Hər hansı vəziyyətin bərabərlik hüququna müdaxilə kimi qiymətləndirilməsi üçün nəzərdə tutulan meyarlar.
İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar və onlar idrak və vicdana malikdirlər. Bu baxımdan da bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.
Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlir. Bu prinsiplərə əməl olunmaması isə hər zaman hüquq və azadlıqların pozulması üçün səbəb olur. Bərabərliyin pozulmasının daha geniş yayılmış forması isə ayrı-seçkilikdir. Məhz bu səbəbdən ayrı-seçkiliyin ləğv edilməsi hüquq bərabərliyinin tam reallaşmasının ən mühüm şərtlərindəndir. Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir.
İnsan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində belə bir prinsip əsas götürülür: “İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar”. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında da bərabərlik hüququ ilə bağlı izah var. İzahda qeyd edilir ki, bərabərlik hüququ tarixən feodal imtiyazlarına müqabil yaranaraq tədricən insan, cəmiyyət və dövlət arasında olan münasibətləri tənzimləyən çox vacib prinsipin əsasını qoyub. Hüquq bərabərliyi eyni zamanda, konstitusionalizmin təməl prinsiplərindən və demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır.
Dostları ilə paylaş: |