Axill refleksi - çəkiclə axill vətərinə zərbə endirdikdə müşahidə olunur: m. tricipitus surae-nin təqəllüsü və ayaq pəncəsinin bükülməsi baş verir. Bu refleksi müşahidə etməyin ən yaxşı üsulu belədir: xəstə dizi üstə çarpayının və ya stulun üzərində elə dayanır ki, onun pəncələri sərbəst şəkildə kənardan sallansın; əllər divara söykənir və ya stulun başından yapışır. Xəstəni həmçinin qarnı üstə uzanmış vəziyyətdə də müayinə etmək olar: həkim sol əli ilə hər iki pəncənin barmaqlarından tutaraq, onları baldır-pəncə oynaqlarında düz bucaq altında bükülmüş vəziyyətdə saxlayır (xəstəyə sağ tərəfdən yanaşmaq daha rahatdır). Bundan sonra növbə ilə sağ və sol axill vətərlərinə çəkiclə zərbələr endirilir. Bu refleks dərin, vətər refleksidir.