2. Azərbaycan dili və nitq mədəniyyətinin əsasları. Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir.
Nitq mədəniyyətinin əsas prinsipi ədəbi dilin şifahi nitqdə orfoepik, yazılı nitqdə orfoqrafik, hər iki halda isə leksik, qrammatik və funksional üslub normalarına riayət edilməsindən ibarətdir.
Ədəbi dilin normaları müəyyən dövr üçün özünün sabitliyi ilə seçilsə də, ümumən, dəyişkəndir. Və ona görə də müasir Azərbaycan ədəbi dilinin normaları, deyək ki, “Dədə Qorqud”, Nəsimi, Füzuli, Vaqif, Cəlil Məmmədquluzadə dövrlərinin ədəbi normalarından fərqlənir.
Norma sabitliyi ədəbi dilin bu və ya digər dövrü üçün elə mühüm əlamətdir ki, onsuz sözün geniş mənasında nitq (ünsiyyət) mədəniyyətindən danışmaq mümkün deyil. Bununla belə hər bir dildə norma hüdudundan müəyyən kənaraçıxmalar- anomaliyalar da mövcuddur; əsasən, fonetik, leksik və ya qrammatik paralellik, yaxud variantlılıqda təzahür edən həmin “anomaliya”lar heç vaxt normanın nüfuzunu şübhə altına almaq iqtidarında olmur.
Məsələn, Azərbaycan dilində işlənən ürək, könül və qəlb sözləri neytral kontekstdə eyni mənanı ifadə eləsə də, ciddi üslub diferensiallığı ilə seçilir. Biz ürəyim ağrıyır deyə bildiyimiz halda könlüm, yaxud qəlbim ağrıyır deyə bilmərik... Ancaq elə sinonim cərgələr də mövcuddur ki, üzvlərinin üslub diferensiallığı yoxdur; məsələn: eynək, çeşmək və gözlük. Bu cür mütləq sinonimlik nitq mədəniyyəti üçün heç bir əhəmiyyət kəsb etmədiyinə görə, sözün həqiqi (mütləq) mənasında anomaliyadır. Və ümumiyyətlə, ədəbi dildə normal işlənən, bir səsin, sözün, qrammatik vahidin yerinə dialektlərdən, yaxud yabancı dillərdən alınmış “ekvivalent”in işlədilməsi anomaliya deməkdir.
Nitq mədəniyyətinin birinci şərti ədəbi dilin fonetik, leksik-semantik və qrammatik normalarına riayət etməkdirsə, ikinci şərti funksional üslub tələblərini gözləməkdir. Birinci halda dil təbii olaraq, ikinci halda isə ixtisaslaşma və ya peşəkarlıqla mənimsənilir. Yəni insan dil açamağa başlayandan etibarən ümumişlək ədəbi dil modellərini öyrənir, üslub diferensiallığı vərdişlərinə yiyələnmək isə xüsusi ünsiyyət mühitlərində baş verir. Elə mühitlərdə ki, onların “dil”i ümumxalq dilindən o dərəcədə fərqlənir ki, eyni dil daxilində intellektual səviyyədə ciddi “ixtisaslaşma” prosesinin getdiyi dərhal özünü göstərir: məsələn, hüquqşünaslığın dili, diplomatiyanın dili, yazıçı dili və s.
Məlum olduğu kimi, nitq həm şifahi, həm də yazılı formada təzahür edir. Ancaq o da məlumdur ki, müasir dünya yazan dünyadan daha çox, danışan dünyadır. Odur ki, əgər bir vaxtlar yazılı dil şifahi dilə əhəmiyyətli təsir göstərirdisə, bizim dövrümüzdə əksinədir, yazılı dil xeyli dərəcədə şifahi dildən asılı olub ona öz çevik ifadə texnologiyalarını diqtə edir.
Nitq mədəniyyəti baxımından şifahi dillə yazılı dil qarşısına qoyulan tələblər (birincisində orfoepiyaya, ikincisində isə orfoqrafiyaya riayət etmək) zahirən fərqli olsa da, mahiyyətcə ümumidir: hər iki halda tarixən müəyyənləşmiş ədəbi dil (nitq) normalarına əməl edilməsi nəzərdə tutulur ki, həmin normalar da, əslində, tipologiyası etibarilə eyni mənşəlidir. Xatırlasaq ki, Azərbaycan dilinin orfoqrafiyası, bir qayda olaraq tarixi-ənənəvi deyil, fonetik prinsipə əsaslanır, onda aydın olar ki, dilimizin orfoqrafiyası ilə orfoepiyası arasındakı fərqlər bir sıra dillərdəkindən (məsələn, ingilis dilindəkindən) müqayisə olunmayacaq qədər azdır.
Nitqin mədəni səviyyəsini müəyyən edərkən, artıq qeyd olunduğu kimi, ədəbi dilin normalarına əməl etmək əsas tələbdir. Və bu tələb öz əksini “nitqin düzgünlüyü” anlayışında tapır. Ancaq danışanın və ya yazanın xüsusi nitq istedadını göstərən ikinci bir anlayış da vardır ki, bu, “nitqin ifadəliliyi”dir. “Düzgün nitq” cəmiyyətin hər bir mədəni üzvündən tələb olunursa, “ifadəli nitq”, bir qayda olaraq, peşəkarlıq, yaxud sənətkarlıq hadisəsi kimi meydana çıxır.
Əlbəttə, nitq mədəniyyəti səs, söz, cümlə və funksional üslub texnologiyalarının və ya aktlarının, nə qədər düzgün, nizamlı, harmonik olsa belə, formal, yaxud mexaniki yığımı təsəvvürü yaratmamalıdır. Çünki o nitq mədəni nitq sayılır ki, onun əsasında bu və ya digər dərəcədə mükəmməl təfəkkür mədəniyyəti dayanmış olsun... Ümumiyyətlə, insanın təfəkküründə ağılla hissin vəhdəti nə qədər mühümdürsə, nitqində də informativliklə ekspressivliyin və ya emotivliyin tənasübü o qədər əhəmiyyətlidir.
Bir sözlə, təfəkkür mədəniyyəti olmayan yerdə nitq mədəniyyəti yoxdur.
Dahi Füzuli yazır:
Gər qara daşı qızıl qan ilə rəngin edəsən,
Təbə təğyir verib ləli-Bədəxşan olmaz.
Edəsən tutiyə təlim ədayi-kəlimat,
Nitqi insan olur, amma özü insan olmaz.
Və unutmaq olmaz ki, nitq mədəniyyəti cəmiyyət-fərd münasibətlərinin sosial-psixoloji ritminin müəyyənləşməsinə bu gün dünənkindən daha çox təsir göstərir. İnsan hüquq və azadlıqlarının miqyasca genişlənməsi, ünsiyyət proseslərinin intensivləşməsi, qloballaşan dünyanın bir-birini əvəz edən ardıcıl (və emosional!) “çağırışlar”ı “nitq mədəniyyəti” probleminə həm bir dil hüdudunda, həm də dillərin beynəlxalq əlaqələri səviyyəsində yenidən baxmağı tələb edir.
3.Nitq mədəniyyətinin başqa elmlərlə əlaqəsi.Dil elə bir ünsiyyət vasitəsidir ki, insan ondan hər an istifadə edir. İnsan fəaliyyətindən kənarda dil yoxdur. Ümumiyyətlə, dil haqqında düşünənlər onun müdriklər üçün sehirli, sirli bir dünya olduğunu həmişə qeyd etmişlər. Dilin köməyi ilə dünya dərk edilir, dildə şəxsiyyətin özünü dərk etməsi təzahür olunur.
Mövzusundan, predmetindən, növündən asılı olmayaraq bütün elm sahələri, ayrı-ayrı fənlər öz varlığını, inkişaf fəaliyyətlərini nitq prosesi ilə həyata keçirir. Müxtəlif elm sahələri nitq vasitəsi ilə əks olunur. Nitq mədəniyyətini digər elmlərlə həm ümumi, həm də spesifik əlamətlər əlaqələndirir:
“Nitq mədəniyyəti” fənninin digər elmlərlə qarşılıqlı əlaqələrini göstərmək üçün onları aşağıdakı təsnif üzrə səciyyələndirmək daha məqsədəuyğundur:
I Məzmunca və predmetcə yaxın olanlar;
II Mövzu və obyektləri cəhətdən nisbətən yaxın olanlar.
1. Nitq mədəniyyəti və dilçilik. Əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi nitq mədəniyyəti dilçilik elminin praktik (təcrübi) sahəsidir. Bu sahələrin hər ikisi lüğət tərkibini, oradakı sözlərin məzmun və forma xüsusiyyətlərini, işlənmə məqamlarını, ədəbi dilin leksik, fonetik və qrammatik normalarını və s. eyni məqsədlə öyrənir. Həm nitq mədəniyyəti, həm dilçilik - hər ikisi ünsiyyət elmi sayılır. Lakin hər ikisi kommunikativ vəzifələrini öz səciyyəvi xüsusiyyətləri əsasında həyata keçirir.
Nitq insan danışığının cəmidir. Nitqin bazası dildir. Dil öz inkişafını nitq fəaliyyəti ilə təzahür etdirir. Bu əlaməti baxımından nitqi dilin təzahür forması adlandırırlar. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin yaradıcısıdır. Nitq ancaq ünsiyyətin konkretləşdirilməsində özünü büruzə verir.
Nitq mədəniyyəti ilə dilçiliyin qarşılıqlı əlaqəsinin sıx olmasını göstərən cəhətlərdən biri də hər ikisinin obyektinin söz olmasıdır. Sözün funksiyası və işlənmə məqsədinə görə də bunlar müştərək xarakterə malikdir. Çünki hər iki sahədə söz həm kommunikativ, həm də ekspressiv (obrazlı) vəzifə daşıyır. Dilin obyekti olan söz danışığa-cümlə daxilinə keçdikdə nitqə çevrilir.
2.Nitq mədəniyyəti və ədəbiyyat. Nitq mədəniyyətinə məzmunu və predmeti baxımından yaxın olan elmlərdən biri də ədəbiyyatdır. İnsanlara nəzakətli danışıq qaydalarını-nitq normalarından məharətlə istifadə etməyi, sözü, ifadəni və cümləni məqamına, şəraitə görə işlətməyi öyrədən nitq mədəniyyəti bir çox əlamətinə görə ədəbiyyatla müştərəklik təşkil edir. Bu əlamətləri xarakterizə edərkən birinci növbədə fikrimizi bədii ədəbiyyat üzərində quraraq əsaslandırsaq, daha məqsədə müvafiq olar.
İnsanın, bütövlükdə desək, cəmiyyətin hiss və düşüncələrini, istək və arzularını obrazlı şəkildə əks etdirən bədii ədəbiyyatın da materialı sözdür. Hər ikisini: həm nitq mədəniyyətini, həm də bədii ədəbiyyatı haqlı olaraq “söz sənəti” adlandırırlar. Nitqin formaca yazılı qoluna aid olan bədii əsərlərdə sözün poetik funksiyası ilə nitq mədəniyyətinin şərtləri üst-üstə düşür. Nitq mədəniyyətinin, yaxud mədəni səviyyəli nitqin tələblərindən biri olan ifadəlilik dedikdə, ən müvafiq, üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işlətmək başa düşülür. Nitqin ifadəliliyi söz sənətkarlarına məxsusdur. Yazıçı və şairlərimiz öz əsərlərində fikrin təsirli ifadəsi, oxucu və dinləyicilərin emosiyalarına təsir etmək üçün söz üzərində ciddi düşünürlər. Söz sənətkarı sözün ekspressivliyini, məzmunca səlis və təmizliyini təmin etməklə nitq mədəniyyətinin inkişafına xidmət edirlər. Əslində estetik kateqoriya olan bədiilik həm də nitqə məxsus olan anlayış kimi də səciyyələnir.
Fikrin bədii təsir gücünü artırmaq məqsədilə bədii əsərlərdə işlənən leksik vahidlərdən: omonim, sinonim və antonimlərdən nitqin ifadəliliyini qüvvətləndirən vasitə kimi nitq mədəniyyətində də istifadə edilir.
Beləliklə, nitq mədəniyyəti ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi onlara məxsus ortaq əlamətlər əsasında təzahür edir.
II Mövzu və obyektləri cəhətdən nisbətən yaxın olanlar:
1. Nitq mədəniyyəti və fəlsəfə. Bütün elmlərin vaxtilə fəlsəfənin tərkibində olması və ondan bölünməsi də sübut olunmuşdur. Eləcə də elmlərin humanitar sahələrindən biri olan dilçilik də fəlsəfə ilə əlaqədardır. Hətta dilçiliyin “fəlsəfi dilçilik” adlanan bir şöbəsi də yaranmışdır. “Fəlsəfi dilçi”liyin əsas vəzifəsi təfəkkür kateqoriyaları ilə dilçilik (nitq) kateqoriyalarının qarşılıqlı əlaqəsini və onlar arasındakı qanunları öyrənməkdir.
Nitq mədəniyyəti dilçiliyin bir şöbəsi olduğundan dilçiliklə fəlsəfə arasındakı əlaqələrə məxsus əlamətlər eyni ilə nitq mədəniyyəti ilə fəlsəfəyə də aiddir.
2. Nitq mədəniyyəti və psixologiya. Nitq fəaliyyətinə ünsiyyətin həyata keçirilməsində müəyyən nitq prosesi kimi baxılır. Nitq fəaliyyəti ünsiyyət prosesində əsas yer tutur. Buna görə də psixoloqlar, ümumiyyətlə, ünsiyyət fəaliyyətindən danışarkən nitq fəaliyyətinə xüsusi yer verirlər. Onların fikrincə, nitq fəaliyyəti də fəaliyyətin başqa növlərində istifadə olunan prinsiplərə əsasən təşkil olunur.
Psixologiya insan xarakterinin səciyyəvi əlamətlərini araşdırır. İnsan təfəkküründə nəyi və necə düşünürsə, eyni məzmun və formada da onu nitqində əks etdirir. Bu psixofizioloji fəaliyyətinə görə də nitq təfəkkürün ifadə tərzi adlanır.
İnsan psixologiyası onun nitqi ilə sıx surətdə bağlıdır. Natiq nitqini izah edərkən ona psixoloji cəhətdən tam hazır olmalıdır. Əks təqdirdə natiq nitqin təsirindən, emosionallığından həyəcanlana, özünü itirə bilər. Nəticədə o, nitqinin keyfiyyətlərini: aydınlıq, səlislik və ardıcıllığını itirə bilər, qarşısına qoyduğu məqsədinə çata bilməz.
3.Nitq mədəniyyəti və etika, estetika. Dilin daşıyıcısı və qoruyucusu xalqdır, o dildə danışanlardır. Dil mədəniyyəti, nitq mədəniyyəti milli mənsubiyyətindən asılı olmayaraq hər bir xalqın, millətin ümumi mədəniyyətinin tərkib hissəsi sayılır. Buna görə də nitq mədəniyyətinin etika ilə qarşılıqlı əlaqəsi vardır.
Etika yunan mənşəli latın sözü olub, mənası əxlaq, xarakter və s. deməkdir. Etika-əxlaq haqqında elm olub cəmiyyətdə əksəriyyət tərəfindən könüllü surətdə qəbul edilən əxlaq normalarının, davranış qaydalarının toplusudur. Bu cəhətdən əxlaqı ictimai şüurun formalarından biri hesab edirlər. Mədəni nitq üçün təkcə ədəbi dilin normalarına riayət etmək yetərli deyil. Nitqin yüksək səviyyədə alınması üçün dediklərimizdən başqa, etik cəhətdən əxlaqi əhəmiyyət kəsb edən söz və ifadələrdən də istifadə etmək zəruri şərtlərdəndir.
Natiq nitqinin etik baxımdan mədəni, məzmunca tərbiyəvi olması üçün ədəbi dildə işlədilməsi yasaq edilən-loru, kobud söz və ifadələrdən istifadəyə yol verməməlidir. Forma və məzmunca əxlaqi əhəmiyyət daşıyan, axıcı, zərif ifadələr nitqə mükəmməllik gətirir, onu keyfiyyət cəhətdən yüksəldir.
Sözü şəraitə və məqama müvafiq işlətmədikdə, jest və mimikalardan yersiz, normadan kənar üsulda istifadə etdikdə nitq gözdən düşür, müsahibə (dinləyiciyə) xoş təsir bağışlamır və nəticədə əhəmiyyətini itirir.
Nitqin “təmizliyi” anlayışına aid olan ölçülər nitqin etik normalarını səciyyələndirir.
Estetikanın sözün geniş mənasında gözəllik haqqında elm olduğunu nəzərə aldıqda nitqin gözəlliyi və yaxud nitqdə gözəllik məsələsinin nə qədər böyük əhəmiyyət daşıdığını görərik. Nitqin estetikasından, gözəlliyindən bəhs edərkən, şübhəsiz, tədqiqat obyekti kimi, ilk növbədə, bədii dil əsas götürülür və öyrədilir. Nitqin estetikası isə öz-özlüyündə dilin gözəlliyi məsələsini bir sistem kimi nəzərdə tutur və onun mahiyyətini, eləcə də formalaşma üsullarını tədqiq edir.
Nitq formaca, zahirən diqqəti cəlb etdiyi kimi, məzmunca, daxilən də estetik cəhətdən gözəl olmalıdır. Bunun üçün sözün informativ funksiyası ilə yanaşı, poetik vəzifəsindən daha çox istifadə edilməlidir. Ekspessivlik, nitqin məzmununu təşkil edir. Emosionallıq nitqin keyfiyyətidir. Emosionallıq nitqin məzmununa yeni rəng, əlavə məna çaları verir və dinləyicilərin hisslərinə təsir edir. Beləliklə, bu meyarlar vasitəsi ilə nitqin gözəlliyi, estetikası formalaşır.
Nitq mədəniyyəti və tarix. Məlum olduğu kimi tarix mənsub olduğu xalqın, millətin və cəmiyyətin tarixini araşdıraraq tədqiq edir. Tarix cəmiyyəti ilk təşəkkülü dövründən bugünkü mərhələsinə qədər hərtərəfli şəkildə araşdırdığı kimi, hər bir elmin tarixi də onun yaranması, formalaşması və təkamülü mərhələlərini öyrənir.
Natiqlik sənəti də uzun bir tarixi yol keçmişdir. Bu elmin tarixində diqqəti cəlb edən ən mühüm məsələlərdən biri onun tədris tarixidir. Bu mənada 1960-1980-ci illəri Azərbaycanda nitq mədəniyyətinin dilçiliyin bir şöbəsi kimi tədrisinin məhsuldar və yeni dövrü adlandırmaq olar.
Natiqlik sənətinin keçmiş dövrü ilə çağdaş (müasir) vəziyyətini tutuşdurduqda hazırda onun dövlət qayğısı ilə hərtərəfli əhatə olunduğunu görürük. Bu gün nitq mədəniyyəti cəmiyyətimizin bütün sahə və təbəqələrini əhatə edir. Məişətimizdən başlayaraq ən ali ictimai səviyyəyə qədər nitq mədəniyyəti bizi müşayiət edir.
Nitq mədəniyyətinin dilçiliyin artıq tam müstəqil bir bölməsi kimi fəaliyyətinin, tədqiq və tədris tarixinin öyrənilməsi, araşdırılması və bu mərhələlərdə onun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi tarixlə əlaqədar olduğunu göstərən amillərdəndir.