Manna Ahşerinin hakimiyyəti dövründə Manna — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtuşəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Manna dövləti e.ə. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlayır .
Ahşəri – Manna dövlətinin hökmdarı. Ahşərinin dövründə Manna xeyli güclənərək tam müstəqil xarici siyasət yeritmiş, eyni zamanda Azərbaycana gəlmiş (son tədqiqatlara görə geri qayıtmış) skif – sak tayfaları ilə ittifaqa girərək Ön Asiyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir.
Ullusununun hakimiyyəti dövründə Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o Aşşurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Aşşur yaşayış məskənlərini ələ keçirə bildi. Aşşur hökmdarı Sinaxxerib (e. ə. 705–681-ci illər) Mannaya hücum etməli oldu, lakin bu hərbi yürüş görünür o qədər də müvəffəqiyyətli keçməmişdir. Belə ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə kifayətlənməli olmuşdur.
Eyni zamanda Urartu da şərq əyalətlərinə olan iddialarından əl çəkməmişdi. I Rusanın oğlu II Argiştinin dövründə Urartu bu istiqamətdə öz hərbi yürüşlərini yenidən həyata keçirdi. Bunu Savalan dağının cənub yamacındakı qayaüstü iki kitabə də təsdiq edir. Kitabələrdə Arxu əyalətinə hərbi yürüşdən, çaya qədər Uşulu və Buku ölkələrinin işğalından bəhs olunur. Geri qayıdanda urartulular üzərinə xərac qoyulmuş Qirduni, Qituxani, Tuişdu ölkələrini və Rutumni şəhərini zəbt edirlər. Ələ keçirilmiş qalalardan biri Argiştiirdu ("Argiştinin canişini") adlandırılır.
Mannanın növbəti hökmdarı Ahşerinin adı Asarxaddonun (e. ə. 680–669-cu illər) məlumatlarından birində çəkilir. Aşşurla mübarizədə Ahşeri "Mannalılar ölkəsinın əyalətlərində" yerləşən kimmerilərin və skiflərin yardımından istifadə edirdi."Asarxaddon özünü "Mannalılar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif İşpakanın qoşununu qılıncdan keçirən" kimi qələmə versə də Manna ona tabe olmamışdı.
Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə midiyalılar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi madayların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.
Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla mübarizədə qələbə çaldılar. Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır. Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, madayların və ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı Partatuaya ərə verib verməmək məsələsini müzakirə edir. Digər məlumatdan görürük ki, o kimmerləri öz tərəfinə çəkməyə cəhd göstərərək mannalılar əleyhinə çıxmaq qərarına gəlir, lakin aşşurlular öz qüvvələrinə o qədər də əmin deyildilər. Aşşur hərbi başçılarından biri Asarxaddona müraciətnaməsində məsləhət görür ki, ordunun hamısını birdən Manna ərazisinə yeritməsin, təklif edir ki, hər ehtimala qarşı geri çəkilmək hadisəsi baş verərsə qoşunun sığına bilməsi üçün hərbi əməliyyatlar rayonunda qala tikilsin.
Ahşeri Aşşurbanapalın (e. ə. 669–627-ci illər) daha güclü təzyiqinin sınağından keçməli oldu. Həmin dövrdə Manna, Aşşurdan o qədər də gücsüz deyildi. Əvvəlcə Aşşurbanapal hətta sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Aşşur qalalarının qaytarılmasına cəhd göstərir. Orakula müraciətində Aşşurbanapal soruşur: "Xocələrin rəisi Nabuşarrunusur adamlar, atlar və Aşşur hökmdarı Aşşurbanapalın hərbi qüvvələri ilə (birlikdə) mannalıların tutduqları Aşşur qalalarını (qaytarmaq üçün getməyə yığışır); (əgər o getsə), istər xeyirxah sözlə, (dostluq) müqaviləsilə, (istər savaş, döyüş, dava etməklə), istər hər hansı bir insan hiyləhərliyi ilə, nə olur-olsun, bu qalaları o qaytaracaqmı-sənin böyük tanrılığına məlumdur".Lakin Aşşur torpaqları sülh yolu ilə qaytarılmadı. Ahşerinin və Aşşurbanapalın qoşunları arasınla döyüş baş verdi və mannalılar məğlubiyyətə uğradılar. "Saysız-hesabsız kiçik yaşayış məskənləri ilə birlikdə səkkiz möhkəmləndirilmiş şəhər Ayuciaş, Paşa (…) Su, Busutu, Aşdiaş, Urkiyamun, Sixua, Naziniri, o cümlədən Urmeyate, Uzbia qalalarını və paytaxt İzirtunu əhatə edən yaşayış məskənləri" oda tutuldu və qarət olundu.
Aşşurlular çoxdan onlara mənsub olan, lakin Mannalılar tərəfindən ələ keçirilmiş Allabria əyalətini və Aşşurla qonşuluqda yerləşən digər əraziləri özlərinə qaytardılar. Aşşurbanapal məlumat verir ki, o Ahşerinin əyalətlərini talayıb dağıtdı, onun bütün ölkəsini kiçiltdi, böyük qənimət və hədiyyələrlə sağsalamat Aşşura qayıtdı.
Bu məğlubiyyətdən sonra mannalılar Ahşerinın əleyhinə çıxdılar. Mənbələrin məlumatına görə "ölkə əhalisi" onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər. Onun qardaşlarını, ailəsini, nəslini qılıncdan keçirdilər. İ. M. Dyakonov bu üsyanı istismarçılar əleyhinə yönəldilmiş xalq üsyanı hesab edir. İ. H. Əliyev onun səbəbini hökmdar hakimiyyətinin despotik idarəyə çevrilməsində görür.] Q. A. Melikişvili güman edir ki, narazılığa "Manna hökmdarlarının skiflər və kimmerlərlə iqtifaqa aludəçiliyi" və sonuncuların Manna torpaqlarında məskunlaşması səbəb olmuşdur. Bu üsyan Mannanın məğlubiyyətindən dərhal sonra baş vermişdir.