Mehdi Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə
anadan olub.
Suraxanskaya küçəsində yaşayarkən şuşalı Əsədulla kişinin
oğlu Mehdi bakılı Səməd Mənsurun oğlu Tofiqlə tanış olur.
Sən bir taleyə bax: fələk hansı oyunlardansa çıxıb
Azərbaycanın iki ustad rejissoru olacaq uşaqları bir məhəllədə
qarşılaşdırır və onlar, teatrşünas İsrafil İsrafilovun sözü
olmasın, birlikdə teatr-teatr oynayırlar. Məxsusi xəfiyyəlik
agenturası çoxsaylı komanda ilə işləsəydi belə, yenə bu zərurəti
və ya təsadüfü düzüb-qoşmaq mümkün olmayacaqdı... Sonra
da deyirlər ki, Yazı yoxdur. Cəfəngiyyatdır. Tanrı kimləri
kimlərlə görüşdürməyi yaxşı bilir. İ.İsrafilov onu da deyir
25
ki,
bu oyunlar zamanı Tofiq Kazımov rejissorluq eləyərmiş,
Mehdi Məmmədov - aktyorluq. Düzü, mən bunu təsəvvür edə
bilmədim. Nədən ki, Tofiq 1923-dəndir, Mehdi - 1915-dən. Bu
epizodda da söhbət yəqin ki, 1928-30-cu illərdən gedir. Çünki
1931-ci ildən etibarən Mehdi artıq peşəkar aktyorlarla səhnədə
olacaq və Tofiqlə oynamaq ona maraqlı gəlməyəcək. Yəni
söylədiyimin mənası bu ki, Mehdi əgər Suraxanskaya
küçəsindəki 17 nömrəli dalanda Tofiqlə tamaşa göstərərkən
aktyor olubsa da, özxoşuna olub və Səməd Mənsur oğlunun
“rejissurası”nı özündən, hər iki doğum versiyasına görə, yaşca
qat-qat kiçik birisinin xətrinə dəyməmək üçün qəbul edib,
alicənablıq göstərib, bir böyük kimi davranıb. Ol səbəbdən bu
epizodu çözüb oradan sənətlə ilişikli mənalar “qoparmaq”
istərkən ehtiyatlı və obyektiv olmaq gərək.
Bu, belə. Amma yenə Cəfər Cəfərovun “Rejissor sənəti”
adlı monoqrafiyasında biz maraqlı, amma reviziyası
mümkünsüz bir faktla üzləşirik. Bakı Teatr Texnikumunun
______________Milli Kitabxana_______________
27
(1945-ci ildə yazılmış avtobioqrafiyada bu təhsil müəssisəsi
Azərbaycan Dövlət Teatr Texnikumu adlandırılır) direktoru,
milli səhnə sənətinin ağsaqqallarından biri Hacağa Abbasov
Mehdini məktəbə qəbul etməyib deyir ki, sən hələ çox
cavansan.
26
Demir ha, uşaqsan, deyir ki, cavansan!!! Bu ifadə
Mehdinin 1931-ci ildə 13 yox, məhz 16 yaşında olduğunu bir
daha sübut eləyir. 13 yaşlı uşağa cavan demirlər. Bu
“bəyanat”dan qəm dəryasına qərq olan Mehdi kor-peşman evə
qayıdır və bir təsadüf onun köməyinə çatır. Hacağa Abbasov
kimi əfsanəvi bir aktyorun sərt açıqlamasından sonra Mehdi
məhəllədə Əziz adlı bir oğlanla qarşılaşır və dərdini ona
danışır. Sən demə pioner Əziz (İ.Rəhimlinin “Sənətkar
kamilliyi” məqaləsində Əziz adı səhvən Ayaz kimi yazılıb
27
)
də teatra vurğun birisiymiş, teatrın xiridarı imiş və “Sevil”
tamaşasında Gündüz rolunu ifa edirmiş. Həmin bu Əziz
Mehdini teatra düzəldəcəyinə söz verir, sözünün də üstündə
dayanır. Çox çəkmir ki, Mehdini Türk Bədaye Teatrosunun
(indiki Milli Dram Teatrı) yardımçı heyətinə götürürlər.
İ.Rəhimliysə öz məqaləsində bəzi məqamları qarışdırıb: yanlış
olaraq elə fikirləşib ki, Mehdi ilk dəfə Bakı Türk İşçi Teatrında
səhnəyə çıxıb, pioner Əziz də Gündüz rolunu həmin bu teatrda
oynayıb.
28
Düz deyil. Teatrşünas İ.İsrafilovun “Mehdi
Məmmədovun rejissor sənəti” monoqrafiyasında da bu məqam
qədərincə aydınlaşdırılmayıb.
29
Onda bəs bu səhvin kökü
haradan gəlir? Məsələ belədir ki, Cəfər Cəfərovun tədqiqatında
Mehdinin hansı teatrın truppası ilə yaradıcılıq əlaqəsi saxladığı
dəqiq söylənilmir. Lakin vurğulanır ki, Mehdini yardımçı
heyətə qəbul etdikdən sonra o, “1905-ci ildə” və “Axir əz-
zaman” tamaşalarında kütləvi səhnələrin iştirakçısı olub.
30
“Axir əz-zaman” tamaşası isə Bakı Türk İşçi Teatrında
oynanılmayıb və A.M.Şərifzadə ilə Əsəd Tahirin bu pyesi
1931-ci ildə Türk Bədaye Teatrosunda tamaşaya qoyulub.
Mənim haqlı olduğumu təsdiqləyən daha bir fakt: Mehdi
Məmmədov rejissor Yusif Yulduzun 1931-ci ildə Türk Bədaye
______________Milli Kitabxana_______________
28
Teatrosunda quruluş verdiyi “Lyubov Yarovaya” tamaşasında
ilk dəfə “dil açıb” söz deyib və Şvandyanın həbsi epizodunda
cəmi iki qısa fraza söyləyib. Konstantin Trenyovun bu əsəri də
İşçi Teatrının repertuarında olmayıb. Görünür, Mehdi
V.Lütsenin 1931-ci ildə Milli Dram Teatrında quruluş verdiyi
“1905-ci ildə” tamaşası ilə sənət dünyasına addımlayıb və elə
buradaca A.M.Şərifzadə, Ülvi Rəcəb, İ.Hidayətzadə,
R.Təhmasib və başqa bu kimi bir nömrəli ustadlarla səhnəni
paylaşıb. Odur ki, Milli Dram Teatrındakı təcrübədən az sonra
Bakı Teatr Texnikumu onu öz “doğma”sı kimi divarları arasına
qəbul edib. Mənim gümanım var ki, Mehdiyə bu işdə Rza
Təhmasib dəstək olub və o, teatrın zəmanətilə texnikumun
tələbələri sırasında cərgələnib. Mehdi Məmmədovun şəxsi
vərəqəsində də yazılıb ki, o, 1931-ci il ərzində Azərbaycan
Dövlət Dram Teatrında
31
aktyor vəzifəsində çalışıb, bir statist
kimi rollar alıb və hər rola böyük sevgi və məsuliyyətlə
yanaşıb, “1905-ci ildə” tamaşasında gah kəndli, gah fəhlə, gah
da qorodovoy obrazlarında səhnə məkanında görünüb;
qrimlənib, “başqalaşıb”, “aktyorlaşıb” görünüb.
Elə buradaca mən bir də dönürəm doğum tarixinə. Əgər
1931-ci ildə Mehdinin pasportda göstərilən kimi 13 yaşı
olsaydı, səhnədə ona fəhlə, ya da kəndli, ya da qorodovoy
rollarını verərdilərmi? Təbii ki, yox. Uzağı Mehdiyə uşaq
obrazlarını tapşırardılar, vəssalam. Özü də “1905-ci ildə”
tamaşasının kütləvi səhnələrində C.Cabbarlının remarkasına
görə uşaqlar da iştirak etməliydilər. Mehdiysə artıq 1931-ci
ildən kişi rollarında çıxıb səhnəyə. Mən biləni teatr bu dövrdə
aktyor kadrları sarıdan qıtlıq çəkmirdi və ehtiyac duyulmurdu
ki, kütləvi səhnədə belə hər hansı bir fəhləni və ya kəndlini 13
yaşlı uşaq təmsil eləsin. Razılaşaq ki, Azərbaycan Dövlət Dram
Teatrı bunu özünə heç bir vəchlə yaraşdırmazdı, hər şeydən
öncə peşəyə hörmətin naminə; digər tərəfdən isə ideoloji-siyasi
motivlərə görə. Bu necə ola bilərdi ki, sovet Hökumətinin
dayağını təşkil edən əli qabarlı fəhlənin və ya kəndlinin
______________Milli Kitabxana_______________
29
obrazını səhnədə balaca bir uşaq yaratsın? Yaraşardımı heç?
Deməli, 1931-ci ildə Mehdinin həqiqətən 13 yaşı yox, 16 yaşı
olub. Bununla da mən bir daha vurğulayıram ki:
Mehdi Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə
dünyaya gəlib.
Və bu, daha düz versiyadır. Hərçənd soruşmaq olar: məgər
professor Mehdi Məmmədov Azərbaycanın tanınmış bir
sənətçisi kimi bu dəftərxana səhvini özü düzəldə bilməzdimi?
Həqiqi təvəllüdünü aşkarlamaq üçün açıq etiraf bəs etməzdimi?
Burda nə problem var bəyəm? Mənim üçün yoxdu, amma
onun üçün vardı: Mehdi Məmmədov həmişə şıq, eleqant
geyinib hər zaman cavan görünmək, cavan qalmaq istəyən
birisi idi. O, qocalıqdan qorxurdu və tanrı onu heç qocaltmadı
da.
Bu da belə. Hərçənd onun 1931-ci ildəki səhnə fəaliyyəti
uzun sürmür. Texnikumda oxuyarkən Mehdinin müəllimi
rejissor Həbib İsmayılov ona məsləhət görür ki, teatrı atsın və
yalnız təhsillə məşğul olsun. Odur ki, Mehdi hələliyə Türk
Bədaye Teatrosundan, səhnədən, sevimli aktyorlarından
uzaqlaşır. Amma çox qısa müddətə. İş elə gətirir ki, Həbib
İsmayılovun özü Mehdini Bakı Türk İşçi Teatrına aktyor
götürür və ona Seyid Hüseynin eyniadlı pyesi əsasında
hazırladığı “Kölgə” tamaşasında komsomolçu Bəxtiyar rolunu
verir. Bu mənada İşçi Teatrında onun bəxti gətirir, həmyaşıdını
oynamalı olur. Əslində bu rol İsmayıl Əfəndiyevə tapşırılmışdı.
Qəfildən İ.Əfəndiyev xəstələnir və rejissor Həbib İsmayılov
tələsik öz tələbəsini bu rola hazırlaşdırır. Cəfər Cəfərovun
yazdığına görə Mehdi Bəxtiyar adlı personajın sözlərini cəmi
iki günə əzbərləyir.
32
Aktyor üçün nümunəvi hafizə. Amma bir
mühüm məsələ vardı: Bəxtiyarın atasını A.M.Şərifzadə
oynayırdı; Mehdinin digər yöndaşı isə Fatma Qədri idi.
Səhnədə belə peşəkarlarla üz-üzə gələndə cavan aktyor
həyəcanından “yana” bilər, dili topuq çala bilər, özünü itirər və
teatrı pis vəziyyətdə qoya bilər. Mehdi peşəkarların sınağına
______________Milli Kitabxana_______________
30
tabladı, rolunu yaxşı ifa elədi, çaşmadı, şaşırmadı, çılğın
emosionallığa uymadı. Bu obrazın partiturasına görə Mehdinin
komsomolçu Bəxtiyarı səhnə məkanında öz atasına,
zəmanəsindən məsləkcə, əqidəcə geri qalmış atasına qarşı
mübarizə aparmalıydı. Aktyor qəhrəmanı Bəxtiyarda özünü,
yəni Əsədulla kişinin oğlunu tanıya bilmişdimi? Bənzərlikləri
görmüşdümü? Bu sualların cavabı olmayacaq: onları bilgi üçün
yox, düşüncəni qıcıqlandırmaq üçün verirlər. Bunun əvəzində
onu söyləyəcəyəm ki, Mehdinin adı və taleyi bəlli ilk rolu
uğurlu alınmışdı, əlbəttə ki, gənc aktyorun hədsiz çalışqanlığı,
özünə qarşı tələbkarlığı nəticəsində.
Elə bu ərəfədə tanrı Mehdiyə nəsib eləyəcək ki, o, Hüseyn
Cavid kimi bir düha ilə tanış olsun. Bütün azəri türkləri kimi
Mehdi Məmmədov da şeirə biganə deyildi: ona görə Cavid
əfəndiylə təmasdan fərəhlənməyə bilməzdi. Nədən ki,
gələcəyin rejissoru da “yaradıcılığa şeirlə başlamışdır. Qalın,
ümumi bir dəftərə 600 misralıq böyük bir poema yazmışdır.
Sonra müəllif yazdıqlarını təkrar-təkrar oxumuş və hər dəfə
xoşuna gəlməyən bir beyti məhv etmişdir. Biz qəsdən “məhv
etmişdir” deyirik ona görə ki, o, qələm yox, qayçı işlətmişdir:
sadəcə olaraq xoşuna gəlməyən beytləri bir-bir kəsib atmışdır.
Çox keçmədən qalın, ümumi dəftərdən heç nə qalmamışdır.
Belə bir üsul, “dəmir redaktə” tərzi müəllifin poeziyanı şeirdə,
nəzmdə yox, öz istedadının təbiətinə daha uyğun bir sahədə -
səhnədə, elmdə tapmasına, həm də vaxtında tapmasına kömək
göstərmişdir”.
33
Odur ki, Cavidlə tanışlıq həyatın Mehdiyə
dəyərli bir “hədiyyəsi” statusunda qavranılır. Şairlə canlı
təmasdan azərbaycanlı həmişə xüsusi zövq alır. Çünki şairin
(yazıçının, sənətçinin, alimin) içində hər zaman tanrının işığı
yanır. Təqribən 50 il sonra artıq professor Mehdi Məmmədov
həmin illəri belə xatırlayacaq: “Mən 1931/32-ci tədris ilində
Hüseyn Cavidi onun şöhrətinin belə gur şölə saçdığı günlərdə
ilk dəfə dərs otaqlarında gördüm. Çünki mənim
təsəvvürümdəki Cavidlə, əsərlərini oxuya-oxuya xəyalımda
______________Milli Kitabxana_______________
31
nəhəng surətini yaratdığım o qiyabi şəxsiyyətlə indi burda
gördüyüm gerçək Cavid arasında təzad, ziddiyyətli bir təzad
var idi. Təsəvvürümdəki tamam qeyri-adi, heç kəsə
bənzəməyən ecazkar bir sənətkar, bir sehrkar, gerçəklikdə
gördüyüm isə heç kəsdən seçilməyən adi, lap adi bir şəxs idi.
Nə mən, nə də tələbə yoldaşlarım onun görkəmində,
geyimində, davranışında, rəftarında başqalarından, o biri
müəllimlərdən fərqli bir əlamət görmədik”.
34
Niyə mən səhnə
professorunun əsərindən bu fraqmenti sitatlaşdırdım? Təbii ki,
onun həmin dövrdə yaşadığı günlərə işıq salmaq, keçmiş həyat
mənzərələrini diriltmək üçün, köhnə Bakının retro nümayişini
gerçəkləşdirmək xatirinə. Doğrudurmu ki, Hüseyn Cavid 13
yaşlı uşaq üçün qədərincə “çətin” müəllifdir? Doğrudurmu ki,
13 yaşlı uşaq, güclü fiksəedici yaddaşa malik olsa belə, iki
Cavid arasındakı fərqin, təzadın sosial-fəlsəfi mahiyyətinə bir
elə də vara bilməzdi? İndi Siz deyin, 13 yaşında Cavidi
oxuyub da ondan feyz almaq nə dərəcədə gerçək və mümkün?
Odur ki, mən israrlıyam:
Mehdi Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə
anadan olub.
Yenidən qayıdıram Mehdi Məmmədovun özünün
yazdıqlarına, təbii ki, daha bir məsələni dəqiqliklə
aydınlaşdırmaqdan ötrü: “O illərdə Teatr texnikumu
Kommunist (indiki İstiqlal - A.T.) küçəsində Elmlər
Akademiyası ilə üzbəüz yerləşirdi. Hüseyn Cavidin mənzili də
bura yaxın bir yerdə... idi... Mən Cavid müəllimi dəfələrlə
əlində neft qabı neft almaq üçün Ə.Qarayev küçəsilə Qasım
İsmayılov (keçmiş və indiki Zərgərpalan - A.T.) küçələrinin
tinindəki dükana tərəf yollandığını, yaxud onu hamı ilə bərabər
orda dayanıb səbr ilə öz növbəsini gözlədiyini görmüşəm... O,
həyatda, məişətdə, iclasda, məclisdə son dərəcə təvazökar və
iddiasız dolanardı. Bir dəfə mən bir iş üçün onun tapşırığı ilə
evə, onun yanına getdim. İçəri girəndə onu dərin xəyala dalmış,
yarıuzanmış vəziyyətdə yazan gördüm. Otağa nəzər saldım,
______________Milli Kitabxana_______________
32
heyrətləndim. O indiki cavan ziyalıların yaşadığından çox-çox
sadə və kasıb şəraitdə yaşayırdı. Texnikum tələbələrinin
yaşayışı, güzəranı, maddi vəziyyəti onu maraqlandırır və
düşündürürdü... O şagirdlərin bir qisminin ancaq təqaüdlə
dolandığını bilirdi. Belələrinə qiymət yazarkən istər-istəməz
güzəştə gedirdi, təqaüddən kəsilməsinlər deyə üzlərini danlasa
da qiymətlərini bəzən layiq olduqlarından artıq yazırdı”.
35
Bu
xatirə notlarından: əvvəla, duyulur ki, müşahidələr 13 yaşlı
uşağa mənsub ola bilməz; və ikincisi, aşkar hiss olunur ki,
Mehdi özünü ehtiyac içində yaşayan tələbələrdən fərqləndirir,
özünü onların cərgəsində görmür. Məntiqi nəticələr 13 yaşlı
uşaq üçün deyil!
Mehdi çox uğurlu bir tələbəlik həyatı yaşayıb və öz kurs
yoldaşları ilə mehribancasına dolanıb. Onunla birlikdə Zəfər
Nemətov oxuyub: o Zəfər Nemətov ki, sonralar Gənc
Tamaşaçılar Teatrının baş rejissoru olacaq... və Mehdiylə
ölənəcən dostluğunu davam etdirəcək. İndi mən paralelləri
deyim, Siz sayın: Zəfər də Mehdi kimi 1915-ci ildə
doğulmuşdu; 1924-cü ildə Zəfər də Mehdi kimi yeddiillik
məktəbə getmişdi; 1930-cu ildə Zəfər də Mehdi kimi Türk
Bədaye Teatrosunun yardımçı heyətində aktyor kimi
çalışmışdı; 1931-ci ildə Zəfər də Mehdi kimi Bakı Teatr
Texnikumuna qəbul olunmuşdu: paralellər arasındakı məsafə
lap minimallaşmışdı, Mehdi ilə Zəfər yan-yanaşı dayanmışdı.
Aman Allah, təsadüflərə bir bax! Bütün görüşlərin stalkeri
Odur! Tanrı onları elə bil qova-qova gətirib bir-birinə rast
salıb!
Mehdi Məmmədov 1932-33-cü illər intervalında Bakı Türk
İşçi Teatrında aktyor işləyəcək, “Yanğın” (H.Nəzərli,
S.Rüstəm) tamaşasında gənc aqronom və digər epizodik
rollarda səhnəyə çıxacaq... sonra da bu teatrdan hələliyə
ayrılacaq... Çünki Bakı Türk İşçi Teatrı Gəncə (Kirovabad)
şəhərinə köçürüləcək.
______________Milli Kitabxana_______________
33
İnsan yaşamını bu və ya digər şəkildə təkrarlanan olum
motivləri taleyə çevirir. Bu təkrarlar təsadüf və zərurətlər
zənciri kimi çözülür. Mehdinin həyatı, obrazı və imici üç əsas
təkrarlanan olum motivi üzərində qurulur: bu “ata” motividir,
“köç” motividir, bir də “teatr” motivi. Bu motivlər Mehdi
Məmmədovun dünyasının sferik hüdudlarını cızır.
1934-cü il: Mehdi Məmmədov texnikumda oxuya-oxuya
cəmi bir mövsüm müddətinə Kolxoz-Sovxoz Teatrının aktyoru
işləyir. Onun şəxsi vərəqəsində də belə bir qeyd mövcuddur.
Görünür, bu zaman haradansa əlavə qazanc əldə eləmək gənc
tələbə üçün artıq aktuallaşmışdı. Burada Mehdi C.Cabbarlının
“Yaşar” pyesi əsasında hazırlanmış tamaşada epizodik
prokuror rolunu ifa edir. Faktın şahidi Azərbaycanın xalq artisti
İsmayıl Dağıstanlı olub. Bu haqda ayrı bir məlumat mənbəyi
aşkarlamadım.
1935-ci il: Mehdi Məmmədov mövsüm ərzində Azərbaycan
Dövlət Dram Teatrında rejissor-laborant vəzifəsində çalışır.
Amma əsas məsələ bu olur ki, burada onu istedadlı və hünərli
bir insan kimi, gənc bir sənətçi kimi “görürlər”, tanıyıb
fikirlərində fiksə edirlər, beyinlərinə “yazırlar”. Bu əsnada
İsmayıl Dağıstanlının xatirəsindən bir fraqmenti sitatlaşdırmaq,
məncə, Mehdi bioqrafiyasının mühüm faktına istinad etmək
deməkdir: “Yaxşı yadımdadır, 1935-ci ildə rejissor Rza
Darablıya “1905-ci ildə” pyesini səhnəyə qoymaq tapşırılmışdı.
O, dərhal Medi Məmmədovu özünə rejissor assistenti seçdi.
M.Məmmədova əsər haqqında təhlil yazmaq tapşırılmışdı.
Mehdi öz işinin öhdəsindən o qədər ləyaqətlə gəlmişdi ki, həm
əsər, həm də ayrı-ayrı surətlər haqqında verdiyi təhlillə bütün
kollektiv razılaşdı. Müzakirədən sonra böyük artistimiz Ülvi
Rəcəb məndən bu gəncin kim olduğunu soruşdu. Dedim ki,
teatr texnikumunun tələbəsidir. Çox istedadlı və savadlı bir
sənətkar olan Ülvi bunu eşidib iftixarla dedi: “Mən bu cavanın
dərrakə və savadına heyran oldum və inandım ki, bu cavanlar
bizi çox sürətlə ötüb keçəcəklər”.
36
Ülvi Rəcəbin sözləri və
______________Milli Kitabxana_______________
34
kollektivin razılığı Mehdi üçün əla reklamdır, əla təqdimatdır,
sənət aləminə özünəməxsus qeyri-rəsmi bir vəsiqədir.
1935-ci ildə Mehdi Azərbaycanın teatr dünyasında özünü
aktiv şəkildə təsdiqləməklə məşğuldur. O, çoxları üçün
“gözlənilməz” və qəfil olan cəmi üç səhifədən ibarət bir tənqidi
məqalə yazır. Burada “gözlənilməzlik” faktoru milli teatr
tarixinin “müqəddəs əzabkeşi” A.M.Şərifzadənin quruluş
verdiyi “Dağılan tifaq” tamaşasının tənqidilə bağlıdır. Nədən
ki, Abbas Mirzə gənc Mehdinin pərəstiş səviyyəsində hədsiz
sevdiyi aktyorlardan biri və bəlkə də birincisi idi. Təbii ki,
onun Abbas Mirzə tamaşası ilə ilişikli tənqidi dövrün teatr
prosesinin mündəricəsində mikroşok kimi yozulurdu. Düzdür,
Mehdi Məmmədov ürəyində gəzdirdiyi A.M.Şərifzadə
sevgisini öz yazılarında və çıxışlarında üst-üstdən dəfələrlə
bəyan edəcək:
“... O vaxt mənim yuxuma da girməzdi ki, bir
neçə ildən sonra səhnədə onunla yanaşı duracağam. Layertlə
yarışmaq üçün qılıncı ona mən verəcəyəm. Düşünməzdim ki,
teatr texnikumunda oxuyanda səhnə danışığından o, mənə dərs
deyəcəkdir. İnanmazdım ki, bir gün gələcək, mən ona partnyor
olacağam, onun oğlu Bəxtiyarın rolunu oynayacağam”.
37
Amma
bu (etiraf, üzrxahlıq, halallıq), Abbas Mirzənin Mehdi
tərəfindən tənqidə məruz qalması faktını dəyişməyəcək:
resenziya tarixdə qalacaq. Monoqrafiyanın materialını
toplayarkən mən həmin məqaləni bir də oxudum. Yazı mənə
ləzzət elədi: öz dövrünə görə aydın dil, səlis təhkiyə, fikir
konkretliyi və cümlələrin ritmik quruluşu. Doğrusunu
söyləyim: bu resenziyada tənqid bir o qədər də kəskin deyil.
Sadəcə düşünürəm ki, Şərifzadə soyadı bu məqalənin ətrafında
ajiotaj yaradıb. Yəqin hamı deyib ki, bax, Mehdi xalqın sevimli
sənətkarı Abbas Mirzənin özünü, dünənki müəllimini tənqid
elədi. Bəziləri Mehdinin bu yazısından sevinib, bəziləri
hiddətlənib. “Dağılan tifaq” resenziyasında A.M.Şərifzadənin
adı cəmi bir yerdə çəkilir və o, burada bir aktyor kimi yox,
məhz rejissor kimi tənqid edilir: mövzunun haçalandığından,
məqsədin yayğın olduğundan, pyesin mətninə “calaşdırılmış”
______________Milli Kitabxana_______________
35
əlavələrin yersizliyindən danışılır. Fikirləşirəm ki, Mehdi
Məmmədov aktyor Abbas Mirzənin ünvanına tənqid yazmağa,
heç şübhəsiz, cürət eləməzdi; amma rejissor Abbas Mirzənin
tənqid hədəfinə çevrilməsinin mümkünlüyü istisna deyil. Bu,
Azərbaycan teatr mədəniyyətində Mehdi addımı idi; bir
komandor addımı idi. Ona görə də “Dağılan tifaq” məqaləsi
həmin dövrün teatrını, həmin dövr sənətçilərinin yaradıcılığını
öyrənən tədqiqatçıların diqqətindən kənarda qalmır. Bununla
yanaşı Mehdi tamaşanın pozitivlərini də görüb deyirdi;
aktyorları, içi Sidqi Ruhulla, Sona Hacıyeva, Məmmədəli
Vəlixanlı, Süleyman Tağızadə qarışıq, bir-bir sadalayıb onların
düzgün oyun sərgilədiklərini vurğulayırdı və həmin çağın teatr
mədəniyyəti üçün aktual bir ümumiləşdirmə aparırdı:
“Əsas
rollarla yanaşı xırda rolların da bu cür müvəffəqiyyətli ifa
olunması “Dağılan tifaq” tamaşasının gözəl cəhətlərindəndir ki,
bu da bizi sevindirməyə bilməz. Çünki epizodik rollara adətən az
fikir verilir. Müəllif tərəfindən az pay almış kiçik obrazlar çox
vaxt rejissorlar və aktyorlar tərəfindən də etinasızlıq görürlər.
“Dağılan tifaq” tamaşasında isə epizodik obrazlara məsuliyyət
hissilə yanaşmışlar. Onların qənaətbəxş ifası həm rejissorun,
həm də aktyorların xidməti və nailiyyəti deməkdir”.
38
Beləliklə,
aydın olur ki, bu məqaləni birmənalı şəkildə Abbas Mirzə
Şərifzadənin tənqidi kimi qavramaq tarixi ədalətsizlikdir. Bu
resenziyanın tənqid spektri daha genişdir: tamaşanın səhnə və
musiqi tərtibatı da Mehdinin tənqid obyektləri sırasındadır. Heç
bilirsinizmi tamaşanın rəssamı kim idi? Rüstəm Mustafayev.
Bəs musiqi tərtibatçısının adını necə? Mən deyim və bir azcana
şok olun: mayestro Niyazi. Və bu faktorlar Mehdinin vecinə
deyildi: o, təhkiyəsinin ritmini pozmurdu və mədəniyyət
aləmində öz mövcudluq üslubunu, öz yaşam tərzini
konkretləşdirirdi:
“Musiqi parçaları çoxdur. Mahnı və rəqslər
bəzən artıq görünür və əsas hadisə ilə əlaqədar olmur. Məsələn,
üçüncü pərdədəki “Yallı” rəqsi cərəyan edən hadisə ilə əsla
qovuşmur və buna görə də özünü doğrultmur. Tərtibat ağırdır,
dəbdəbəlidir. Nə ziyadə işlənən musiqi, nə ağır tərtibat, nə də
______________Milli Kitabxana_______________
36
səhnəyə yağdırılan “doğruçu” yağış heç də bu tamaşanın
qüvvətli tərəfləri hesab edilə bilməz”.
39
Afərin! 20 yaşlı bir
insan üçün qədərincə mükəmməl, ünvanlı və inamlı bir tənqid!
Fikir verin, Mehdinin bir aktyor və rejissor kimi hələlik
birmənalı uğuru yoxdur: kimsə haradasa nəsə danışır, onu
tərifləyir. Lakin bu teatrşünas məqaləsi artıq Mehdinin özü
haqqında teatr ictimaiyyətinə ciddi bəyanatıdır. “1905-ci ildə”
pyesinin təhlili, “Dağılan tifaq” tamaşasının tənqidi göstərir ki,
Mehdidə bir alim, bir yazar, bir nəzəriyyəçi istedadı onun
aktyor və rejissor istedadından daha öncə gəlişib və
gerçəkləşib. Olsun ki, Mehdinin yazmaq istedadı bugün
Ülvidədir, onun üçüncü oğlu Ülvidədir, Ülvi Mehdidədir.
Qəribəsi burasındadır ki, onun da əsl peşəsi rejissordur:
hərçənd Ülvi atasından fərqli olaraq kinorejissordur. Bəs
yazmağı bu cavan sənətçi harada və kimdən öyrəndi? Bəlkə
Peterburq sənətşünaslarından?.. Təbii ki, yox: nəzəriyyəni
öyrənmək olur, yazmaq isə müəmmadır, sirrdir. Ülvinin də bu
bacarığı irsidir. Mümkün ki, o da atası kimi bir zaman rejissura
ilə aktiv şəkildə məşğul olacaq... İstisna edilmir. Amma bir
həqiqət bəlli ki, Ülvi Mehdi mədəniyyət aləmində bir sənət
yazarı kimi, İnternet saytların aktiv müəllifi kimi bugün artıq
tanınır və onun öz oxucusu var.
1935-ci ildə Mehdi Bakı Teatr Texnikumunun diplomunu
alır və həmin ildə iki tədris tamaşasında əsas rollarda səhnəyə
çıxır: bunlardan biri Hacı Əhməddir (C.Cabbarlı “Almas”),
digəri Karl Moor (F.Şiller “Qaçaqlar”) . Amma bununla belə
Cəfər Cəfərov deyir ki, o zaman texnikumda təhsil qədərincə
yaxşı təşkil olunmadığından Mehdi peşəkar fəaliyyət üçün
özünü hazır saymır və savadını, bilgisini, professional
vərdişlərini kamilləşdirmək fikrinə düşür: planlaşdırır ki,
Moskvaya getsin və oranın Teatr Sənəti İnstitutuna daxil olsun.
Bu zaman rus dili onun üçün əngələ dönür. Çünki Mehdi rusca
son dərəcə pis danışırdı. Elə bu səbəb ucbatından da o, qərara
gəlir ki, təhsilini Moskvada bir aktyor kimi yox, bir rejissor
kimi davam etdirsin. Odur ki, “Şahnamə” tamaşasının
______________Milli Kitabxana_______________
37
eksplikasiyanı yazıb Moskvanın Dövlət Teatr Sənəti İnstitutuna
göndərir. Təəssüf ki, cavab müsbət olmur: yəqin rus dili
faktoru burada da Mehdiyə problem yaradır. Ancaq Mehdi
iradəsi möhkəm adam idi, tərs adam idi, öz şəxsiyyətinə
hörmətlə yanaşan qürurlu adam idi. Mehdi sınardı, amma
əyilməzdi: cavanlıqdan şax gəzərdi, başını dik tutub gəzərdi:
öz-özünə icazə verməzdi ki, nədəsə bir balaca belə zəiflik
göstərsin. Ona görə Mehdi əlləşib-vuruşub istədiyinə çatır,
Teatr Sənəti İnstitunun şərti müdavimi olur. Əlbəttə ki, hələliyə
şərti... Çünki ona 1935-ci ildə 95 nömrəli əmrin 23-cü
paraqrafına əsasən Azərbaycan Dövlət Dram Teatrına təqdim
edilmək üçün verilmiş arayışda (əsli rus filindədir) qeyd
olunur ki, M.Ə.Məmmədov, həqiqətən, A.V.Lunaçarski adına
Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakultəsinin I kurs
tələbəsidir. Həmin arayışa istinadən teatrın rəhbərliyi 1935-ci
ilin oktyabr ayından Mehdi üçün 75 rubl həcmində tələbə
təqaüdü kəsir və bunu Mehdinin yazdığı “öhdəçilik” vərəqinin
üstündə qeyd edir. Bu fakt onu göstərir ki, Mehdi Məmmədov
Bakı Teatr Texnikumunu bitirdikdən sonra müəyyən vaxt sənət
təcrübəsi keçdiyi Azərbaycan Dövlət Dram Teatrına təyinat
alıb və fəaliyyətini orada rejissor-laborant kimi davam etdirib,
yəni faktiki surətdə teatrın işçisi olub. Onun şəxsi vərəqəsində
Mehdinin 1935-ci ildə işlədiyi yer kimi məhz bura göstərilir.
Odur ki, sentyabrın 22-də Mehdi teatr rəhbərliyinə rus dilində,
və demək olar, səhvsiz, bir öhdəçilik yazıb ki, təhsilini başa
vuran kimi mütləq öz iş yerinə qayıdacaq. Buradan belə
aydınlaşır ki, onu oxumağa göndərən təşkilat Azərbaycan
Dövlət Dram Teatrıdır:
Dostları ilə paylaş: |