"Oğuznamə"
Cahan Türkologiyasının ictimai və iqtisadi həyatlarını çox zəif və az tədqiqi etdiyi oğuz türklərinin "Oğuznamə" adında dastanı bir kitabları olduğu ötədən bəri məlumdur.
Oğuz daha Azərbaycan və Qafqaza gəlmədən əvvəl, yəni Türküstan steplərində köçəri bir həyat sürərkən xalq şair və həkimi demək olan ozanlar əşirətdən-əşirətə dolaşaraq çadırlarda qurulan şülən-bəylik qonaqlıqlarda50 və başqa xalq yığıncaqlarında oğuzların mənkəbələrini bəstələr ilə oxuyaralardı.51 Bu mənkəbələr başqa türk şöbələrinin yaratdığı əfsanələr kimi əvvəlcə şifahi bir şəkildə olaraq bütün xalq içində yayılmış və yerləşmiş bulunurdu. Sonradan kağız üzərinə gömülmüşdür ki, "Oğuznamə" adının bir yerə toplandıqdan sonra verilmək ehtimalı daha çoxdur. Qüvvətli bir ehtimala görə "Oğuznamə" adının ya əcəm müvərrixləri və yaxud da əcəmləşmiş türk tarixçiləri tərəfindən verildiyi qənaətindəyiz.
Mövzuları əsrlərcə yaşayaraq xalqın bədii ehtiyaclarını təmin edən "Oğuznamə" müsəlmanlıqdan əvvəlki etiqad və ehtiyatların izlərini daşıyardı.52 Zaman keçdikcə müxtəlif səbəblərlə bilxassə ərəb dininin yerləşməsini mütəaqib qüvvətli bir surətdə inkişaf eləyən Quran kulturasının təsiri altında "Oğuznamə"nin dastanları yerini İslami bir şəkildə olan başqa xalq "məbəd"lərinə tərk edərək meydandan qalxmışdır.
Oğuz mənkəbələrinin, xalq ədəbiyyatından qalmış islamiyyətin başlanğıclarında olmamışdır. Bunlar müsəlmanlığın intişarından sonra da çox zamanlar qüvvətlə yaşamışdır. Azərbaycan və Qafqaz Oğuzları içində XVIII əsrin ikinci yarısına qədər davam etdiyini bizə bir neçə vəsiqə isbat edir. Türkiyənin kitabiyat müəlliflərindən Bursalı Məhəmməd Tahir məxəz göstərmədən, «Oğuznamə»nin XVI əsrə qədər xalq arasında yaşadığını bu sətirlərlə qeyd edir: “Türk qövmünə mənsub əkvam haqqında yazılan milli tarixlərdən ən dəyərlisi əldə bulunan bəzi imarələrə nəzərən «Oğuznamə» almaq lazım gəlir. Bu tarixi kəbir hicrətin bir tarixinə qədər Azərbaycan (Qərb-Şimali İran) tərəfində mövcud olduğu bəzi vəsaiklə müsbət isə də bu günkü gündə əlimizdə mövcud deyildir.53 Məhəmməd Tahirin ümumi rəvayətlərinin təsiri altında olaraq tarix54 adı ilə deyiriz.
Göstərdiyi Oğuz mənkəbəsi izlərinin yaşadığı tarix XVI əsr sərhədini keçdiyini görürük. Bizim əhalimiz arasında XVII əsrdə o mənqəbələrin yaşadığı 1638 tarixində Dərbənd şəhərini ziyarət edən səyyah Oleari XVIII əsrdə mövcud olduğunu 1722-ci ildə köhnə Rusiya çarı Böyük Pyotrun knyazlarından Kantemirdən nəqlən qeyd edir. Zəmanəmizdə yaşayan xalq məsəlləri (nağılları) səlahiyyət sahibi türkoloqlar tərəfindən tədqiq edilirsə əski mənqəbələrimizin təsirlərinin bulunduğunu tapmaq və yaxud onların başqa şəkillərə girdiyini görmək ehtimaldan uzaq deyildir.
«Kitabi Qorqud»u «Oğuznamə»yə bağlayan vəsiqə
“Oğuznamə”nin mahiyyəti haqqında bizə ilk məlumatı verən Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsrəddin Məhəmməd ibni Klavununun (cilusu 1075, vəfatı 1123) adamlarından Əbu Bəkir Abdullah ibn Aybəkid Dəvadaridir55. Bu adam on üçüncü əsrə qədər keçən vakələr haqqında Misirdə yazdığı tarixində «Oğuznamə»ni böylə anlatır: “Başqa türklərin «Əğiznamə» («Oğuznamə») adında bir kitabı var. Bu kitab onların arasında çox məşhurdur. Onların əhvallarını ilə mənşələr və ilk hakimləri barəsində məlumat ehtiva edir. Onların böyügü Oğuz deyilən bir adamdır...”
Dəvadari “Oğuznamə”nin türkcəsini görməmişdir. O, ərəbcəyə tərcümə edilmiş bir nüsxədən istifadə istifadə etmişdir ki, bu ərəbcə nüsxə də 793 tarixində (hicri 211) farscadan tərcümə olunmuşdur. “Oğuznamə”nin ərəbcə tərcüməsi haqqında Dəvadari bu izahatı verir: “Atam hicri 709-da (miladi 1291-də) idarə mərkəzi Bilbas (Belbis-Qahirə civarındadır-Ə.A.) olan Şərq vilayətinin valisi idi. Tatarlara aid bir neçə alim yapdığı münaqişədən sonra yoldaşlarından Əminəddin-il Həməvi mənə bir kitab göstərdi. Bu kitabın yeganə nüsxə olduğunu və onun Əminə Bədrəddin Bayasiri tərəfindən özünə verildiyini əlavə elədi.
Əsər naxışlı və təzhibli idi. Yazısını Əli ibni Hilaləl Bavaq adında xəttatın bir şagirdi yazmışdı. Kitabın kağızları Bağdad şəhərində yapılmış ipəkdən idi. Cildi də sarı rəngə ipəkdən işlənmiş idi. Kitabın ayrıca altundan bir qapağı var idi. Yoldaşlarım Mənsur-əl-Əbbas, Əminəddin-il Həməvi və Bəlikin şairi Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Bir taqım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrayıl binin Bəxtuşu (vəfatı 795) adında bir doktor olduğu öz dilindən yazılmışdır. Bu kitabın əvvəlcə türk dilindən farsacaya tərcümə edildiyini və sonradan özünün hicri 211 tarixində farscadan ərəbcəyə tərcümə etdiyini qeyd etmişdir. Bu əsər Əbu Müslüm Xorasanın (vəfatı 719) xəzinəsinə aid şeylərdən idi. Əbu Müslüm özü də Buxtu xan sülaləsindən olduğunun və bu əsəri vərasət olaraq aldığını söyləyirmiş” 56.
Abbasi xəlifələrindən Harun-əl Rəşidə (doğumu 730, ölümü 775) uzun müddət doktorluq yapan Cəbrayıl bini Bəxtuşunun yazdıqlarından anlaşıldığı kimi, əsərin nəyə görə ondan əvvəl türkcədən farscaya 793 tarixindən ərəbcəyə tərcümə edildiyinə baxılarsa tərcümə “Oğuznamə” nüsxəsinin beşinci-altıncı əsrlərdə bulunduğunu qeyd etmək lazım gəlir ki, o vaxtdan bəri keçən uzun müddət içində ortada yox olmuşdur. Bu qiymətli kitabın yalnız bir neçə parçası bizə qədər gələ bilmişdir. Bunu da bizə Əbu Bəkir Abdullah Dəvadari xəbər verir.
«Oğuznamə»nin mündəricatı haqqında bildirdiyi qısa məlumat ilə Dəvadari kitab, oğuz türklərinin zühuri, ilk həyatları və ilk hökmdarlarına aid izahatdan ibarət olduğunu göstərir və bu əsərdə bir çox hekayə bulunduğunu da söyləyir. Onun göstərdiyi «Oğuznamə»nin içində türklərin “And üsulu”, «Altun xan», «Arslan hekayəsi», «Ulu Ay anası», «Ulu Ay atası», «Ulu Qara dağ», «Uşaq hekayəsi», «Qartal hekayəsi» və sair kimi mənkəbələr vardır. Bunlardan başqa Dəvadari «Oğuznamə»də «Təpəgöz hekayəsi»nin mövcud olduğunu da söyləyir. Bu hekayənin mövzusu əqil və məntiqin qəbul etməyəcəyi bir şəkildə xurafi mahiyyətdədir. Biz buraya ancaq mühüm bir vəsiqə olduğu üçün alırız. Dəvadari ərəbcə «Oğuznamə» nüsxəsində gördükləri «Təpəgöz hekayəsi»nin mövzusunu bu surətdə anladır: «Oğuznamə» adlanan bu kitabda onların (yəni oğuzların) Dəbəgöz (Təpəgöz) dedikləri bir adamın sərgüzəşti var. Təpəgöz onların məmləkətlərini yıxıb dağıtmış və böyüklərini öldürmüşdür. Oğuzların köhnə etiqadına görə Təpəgöz əcaib bir adammış. Təpəsində tək bir gözü var imiş. Ona nə qılınc nə də nizə işləməzmiş. Anası böyük dəniz cinlərindənmiş. Atası da qocaman başlı bir adammın. O qədər ki, başına 13 qoyun dərisindən bir papaq geyərmiş. Bunun kimi bir çox məşhur hekayələri vardır ki, bizim zəmanəmizə qədər oğuzlar arasında yaşamışdır. Bu hekayələri bilikli adamlar qopuz çalaraq əzbərdən nəql edərlər. Nəhayət türklərin içində yetişən Ərs (Oruz) oğlu Busat adında bir qəhrəman Təpəgözü öldürmüşdür. Bu vəqiə də böylə olmuş: bir qız varmış, onu yənən (basan) adama gedəcəyini söyləmiş imiş. Taliblərdən kimsə onu basmamış idi. Əsr oğlu Busat qızı yəndi və qızla bərabər atası Ərsin yanına gəldi. Və atasına qızı yəndigini xəbər verdi. Atası da cavab olaraq: Mən də öylə sandım ki, Təpəgözü öldürmüsən - dedi. Busat bu sözün izlərinə haman getdi və Təpəgözü əqlin qəbul etməyəcəyin xurafi bir şəkildə öldürdü.
Dəvadarinin bir hekayə tərzində göstərdiyi mövzu əlimizdəki «Kitabi Qorqud»da iki ayrı hekayədir. “Kitabi Qorqud”dakı «Təpəgöz» hekayəsində Busatın qız ilə mücadiləsi yoxdur. Böylə qızı yendikdən sonra almaq mövzusu Kanbura bəy oğlu Bamsıbirik hekayəsində vardır. Bu hekayədə «Bamsıbirik» adında bir qəhrəman Yegit bəy Beycanını qızı Banuçiçək ilə güləş yaparaq qızı basır və ondan sonra onunla nişanlanır. «Kitabi Qorqud»da üçüncü hekayə olaraq göstərilən bu hekayənin mövzusunu Əbubəkr Abdullah Dəvadarinin oxumuş olması, «Kambura bəy oğlu Bamsıbirik» hekayəsinin də «Oğuznamə»də bulunduğunu göstərir. Qız ilə oğlanın güləşi haqqında Dəvadarinin verdiyi məlumat Qorqudun kitabındakı «Bamsıbirik hekayəsi»nin yalnız bir qismini təşkil edir. Halbuki, Təpəgöz haqqında göstərdiyi mövzusu kitabın səkkizinci hekayəsi olaraq «Büsat Təpəgözü öldürdüyü boyunu bəyən edər» sərlövhəsi altında müfəssələn vardır.
Dəvadarinin bu iki xürafayi anlatması sayəsidədir ki, bu gün məlum olan «Kitabi Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan”ın məşhur «Oğuznamə»nin bir parçası olduğu qəti surətdə anlaşılmışdır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın «Oğuznamə»yə bağlı olduğu göstərir. Kitabda bunlunan 12 hekayədən 6-sının sonunda o hekayəyə «Oğuznamə» deyildiyini göstərən sözlər var.
«Dirsə xan oğlu Bağac xan» hekayəsinin sonunda bu cümlə var: «Dədəm Qorqud boy boyuldu, soy soyuldu, bu «Oğuznamə»yi düzdü-qoşdu, böylə dedi: «Onlar dəxi bu dünyaya gəldi- keçdi, karvan kimi qondu köçdü».
«Salur Qazanın evi yığmalandığı» hekayəsinin son sətirlərində böylə deyilir: «Dədəm Qorqud gəlibən boy boyuldu, soy soyuldu, bu «Oğuznamə»yi düzdü-qoşdu».
«Baybura bəy oğlu Bamsıbirik» hekayəsi də böylə bitir: «Dədəm Qorqud gəldi, şadlıq çaldı, boy boyuldu, soy soyuldu, qazı ərənlər başına nə gəldigini söylədi. Bu “Oğuznamə” birgin olsun dedi».
«Qazanın oğlu Uruzun əsir olması» hekayəsinin sonunda: Dədər Qorqud gəldi şadlıq çaldı, bu «Oğuznamə»yi düzdü-qoşdu.
«Qazılıq Qoca oğlu Yegənig boyunda» deyilir ki, Dədəm Qorqud gəlib boy boyuldu, soy soyuldu, bu «Oğuznamə» Yegəngin olsun dedi.
«Bəgil oğlu İmran» hekayəsinin sonunda da bu cümlə oxunur: «Dədəm Qorqud gəlib şadlıq çaldı, bu «Oğuznamə»yi düzdü-qoşdu, Bəgil oğlu İmranın olsun dedi, qazılar başına nə gəldiyinin söylədi».
Bu parçalar eyni zamanda «Oğuznamə» adına həm Oğuz mənqəbələrinin ümumi məcmuəsinə, həm də oğuzlardan hər bəy, xan və yaxud qəhrəman ətrafında vücuduna gəlmiş tək mənkəbəyə verildiyini də göstərir.
Zəmanəmizə qədər gələn «Oğuznamə» parçaları: «Qoruqud kitabı» ilə «Oğuz» mənkəbəsi və «Hazətür risalə min kəlməti Oğuznamə”dir.
Qorqud kitabı haqqındakı tədqiqlərə aid biblioqrafiya
«Kitabi Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan”ın yeganə yazma nüsxəsinin Almaniyada Drezden kitabxanasında bulunduğunu öz kataloqlarında xəbər verən alimlərdən Aleymerdir. Bu nüsxə Drezden yazmaları içində Fleyşer kataloqunda 86 nömrə ilə mükəyyidir. XIX əsrin başlarında yenə Alman mütəkkiklərindən Dits bu nüsxəyə kopya etmişdir. Bu kopya Berlin kitabxanasında Perça fehrüstündə 203 nömrədə mükəyyədir. Bundan başqa Dits yazma nüsxədə bulunan hekayələrdən «Basatın Təpəgözü öldürdü boynu bəyan edər» əfasanəsinin mətnini almancaya tərcüməsi ilə bərabər şərqiyyətə aid material koleksiyonunun içində 1815-ci ildə nəşr eyləmişdir. Akademik Bartoldun söylədiyinə görə Niyoldeki nam bir alim də 1859-cu ildə yazma nüsxəyi tamamilə kopya etmiş və əhəmiyyətli yerlərini almancaya tərcümə etmişsə də bir çox yerlərini anlamadığı üçün tam etməmişdir.
Bundan sonra «Dədə Qorqud» haqqında çox geniş tərzdə rus alimləri tədqiqatda bulundular. 1894-cü ilə 1911 tarixləri arasında başda akademik Bartold olduğu halda Tumanski İnostronev və Qazax alimi Dibayev tərəfdən bir çox məqalələr nəşr edilmişdir ki, bunların mahiyyəti öz bəhslərində təhlil ediləcəkdir.
Vaxtı ilə İstanblada təşkil edilmiş «Asar İslamiyyət və milliyət tədqiq əncümən» Berlin kitabxanasındakı kopya edilmiş nüsxənin fotoqrafını çıxararaq Kilisli müəllim Rüfət mərifəti ilə kitab halında basdırılmışdır. (Mətbəəyi Amirə 1332, miladi 1916).
Müəllim Rüfətin istinsax əsasında oxuyamadığı bir çox ifadə və kəlmələrin yanında yapdığı təhsislərin bir çoxu yanlışdır. Çünki «Kitabi Qorqud»un dili bizim Azərbaycan ləhcəsi olduğundan bizim indi belə qullandığımız bir çox kəlmələri və ifadələri müəllim Rüfət bilmədiyi üçün bunları yanlış olmadığı halda, Osmanlı türkcəsinə görə təshih eləmişdir.57 Yazma nüsxəyi bizat görən və tədqiq edən Bartol mətndə kitabın adını «Kitabi Dədə Qorqud əla lisani taifeyi Oğuzan» deyə göstərir.58 Halbuki, Rüfət dədəm degin zəmir ədatı «m»-yı atmış və tayifə gəlməsini də osmanlı ağzına görə taifə yapmışdır.
Bu xüsusda türkiyəli müəllimlərdən M.Cövdətin 1334 və 1338-də yazılmış iki kiçik məqaləsi, bundan sonra Köprülüzadənin kitabalarında bir neçə qısa haşiyəsi vardır. Ən son tədqiq Əbdülqədir adında başqırdıstanlı bir gəncin «Türkiyyat məcmuəsi»ndə «Kitab Dədə Qorqud» haqqında sərlövhəsi ilə yazdığı məqaləsidir. Bu məqalə əksik bir bibiloqrafi ilə bərabər qırğız və başqırd türkləri arasında Qorqud haqqında yaşayan əfsaqələrdən bəhs edir.
Yuxarıda yad edilən bütün mənbələr Bartoldun ilk məqaləsində qısa sətirlər müstəsna olmaq şərti ilə “Qorqud kitabı”nın dil və ədəbiyyat tarixi nöqteyi-nəzərindən əhəmiyyət və qiymətli təhlil edəcək ümumi mahiyyətdə deyil. Biz burada bütün bu tədqiqləri gözdə tutaraq onu ümumi bir təhlil məruz buraxacağız.
Drezdendəki mətnin yazıldığı tarix haqqında
“Qorqud kitabı”nın mətni Drezden kitabxanasının XVI əsr yazmaları arasında hifz edilməkdədir. Demək olur ki, yazmaların kataloqunu tərtib edən Fleyşer mətnin bu əsrdə yazıldığına qənaət hasil etmişdir. Bartolda mətnin yazıldığı tarixi araşdırarkən haman-haman eyni nəticəyə vasil olmuşdur. Böylə ki, mətnin son səhifələrindən birində Osman paşanın vəfat tarixi 993-cü ildir (miladi 1585), tərzində mövcud bir qeydi görən Bartold deyir ki, bundan da əlyazmasının o vaxtlar (yəni 1585 illərində) yaxud az sonra yazıldığı istiğrac edilə bilər59.1
Halbuki, bizcə bir kitabın mətni xaricində gəlişi gözəl qeyd edilən bir vəfat tarixi o kitabın yazılışı və yazıldığı tarix ilə əlaqədar olmaz. Bunun üçün mətnin yazıldığı tarixi böylə bir ölüm tarixindən çıxarmağa çalışaq doğru nəticə verməz.
Əski türk ailələrində bir adət var idi: birisi doğuldumu, və ya öldümü və yaxud zəlzələ, aclıq, xəstəlik, istila kimi mühüm hadisələr zühr etdimi, vaqiənin tarixi ailənin böyüyü və yaxud oxumaq biləni bir-iki sətirlə evdə bulunan ləyəttyin bir kitabın (ələl-əksəri Quranın) başına və ya sonuna qeyd edilirdi. Osman paşa adlı zatın ölümünün qeydi də bu surətlədir. Bu kimi qeydlər üçün mütləqa kitabın qədim və yaxud yaxın zamana aid olduğuna bakılmazdı. Ola bilər ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətnin çox köhnə bir zamanda yazılmışdır.
«Kitabi Qorqud»u öz kataloqunun XVI əsrdə mənsub yazmaları içində qeyd edən Fleyşeri aldadan səbəb də bəlkə bu bir sətirlik qeyddir. Akademik Köprülüzadə müəyyən bir vaxt göstərməyərək bu yazmanın Osmanlı dövlətinin təşkilindən sonra təsbit edilmiş olduğunu iddia edir.60
Burada təsbit kəlməsi istinsas mənasına olmayıb da şifahi vəziyyətdə ikən kağız üzərinə qonulduğu məqsədi ilə qullanılırsa, o halda bir az düşünmək lazım gəlir. Çünki Əbu Bəkir Abdullah ibni Aybekir Dəvadarinin verdiyi məlumat mövcibincə “Kitabi Qorqud”dakı mündəricat «Oğuznamə» adı altında çox əvvəllər türkcə olaraq təsbit edilmişdir. Sonralar farscaya və IX əsrdə farscadan ərəb dilinə tərcümə olunmuşdur ki, Dəvadərini XIV əsrin başlarında gördüyü «Oğuznamə»nin ərəbcə tərcüməsidir. O halda, bu tərzdə ifadəyi biz ancaq əldəki kitabın Osmanlı dövlətinin təhsizindən sonra kopya edildiyi tərzində qəbul etmək məcburiyyətindəyik.
Osmanlı dövlətinin təşkilini mütəaqib kopya edildigi fikrini verən yeganə vəsiqə «Kitabi Qorqud»un iki cümləsidir: «Qorqud ata ayıtdı: Axır zamanda xanlıq geri kayiya degə kimsənə əllərindən almiyə, axır zaman ölüb qiyamət qopunca. Bu dedigi Osman nəslidir işdə sürülüb gedəyürdür (səh.3). Bir də «Bayburə bəg oğlu Bamsıbirik hekayəsi»ndə İstanbul kəlməsinin yad edilməsidir. Bayburə bəg yeni bir oğlu doğduğu zaman bəzirganları çağıraraq əmr verir: «Barın Rum elinə mənim oğlum üçün yaxşı ərmağanlar gətirin böyüncə» dedi. Bəzirganlar dəxi gecə-gündüz yola girdilər. İstanbula gəldilər. Dam danışıq ələ yaxşı ərmağanlar aldılar (səh. 39).
Bu iki cümlədən birincisi daha qüvvətli bir vəsiqə təşkil edir. Həqiqətdən “Qorqud kitabı”nın başında görülən cümlə kitabın Osmanlı hökumətinin təşkilindən sonra yazıldığını deyil, kopya edildiyini göstərir.
“Qorqud” mətninin yazıldığı tarixi XVI əsrə qədər irəli gətirmək doğru olmaz. Mətindəki dilin ünsürləri bu fikri təyin etdiyi kimi ayrı bir vəsiqədə mütaliəmizi qüvvətləndirir. Əski Osmanlı padşahlarından ikinci Murad zamanı (doğumu 1388, vəfatı 1438) olan XIV əsrin sonları ilə XV əsrin başlarında yazılmış «Tarixi-Ali Səlcuq» Dədə Qorqud haqqında bu qayıbdan xəbərlər söylərdi. Həqqi tənəzər edərək qiymətli vəsiqə olduğu üçün buraya alırız. “Rəsul əleyhsəlam zamanına yaxın zamanlarda Bayat boyundan Qorqud ata qopdu. Kənd və kövminin birgəsi idi. Nə dersə olurdu. Qayıbdan xəbərlər söyləyirdi. Haqq tala onun könlünə ilham edərdi. Etdi axır zamanda görü xanlıq kayeya verilib, kimsə əllərindən almiyədi, dedigi Osman Rəhmətullah nəslidir”.61
«Tarixi ali Səlcukun» göstərdiyi vəsiqəyi eyni ilə “Qorqud kitabı”nın Drezden nüsxəsinin başlanğıcında da buluruz: “Rərsul əleyhsalam zamanına yaxın Bayat boyundan Qorqud ata deyilən bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisi idi. Nə dirsə olurdu. Qayıbdan dürlü xəbərlər söylərdi. Haqq-tala onun könlünə ilham edərdi. Qorqud ata etdi axır zamanda xanlıq, gəri kayıya degə, kimsənə əllərindən əlmiyə, axır zaman ölüb qiyamət qopunca, bu dedigi Osman nəslidir, işdə sürünüb gediyor”.
Görülür kü «Tarixi ali Səlcuk»un nəql etdiyi məlumat “Qorqud kitabı”nın müqəddiməsindən başqa bir şey deyildir. Bu halda «Tarixi ali Səlcuq»un XV əsrin ilk yarısında yazıldığına baxılırsa, «Kitabi Dədəm Qorqud»un XVI əsrdə yazıldığını iddia edənlərin hökmlərindən zəiflik öz-özünə meydana çıxar.
“Qorqud kitabı”nın XVI əsrdən çox əvvəl yazıldığını təyid edən vəsiqələrdən biri də “Qorqud kitabı”nın tamailə köçəbəlik səciyyəsini göstərən mövzularıdır.
Dəvadarinin fikridə bunu nəkz edir. Əldəki “Qorqud”un bir qisminə böylə havi olan «Oğuznamə»nin ərəbcəsini daha XIV əsrdə görmüşdür. O halda türkcə daha əvvəl yazılmışdır.
Demək olur ki, «Qorqud kitabı», «Tarixi ali Səlcuq»dan əvvəl yazılmışdır. Buna görə Drezden nüsxəsinin kopya tarixinin XV əsrin gerisində qalan əsrlərin içərisində aramaq lazımdır.
“Azərbaycanı öyrənmə yolu” jurnalı,
1930, sayı 3(8), səh. 48-52.
Xalq ədəbiyyatı və incəsənəti
TÜRK XALQ ƏDƏBİYYATINDA MANI NÖVÜ VƏ AZƏRBAYCAN BAYATILARININ XÜSUSİYYƏTİ
(Beş bin bayatı-manı üzərində yapılmış bir tətəbönamədir)
Manı və həyatının tarixi təkamülü. Turfan, Altay, Özbək, Mişər, Kazan, Kırım, Anadolu, İrak və Dağıstan manılarına bir baxış. Azərbaycan bayatılarının bir xüsusiyyəti: oyandırma və xitab tərzləri, qafiyədə cinaslamalar, vəzn tipləri, üçüncü misraların xarakteri. – Bayatılarda ictimai qiymətlərin təzahür şəkilləri, bayatı motivlərində əşirət dövri ilə feodalizm, kapitalizm və inqilabi cəmiyyət quruluşlarının ədəbi üslubu. Bayatıların başqa nəzm şəkillərilə əlaqəsi. Bayatılarla əlaqədar xalq ənənələri. Bayatılarda qadın yaradıcılığı.
Mədxəl
Türk xalqları ədəbiyyatında bol məhsullu müstəqil bir ədəbi nevi olan manı-bayatı haqqında türkoloji aləmi çox az tədqiqə malikdir. Bu xüsusda ilk əlaqə göstərən Avstriyalı Hammerdir ki, qərb ədəbiyyatına aid yazdığı əsərində Anadolu manılarından müxtəlif nümunələr göstərmişdir. Ondan sonra manıdan bəhs edən Macar müstəşri1lərindən akademik İqnats Kunoşdur ("Osmanlı Türkləri xalq mənzumələri", Budapeşt, 1889; "Türk xalq ədəbiyyatı", İstanbul, 1925). Kunoş əsərlərində yalnız manıdan nümunələr göstərməklə kifayətlənməmişdir. Bu nümunələrin çoxu Anadolu manılarına aiddir. Az bir qismi də Cihan müharibəsi əsnasında Rusiyə ordusuna mənsub olub da Macarlara əsr düşən tatar əsrlərindən toplanmış Kazan və Kırım manılarıdır.
Rus türkoloqlarından məşhur V.Radlovun Türk xalq ədəbiyyatına aid küllüyatında təhsilsiz olaraq göstərdigi yüzlərcə manı nümunəsi tamamilə Kunoşun əsərlərindən kopya edilmişdir. ("Türk tayfalarının xalq ədəbiyyatı nümunələri", S.Peterburq, 1899)
Manı haqqında az-çox tədqiqə polyak şərqiyyatçılarından professor Tadeyş Kovaliskinin əsərində təsadüf olunur. Manıya həsr etdigi üç səhifəlik izahatında Anadolu manılarını vəzn etibarilə təhlil edərək nəticədə üç tip manı olduğunu iddia etmişdir ("Türk xalq nəzmlərinin şəkilləri üzərində tədqiqlər", Krakovi, 1921).
Bu xüsusda yapılan tədqiqləri tarix sırası ilə təqib edərsək Köprülüzadə Məhəmməd Fuadın da saz aşıqlarından bəhs edərkən manı haqqında da izahat verdigini görürüz. Özündən əvvəlki alimlərə nisbətlə daha geniş olan bu izahatında mudəqiq manının dörd və altı mısradan ibarət yeddi hecalı vəzndə olduğunu və əsas fikrin sonuncu beytdə bulunduğunu qeyd etməkdədir. Köprülüzadəyə görə altı misralılar hər zaman cinaslı olur, dörd misralılarda tam cinas olması şərt dəgildir. Hətta çox az olaraq beş və altı hecalı manıların da bulunduğunu qeyd edir. Bu məqalədə manılara istinad edən xalq əgləncələrindən də ayrıca bəhs edilməkdədir (Saz şairləri. "Tənin" qəzetəsi, İstanbul, 1922).
Köprülüzadə başqa bir məqaləsində yenə manıdan bəhs edərkən onun ən əski nəzm şəkli olduğunu qeyd etməkdə və bunların bir-birilə birləşməsi və təkamül etməsi sayəsində koşma, dastan, türkü, varsağ, türkü sağo nevlərinin vücudə gəldigini irəli sürməkdədir. Yenə bu alimin nöqteyi-nəzərinə görə Azərbaycan türk ədəbiyyatında tuyuğ nevinin vücudə gəlməsi pəhləvilərə aid nəzm şəkillərindən olan pəhləviyyat, yaxud fəhləviyyat ilə manının birləşməsi sayəsində olmuşdur (Qoşma tərzi, "Yeni məcmuə", İstanbul, 1923 və İstanbul Darülfünunu təkrirləri, 1925 ).
Türkiyəli mühərirlərdən Haşım Nahid İraq türklərinə aid yazdığı məqalələrdə İraq manilərindən bəzi nümunələr göstərərək onlardakı təhəəssüs və təfəkkür tərzindən bəsit bir şəkildə bəhs etmişdir.
Mühərririn qeydinə görə manılarda birinci misranın qısa olması, manıyı çağıran adamın adını söyləməsi üçündür (İrak türkləri. "İkdam" qəzetəsi, İstanbul, 1338 və "Türk yurdu" məcmuəsi, Ankara, 1339).
İstanbul Darülfünunu Məzunları Cəmiyyətinin nəşr etdigi "Manılar" risaləsi, yalnız havi olduğu mətnlər etibarilə diqqətə layiqdir. Bunlar akademik Kunoşun Macarıstanda basdırdığı əsərlərdən seçilərək kopya edilmişdir (Manılar. İstanbul, 1339).
Türkiyyat aləmində mühüm mətnlər nəşr etməklə tanınmış Kilisli müəllim Rüfətin topladığı yüzlərcə manılar ancaq xam material halındadır (İstanbul Darülfünun Kütübxanəsi, yazmalar qismi).
Manı haqqında bəsit bir izahata müəllim Səddədin Nüzhət və Məhəmməd Fəridin əsərlərində təsadüf edirik. Bunların verdigi məlumat mənbə göstərməklə bərabər Köprülü- zadənin fikirlərinin ibtidai şəkildə kopyasından başqa bir şey dəgildir (Konya vilayəti, xəlqiyyat və hərsiyyatı, Konya, 1926).
Özbək mühərrirlərindən Ə.Züfəri və G.Yunusun bu xüsusda əsərləri və Türkistanda şaye olan manılar etibarilə dəyərə malikdir (El ədəbiyyatından əşulələr. Səmərqənd, 1927).
Bizdə də bayatı ilə əlaqədar az-çox nəşriyyat yapılmışdır. Müəllim Abbaszadənin kitabçasında (Bakı, 1918, ikinci təbi), müəllim Bünyadzadənin "Kəşgül" adlı şərqilər məcmuəsində (Bakı, 1915) və "Dağarcıq"ında (Bakı, 1917), Firudin Köçərlinin "Balalara hədiyyəsi"ndən (Bakı, 1912), Y.Vəzirovun "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı əsərində (İstanbul, 1337) yalnız bayatı mətnlərinə təsadüf edilməkdədir. Bu qəbildən əski Azərbaycan Ədəbiyyat Cəmiyyətinin nəşr etdigi "Bayatılar" kitabçasında yalnız mətnləri havidir (Bakı, 1926).
Səlman Mümtaz "Aşıq Abdulla" adlı bir şairdən bəhs edərkən bayatı haqqında da qısa izahat verir. Çox qarışıq olan bu izahatda ilk mısrada şairin öz adına zikr etməsi haqqında olan iddia, Haşım Nahidin fikrindən kopyə edilmişidir. İkincisi, bayatının Oğuzların Bayat şöbəsinə nisbətlə adlandırılması fikri də Köprülüzadənin daha əvvəlcə söylədigi fikrinin ("Türkiyyat məcmuəsi", cild 1, səh. 205) təkrarı deməkdir. Səlman Mümtaz kitabçasında beş yüzə qədər bayatının Aşıq Abdullanın olmasını göstərməkdədir ki, bununla şərik olmaq qabil degildir. Mühəririn bu korkunc yanlışlığı kitaba "Azərnəşr" tərəfindən ilavə olunan müqəddimədə açıq bir surətdə göstərilmişdir.
İsmayıl Hikmətin də yazılarında manılara aid təhlillərə təsadüf edilir. Bu mühərir eyni cinsdən manıları bir çox adlarla ayrı-ayrı olaraq qeyd etmişdir. Eşq şərqiləri, manılar, şikəstələr, bayatılar, izdivac şərqiləri, ölüm şərqiləri... Bəstə (musiqi) adı ilə nəzm şəkili adlarının qarışdırıldığı bu bölgünün özü belə bu tədqiqin nə qədər keyfi olduğunu göstərməkdədir. Sərlövhənin altında qeyd edilən izahat ictimai, ədəbi tədqiqdən ziyadə şairanə təhssüslərə daha yaxındır (Azərbaycan ədəbiyyatı tarixi, birinci cild, Bakı, 1928).
Bu ümumi biblioqrafinın mündəricatından da açıq bir surətdə anlaşılır ki, manı-bayatı haqqında elm aləmində aparılan tədqiqlər bu ədəbi nevin keçirdigi tarixi təkamülü, hər ləhcə daxilində qazandığı orijinallığı, texniki xüsusiyyətləri sınıfların idealizəsilə olan əlaqəsini, ictimai mevqeyini, türk nəzminin qəmmi (koliçestvennıy) inkişafındakı rolunu, etnoqrafik qiymətinin bir tərkib (sintez) halında qavramaqdan çox uzaqdır.
Məmləkətimizdə gündən günə artan folklor tədqiqatlarının və təsis olunmağa başlayan elmi ədəbiyyatçılığın verdigi cəsarətlə, hiss olunan boşluğu bu iş təcrübəsi ilə-vəlo-qismən olsun doldurmaq qayəsini təqib etdik. Bunu da hər şeydən əvvəl qeyd etməli ki, bu tətəböönamə daha səlahiyyət sahibi olan alimlərin tədqiqlərini nəzərə aldığı kibi, Azərbaycanı Ögrənən Cəmiyyət tərəfindən toplanılıb da tərəfimizdən tərtib edilən beş minə qadar Azərbaycan bayatısı ilə bir çox digər türk xalqlarının manılarına istinadən meydana çıxmışdır.
Dostları ilə paylaş: |