Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə59/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   55   56   57   58   59   60   61   62   ...   78
Nizami-folklor

Maya YUSİFOVA

NİZAMİ GƏNCƏVİ İRSİ VƏ FOLKLOR
Folklor yazılı ədəbiyyatın yaranması və inkişafı üçün əvəz­siz mənbələrdən biridir. “Bütün dünya ölkələri şairlərinin ən yaxşı əsərləri xalqın yaradıcılıq xəzinəsindən götürülmüşdür”. Azər­baycan ədəbiyyatı ən qədim zamanlardan bu günümüzə qədər şifahi xalq ədəbiyyatı ilə bağlı inkişaf etmişdir. Xaqani, Nəsimi, Nizami, Xətai, Füzuli, Məsihi, Vaqif kimi görkəmli ədəbiyyat xadimlərinin əsərlərində bu bağlılığı aydın müşahidə etmək olar.

Azərbaycan ədəbiyyat tarixində folklor və yazılı ədəbiy­yatın bir-birindən istifadəsi, qida alması qarşılıqlı olmuşdur. Belə ki, folklor yazılı ədəbiyyatın əsas mənbəyi olduğu və in­kişafı bo­yu ədəbiyyata təsir etdiyi kimi, ədəbiyyatında öz növ­bəsində şifa­hi yaradıcılığa təsiri aydın görünür. Bu təsir dildə, formada, ifadə vasitələrində, bir sıra ideya və motivlərdə özünü göstərmişdir. Xalqa bağlı olan sənətkarlar onun yaradıcılığına biganə qalma­mış, folkloru hər cəhətdən faydalı bir qaynaq hesab etmişlər.

Tarixi həqiqət və ədəbi – tarixi faktlar göstərir ki, yazılı ədəbiyyat meydana gəldikdən sonra şifahi xalq ədəbiyyatı ara­dan çıxmamış, yazılı ədəbiyyatla yanaşı yaşamış, inkişaf edib zənginləşmişdir. Maddi və mənəvi sərvətləri yaradan xalqın bi­la­vasitə universal poetik sənəti kimi folklor yaşamış, forma və janr müxtəlifliyi saxlamaqla yeni motivli əsərlər hesabına zən­ginləşmişdir.

Folklor-şifahi xalq ədəbiyyatı cəmiyyətin intibah dövründə yaranmış klassik, irsi tarixi bir missiyanın daşıyıcısıdır : Bədii yaradıcılığın bütün sahələri üçün qaynaq olmaq !

Türk dünyasının qüdrətli sənətkarı Ç.Aytmatov özünün zəngin yaradıcılığında qədim türk mifologiyası və folklorundan istifadə etmiş və bunu bədii-psixoloji cəhətdən belə əsaslan­dırmışdır. “Folklor, mifologiya yazıçı üçün təfəkkür metodu, real gerçəkliyi öyrənmə və yozum vasitəsidir”.

Beləliklə, çoxəsirlik milli və dünya ədəbiyyatı materialları göstərir ki, folklordan istifadə, “sənətkarlığın əsas əlaməti”dir. Bu klassik və müasir ədəbiyyat üçün tipoloji məziyyətdir.

Milli-xəlqi forması, bədii-estetik, fiziki-fəlsəfi dəyəri ilə seçilən fars dilli yazılı ədəbiyyatımızın ədəbi məktəb yaratmış görkəmli nümayəndəsi Nizami Gəncəvi olmuşdur. Nizami Gəncəvi irsinin ən böyük poetik-fəlsəfi dəyərlərindən biri şairin yaradıcılığının folklorla bağlılığıdır.



Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün ustalıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası Bertels yazır: “Əgər Nizami bəlli olmayan başqa ya­zılı mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox ge­niş yayılmış olan şifahi rəvayətlər onun üçün material olmuş­dur”. Nizami xalq hikmətinin, zəkasını, xalq müdrikliyini hər şey­dən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Ni­zaminin dahi bir sənətkar kimi yetişməsində bir çox amillərlə ya­naşı, zəngin Azərbaycan xalq yaradıcılığı mühüm rol oynamışdır.

Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün tükənməz xəzinəsidir. Professor M. H. Təhmasib yazır: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatının bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərlə folklor nü­munəsinə rast gəlmək olar”. Nizami Gəncəvinin əsərləri əsa­sın­da klassik ədəbi irsin folklorla əlaqəsi aşağıdakı tərəflərlə “alqo­ritmik məzmun” kəsb etmişdir!

1. Sənətkar xalq ədəbiyyatından istifadə etmişdir.

2. Xalq ruhuna dərindən bələd olan sənətkar kimi Ni­zaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.



3. Nizaminin həyatı ilə əlaqədar hadisələr əsasında yaran­mış yeni folklor nümunələri yaxud el variantı kimi yaranmış əsərlər.

Nizami əsərlərində müxtəlif folklor nümunələrində, o cüm­lədən əsatir və əfsanələrədən, rəvayətlərdən, xalq söyləmə­lə­rindən geniş istifadə etmiş və sənətkarlıq dühasını onlara əlavə etməklə kamil sənət nümayiş etdirmişdir. Nizami ilk böyük əsəri olan “Sirlər xəzinəsində” xalq əfsanə və nağıllarından istifadə etmişdir. Bunlardan “Süleyman və Əkinçi”, “Nuşirəvan və bay­quşların söhbəti”, “Sultan Səncər və qarı”, “Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” və başqa nü­mu­nələri göstərmək olar.

Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə əra­zisində məşhur olan “Qanlı daş” adlı əfsanə ilə demək olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrəti, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün məşhur bir ma­ralı vurmalı olduğu və daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, cansız bir daşdan qan axması ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin humanizim ifadə olunur. İnsanın vəhşiliyi üzündən daş­ların belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oya­nışı və əməlindən peşmançılıq çəkdiyi verilir.

“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də “Ha­run ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında geniş yayılan “əsir padşah” əfsanəsilə yaxından səsləşir. Qızılın – pu­lun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir.

Ümumiyyətlə, Nizami əsərləri öz rişələri və kökləri ilə Azər­baycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” əsərində verilən “Gül və zəhər əfsanəsi” xalq arasında başqa şəkildə da­nışılır, xalq arasında bu “Loğman və şagirdi” adlı əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konflikt eynidir: iki alimdən biri yaşamalı digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər ha­zırlayanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur.

Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanə­lərdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət dastanı olan “Leyli və Məcnun”dan ustalıqla bəhrələnmiş və Xəmsəsinə daxil olan “Leyli və Məcnun” poemasını qələmə almışdır. Lakin bu əfsanənin yalnız şairin ərəb mənbələrindən aldığını iddia edənlər, əlbəttə, yanılırlar. Çünki tarixi mənbələrdən aldığımız məlumata əsasən bu əfsanə ərəb mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədəbiyyatda həkk olunmuşdur.Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır ki: “Nizaminin öz poemasının ancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünki Nizaminin “Leyli və Məcnun” poemasında ərəb mənbələri həlledici rol oynamır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük təşkil edir”. Şirvan hökmdarı Axsitanın Leyli və Məcnun əfsanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil, bu fakt da təsdiq edir ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri olmuş, Azərbaycan əhalisi arasında sevilərək yayılmışdır. Hətta belə bir atalar sözünün xalq arasında yayılması da bu faktları sübut edir: “Məcnun kimi dərs oxuyan vəlleylidə qalar”.

Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncgah” muğa­mı­nın guşələrindən birinin “Leyli və Məcnun” adlanması yu­xarda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr edilmiş “Leyli və Məcnun” poemasının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrətli şair də bundan həvəslə bəhrələnmişdir.

Nizaminin “Leyli və Məcnun” poemasında “İt və cavan” rəvayəti ilə şahın zülmkarlığı və etibarsızlığı anladılır. “Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət dərsi veri­lir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.

“Yeddi gözəl” əsəri qədim əfsanələri özündə cəmləşdir­mək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, ”Göyərçin əfsanələri” – “Öncəqala əfsanəsi”, “Göyərçinin ayağı niyə qırmızıdır” əfsanələrinin müxtəlif variantları verilmişdir. Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə yanaşı, təmsillərdən ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərindən baca­rıqla faydalanmışdır. Məsələn, onun “Sirlər xəzinəsində” verdiyi “Qarışqa və kəklik” təmsili xalq ədəbiyyatındakı “Pendir ağzın­da bir qara qarğa” təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən “Bülbül ilə qızılquş”, “Meyvəsatanla tülkü”, “Ovçu, it və tülkünün dastanı” təmsilin ən yaxşı nümunələridir. Bundan sonra humanist şair “Xosrov və Şirin” poeması vasitəsi ilə göstərdi ki, o öz yaradıcılığı ilə xalq həyatına, xalq yara­dıcılığına dərindən bağlı olan bir sənətkardır. “Xosrov və Şirin” əsərinin müqəddiməsində deyilir:

Məlum hekayədir bu “Xosrov Şirin”

Ancaq dastan yoxdur bu qədər şirin,

Ruha xoş gəlsədə bu gözəl dastan

Pərdədə qalmışdı bu gəlin çoxdan

“Xosrov və Şirin” Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl zfsanədən qüvvət almışdır. “Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami “Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu”. (M.Rəfili)

Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma almış, dövrün bütün hadisələri ilə səsləş­dirilmişdir. Bütün bunlar xalq bədii təfəkkürünün inkşafına əhə­miyyətli təsir göstərmişdir.

N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilində tərcümə etmiş, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Dahi şair xalq yaradıcılığı nümunələrindən istifadə etməklə bərabər, özü də yeni aforizmlər, hikmətli sözlər yaratmışdır: “Ot kökü üstün­də bitər”, ”Pişik balasını istədəiyindən yeyər”, “Söyüd ağacı bar verməz”, ”Qoyunu qoyun ayağından asarlar, keçini keçi”, “Öz­gəyə quyu qazan özü düşər” və. s.

Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyya­tın­dan ustalıqla faydalanmış, həm də onun inkşafına güclü təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq variantları da buna aydın sübutdur.

Epos yaradıcılığın son mərhələsində qədim epos və das­tanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin “Xəm­sə”si tükənməz bir xəzinə,qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğam aşıq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Şahzadə Bəhram”, “Məmməd və Güləndam” və başqaları bunun ən yaxşı numunələridir. Bun­lardan “Leyli və Məcnun” dastanı Nizaminin eyni adlı poe­ma­sından, “Fərhad və Şirin” dastanı isə şairin “Xosrov və Şirin”in­dən, “Şahzadə Bəhram” və “Məmməd və Güləndam” isə Niza­minin “Yeddi gözəl” əsərindən qidalanaraq formalaşmışdır.

Bundan başqa Aşıq ədəbiyyatımızda neçə-neçə cahanna­mə, ustadnamə, bayatılar və digər ölməz nümunələr dahi Niza­minin “Xəmsə”si ilə bağlı şəkildə yaranmışdır.

Nizami haqqında hekayə, dram və roman yazılmışdır. Bu bədii əsərlərdə dahi şairin parlaq istedadı, mənəviyyatı, xalqına, torpağına bağlılığı, humanizimi obrazlı şəkildə göstərmişdir. Nizami irsi ümumxalq malı olmuş, onun adı və əsərləri ədəbiyyatımızın ən əsrarəngiz obrazına çevrilmişdir. Nizami və folklor əlaqəsini zaman baxımından izah etsək, belə deyə bilərik ki, Nizami xalq yaradıcılığından yalnız özünün yaşayıb yaratdığı dövrdə istifadə etmiş , bəhrələnmişdir. Lakin Nizami irsi, onun qüdrətli yaradıcılığı neçə əsrdir ki, Azərbaycan ədəbiyyatı və folkloruna öz əhəmiyyətli təsirini göstərir və bundan sonrada göstərəcəkdir. Elə buna görə də Nizami sənətkarlığı ədəbiyyat və folklor üfüqlərində parlayan poetik günəşə çevrilmişdir.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin