İllüstrasiya İllüstrasiya (latın dilində illustratio — işıqlandırma, əyani təsvir mənasını daşıyır), — mətni aydınlaşdıran və anladan, eləcə də onu tamamlayan rəsm, fotoşəkil, qravyura yaxud hər hansı digər təsvir (rəsmlər, qravyuralar, fotoşəkillər, reproduksiyalar, xəritələr, sxemlər və sair).
Terminin daha dəqiq mənasında illüstrasiyaya mətnlə müəyyən vəhdət əmələ gətirən və mənimsənilməsi üçün nəzərdə tutulan (yəni, sanki mətnin oxunulması prosesində iştirak edən) əsərlər aid etmək lazımdır. İllüstrasiya sənətinin bu mənasında inkişafı kitab tarixilə sıx bağlıdır.
İllüstrasiya kitabın, qəzetin, jurnalın bədii orqanizminə daxil olmaqla tərtibatın digər dekorativ elementləri ilə (başlıq şəkil, sonluq və inisial) tamamlanır və bu elementlər də həmçinin mətnə bədii, gözəl bir şərh tərtib etmək iqtidarındadır.
İllüstrasiyalar bədii əsərin emosional atmosferin çatdırılması, rəvayət qəhrəmanlarının vizuallaşdırılması, kitabda təsvir edilən obyektlərin nümayiş etdirilməsi (nəbatət illüstrasiya), texniki sənədləşmədə addım-addım təlimatların əks etdirilməsi (texniki illüstrasiya) məqsədilə istifadə edilir.
Hal-hazırda kitab, jurnal və posterlərdə vaxtilə istifadə olunmuş orijinal illüstrasiyaların kolleksiyasının toplanılmasına marağın artması müşahidə olunur. Bir çox muzey sərgiləri, incəsənət jurnalları və qalereyaları keçmişin illüstratorları üçün yerlər ayırır.
Vizual incəsənət və bədii tənqid aləmində illüstratorları qrafik dizaynerlərlə müqayisədə adətən daha yüksək dəyərləndirirlər, lakin bunu rəssamlarla müqayisədə dizaynerlər haqqında söyləmək mümkün deyil – rəssamlar daha yüksək dəyərə malikdir. Ancaq komyuter oyunlarına və komikslərə artan marağın nəticəsində illüstrasiyalar vizual incəsənətin olduqca mühüm və gəlir gətirən bir növünə çevrilmişdir.
İllüstrasiya jurnal, reklam və kitab işində gəniş şəkildə tətbiq olunurdu. Kiçik təsvirlər mətnin əsas ideyasını tez bir surətdə oxucuya çatdırmaq qabiliyyətinə malikdir və vizual metafora rolunda çıxış edir. İllüstrasiyanın ərsəyə gətirilməsi üçün akademik rəsm bacarığına malik olmağa yaxud eyni texnikaya riayət etməyə lüzum yoxdur — rəssam rəssam əllə çəkilmiş rəsmi və qrafik redaktorlar vasitəsilə təsvirin işlənməsini birləşdirə bilər, yalnız əllə şəkil çəkə yaxud ancaq qrafik redaktorlarda işləyə bilər, müxtəlif materialları — plastilini, qurudulmuş bitkiləri kombinə edə bilər, eyni zamanda, müxtəlif texnikaların – naxış tikmənin, aplikasiyanın, oriqaminin tətbiq edilməsinə də yol verilir.