Xədicə Buturabİ
(Əlyazmalar İnstitutu)
Dİnİ təlİmlərdə təbİətə münasİbətİn tİpolojİ aspektlərİ
Bu məsələ ilə bağlı Qərb alimlərində müəyyən fikir formalaşmışdır. Ayrı-ayrı inanclarla yanaşı, dünya dinlərində – buddizm, xristianlıq və islamda bu yöndə tipoloji baxımdan oxşar və yaxın fikirlərə rast gələ bilirik. Onların təbiət və kosmoloji, düzən barədə mülahizələri həm elmi cəhətdən, həm də mənəvi cəhətdən maraq doğurur (1.s.22).
Son dövrlər Qəbrdə bir çox xristian və yəhudi alimləri ətraf mühitə olan münasibətin düzgün şəkildə formalaşması üçün ilahiyyatın tövsiyələrindən faydalanmağı diqqətə çəkmişlər. Təbiət və ətraf mühitə yad münasibətin ağır nəticələrini görən kataliklər və protestantlar məsələnin ciddiliyini nəzərə alaraq mövzuya daha dərin maraq göstərmişlər. Onlar təbiət və kosmoloji düzən haqqında dini təsəvvürlərin elmi baxışlarla uyğun gəlməsi məsələsini ortaya qoymaqdan daha çox ətraf mühiti qorumaq üçün dini-əxlaqi prinsiplərdən faydalanmağın zərurətini diqqət mərkəzində saxlayırlar. İslamda bu məsələyə elm ilə əməl, yəni düşüncə ilə əxlaq arasında vəhdət prizmasından yanaşır. Çünki müasir dövrdə təbiət və ekologiyanın korlanması elm ilə əməl arasındakı əlaqənin olmamasından, başqa sözlə desək elmin əxlaqdan ayrılmasından irəli gəlir: təbiəti korlamağın fəsadlarını bilirlər: lakin mənfəət xatirinə bu əməldən çəkinmirlər. Əməlsiz elm və elmsiz əməl – hər ikisi mənfi nəticə verir. Son vaxtlar islamda təbiətə münasibət məsələsi daha böyük önəm qazanmaqdadır (1.s.275).
Son bir neçə əsrdə xristian alimləri təbiətə münasibət məsələsini bir növ unutmuşdular. Həmin mövzuya yenidən qayıdış son iki-üç onillikdə gündəmə gəlmişdir. Məsələyə marağın artmasına səbəb isə ətraf mühitin hədsiz dərəcədə korlanması və ekoloji böhranın kəskinləşməsi ilə bəşər həyatının təhlükəylə üzləşməsi olmuşdur. Ona görə Qərbdə xristian illhiyyatçılar təbiətə münasibətin müsbət yöndə dəyişdirilməsi üçün dini təlimlərin əhəmiyyətini önə çəkməyə başlamışlar. Bəziləri insanların ətraf mühitlə rəftarını tənzimləmək üçün ənənəvi xristianlığa qayıtmağı bir qismi isə Uzaq Şərq və hind dini təlimlərindən bəhrələnməyi tövsiyə etmişlər. Bu arada şaman inanclarına üz tutanlar da vardır və bu meyl xüsusilə Amerikada müşahidə edilməkdədir. Bir sıra hallarda xristianlıq və onun qolları ətraf mühitə münasibətin dəyişdirilməsi üçün öz etiqadlarından dövrün tələblərinə uyğun faydalanmağa önəm verirlər. Şərq bölgələrində yayılan dini cərəyanlar daha çox öz kimliyini həm maddi və həm də hərbi cəhətdən qat-qat güclü olan Qərb mədəniyyətinin hücumu müqabilində qoruyub saxlamağı daha zəruri hesab edirlər. Bununla onlar öz milli mənəvi dəyərlərini hifz etməyə çalışırlar. Onu da qed edək ki, Qərbdən fərqli olaraq Şərq xalqları öz dini ənənələrini daha çox saxlamağa müvəffəq olmuşlar. Eyni zamanda burada təbiət və ətraf mühitə olan münasibət də nisbətən yaxşıdır. Şərqlilər materialist və sekularist ideoloji cərəyanlarla üzləşərkən asanlıqla təslim olmur, öz kimliyini qorumaqda daha güclüdürlər (3.s.139).
Qeyd edək ki, xristianlığın təbiətə münasibəti müxtəlif tarixi dövrlərdə fərqli olmuşdur. A.Qaynobiyə görə, xristianlıq təbiəti istismar etməyə müqavimət göstərməmiş və bu səbəbdən ekoloji böhran genişlənmişdir. Şərq düşüncə məktəblərindən fərqli olaraq xristianlığın təbiəti qorumaq barədə mövqeyi zəifdir (3.s.265). Lakin keçən əsrin ortalarında bu münasibəti dəyişdirməyə çalışdılar (3.s.272).
Keçən əsrin 50-ci illərində protestant ilahiyyatçı A.Riçard həyatla bağlı fikirlərində mühitin əhəmiyyətinə diqqət yetirsə də, ilahiyyatçıların az qismi ekologiyaya maraq göstərirdilər (4.s.52-53).
60-cı illərdən şərait dəyişməyə başladı. L. Jozef isə “Yer kürəsi üçün ilahiyyat” məsələsini ortaya qoydu, bəşərin nicatını təbiət və kosmosun nicatı ilə əlaqələndirdi. Onun əqidəsinə görə, Allahı pərəstiş baxımından ilahiyyat və təbiətşünaslıq birləşsə kifayət edər (2.s.372). Başqa bir protestant alim – Riçard Bauer dünyanı Allaha aid edərək bildirdi ki, Allah onu özü xəlq etdiyi üçün sevir və həyat üçün zəruri olan təbiətə ehtiramla yanaşmaq lazımdır. (Ridrik.ətraf mühitə münasibəti indiki dövrdə o qədər də qənaətbəxş deyildir və məsələnin ilahiyyat elmi baxımından geniş təhlilinə rast gəlmirik. Ona görə Artur Versilde bir daha ilahi təcəllinin təzahürü olan təbiətə yenidən baxmağı tövsiyə edir (4.s.96). Bu baxış ekoloji böhranın genişlənməsi ilə əlaqədar olaraq aktuallıq kəsb edir.
Qərbdə yəhudi mütəfəkkirləri xristianların təbiət və ətraf mühit barədə nigarançılıqlarına reaksiya göstərərək məsələnin ictimai və sosial əhəmiyyətini önə çəkmişlər. Onlar dini ənənələrə əsaslanaraq təbiətin qorunması üçün səy göstərməyə təkid edirlər. Onlar prinsipal cəhətdən əski ənənələrə söykənən yeni bir təbiət fəlsəfəsinin işlənməsini diqqətə çatdırırlar (5.s.44).
Bir çox yəhudi qələm sahibləri son vaxtlar təbiətə münasibətdə əxlaqi dəyərlərin önəminə xüsusi diqqət göstərirlər. Bunlardan İsmar Şorc “Gəlin qənaətlə yaşayaq” adlə kitabında yəhudi dinində bu mövzunun əhəmiyyətini xatırladır və göstərir ki, dinlə zidiyyət təşkil edən materialist münasibət öz istehlakı maraqlarını əsas tutaraq ətraf mühitin məhvinə yönəlmişdir (İsmar Şorc.s.24,36). Yəhidi dininin ayin və qanunları təbiətə və heyvanlara zərər verməyi qadağan edir, torpaqdan istifadə zamanı zöhdə əsaslanmağı tövsiyə edir.
Yəhudi dini qanunlarına görə insan təbiətlə davranışında ilahi hökmlərə uyğun hərəkət etməlidir (3.s.326-327). İnsan eyni zamanda təbiəti qorumağa borcludur. Buraya torpaq, meşələr, bitkilər daxildir. İstər sülh, istərsə savaş zamanı ağaclara və başqa təbiət ünsürlərinə zərər yetirməyə icazə verilmir.
Qədim yəhudi dininə görə kainat Allahın təcəlli səhnəsidir və insan burada özünü Allahın hüzurunda olduğu kimi hiss edir. Həmin ənənə eyni insanın Yer kürəsini və orada olan məxluqatı qorumaq üçün daşıdığı məsuliyyəti yada salır.
Monoteist dinlərlə yanaşı başqa əski inanclar da təbiətə ehtiramla yanaşmaq ənənəsi mövcuddur.
Müxtəlif məntəqələrdə yaşayan qırmızı dərili etniklər göy aləminə müqəddəs ata, yerə isə müqəddəs ana kimi baxır, burada olan bitki və heyvanat aləminə bağlılıq və qəyyumluq nümayiş etdirirlər (6.s.51). Onlar təbiəti sevməyi və qorumağı özlərinə müqəddəs borc bilirlər. Həyat qaynağı olan təbiətə doğma və yaxın münasibət Konfusi təlimində də müşahidə edilir (6.s.60-62).
Təbiət və insan münasibətinin metafizik baxımdan izahı faktına da rast gəlmək olur. Əski kosmoloji baxışlara görə insan və təbiət ünsürləri, dörd fəsil və dörd cəhət arasında uyğunluq vardır. Başqa sözlə desək mikrokosm və makrokosm arasında balans və uyğunluq bərqərar olmuşdur. Təbiətin korlanması ümumi kosmoloji düzəni pozur (Teodor Dibard.s.106). Konfusi təlimində təbiətin fəlsəfəsi əxlaq və fəzilətlə bağlıdır və burada yaranan böhranın həlli üçün əxlaqi dəyərlərə söykənmək lazımdır. Hind xalqlarının dini ayinlərində, xüsusilə buddizmdə təbiətlə münasibət müəyyən əxlaq normaları çərçivəsində tənzimlənir. Lamaya görə dünyada gedən bütün proseslər arasında yaxınlıq və əlaqə vardır. İnsan öz ev və yaşadığı yeri qorumağa borcludur və bu məsələdə əxlaqi məsuliyyət daşıyır (5.s.117).
Maraqlı haldır ki, Şərq dini təlimləri içərisində buddizm təbiət və ətraf mühit ilə bağlı daha çox mülahizələr irəli sürmüş, dünya dinləri arasında isə islam mövzuya daha geniş və dərindən yanaşmışdır. Sadəcə islam ölkələrində bu səmavi dinin kosmoloji düzən və təbiətşünaslıqla bağlı fikirlər keçən əsrin 60-cı illərindən yeni elmi metodla tədqiq edilməyə başlamışdır.
Qərb alimlərinin islama aid bir sıra ənənəvi qeyri-obyektiv mövqeyini nəzərə alsaq təhlil metodologiyasında yenilik gətirmək zərurəti ortaya çıxmışdır. (4.s.408). İslam mədəniyyətində istər təbiətin öyrənilməsi və istərsə də ətraf mühitin əhəmiyyəti ilə bağlı bəhslər son illərdə gündəmə gəlmişdir (7.s.152). İslamda kosmoloji sistem barədə baxışlar əsasən fəlsəfə, metafizika və irfan çərçivəsində açıqlanmışdır. Həmin baxışlarda islam baxımından təbiət və kainat düzəninin ümumi cizgilərini müəyyənləşdirir (7.s.62). Məsələyə elmi yöndə yanaşan islam, eyni zamanda onun həm də əxlaqi müstəvidə tədqiqini önə çəkir. Quran ayələri təbiət və kainat düzənində olan qanunauyğunluqlar üzərində düşünməyə və bu nizamı pozmamağa dəvət edir. Müasir dünyada istehlak meylinin sürətlə artması təbiətdən istifadədə israf və ifrata yol açır və bu meyl Şərq ölkələrində daha güclü olduğundan ekoloji böhran burada da təhlükəli vəziyyət almaqdadır (8..s.37).
Bu arada ilahiyyat alimləri torpaq, su, meşə və başqa təbii qaynaqların qorunması zərurətini diqqətə çatdırmaq üçün Quran ayələrinə isnad edir, fiqh və şəriət vasitəsilə tənzimlənən əxlaq normalarına əsaslanırlar. Əhməd Hüseyni yəhudi mütəfəkkirlərinin kabala və dini qanunlar əsasında təbiətə münasibətinin necə formalaşdığına nəzər salaraq islamda bu məsələnin daha ətraflı izahını tapa bilərik.
İslamda insan yer üzərində Allahın xəlifəsi hesab edilir və bu onun məsuliyyətini daha da artırır (9.s.14). Həmin məsuliyyəti təbiətin qorunmasını da şamil etmək olar. Bir sıra islam alimləri və ruhanilər, o cümlədən Suriyanın böyük müftisi Şeyx Əhməd Keyftaru öz məruzəsində insanın təkcə bəşərə deyil, Allaha mənsub olan kainat qarşısında məsuliyyətini önə çəkmişdir. Bununla belə Qərbdə ətraf mühit barədə bəhs edilərkən monoteist dini təlimin bu barədə olan mövqeyi diqqətdən yayınır. İslam monoteist din olaraq dünyanın vəhdət üzərində qurulduğuna inanır. Burada formalaşan ontoloji baxışa görə kainat Allahın fərmanı altında müəyyən nizamla idarə olunur və burada hər şeyin həyatı vardır. Kainatda hər şey insan üçün yaradılsa da, onun təbiətə müdaxiləsi məhdudlaşdırılır. İnsan təbiəti öyrənməklə ondan səmərəli və düzgün istifadə yollarını araşdırmalı, ona zərər yetirməməlidir.
Bu məqalədə dini təlimlər üzrə təbiətə münasibətin ümumi tipoloji aspektləri irəli sürülür və İslamın universal mahiyyəti önə çəkilir. Qurana görə vahid dünya düzəni və bunu təşkil edən varlıq təbəqələrinin bir-birilə əlaqəsi, insanın yaradılışının hikmət və məqsədi onun təbiətin mühafizəsindəki missiyası, ətraf aləmi də Allah tərəfindən qurulan tarazlığın saxlanması təməl prinsiplər kimi önə çəkilir. Təbiətə və ekologiyaya münasibət həmin prinsiplər əsasında müəyyən edilir.
Sonda onu da qeyd etmək lazımdır ki, etiqad və düşüncə tərzində müşahidə edilən fərqli cəhətlərlə yanaşı, inanc və dinlərdə təbiət və ətraf mühitə münasibət məsələsində ortaq və yaxın məqamlar da vardır.
Ayrı-ayrı dinlərdə təbiətə və ətraf mühitə aid fikir və mülahizələri müqayisə etsək, onlar arasında bir sıra ümumi oxşarlıq görə bilərik. Qərb və Şərq dini təlimlərində fərqli cəhətlərlə yanaşı, təbiətə münasibətdə yaxın məqamlar da vardır və həmin məqamlar bir ortaq nöqtədə kəsişir: məsələyə əxlaqi yöndə yanaşmaq. Öncə işarə edildiyi kimi, yəhudilik və xristianlıq təbiətə insanlıq nöqteyi-nəzərindən yanaşır və islamda həmin münasibət daha bariz şəkildə müşahidə edilir. Bu yanaşmanın kökündə mənəvi bir amil dayanır: Təbiəti sırf maddi ünsür kimi qəbul edərək onu insafsızcasına istismar etməkdən çəkinmək. Təbiət düzəninə dini idrak bucağından yanaşaraq ona həyati bir sistem kimi baxmaq və onu qorumağı mənəvi bir vəzifə kimi qəbul etmək hələ də ictimai şüurda özünə tam yer tuta bilməmişdir. Dini təsisatlar məhz ekoloji böhranın təhdidlərinin kəskinləşdiyini görəndən sonra problemlə bağlı öz mövqeyini ortaya qoymağa başlamışdır. Uzun illər təbiətlə bağlı problemlər sırf müasir təbiət elmləri çərçivəsində təhlil edilirdi. Ancaq təcrübə göstərdi ki, təkcə inzibati və texniki yollarla bu böhranı yüngülləşdirmək mümkün deyildir.
Dini baxışlarda kosmoloji düzən və təbiətlə bağlı mövqe insanın burada sağlam yaşamını təmin etmək baxımından əhəmiyyətlidir. Həmin mövqeyə görə insan psixoloji və ruhi cəhətdən yaşadığı mühitin harmoniyasını qorumağa borcludur. Varlıq aləmində mövcud olan tarazlığı pozmağa icazə verilmir və insan təbiətlə münasibətdə ölçü və həddi aşarsa Allahın qəzəbi ilə düşəcək, çünki bu düzən və tarazlıq Allah tərəfindən yaradılmış müqəddəs bir qanundur. İnsan öz xilqətinin ali hədəfindən uzaq düşdükdə dəyərsiz bir şeyə çevrilir. Yəhudi və islam dinində insan uca bir məqamə sahibdir, onun xilqətinin yüksək hədəfi həmin məqama yetişməkdir. Bunun üçün insan ilahi qanun və göstərişlərə əməl etməli, təkcə fərdi ibadətlə məhdudlaşmadan ətrafla münasibətində də təbiət və kosmoloji düzənin tarazlığını qorumalıdır. Başqa sözlə desək, ətraf mühitə olan laqeyd münasibəti dəyişmək və ekologiyanı qorumaq üçün insanların şüur, mənəviyyat və psixologiyasında dəyişiklik lazımdır ki, bu məsələdə dini alimlər müsbət rol oynaya bilər.
Dostları ilə paylaş: |