Скетчинг для начинающих; https://www.youtube.com/channel/UCPKNJymAwoYxBWZVKnQulyw
Kitab illüstrasiyaları. İllüstrasiya hər hansı bir mətnə çəkilmiş şəkillərdir. Əsərin müxtəlif səhifələrində verilən rəngli yaxud rəngsiz illüstrasiyalar ədəbi surətlərin qrafika dilində bir növ obrazlı-təsvirli şərhi hesab olunur.
Kitab illüstrasiyası rəssamın yaradıcılıq təxəyyülünün, gərgin axtarışlarınn nəticəsində meydana çıxır.
Latınca “işıqlandırma, əyani təsvir” olan illustrasiya sözü bilavasiə hər hansı mətni müşayiət edən təsvirə (rəsm, qravura, fotoşəkil və s.) deyilir. İlk olaraq, əlyazmalarında “miniatür” adı ilə tanınan illustrasiyalar, sonralar kitabları, qəzet və jurnalları bəzəməklə bugünümüzə gəlib çatmışdır. Qrafikanın müxtəlif texnikalarında işlənilən illüstrasiyalar həm məşhur dünya rəssamlarının (A.Dürer, S.Boticelli, P.Rubens, O.Domye, P.Pikasso, V.Favorski, A.Matiss və b.) həm də Azərbaycan sənətkarlarının (Sultan Məhəmməd, Sadiq bəy Əfşar, M.M.Nəvvab, Ə.Əzimzadə, Ə.Muğanlı, İ.Axundov, K.Kazımzadə, M.Abdullayev, o,Sadıqzadə, E.Aslanov, A.Hacıyev, A.Hüseynov) yaradıcılığında geniş yer tutmuşdur. Onların əsərləri ilə bəzədilmiş nəşrlər əsl kitab mədəniyyəti nümunələridir.
Illüstrasiya dəqiq elmlərə həsr olunan tədqiqat əsərlərində də ola bilər. Lakin bu tipli illüstrasiyalar elmi müddəaların tələbinə uyğun sənədli və dürüst çəkilir. Ədəbi – bədii əsərlərin illüstrasiyaları isə rəssamın təxəyyülü vasitəsilə yaradılmış obrazlı, emosional təsvirlərdən ibarətdir. Belə illüstrasiyalarda qəhrəmanların hiss və həyəcanları, düşüncələri, psixoloji aləmi təhlil olunur. Bu təhlil yazıçı tərəfindən yaradılmış obrazlar, xarakterlər, onların daxili aləmi, onları əhatə edən mühit ilə həmahəng olmalıdır. Bu vəhdət və ahəng pozulduqda isə ədəbi əsərin mətni və illüstrasiyalar arasında uyğunsuzluq yaranır. Kitabı illüstrə edərkən rəssam öz illüstrasiyaları üçün mövzunu, süjeti, obrazları bədii əsərdən götürür. Lakin buna baxmayaraq əsərin ideya məzmununu, hadisələrin inkişafını, xarakterlərin özünəməxsus yaradıcı səpgidə əks etdirməkdə rəssamın imkanları məhdud deyildir. O, əsərin ən zəruri, ən vacib, ən təsirli olan hissə və hadisələrini seçərək yazıçının niyyətini, qəhrəmanların fərdi xüsusiyyətini konkretləşdirir, rəsm dilində əyaniləşdirir. Yəni rəssam kor-koranə yazıçını köçürmür, əsərin məzmununu dərindən dərk etmək yolu ilə orijinal, bəlkə də daha dolğun surətlər yarada bilər. Belə ki, bəzi ədəbi əsərləri müxtəlif rəssamlar illüstrə etmişlər, və həmin illüstrasiyalar bir-birindən üslub cəhətdən fərqlənsələr də ayrı-ayrılıqda orijinal bədii məziyyətlərə malikdir. Məsələn, Şekspirin əsərləri müxtəlif dövrlərdə yaşamış və müxtəlif bədii cərəyanlara mənsub rəssamlar tərəfindən illüstrə edilmişdir. Servantesin “Don Kixot” romanının surətləri Paul Qustav Dorenin yaratdığı və tarixi təfərrüat cəhətdən olduqca dəqiq illüstrasiyalar ilə yanaşı, Onore Domyenin mahir qələmindən çıxmış yığcam və ifadəli rəsmlərdə də ifadəsini tapmışdır. Bir başqa misalda Nikolay Vasilyeviç Qoqolun “Ölü canlar” poemasına rəssamlardan Aleksandr Aqinin, Pyotr Sokolov və Kukrınikslər (rus qrafiklərindən ibarət yaradıcı kollektivin ad başlıqları-Kupriyanov Mixail Vasilyeviç, Krılov Porfiriy Nikitiç, Sokolov Nikolay Aleksandroviç) müxtəlif səpkidə, müxtəlif üslubda maraqlı illüstrasiyalar çəkmişlər.
Üslub müxtəlifliyi, orijinallığı illüstrasiyaçı rəssamın fərdiyyətini müəyyənləşdirən mühim amillərdəndir. Buna görədir ki, görkəmli qrafiklərin əsərləri təkraredilməz bədii məziyyətləri ilə fərqlənir. Illüstrasiyalar kitabın məzmunundan asılı olaraq epik, dramatik, romantik, məzhəkəli səpkidə çəkilə bilər. Məsələn, rəssam Qustav Dore - Fransua Rablenin “Qarantüa və Pantaqrüel” romanını məzhəkə və mübaliğə ruhunda illüstrə etmişdir. Məhz buna görədir ki, gənclərin ən çox sevdiyi bu ölməz kitabı həmin illüstrasiyalarsız təsəvür etmək qeyri-mümkündür.
Illüstrasiyaların bədii ifa üslublarının müxtəlifliyi ədəbi əsərlərin məzmunu, eləcə də bu və ya digər qrafika texnikası ilə üzvi şəkildə əlaqədardır. Rəssam illüstrə etdiyi kitab üçün daha əlverişli texnikaya müraciət edir. Bəzən rəsmlərdə çizcilər və ştrixlər, bəzən tonlar həlledici rol oynayır. Təsvir dilinə görə rəsmlər həcmliyi yaxud səthiliyi ilə fərqlənə bilər.
Sabirin “Hophopnamə”si üçün xalq rəssamı Əzimzadə tərəfindən hələ inqilabdan qabaq yaradılmış illüstrasiyaların dilini aydın, səlis və ifadəli çizgilər həll edir. Rəssam təsvir etdiyi fiqurların kontur çizgilərini konkret şəkildə çəkir, satirik tiplərin xarakteristikasını sərrast ştrixlərlə açır, məzmunu əyaniləşdirmək üçün bir neçə rəngdən də istifadə edir. “Hophopnamə”nin illüstrasiyaları M. Ə. Sabirin satirik şerləri qədər sadə, anlaşıqlı və kəsərlidir. Şair kimi rəssam da öz fırçası ilə iki dünya, iki əks cəbhənin ziddiyətlərini təzad yolu ilə ifşa edir. Belə təzad “Dilənçi”, “Fəhlə”, “Əkinçi” şerlərinin illüstrasiyaları üçün səciyyəvidir.