Çağdaş Azərbaycan dramaturgiyasında lirik-romantik psixologizm
İlyas ƏFƏNDİYEV - 101
(“Sən həmişə mənimləsən” pyesi əsasında)
İ.Əfəndiyev sənəti və şəxsiyyəti haqqında tanınmış tənqidçi və ədəbiyyatşünas alimlər,
incəsənət xadimləri maraqlı fikirlər söyləmiş, sənətkarın yaradıcılığı haqqında elmi-nəzəri
məqalələr, monoqrafiyalar yazmışlar.
C.Cəfərov, M.Məmmədov, Y.Seyidov, K.Talıbzadə, X.Əlimirzəyev, S.Əsədullayev, B.Nəbiyev,
Y.Qarayev, Arif Səfiyev, Ə.Ələkbərli, Ə.Əfəndiyev, B.S.Musayeva, İ.Rəhimli, M.Əlizadə,
A.Dadaşov, A.Salahova, Y.İsmayılov və başqaları görkəmli sənətkarın bədii irsi ilə yaxından
tanış olmuş, ayrı-ayrı istiqamətlərdə yaradıcılığını işıqlandıran tədqiqat işi aparmış, məqalələr,
oçerklər, məruzələrlə çıxış etməklə ötən XX yüzil Azərbaycan ədəbiyyatı tarixində mərhələ
təşkil edən İlyas Əfəndiyev yaradıcılığının elmi-nəzəri-filoloji baxımından öyrənilməsinə
çalışmış, bütövlükdə onun ədəbi-tarixi portretinin yaradılmasına nail olmuşlar.
Sənətə, ədəbiyyata yeni yaradıcılıq xüsusiyyəti, üslubi keyfiyyəti ilə daxil olan «İlyas Əvəndiyev
romantik nəsr əsərləri ilə bərabər insan ruhunu oxşayan, onu təlatümə gətirən mürəkkəb taleli
obrazların, səhnə təcəssümünü verən pyeslər də yazmışdır.
Ancaq maraqlıdır ki, bü əsərlərin məna və məntiqini özündə ehtiva edən sənətkarın bir əsəri,
[31,səh.186-187] yəni «Sən həmişə mənimləsən» pyesi istər müəllifin dramaturji yaradıcılığında,
istərsə də müasir Azərbaycan dramaturgiyasında lirik-romantik psixologizmin nümunəsi kimi
maraq doğurur.
Akademik Kamal Talıbzadənin müşahidələrinə görə «lirik-romantik üslub İlyas Əfəndiyevin
artıq fərdi üslubu kimi formalaşmışdır. Bu yaradıcılıq üslubunun formalaşmasında ədibin
mövzuları, surətləri də əsas amillər kimi iştirak etmişdir…
Məhəbbət İ.Əfəndiyevin əsas mövzusu, gənclər isə qəhrəmanları, baş surətləridir.
Məhəbbət bir çox mühüm sosial problemlərin həlli üçün yol açır, gənc qəhrəmanların arzu və
diləkləri, onların xəyalları, ürək dünyası ilə bağlı olan əməlləri bədii problemin həllinə romantik
bir ruh aşılayır; qəhrəmanların emosional özünüifadəsi bədii təsvirin ümumi fonunda üstünlük
təşkil edir, onların lirik-romantik hisslərinə geniş meydan verilir» [30,səh.53].
Filologiya üzrə elmlər doktoru, professor Xalid Əlimirzəyev İ.Əfəndiyevin yaradıcılıq
özəlliklərindən danışarkən, «Sən həmişə mənimləsən» pyesinin yazıldığı və ya tamaşaya
qoyulduğu illərdə həmin əsərin həm ədəbi materialı, həm də səhnəyə qoyuluşu, tərtibatı
haqqında yazdığı resenziyasında göstərir:
«İ.Əfəndiyev oxucuların, xüsusilə gənclərimizin ən çox sevdiyi yazıçılardan biridir. Çünki
gənclərimiz onun əsərlərində öz həyatlarının, yüksək məqsəd və qayələrinin, ürək çırpıntılarının
ən yaxşı bədii ifadəsini görürlər.
«Sən həmişə mənimləsən» pyesi tam psixoloji planda yazılmış bir əsərdir. Burada aktyor
tamaşaçıya demək istədiyi fikri çox hallarda sözlə deyil, hərəkətlə, üzündə və gözlərində əks
olunan dərin, mənalı ifadələrlə çatdırmalıdır» [14,səh.175].
Seyfulla Əsədullayev «İstedad və sənətkarlıq» adlı məqaləsində də görkəmli sənətkarın bədii
yaradıcılıq xüsusiyyətlərini belə xarakterizə edir:
«İ.Əfəndiyev bir sənətkar kimi hadisəçiliyə…aludə olmur; onun diqqət mərkəzində duran insan
şəxsiyyəti, insan taleyi, xarakteri, adamların ictimai və psixoloji mahiyyətidir…
Lirizm, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir» [16,səh.102].
Yəhya Seyidov İ.Əfəndiyev haqqında yazdığı monoqrafiyasında qeyd edir ki, «psixologizm
İ.Əfəndiyev istedadının ayrılmaz keyfiyyətidir. «Sən həmişə mənimləsən»də isə bu, üslubun
keyfiyyət əlamətlərindən biri olmaqdan çıxıb aparıcı mahiyyət qazanmışdır» [28,səh.143].
Buna görə də «Sən həmişə mənimləsən» pyesi özündən sonra yaranmış digər bu səpkili
dramaturji
əsərlərin
ədəbi-bədii
və
mənəvi
himayəçisinə
çevrilir.
Ötən əsr elmi-nəzəri-filoloji fikrin araşdırmalarında, xüsusilə, Arif Səfiyevin tədqiqatında
qəhrəmanın mənəvi mövqeyinin və fəallığının ön plana çəkilməsi İlyas Əvəndiyevin
dramaturgiyasında diqqəti cəlb edən xüsusiyyət kimi [29,səh.13] dəyərləndirilir.
Alimin müşahidələrinə görə «bu cəhət müəllifin 60-cı illərin əvvəllərində yazdığı «Sən həmişə
mənimləsən» pyesindən başlayaraq bütün dramaturgiyamızda xüsusilə aydın hiss edilməkdədir
[29,səh.13].
Yaşar Qarayev İlyas Əfəndiyevin dram yaradıcılığında yeni perspektivli bir istiqamətin uğurlu
başlanğıcı olmaq mənasında «Sən həmişə mənimləsən» (1964) pyesinə [23,səh.29] önəm verərək
həmin əsəri yüksək qiymətləndirir.
Bu cəhətdən dramaturqun «Mənim günahım» (1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş
gündəliklər» (1969), Şıxəli Qurbanovun «Sənsiz» (1967), İmran Qasımovun «Nağıl başlananda»
(1972), B.Vahabzadənin «İkinci səs» (1969), «Yağışdan sonra» (1971), «Yollara iz düşür»
(1977), Nəbi Xəzrinin «Əks-səda» (1969), «Sən yanmasan» (1972), Anarın «Keçən ilin son
gecəsi» (1966-67), «Şəhərin yay günləri» (1977) və başqa pyeslərdə lirik-romantik qat, üslub
«Sən həmişə mənimləsən» pyesindən boy ataraq təkmilləşir, yeni məna və məzmun qazanır.
Bədii obrazda yaddaş psixologiyası və onun «mən»də ifadəsi, özünütəhlil xarakterdə psixoloji
aləmin təşəkkül üsulu kimi, bədii vəziyyət xarakterin psixoloji özünüifadə məkanı kimi,
peyzajda dramatik psixologizmin təcəssümü və ya bu kimi məsələlər [33] yuxarıda sadalanan
digər pyeslərdə məxsusi şəkildə mənalanır, özünün fərdi bədii-poetik dünyasını əldə edir,
oxucuda və ya tamaşaçıda böyük təəssürat oyadır, onların əxlaqi-mənəvi həyatına daxil olur,
bədii-estetik zövqünün və idealının formalaşmasına zəmin yaradır.
«Sən həmişə mənimləsən» dramı bu baxımdan yuxarıda adları qeyd olunan pyeslərin insanda
oyatdığı böyük təəssüratına görə aparıcı mövqedə dayanır.
Ümumiyyətlə, İ.Əfəndiyevin yaradıcılığında, xüsusən onun dram əsərlərində həyat faktı hər
şeydən əvvəl yeni məna və məzmunda işıqlandırılır, böyük və dərin mətləblər, incə
mənalandırmalar öz əksini tapır, “insan psixologiyasına məxsus mürəkkəblik və ziddiyyətlərə, ...
daxili aləmi təhlil etməyə qüvvətli meyl” [22, səh.117] onun pyeslərinin başlıca məna və
məntiqini özündə ehtiva edir. Bu baxımdan həyat faktı, real gerçəklik dramaturqun bədii-estetik
qavrayışında ələnərək məxsusi ədəbi yaşam qazanır.
Elmi fikir, müşahidələr israrla təsdiq edir ki, «İlyas Əfəndiyevin dram əsərlərinin daxili struktur
quruluşunu
diqqətlə
araşdırarkən
vahid
bir
sənət
prinsipi
ilə
qarşılaşırıq.
Bu prinsip dramaturqun özünə məxsusdur. Ona görə də həmin prinsipi fərdi yaradıcılıq prinsipi
kimi də qəbul edə bilərik… O, iki fərqlənən qatı, konteksti üz-üzə qoyaraq, onların
kəsişmə,toqquşma nöqtəsində yeni bir məna, qat kontekst yaradır. Belə bir üslub prinsipi hər
hansı sənətkara bir neçə məqsədə çatmağa kömək edir.
... Onun kompozisiya qurumu, dil-ifadə, mövzu dairəsi, qəhrəman anlayışı uzun illər ərzində
qazandığı dramaturji təcrübəsində və axtarışlarında formalaşıb [27,səh.184].
Bu baxımdan İ.Əfəndiyevin «Sən həmişə mənimləsən» əsəri müasir Azərbaycan
dramaturgiyasında digər pyeslərdən fərqli olaraq mürəkkəb bədii struktura malik lirik-romantik,
fərdi-sosial mahiyyətli, ciddi dramatik planlı psixologizmin nümunəsi kimi maraqlıdır.
Demək lazımdır ki, «İ.Əfəndiyevin «Sən həmişə mənimləsən»ə qədərki pyeslərində
fərdiləşdirmək istədiyi obrazlar öz hərəkətlərində və düşüncələrində psixoloji əsasdan heç də
məhrum deyildir» [19,səh.134].
«İntizar» (M.Hüseynlə birlikdə yazılmışdır) (1943), «Bahar suları» (1948), «Atayevlər ailəsi»
(1954) dram əsərlərində psixologizmin bədii-estetik tələblər baxımından müxtəlif (lirik-
romantik, ictimai və satirik planlı) tərəflərini şərtləndirən məqamlara, hadisə və proseslərə rast
gəlmək olur.
Ümumiyyətlə, İ.Əfəndiyevin yaradıcılığında, xüsusən onun dramaturgiyasında daha qabarıq
nəzərə çarpan, lirik-romantik psixologizm “gerçəkliyin özünəməxsus estetik konsepsiyasının
qanunauyğun nəticəsi ... kimi meydan çıx”araq (25,səh.66.) bütövlükdə onun sənətinin daxili
mənasını, mahiyyət və məzmununu özündə birləşdirir.
Bu baxımdan «Sən həmişə mənimləsən» pyesində qoyulan problem şəxsiyyət və onun taleyi,
ailə, sevgi problemidir. Pyesin süjet xəttində bu məsələlər isə daim qarşılıqlı sıx əlaqədə öz
əksini tapır. «Sən həmişə mənimləsən»də iki mühüm həyati məsələ bədii-estetik tələblər
baxımından diqqət mərkəzinə çəkilir:
I. Nargilə və Nəzakət münasibətlərindəki mürəkkəb ailədaxili proseslərin izlənilməsi pyes boyu
davam və inkişaf etdirilir;
II. Nargilə – Həsənzadə xəttində yaranan mənəvi məhrəmlik, doğmalıq süjet boyu Nargilə və
Nəzakət xəttinə aydınlaşdırıcı ahəng verir;
Psixologizmə müraciət edən dramaturq «Sən həmişə mənimləsən» pyesində bəzən gerçəkliyin
səhnə təcəssümünü qəhrəmanların subyektiv qavrayışında canlandırmaqla (deyək ki, Nargilənin,
Həsənzadənin, Nəzakətin keçmişlərinə ani olaraq bədii-xəyali səyahətindən alınan psixoloji
xatırlamalarında) obrazların həyata, cəmiyyətə münasibətlərinin, fikir və düşüncələrinin, istək və
arzularının, sevinc və kədərin konkret bədii ifadəsinin və ya psixoloji portretinin kamil
nümunəsini yaradır.
«Portret yaradıcılığında hadisələrin mahiyyət və mənası, xarakterlər, obrazların daxili aləmi,
hissi-emosional və psixoloji təhlillər mühüm rol oynayır» [34,səh.98]. Nargilənin, Həsənzadənin,
eləcə də Nəzakətin hissi, mənəvi dünyası, intellektual səviyyəsi, həyata, cəmiyyətə baxışı bu
baxımdan məxsusi fərdi keyfiyyət daşıyaraq bütövlükdə xarakterin canlı bədii-psixoloji
portretinə çevrilir.
«Sən həmişə mənimləsən» pyesində psixoloji təhlillər əsasən obraz-xarakterin konkret mənəvi
dünyası ilə ətraf mühit arasında yaranan ziddiyyətlərin sıx vəhdətində alınır.
Bu zaman və məkan dairəsində obrazda bir tərəfdən yaddaş psixologiyası və onun «mən»də
ifadəsi prosesi ön plana çəkilir, digər tərəfdən psixoloji xatırlamalarda özünütəhlil prosesi
xarakterdə psixoloji aləmin təşəkkül üsulu kimi meydana çıxır.
Keçmişi anmaqla indiki halında obraz-xarakterdə bəzən monoloq şəklində, bəzən açıq və ya
«gizli» dialoqlarda (real və şərti «mən»lərin daxili «gizli» söhbəti) poetik səhnə təcəssümunü
tapır.
Demək, bununla yaranmış bədii vəziyyət anında dialoq və monoloqda üzə çıxan obraz-xarakter
artıq özünüdərk, özünüifadə məkanında yaşamaqla bütövlükdə özünün və ya ətraf aləmin
ziddiyyətli, mürəkkəb tərəflərinə bədii işıq salır.
Ümumiyyətlə, “bədii ədəbiyyatda obrazın strukturu onun həyat, amal, yaşayış, özünütəsdiq
uğrunda mübarizəsilə müəyyənləşir. Yazıçı qəhrəmanını həyatın mürəkkəb, ziddiyyətli
dolanbaclarından keçirir, onu müxtəlif sınaqlarla qarşılaşdırır” [15, səh.165].
Bu halda “müsbət əxlaqi keyfiyyətlər tərəqqiyə xidmət etdiyi kimi, mənfi əxlaqi keyfiyyətlər də
geriliyə, tənəzzülə səbəb olur” (2, səh.99.). Nargilə həyatın mürəkkəb, ziddiyyətli sınaqlarından
həm özünün şəxsi keyfiyyətləri, iradəsi baxımından, həm də, Həsənzadənin ona qarşı yönələn
mülayim, təmkinli davranışlarından, münasibətlərindən ancaq müsbət tərəfə yönəlikli gözəl
insani duyğuları, davranışları mənimsəyir və onun həyatda tətbiqinə nail olur.
Demək, qəhrəman indiki məqamda mənfiliyə yüklənmiş xüsusiyyətlərin yox, müsbətə yüklənmiş
xoş ovqatlı davranışları ilə cəmiyyətin artıq fəal, yararlı bir üzvü kimi diqqəti çəkir, özü ilə daxili
dialoqa girərək hərəkət, davranışlarını təhlildən keçirir.
Bu baxımdan pyesdə bədii təcəssümünü tapan hadisə, vəziyyət bəzən kinossenarini xatırladan
gənc qızın subyektiv qavrayışında lirik- romantik qatda alınıb təqdim olunur.
On doqquz yaşlı gənc qız olan Nargilə orta məktəbi artıq yenicə bitirib ali təhsil almaq
arzusundadır. Nargilənin qarşısında bu zaman müxtəlif maneələr yaranır: qəbul imtahanından
keçməməyi, evdə atalığı Fərəcin saymazyana kobud hərəkətləri, anası Nəzakətin əri önündə
qeydsiz-şərtsiz mütiliyi və bundan da qızına qeyri-ixtiyari əmələ gələn soyuq münasibəti
Nargiləni hədsiz hiddətləndirir.
Nargilə bu maneələri aradan qaldırmaq üçün bircə yol tanıyır: böyük nüfuz sahibi olan, iri bir
zavoda rəhbərlik edən qonşusu Həsənzadəni həmişəlik özünə mənəvi sığınacaq kimi qəbul edir.
Nargiləyə görə Həsənzadə onun arzuladığı idealların ən yaxşı təcəssümçüsüdur. Buna görə də
Həsənzadə ilə yaxından ünsiyyət saxlamağı Nargilə gələcək yaşamı üçün zəruri sayır və belə də
edir.
«Sən həmişə mənimləsən» pyesində bu baxımdan Nargilə ilə bağlı bəzi keçmiş hadisə və
proseslər qəhrəmanın qavrayışında təbii olaraq səhnələşir, hadisələr qəhrəmanın mənəvi
dünyasından, «iç» aləmindən, daxili dünyaduyumundan ələnərək təqdim olunur:
Nargilə: Anamın ikinci dəfə ərə getməyi yadıma gəlmir. Deyirlər, onda mən kök, sağlam,
güləyən bir uşaq imişəm, lakin illər keçir, mən böyüdükcə bu şənlik də silinib gedirdi, mənim
həyatımda fərəhsiz, sıxıntılı günlər başlanırdı [8,səh.303].
Burada gənc qızın yaddaşında ilişib qalmış, istəkli, unudulmaz keçmiş anlar kino lenti tək ön
plana çəkilir, xatirələr hissə-hissə çözələnir. Yadasalma, nəqletmə anında İ.Əfəndiyevin
qəhrəmanı keçmişə bədii qayıdışla özünüanma, özünü yaxından tanıma, xəyalən özünün «mən»,
iç dünyasını araşdırma prosesində yaşamaqla bilavasitə özünü və ya onu əhatə edən ziddiyyətli,
mürəkkəb mühiti dərk etməyə başlayır.
Qəhrəman özünü və ətraf aləmi təhlil prosesində özü ilə mühit arasında bir tərəfdən dərin
konfliktin olduğunu hiss edir, digər tərəfdən özü ilə ətraf aləm arasında qırılmaz daxili bağlılığın,
xoş
təmasın
sitmvolik
mənasını
və
ya
daxili
«gizli
şirinliyini»
görür.
Dramaturqun qəhrəmanı iki yol ayrıcındadır.
Birincisi, Nargilənin körpə, məsum, mənəvi «iç» dünyasının, təmiz qəlbinin, hiss və
düşüncələrinin istiqamətini arzuolunmaz tərəfə yönəldirsə, ikincisi, Nargiləni həmin
arzuolunmaz səmtlərdən kənarlaşdırıb saf, təmiz işıqlı nəcib dünyaya aparır.
Nargilə təbii ki, ikinci yolu seçir.
Həsənzadə Nargilənin mənəvi aləmində işıqlı dünyanı təmsil edən əsas həlledici və aparıcı
qüvvə hesab olunur. Ona görə də Nargilə indiyə qədər saxladığı istəkli keçmişini etibar edib
inandığı Həsənzadəyə nəql etməyə başlayır.
Nəqletmə anında qəhrəmanın taleyindəki «fərəhsiz, sıxıntılı günləri»nə sanki təcrübəli,
dünyagörmüş, həyatın ağrı-acısını dərindən duyub yaşamış dərdli bir insanın kəskin ruhi-mənəvi
yaşantısının aydın dolğun bədii ifadəsinin bariz nümunəsini görürük.
Nəqletmə anında obrazın özünəxas düşüncə tərzi ilə həyat, insanlar barədə zəngin təsəvvürlərlə
yaşayan, adi, körpə, məsum insanın dünyaya baxışındakı zərifliyin əvəzedilməz təcəssümü olan,
adi həyat həqiqətlərindən böyük mətləblər anlayan narahat qəlbli gənc qızın sərt taleyi ilə
yaxından tanış oluruq. İ.Əfəndiyev digər dramaturji əsərlərində olduğu kimi, «Sən həmişə
mənimləsən» pyesində dram sənətinə məxsus psixologizmin poetik təcəssüm formalarından
(buraya daxildir: müəllif remarkasında zahiri və daxili hərəkətin bədii-psixoloji təsviri, bədii
ifadə vasitələrindən bədii sual, bədii nida, təkrarlar, pauzalar, zahiri monoloq (zahirən tək
«mən»in açıq, səsli çıxışı, daxili dialoq) böyük ustalıqla istifadə edir [32].
Əsərin remarkasında əksini tapan zahiri və daxili hərəkətin bədii-psixoloji təsvirində ailədəki
arzuolunmaz ağır mənəvi mühitin onun digər üzvlərinə – Nargiləyə, Nəzakətə hədsiz boğucu,
mənfi təsir göstərdiyi daha qabarıq və əyani nəzərə çarpır.
Nargilə
də,
Nəzakət
də
gərgin
dramatik
psixoloji
vəziyyət
məqamındadır:
«Nargilənin ata evində yemək otağı görünür, artıq yetim bir qız olan Nargilə tez-tez mətbəxdən
qabqacaq gətirir, lakin bu işin onun üçün son dərəcə xoşagəlməz bir hal olduğu hiss edilir»
[24,səh.303], yaxud «Fərəc ağır addımlarla daxil olur, Nəzakət xanımın ona dikilən nəzərlərində
bir vahimə vardır. Fərəc həsir şlyapasını çıxarıb Nəzakətə verərək mətbəxə yönəlir. Nəzakət də
onun ardınca gedir, sonra Fərəcin fınxıra-fınxıra, suyu üzünə şappıldada-şappıldada necə
yuyunduğu eşidilir və bütün bu səslərin Nargiləyə olduqca xoşagəlməz bir təsir bağışladığı, onu
əsəbləşdirdiyi duyulur» və ya «Nəzakət yüyürüb məhrəba gətirir, Fərəc məhrəbanı alıb
qurulanaraq yenə də arvadına qaytarır. Sonra təntənə ilə irəliləyib yemək stolunun arxasına keçir,
Nəzakət məhrəbanı qoyub qayıdır, ayaq üstündə dayanıb ərinə tamaşa edir. Onun baxışlarında
mütilik və qorxu hiss olunur. Bütün bu müddətdə Nargilə o biri otaqda əvvəlcə kitabı götürüb
oxumaq istəyir, lakin oxuya bilmir, sonra kitabı kənara atır, hiss olunur ki, o biri otaqdan gələn
çəngəl-bıçaq səsləri onu əsəbiləşdirir» [8,səh.304].
Dramaturq burada səhnədaxili situasiyanın bədii-psixoloji təsvirini verərkən obrazların fiziki
hərəkət və davranışını sıx daxili psixoloji əsası ilə şərtləndirir.
Buradakı bədii vəziyyət əsərdə iştirak edən obrazların özünəxas fərdi keyfiyyətlərini üzə çıxarır:
Fərəcin ailədəki qeyri-səmimi hərəkəti, Nəzakətin əri Fərəcin qarşısındakı acizanə mütiliyi,
Nargilənin öz növbəsində atalığı Fərəcin saymazyana kobud davranışına hədsiz nifrəti və anası
Nəzakətə münasibətdə övlad incikliyi öndə dayanır. Pyesdə dram sənətinə məxsus müəllif
remarkasında özünü göstərən dərin psixologizm dialoq və monoloqda da daha qabarıq nəzərə
çarpır.
Burada (dialoq və monoloqda) lirik- romantik qatla yüklənmiş psixoloji aləm, psixoloji təhlil
müxtəlif səpkidə (bədii obrazda yaddaş psixologiyası və onun «mən»də ifadəsi, özünütəhlil
xarakterdə psixoloji aləmin təşəkkül üsulu kimi, bədii vəziyyət xarakterdə psixoloji aləmin
özünüifadə məkanı kimi) meydana çıxır.
Nargilə və Nəzakətin dialoqunda yaddaş psixologiyası və onun "mən"də ifadəsi və daha yuxarıda
göstərilən iki mühüm cəhət ön plana çəkilir. Nargilə anası Nəzakətdən ailədə yaranmış ağır
mənəvi iqlimin, pozucu, sərt həyatın «haqq-hesabatını» tələb edir. Ev, ailə “mühitin ağır ...
sıxıntıları qarşısında əzilib təhqir edilir, böranlı illər keçir”diyi [3,səh.128] üçün anasını qınayır.
Nəzakət də, həmçinin qızı Nargilə kimi daxili-mənəvi sıxıntıdan kənar deyil. Nəzakət
keçmişlərini çözələdikcə özünütəhlil, özünüdərk, özünütanıma prosesində yaşamağa məcbur
olur. Və indiki halında keçmiş təkliiynə dözə bilmədiyi üçün özünə təkliyin mənəvi ağrısını
unutduran Fərəclə evlənməyinə acizanə haqq qazandırmağa çalışır. Bu halda “ətraf aləm
qəhrəmanın fikir dünyasında, daxili hekayə və dramında daimi iştirakçı kimi çıxış edir.
Qəhrəmanın duyğu və düşüncələri xarici təsir sayəsində oyandığına görə, o, özü barədə
düşünərkən, eyni zamanda ətraf mühit, orada baş verən hadisələr, mövcud olan predmetlər
barədə düşünmüş olur” [18, səh.108].
Başqa sözlə, “hər bir sözün, fikrin arxasında müəyyən bir mətləb durduğundan, təsvirini tapan
bütün əşyalar, predmetlər ideya ilə yüklənir, məqsədli xarakter daşıyır. ... əşya aləminə təkcə
görümlü obyektlərin birbaşa özləri yox, həm bu obyektlər haqqında söhbət, həm də özü
görünməyən, amma təsiri yaşanan, ömürdə duyulan predmetlər daxildir. Məsələn, ... otağın
konkret bir obrazın mənəviyyatına təsiri söhbət zamanı meydana çıxır” [26, səh.77-78].
Nəzakət məhz əri ilə birgə yaşayıb xoşbəxt ömür sürdüyü otağa indilikdə həyat yoldaşının
ölümündən sonra daxil olarkən, içində dolaşan sıxıntılı yaşantılarla üz-üzə qalır:
Nəzakət: Gündüzlər işləyirdim…Gecələr isə…dünya gözümdə qaralırdı. Elə bil ki, bu evdə hər
bir şey…divarlar da, stullar da dil açıb mənə deyirdi: "O daha yoxdur…O heç bir zaman
gəlmiyəcək". Mən hər yerdə…hər yerdə onun yoxluğunu hiss edirdim. Mənə elə gəlirdi ki,
onunla birlikdə bütün həyat məni tərk edib getmişdir. Sən dilbilməz bir körpə idin. Sən dünyadan
xəbərsiz gözlərini mənə zilləyib mənə gülümsədikcə, vahimə məni basırdı. Mənə elə gəlirdi ki,
müharibə indicə səni də aparıb udacaqdır. Elə bil ki, soyuq soldat süngüsünün ucu sənin
dodaqlarına dirənmişdi. Sən isə onu əmzik bilib sorursan…mən hər gecə dəhşətli yuxular
görürdüm. Mən hər gecə sənin hansı uzaq, yiyəsiz səhrada isə düşüb qalmış atanın çağırışını
eşidirdim…Təklik dəhşət idi (ağlayır), mən yaşaya bilmirdim. Başa düş… [8,səh.305-306].
Pyesdə Nəzakətlə Nargilənin daxili sarsıntısı, ağır, üzüntülü vəziyyəti həzin notlar üstündə
köklənərək üzə çıxır.
Nargilənin və ya Nəzakətin bədii obraz kimi daxili mahiyyəti ilə açılması üçün zahiri və daxili
nitq variantından istifadə məsələsi də maraq doğurur. Daxili nitq – danışanın özü ilə əlaqələnən,
özünə doğru yönələn nitq, səslərdə təzahür etməyən, səssiz «lal» nitq [1,səh.187] deməkdir.
Nəzakətin özünə doğru yönələn nitqi səslərdə təzahür eləyən, səsli nitqdir.
Başqa sözlə, Nəzakətin nitqi zahiri monoloqun təbii məntiqi ilə reallaşır. Nəzakətin daxili
Dostları ilə paylaş: |