Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N
7.Nitqin münasibliyi. Nitqin münasibliyi üçün misallar və sitatlar elə seçilməlidir ki, konkret dil situasiyalarının, ədəbi üslubların, zəruri söz və ifadələrin işlədilmə qanunauyğunluğu nəzərə alınsın. ünsiyyətin müxtəlif sahələrinə xidmət edən funksional üslubların hər birinin özünəməxsus dil materialını seçmə və işlətmə üsulları vardır. Bədii yazıda dil elementlərinin uyğunluğu digər yazı növlərindən fərqlənir. Bədii əsərdə yazıçı janrdan asılı olaraq yaratdığı obrazları dövrün həyat normalarını gözləməklə bədii ifadə və təsvir vasitələri ilə qələmə alır, xalqın sosial həyat şəraitini yeri gəldikcə frazeologizmlərlə, atalar sözləri və zərb-məsəllərlə, şifahi xalq ədəbiyyatı nümunələri ilə zənginləşdirir, əxlaqi-psixoloji faktorları ön planda bədii sözün qüdrəti ilə nümayiş etdirir, insanlarda kiməsə nifrət, kiməsə məhəbbət hissi ilə dolu əsl sənət nümunələri yaradır. Bu üslubda elmi terminlərə, hər növ neologizmlərə, dilin təmizliyini pozan yad-yabançı sözlərə, şablon, trafaret fikirlərə az rast gəlirik. Amma işgüzar (rəsmi-kargüzarlıq, rəsmi-əməli) yazı növlərində standart formalar üstünlük təşkil edir. Bunlar rəsmi sənədlərin pozulmaz forması kimi sabitliyini saxlayır. Nitq mübadiləsinin informasiya məqsədinə xidmət etməsi üçün natiqdən dil strukturuna bələdlik və savad, dilin ifadə vasitələrindən istifadə bacarığı, nitq vərdişi, materialın məzmunu və həcmi haqqında aydın təsəvvür, dinləyici və ya oxucuya veriləcək məlumatın zəruriliyi tələb olunur. Bu zaman nitqin ünsiyyət mühitinə uyğunluğu, dinləyən və ya oxuyanların anlama səviyyəsinə müvafiqliyi nəzərdə saxlanılır. Nitqin münasibliyini şərtləndirən amillər içərisində aşağıdakılar daha önəmlidir:
1) Mövzunun (fikrin) məzmununa uyğun dil materialının seçilməsi;
2) Dil vasitələrinin nitqin məqam və şəraitinə uyğunluğu;
3) Nitq üslubundan asılı olaraq dil vasitələrinin məqsədəuyğunluğu;
4) Dil materialının natiqin şəxsiyyətinə, yaşına, savadına, dünyagörüşünə, sənətinə uyğunluğu. Nitq prosesində kimin kimlə, hansı şəraitdə (təklikdə, yoxsa auditoriya qarşısında, ya da ekran və ya efir vasitəsilə) informasiya mübadiləsi aparması gözlənilməli, nitqin məzmunu, məqsədi, istiqaməti aydın olmalı, natiqin (müəllimin, lektorun, mühazirəçi, məruzəçi və ya çıxış edənin) nəzəri və praktik hazırlığı iştirak edənlərin, dinləyən və ya oxuyanların marağı dairəsində olmalıdır. İctimai yerlərdə dövlət əleyhinə müəyyən sirləri danışmaq, dövlət kəşfiyyat işlərindəki müəyyən məlumatları açıqlamaq olmaz. Hərbi hissələrin nömrəsini, yerini bildirmək də bu qəbildəndir. Buna görə də "N" hərfi ilə hissəyə işarə edilir. Yaxud, danışıqda əxlaq normalarına görə heç kəs öz arvadının adını yad kişilər arasında çağırmır. Ümumiyyətlə, azərbaycanlılar qadın-qız adlarını məclislərdə, ictimai yerlərdə kişilər arasında çəkməyi düzgün saymırlar. Cavan gəlin və ya ər hətta valideynlərinin yanında belə "mənim arvadım", "mənim ərim" ifadələrini işlətmir, başqalarının yanında isə onların adlarını çəkməyi əxlaq qaydalarına görə münasib görmürlər. Dilçilikdə buna tabu deyilir. Elə bu səbəbdən A.Bakıxanovun "Kitabi-Əsgəriyyə" əsərində, Ə.Haqverdiyevin "Xəyalat" pyesində, A.Şaiqin "Məktub yetişmədi" hekayəsində qadın obrazı verilməmiş, qadın adı çəkilməmişdir. Keçmiş əxlaq normalarına görə kişi arvadının adını böyüklərinin yanında deyə bilməzdi, "uşaqların anası" və ya "filankəsin qızı" (əgər tanınmış kişinin qızı idisə) deyə işarə edərdi. Bu hal başqa xalqlar üçün xarakterik deyil. Ruslar "maya jena", fransızlar "ma fam" deməkdən nəinki çəkinmirlər, əksinə, qürur duyurlar. Yaxşı danışmaq, sərt mənanı yumşaltmaq üçün evfemizmlərdən də istifadə olunur. "Yox" əvəzinə "xeyr"; "yalandır"əvəzinə "doğru deyil", "həqiqətə uyğun deyil"; "xoş getdin" əvəzinə "xoş gəldin"; "demək" əvəzinə "buyurmaq"; "ölmək" əvəzinə "rəhmətə getmək", "ömrünü bağışlamaq" və s. kimi sinonim söz və ifadələri işlətməyə üstünlük verilir. Nitqin münasibliyi üçün formaca eyni, məzmunca müxtəlif olan sözlərə - omonimlərə yazılı nitqdə geniş yer ayrılır. Çünki şifahi nitqdə sözün mənasına daha çox fikir verildiyi halda yazılı nitq həm forma, həm də məzmun cəhətdən münasib və dəqiq olmalıdır. Yazılışına görə müxtəlif, səslənməyə görə eyni olan sözlər - omofonlar nitq prosesində səslərin təhrifi ilə meydana çıxır. Məsələn: Külək qapını aşdı (açdı) - O, baryeri aşdı. Şeirdə belə sözlər ritm və qafiyə xatirinə omofon şəklinə salınır. Aşıq şeirinin təcnis janrında qafiyələr cinas sözlər üzərində qurulur: Mən qurban eylərəm yara canımı, Götürüb doğraya, yara canımı. Alıb təpə-dırnaq yara canımı, Bilmirəm dərmanım, ay ana, ana. (A.Ələsgər) Şair "yara" sözlərini cinas məqamında işlətmişdir. Birinci "yar" ismi yönlük halda, ikinci "yarmaq" felinin arzu forması, üçüncü isə "əzik, xəstəlik" mənasında olan "yara" sözüdür. Belə omofonlar həm fonetik-üslubi, həm də semantik- məntiqi cəhətdən fikri qüvvətləndirməyə xidmət edir. Dildə yazılışı eyni, səslənməsi müxtəlif olan sözlərə – omoqraflara isə həm yazılı, həm də şifahi nitqdə çox rast gəlirik: gəlin (isim) - gəlin (felin əmr forması), açar (isim)- açar (felin qeyri-qəti gələcək zamanı), bağlar (isim, cəm halda)- bağlar (bağlamaq feli qeyriqəti gələcək zamanda) və s. Belə sözlər mənasına, vurğunun yerinə görə bir-birindən fərqlənir. Dildə mənanı daha dəqiq ifadə etmək baxımından sinonimlərin də rolu böyükdür. Müxtəlif məna çalarlıqlarına malik anlayışları bildirən sinonimlər ifadə formasına görə fərqlidir. Ağ eləmək - ağ yalan danışmaq, əyləşmək -oturmaq, dinləmək-eşitmək- qulaq asmaq, yaşlı- qoca-ağsaqqal, qaçmaq-yüyürmək, ölmək-gözlərini əbədi yummaq-dünyasını dəyişmək-dünyadan köçmək və s. sinonimlər nitqdə danışıq şəraitindən, işlənmə məqamından, üslubi və subyektiv münasibətindən asılı olaraq danışanın və ya yazanın fikrinə uyğun şəkildə öz ifadəsini tapır.