Mövzunun aktuallığı: Ölkəmizdə iqtisadi inkişafın müasir dövründə müəssisə və təşkilatların idarə edilməsində mühasibat uçotu və maliyyə hesabatının rolu get-gedə artmaqdadır. Mühasibat uçotu və maliyyə hesabatı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiq olunması və onların əsasında Azərbaycan iqtisadiyyatının özəlliklərinə uyğunlaşdırılmış milli standartların yaradılması ölkə iqtisadiyyatının dünyanın inkişaf etmiş iqtisadi qurumlarına əlverişli şəkildə inteqrasiyasına və yüksələn templə inkişaf etdirilməsinə hesablanmışdır. Bununla əlaqədar olaraq, son onillikdə mühasibat uçotu və maliyyə hesabatının bir çox məsələlərində ciddi dəyişikliklər meydana gəlmişdir. Demək olar ki, mühasibat uçotu və maliyyə hesabatı nəzəri və praktiki cəhətdən dəyişikliyə uğramış və müasir bazar iqtisadiyyatının tələblərinə tamamilə uyğun olan yeni iqtisadi əsaslar üzərində formalaşdırılmışdır. Maliyyə hesabatı müəssisənin mühasibat uçotu prosesinin son məhsulu və uçot informasiyalarının işlənməsinin son mərhələsidir. Maliyyə hesabatında müəssisənin kənar istifadəçilər üçün təqdim etdiyi standart informasiyalar əks olunur. Mühasibat uçotunun əsrlər ərzində bir neçə qarışıq fənlərə bölünməsi mühasibat hesabatları ilə eyni olan, lakin qarşıq fənləri əhatə edən hesabatların tərtib edilməsi imkanlarını meydana gətirmişdir. Bütün bunlar, – statistika, audit, iqtisadi təhlil, hamısı özlüyündə informatik iqtisadi sistemi əhatə edir. Buna görə də həmin fənlərin məlumatları əsasında hesabatların formalaşması mahiyyət etibarilə mühasibat hesabatlarının formalaşmasından fərqlənmir. Belə hesabatlara misal olaraq statistik, auditor və başqa hesabatları qeyd edə bilərik. Əgər uçotun maliyyə və idarəetmə uçotuna bölünməsi qəbul etsək, onda dövri hesabatları maliyyə hesabatlarına, daxili istifadə üçün nəzərdə tutulan hesabatları isə idarəetmə hesabatlarına aid edilməlidir.