Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
kəsildi. Axı kiloqramlar azaldıqca, azalır, yanaqları sallanır, əti əridikcə, gözləri də
çuxura düşürdü.
Yeni ildən az sonra soyuq bir bazar günü krizis başladı. Baba yoğun bir
filippinliyə stolüstü lampa satmağa çalışır, mən isə avtobusu ələk-vələk edib, onun
ayaqlarını örtmək üçün adyalı tapmağa çalışırdım.
– Ay camaat, bu adama kömək edin! – Filippinlinin təşviş dolu səsi eşidildi.
Mən geri çevrilib Babanı yerdə gördüm. Əlləri-ayaqları qıc olmuşdu.

– Kömək! – qışqırdım. – Mənə biriniz kömək edin! – deyib, Babanın yanına
qaçdım. Ağzı köpüklənirdi, köpüklü tüpürcək saqqalı ilə üzü aşağı axırdı. Çevrilmiş
gözlərinin qarası gedib, ağı qalmışdı.
Adamlar başımıza yığıldı. Kiminsə “tutması var” dediyini, bir başqasının “911-ə
zəng edin!” qışqırdığını eşitdim. Ayaq səsləri gəlir, ətrafımızda adamlar yığışdıqca,
başımızın üstündəki hava qaralırdı.
Babanın tüpürcəyi qırmızı idi. O, dilini dişləyirdi. Yanında diz çöküb, qolundan
tutdum və ona “Baba, mən burdayam, yanındayam, hər şey yaxşı olacaq. Sənin ya-
nındayam” dedim. Sanki, bu sözlər onun qıcolmalarını dayandıracaqdı. Sanki,
sözlərim onun xəstəliyini qovacaqdı. Dizlərimin yaş olduğunu hiss elədim. Babanın
sidik kisəsi boşalmışdı. “Şşşş, Babacan, Mən yanındayam. Sənin oğlun sənin
yanındadır...”
AĞ SAQQALLI daz həkim məni otaqdan çıxardı. “İstəyirəm yenə kompyuter
tomoqrafiyasına baxaq” dedi. Plyonkanı koridordakı işıqlandırma qutusunun
üstünə qoyub, karandaşın arxasını Babanın xərçənginin şəklinin üstündə elə
gəzdirirdi ki, sanki, polis qatilin fotorobotunu qurbanın ailəsinə göstərirdi. O
şəkildə Babanın beyni qövsvarı boz ləkələrlə örtülü qoz ləpəsinə bənzəyirdi.
– Gördüyünüz kimi, xərçəng metastaz verib, – dedi. – Biz beyindəki şişi
yatırmaq üçün steroidlər və qıcolmaların qarşısını almaqdan ötrü dərman qəbul
etməli olacağıq. Bundan başqa, mən vəziyyəti yüngülləşdirmək üçün radiasiya
müalicəsini məsləhət görürəm. Bunun nə olduğunu bilirsiz?
Dedim ki, bilirəm. Son zamanlar xərçəng mövzusunda ekspertə çevrilmişdim.
– Oldu o zaman, – deyib, peycerini yoxladı. İndi getməliyəm. Amma mənə
sualınız olsa, peycerimə zəng atın.
– Çox sağ olun.
Həmin gecəni Babanın yatağının başında stulda keçirdim.
ERTƏSİ GÜNÜN SƏHƏRİ xəstəxananın gözləmə otağı əfqanlarla dolu idi. Nyu-
Arkdan qəssab, uşaq evinin tikintisində işləmiş mühəndis. Onlar içəri girib, pıçıltılı
səslərlə Babaya ehtiramlarını çatdırdılar, ona tezliklə sağalmağı arzuladılar. Baba
yorğun və heysiz olsa da oyaq idi.
Gündüz general Tahiri ilə arvadı da gəldilər. Onların ardınca Sürəyya da otağa
girdi. Biz bir-birimizə baxıb, dərhal gözlərimizi kənara çevirdik. General Tahiri
Babanın əlini sıxıb:
– Necəsən, dostum? – dedi.
Baba, cavab əvəzinə venasına taxılmış sistem iynəsini göstərib yüngülcə
gülümsədi. General da gülümsədi.
– Siz gərək əziyyət çəkməyəydiniz. Hamınıza əziyyət oldu, – Baba xırıltılı səslə
dedi.
– Əziyyət deyil, – xanım Tahiri cavab verdi.

– Nə əziyyəti var? Yaxşısı budur, de, sənə bir şey lazımdırmı? – General Tahiri
soruşdu. – Hər nə lazımdırsa, de. Məni də qardaşın bil.
Babanın puştular haqqında vaxtilə dedikləri yadıma düşdü. Demişdi ki, “biz
tərs və həddindən artıq qürurlu ola bilərik. Amma ehtiyac anında, inan mənə,
yanında məhz puştunun olmasından yaxşı heç nə yoxdur”.
Baba yastığın üstündə başını buladı.
– Elə sizin gəlişiniz bəs idi, gözlərimi işıqlandırdınız.
General gülümsəyib, Babanın əlini sıxdı.
– Necəsən, Əmircan. Nəsə lazımdır?
Mənə baxması, gözündəki nəvaziş çox fərqli idi.
– Çox sağ olun, General Sahib. Mən...
Sözümü tamamlaya bilmədim. Qəhərdən boğazım tutuldu, gözlərim doldu və
mən otaqdan çıxdım.
Koridorda, bir gecə əvvəl qatilin üzünə baxdığım işıq qutusunun yanında için-
için ağladım.
Babanın otağının qapısı açıldı və Sürəyya bayıra çıxdı. Yanımda dayandı.
Əynində boz sviter və cins vardı. Saçlarını yığmamışdı. İçimdən onun qolları
arasında rahatlıq tapmaq keçdi.
– Çox təəssüf edirəm, Əmir, – dedi. – Hamı görürdü ki, nəsə yaxşı deyil, amma
heç kimin ağlına gəlmirdi ki, bu ola bilər.
Köynəyimin qolu ilə gözlərimi sildim.
– O, heç kimin bilməsini istəmirdi.
– Nəsə istəyirsən?
– Yox. – Gülümsəməyə cəhd elədim. Əlini əlimin içinə qoydu. İlk dəfə idi ki,
bir-birimizə toxunuruq. Əlini üzümə yaxınlaşdırdım. Gözlərimə toxundurdum.
Buraxdım.
– Sən içəri girsən yaxşıdır. Yoxsa atan mənim canım üçün gələcək.
Gülümsəyib, başı ilə təsdiqlədi.
– Hə, getsəm yaxşıdır.
Üzünü yeni çevirmişdi ki, arxadan onu səsləməmi eşitdi.
– Gəlməyinə çox sevindim. Mənə... dünyanı bağışladın.
BABANI XƏSTƏXANADAN iki gün sonra buraxdılar. Radioloji onkologiya həkimi
adlandırılan bir mütəxəssis Babanı radiasiya müalicəsinə razı salmağa çalışdı. Baba
imtina elədi. Onu dilə tutmam üçün mənə müraciət etdilər. Amma mən Babanın
üzündəki ifadəni görmüşdüm. Təşəkkür elədim, formaları imzaladım və Babanı
Ford Torinoma mindirib, evə gətirdim.
Həmin gecə Baba, üstündə yun adyal, divanda uzanmışdı. Ona isti çay və
qızarmış badam gətirdim. Qollarımla çiynini qucaqlayıb, onu yuxarı dartdım. Çox
yüngül idi. Kürəyinin sümüyü barmaqlarım arasında quş qanadı kimi idi. Adyalı
onun qabırğalarının nazik, sallanmış dərinin altında hiss olunduğu sinəsinə qədər
qaldırdım.

– Sənə daha nəsə edə bilərəm, Baba?
– Yox, bəççem, çox sağ ol.
Yanında oturdum.
– O zaman mən səndən bir şey xahiş etmək istəyirəm. Əgər çox heysiz
deyilsənsə.
– Nə?
– İstəyirəm, mənim üçün xastəqar olasan, elçi gedəsən. General Tahirinin
qızını mənə istəyəsən.
Babanın qurumuş dodaqları təbəssümdə yayıldı. Sanki qaranlıq çökmüş
həyatına işıq saçıldı.
– Əminsən?
– İndiyə qədər heç nədən belə əmin olmamışdım.
– Yaxşı-yaxşı götür-qoy eləmisən?
– Bəli, Baba.
– Onda telefonu və mənim balaca dəftərçəmi ver bura.
Gözümü döydüm:
– İndi?
– Bəs haçan?
Gülümsədim. “Yaxşı” deyib, telefonu və Babanın əfqan dostlarının telefon
nömrələrini yazdığı qara dəftərçəsini ona verdim.
Tahiriləri tapdı. Nömrəni yığdı və dəstəyi qulağına tutdu. Ürəyim sinəmdə yallı
gedirdi.
– Cəmilə can? Salam-əleyküm, – dedi. Özünü təqdim etdi. Susdu. – İndi daha
yaxşıyam, çox sağ ol. Sizin gəlməyiniz çox böyük lütf idi. – Yenə fasilə verdi. Qulaq
asdıqca, başını tərpədib, təsdiqləyirdi. – Yadda saxlaram bunu. Çox sağ olun.
General Sahib evdədir? – yenə qulaq verdi. – Çox sağ olun.
Mənə göz vurdu. Nədənsə gülmək istəyirdim. Ya da qışqırmaq. Ovcumu
ağzıma tutub dişlədim. Baba yüngülcə güldü.
– General Sahib, salam-əleyküm... Bəli, indi daha yaxşıyam... Bəli... Siz çox
lütfkarsınız. General Sahib, soruşmaq istəyirdim ki, sabah səhər sizi və xanım Ta-
hirini ziyarət edə bilərəmmi? Çox şərəfli bir səbəb üçün. Bəli. Saat on bir çox
yaxşıdır. O vaxta qədər. Xudahafiz.
Dəstəyi asdı. Bir-birimizə baxdıq. Məni gülmək tutdu. Baba da mənə qoşuldu.
BABA SAÇINI İSLADIB, geriyə daradı. Mən onun ağ köynək geyməsinə kömək
edib, qalstukunu düyünlədim. Köynəyin boğaz düyməsi ilə Babanın boğazı arasında
xeyli boş yer qalırdı. Beynimdən keçdi ki, Baba gedəndə onun da yeri boş qalacaq.
Sonra pis fikirləri beynimdən qovub, başqa şey düşünməyə çalışdım. O hələ getmə-
mişdi. Hələ yox. Bir də bu gün yaxşı düşüncələr günü idi. Mənim buraxılış gecəmə
geydiyi qəhvəyi kostyumunun pencəyi əynində sallanırdı. Baba o qədər arıqlamışdı

ki, bu kostyum onun əyninə bir də çətin oturası idi. Pencəyin qollarını qatlamalı
oldum. Sonra əyilib onun ayaqqabı bağlarını bağladım.
Tahirilər Fremontda daha çox əfqanların yaşadığı ərazidə birmərtəbəli yastı
evdə yaşayırdılar. Evin yumru pəncərələri, artırmalı damı və məhəccərlərində
ətirşah dibçəkləri vardı. Generalın boz maşını evin qabağındakı yolda qoyulmuşdu.
Babaya maşından çıxmağa kömək elədim və yenidən sükana əyləşdim. O,
pəncərəyə əyilib, “evdə ol, bir saata zəng edəcəm” dedi.
– Yaxşı Baba, – dedim. – Sənə uğurlar.
Gülümsədim.
Maşını işə salıb, oradan ayrıldım. Güzgüdə Babanın ağır-ağır, son ata borcunu
yerinə yetirmək üçün Tahirilərin evinə tərəf irəlilədiyini gördüm.
BABANIN ZƏNGİNİ gözləyə-gözləyə qonaq otağını addımlarımla ölçürdüm. On
beş addım uzunu, on yarım eni idi. Birdən general yox desəydi? Bəlkə, onun
məndən zəhləsi gedir, onda necə? Sobanın üstündəki saatı yoxlamaq üçün tez-tez
mətbəxə gedirdim.
On ikiyə bir az qalmış telefonun zəngi çaldı. Baba idi.
– Nə oldu?
– General razılaşdı.
Nəfəsimi dərdim. Oturdum. Əllərim əsirdi.
– Razılaşdı?
– Bəli, amma Sürəyyacan yuxarıda, öz otağındadır. Əvvəl səninlə danışmaq
istəyir.
– Yaxşı.
Baba kiməsə nəsə dedi və o dəstəyi qoyanda, çıqqıltı gəldi.
– Əmir? – Sürəyyanın səsi eşidildi.
– Salam.
– Atam “hə” dedi.
– Bilirəm, – dedim. Dəstəyi o biri əlimə aldım. Gülümsəyirdim. – O qədər
xoşbəxtəm ki, nə deyəcəyimi bilmirəm.
– Mən də xoşbəxtəm, Əmir. İnanmıram ki, bu baş verir.
Güldüm və “bilirəm” dedim.
– Qulaq as, – dedi. – Sənə bir şey deməliyəm. Bunu sənə əvvəlcədən
deməliyəm.
– Məni narahat eləmir.
– Amma bilməlisən. İstəmirəm ki, sirlərdən başlasın həyatımız. Bir də ki,
mənim özümdən eşitsən yaxşıdır.
– Özünü yaxşı hiss edəcəksənsə, söylə. Amma bu, heç nəyi dəyişməyəcək.
Xəttin o biri başında uzun bir pauza.

– Biz Virciniyada yaşayanda mən əfqan kişi ilə qoşulub qaçmışdım. On səkkiz
yaşım vardı, sözə baxmırdım, axmaq idim. O da narkotikə qurşanmışdı. Biz bir ay
birgə yaşadıq. Virciniyada yaşayan bütün əfqanlar bu barədə danışırdılar.
Bir az susub, yenə sözünə davam etdi.
– Padər, nəhayət bizi tapdı. Bir gün qapını açıb içəri girdi və... məni zorla evə
qaytardı. İsterika içində idim. Qışqırır, bağırırdım. Ona nifrət etdiyimi deyirdim...
Nə isə. Evə gəldik və...
O ağlayırdı. “Bağışla”, deyib dəstəyi yerə qoydu. Burnunu silməyini eşitdim.
– Bağışla, – deyə yenidən telefona qayıtdı. Səsi kal gəlirdi. – Evə gələndə
gördüm ki, anamın beyninə qan sızıb, üzünün sağ tərəfi iflic olub və... özümü elə
günahkar hiss elədim ki. Onun layiq olduğu bu deyildi... Az sonra Padər bizi
Kaliforniyaya köçürdü.
Sürəyya susdu.
– Atanla münasibətin indi necədir? – soruşdum.
– Onunla sözümüz çox vaxt çəp düşürdü. İndi də olur, amma xoşbəxtəm ki, o
mənim dalımca gəldi. Həqiqətən, inanıram ki, o məni xilas elədi. – O dayandı, az
sonra soruşdu. – Dediklərim səni narahat edir?
– Bir az, – dedim. Heç olmasa bunda dürüst olmalı idim. Yalandan ona deyə
bilməzdim ki, mənim heç vaxt qadınla yatmadığım halda onun əvvəllər kişi ilə
olması mənim qüruruma, iftixarıma zərrə qədər də toxunmayıb. Amma mən
bunları Babanı elçi göndərməmişdən əvvəl də götür-qoy etmişdim. Bütün bu
düşüncələr hər dəfə eyni cümlə ilə nəticələnirdi: Kimin olsa da, sənin kimisə
keçmişinə görə günahlandırmaq haqqın yoxdur axı...
– Bu “bir az” kifayətdir ki, fikrini dəyişəsən?
– Yox, Sürəyya. Heç yaxın da gəlmir, – dedim. – Dediklərinin heç biri məni
niyyətimdən döndərmir. Evlənməyimizi istəyirəm.
O yenidən ağlamağa başladı.
Ona paxıllığım tutdu. Onun sirri açılmışdı. Danışılmış, həll olunmuşdu. Az qala
mən də ağzımı açıb, Həsənə necə xəyanət etdiyimi, yalan danışıb onu qov-
durduğumu, Baba ilə Əli arasındakı qırx illik münasibəti necə pozduğumu
deyəcəkdim. Amma bunu etmədim. Düşündüm ki, Sürəyya bir çox cəhətdən mən-
dən qat-qat yaxşı adamdı. Cəsarət bu üstünlüklərdən, sadəcə, biri idi.

16 Uğultulu təpələr – XIX əsr ingilis yazıçısı Emili Brontenin romanı
17 Hellouin – oktyabrın 31-i, Müqəddəslər günü ərəfəsi ingilisdilli ölkələrdə
keçirilən bayram.
ON ÜÇ
Növbəti günün axşamı “lafz” – sözkəsdi üçün Tahirilərin evinə gedəndə maşını
qarşı küçədə saxlamalı olduq. Evlərinin qarşısı artıq maşınlarla dolu idi. Əynimdə
bir gün əvvəl, Babanı xastəqarlıqdan – elçilikdən gətirdikdən sonra aldığım göy
kostyum vardı. Maşının güzgüsündə qalstukumu düzəltdim.
– “Xoştip” görünürsən, – Baba dedi. Yaraşıqlı olduğumu deyirdi.
– Çox sağ ol, Baba. Yaxşısan? Bunu etməyə həvəsin var?
– Həvəsim? Bu, mənim həyatımın ən xoşbəxt günüdür, Əmir, – deyib, yorğun-
yorğun gülümsədi.
QAPININ ARXASINDAN söhbət, gülüş, əfqan musiqisinin sədaları eşidilirdi –
deyəsən ustad Sərəhəngin klassik qəzəllərini oxuyurdular. Zəngi basdım. Koridorun
pəncərəsində bir sifət göründü və yox oldu. İçəridən “Gəldilər!” qışqıran qadın səsi
gəldi. Söhbət kəsildi. Kimsə musiqini söndürdü.
Xanım Tahiri qapını açdı. Sevinc içində “Salaam-aleyküm”,– dedi. Saçlarını
burdurmuş, topuğuna qədər uzun qara paltar geymişdi. Mən içəri girəndə, onun
gözləri yaşardı.
– Sən hələ içəri təzə girmisən, mən artıq ağlayıram, Əmir can, – dedi.
Babanın bir gecə əvvəl öyrətdiyi kimi, onun əlini öpdüm.
Xanım Tahiri bizi işıqlı koridorla qonaq otağına apardı. Taxta divarlarda mənim
yeni ailəmin üzvlərinin şəkilləri asılmışdı. Gənc, pırpız saçlı xanım Tahiri və general
Niaqara şəlaləsinin fonunda şəkil çəkdirmişdilər; Başqa bir şəkildə Xanım Tahiri
uzun, tikişsiz paltar, general isə ensiz yaxalıqlı pencək və nazik qalstukda, hələ
saçları tökülməmiş, ağarmamışdı; Taxta sürüşkənə minməyə hazırlaşan Sürəyya
əlini yelləyir və gülümsəyir, günəş onun dişinə taxılmış gümüşü məftildə əks
olunub, işıq saçırdı. Burda generalın hərbi parad formasında, İordaniya kralı
Hüseynin əlini sıxdığı yerdə şəkli də vardı. Bir də Zahir Şahın portreti.
Qonaq otağı dolu idi. Divarboyu düzülmüş stullarda hardasa iyirmiyə yaxın
adam əyləşmişdi. Otağı dolaşdıq. Baba yavaş-yavaş irəlidə, mən onun arxasınca

gedir, qonaqların əllərini sıxır, salamlaşırdıq. Həmin boz kostyumunda olan
generalla Baba dostcasına qucaqlaşdılar. Bir-birinə salamı da tamamilə fərqli,
xüsusi hörmət ifadə edən şəkildə, yavaş tonla dedilər.
General məni qolumdan tutub, mənalı-mənalı gülümsəyirdi. Sanki demək
istəyirdi ki, görürsənmi, bəççem, münasibətin doğru üsulu budur – “əfqanlara layiq
üsulu...” Bir-birimizin yanağından üç dəfə öpdük.
Baba ilə mən, səs-küylü otaqda, yanaşı, general və onun xanımı ilə üzbəüz
oturduq. Babanın nəfəsi qaralmışdı və o, alnından və başından süzülməklə
bitməyən təri silirdi. Mənim ona baxdığımı görüb, üzünə gümrah ifadə verməyə
çalışdı. Səssizcə “mən yaxşıyam” dedi.
Ənənəyə uyğun olaraq, Sürəyya otaqda yox idi.
Xoş-beş və bir balaca söhbət general boğazını arıtlayana qədər davam etdi.
Otaqda hamı sakit oldu və hörmət əlaməti olaraq başını aşağı, əllərinə dikdilər. Ge-
neral başı ilə Babaya işarə elədi.
Baba boğazını arıtladı. Sözə başlayandan sonra cümləni nəfəsini dərmək üçün
yarımçıq kəsməli olurdu.
– General Sahib, Xanım Cəmiləcan, oğlum və mən... bu gün sizin evinizə
acizanə şəkildə gəlmişik. Siz... möhtərəm və adlı-sanlı ailədən.. şərəfli nəsildən olan
hörmətli adamlarsız. Sizə, sizin soyunuza və əcdadlarınızın xatirəsinə... ən böyük
ehtiramımdan və ən xoş arzularımdan başqa heç nə gətirməmişəm. – O dayandı,
nəfəsini tutdu, qaşının üstündən tərini sildi. – Əmircan mənim yeganə oğlum...
yeganə balamdır və həmişə mənə yaxşı övlad olub. Ümid edirəm ki, iltifatınıza
layiq olduğunu sübut edəcəkdir. Sizdən Əmircanı və məni şərəfləndirib... oğlumu
ailənizə qəbul etmənizi xahiş edirəm.
General nəzakətlə başını tərpətdi.
– Biz sizin kimi bir kişinin oğlunu ailəmizə qəbul etməkdən şərəf duyuruq, –
dedi. – Sizin təmiz adınız sizdən əvvəl gəlir. Kabildə ikən sizin pərəstişkarınız idim
və indi də belə olaraq qalıram. Ailələrimizin birləşməsi bizə şərəf verir.
Bunu deyib, general mənə çevrildi.
– Əmir can, sənə gəlincə, evimə oğul, gözümün nuru qızıma ər kimi xoş
gəlmisən. Sənin ağrın bizim ağrımız, sevincin sevincimiz olacaq. Ümid edirəm ki,
tezliklə Cəmilə xalanı və məni ikinci valideynlərin kimi görəcəksən. Mən də sənə və
sevimli Sürəyyamıza xoşbəxtlik arzulayıram. Hər ikinizə xeyir-dua veririk.
Hər kəs əl çaldı və bu siqnal rolunu oynadı. Hər kəsin başı koridora açılan
qapıya tərəf çevrildi. Mənim də gözlədiyim məqam gəlmişdi.
Sürəyya koridorun sonunda göründü. Əynində adamın ağlını başından alan,
şərab rəngli, uzun qollu, qızıl işləməli ənənəvi əfqan paltarı. Baba əlimi götürüb,
sıxdı. Xanım Tahirinin gözlərindən yenə yaş axmağa başladı. Yavaş addımlarla
Sürəyya, ardınca da gənc qız qohumlar bizə yaxınlaşırdı.
O, atamın əlini öpdü və nəhayət, yanımda əyləşib, gözlərini aşağı dikdi.
Alqışlar qopdu.

ƏNƏNƏYƏ GÖRƏ, Sürəyyanın ailəsi nişanlanma münasibətilə Şirinxori –
şirniyyat qonaqlığı verməli idi. Bundan sonra nişan dövrü təxminən beş altı ay
çəkməli idi. Və nəhayət, sonda Baba bizə toy edəcəkdi.
Hamını razılığı ilə Sürəyya ilə mən Şirinxoridən imtina etdik. Səbəbini hamı
bilirdi, amma heç kim dilə gətirmək istəmirdi: Babanın bir neçə ay vaxtı yox idi.
Sürəyya ilə təkcə görüşməyimə icazə yox idi – biz evli olmadığımızdan,
Şirinxori də olmadığı üçün, bu doğru sayılmırdı. Odur ki, mən Baba ilə birgə
Tahirigilə qonaq getməklə kifayətlənməli olurdum. Orda nahar masasında Sürəyya
ilə üzbəüz oturur, onun başını çiynimdə, saçlarının ətrini burnumda hiss edirdim.
Onunla öpüşməyi, sevişməyi təsəvvürümə gətirirdim.
Baba “aurussi” – toy mərasiminə nə az, nə çox, otuz beş min dollar – demək
olar ki, bütün ömrü boyu yığdığını xərcləmişdi. Fremontda əfqanlara məxsus geniş
banket zalı kirayələmişdi – zalın sahibi Babanı hələ Kabildən tanıdığından ona yaxşı
endirim etmişdi. Baba bizim nişan üzüklərimizin və gəlin üçün ayrıca brilyant
üzüyün, mənim tuksedomun
18
və nikahda andiçmə mərasimində geyəcəyim
ənənəvi yaşıl kostyumun pulunu ödəmişdi. Nikah gecəsinə qədər davam edən
şiddətli hazırlıqlardan – onların çoxu xanım Tahiri və dostları tərəfindən görülürdü
– mənim yadımda yalnız bir neçə məqam qalıb.
Nikahımız yadımdadır. Biz masanın arxasında oturmuşduq, Sürəyyanın da,
mənim də əynimizdə həm İslamın, həm də baharın, yeni başlanğıcın timsalı yaşıl
rəngli paltarlar vardı. Mənim əynimdəki kostyum, Sürəyyanınsa əynindəki,
başörtülü uzunqol paltar idi. İkimiz də, içimizdə təntənə və ehtiram duyğusu, gö-
zümüzü yerə dikmiş, hərdənbir gözümüzün ucu ilə bir-birimizə baxırdıq. Molla
şahidləri dindirib, Qurandan bir surə oxudu. Biz də andımızı içdik, sertifikatları im-
zaladıq. Sürəyyanın dayılarından biri Şərif can ayağa qalxıb, söz demək üçün
boğazını arıtladı. Sürəyya mənə demişdi ki, dayısı iyirmi ildən artıqdır Birləşmiş
Ştatlardadır. Miqrasiya və Naturalizasiya Xidmətində işləyir, amerikalı qadınla evli
idi. O, həm də şair imiş. Üzü quş sifətinə oxşayan balaca kişi otel kağızlarında
cızma-qara elədiyi uzun şeiri Sürəyyaya ithaf elədiyini dedi. O, şeri bitirəndə hər
kəs “Vah! Vah! Şərifcan” deyə, heyranlığını bildirirdi.
Tuksedomu əynimə geyəndən sonra ağ paltarlı, başıduvaqlı Sürəyya ilə əl-ələ
səhnəyə doğru addımlamağımız yadımdadır. Baba axsaya-axsaya yanımda, ge-
neralla arvadı Sürəyyanın yanında gedirdilər. Alqışlayan qonaqlar dənizini yardıqca
bizim ardımızca çoxsaylı əmilər, dayılar, xalalar və bibilər də gəlir, fotoaparatların
işığı gözümüzü qamaşdırırdı. Sürəyyanın dayısı oğlanlarından biri – Şərifcanın oğlu
başımızın üstündə Quran tutmuşdu. Biz yeridikcə, o da bizimlə yanaşı irəliləyirdi.
Səsgücləndiricilərdən toy mahnısı Ahəstə boro
19
səslənir, mənə Baba ilə Kabili
tərk etdiyimiz gecəni xatırladırdı. Mahipərdəki keçid məntəqəsində də rus əsgəri
də məhz bu mahnını oxuyurdu:
Səhəri açar eləyib, quyuya atsana

Yavaş yeri, sevgili ayparam, yavaş yeri.
Qoy Şərqdə səhər günəşi yerindən qalxmasın
Yavaş yeri, sevgili ayparam, yavaş yeri.
Səhnədə qoyulmuş divanda məni, sanki, taxta əyləşdirmişdilər. Sürəyyanın əli
əlimin içində, üç yüz cüt göz bizə dikilmişdi. Ayinə Məsşaf mərasimində əlimizə
güzgü verib, başımıza örtük saldılar ki, biz bir-birimizin əksinə baxaq. Güzgüdə
Sürəyyanın gülümsəyən simasını görəndə, örtüyün altında bir anlıq tək qalmağı-
mızdan istifadə edib, ona ilk dəfə sevdiyimi pıçıldadım. Yanaqları qıpqırmızı qızardı.
Süfrələri çopan kabab, şölə-qoşti və narıncı rəngdə düyü ilə dolu qablar
bəzəyirdi. Baba divanda aramızda oturub, gülümsəyirdi. Alnından tər su kimi axan
kişilər dairə vurub ənənəvi “attan” rəqsini oynayırdılar. Tablanın qızışdıran
tempinə uyğun atlanıb düşən, getdikcə sürətlə fırlanan kişilər getdikcə yorulub
sıradan çıxırdılar. Xatırlayıram, o gün Rəhim Xanın da bizimlə olmasını
arzulamışdım.
Onu da xatırlayıram ki, Həsənin evlənib-evlənmədiyini də düşünmüşdüm.
Evlənmişdisə, görəsən, onun örtüyün altında baxdığı əks kiminki idi? Kimin xınalı
əllərini əlində tutmuşdu.
GECƏ SAAT 2-DƏ qonaqlıq restorandan Babanın evinə köçdü. Çaylar süzüldü
və qonşular polis çağırana qədər musiqi sədaları kəsilmədi. Həmin gecə, günəşin
çıxmasına bir saat qalmış qonaqlar nəhayət ki, çıxıb gedəndən sonra Sürəyya ilə
mən ilk dəfə bir yerdə uzandıq. Bütün ömrüm boyu kişilərin arasında olmuşdum.
Həmin gecə mən qadın nəvazişinin nə olduğunu kəşf edəcəkdim.
BABA İLƏ BİRGƏ yaşamağı Sürəyya təklif etmişdi.
– Bəlkə ayrı yaşamağımızı istərsən, – dedim.
– Əmi belə xəstə ola-ola bunu necə edə bilərik? – cavabını verdi. Gözləri mənə
deyirdi ki, evliliyimizin başlanması üçün imkan yoxdur. Onu öpdüm.
– Çox sağ ol, – dedim.
Sürəyya özünü atamın qayğısını çəkməyə həsr eləmişdi. Səhərlər ona tort və
çay hazırlayır, yataqdan qalxıb uzanmasına yardımçı olurdu. Ona ağrıkəsici
dəmanlar verir, paltarını yuyur, hər gün ona qəzetlərin beynəlxalq xəbərlər
bölməsini oxuyurdu. Sürəyya Babanın sevimli yeməyini – kartof şorbasını bişirsə də
o, bir neçə qaşıqdan artıq yeyə bilmirdi. Babanı hər gün məhəllənin içində qısa
gəzintiyə çıxaran da Sürəyya idi. Baba artıq yataqdan qalxa bilməyəndə Sürəyya
onu hər saatda o biri böyrünə çevirirdi ki, yataq yarası olmasın.
Bir gün mən aptekdən morfin dərmanını almağa çıxmışdım. Qayıdarkən qapını
bağlayanda Sürəyyanın tələsik Babanın yorğanının altına nəsə qoyduğunu gördüm.
– Mən sizi gördüm! Nə edirsiniz orda?
– Heç... – Sürəyya gülümsəyirdi.

– Yalançı, – deyib, Babanın yorğanını qaldırdım. – Bu nədir? – Hərçənd ki, artıq
nə olduğunu görürdüm. Mənim dəri üzlü yazı dəftərçəm idi. Barmağım kitabçanın
büküm yerindəki qızılı işləmələrin üstündə gəzdi. Rəhim Xanın bunu mənə verdiyi,
on üç yaşım tamam olan gün atəşfəşanlığı, fişənglərin göyə qalxıb orda qırmızı,
yaşıl və sarı alov buketləri ilə partlamasını xatırladım.
– İnana bilməzdim ki, sən belə yaza bilirsən, – Sürəyya dedi.
Baba başını yastıqdan qaldırıb:

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin