8. Sual işarəsi: a) Bütün sual cümlələrinin sonunda: - Məşqə gedəcəksən? b) Elə sual cümlə tipləri vardır ki, onlar cavab almaq üçün deyil, nitqin təsirini artırmaq, dinləyicini düşünməyə vadar etmək məqsədi daşıyır: - Vətən və ana. Bu iki sözdən şirin və müqəddəs nə var dünyada? Vətənim verdi mənə nanü-nəmək, Vətəni, məncə, unutmaq nə demək? (A.Səhhət). Varlığa nə darlıq? Ritorik və ya bədii suallar nitqin üslubi rəngarəngliyini artıran vasitədir. Bədii üslubda sual cümləsi məlumat almaq üçün işlədilmir. Sənətkar kimdənsə nəyisə öyrənmək üçün yox, öz fikrini daha emosional, daha təsirli etmək üçün sual cümlələrindən istifadə edir. Əsl həqiqətdə ritorik sual xüsusi nitq üsuludur. Sual forması cümlə şəklində tələb edir ki, fikir qəti şəkildə ya təsdiq, ya da inkar edilsin.
9. Nida işarəsi: a) Nida cümlələrinin sonunda: - Yaşasın müstəqil Azərbaycan! b) Hiss-həyəcanla deyilən xitablardan sonra: -Vaqif! Ey tacidarım! Xuraman, Xuraman! Gör nəyin xəyalındasan! c) Bəli, xeyr, yox, çox gözəl kimi təsdiq və ya inkar bildirən sözlərdən sonra: - Çox gözəl, çox gözəl! Razıyam, inan! Nida cümlələri danışanın məqsədinə uyğun məna çaları yaradır, nitqin ekspressivliyini, emosionallığını artırır. Nidalar müxtəlif hissi halları ifadə edərək fərqli intonasiyalarla söylənilir: - Pəh, pəh! Əcəb söz eşitdik! Ay belə xoş gəlibsən, səfa gətiribsən! Ah, sən nə dəhşətli adamsan! Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! (M.Ə.Sabir)
MÖVZU 12
İNTONASİYA VƏ ONUN KOMPONENTLƏRİ
Nitqin intonasiyası. Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya (melodiya, temp, tembr, vurğu, pauza, ritm, səsin gücü, səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zərbi-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar, ritorik fiqurlar, emosional nidalar və s. Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. Bu dil nitq prosesində rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq, məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə, pərtlik, lovğalıq, laqeydlik, coşqunluq, həya, sevinc, acıq, şübhə, təkəbbür və s. ifadə olunur. İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn, buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər. Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Canlı nitqdə daim müəyyən bir hərəkət, surət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır. Nitqin gücü, zərbəsi, dinamikası, vurğusu, surəti onun tempi, istiqaməti onun melodiyası, dayanacağı isə fasilədir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin texniki cəhətləri nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin yaranmasına xidmət edir.
Vurğu. Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında onun üç növündən – söz vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur.
Dostları ilə paylaş: |