I Dünya müharibəsi illərində 28 iyun 1914-cü ildə Avstriya taxt-tacının vəliəhdi Hersoq Ferdinand Bosniyanın paytaxtı Sarayevoda serb millətçisi Qavrila Prinsip tərəfindən atəş açılaraq öldürüldü. Hərbisiyasi blokların qlobal qarşıdurması şəraitində başlanan Avstriya-Macarıstan və Serbiyа arasındakı "məhəlli müharibə" tezliklə bütün qabaqcıl Avropa dövlətlərinin geosiyasi maraqlarını üzə çıxartdı. Artıq iyunun 29-da Rusiya qismən səfərbərlik elan etdi. Bundan istifadə edən Almaniya avqustun 1-də Rusiyaya, avqustun 3-də onun müttəfiqi Fransaya müharibə elan etdi. Avqustun 5-də Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Bir qədər sonra Türkiyə və Bolqarıstan Almaniya ilə ittifaqa girdilər və "Dördlər ittifаqı" təşkil edilmiş oldu. 1914-cü ilin avqustunda Yaponiya Almaniyaya müharibə elan etdi. 1915–1917-ci illərdə İtaliya da Аntanta ilə ittifaqa girdi. Dördlər ittifaqına qarşı həmçinin Portuqaliya, Rumıniya, Yunanıstan, АBŞ müharibəyə başladı. Hərbi əməliyyatlarda iştirak etməsə də, Çin, Liberiyа, Siam, Latın Amerikasının on dörd dövləti də mərkəz dövlətlərə müharibə elan etdi. Beləliklə, Balkanlarda başlayan məhəlli münaqişə böyüyərək tarixdə birinci dəfə olaraq dünya müharibəsinə çevrildi.
Avstriya-Macarıstanın müharibə planı Avstriya-Macarıstanın planı alman Baş ştabının güclü təsiri altında tərtib edilmişdi. Avstriya-Macarıstan qüvvələri 3 böyük qrupa bölünmüşdü: Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün özündə 4 ordunu birləşdirən eşalon "A", Sana və Dnestr çaylarından başlayan xətdən Buq və Visla arasından Şimala zərbə vurmalı, daha sonra Şərqə döməli və Proskurovoda cəmlənmiş rus ordusunu darmadağın etməli idi. "Minimal Balkan qrupu" Serbiyaya qarşı əməliyyatlar aparmaq üçün, Eşalon B Rusiya ilə müharibə baş verərsə Qalisiyaya göndərilməli, yalnız Serbiya ilə müharibə olacağı təqdirdə isə Balkan qrupunu gücləndirməli idi.
Müharibənin gedişatı 28 iyul 1914-cü ildə Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Avsrtiya-Macarıstan İmperiyası tərəfindən müharibədə 7.8 mln əsgər iştirak etmişdi. I Frans İosif orduya rəhbərlik edə bilməyəcək qədər qoca idi bu səbəbdən yüksək ordu komaniri vəzifəsinə hersoq Fridrix von Österix gətirildi. General von Hötzendorf isə Baş qərargah rəhbəri təyin edildi. Ona geniş səlahiyyətlər verildi. Müharibənin əvvəlində Avstriya-Macarıstan ordusu 2 yerə ayrılmışdı. Ordunun kiçik bir hissəsi Serbiyaya hücum etməli digər böyük hissə isə çar Rusiyasına qarşı döyüşürdü. 1914-cü ilin sonuna qədər Serbiyanın işğalı Avstriya-Macarıstanın ağır itki verməsinə səbəb olmuşdu. Belə ki, imperiya hər hansı bir ərazi tuta bilməməklə yanaşı 450 minlik ordusunun 227 min nəfərini itirmişdi. Buna baxmayaraq 1915-ci ilin payızında Serbiya işğal edildi. 1916-cı ilin iyun-sentyabr aylarında baş verən döyüşlərdə Avstriya-Macarıstan ordusu ölü, yaralı və əsir alınmaqla 1,5 mln əsgər itirdi. Rusların qarşısını almaq üçün ittifaq dövlətlərin komandanlığı Qərb cəbhəsindən Şərqə bir neçə diviziya gətirdi. Rusların hücumları nəticəsində 1916-cı ilin avqustunda Rumıniya Avstriya-Macarıstana müharibə elan etdi. Şərq cəbhəsində isə müharibə tərəflər üçün uğursuz başlamışdı. Avstriya- Macarıstan 1915-ci ildə Lemberq döyüşündə məğlub olmuş, tezliklə Pşemsil şəhəri ələ keçirilmişdi. 1915-ci ilin yayında Almanların rəhbərliyi altında Qarlis-Tarnov hücumunda iştirak etdi. 1916-cı ilin oktyabrnda baş verən döyüşlərdə Avstriya-Macarıstan rus qoşunları məğlub etsə də 1 milyona yaxın əsgər itirdi. 1917-ci ildə baş verən Zbarov döyüşü Çexoslovakiyanın Avstriya-Macarıstana qarşı apardığı istiqlaliyyət mübarizəsində ən önəmli addımı idi. 1917-ci ilin dekabr ayının 7-də ABŞ Avstriya-Macarıstana qarşı müharibə elan etdi, lakin imperiyanın dağılmasına aparan ən önəmli səbəblər İtaliya cəbhəsindəki məğlubiyyətlər oldu. Sentyabrın 15-də müttəfiq qoşunları Bolqarıstanа və Selaniki cəbhəsindəki Avstriya-Macarıstan qoşunlarına zərbə endirdilər. Avstriya-Macarıstan oktyabrın 29-da barışıq istədi.