AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Övladı olmayanların müraciət etdiyi ocaqlar



Yüklə 0,77 Mb.
səhifə10/17
tarix04.05.2017
ölçüsü0,77 Mb.
#16567
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Övladı olmayanların müraciət etdiyi ocaqlar

Ocaq və pirlərin bütün İslam aləmində ən çox ziyarət edi­lənləri təbii ki, övlad istəyənlərin müraciət etdikləridir. Çünki uşaq ailənin, soyun, toplumun və nəhayət, millətin var olma qa­rantıdır. Yeni evlənənlərin uşaqları olmadıqda insanlar ilk növ­bə­də bunu Allahın təqdiri kimi yozur və ocaqda yatan imam öv­ladının üzü suyu hörmətinə Allahdan uşaq istəyirlər. Ona görə də seyid məzarlarına və ya seydlərin yaşadıqları evlərə ziyarətə gələnlərin çoxu övladsız olan qadınlardır və ya onların yaxın qo­humlarıdır. Xalq arasında kəramətləri və müqəddəsliyi ilə bili­nən bu insanların üzü hörmətinə Allahdan uşaq istəmə Cənub böl­gəsində, konkret olaraq Masallı rayonunda çox yayılmışdır. Bu adətin tarixi təbii ki, türklərin şamanlıq dövrlərinə qədər gedib çıxır. Yakut qadınlarının uşaq istərkən şamana müraciət etmələri eyni ilə Altaylı qadınların da dağ, meşə ruhundan uşaq istəmə­lərinə adekvatdır (44). Həm yakut, həm də altaylı qadınlar uşaq olması üçün müqəddəs sayılan tənha ağacın, daha çox ağ­ca­qayın ağacının yanında bir və ya bir neçə gecə keçirməli olur­lar. Mə­sələn, Masallı bölgəsində Lal Seyid adı ilə bilinən seyi­din ocağına nəzir deyib bir neçə gün orada gecələməklə uşağın ola­cağına inanılır. Oraya daha çox uşağı olmayan qadınlar gedirlər.

“Bura ən çox elə nəzir boyun alıllar, gəlillər bura. Uşağı olmuyan nə bilim ee. Orda içəridə bir yatax var, orda gəlib yatan da olur bir gecə, oturan da olur. Sora niyyətdərinə çatıllar, uşaxları olur. Çox ağır seyid olub. Yoldaşı da ağır seyid olub, özü də. İkisi də seyid idilər. Lal Seyidin on bir övladı olub. Burda olanı da var, Bakıda olanı da var. Hər cümə günü bura çoxlu qurbannar gətiril­lər, kəsillər. Bu ətrafda ən tanınmış ocaxdı. Bu onun türbəsidi, evi də o evlərin yanındadır. Onun evinə də nəzir boyun alannar var, ora da ocağ kimidir. Kimin övladı olmur, ağrıyan yeri var, gəlir gündüzlər uzanır orda, arzusuna çatır, sağalır” (109).

Eyni ilə nəzir deyib Mir Heydər Ağadan yardım istəyən­lərin də övladları olduğu haqqında çox sayda söyləntilər vardır.

“Köhnə Alvadıdan Əmir kişi vardı, tütün zavodunun mü­dürü idi. Onun dosdı var idi, onun oğul övladı olmurdu. Əmir də ona deyir ki, bizim rayonda bi seyid var, səni boyun alıram, sə­nəki Allah bı qədər qız uşağı verib, bı səfər oğlan övladın olsun, səni aparacam Mir Heydər Ağanın ziyarətinə. Elə də oldu oğul övladı dunyaya gəldi. Gəldilər bıra Zaqataladan. Əmir kişi dedi bax, bı seyiddi, mən səni bının cətdinə boyun almışam və sənə də oğluvun adını mən deyirəm, Əli qoy” (25, 139).

Masallı şəhərindən olan və el arasında ağır seyid kimi ta­nınan Mir Tağı Ağanın da zaman-zaman övladsız insanlara yar­dım etdiyi barədə söz-söhbətlər gəzdiyi məlumdur. Deyilən­lərə görə, Mir Tağı Ağa hətta rəhmətə getdikdən sonra da insan­lara kömək etməyə davam edir. Bununla bağlı belə bir əhvalat da danışdılar:

“Bizim bi qonşu var, onun on səkkiz il evladı olmeeb. Ar­xa qonşuyla savaşmışdılar, ona demişdilər ki, sonsuzsan. O, ağ­lıya-ağlıya gəldi, anam da iş görürdü. Gəldi, yapışdı babamın şəklinnən. Dedi:

– Ay ağa, səən evüün nökəriyəm, məni burdan naümüd qaytarma. Ya əlimi üz, ya ətəyivi.

Elə ağlıyır ki! Gəldi o köhnə evimizdəydük onda. Ora da neçə əsrin evidi haa. Dedi, evivün piləkannarının daşın, torpağın yeyərəm mən, ağa. Anam gördü bağrı çatdeer, dedi qıza, it cə­hən­nəmə get. Onu arxadan yol var idi, ordan yola salduğ getdi.

Bir gün mən də yuxuda gördüm ki, nənəm mənnən kimyə göndərdi, iki nəfərə. Biri aldı tökdü gülün dibinə, bına verdim, aldı işdi. Dedi, oxay, nə ləzzətdidi. Elə yuxuda da gəlirəm nənə­min yanına, deyirəm, nənə, bəs belə də aldı işdi, nənəm də bulağ kimi yer idi, ordan su qaynıyırdı, əlin atdı ordan bi lüt uşağ gö­türdü, dedi, apar ver Ayidə gəlinə. Bu onun qismətidi.” (25, 146)

Övladsıza övlad vermə yollarından biri də seyidin sidq ürək­lə dua etməsidir. Məsələn, Mir Rəsul Ağanın övlad verməsi əhvalatı belə olmuşdur:

“Birinin uşağını maşın vurmuşdu. Uşağ ölmüşdü. Öz də uşağ bir az ruhi xəstə idi. Olara demişdilər ki, sizin heç övla­dı­vız olmıyacağ. Amma ağa orda barışığ eliyənnən sora, iki il sora oların övladı dünyaya gəldi. Həmin oğlan sağ-salamatdı indi də. Ağam olara demişdi ki, haqqa gəl, Allah yolunda barışığ elə, Allah da sənə yenə övlad payı verər. Elə də oldu. Şükür Allaha, indi o oğlanın 15-20 yaşı var”(121).

Və ya eyni seyidin övladsıza uşaq verməsinin başqa bir variantı ilə qarşılaşırıq. Məsələn, bir adamın övladı olmur, o da niyyət edib Mir Rəsul Ağanın yanına gedir:

“Deyir:


– Ağa, mən bi niyyətnən gəlmişəm.

Deyir:


– Demiyə bilərsən. Sənin övladın olmur. Bu quruyur, duruxur.

Deyir:


– Allah sənə övlad verəcək. Amma bi şərtnən, əyər sən özün namaz qılmağa imkanın yoxdursa, sənin valideyn­lərinnən atan və yaxud da anan, kimsə namaz qılsın hec olmasa.Yəni onun müqabilində. Deyir ki, ağa, baş üsdə.

Üstünnən 3 ay keçmişdi, iş yoldaşıyığ mənə yaxınnaşdı, dedi ki, seyid, xəbərin var əmi olacağsan. Deməli, Məhəmməd peyğəmbərin mövlud günü onun qızı oldu. İndinin indisində də həmən yoldaş deyir ki, sizin övladınızdı, sizin qızınızdı. Bir neçə dəfə belə hadisələr olub. Atamın da, babamın da belə mö­cüzələri çox olub” (121).

Ocaqdan götürülən hər hansı bir əşyanın da övlad verdiyi kəramətlərdən biridir. Gəlininə, qızına uşaq istəyən ana və ya qaynana çox vaxt ocaqdan götürdükləri yaylığı başlarına örtər­lər, uşaq olduqdan sonra ocağa gəlib götürdükləri yaylığı yeni­dən oraya qoyarlar. Məsələn, Hişkədərə kəndində olan və xalq arasında İmamzadə adlanan pirin baxıcısı aşağıdakıları söylədi.

“Bu yaxında bir kişi gəldi Cəlilabaddan, iki gəlindi arvad-uşağnan, bi yerdə əyləşdilər orda. Gedəndə bı arvad götürdü başının yaylığını qoydu burda, dedim xeyir ola?

Dedi:

– Bir il bunnan qabağ mən bu yaylığı götürmüşəm, üzr istiyirəm, gəlinimin uşağı yox idi. Mən onu bağlamışam gəlini­min belinə, indi Allaha çox şükür uşağı oldu. İndi bi niyyətimdə var, o da olsun gənə gələrəm” (126).



Ocaq və pirlərdən uşaq istəmənin bir forması da el ara­sında deyildiyi kimi, beşik yürütməkdir. Masallıda Mir Tağı Ağa­nın ocağında bu cür uşaq istəmə daha çox yayılmış­dır. Söy­ləyici beşik yürütmənin həm necə olduğunu, həm də uşağın do­ğumundan sonra baş verənlər haqqında belə dedi:

“Bilirsüz ki, Əli Əsğər qundağda oxlanıb. O, Kərbəla müsi­bə­tində öldürülüb. O, ordakı beşik də gördüz aaa, o evdə ocaxda, həmin beşikdi. Balaca beşikdi, onun üstünə çxol-zad eləmişüg. Or­da arxa evdədi. Ora gəlib nəzir qoyullar, indi kimin nəyə gücü ça­tırsa. Baxır nəyi niyyət eliyir. Heç belə olmasa da imkanı, Allah ri­zasi üçün yürüyürük o beşiyi onunçün. Sadəcə nəzir qoyur, o, eh­sanat olur. Yürüyürük məsəlçün, Qulam məllimin adına ki, Allah, bu adama Əli Əsgər xatirinə bir övlad payı ver. Nə qədər burda be­şik yürümüşəm, hamısının evladı olub. Bir də görürsən kimsə kə­sir qabağımı deyir, ay Cənnət bacı, bu uşağın beşiyini sən yürü­müsən, deyirəm, nə bilim vallah. Mənim yaddaşım yoxdu. O beşiyi əslində biz yürüyürük, amma istəsə, adam özü də yürüyə bilər. Deyirəm, məsəl, ilahi bına evlad ver gətirim beşiyə bağlıyağ.” (124)




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin