MÖVZU 15
NATİQLİK SƏNƏTİNİN SAHƏLƏRİ
Forma və məzmununa görə natiqlik sənətinin geniş yayılmış sahələri aşağıdakılar hesab olunur:
1. İctimai-siyasi natiqlik. Bura: 1) Prezidentin inoqurasiya (andiçmə) nitqi; 2) Siyasi mövzuda məruzə; 3) Siyasi mövzuda çıxış (xarici ölkələrdə prezidentin çıxışı); 4) İcmal nitqi. Böyük məclislərdə son söz; 5) Mitinqdə çıxışlar; 6) Siyasi təbliğatçıların nitqi; Qanunvericilik layihələri; Parlament mübahisələri və s. İctimai-siyasi nitq siyasi-ictimai əhəmiyyətli hadisələri (prezident seçkisi, deputat seçkisi, yeni il ərəfəsində ölkə başçısının xalqa müraciəti, Prezidentin hərbi hissələrdə ölkənin hərbi qüdrəti haqqında çıxışı və s.), müvafiq strukturlar qarşısında, toplantıda hesabat məruzəsi, kütlə və ya sahə nümayəndələri qarşısında çıxış, eləcə də radio-televiziya vasitəsilə ölkə vətəndaşlarına müraciət-çıxışları əhatə edir. İstər Sovet hakimiyyəti dövründə, istərsə də Müstəqillik illərində ulu öndərimiz, ümummilli lider H.Ə.Əliyevin, hazırda Respublikamızın prezidenti möhtərəm İ.H.Əliyev cənablarının ölkənin daxili və xarici siyasəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrlə bağlı çıxışları ictimai-siyasi nitqin ən dəyərli nümunələridir.
2. Diplomatik natiqlik. Diplomatik natiqliyə dövlət başçısı və ya xarici işlər nazirinin BMT-dəki çıxışları, mətbuat konfranslarında siyasi məsələlərlə bağlı çıxışlar və diplomatik müsahibələr daxildir. Diplomatik nitq öz xarakteri, forması və məzmununa görə ictimai-siyasi nitqdən ciddi fərqlənmir. Prezidentin nitqi dövlətin taleyüklü problemləri ilə bağlı olduğuna görə onda beynəlxalq səviyyəli məsələlərin qoyuluşu, respublikanın mənafeyi baxımından münasibəti öz əksini tapırsa, xarici işlər naziri BMT-də, ayrı-ayrı ölkələrdə keçirdiyi mətbuat konfranslarında öz ölkəsinin siyasi baxışını dünya birliyinə çatdırır.
3. Məhkəmə natiqliyi. Bura hakimlərin, prokuror, vəkil, müttəhim və şahidlərin nitqi daxil edilir. Prokuror və hakimin nitqi ittihamedici, müttəhim və vəkilin nitqi müdafiəedici xarakterdə olur. İttihamçıların nitqi faktların dərin təhlilinə, dəlil və sübutlara əsaslanır, obyektivliyə, ədalətə əsaslanır, qanunun aliliyi müttəhimə inandırıcı şəkildə çatdırılır. Vəkilin çıxışı da dəlil və sübutlarla müşayiət olunmalı, məhkəmə prosesində qaldırılan vəsadət baş vermiş hadisənin təhlili nəticəsində hakimin hökmünə müsbət təsir göstərməlidir. Müttəhimin istər öz cinayəti haqqındakı çıxışı, istərsə də özünü müdafiə nitqi münasib sözlər, ifadələr, cümlələrlə öz şərhini tapmalıdır, o, nitqini məntiqi əsasda qurmağa çalışmalıdır. Hadisənin ədalətli çözümü üçün məhkəmə salonlarında qanunların keşiyində duran prokurorun da, ədliyyə sistemində çalışıb qanunun aliliyini qorumalı olan hakimin də, adamların vətəndaş hüquqlarını müdafiə etməli olan vəkilin də, müttəhimin də nitqi rabitəli olmalı, əsas fikrin açılmasına xidmət etməlidir.
Dostları ilə paylaş: |