Qətibə Vaqİfqızı
(Əlyazmalar İnstitutu)
Qədİm uyğur abİdəsİ “Xuastuanİft”
Uyğur abidələrinin, dini məzmunlu qədim uyğurca mətnlərin nəşri və tədqiqi XIX əsrin 20-ci illərindən başlanmışdır. Bu tədqiqatlar əvvəllər Orxon-Yenisey abidələrinin tərkib hissəsində aparılmışdır. XX əsrin başlanğıcında Şərqi Türküstanda çoxsaylı uyğur abidələrinin tapılmasından sonra uyğurşünaslığın təməli qoyuldu. XX əsrin ortalarından başlayaraq isə bu sahədəki araşdırmalar daha konkret bir müstəvidə inkişaf etməyə başladı. Rusiya, Almaniya və Böyük Britaniya Elmlər Akademiyasının müxtəlif vaxtlarda təşkil etdikləri elmi ekspedisiyaları nəticəsində tapılan abidələr tədqiq olunarkən bu yazıları uyğurların islamaqədərki dövrlərdə yaratdıqları məlum oldu.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Orta Asiyaya edilən elmi ekspedisiyalar zamanı Turfan vadisində və Dunhuanqda tapılan əlyazmalar bu gün Almaniyada Berlin Berlin Dövlət Kitabxanasının Şərq Departamentində və Maynz kitabxanasının uyğur abidələri, İngiltərədə London “British Library” kitabxanasında Ser Aurel Steyn, Fransada Paris “Biblioteque Nationale” kitabxanasında Paul Pelyo, İsveçdə Stokholm şəhərində Etnoqrafiya Muzeyində Sven Heyden, Finlandiyada Helsinkidə G.G.Mannerheyn, Yaponiyada Kiotoda Kont Otani, Türkiyədə İstanbulda İstanbul Universiteti kitabxanası və Ankara Arxeoloji Muzeyi, Rusiyada Sankt-Peterburq Asiya Muzeyində Roborovski və Klements, Çin Xalq Respublikasında Pekin Milli Muzeyi, o cümlədən başqa ölkələrin kitabxana və muzey kolleksiyalarında mühafizə olunur.
Ümumiyyətlə, son illərdə qədim abidələr, əski türkçə və müasir türk dilləri sinxron metodlarla yanaşı, diaxronik tədqiqatlara söykənən üsullarla daha dəqiq və hərtərəfli surətdə öyrənilir. Əski mətnlərin filoloji-tekstoloji tədqiqatı zamanı üsulların təkmiləşdirilməsinə, müqayisə zamanı qaynaqların tam və orijinal olmasına, araşdırılan sahə ədəbiyyatlarının müqayisəli şəkildə təhlilinə müasir türkologiyada xüsusi diqqət edilir.
Qədim uyğur abidələri müxtəlif prinsiplər əsasında sistemləşdirilmişdir. Müxtəlif məzmun və üslublarda yazılan və sayca göytürk abidələrindən dəfələrlə çox olan uyğur abidələri aşağıdakı şəkildə təsnif olunur: Janr və məzmununa görə; Yazıldığı əlifbaya görə; Dini məzmununa görə.
Bu qruplar arasında dini səciyyə daşıyan yazılı mətnlər xüsusilə diqqəti cəlb edir. Məlumdur ki, tarixi şəraitdən, müxtəlif daxili və xarici amillərin təsirindən, dini inancların fərqliliyindən asılı olaraq qədim uyğur mətnləri müxtəlif əlifbalarda yazılmışdır. Uyğur türklərinin müəyyən zaman dönəmində manixey, budda, xristian və islam dinini qəbul etmələri, onların ardıcıl olaraq manixey, brahma-hindi, suryani, ərəb əlifbalarından istifadə etmələrinə səbəb olmuşdur. İstər coğrafî və istərsə də düşdükləri sosial mühitin şərtlərindən çox yaxşı istifadə edən uyğur türkləri yüksək təşkilatçılıq və idarəçilik bacarıqlarına malik idilər. Bu bacarıqların təmin etdiyi sabitlik və əmniyyətin sayəsində inkişaf edən iqtisadi həyatın hasilə gətirdiyi cəmiyyət qədim və yüksək mədəniyyətin beşiyi olmuşdur.
Dini mətnlər təkcə bədii sənət nümunəsi deyil, bu əsərlər uyğur tarixinin müxtəlif dövrləri haqqında əvəzsiz faktlarla zəngin olan əsas mənbələrdir. Qədim uyğurların yaratdığı bu abidələr təkcə uyğurların deyil, bütövlükdə Şərqi Türküstanın, Orta Asiyanın tarixini araşdırmaqda, bu bölgənin mədəniyyət tarixinə aid faktların daha dəqiq təhlil olunmasında böyük əhəmiyyət kəsb edir. Manixey uyğur mətinləri, xüsusilə mənsur mətnlər budda dini məzmunlu uygur mətnləri ilə müqayisədə çox azdır. Buraya Ezop təmsillərindən edilmiş tərcümələr, tövbə duaları və müxtəlif mətnlərə aid fraqmentlər daxildir. Əski uyğurca manixey ədəbiyyatına aid ən həcmli mətn orijinalının orta İran dilində yazıldığı iddia edilən Tövbə duasıdır. Tövbə mətni müəyyən bir insana bağlı olmayan bir təhkiyə üsulu ilə yazılmışdır və üslub etibarı ilə Orta Asiyada yaranan buddist tövbə dualarını xatırladır və ola bilər ki, tərtib olunarkən elə bu mətnlər nümunə rolunu oynamışdır.
Qədim uyğurcadan nümunə qalan materialların (mətnlər), yuxarıda da ifadə edildiyi kimi, böyük əksəriyyəti başqa dillərdən bu dilə edilən dini mövzulardakı tərcümələrdir. Hər bir dinin özünəməxsus bir terminologiyası vardır. Tərcümə edilərkən bu terminologiyanı tam şəkildə çevirmək qeyri-mümkündür. Bu səbəbdən də termin xüsusiyyətindəki sözlərin dilə daxil olması təbii haldır. Bu mənada qədim uyğur dilindən danışarkən göytürk dili qədər saf bir dildən bəhs etmək mümkün deyil (6). Mətnlərin oxunuşu zamanı müxtəlif dinlərə aid terminlərin fərqli dillərdən (Çin, toxar, soqd, sanskrit) uyğur dilinə daxil olduğu görünür. Tərcüməni edənlərin zaman-zaman qismən də olsa terminlərin tərcüməsinə, yaxud da türkcə sözlərlə qarşılığını tapma cəhdi hiss edilsə də, bu məsələdə çox müvəffəqiyyətli olmadıqları aydın olur.
Dini səciyyə daşıyan abidələr içərisində manixey dini dönyagörüşünü təbliğ edən, bu dinə aid adətləri, qaydaları, dini ayin və ritualları özündə əks etdirən əsərlər, yazılı nümunələr daha çox fərqlənir. Bu abidələr həm qədim uyğur, həm də manixey əlifbalarında yazılmışdır. Bu baxımdan manixey dininin qayda-qanunlarından bəhs edən, bu dini inancı uyğurlar arasında geniş təbliği üçün tərtib edilən “Xuastuanift” abidəsi həm məzmununa, həm həcminə, həm də dil-üslub xüsusiyyətlərinə görə başqa dini məzmunlu abidələrdən fərqlənir. Abidənin tədqiqinə XX əsrin əvvəllərindən başlanılsa da, onun yazılma dövrü, mətnin orijinal və ya tərcümə əsəri olması, qaydalarından bəhs edilən manixey dininin türklər arasında yayılma tarixi haqqında irəli sürülən fikirlər müxtəlifdir və hələ də mübahisəlidir.
“Xuastuanift” abidəsi uyğur və manixey əlifbası ilə qədim türkcədə yazılmışdır. Hələ ki, elm aləminə abidənin 3 nüsxəsi məlumdur. Mətnin tərcümə olunduğu orijinal əldə olunmamışdır. Nüsxələrdən birincisi Berlin nüsxəsi adlanır. Bu nüsxəni 1907-ci ildə A.Qrünvedel Turfanda aşkar etmiş, 1911-ci ildə A. fon Le Koq nəşr etdirmişdir. Bu nəşr mətnin özündən, transkripsiyasından, alman dilinə tərcümə və şərhdən ibarətdir (4). İkinci nüsxə London nüsxəsi adlanır. Nüsxəni 1907-ci ildə A.Steyn Dunhuanqda tapmışdır. Abidənin bu nüsxəsi də manixey əlifbası ilə yazılmışdır. 1910-cu ildə A. fon Le Koq bu nüsxəni digər nüsxədən daha tez nəşr etdirir. Bu nəşr mətnin faksimilesindən, transkripsiyasından, ingilis dilinə tərcümədən və şərhdən ibarətdir (5). Nüsxənin ilk sətrləri pozulduğundan bu nəşrdə həm də Berlin nüsxəsindən istifadə edilmişdir.Abidənin üçüncü nüsxəsi Sankt-Peterburq nüsxəsidir. Bu nüsxə 1909-cu ildə Turfan yaxınlığından, Astana ərazisindən A.A.Dyakov tərəfindən tapılmışdır. Bu nüsxə digərlərindən gec əldə edilsə də, birinci və ikinci nüsxədən daha əvvəl 1909-cu ildə V.V.Radlovun redaktorluğu ilə nəşr olunmuşdur (3). Bu nəşrdə abidənin fotosurəti ilə yanaşı alman dilinə tərcümə və şərhi də verilmişdir. Sankt-Peterburq nüsxəsi uyğur əlifbası ilə yazılmışdır və 160 sətrdən ibarətdir.
Ümumilikdə, abidə 338 sətrdən ibarətdir. Bu üç nüsxənin hamısında pozulmuş sətrlər, cümlələr və sözlər vardır. Onlardan nisbətən ən dolğun olanı London nüsxəsi, ən çox qüsurlu olanı isə Berlin nüsxəsidir. Abidəni hər üç nüsxənin köməyi ilə bərpa etmək mümkündür.
Ümumiyyətlə, abidənin tarixindən bəhs edərkən, ilk növbədə onu qeyd etmək lazımdır ki, “Xuastuanift” İran mənşəli manixey icması tərəfindən soqd dilində hazırlanmışdır. Sonra mətn manixey etiqadına inanan türk icması tərəfindən təbliğat məqsədilə qədim türkcəyə tərcümə olunmuşdur və bu mənada “Xuastuanift” tərcümə abidəsidir. Daha doğrusu, abidə soqd dilində olan manixey traktatı əsasında türkdilli tayfalar üçün tərtib edilmişdir. Missionerlər isə təxminən 300-cü ildə İranın bütün sərhədləri boyu müxtəlif istiqamətlərə səpələnmiş, Çinə, Şərqi Türküstana, Suriyaya və hətta Anadolunun içərilərinə qədər gəlib çıxmışdır (1, s. 74, 2 s.89). Əvvəlcə manixey əlifbası ilə qədim türkçədə yazıya alınan bu əsər 762-ci ildə Bögü xaqan tərəfindən rəsmi din elan olunduqdan sonra uyğur əlifbası ilə də yazıya alınaraq nüsxələri çoxaldılmışdır. V-VIII əsrlərdə qədim türk tayfalarının, əsasən də uyğur türklərinin müxtəlif dini inanc sistemlərinə keçdiklərində təbliğat məqsədi ilə tərcümə etdikləri müxtəlif yazılı mətnlər dini səciyyəli olmaqla bərabər, həm də türk tərcümə sənətinin ilkin elementlərini, əlamətlərini, xüsusiyyətlərini daşıması etibarilə də türk ədəbiyyatı və dili tarixində ilkin tərcümə nümunələri hesab edilə bilər. Beləliklə, “Xuastuanift” abidəsi də türk dilinə tərcümə edilən ilkin əsərlərdən biri və türk mədəniyyətində tərcümə tarixinin öyrənilməsi baxımından əvəzsiz əhəmiyyət kəsb edir.
“Xuastuanift” manilik dininin tövbə duasıdır. Əsərin adı mətndə “Niğoşaklarning suyın yazukın öküngü “Xuastuanift” ifadəsi əsasında müəyyənləşdirilmişdir. Bu cümlədəki “niğoşak” soqd mənşəli olub, dindar mənasını ifadə edir. Bu, mani dini toplumunda ən yüksək dərəcəni bildirir. “Suy yazuk” qoşa sözlər olub günahlar, xətalar mənasını bildirir, “öküngü” sözü isə müasir özbək dilində işlədilən ukiniv, yəni tövbə etmək sözünün eynidir. Bu cümlədən “dindarların günahlardan peşman olub, tövbə etməsi (Xuastuanift)” mənası çıxır (7, s. 28). “Xuastuanift”in türk versiyaları uyğur və manixey əlifbalarında yazılmışdır. Əsər 15 bölmədən ibarətdir. Bölmələrin hər biri müəyyən məsələyə, dini rituala aiddir. Uyğur nüsxəsində cümlələr qoşa nöqtə (..), bölmələr isə iki qoşa nöqtə (.. ..) ilə ayrılır. Mətndə hər bir bölüm özünün ifadə etdiyi məsələyə uyğun sıralama ilə başlanır, məsələn: üçünc, törtünc, bişinc, altınc, yitinc və s. Əlyazmanın sonunda onu köçürən katib tövbənamənin tərtibinə aid belə bir qeyd yazmışdır: “Bötürmiş tarxan, tügəti niğoşaklarınıng suyın yazukın öküngü Xuastuanift”. “Mətni tərtib edən tarxan. Dindarların günahlardan peşmanlıq kitabı Xuastuanift”.
Mətnin üslubunun ən xarakterik cəhətlərindən biri bədiliyi, təsirliliyi artırmaq üçün cümlələrin düzülüşündə, fikirlərin bəyanında müəyyən bir ahəngin olmasıdır. Bunu mətnin yazı xüsusiyyətində görmək mümkündür. Sətirlərdə cümlələr arasındakı qoşa nöqtələr də mətn qiraətinə kömək məqsədi ilə işlənmişdir. Belə ki, sintaktik paralelizmlər, alliterasiya vahidləri, ahəng yaradan standart qəliblər bütün mətn boyu bu ritmin yaranmasına, mətnin cazibəli oxunuşunu təmin olunmasına xidmət edir. Əsərin dil və üslubuna aid bir cəhət də qədim türk ədəbi dilinin klassik normativlərini özündə yaxşı əks etdirməsindədir. Sözlərin yazılışı, leksik, morfoloji, sintaktik, stilistik xüsusiyyətlərində türk dilinin əski normaları gözlənilmişdir. Ən mühümü isə odur ki, “Xuastuanift” abidəsi və digər manixey məzmunlu əsərlərin yazılması və ya tərtibi zamanı qədim türkçənin malik olduğu qayda-qanunlara əməl edilmişdir.
Ümumiyyətlə, əski dini əsərlər, xüsusən, manixey məzmunlu əsərlərin özünəməxsus yazı üslubu vardır. “Xuastuanift”in yazı üslubu qədim dövr uyğur yazısının klassik üslubunu əks etdirməklə yanaşı, dəm də dini mətn stilistikasının xüsusiyyətlərini ehtiva etməsi baxımından da diqqəti cəlb edir. Mətnin estetik təsirini artırmaq üçün tərcüməçi bədii üslubdan özünəxas şəkildə istifadə etmişdir (7, s. 33 ). Mətn üslubu göstərir ki, tərcüməçi bilikli olduğu qədər, türk dilinin incəliklərinə vaqif olan, söz ehtiyatı zəngin, həm də şair təbiətli şəxs olmuşdur. Əlyazmada tanrıya olan ilticalarda mətnin təsirliliyi, tapınanların duyğuları xüsusi bir vurğu ilə ifadə olunmuşdur. Bədiiliyin təminatı, əsərin təsirini artırmaq üçün yazılı ədəbi dilin müxtəlif vasitələrindən istifadə edilmişdir. Birincisi, qoşa sözlərdən, dubletlərdən, sinonim sözlərdən istifadə üsuludur. Bu, təkcə mənanı artırmır, bədiiliyi təmin etmir, həm də əlavə mənalar yaratmağa, dilin daxili zənginliyini ortaya qoymağa xidmət edir. Bu tip sözlərin tədqiq etdiyimiz mətndəki kimi qoşa şəkildə geniş işlənməsini digər qədim abidələrin dilində müşahidə edə bilmərik.
Əsərdə tez-tez istifadə edilən, məzmunla bağlı olaraq şəkillənən qəlib cümlələr vardır. Belə ki, əsərin bölmələri “Tənqrim yazukta boşunu ötünür biz”; “Emti Tənqrim yazukta boşunu ötünür biz”; “Tənqrim, emtı ökünür biz, yazukta boşunu ötünür biz” və s. cümlələr ilə bitir. Bu cümlələrdən sonra isə “manastar ğırz a!” (manixey yazılı nüsxələrdə “manastar xirza-a”) duası gəlir. Bu dua şəkli mənşə olaraq orta İran dillərindən olan soqd dilində yaranmışdır və Tanrıya xitabən “günahlarımızı bağışla”, “bizi bağışla” kimi tərcümə olunur. Bu cür qəlib ifadələrin mövcudluğu manixeyizmin türklərin arasında daha erkən zamanlarda gəldiyini xəbər verir. Əski dini mətnlər manixey dövrü uyğur ədəbiyyatında yazılı bədii üslubun bir nümunəsi timsalında yalvarış, tövbə növünün digər janrlara nisbətən daha geniş istifadə edildiyini göstərir. Bu tip əsərlər, o cümlədən, qədim türk dini mətnlərinin ən mükəmməl təmsilçisi “Xuastuanift” türk ədəbiyyatında tövbənamə üslubunun bədii qəlibini yaratmış, bu tip əsərlərin məzmun və formasına uyğun dil üslubunun formalaşmasını təmin etmişdir. “Xuastuanift” mani dini inancına sığınanların bilərək və ya bilməyərək işlədikləri günahlara görə tanrıya yalvarışıdır, tapınanların qəlbindəki duyğularını, onların tanrıya ilticasını, müraciət və yalvarışını əks etdirir.
Bütün fikirləri ümumiləşdirərək deyə bilərik ki, “Xuastuanift” türk yazılı mədəniyyəti tarixində tövbənamə üslubunun ən mükəmməl nümunəsi kimi bu janrın xarakterik xüsusiyyətlərini özündə cəm edən dil abidəsidir.
Dostları ilə paylaş: |