Nitqin təmizliyi üçün hansı normalara və ədəbi dil qaydalarına əməl olunmalıdır?
1) Məhəlli xarakter daşıyan söz və ifadələrdən (dialektlərdən), yerli şivələrdən istifadə etməməli.
2)Nitqin məzmun estetikasını eybəcərləşdirən loru, kobud sözlərdən, “pinti” danışıqdan” istifadə olunmamalıdır. Yığcamlıq “sözçülük” anlayışına qarşı qoyulduğu kimi, nitqdə təmizlik “pinti danışığ”ın əksinə yönəlir.
3)Jarqon və arqodan istifadəyə yol verilməməli.
4)Vulqarizmlərin işlədilməsi yasaqlandığı kimi, varvarizmlərdən (əcnəbi, yadelli sözlər) yersiz istifadədən də imtina edilməlidir. Alınma sözlərdən elmi, qismən də bədii və publisistik üslubda termin kimi istifadə etmək mümkündür. Lakin danışıqda, məişət üslubunda belə terminlərdən istifadə olunması yersizdir.
Doğrudur, alınma sözlərin çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək, dili korlamağa aparıb çıxarır. Başqa dillərdən keçən söz o zaman müvəffəqiyyət qazana bilər ki, həmin dildə onun işlədilməsinə ehtiyac olsun. Əcnəbi sözlərdən bədii əsərlərdə bir priyom kimi istifadə olunur. Belə ki, yazıçı yaratdığı obrazın daxili simasını işıqlandırmaq, xarakterini açıb göstərmək məqsədilə varvarizmlərdən istifadə edir. Məsələn; C.Cabbarlının “Sevil” pyesində Dilbərin meşşan təbiətini göstərmək üçün dramaturq aşağıdakı alınma leksikadan istifadə etmişdir:
“...fu...kak bezvkusno ubrano! Po moemu bu stolu buraya, bu şeyləri də buraya yığsanız daha gözəl olardı. Deyilmi, Əbduləli bəy?”.
Dostları ilə paylaş: |