Şagird tədqiqatçı, müəllim fasilitator
İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanizmlərindən biri ənənəvi təlim sxeminin dəyişdirilməsidir, yəni:
ona tədqiqat xarakteri verilməsi;
şagirdin biliklərin mənimsənilməsi prosesinin başlıca simasına, bərabərhüquqlu subyektinə çevrilməsidir.
Bu da təlim prosesində şagirdlərin və müəllimin mövqelərinin və onların funksiyalarının dəyişdirilməsi hesabına əldə oluna bilər.
Psixoloji dəstək: hörmət və etibar
Şagirdlərin fəal idraki mövqeyinin lazımi səviyyədə qalması üçün müəllim:
hərbir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibət bəsləməsi,
sinifdəki mühiti xüsusi həssaslıqla duyması zəruridir.
Şagirdə hörmətlə yanaşmaq, ona etibar etmək,onun cavablarını yaxşı və ya pis qiymətləndirməkdən imtina etmək onda həm özünə inam, həm də müəllimə hörmət və etibar hissini daha da artırır.
Fəal dərsin quruluşunu ümumi, sistemli şəkildə qavramaq üçün və dərsi apararkən onun məqsədimizə uyğun olub-olmadığını müəyyən etmək üçün müəyyən meyarlar lazımdır.
“Hər mərhələdə əsas hadisələr hansılardır? ” və “Hər mərhələnin nəticəsində nə alınmalıdır? ”sualları məhz bu meyarlar kimi çıxış edə bilər.
Aşağıda fəal dərsin hər bir mərhələsində baş verən əsas hadisələr və onun nəticəsində alınan nəticələri qeyd etmişəm.
İndi isə fəal dərsin mərhələləri ilə tanış olaq:
Dərsin I mərhələsi: Motivasiya, problemin qoyulması.Məlum olduğu kimi hər bir tədqiqatı başlayaraq problemi ortaya gətirmək lazımdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır.
Məhz tədqiqat sualı yeni bilgilərin kəşfinə aparan bələdçi, "yolgöstərən ulduz” rolunu oynayır. Fəal təlimin 1-ci mexanizminə əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı olur.
Bəs nə üçün biz dərsin bu mərhələsini məhz motivasiya adlandırırıq? Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı çıxış edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmə qabiliyyətinin sərbəstliyi və müstəqilliyidir: uşaq öz fikrini "Zənnimcə…" , "Mən belə gəlir ki,…", "Mən belə hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir.
Dərsin II mərhələsi: Tədqiqatın aparılması.Problemin həlli üzrə fərziyyələrin meydana gəlməsinin təbii nəticəsi olaraq, irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Buna, şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və fərdi şəkildə aparıla bilər. Lakin İnteraktiv təlim anlayışının özü ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş formalarının mövcudluğunu ehtiva edir. Təlimin interaktiv xarakteri kiçik qruplarda və ya cütlük şəklində işlərdə daha qabarıq formada təzahür edir.
Dostları ilə paylaş: |