2.Təsirli hüquqi müdafiə vasitələri hüququ. Konvensiyalarda yer alan əsas hüquqlardan biri də təsirli hüquqi müdafiə vasitələrinin dövlət tərəfindən təmin edilməsidir. Bu da cəmiyyətdə tətbiq olunası hüquqdur. Zəruri olduğuna görə - əks halda hüquqlar bir məna kəsbeləməz – bu hüquq təbii hüquqlar kategoriyasına daxildir. Həqiqətən də, bir dövlət konkret bir hüququ tanımaqla bərabər, onun pozulması halında bu məsələnin araşdırılması üçün heç bir həqiqi mexanizm təmin etmirsə, belə hüquq ancaq xəyali bir şey olar. Diqqət olunası məsələ budur ki, konvensiyalarda “təsirli” hüquqi müdafiə vasitələrdən söhbət gedir. Bu, sırf məhkəməyə müraciət hüququ mənasına gəlmir. Bu hüquq, hansı qaydada olursa olsun, istər inzibati, istərsə də məhkəmə qaydasında, əsas insan hüquq və azadlıqları ilə bağlı ölkədaxili təsirli və səmərəli “müalicə” vasitələrinin olmasını tələb edir. Yəni əgər pozulmuş hüquq qeyri-məhkəmə mexanizmi ilə bərpa oluna bilirsə, məsələn, inzibati şikayətlə yaxud ombudsman təhqiqatı ilə, təsirli müdafiə vasitələri vardır. Bu hüquq “ədalətli məhkəmə baxışı hüququ”na oxşamaqla bərabər, eyni şey deyildir. Ədalətli məhkəmə baxışı hüququ, daha çox prosesin aparılma qaydası ilə bağlı olduğu halda, bu hüquq ümumiyyətlə məhkəməyə yaxud başqa bir səmərəli tədqiqat orqanına müraciət etmə imkanını nəzərdə tutur. Bu hüquqa “ədaləti tələb etmə və nail olma hüququ” da demək mümkündür. Ədalət nisbi bir anlayış olmaqla bərabər, onun olmadığı cəmiyyətlərdə yaşamaq, azad ruhlu insanlar üçün bədbəxtçilikdir. Digər hüquqlardan fərqli olaraq, təsirli müdafiə vasitələri hüququ, məzmun etibarıyla konvensiyalarda bir az fərqli tənzimlənib. Həqiqətən də, UDHR, ICCPR və AİHK müvafiq maddə bəndlərinə baxsaq – bunlar aşağıda sırası ilə verilib – görərik ki, məzmunlar bir az fərqlidir. UDHR, Maddə 8. Hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli tədqiqat orqanı tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. ICCPR, 2-ci maddə, 3-cü bənd
3. Bu Paktda iştirak edən hər bir dövlət aşağıdakıları öhdəsinə götürür:
a) bu Paktda elan olunmuş hüquq və azadlıqları pozulmuş şəxsi, həmin pozuntu rəsmi səviyyədə hərəkət edən şəxslər tərəfindən törədilmişsə də, təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək;
b) belə müdafiə istəyən hər bir şəxsin, bu hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə müdafiəsinin imkanlarını inkişaf etdirmək;
c) nəzərdə tutulduğu hallarda, hüquqi müdafiə vasitələrinin səlahiyyətli hakimiyyət orqanları tərəfindən yerinə yetirilməsini təmin etmək;
AİHK, 13-cü maddə. Təsirli hüquqi müdafiə vasitələri hüququ. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta, bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Diqqət edilsə, UDHR tənzimləməsi xeyli genişdir, əvvəlcə müdafiə olunan hüquqlar baxımından. Digər iki konvensiyadan fərqli olaraq, sadəcə əsas hüquqlar deyil, daxili qanunvericiliklə tanınan bütün hüquqlara təsirli müdafiə hüquqları tanınır. Niyə bütün hüquqlara? Onsuz da subyektiv hüquq (right), obyektiv hüquq (law) tərəfindən qorunan bir imkanı ifadə etmirmi? Nəyə görə bunu Bəyannamədə göstərməyə ehtiyac yaranıb? Əslində Bəyannamənin bunu bu şəkildə göstərməsi, 2 səbəbə əsaslanır: birincisi, hüquqi dövlət prinsipini və hüquqi müəyyənlik prinsipini hökumətlərə yada salmağa yönəlir; ikincisi dövlətlər müvafiq insan hüquqlarını öz daxili qanunvericiliyinə daxil etmək öhdəliyini daşıyırlar, belə halda Bəyannamə onlara tənbih edir ki, sadəcə tanımaqla kifayətlənməyin, habelə, bunlara təsirli təminat mexanizmi gətirin. Bu yanaşma tərzi, digər iki konvensiya baxımından da aparılmalıdır.
Bu hüququn pozuntusu bu şəkillərdə baş verir: əsas insan hüquqlarından biri hakimiyyət orqanı tərəfindən pozulduğu halda, vətəndaş sağa-sola ərizə və müraciət yollasa belə - bu ərizələr səlahiyyət üzrə düzgün instansiyalara göndərilməlidir – faktiki olaraq onun işinə baxılmır. Burada bir məsələni qeyd etməliyik. Əslində konvensiyaları oxuduqda hərfi mənaları onu göstərir ki, dövlət müdafiə (bərpa) mexanizmlərini təmin etməli, lakin hüquq faktiki olaraq pozulduqda, dövlət özü birbaşa öz inisiativası ilə o hüququ bərpa etmək məcburiyyətində deyil. Başqa bir sözlə, vətəndaşın hüququ pozulubsa, bunu bərpa etmək üçün, bir qayda olaraq, vətəndaşın özü nəsə istəməlidir, dövlət də bunu (müdafiə istəyini) yerinə yetirməlidir. Bu məsələyə ona görə diqqətinizi çəkirik ki, insan hüquqları pozuntularını beynəlxalq qurumlar araşdırdığı zaman, dövlətin ən sıx irəli sürdüyü etiraz o olur ki, ərizəçi daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib. Yəni lazımi qapıları döyməyib. Halbuki iş üzrə materiallardan bəlli olur ki, vətəndaş 30 dənə qapı döyüb, lakin ya buna düz qapını heç kəs göstərməyib, ya da ki, qapılar “necə döyülməlidir” – bunu öyrətməyiblər. Burada bir neçə faktı dilə gətirdikdən sonra, şərhlərə davam edəcəyik. Söhbət ölkəmizdən gedirsə, səhv yerə göndərilmiş ərizələr, tanış olunduqdan sonra 3 gün ərzində aidiyyət üzrə müvafiq instansiyaya göndərilməlidir. “Qapını necə döyməli” məsələsinə gəldikdə, müfaviq orqanlar tərəfindən praktikada bu bəzən yerinə yetirildiyi halda bəzən yerinə yetirilmir. Məhkəməyə yazılan iddia ərizələri bəzi hallarda geri qaytarılır, məsələn, iddia ərizəsi MPM-nin 149-cu maddəsinə uyğun olmadıqda. Yaxud vətəndaşın əsas hüquqlarının biri pozulduğu halda, o (ya da nümayənədəsi) cavabdehi səhv göstərdiyinə görə, yaxud iddia tələbini səhv olaraq irəli sürdüyünə görə, iddia rədd oluna bilər. Halbuki belə işlərdə hakim, bu cür səhvləri özü nəzərə alaraq, bunları düzəltdirməli, işə baxmağa davam etməlidir. Mülki işlərdə hakim tərəflərin tələbi və gətirdiyi sübutlarla bağlıdır deyənlərin nəzərinə: belə mübahisələrdə tərəflərdən biri hakimiyyət orqanları olduğuna görə, bunlar MPM-nin 27- cü fəslinə görə (Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat) baxılır, buna görə də sübutetmə mükəlləfiyyəti inzibati orqanda olduğu kimi, ictimai maraq naminə hakimin özü də tərəfsiz qalmamalı, lazım olduqda əlavə sübut istəməli və məhkəmə təhqiqatı aparmalıdır. Bu işlərin baxılmasında ictimai maraq var, ictimai maraq olan işlərdə də hakim birbaşa işin düzgün həllinə maraq göstərməlidir. Birincisi ona görə ki, ictimai maraq qorunmalıdır, bu da hakimin işidir (çünki o, dövləti təmsil edir). İkincisi, söhbət insan hüququ Pozuntusundan gedirsə, dövlətlər belə bir öhdəlik altına giriblər ki, onlar insan hüquqlarını təmin etməlidirlər (reallaşdırmalıdırlar). Təmin etmək o mənaya gəlir ki, dövlət lazım olan hər tədbiri özü alacaq, vətəndaş bunu tələb etməsə də. Vətəndaş istəyib də pozulmuş hüququnu bərpa edə bilmirsə, təsirli hüquqi müdafiə vasitələrinin olmasından danışmaq imkansızdır. Buna görə də, ölkəmizi misal versək, əgər şəxs səhv idarəyə müraciət edibsə, ona cavab məktubu yazılır və o məktubda, bir qayda olaraq, hansı orqana müraciət ediləcəyi göstərilir. Əslində arzu olunan budur ki, vətəndaşa hörmət və ehtiram məktubu yazmaq yerinə, onun ərizəsi düzgün instansiyaya göndərilsin. Avropa Konvensiyasına dönsək qeyd etməliyik ki, təsirli hüquqi müdafiə vasitələrinin olmadığına dair iddia, ancaq AİHK-da göstərilən hüquqlarla bağlı olmalıdır. Başqa bir sözlə, AİHK-nın 13-cü maddəsi, tək başına tətbiq olunmur, o, AİHK-nın başqa bir maddəsi ilə bərabər tətbiq olunmalıdır.