Quran və rəvayətlər baxımından tədəbbür.
Tədəbbür sözü “dubr” kökündən olub mənası işlərin arxasınca düşünmək mənası bildirir ki, bu da əslində dərindən fikirləşmək və məsələnin gələcəyini nəzərə almaq deməkdir. Bu cür düşüncənin nəticəsi olaraq əvvəlcə gözə səthi şəkildə çarpan həqiqətlər aşkar olur. Rağib İsfəhani “Müfrədat” əsərində yazır: “Tədəbbür işlərin arxasında düşünmək və tədbir görmək deməkdir” (3.s.321). Tədbir diqqətlə nəzərdən keçirmək və işlərin aqibətini düşünmək deməkdir. Tədəbbür isə aqibət üzərində təfəkkür mənasında işlənir. Əhməd ibn Məhəmməd bin Əli əl-Müqri əl-Fəyumi “Misbahül-münir fi qəribi şərhi-kəbir” kitabında yazır: “Dubr ön və qabaq sözünün təzadı olaraq bir şeyin arxası deməkdir. Ona görə bu söz işin sonu və aqibəti mənası bildirir. Tədəbbür insanın üz və arxa çevirməsi və gələcəyi düşünməsidir, diqqətlə baxaraq işin aqibətini fikirləşməsidir (4.c.2.s.324).
Şeyx Fəxrəddin Tərihinin “Məcməül-bəhreyn” əsərində deyilir: “Bir iş üçün tədbir görmək ona nəzər salaraq sonunu və aqibətini düşünmək deməkdir” (5.c.3.s.36). Tədəbbür – yəni bir iş ətrafında düşünmək deməkdir. Sonra müəllif Nisa surəsi, 82-ci ayəni misal gətirir:
أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفاً كَثِيرا
“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” .
Allah-təala bu ayədə tədəbbürdən söz açır ki, bu da işlərin aqibətinə baxaraq onlar barədə dərindən düşünmək anlamına gəlir. O, eyni zamanda tədəbbür və təfəkkür arasında olan fərqə işarə edərək yazır: “Tədəbbür qəlbin hökmü ilə işlərin aqibətinə baxmaq deməkdir. Ancaq təfəkkür qəlbin hökmü ilə dəlillərə diqqət yetirir”.
Firuzabadinin “Qamus”unda deyilir: “Dubr ön və qabaq sözünün əks tərəfidir, bir şeyin arxası bu sözlə ifadə edilir. Tədbir isə işlərin sonuna və aqibətinə baxmaq deməkdir. İstiqbal (qarşılamaq) sözünün təzadı “istədbar” sözüdür. Quran da bu sözün işlənməsi məna baxımından diqqəti cəlb edir. “Zəməxşərinin “Əsasül-bəlağə” və Sicistaninin “Qəribül-Quran” kitablarında da buna bənzər mənalar verilmişdir. “Təfsire-nəmune”də Nisa surəsi, 82-ci ayənin təfsirində belə deyilir: “Tədəbbür” “dubr” kökündən olub bir şeyin arxası və sonu mənasında işlənir. Buna görə bu söz işlərin nəticəsini yoxlamaq və aqibəti barədə düşünmək mənası bildirir. Bu sözün təfəkkürlə fərqi ondadır ki, təfəkkür bir şeyin xüsusiyyətlərini və dəlillərini araşdırırsa, tədəbbür hər hansı bir işin sonu və aqibəti barədə düşünür (6.c.4.s. 85).
Əllamə Təbatəbai həmin sözün mənasını izah edərək yazır: “Tədəbbür bir şeyin başqa bir şeydən götürülməsi deməkdir. Quran ayələrində bu söz ayə üzərində düşüncəyə dalmaq və sonra bir daha ayələr üzrə düşünmək mənası bildirir” (2.c.5.s.324).
Əbu Hilal əl-Əsgəri lüğət və bəlağət elmində tanınmış müəlliflərdən biridir. O, “Füruğül-lüğəviyyə” əsərində “tədəbbür” və “təfəkkür” sözləri arasındakı məna fərqinə işarə edərək yazır: “Tədəbbür qəlbdə işlərin aqibətini düşünməkdir. Ancaq təfəkkür əməllərin və hərəkətlərin səbəb və dəlillərini axtarmaq deməkdir (7.s.214). “Məcməül-bəyan” kitabı da həmin fikri təsdiq edir.
Beləliklə, qaynaqlarda verilən məlumatları ümumiləşdirsək belə bir nəticəyə gəlirik ki, tədəbbür məsələnin zahiri tərəfinin arxasında dayanan məqamlar, yəni işin batini tərəfi haqqında düşünmək deməkdir. Belə bir düşüncə gələcək və aqibəti nəzərə alan tədbirli düşüncədir. Məsələnin mahiyyətini axtarmaq, diqqəti işin nəticə və sonuna yönəltmək tədəbbürün əsas xüsusiyyətidir. Təfəkkür isə işlərin zahir və batinini, səbəb və nəticələrini araşdırmaq deməkdir. Təfəkkür məlum faktlar və dəlillər əsasında bəlli olmayan məsələləri araşdırmaq və aşkar etmək məqsədi daşıyır.
İşlərin sonunu və aqibətini aşkar etmək istəyi insanı məsələnin səthi müşahidəsindən onun dərinliyinin dərkinə sövq edir. Quran ayələrində tədəbbür insanı dərin məna axtarışına dəvət edir, bu səmavi kitabın ilahi vəhydən qaynaqlandığını diqqətə çatdırır. Quran səthi səviyyədə ərəblərin danışdığı söz və cümlələrdən ibarətdir və bu səviyyədə bəşər sözündən o qədər də fərqlənmir. Ancaq ilahi kitab olaraq onun dərin düşüncəyə və aqibətə hesablanmış məna tutumu adi bəşər düşüncəsindən fərqlənir.
Quranda tədəbbür məfhumu ilə bağlı başqa bir məqam da vardır: ayələrin ardıcıl məna düzümündə diqqət onların batininə yönəlir, ayələr arasında olan əlaqənin dərinliyi göz önündə canlanır. Bunlar arasında heç bir ixtilaf yoxdur, bütün ayələr batini məzmun baxımından bir-birilə uzlaşır, bütöv bir tam kimi qarşımıza çıxır. Ona görə də bir surədə olan ayələri ardıcıl izləməklə yanaşı, onları bütöv Quranla tutuşdurmağa ehtiyac duyulur. Bununla da məlum olur ki, 23 il ərzində Peyğəmbərin (s) enişli-yoxuşlu yolunda və fərqli ictimai-tarixi şəraitlərdə nazil olan Qurani-Kərim bəşər zehninin səviyyəsində deyildir. Bəşər və başqa maddi varlıqlar həmişə dəyişiklik halında olaraq naqislikdən kamala doğru hərəkətdədir. Deməli, Quranda tədəbbür ayələr arasında olan batini məna əlaqələrini, ayələrin özlərinin bir-birilə bağlılığını nəzərdə tutur.
Əbülfəzl Rəşidəddin Meybodinin “Kəşfül-əsrar və iddətül-əbrar” adlı məşhur təfsirində tədəbbür barədə belə deyilir: “Tədəbbür odur ki, işləri əvvəldən axıradək tənzimləyərək onun sonunu nəzərdə tutasan. Əbu Osman Məğribi deyir ki, tədəbbür üç qisimdir: biri öz-özünə fikirləşmək ki, buna möizə yönümlü tədəbbür deyirlər; ikincisi, zahidlərə məxsus düşünməkdir; üçüncüsü, Quran üzərində düşünməkdir. Sonuncu həqiqət və kəşf yönümlü tədəbbür adlanır və ariflərə xasdır. Onlarda batini kəşf ilə qəlb ilə Haqq arasındakı pərdə götürülür, arzuları gerçəkləşir, müşahidə suları mülahizə arxı ilə rəvan olur, ürəklə zikrə dolu, dil susqun halda özünü unudur. Belə ariflər siddiqlərin sükunət dərəcəsinə yetişmiş olurlar və buraya yetişməyən kimsə Quran calalından, onun gizli cövhərindən faydalana bilməz (8.c.2.s.212).
Dostları ilə paylaş: |