Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
uzun, zəhlətökən, mürəkkəb və nəticədə uğursuz əməliyyat oldu. Aylarla
həkimlərin qəbul otağında oturub “Ev üçün hər şey” və “Oxucu daycesti” kimi
jurnalları oxuyandan, sonsuz sənədləşmə və flüoresent lampalarla işıqlandırılan
soyuq, steril analiz otaqlarından, tamamilə özgə adamla cinsəl həyatımızın bütün
xırdalıqlarını təkrar-təkrar müzakirə edib alçalandan, iynələr və ağrılı test
nümunələri götürülməsi prosedurlarından sonra biz yenidən Doktor Rozen və
onun qatarlarının yanına qayıtmalı olduq.
Bizimlə üzbəüz oturub, yenə də barmaqları ilə stolu tıqqıldadaraq, o ilk dəfə
“övladlığa götürmədən” söz açdı. Sürəyya bütün yolu ağladı.
Doktor Rozenlə son görüşümüzdən sonrakı həftəsonu xəbəri Sürəyyanın
valideynlərinə çatdırdıq. Biz Tahirilərin həyətində piknik kətillərində oturub, alaba-
lıq qızardır və ayran içirdik. 1991-ci ilin mart axşamlarından biri idi. Cəmilə xala
qızılgül və yeni doqquzdon kollarını sulayandan sonra onların ətri də təzə qızarmış
balıq qoxusuna qarışdı. Bu gün ərzində o, artıq iki dəfə Sürəyyanın saçlarını
sığallayıb, “Allah bilən yaxşıdır, bəççem, bəlkə, elə olmaması məsləhətmiş”,–
demişdi.
Sürəyya əllərinə baxırdı. Bilirdim ki, yorulub, hər şeydən usanıb.
– Doktor dedi ki, biz övladlığa götürə bilərik, – deyə Sürəyya yavaşca
mızıldandı.
General Tahiri başını qaldırdı və barbekü manqalının qapağını bağladı.
– Nə dedi?

– Dedi ki, bu seçim də var.
Biz bu barədə evdə də danışmışdıq. Sürəyya ən yaxşı halda ambivalent idi –
qarışıq hisslər keçirirdi.
– Bilirəm ki, bu axmaq şeylərdir və boş məsələdi, – atagilə gedəndə mənə
deyirdi. – Amma mən heç nə edə bilmirəm. Hər zaman arzulamışdım ki, uşağımı
qucağımda saxlayım və onu doqquz ay boyunca qanımla bəslədiyimi düşünüm. Bir
gün onun gözünə baxanda səni, ya özümü oxşatmağa başlayacaqdım. İstəyirdim,
körpə böyüyəndə üzündəki təbəssümün səninki ya mənimki olduğunu
müəyyənləşdirim. Bunsuz... Dediklərim günahdır səncə?
– Yox, – dedim.
– Səncə, yalnız özümü düşünürəm?
– Yox, Sürəyya.
– Çünki sən bunu ürəkdən istəyirsənsə...
– Yox, – dedim. – Biz bu işi tutası olsaq, bununla bağlı heç bir şübhəmiz,
tərəddüdümüz olmamalı və hər ikimiz razı olmalıyıq. Əks halda bu elə körpənin
özünə haqsızlıq olar.
Yolun qalan hissəsini Sürəyya başını maşının şüşəsinə dayayıb, heç nə demədi.
General onun yanında oturdu.
– Bəççem, bu övladlığa götürmə... məsələsi, məncə, bu, biz əfqanlara
yaramaz.
Sürəyya yorğun-yorğun mənə baxıb, ah çəkdi.
– Bir məsələ var. Onlar böyüyüb, əsl valideynlərinin kim olduğunu bilmək
istəyirlər, – deyə general sözünə davam etdi. – Sən onları buna görə günahlandıra
da bilməzsən. Bəzən sənin illərlə onları bəslədiyinə göz yumub, onlara həyat verən
adamı axtarırlar. Qan güclü məsələdir, bəççem, bunu unutma.
– Mən bu barədə daha danışmaq istəmirəm, – Sürəyya dedi.
– Bir söz də deyim, – general dayanmaq bilmirdi. O, sanki, yenicə sürət yığırdı.
Bizi generalın balaca nitqlərindən biri gözləyirdi. – Məsələn, Əmircanı götürək.
Hamımız onun atasını tanıyırdıq. Mən onun babasının, ulu babasının Kabildə kim
olduğunu bilirəm. İstəsən, onun nəsil kökünü sənə sadalaya bilərəm. Ona görə də
onun atası – Allah rəhmət eləsin – xasteqariyə gələndə mən heç tərəddüd
eləmədim. Mənə inan, onun atası da sənin hansı nəsildən olduğunu bilməsə, sənin
üçün elçiliyə gəlməzdi. Qan güclü məsələdir, bəççem. Sən övladlığa götürəndə də
bilmirsən, evə kimin qanını gətirirsən.
Generalın nitqi hələ bitməmişdi.
– Amerikalı olsaydın, başqa məsələ. Burda adamlar sevib evlənir. Ailə, nəsil,
soyad əhəmiyyət daşımır. Övladlığa da elə götürürlər. Uşaq sağlamdırsa, hamı razı
qalır. Amma biz əfqanıq axı, bəççem.
– Balıq hazırdır? – Sürəyya soruşdu. General Tahiri ona diqqətlə baxdı, sonra
dizindən dümsükləyib, dedi: – Sadəcə şükür elə ki, canın salamatdı və yaxşı ərin
var.

– Sən nə fikirləşirsən, Əmircan? – Cəmilə xala soruşdu.
Stəkanımı ətirşah dibçəklərinin durduğu səkinin üstünə qoyub:
– Mən General Sahiblə razıyam, – dedim.
General bu sözlərdən arxayınlaşıb, manqalın yanına qayıtdı.
Bizim uşaq götürməmək üçün bütün səbəblərimiz vardı. Sürəyyanın öz səbəbi,
generalın özünün səbəbi, mənim də öz səbəbim vardı. Düşünürdüm ki, ola bilsin,
kimsə, ya nəsə, hardasa qərar verib ki, elədiklərimin əvəzi olaraq, mənə atalıq
səadəti düşmür. Ola bilsin, bu mənim cəzam idi və güman ki, ədalətli cəza idi.
Cəmilə xala demişkən, “olmaması məsləhət görülübmüş”.
BİR NEÇƏ AY SONRA biz ikinci roman üçün aldığım avansla San Fransiskonun
Bernal Heights təpələrinin üstündə üçotaqlı Viktorian üslublu evin ilkin ödənişini
yatırdıq. Onun dik damı, taxta döşəmələri, balaca həyətində isə günəşlənmək üçün
xüsusi balkon və təndir də var idi. General mənə balkonu yeniləməkdə və divarları
rəngləməkdə yardımçı oldu. Cəmilə xala, demək olar ki, bir saatlıq uzaqlıqda olan
yerə köçdüyümüz üçün göz yaşı tökürdü. O hesab edirdi ki, Sürəyyaya mümkün
qədər çox məhəbbət və dəstək lazımdır – hərçənd ki, onun xoş niyyətli, amma
dözülməz dərəcədə həddini keçən qayğısı Sürəyyanı köçməyə məcbur edən əsas
səbəb idi.
BƏZƏN SÜRƏYYA YANIMDA, yatağımda uzananda, küləyin açıq qalmış tor
qapını açıb örtməsinə, böcəklərin cırıldamasına qulaq asıram. Belə anlarda mən
Sürəyyanın bətnindəki boşluğu, sanki, hiss edə bilirəm. Elə bil ki, bu boşluq heç nə
deyil, yaşayan, nəfəs alan bir şeydir. Bu boşluq bizim ailəmizin içinə dolub, o hər
yerdədir – gülüşlərimizdə, hətta sevişəndə də bu boşluq bizimlədir. Gecənin yarısı,
otağın qaranlığında bu boşluğun Sürəyyanın içindən qalxıb, aramızda yerləşməsini
hiss edirdim. O bizimlə yatırdı. Yeni doğulmuş körpə kimi.
18 Tuksedo – kişilərin, əsasən, ziyafətlərə geydiyi kostyum. Belində qalın
kəməri və qara pencək-şalvarı olur.
19 Ahəstə boro – Yavaş yeri, toy nəğməsinin nəqəratında bu sözlər səslənir.
20 Chila – nişan üzüyü
21 Johnny Carson – Amerika komediya şousunun aparıcısı
22 Mağbuul - Cazibədar

23 Tyananmen meydanı – Pekində meydan. 1989-cu ildə tələbə və ziyalıların
kommunist rejiminə qarşı dinc etirazlarına səhnə olub. Aprelin 15-də başlayan
etirazlar iyunun 4-də zor gücünə yatırılıb.
24 Alahoo - laylay
ON DÖRD
2001-ci ilin iyunu
Telefonun dəstəyini asıb, bir xeyli ona baxdım. Yalnız Əflatun hürüb məni
diksindirəndə otaqda necə bir sükut çökdüyünü anladım. Sürəyya televizorun
səsini almışdı.
– Rəngin ağappaqdır, Əmir, – Sürəyyanın səsi gəldi. İlk mənzilimizi alanda
valideynlərinin bizə evgördü hədiyyəsi verdiyi divanda uzanmış, ayaqlarını
döşəkcələrin altına soxmuşdu. Əflatunun başı onun sinəsində idi. Sürəyya bir gözü
ilə PBS-dən Minesotada canavarların acınacaqlı vəziyyəti barədə xüsusi reportaja
baxır, o biri gözü ilə yay məktəbinin inşalarını yoxlayırdı. O, altı il idi ki, eyni
məktəbdə oxuyurdu. Sürəyya oturdu, Əflatun da divandan sürüşüb düşdü. Bizim
koker-spanielə bu adı general vermişdi. Onun izahına görə, itin qara gözlərinə
uzun-uzadı baxanda adamın and içməyi gəlir ki, onun beynindən müdrik fikirlər
keçir. Keçən on il izsiz ötüşməmişdi. Artıq Sürəyyanın çənəsinin altında azacıq
buxaq əmələ gəlməyə başlayır, yanları genişlənmiş, saçlarının arasında tək-tük
gümüşü tellər görünürdü. Amma çöhrəsi hələ də kral evində balda rəqs edən şah-
zadə siması idi. Uçan quşlara bənzər qaşlarından tutmuş qədim ərəb yazılarındakı
kalliqrafik hərflər kimi zərifcəsinə burulmuş burnu.
– Sən ağappaq ağarmısan, – Sürəyya təkrarladı və dikəlib, əlindəki kağızları
stolun üzərinə qoydu.
– Pakistana getməliyəm.
– Pakistan? – O artıq ayaq üstə idi.
– Rəhim Xan çox xəstədir, – dedim, amma qəhər boğazıma dirəndi.
– Əminin keçmiş ortağı? – Sürəyya heç vaxt Rəhim Xanı görməmişdi, amma
mən onun haqqında çox danışmışdım.
Başımla təsdiqlədim.
– Yazıq, – dedi.
– Biz çox yaxın idik. Mən uşaq olanda dost saydığım ilk böyük adam o idi. – Bu
sözləri deyərkən Baba ilə Rəhim Xanın kabinetdə çay içməsi, pəncərənin

qabağında siqar çəkmələri və bağçadan gələn mehin qoşa sütun kimi qalxan tütün
tüstüsünü qarışdırması gözümün önündə canlandı.
– Yadımdadır, demişdin, – deyə Sürəyya məni fikrimdən ayırdı. Bir az fasilə
verib soruşdu: – Nə qədər müddət olmayacaqsan?
– Bilmirəm. Məni görmək istəyir.
– Bu...
– Təhlükəli deyil. Hər şey yaxşı olacaq. – Onun soruşmaq istədiyini
anlamışdım. On beş il birgəlik bizi bir-birimizin fikirlərini oxumağa öyrətmişdi. – Bir
az gəzim.
– Səninlə gəlimmi?
– Yox, tək qalsam, daha yaxşı olar.
MAŞINI GOLDEN Gate Parkına sürdüm. Parkın şimalındakı Sprekels gölünün
qırağı ilə gəzirdim. Gözəl bir bazar axşamı idi. Sərin San Fransisko mehi günorta
günəşinin bərq vurduğu suyun üzərində onlarla miniatür qayığa hərəkət verirdi.
Skamyaya oturub, oğluna ayağı ilə ötürdüyü futbol topunu qolu ilə deyil, çiyni ilə
vurub uzaqlaşdırmağı öyrədən kişiyə baxdım.
Sonra gözlərimi yuxarı qaldırdım və göydə üzən bir cüt çərpələng gördüm.
Mavi quyruqlu qırmızı çərpələnglər parkın qərb tərəfində ağacların, külək dəyir-
manlarının üzərində süzürdülər.
Rəhim Xanın dəstəyi asmazdan əvvəl dediyi son söz haqqında düşündüm.
Nəticə olaraq, sanki, sonradan ağlına gəlmiş bir şey kimi demişdi. Gözümü yumub,
xırıldayan telefon xəttinin o biri başında onu təsəvvürümə gətirdim. Dodaqları azca
aralı, başı bir tərəfə əyilmiş və yenə də onun sonsuz dərin qara gözlərində
aramızda deyilmədən saxlanan sirrin eyhamı. Bir fərq vardı. İndi mən onun
bildiyinə əmin idim. Bütün bu illər mənim şübhələrim doğru imiş. O, Asif barədə də
bilirdi, çərpələng barədə də, döşəyin altına dürtülmüş pullar və saat barədə də. O
hər zaman bunu bilirmiş.
Gəl. Yenə də yaxşı olmaq, düzəlmək üçün imkan var. Rəhim xan bunları
dəstəyi asmazdan əvvəl söylədi. Nəticə olaraq, sanki, sonradan ağlına gəlmiş bir
şey kimi.
Yenə də yaxşı olmaq imkanı var.
EVƏ QAYIDANDA Sürəyya anası ilə telefonla danışırdı.
– Uzun olmayacaq, madərcan. Bir həftə, bəlkə iki. Hə, atamla sən mənimlə
qala bilərsiniz.
İki il əvvəl general sağ ombasını sındırmışdı. Miqren günlərindən birində
yuxulu, gözlərini duman almış halda otağından çıxarkən ayağı xalçanın kənarına
ilişib yıxılmışdı. Qışqırığına mətbəxdən qaçıb gələn Cəmilə xala sonra fəxrlə hər
yerdə danışırdı ki, guya sümüyün necə sındığını eşidib:
– Elə bil döşəməsilənin sapı ikiyə bölündü – şıqqıltısını eşitdim.
Doktor isə deyirdi ki, onun belə bir şey eşitməsi mümkün deyil.

Generalın sınmış ombası və bununla birgə ortaya çıxan bütün xəstəliklər –
pnevmoniya, qanda zəhərlənmə, uzun müddət baxım altında qalması Cəmilə
xalanın öz sağlamlığı haqda uzun-uzadı sicilləmələrinə son qoydu. Bu mövzunu
generalın sağlamlığı əvəzlədi. Onu dinləyən hər kəsə danışardı ki, doktorun
sözlərinə görə, generalın böyrəkləri sıradan çıxıb.
– Amma onlar heç vaxt əfqan böyrəyi görməyiblər axı, – deyə əlavə edərdi.
Generalın xəstəxanada yatmasından ən çox yadımda qalan Cəmilə xalanın
onun yuxuya getməsini gözləyib, general üçün mahnı oxuması idi. Bu mahnılar
mənə Babanın tranzistor radiosundan gələn xırıltılı musiqi səslərini xatırladırdı.
Generalın zəif düşməsi, bir də zaman Sürəyya ilə onun arasındakı buzu da
əritdi. İndi onlar birgə gəzintiyə çıxar, şənbə günləri birgə nahar edərdilər. Bəzən
general onun dərslərinə də gələrdi. Elə köhnə, ütülənməkdən parıldayan boz
kostyumunda arxa sıralardan birində əyləşər, taxta çəliyini dizinin üstünə aşırardı.
Təbəssüm üzündən əskik olmaz, bəzən hətta qeyd də götürərdi.
HƏMİN GECƏ Sürəyya ilə mən yataqda ikən hər şeyin necə dəyişdiyini
düşünürdüm. O, kürəyini mənə çevirmişdi, mənim üzüm onun saçlarının arasında
idi. Alın-alına uzanıb, ehtirasın hələ sönməmiş alovunu öpüşlərlə bölüşər,
gözlərimiz yuxudan yumulana qədər arzuladığımız körpənin balaca şirin ayaqları,
ilk təbəssümü, ilk sözləri, ilk addımları haqda pıçıldaşardıq. Biz bunu hələ də
edirdik, amma indi pıçıltılarımızın mövzusu məktəb, mənim yeni kitabım olurdu.
Bəzən kiminsə ziyafətə geydiyi gülməli paltarı müzakirə edib, gülərdik də. Hələ də
pis sevişmirdik, bəzən hətta əla da alınırdı. Amma bəzən gecələr bunu edib, canımı
qurtarmaq, çəkilib, gördüyümüz işin mənasız və səmərəsizliyi hissindən qurtulmaq
ehtiyacı da duyurdum. Sürəyya deməsə də, bəzən onun da eyni şeyi düşündüyünü
bilirdim. Belə gecələrdə hərəmiz yatağın öz küncünə çəkilər və özümüzü
xilaskarımızın ixtiyarına verərdik. Sürəyyanınkı yuxu idi. Mənimki isə, həmişəki
kimi, kitab.
Rəhim Xanın zəng etdiyi gecə qaranlıqda uzanıb, gözlərimlə jalüzlərin
arasından süzülüb divarda paralel gümüşü izlər buraxan ay işığını izləyirdim.
Hansısa məqamda, ola bilsin ki, dan yeri söküləndə mən yuxuya getdim. Yuxuda
Həsən qarın üstündə qaçır, yaşıl çapanının ətəkləri arxasınca sürünür, rezin
çəkmələrinin altında qar xırtıldayırdı. Arxaya onun səsi gəlirdi: Səndən ötrü, min
yol!
BİR HƏFTƏ SONRA mən Pakistan Beynəlxalq Hava yollarının təyyarəsində
pəncərənin yanında yerimi tutmuş, uniformalı texniki işçilərin təkər altı əyləcləri
yığışdırmasına baxırdım. Təyyarə terminaldan ayrıldı və az sonra biz buludları yara-
yara havada uçurduq.

ON BEŞ
Üç saat sonra artıq Peşəvərdə siqaret tüstüsü ilə dolu taksinin cırıq üzlüklü
arxa oturacağında idim. Siqareti siqaretə calayan çəlimsiz sürücü Qulam qan-tər
içində maşını ehtiyatsız və tələsik sürürdü. Bir neçə dəfə hətta az qala maşını
toqquşdurmasına baxmayaraq, ağzından çıxan söz axınına bir dəqiqə də ara
vermirdi:
– ... Sizin ölkənizdə baş verənlər dəhşətdir, yaar
25
. Mən sənə deyim, əfqanlar
və pakistanlılar qardaş kimidilər. Müsəlman gərək müsəlmana kömək eləsin.
Diqqətimi ondan ayırıb, sadəcə başımla təsdiqləməklə cavab verirdim. 1981-ci
ildə Baba ilə birgə bir neçə ay yaşadığımız Peşəvəri yaxşı tanıyırdım. İndi Cəmrud
küçəsi ilə Qərbə doğru hərəkət edirdik. Hərbi düşərgənin zəngin, hündür hasarlı
evlərinin yanından keçdik. Gözümün qabağından keçən şəhərin qələbəliyi mənim
xatırladığım Kabilin daha canlı versiyasını, Morğa küçəsini, yaxud Toyuq Bazarını
xatırladırdı. Həsənlə bu bazardan çutniyə
26
batırılmış kartof və albalı suyu alıb
içərdik. Şəhər dar dalan və küçələrin arasında vurnuxub, piyadaları ora-bura vuran
velosipedçilər və mavi dumanın içindən çıxan rikşalarla dolu idi. Balaca, ağzına kimi
dolu dükan sıralarında nazik adyala bürünmüş saqqallı satıcılar heyvan dərisindən
düzəlmiş lampa örtüyü, xalça, naxışlı şallar və mis mallar satırdı. Şəhərdə səs-
küydən qulaq tutulurdu. Alverçilərin harayı qulağımda cingildəyib, hind musiqisinin
avazı, rikşaların fısıltısı və arabalara qoşulmuş atların zınqırovlarına qarışırdı. Xoş
ətirlərlə pis qoxuların kəskin qarışığı maşının pəncərəsindən içəri daxil olur, onların
içində Babanın çox sevdiyi pakora
27
və niharinin
28
ədviyyatlı ətrini yanacaq
buxarı, çürüntü, zibil, tullantı qoxusunun içindən seçmək olurdu.
Peşəvər universitetinin qırmızı kərpicdən olan binalarını keçdikdən sonra biz
boşboğaz sürücümün “Əfqanların şəhəri” adlandırdığı əraziyə girdik. Burda
şirniyyat və xalça dükanları, kababxanalar, siqaret satan hisli-paslı uşaqlar, xırda
restoranlar vardı, pəncərələrə Əfqanıstan xəritəsi çəkilmişdi – orda-burda yardım
çeklərini dəyişənlərin kontorlarını görmək olurdu.
– Sənin qan qardaşlarının çoxu burdadır, yaar. Burda iş başlayanı da var,
amma çoxu çox kasıbdır. – Nırçıldayıb, köksünü ötürdü. – Nə isə, yaxınlaşırıq.
Rəhim Xanı 1981-ci ildə son gördüyümü xatırladım. Baba ilə mən Kabildən
qaçdığımız gün sağollaşmağa gəlmişdi. Baba ilə onun zalda qucaqlaşıb xısın-xısın
ağlamalarını xatırlayıram. Biz Birləşmiş Ştatlara gələndən sonra da onlar əlaqəni
itirmirdilər. İldə dörd-beş dəfə telefonla danışardılar. Bəzən Baba dəstəyi mənə də
ötürərdi. Son dəfə Rəhim Xanla danışığımız Babanın ölümündən az sonra olmuşdu.

Xəbərlər Kabilə çatanda o zəng etdi. Biz bir neçə dəqiqə danışdıq və bununla da
əlaqə itdi.
Sürücü iki qələbəlik küçənin kəsişdiyi tində ensiz bir binanın yanında maşını
saxladı. Onun pulunu verib, tək çamadanımı götürdüm və şəbəkəli qapıya doğru
addımladım. Binanın açıq pəncərəli taxta balkonlarının çoxundan yuyulmuş
paltarlar asılmışdı. Cırıldayan pəncərələrlə ikinci mərtəbəyə qalxdım, yarıqaranlıq
koridorla sağdan son qapıya qədər getdim. Ovcumdakı kağıza yazılmış ünvanla bir
daha tutuşdurub, qapını döydüm.
Qapını açan bir dəri, bir sümük varlığın Rəhim Xan olduğuna inanmaq çətin idi.
SAN HOSE DÖVLƏT UNİVERSİTETİNDƏ yaradıcı yazı sənəti müəllimi deyirdi ki,
klişelərdən vəbadan qaçan kimi qaçın. Sonra özü öz zarafatına gülərdi. Sinifdə
hamı ona qoşulub gülərdi, amma mən həmişə düşünürdüm ki, klişeni günahsız
cəzalandırıblar. Çünki çox vaxt klişelər yüzdə yüz uyğun gəlir. Amma bəzən tapdan-
mış olsa da, yerində işlənən ifadə klişe olmasının qurbanı olur. Məsələn, “gözlərinə
inanmamaq” deyimi. Mənim Rəhim Xanla neçə ildən sonra görüşməmin ilk anlarını
bu sözdən yaxşı heç nə ifadə etmirdi.
Divarın dibində, içinin yunu yumrulanmış döşəyin üstündə oturduq.
Pəncərədən səs-küylü küçə görünürdü. İçəri keçən gün işığı yerdəki əfqan
palazında üçbucaq şəkilli kölgə salırdı. Bir divar dibində iki açılıb-yığılan stul, qarşı
küncdə isə mis samovar vardı. İkimizə də çay süzdüm.
– Bizi necə tapdın? – soruşdum.
– Amerikada adamı tapmağa nə var ki. Birləşmiş Ştatların xəritəsini aldım və
Şimali Kaliforniyadakı şəhərlərin məlumat bürolarına zəng elədim, – dedi. – Səni
böyük kişi kimi görmək çox qəribədir, amma əladır.
Gülümsəyib çayıma üç qənd saldım. O, tünd, acı çayı xoşlayırdı, bunu
xatırlayırdım.
– Babanın imkanı olmadı sizə desin, amma on beş il əvvəl mən evlənmişəm. –
Əslində isə xərçəng Babanın beynini yediyindən o çox şeyləri unudurdu.
– Evlənmisən? Kiminlə?
– Adı Sürəyya Tahiridir. – Adını çəkəndə Sürəyyanın evdə mənim üçün
narahatlıq keçirdiyini düşündüm. Yaxşı ki, tək qalmamışdı.
– Tahiri... kimin qızıdır?
Sürəyyanın ailəsi barədə məlumat verəndə gözləri işıqlandı.
– Bəs necə? Tanıyıram. General Tahiri Şərifcanın bacısı ilə evli deyildimi? Nə idi
onun adı?
– Cəmiləcan.
– Hə, – deyib, gülümsədi. – Şərifcanı Kabildə tanıyırdım. Çox-çox il bundan
əvvəl, hələ o Amerikaya köçməmişdən.
– İndi miqrasiya xidmətində işləyir, əfqanların işlərinə çox köməyi keçir.
– Həəə, – köksünü ötürdü. – Sürəyyacanla sənin uşağın varmı?

– Yox.
– Ah, – deyib, çayından bir qurtum aldı və daha heç nə soruşmadı. Rəhim Xan
tanıdığım ən həssas adamlardan biri idi.
Ona Baba haqqında danışdım – işi, bit bazarı və sonda onun xoşbəxt ölməsi
haqda. Özümün təhsilim, kitablarım, indiyə qədər çap olunmuş dörd romanım
haqda söz açdım. Bu yerdə o, gülümsəyib, buna heç zaman şübhə etmədiyini dedi.
Mənə bağışladığı dəri üzlüklü yazı dəftərçəsinə qısa hekayələrimi yazdığımı da
dedim ona. Amma dəftərçə yadında deyildi.
Söhbət, əlbəttə ki, Talibanın üzərinə gəldi.
– Bu, həqiqətən, mən eşitdiyim qədər pisdir? – deyə soruşdum.
– Yox, ondan da pis. Çox pis, – dedi. – Adamın insanlığını əlindən alırlar.
Sağ gözünün üstündən qalın qaşını yarıb keçən çapığı göstərib, sözünə davam
etdi:
– Qazi stadionunda futbola baxmağa getmişdim. 1998-ci ildi. Kabillə Məzari-
Şərif oynayırdı, deyəsən. Yeri gəlmişkən, futbolçulara da şort geyməyə icazə
vermirdilər. Güman ki, onların fikrincə, abırsız görünürmüş. – Rəhim Xan yorğun-
yorğun güldü. – Nə isə, Kabil bir qol vurdu və mənim yanımda oturan kişi bərkdən
alqışladı. Birdən sıralara nəzarət edən cavan saqqallı, olsa-olsa on səkkiz yaşı
olardı, mənə yaxınlaşdı və əlindəki Kalaşnikovun dəstəsi ilə alnımdan vurdu. Mənə
dedi ki, “bir də belə eləsən, sənin dilini kəsərəm, qoca eşşək!”. – Rəhim Xan düyün-
düyün olmuş barmağı ilə çapığı qaşıdı. – Mən onun babası yaşındaydım və orda üz-
gözüm qan içində oturub, o it oğlu itdən üzr istəyirdim.
Ona bir az da çay süzdüm. Rəhim Xan bir az da danışdı. Əksərən bildiklərim idi,
bəzi şeylərdən xəbərsizdim. Dedi ki, Baba ilə aralarındakı razılaşmaya görə, 1981-ci
ildən bəri bizim evdə yaşayırdı – bunu bilirdim. Kabildən qaçmağımızdan az əvvəl
Baba evi Rəhim Xana “satmışdı”. O vaxtlar Baba düşünürdü ki, Əfqanıstanın
problemləri müvəqqətidir və Vəzir Əkbər Xandakı evimizin və Pağmandakı
pikniklərimizin dövrü bir də qayıdacaq. Odur ki, evi Rəhim Xana vermişdi ki, biz
gələnə qədər göz-qulaq olsun.
Rəhim Xanın danışdığına görə, 1992-1996-cı illər arasında Şimal Alyansı Kabili
ələ keçirəndə onun müxtəlif fraksiyaları şəhərin müxtəlif hissələrinə nəzarət etmək
istədi.
– Xalça almaq üçün Şəhre-Nodan Kərte-Pərvana gedəsi olsan, bütün keçid
məntəqələrini keçə bilsən də, ya snayper gülləsindən, ya da raket atəşindən ölmək
təhlükəsi ilə üzləşəcəkdin. Bir rayondan o birisinə getmək üçün praktik olaraq, viza
almalı idin. Odur ki, adamlar oturduğu yerdə oturub, dua edirdilər ki, növbəti raket
onların başına düşməsin.
Rəhim Xan danışdı ki, insanlar təhlükəli küçələrdən keçməmək üçün
divarlarında oyuq açıb, evlərin içi ilə məhəlləni keçərdilər. Bəzi yerlərdə isə
adamlar yeraltı tunel qazıyıb, onunla hərəkət edirlərmiş.
– Niyə çıxıb getmirdin? – soruşdum.

– Kabil mənim evim idi axı. İndi də evimdir. – O qımışdı. – Sizin evdən İstiqlal
məktəbinin yanındakı Qışla hərbi hissəsinə gedən yol yadındadır?
– Yadımdadır, – dedim. Bu, bizim məktəbə gedən kəsə yol idi. Həsənlə o
hissənin içindən keçəndə əsgərlərdən birinin onun anası ilə bağlı atmacası yadıma
düşdü. Sonra Həsən kinoya baxanda ağlamış, mən də qolumu onun boynuna
dolamışdım.
– Taliban gəlib Alyansı Kabildən çölə atanda mən o küçədə qol götürüb
oynamışdım. Özü də tək deyildim, inan mənə. Adamlar Çamanda da, Dəh
Mazangda da bayram edir, Talibanı küçədə alqışlayır, tankların üstünə çıxıb onlarla
şəkil çəkdirirdi. Adamlar müharibədən, raketlərdən, pulemyot atəşindən, partlayış-
lardan, Gülbəddin və onun hərəkət edən, nə varsa, hamısına atəş açan
dəstələrindən elə təngə gəlmişdilər ki. Alyans Kabilə Şurəvilərdən çox ziyan
vurmuşdu. Bilirsən, onlar sənin atanın tikdirdiyi yetimxananı da dağıtmışdılar.
– Niyə? – dedim. – Yetimxananı niyə dağıdırdılar ki?
Uşaq evinin açıldığı gün Babanın arxasında oturmağımı xatırladım. Külək onun
qaragül papağını yerə salanda hamı gülmüşdü. Amma o nitqini başa çatdıranda
hamı ayaq üstə əl çalırdı. İndi həmin yer daş-kəsək yığınından başqa bir şey
deyilmiş. Babanın çəkdiyi xərc, layihənin üzərində tər tökdüyü yuxusuz gecələr,
tikinti meydançasına gedib hər kərpicin, hər mismarın, hər sütunun yerinə

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin