məhz onun bu keyfiyyətləri imkan verib ki,
yoldaş Məmmədov teatr institutu tərəfindən rejissorluq kafedrasında
müəllimlik fəaliyyətinə cəlb olunsun və özünü ən yaxşı cəhətdən
səciyyələndirsin.
“Rejissor və aktyor sənəti”
kafedrasının müdiri, Azərb.
SSR-in əməkdar incəsənət
xadimi, professor əvəzi,
Stalin mükafatı laureatı Təhmasib R.A.
12.08.45.”
47
R.Təhmasibin Mehdini 1932-ci ildən rejissoor assistenti
kimi tanıması mümkünsüzdür. Olsun ki, burada R.Təhmasib
nəyisə unudub və ya tanışlıq ilini təqribi söyləyib. Çünki
Mehdi 1932-ci ildə artıq Bakı Türk İşçi Teatrında özünü aktyor
kimi sınayırdı. Bu, məsələnin bir tərəfi. Digər bir məqam: necə
olub ki, Mehdi məhz Rza Təhmasiblə, kifayət qədər mürəkkəb,
intellektual və təkəbbürlü bir adamla yaxınlaşıb? Bunu mən
heç vaxt bilməyəcəkdim, təsadüf olmasaydı, daha doğrusu,
Mehdinin Rzaya məktubu olmasaydı... Mən hətta bu məktubun
sayəsində öyrəndim ki, Mehdini teatra işə düzəltmiş dostu Əziz
______________Milli Kitabxana_______________
56
kimdir. Bu haqda heç kim heç bir məlumat vermir. Sən demə,
Əziz Rza Təhmasibin qaynıdır, yəni Gülsüm xanımın doğma
qardaşıdır. Mümkün ki, Təhmasib kimi məşhur bir səhnə
xadimi ilə qohum olduqdan sonra Əziz aktyorluq sevdasına
düşüb və Rza Təhmasib onu öz çalışdığı teatrın yardımçı
heyətinə işə düzəldib. 1931-ci ildə isə məhz Əziz öz dostu,
teatr həvəskarı Mehdini Rza Təhmasibin yanına gətirib və
ondan Mehdini də teatra götürməyi xahiş eləyib. Deməli, Rza
Təhmasib Mehdini 1931-ci ildən Əzizin dostu kimi tanıyıb,
daha öz assistenti kimi yox. Bu məktubun məzmunundan həm
də o görünür ki, Mehdi Təhmasiblərin evinə gəlib-gedən adam
olub. Əks təqdirdə, o, cürət eləyib Gülsüm xanıma salam
göndərməzdi, Teymuru Rza müəllimə tapşırmazdı və öz
növbəsində Rza Təhmasib də Mehdiyə münasibətdə bu qədər
qayğıkeş olmazdı. Fələk nə qəribə oyunlar oynayır insanlarla...
Qəsdən bunu belə düşünə bilməzsən... Əvvəlcədən bunu belə
təxmin edə bilməzsən... Bütün görüşlərin stalkeri Odur!.. Kimi
nə vaxt, harada, necə və kiminlə qarşılaşdırmağı tanrı
planlaşdırır... və... reallaşdırır... bir tale xətti kimi...
Çox çəkmir ki, Mehdi Rza Təhmasibə daha bir məktub
ünvanlayır. Bu üçüncü məktubun yalnız 3-cü və 4-cü
səhifələrini tarix qoruyub saxlaya bilib. Məktubun konkret nə
vaxt yazıldığı da məlum deyil. Ancaq məzmundan və Mehdi
Məmmədovun həyat faktlarından belə aydınlaşır ki, bu məktub
da haradasa 1939-cu ilin sonlarında, böyük ehtimalla, 40-cı
illərin əvvəllərində yazılıb. Bu məktub mənim üçün elə
məsələləri açıqladı ki... Amma, gəlin tələsməyək, öncə
məktubu nəzərdən keçirək. Oxucuya yalnız əsli rus dilində
yazılmış sənədin 3-cü və 4-cü səhifələrini mənim tərcüməmdə
oxumaq nəsib olur:
RZA TƏHMASİBƏ MƏKTUB
“Əgər qismət olarsa, 10-15 il rus səhnəsində işləyərəm. Sonra da
baxarıq. Sağ qalaram, gələrəm doğma teatra. Fikirləşirəm ki, mən
onda teatra daha çox fayda gətirrəm. Bu, mənim xəyalımdır. Elə də ola
bilər ki, Bakıda 15 ildən sonra da mənə heç bundan yaxşı münasibət
______________Milli Kitabxana_______________
57
bəsləməsinlər. Ola bilsin ki, məni heç qəbul eləməsinlər. Hər şey
mümkündür. Mümkündür ki, institutdan sonra teatrda işləmək üçün
tamam köməksiz və yararsız olum. Lakin mənim ürəyimdə balaca bir
ümidim var ki, mən özümü gələcək işim barəsində düşünmək və xəyala
dalmaqda haqlı hesab edirəm. Odur ki, mən düşündüm və qərara
aldım ki, rus səhnəsində çalışım. İş yerim dəqiq məlum deyil. Əgər
Moskvada qalmaq nəsib olmasa, Moskva yaxınlığındakı hər hansı bir
şəhərə gedəcəyəm. Hələliyə Voronej vilayət teatrının adını çəkirlər.
Bax, məni narahat edən elə bu fikirlərlə Sizinlə bölüşmək istədim.
Çox şad olardım, bu barədə Sizin rəyinizi öyrənsəydim. Amma mən
əvvəlcədən bilirəm ki, əksər hallarda cavab yazmağa Sizin vaxtınız
olmur. Ona görə də əgər cavab yazmaq əziyyətdirsə, özünüzü çətinə
salmayın: mən vərdiş elədiyim üçün inciməyəcəyəm.
Qardaşım Teymur yazıb ki, Sizin diqqətinizdən və iltifatınızdan razı
qalıb. Bunun üçün Sizə təşəkkür etməyə bilmirəm. Mən onu çox
sevirəm. Əgər o, Sizdə pis təəssürat oyatmayıbsa, xahiş edirəm, öz
qayğınızı və yardımınızı ondan əsirgəməyin.
Sizə dərin hörmət bəsləyən Mehdi.”
48
Məktubda tarix yoxdur. Amma məzmundan aydın görünür
ki, Mehdi hələ diplom tamaşası ilə, öz konkret təyinatı ilə bağlı
dəqiq heç nə bilmir. Dövlət Teatr Sənəti İnstitutunu
bitirməyinə isə lap az vaxt qalır. Təbii ki, Mehdi həyəcanlıdır,
incikdir, küskündür: çünki özünü dayaqsız, arxasız sayır. Axı
faktiki olaraq teatr ondan imtina edib. O bunu gizlətməyə
çalışsa da, təhkiyəsi hər şeyi həməncə büruzə verir. Bəlli olur
ki, Mehdi məktub yazıb cavab almamağa vərdiş eləyib. Birinci
məktubunda da təqribən o bunu deyirdi. Mehdinin son dərəcə
lütfkar və yaxşı adam olduğu məktublarındakı üzrxahlıqdan
bəlli. Heç bir günahı olmadan üzr istəmək də bir üstinsan
əlaməti. Amma bununla belə sonuncu məktub göstərir ki,
həmin çağlarda Mehdiyə qarşı bir laqeydlik hökm sürüb. Yəqin
Rza Təhmasib də onun məktubuna bir qədər soyuq yanaşıb. Və
belə bir durumda Mehdi qərara gəlib ki, Moskvada qalsın; və
bu fikir də, qərib eldə yaşamağın sıxıntısı ilə birgə, ona elə təsir
eləyib ki, Mehdi içini danışmağa adam axtarıb. Təhkiyənin
______________Milli Kitabxana_______________
58
ruhu etibarı ilə bu, Mehdidən Rzaya yox, əslində Mehdidən
Mehdiyə ünvanlanmış məktubdur.
Ancaq vəziyyət necə dəyişirsə, yel hayandan əsirsə, Mehdi
Məmmədov 1940-cı ilin qışında, daha doğrusu, dekabrın 8-də
“Bahar” adlı diplom tamaşasını təhvil verir. Bəs Moskva, bəs
Voronej? Görünür, işlər qaydasına düşən kimi, vətənə
dönməyin yolu tapılan kimi Mehdi Moskvanı da, Voroneji də
öz xəyallarından çıxarıb kənara tullayıb və birbaşa üz qoyub
Kirovabada, yəni Yelizavetpol quberniyasına, yəni qədim
Gəncəyə. Bunu ona görə sadaladım ki, hərdən Gəncə, hərdən
Kirovabad, hərdən də Yelizavetpol quberniyası yazanda oxucu
şaşırmasın, bilsin ki, söhbət eyni bir qədim Azərbaycan
şəhərindən gedir. Mehdi Məmmədov xüsusi əmrlə aprelin 18-
də Kirovabad teatrında “Bahar” tamaşasının rejissoru təyin
edilib, 1940-ci il sentyabrın 1-dən isə ştata götürülüb. 1941-ci
ilin fevralında işdən çıxıb, Moskvaya yollanıb, təhsilini bitirib,
diplomunu alıb, təzədən Gəncəyə qayıdıb və 18 avqust
tarixindən quruluşçu rejissor vəzifəsini ştat cədvəli üzrə icra
etməyə başlayıb. Hər halda Mehdinin şəxsi vərəqində yazılıb
ki, o, 1941-45-ci illər intervalında Gəncədə çalışıb. Bunun
məsələyə birbaşa dəxli yoxdur və yalnız söhbətin çərçivəsi
üçündür. Ona görə Sizə xatırladıram Mehdinin Rza Təhmasibə
“12 dekabr 1939-cu il” tarixli məktubunu, sayca ikinci olanını.
Deyirdi ki, pyes-filan yoxdur, bir pul göndəriblər, vəssalam:
axırıncı “ultimatum”a da cavab yazıblar ki, işdən azad
edilirsən. Yadınıza düşdümü? İndi mənə qulaq asın. “Bahar”
kimin pyesidir? Məmmədhüseyn Təhmasibin. Dəyərli
folklorşünas alimdir, ziyalı birisidir və qüdrətli Rza
Təhmasibin doğmaca qardaşıdır. Tarixi faktların bu düzülüşünə
baxıb da mən belə bir qənaətə gəlirəm ki, Mehdinin Kirovabad
teatrosunda diplom tamaşası hazırlamağa rüsxət almasının
başlıca səbəbkarı məhz Rza Təhmasibdir. Mənim belə
fikirləşməyimin bir neçə izahı var. Birincisi budur ki, “Bahar”
pyesi Bakıda respublikanın bir nömrəli teatrında rejissor
______________Milli Kitabxana_______________
59
Ə.Şərifovun quruluşunda tamaşaya qoyulmuşdu, söz-söhbətə
səbəb olmuşdu və əksər teatr biliciləri tərəfindən
bəyənilməmişdi. Güman ki, Rza Təhmasib də, öz dövrünün son
dərəcə peşəkar sənətçisi, tamaşanı qəbul eləməmişdi. İkincisi
budur ki, Moskvada “pyessiz” oturmuş gənc rejissor Mehdi
Rza Təhmasibə yazanda ki, vəziyyəti qeyri-müəyyəndir, Rza
Təhmasib, ağıllı və huşyar birisi, həməncə “Bahar”ı Mehdiylə
Gəncə teatrının səhnəsində “sınamağı” qərara almışdı və işə
girişmişdi: ola bilsin ki, Azərbaycan mədəniyyətindəki
nüfuzundan faydalanıb Mehdi üçün Kirovabada zəng eləmişdi,
oranın müdiriyyətilə danışmışdı və öz aktyor məharətilə
“Bahar” pyesini ehmalca Mehdiyə sarı “itələmişdi”, qısası,
Kirovabadı və “Bahar”ı Mehdiyə təklif etmişdi, ona seçmək
imkanı yaratmışdı. “Naməlum” Voronejdən “məlum”
Kirovabadda “məlum” “Bahar” pyesinin quruluşçu rejissoru
olmaq daha yaxşıdır” məntiqi Mehdini əlüstü vətənə
qaytarmışdı.
Düzdür, C.Cəfərov qeyd eləyir ki, guya Mehdi “Bahar”
üçün yeni yozum tapdığından onun quruluşunu boynuna
götürmüşdü və Azərbaycan Dövlət Dram Teatrının kollektivinə
demək istəmişdi ki, baxın bir, görün mən nələri bacarıram!
Yox, mən buna inanmıram, mənasız sözdür. Çünki o vaxt
Mehdi əlini atırdı, əlinə hava keçirdi: ipdən asılı vəziyyətdə idi.
Ondan institutu başa vurmaq, diplom tamaşasını hazırlamaq
tələb olunurdu. Mehdinin heç yatıb yuxusuna da gəlməzdi ki,
kimlərəsə acıq versin. Amma o variantı da istisna etmirəm ki,
Rza Təhmasib Mehdiyə “Bahar” pyesini təqdim eləyə-eləyə və
ya onu bu işə ruhlandıra-ruhlandıra “özünü göstərmək,
fərqlənmək məqamıdır” fikrini də Mehdinin beyninə
yeritmişdi. Hər halda bütün bunlar bica deyil: bir əlaqəsi var.
Mən düşünürəm ki, Mehdi Məmmədovun bu ömür
fraqmentinin qəhrəmanı Rza Təhmasibdir. Əgər o, olmasaydı,
“Bahar”ı diplom işi kimi götürmək ideyası ortaya
çıxmayacaqdı; “Bahar” ortaya çıxmasaydı, yəqin ki, Mehdi
______________Milli Kitabxana_______________
60
Moskvada və ya Voronejdə fərqli bir həyat yaşayacaqdı.
Mümkün ki, Rza Təhmasib olmasaydı, Kirovabad teatrı
Mehdini heç də geri çağırmayacaqdı. Bax, elə buradadır,
teatrşünaslar İ.Rəhimli və İ.İsrafilovun pozitiv pafosla ortaya
atdıqları sualın cavabı: “Bəs belədə Mehdi Məmmədov,
tələbəlik havasından hələ ayrılmamış təcrübəsiz rejissor, nə
üçün ilk işindən riskə gedirdi?” Ona görə riskə gedirdi ki,
Mehdiyə başqa seçim və şans, sadəcə, verilməmişdi. 1940-cı
ildə “Bahar”ın və Kirovabadın Mehdi üçün alternativi yox idi,
vəssalam.
“Bahar” üzərində iş başladı, nə başladı... təhlildən başladı:
Mehdi düşündü, daşındı, “bir az qorxdu, bir az çaşdı,
gözlərindən yuxu qaçdı”, amma “Bahar”dan əl çəkmədi,
“Gündəliklər”ində qeydlər apardı, fikirlərini ora yazdı.
Rəhmətlik Cəfərin monoqrafiyasında “Gündəliklər” haqqında
hətta xüsusi danışılır da. Mənsə... necə təəssüflənməyim ki,
həmin “Gündəliklər”ə əlim çatmadı, ünüm yetmədi. Kimlərəsə
başa sala bilmədim ki, Mehdi kiçik bir ailəyə, bir nəslə yox,
bütün Azərbaycana məxsusdur: başa sala bilmədim ki, Mehdi
Məmmədov və onun mədəni irsi respublikanın milli sərvətidir.
Məhz onun “Gündəliklər”i teatrşünas C.Cəfərov üçün aşkar
eləmişdi ki, Mehdi pyesin melodrmatik elementlərindən,
abstrakt humanizmindən yaxa qurtarmağa çalışıb, diqqəti
pyesin psixoloji məzmununun dərinliyinə yönəldib, süjet
kolliziyalarını ikinci plana keçirib, fikrini insan
münasibətlərində cəmləşdirib. M.Təhmasib pyesin konfliktini,
personajların rəftar məntiqini sovet ideolojisinin tələblərinə
tam uyğunlaşdırmışdı. Bu melodramda hamı yaxşıdır, cəmi iki
nəfər pisdir və bu hamı çalışır ki, həmin o iki insanı normal,
təmiz həyata qaytarsın. M.Məmmədov öz rejissor qeydlərində
yazırdı ki, “Burda insanların kədəri də, sevinci də ümumidir.
Hamı bir nəfər üçün, bir nəfər də hamı üçün qayğılanır. Ümumi
xoşbəxtlik uğrunda mübarizə - bax, budur mənim üçün də,
kollektiv üçün də tamaşanın ideyası və ali məqsədi.”
49
Lap
______________Milli Kitabxana_______________
61
partiya iclaslarındakı məruzələrə, partiyanın periodik olaraq
ortaya atdığı birgə yaşayış devizlərinə bənzəyir: hərçənd burda
nə yalan var, nə də fikir mimikriyası. Mehdi söylədiklərinin
həqiqətinə tam inanırdı və bunu düşüncə primitivizmi kimi
yozmaq ədalətsizlik olar.
Qısası, 1940-cı ilin qışında Mehdinin “Bahar”ı alınmışdı.
Pyesin personajlarından biri Qaya onun həyatına və sənət
bioqrafiyasına daxil olmuşdu. O, Qayanı özünküləşdirmişdi,
yəqin ki, bu obrazın həyatını dəfələrlə, xəyali bir şəkildə
yaşamışdı, Qayanın olum prinsiplərini, əqidəsini qəbul
eləmişdi. Mehdinin “əsl insan haqqında povest”ininin
qəhrəmanı Qaya idi: öz ideallarına, vəzifə borcuna sadiq,
sözündə möhkəm, əməlində dürüst, təmiz, insanpərvər, ləyaqət
nümunəsi, alicənab, ürəyiyumşaq Qaya.
1942-ci ildə Mehdinin özü məhz bu rolda Kirovabad
teatrının səhnəsinə çıxır və Qaya (Qaya obrazı haradasa
tamaşanın Komandoru kimi qavranılır) kimi beyinlərə həkk
olunur. İllər ötüşüncə onlar yenidən görüşəcəkdilər və Mehdi
“Bahar”ın Qayasını kamera qarşısında 1959-cu ildə
kinorejissor Rza Təhmasibin “Onu bağışlamaq olarmı?”
filmində də ifa edəcəkdi. Busa tamam ayrı bir tarixçədir,
gələcəyin tarixçəsidir; amma əsası həmən bu çağlarda
qoyulub.
50
Deməli, düz 19 il (1940-59) “Bahar” Azərbaycan
mədəniyyətində Mehdi Məmmədov - Rza Təhmasib
münasibətlərində aktual olub.
“Bahar” tamaşasından bütün Gəncəyə bir optimizm
fışqırırdı. Rejissor pyesin melodramatizmini minimuma
endirmişdi, mübarizənin faktoloji dinamizmini “söndürmüşdü”,
onu Qaya və Tərlan münasibətlərinin psixologizmi müstəvisinə
transformasiya eləmişdi. Nə isə... bu tamaşa haqqında mənə
çox az şey məlumdur. İstifadə etdiyim mənbələrdə teyxa
analitik mülahizələrdir. Tamaşanın teatrşünas təsvirinə isə heç
harada rast gəlmədim. Axı bu, diplom işi olub!!! Teatşünaslar
da o zaman bir elə çox deyildilər ki, gedib Gəncədə Mehdinin
______________Milli Kitabxana_______________
62
ilk rejissor debütündən yazaydılar!!! Amma 1940-cı ildə
“mövsümün rejissor debütü” nominasiyası olsaydı, yəqin ki, bu
mükafata Mehdi layiq görüləcəkdi. Səbəbi də bu ki, öz
dövrünün teatr dəbi kontekstində Mehdinin tamaşası yüksək
quruluş mədəniyyəti sərgiləmişdi və əvəzsiz Cəfərin yazdığı
kimi teatrın yaradıcılıq proqramını müəyyənləşdirən tendensiya
xarakteri daşımışdı. “Bahar” rejissor Mehdinin “ikinci institut
dövrü” üçün onun sənət manifesti kimi çözülə bilər.
Cənablar, alqışlayın, Lavrenti Beriya adına Kirovabad
Dövlət Dram Teatrına rejissor gəlib; ucaboy, zəhmli kişi gəlib:
Dostları ilə paylaş: |