Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə108/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   104   105   106   107   108   109   110   111   ...   232
Mətanət Muradova

(Əlyazmalar İnstitutu)
Türk alİmİ Kamal Paşazadənİn əsərlərİ Azərbaycanda
XVI əsrdə yaşayıb-yaratmış böyük Osmanlı alim, şair və tarixçisi Kamal Pa­şazadənin elmin bütün sahələrinə aid bir çox əsərləri vardır. Qaynaqlar alimin əsər­lərinin sayının 100, 300, 400, hətta 500 olduğunu göstərməkdədır. İslam Alimləri ensiklopediyası üç dildə yazılmış əsər­lə­rin sayının 219 olduğunu xa­tır­la­dır və onları aşağıdakı bölgüdə təq­dim edir: 19-u türk, 7-si fars və 183-ü isə ərəb di­lində yazılmışdır. Bib­lioqrafik mənbələrdən əldə etdiyimiz məlumata görə müəl­li­fin əsər­lə­rinin 36-sı Əhməd Cövdət Paşa tərəfindən nəşr olunmuşdur. Müəllifin müxtəlif elm sahələrindən bəhs edən əsərləri arasında kəlam elminə aid “Ri­sa­lətül-Mümeyyizə” və “Risalətün fi əvsafi ümmil-kitab”, əqaidlə bağlı “Mü­fər­ri­cül-Qürub”, üsuldan bəhs edən “Təğyirüt-tənqih”, hədis el­minə aid “Şərhu hədisi-ər­bəin”, dilçilik elminə həsr etdiyi “Gəlatatil-əvam” və “əl-Fəlah şərhil-Mə­ran” ad­lı əsərləri elm aləminə məlumdur.

Müəllifin “Risalətün fi bəyanil-vücud” ad­lı əsəri Midhəd Əfəndi tə­rəfın­dən “Ləaliyi Məani” adı ilə türk dilinə tərcümə edi­lərək yayın­lan­­mışdır. 

Kamal Paşazadənin islam huququndan bəhs edən “Təfsirül-Quran”, “Hədisi- ərbəinnin tərcüməsi”, “Fətva Məcmuəsi”, “Hidayənin  şərhi”, “Hədiqatül-Əs­har”  və “Şərhü viqayə” kimi əsərləri də vardır.

Ərəb və fars dillərini mükəmməl bilən Kamal Paşazadə sərf və nəhvə aid fars dilində “Daqaiqül-Həqaiq”, “Mühitül-Luğat” adlı ərəbcə farsca lü­gət tərtib et­miş­dir.

Sədi Şirazinin “Gülüstan” əsərinə nəzirə olaraq türk dilində yazdıgı “Di­van"ı, 1313/1895-ci ildə İstanbulda nəşr olunmuşdur. Onun Şey­xül­islam Yəhya Əfən­di tərəfındən fars dilindən türk dilinə etdiyi tərcümə “Nigaristan” və 7777 beyt­lik “Yusif və Züleyxa”sı onu ədəbi əsərlər mü­əl­lifi kimi də tanıtmaqdadır. Onun Yavuz Sultan Səlimin vəfatı ilə bağlı bir mərsiyə də vardır.  

Kamal Pa­şa­za­də ədəbi mühitə bacarıqlı tərcüməçi kimi də təqdim olunur. Kamal paşazadənin bir sıra tərcümə əsərləri də vardır. Mənbələr onun tər­cü­mə­çilik fəaliyyətindən bəhs edərək ən önəmli nümunə kimi İbn Təğribinin “ən-Nü­cümuz-zahirə fi Mülük-i Misr vəl-Qahirə” əsəri­nin ərəbcədən türk dilinə tər­cü­mə­sini göstərilər. O bu əsəri Yavuz Sul­tan Səlimin əmri ilə türk dilinə tərcümə etmişdir.

AMEA Əlyazmalar İnstitutunda Kamal Paşazadənin ilkin olaraq hə­ləlik 4 əsə­rini aşkarlamışıq. Bu əsərlərdən ikisi ərəb dilindədir. Bunlar “Risalət fi tabaqat əl-fuqaha” və “Şərh tərixi İbn Kamal Paşa” adlanır. “Risalət fi tabaqat əl-fuqaha” əsə­rinin adı bəzi mənbələrdə “Tabaqatul-fuqaha” kimi də verilir. Bu risalənin hə­lə­lik xəzinəmizdə 4 nüsxəsini il­kin olaraq aşkarlamışıq. A-100, B-5135, B-3978, B-6491 şifrələr altın­da qorunub saxlanan bu nüsxələr XVI-XVIII əsrlərdə kö­çü­rül­müş­dür. (“Kamal Paşazadə və onun “Tabaqat” əsəri “haqqında geniş məlumatı Azər­­­baycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərq­şü­naslıq İns­titutu görkəmli şərqşünas alim, akademik Vasim Məm­mədəliyevin anadan ol­ma­sının 70 illiyi münasibətilə “Azərbaycan şərq­şünaslıq elminin inkişaf yolları” möv­zusunda keçiriləcək Beynəlxalq Elmi Konfransa təqdim etmişəm).

Kamal Paşazadənin tarixə aid olan ən mühüm əsəri “Təvarixü  ali Os­man” əsə­ridir. O, “Təvarixi ali-Osman” əsərini Sultan İkinci Bəyazid Xa­nın (1481-1512) sifarişi ilə yazmışdır. Mənbələrin yazdığına görə “O, Bəyazid İdris Bitlisiyə Osmanlı tarixini farsca yazmağı əmr etmiş, Kamal Paşazadədən isə hamının başa dü­şəcəyi bir dildə - türk dilində bir tarix əsəri yazmasını istəmiş və bunun mü­qa­bi­lin­də ona 30.000 min axca vermişdir”. Hər padışahın tarixi dövrünü bir cilddə yazan Ka­mal Paşa 1510-cu ilə qədər olan dövrü əhatə edərək Sultana həsr etdiyi səkkiz cild­lik tarixi əsər ərsəyə gətirmişdir. Sonralar isə Qanun Sultan Sü­ley­manın əmri ilə əsəri qaldığı yerdən davam edərək, Mohac Səfəri sonuna qədər (1527) olan ta­ri­xi dövrü yazmışdır. Beləliklə, “Təvarixi ali-Osman” əsəri Osmanlı dövlətinin ya­ran­dı­­ğı vaxtdan, 1527-ci ilə qədər olan 234 illik tarixi əks etdirən on cildilik dəyərli bir mənbə ola­raq ortaya qoyulmuşdur.

“Təvarixi ali Osman” əsərinin dünyanin bir çox kitabxana və əlyaz­ma xə­zi­nəsində onlarla əlyazma nüsxələri və əski çap kitabları qorunub saxlanır. Bu tari­xi abidənin nüsxələri Türkiyə kitabxanalarında daha ge­niş yayılmışdır. Əlyaz­ma­lar İnstitutunda “Təvarixi ali Osman” əsərinin ilkin olaraq 2 əski çap nüsxəsini aşkar­la­mışıq. Bu nüsxələr aşağdakı şifrələr altında xəzinəmizdə qorunub saxlanır IX-392, XVI-77 şifrəsi altında mühafizə olunan nüsxə üzərində bir qədər dayanmaq istərdik. H.1327/1909-cu ildə İstanbulun “Mahmud bəy və Rəsmli kitab” mət­bəəsində nəşr olu­nub, həcmi 311 səhifədir. Kitabda XV əsrdə Osmanlı tarixində baş verən mühüm ha­disələr xronoloji ardıcıllıqla təhlil edilir. Çələbi Sultan Məhəmmədin ha­ki­miy­yət dövründə mərkəzi Ağşəhər olan Qaraman hökuməti məğlub edilib, Osmanlı döv­lətinə qatılır. Çə­ləbi Sultan Məhəmməd dövründə Şeyx Bədrəddin hadisəsi, Düz­mə Mustafa fitnələri baş vermiş və bu hadisələr mərkəzi hökumət tərə­fin­dən ya­tırılmışdır. Həmin tarixdə Şirvan hakimi Sultan Xəlilin Teymur nəslindən olan Şah­ruxa qarşı ittifaq bağlamaq barədə məktubu, Çələbi Sultan Məhəmmədin Şah­ru­xu geri çəkilməyə məcbur etməsi qeyd olu­nur. Burada eyni zamanda II Sultan Mu­rad dövründə baş verən tarixi hadisələr və Albaniyada İsgəndər bəyin üsya­nın­dan bəhs olunur. Həmin kitabda eyni ilə bu əsərin IV cildi verilib və qeyd olunub ki, h.1327/ 1909-da, “İstanbul Mahmud bəy və rəsmli kitab” mətbəəsində nəşr olu­nub, həcmi 256 səhifədir. Bu nüsxədə Fateh Sultan Məhəmmədin haki­miy­yəti döv­rü təhlil edilir. Bu dövürdə Osmanlı dövlətinin daxili və xarici siyasəti, İstanbulun fəthi üçün görülən hərbi hazırlıqlar, Bizansın son imperatoru Konstantinin mü­qa­bil tə­rəfə qarşı hərbi hazırlığı, onun Avropadan gözlədiyi hərbi yardımı ala bilməməsi təs­vir edilir.

Kamal Paşanın digər bir tarixi əsəri IX-392 şifrəsi altında saxlanır və “Ta­rixi-siyasi dövləti-ülyeyi-Osmaniyyə” adlanır. Əsər İstanbulda “Əh­məd İhsan” mət­­bəəsində h.1325/1907-də nəşr olunub, həcmi 6+48+329 səhifədir. Bu abidə XIV əsrin əvvəllərindən XVI əsrin sonu­na qədər olan Osmanlı tarixini, Sultan Os­man, I Sultan Məhəmməd, II Sul­tan Murad, II Sultan Məhəmməd dövründən, İs­tan­bulun 1453-cü ildə Sultan Məhəmməd Fateh tərəfindən fəth edilməsi, Sultan Ba­yazid, I Sultan Səlim, Sultan Süleyman, II Sultan Səlim, III Sultan Murad, Sul­­tan Məhəmməd hakimiyyətinə qədər Osmanlı dövlətinin Yaxın Şərq və Avropa döv­lətləri ilə siyasi münasibətləri əks etdirir.

İslam Alimləri Ensiklopediyasından və internetdən aldıgımız mə­lu­matlara gö­rə Kamal Paşazadənin “Divan”ı da vardır. Bu əsərin Türkiyə kitabxanalarında on əlyazma və bir neçə əski çap nüsxəsi qorunub sax­la­nır. Əlyazmalar İnstitutunda isə hələlik Kamal Paşazadənin “Divan”ı­nın yeganə əski çap nüsxəsini ilkin ola­raq aşkarlamışıq. Bu abidə IX-435 şifrəsi altında mühafizə olunur. “Divan” mü­na­cat, nətlər, iki qəsidə, məsnəvi tərzində mənzumələr, 400-dən artıq qəzəl və çox­lu müqədda­dan ibarətdir. Əsərin bu əski çap nüsxəsi h.1313/1895-də İstanbulda Dəru-səadətdə “Əqdəm” mətbəsində nəşr olunub, həcmi 189 səhifədir. Divanın tən­qidi nəşrini Türk alimi Mustafa Dəmirəl İstanbulda 1996-cı ildə həyata keçir­miş­dir .

Bütün bunları nəzərdən keçirdikcə belə bir qənaətə gəlmək olar ki, Kamal Paşazadə özündən sonra zəngin bir irs qoyub getmişdir. Bu irsin öyrənilməsi isə ayrıca bir tədqiqat işinin mövzusudur.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin