AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Şəfa məqsədi ilə gedilənlər



Yüklə 0,77 Mb.
səhifə12/17
tarix04.05.2017
ölçüsü0,77 Mb.
#16567
1   ...   9   10   11   12   13   14   15   16   17

Şəfa məqsədi ilə gedilənlər

Ocaqların başlıca funksiyalarından biri də insanların xəstə­liklərinə dərman yeri olmasıdır. Həkimdən, dərmandan dərdinə əlac tapa bilməyənlər, ümidləri hər yerdən kəsilənlər ən sonda ocaqlara, türbələrə müraciət etməli olurlar. Bəzən də insanlar elə ilk başdan, həkimə müraciət etmədən ocaqlara və ya pirlərə gedirlər. Bunlar daha çox kənd yerlərində yaşayan, ocaqların müqəddəsliyinə heç bir şübhə yeri qoymadan inanan ailələrdir ki, qədimdən qalma ənənəni yaşatmağa davam edirlər. El arasında ocaqların sağalmaz dərdlərə də əlac olduğuna inanılır. Sağalmaq istəyənlər hər şeydən öncə getdikləri ocağa, türbəyə, pirə qeydsiz-şərtsiz inanmalıdırlar. Bunu ocaq sahibləri də deyirlər. Əslində bu ocaq sahibləri olan imam övladlarının kəramətləridir. Belə imam övladlarından Mir Həsən Ağanı, Mir Cəfər Ağanı, Mir Heydər Ağanı, Mir Tağı Ağanı, Qərib Seyidi, Seyid Sadiqi və b. göstər­mək mümkündür. Hətta seyidlərin günümüzün sağalmaz dərdlə­rindən olan xərçəngi, qaraciyər serrozunu, iflic olanları sağaltdığı haqqında çoxlu əhvalatlar söylənilir. Məsələn, məşhur Seyid Sa­diq Ağa haqqında xərçəng xəstəliyini sağaltdığı deyilir.

“Masallıda biri vardı, gedib Bakıda deyiblər rakdı. Başqa yerlərdə də deyiblər həmin xəstəliyi. Bı dedi, məndə da uje ay söbəti qalıb da. Nəzir boyun aldı ağanın cəddinə. Onun qardaş­darı Germaniyada idi, sora da çıxıb getdi ora. Müalicə-zad olun­madı. Hardasa bir 15 gün keçmişdi üstünnən, bı həmin adam gəldi. Həkimlər demişdi səndə belə bi şey yoxdu. Onda ağa rəh­mətə getmişdi uje. Hə, gəldi qəbir üstə. Möcuzəlidi, kim nə bo­yun alır, hamısı qabıl olur. O adam da nəzirini verdi” (25, 132).

Söyləyici də Seyid Sadiqin məzarının bütün dərdlərə şəfa ye­ri olduğunu bildirdi. Təkcə Seyid Sadiq Ağanın türbəsi deyil, ya­şadığı ev də ziyarət edilir və ocaq kimi bütün Masallıda məşhurdur.

Sığdaş kəndində məşhur olan Mürsəl ocağı bir su quyu­sundan ibarətdir. Söyləyicinin verdiyi məlumata görə:

“Birinci imamımız Həzrət Əli Əleyhisalam burdan keçən­də o quyu onnan qalıb. O gələndə baxır ki, bu yerdə içməli su yoxdur. O, öz Zülfüqar qılıncıynan, burda daş olub, daşa vurub, oranı götürüblər yeddi metrə qazıblar, dupduru içməli su çıxıb. Yay, qış orda həmən su var. Yayda suyu biz gəlib burdan apa­rırığ. Bu quyunun yaxınnığında qazılanların hamsınnan şor su çıxır, təkcə burdan içməli su çıxır. Yay, qış burda su olur. Ona görə bura Həzrət Əli quyusudu. Həzrət Əlinin yüz bir dənə adı olub. Mürsəl də elə Həzrət Əlidi” (115).

Mürsəl ocağına da hər dərdə çarə arayanlar gəlirlər. Bura­da müalicə üsulu çox sadə olub, yalnız quyudan çıxan suyu iç­mək­lədir. Belə universal funksiyası olan ocaq və pirlər konkret bir və ya bir neçə dərdə şəfa verən ocaq və pirlərə nisbətən daha çoxdur.

Mir Əlican Ağayla oğlu Mir Rəsul Ağaya da hər dərd üçün müraciət edildiyini Mir Rəsul Ağanın oğlundan öyrəndik:

“Ağamın yanına hər dərdə görə gəlirdilər. Bi dəfə qonşu kətdən bi kişi gəlmişdi, onun qolu çürüyürdü. Həkimlər çarə edə bilmirdilər. Ağam ona əl çəkməknən onun qolunun çürüməsi dayanmışdı, hələ də var o adam, sap-sağlam adamdı” (121).

İmam övladlarının bir çoxu onları çağıran, xatırlayan adam­lara da kömək edirlər. Baxmayaraq ki, bu adamlar ocaq­lardan çox uzaqda olurlar, hətta bir çoxu yardım istədiyi seyidi tanımadığını, sadəcə onun adını eşitdiyini söylədi. Bəziləri də onu ilk dəfə yuxuda görür, onunla yuxuda təmas qururlar.

“Çox vaxt yuxugörməyə səbəb adamı, xüsusən çox məşğul edən hadisələr olur. Adam mühüm bir xəbər gözləyir və bu, onun fikrini özünə cəlb edir. O, yuxuya getdikdə həmən hadisə ilə əlaqədar olaraq oyaq qalan nahiyələrdən başqa beyin yarım­kü­rələri qabığı tormozlanır. Odur ki, adam yuxuda həsrətlə göz­lədiyi xəbəri aldığını görür. Səhər yuxudan duranda, nəhayət, teleqram alır. Belə hadisələr haqqında mövhumatçı adamlar de­yirlər: “Yuxum çin çıxdı”. Əslində isə bu yuxudur” (37, 220-221). Hər halda ocaqlı adamların yuxuda birinə kömək etməsi bu materialist dünyagörüşlə izah edilə bilməz. Burada əsas mə­sələ imam övladı seyidin kəramətidir. Kəramətlərin yuxu vasi­təsi ilə həyata keçirilməsi nağıl və dastanlarımızda da geniş ya­yılmışdır. Xüsusən, məhəbbət dastanlarında yuxuda qəhrəmana buta verilməsi, onun öz sevgilisinin adını, yerini yuxuda öyrən­məsi, hətta qəhrəmana aşıqlığın da yuxuda buta kimi verilməsi (36, 65, 68-69, 76) bir daha yuxu elementinin qədim zamanlar­dan üzü bəri inamla bağlı olduğunu göstərir. Qiyabi şəkildə, yu­xuda şəfa vermək, hətta ölümdən qurtarmaq kimi fövqəladə ha­di­sələr ocaq və pirlərin, imam övladlarının ən böyük özəllik­lə­rin­dən biridir. Bununla bağlı bir əhvalat əslən Yardımlı rayonu­nun məşhur Pirembel seydlərindən olub Masallı bölgəsinin Şıx­lar kəndində məskunlaşan Mir Əlican Ağa haqqında da söylənir.

“Maskvada, bir qadının qardaşı öz övladınnan avariya dü­şüblər. Belə olub ki, bı qadın xəstəxananın həyətinə hər gün gə­lir­miş, deyirmişdər ki, vəziyyəti ağırdı, öləcək. Ölməsə də bunu tu­ta­caxlar, günahkar budu. Qadın deer ki, Allah dərgahına əlimi qal­dırdım ki, İlahi, özün kömək ol. Deer, başımı belə tutmuşdum, yor­ğunnuxdan yuxu məni apardı. Yuxu tutanda bacımı gördüm dedi:

– Mir Əlican Ağanın cəddini çağır, o köməy olar.

Deer başımı belə qaldırdım, səs eşitdim. Gördüm ki, nu­rani bi adam başımın üstündə durub.

Dedi ki:

– Qızım, noolub?

Başımı qaldırdım dedim:

– Ağa, sənsən?

Maskvada, xəstəxanada həyətdə gördüm onu. Deeb dərdüü bilirəm. Allahı çağır, cəddimizi çağır. Hər şey yaxşı olar, nara­hat olma. Allaha iman gətir, yəni namaz qıl söbəti olub. Deer tək­rar gözümü belə yumdum, dedim:

– Ay ağa, nə desən eliyərəm.

Başımı qaldırdım gördüm ağa yoxdu.

Üstünnən bir yarım saat keçdi, oturmuşuğ də hamımız. Bir­dən həkim gəldi, qaçdım qabağına, dedi ki, qardaşın özünə gəlir. Belə oldu ki, iki günnən sora ekspertizanın rəyi çıxdı və rəydə də çıxdı ki, həqiqətən günahkar başqa maşın imiş. Olar da alkaqol vəziyyətində olublarmış sən demə. Ordan deer mən bacıma zəng elədim ki, bəs belə də, o seyidi tanıyırsan? Bacım dedi, mən sənə nə deyim, bilmirəm valla, amma eşitmişəm, hardasa var Masallıda. Nəisə olar gəlib babamı tapdılar, qurban kəsdilər” (25, 165-166).

Xırmandalıda Kərbalayı Tağı ocağı el arasında maralların gəlib sağıldığı bir ocağ kimi tanınır. Maral sağan dərvişlərın kə­ra­mətləri haqqında Anadoluda da çoxlu mənqəbələr vardır. Hət­ta əslən Azərbaycandan olan məşhur ələvi dərvişlərindən birinin adı Geyikli (maral) Babadır. Maralların gəlib sağıldığı Xırman­dalı ocağı bir çox dərdə dərmandır. Sağalmaq üçün gedənlər ocağ­dan götürdükləri kimyədən (su ilə qarışdırılmış torpaqdan hazırlanan palçıq) alınlarına və ya ağrıyan yerlərinə sürtürlər. Niyyət edənlər də ocağa nəzir qoyurlar (118). Söyləyicilərin də çoxunun dediyi kimi, Kərbəlayı Tağı ocağı hər dərdə dərmandır.

Bəzi ocaqların və ya pirlərin ya funksiyası unudulmuş, ya da xalq arasında sadəcə ümumi şəfa yeri kimi formalaşmışdır. Əslində daha qədimlərdə istər Masallıda, istərsə də digər bölgələrdəki ocaq­ların bir çoxu özəl funksiyaları ilə seçilirdi. Zamanla bu pir­lərin funksiyaları özəldən ümumiyə doğru inkişaf etmişdir. Bunlardan biri də Mahmudavar kəndindəki Baba Seyid Ağa ocağıdır.

“Xəstəliklə bağlı hər hansı bir arzu-dilək tutub gəlib Baba Seyid Ağaya yalvarırdılar ki, ya Allah, sən Baba Seyid Ağanın xətrinə, bizim filan işimizi həyata keçird. Yəni arzularımızı ver. Olur ki, kimsə xəstələnirsə gəlir burda çarə tapmaq üçün yalvarır. Məzarın yanındakı kimyədən götürür, kimyə də çarədir, sağalmaq üçün gələn sağalır da” (117).

Kimyə sürtmək adəti Masallı bölgəsi ocaq və pirləri üçün xarakterikdir. Bir məsələ də kimyənin daha çox bütün dərdlərə çarə olmasıdır.

“Qara Seyidin qəbrinin içinnən əl atıb kimyə götürrüy ordan, hazırrıyırüy, gələn onnan alnına sürtür. Hər dərdə dər­mandı” (127). Burada mühüm olan inamdır ki, bu da özünü ocaqlarda olan suda, torpaqda, ağacda, daşda və s.-də göstərir.

Şəfa tapmaq üçün müraciət edənlərin xəstəliyə görə ocağın bütün qaydalarına əməl etmələri ilə bərabər bir də ürəkdən dua etmələri şərtdir. Nə xəstəliyi olursa olsun, ilk öncə insan sağlam­lığı Allahdan (cc), sonra da ocaq sahibinin cəddindən istəməli­dir. Ona görə də ağaca bez, ip bağlamaq, ağrıyan yerə ocaqdakı kimyədən sürtmək, gecəni ocaqda keçirmək sadəcə işin yarısı­dır, yarısından çoxu Allaha yalvarma, Allahdan istəmədir. Bunu ocaq və pirlərə müraciət edənlərin hamısı bilir. Xalq ocaqdan, pirdən istəsə də, əslində onların vasitəçi olduğunu yaxşı bilir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin