Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə31/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   27   28   29   30   31   32   33   34   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

4. Hərbi natiqlik. Hərbi nitqə aiddir: a) Həqiqi hərbi xidmətə çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq, müqəddəs ana vətənimizi qorumaq, xalqımızın firavan həyatını, təhlükəsiz yaşamasını təmin etmək üçün hərbi komissarın, müdafiə nazirinin çağırış nitqi; b) Əsgərlərin hərbi andı; c) Hərbi nizamnamənin şərhi; ç) Komandirlərin hərbçilər qarşısında çıxışı.
5. Akademik natiqlik. Akademiya sistemində, universitet və müxtəlif ali məktəblərdə, elmi müəssisələrdə, beynəlxalq konfrans, simpozium, treninqlərdə edilən məruzələr, çıxışlar, oxunan mühazirələr, elmi rəy və dissertasiya müdafiəsində çıxışlar və s. akademik natiqliyə daxildir. Bu, elm adamlarının müxtəlif toplantılarda, müdafiə şuralarında, müəllimlərin ali məktəb auditoriyalarında, elmi-praktik konfranslarda, savadlı və hazırlıqlı aparıcı və diktorların ekran və efir qarşısında etdikləri nitqdir. Nitqin bu növü yaradıcı xarakter daşıyır. Ziyalılar, alimlər, professor, dosent və baş müəllimlər öz araşdırmalarını, tədqiqatlarını yazılı (monoqrafiya, dərslik, dərs vəsaiti, məqalə) və şifahi (mühazirə, məruzə, çıxış, məlumat) vasitələrlə məntiqli, ardıcıl, dəlil-sübutlarla, ümumiləşdirmələr, nəticələrlə oxucu və dinləyicilərə çatdırırlar.
6. İctimai-məişət natiqliyi. Natiqliyin bu növündə yubiley tədbirlərində, bayramlarda, toylarda, şənliklərdə, ad günlərində, dəfn mərasimlərində və s. adamlar təbrik nitqi söyləyir, sağlıq deyir, çıxış edirlər. Məişət zəminində söylənilən bu çıxış – nitqlərdə haqqında söhbət gedən adamın şəxsiyyətinə, hadisənin mahiyyəti və əhəmiyyətinə aid xoş sözlərə, obrazlı ifadələrə, təntənəli qurulmuş cümlələrə, təriflərə, təbriklərə və başsağlığı etiketlərinə geniş yer verilir. Natiqliyin bu növü iki formada özünü göstərir: Birincisi, görkəmli şəxslərə  elm, təhsil və mədəniyyət xadimlərinə, yazıçı, bəstəkar, rəssam, aktyorlara, əmək və müharibə veteranlarına, eləcə də əlamətdar tarixi günlərə həsr olunmuş tədbirlər; ikincisi, ailədə dostlar, yaxın adamlar və tanışlarla keçirilən ad günləri, yubiley şənlikləri. Bu tədbirlərin forma, keçirilmə və qeyd edilmə şəraiti müxtəlif olur: səsləndirilən fikirlər, rəylər, nitqlər öz ifadə tərzinə görə bir-birindən fərqlənir. Öz dövrü üçün hadisə sayılan bir şəxsin yubiley tədbirində neçə-neçə kollektivin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü, əgər birinci şəxsə həsr olunmuşsa həmin müəssisə, təşkilat, federasiya və ya konfederasiyanın mötəbər şəxslərindən biri giriş nitqi söyləyir, sonra əvvəlcədən müəyyənləşdirilmiş səlahiyyətli şəxslərə təbrik üçün söz verilir, çıxışlar olur, xatirələr söylənilir, yubilyarın əmək fəaliyyətindən, şəxsi keyfiyyətləridən, xalq və dövlət qarşısında gördüyü işlərdən bəlağətlə, haqlı təriflərlə söz açılır. Belə tədbirlər zamanı çıxışlarda ciddilik qorunur, amma zarafatlara yol verilmir. Ailədə, dostlar, qohumlar arasında keçirilən yubiley və ad günündə şənliyin səbəbkarı haqqında ürək sözləri deyilir, onun mənəvi və iş keyfiyyətləri qeyd edilir, ailədə mövqeyi və qayğıları xatırlanır. Bu tip təbrik və çıxışlar daha səmimi olur, yada salınan hadisə və faktlar, səbəbkarın xarakter cizgiləri incə yumorla, qanadlı sözlər, obrazlı ifadələrlə emosional tərzdə səsləndirilir. Şadlıq saraylarında keçirilən toy mərasimlərində yaxşı seçilmiş masabəyinin nitqi daha təsirli, canlı və xoşagələn olur. Masabəyi toy məclisinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və onların yaxınları, eləcə də, ümumiyyətlə, ata, ana, gözəl qız, qadın, məhəbbət haqqında bildiyi şeirləri, lətifələri özünəməxsus yumorla musiqi sədaları altında xüsusi ahənglə ucadan səsləndirir. Şadlıq saraylarında söylənilən nitqlərdə dilimizin bütün zənginlikləri, onun ifadəli dil vasitələri məclis əhlinin ruhunu oxşamağa yönəldilir. Dəfn mərasimlərində söylənilən nitqlər həcmcə qısa və yığcam olur. Məişət nitqinin bu formasında monoton ifadə tərzi insanları düşündürən həyat və ölüm məsələlərinə, təskinedici və təsəlliverici sözlər və cümlələrlə hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır. Natiqlik sənətinin digər sahələrindən dini natiqliyi (din xadimlərinin moizə və xütbələri, "Quran"dan ayə və surələrin oxunması, "Quran" tapşırma, ehsan və süfrə dualarının oxunması, axund və mollaların imamların müsibətləri haqqında çıxışları), bədii natiqliyi (bədii axşamlarda şair və yazıçıların nitqləri; şair, yazıçı və bəstəkarlar haqqında mühazirə, məruzə və çıxışlar), səhnə natiqliyi, ekran və efir natiqliyini qeyd etmək olar. Ekran natiqliyi kütləvi informasiya vasitələrindən olan televiziya verilişlərinə aiddir. Yazılı və şifahi nitqin xüsusiyyətlərini özündə əks etdirən bu nitq monoloji və dialoji formalarda təzahür tapır. Televiziya verilişlərində nitqin məzmunu təsvirlər və mətnlərlə tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitq ədəbi dilimizin qaydalarına, xüsusən də onun orfoepik normalarına cavab verməli, diksiya baxımından aydın və təbii, effektivlik baxımından isə nümunəvi olmalıdır.



Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin