Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı - əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi verənlər" zümrəsi idi.
Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi.