Ayrı-seçkilik qadağasının anlayışı, xarakteri və onun dairəsi. AİHK ayrı-seçkiliyin dəqiq anlayışını vermir. Dillər haqqında Belçika işində345 (1968) AİHM belə bir aydınlıq gətirdi: 14-cü maddə dövlətin öz vətəndaşları arasında fərq qoymasını heç də həmişə qadağan etmir. Müəyyən dərəcədə fərqləndirmə nəinki qanunidir, hətta, bəzi hallarda artıq mövcud olan bərabərsizlikləri düzəltmək üçün zəruridir. BMT İnsan Hüquqları Komitəsinin 10.11.1989 tarixli 18 saylı Ümumi Şərhində göstərildiyi kimi, hüquqların və azadlıqların bərabər əsaslarla istifadəsi onların hər bir sahədə mütləq bərabərliyini nəzərdə tutmur. Məsələn, ICCPR 18 yaşından aşağı şəxslərə ölüm cəzasının verilməsini və eyni cəzanın hamilə qadınlar barəsində tətbiqini dövlətə qadağan edir. Habelə azyaşlılara yetkinlik yaşına çatanlara görə fərqli cəza verilməsi nəzərdə tutulur. Bunlara əlavə olaraq, vətəndaşlıq əsaslarına görə müəyyən siyasi hüquqlarda ayrı-seçkiliyə yol verilir. Bunlar təbiidir və nəinki ləyaqəti alçaldıcı deyildir, hətta, əxlaqi və zəruridir, buna görə də bu cür bərabərsizlik nə ədalətsizlik, nə də ki, ayrı-seçkilik təşkil edir. Ölkəmizin qanunvericiliyinə görə də, azadlıqdan məhrum edilmiş qadınlar və yetkinlik yaşına çatmayanlar həbs olunma yerindən qaçdıqlarında, onlara qarşı odlu silahın tətbiqi qadağandır; halbuki yetkinlik yaşına çatmış kişilərə atəş açıla bilər, bu da yerinə görə onların ölümü ilə nəticələnə bilər. Lakin bu cür tənzimləmələri normal saymalıyıq, bunun səbəbi ondadır ki, qadın və azyaşlıların ictimai təhlükəli olma dərəcəsi kişilərə görə azdır. Kieldsen Danimarkaya qarşı işdə346 (1976) Məhkəmə qeyd etdi ki, 14-cü maddə şəxsləri və ya şəxslər qrupunu bir-birindən fərqləndirən əlamətlər əsasında ayrı-seçkilik rəftarını qadağan edir. Daha əvvəl qeyd etdiyimiz Abdulaziz, Cabales və Balkandali Birləşmiş Krallığa qarşı işdə347 (1985) məhkəmə 82-ci bənddə bildirdi ki: “14-cü maddə Konvensiya hüquqlarından istifadə zamanı ayrı-seçkiliyə yol verməməklə bağlıdır və bu zaman həmin hüquqlar barəsində Konvensiyanın tələblərinə müxtəlif üsullarla riayət edilə bilər. 14-cü maddənin mənası çərçivəsində ayrı-seçkilik anlayışı adi işlərdə, hətta, Konvensiya daha əlverişli rəftarı tələb etmədikdə belə, şəxslə və ya qrupla əsaslı olmadan digərlərinə nisbətən daha əlverişsiz rəftar hallarını da ehtiva edir”. Konvensiya ilə qadağan olunmuş ayrı-seçkilik anlayışı birbaşa ayrıseçkiliyi ehtiva edir. Birbaşa ayrı-seçkiliyə, qadağan olunan əlamətlər və ya səbəblər əsasında fərdə və ya fərdlər qrupuna qarşı daha əlverişsiz rəftar və ya mənfi rəftar kimi anlayış vermək olar.
Dolayı ayrı-seçkilik. Dolayı ayrı-seçkilik o zaman baş verir ki, hər hansı praktika, qayda, tələb və ya şərt zahirən neytral olsa da, konkret qruplara qeyri-mütənasib təsir göstərir. Yəni söhbət o işlərdən gedir ki, orada hər hansı tədbirin məqsədindən daha çox nəticələrinin ayrı-seçkilik xarakterli olduğu iddia edilir. Abdulaziz, Cabales və Balkandali Birləşmiş Krallığa qarşı işdə ərizəçilər İngilətərəd’ qanuni yaşayan xanımlar idi, hər üçünün ərləri Hindistan vətəndaşı idi, lakin ərlərinə 1980 tarixli qanuna əsasən İngiltərədə yaşama icazəsi verilməmişdi. Bu qadağa sadəcə kişi cinsindən olanlar aitdir. Ərizəçilər bu işdə Hindistan bölgəsindən olan insanların imiqrasiyasını nəticə etibari ilə istisna edən İngilis immiqrasiya qaydalarının irqi ayrı-seçkiliyə əsaslandığını sübüt edə bilməyiblər. Sözü gedən bu qaydalar gələcək ərləri öz nişanlıları ilə görüşmək hüququndan məhrum etmişdi. Onlar Hindistan bölgəsindən olan insanlarla evlənmək istəyən çoxsaylı şəxslərə təsir göstərirdi. AIHM belə nəticəyə gəldi ki, həmin qaydalar (1980 Rules) cinsiyyət fərqi baxımından ayrı-seçkilik qadağasını pozurdu. Bununla belə bu qaydalar öz məqsədi baxımından dolayısıyla irqçi qaydalar olsa da, AİHM-nə görə burada irqi ayri-seçkilik yox idi. Hugh Jordan Birləşmiş Krallığa qarşı işdə (2001) ərizəçi iddia edirdi ki, oğlu Pearse`ın qətlə yetirlməsinin halları ayrı-seçkiliyə yol verildiyini göstərir. Belə ki, onun maşını mülki geyimli polislər tərəfindən təqib edilmiş, sonra durdurulmuşdu. Pearse maşından düşüb yolun obiri tərəfinə qaçmağa cəhd edərkən, polis zabiti ona 4-5 metrə arxadan bir neçə dəfə atəş açib, güllələrdən üçü Pearse`ə isabət etmişdi. Ona atəş açan zabitin ifadəsinin əksinə, şahidlərin ifadəsinə görə Pearse silahsız idi və ona heç bir xəbərdarlıq olunmamışdı. Ərizəçi habelə onu irəli sürürdü ki, 1969-cu ildən 1994-cü ilin martınadək Şimali İrlandiyada təhlükəsizlik qüvvələri 357 nəfəri qətlə yetirmişdi və onların böyük əksəriyyəti katolik və ya millətçilər icmasından olan gənclərdi; ölümlə nəticələnən güc tətbiqindən ayrı-seçkilik qoymaqla istifadə olunur və milli mənsəyinə və ya milli azlıqlara mənsubluğuna görə cəmiyyətin müəyyən bir təbəqəsi hüquqi müdəfiədən məhrumdur. Bu işdə AİHM, qərarın 154-cü bəndində bildirdi ki, ümumi siyasət və ya tədbir konkret qrupa qeyri-mütənasib dərəcədə qərəzli təsir göstərirsə, hətta, o, konkret olaraq həmin qrupa qarşı yönəlmədikdə belə, ola bilsin ki, bu, ayrı-seçkilik təşkil etsin. Fəqət nəticədə, sırf kəmiyyətə istinad edərək bir qrupa qarşı ayrı-seçkilik aparıldığını iddia etməni AİHM əsassız saydı. Nəticədə AİHM sadəcə Konvensiyanın 2-ci maddəsinin pozulduğuna qət etdi, 6, 13 və 14-cü maddələr üzrə isə bir pozuntu aşkar etmədi. Dolayı ayrı-seçkilik barədə uğurlu işlərin olmamasının mümkün səbəbləri qeyri-mütənasib təsiri sübut etməyin çətinliyindədir.