Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə36/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   32   33   34   35   36   37   38   39   ...   232
Mehri Məmmədova

(Əlyazmalar İnstitutu)
Nəcəf bəy Vəzİrov.

Meşəçİlİyə aİd sənədlər

(Əlyazmalar İnstitutunun materialları əsasında)


Milli mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin əvəz­siz mü­qəd­dəs məkanı olan Azərbaycan Milli Elmlər Aka­de­miyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı ya­zılı abidələr təkcə xalqımızın deyil, Yaxın Şərqin orta və son­rakı yüzilliklərdəki ictimai-siyasi vəziy­yə­tini öyrənmək baxı­mın­dan qiymətli mənbələrdir.

Bu yazılı abidələr-əlyazma kitabları ilə yanaşı XIX yüzilli­yin ikinci yarısından başlayaraq XX yüzillikdə yaşayıb-yarat­mış alim, şair, ədə­biy­yat və mədəniyyət xadimlərimizin şəxsi fondları da dövrün ümumi mənzərəsini əks etdirən qiymətli sənədlər olmaqla zəngin bir xəzinədir.

Burada M.F.Axundov, A.A.Bakıxanov, H.B.Zərdabi, N.B.Və­zirov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.T.Sidqi, R.B.Əfən­diyev, Ə.Haq­ver­diyev, M.S.Ordubadi, Ü.Hacıbəyov, Ə.A.Müz­nib, N.Nərimanov, S.Mümtaz, M.Maqomayev və bu kimi görkəmli xadimlərimizin arxiv­lərini tədqiq edib öyrən­dikcə onların kecdikləri ömür yollarını izlədik­cə, belə bir nəti­cəyə gəlirsən ki, müasir həyatımızda istər orta təhsil məktəb­lə­rində, istərsə də haqlarında yazılan məqalə və kitablarda bu el oğullarımızın keçdikləri həyat yolları hələ tam halda göstəril­məmiş və haqlarında deyiləcək sözlər, yarımçıq qalmış fikirlər açıqlanmamışdır.

Milli ədəbiyyat və mədəniyyətimizin bu dəyərli övladları öz dərin zəka və ağılları ilə yaşayışlarının əsasını, yara­dı­cı­lıq­larının mənasını el işinə, vətəninə, xalqına xidmətdə görmüş, heç nədən, heç kəsdən çəkin­mədən, qorxmadan dövrünün du­ru­munu müxtəlif səpkilərdə yazdıqları əsərlərində-drama, ko­me­diya, hekayə, faciə və felyetonlarında əks et­dir­məyə çalış­mışlar.

Burada represiya qurbanları olmuş ədəbiyyatşünas alimlə­ri­miz­dən Salman Mümtaz və Əlabbas Müznibin adını xüsusi qeyd etmək istər­dik.

Bildiyimiz kimi şura hökuməti xalqın öz mənliyini-ana dili­ni, dinini, adət ənənəsini, onlara məxsus olan bayramlarını belə unutdurmağa ça­lışmış, yox etməyə səy göstərmişdir. La­kin xalqını, onun mənəviyyatını yüksək qiymətləndirən Sal­man Mümtaz, Əlabbas Müznib, Yusif Vəzir Çəmənzəminli kimi yüksək vətənsevər alim, şair və publisistlərimiz öz qə­ləm­ləri ilə, öz zəkaları ilə bu yaramaz hərakata qarşı çıxmışlar.

Salman Mümtaz Azərbaycanın bütün bölğələrinə gedib, xalq deyim­lərini-folklor nümunələrini, adlı-sanlı insanları haq­qın­dakı söhbətləri dinləyib, yazıya almış, bu günkü günümüzə ərmağan edərkən;

Əlabbas Müznib öz şeirləri ilə xalqını ayıltmağa, maarif­lən­dirməyə, düşdüyü bəladan qurtarmaq üçün üzünü böyük türk oğlu Atatürkə tut­muş, ondan imdad istərkən adlarına “xalq düş­məni” damğasını basmış­lar.

Bu fədakar el oğullarımızı Sibirə sürgünə aparan yol bax bu olmuş­dur. Vətən, xalqım deyən dilləri kəsilsə də uzaq Sibirdən gələn məktub­larında, şeirlərində yenə də susmamışlar.

Haqqında danışacağımız Nəcəf bəy Vəzirov da bu dahilərlə yaxın olmuşdur. Onun şəxsi fondunda Salman Mümtazın bir teleqramı vardır. Salman Mümtaz Nəcəf bəyi yaradıcılığının 40 illik yubileyi münasi­bə­tilə Aşxabaddan təbrik edir və gələ bilmədiyi üçün təəssüf etdiyini bil­di­rir. Ona milli ədəbiy­yatı­mızın inkişafı naminə cansağlığı arzulayır. s.v.46.

Nəcəf bəy Vəzirovdan çox danışılıb, çoxlu məqalələr və kitablar ya­zı­lıbdır. Biz isə burada onun şəxsi fondundakı bəzi sənədlərlə o böyük şəxsiyyəti yad etmək istərdik.

Şəxsi fondunda onun tərcümeyi-halını; yaradıcılığını açıq­la­yan çox­saylı materiallar-dram əsərləri “Haci Çırıq lənətul­lah”, “Hacı Fərəc lənətullah”, “Keçmişdə”, “Keçmişdə qaçaq­lar”, “Kərəmlər”, “Otuz beş il bundan əqdəm”, “Qaçaqlar”, “Qəz­viyyə”, “Təzə əsr”, “Nə əkərsən, onu biçərsən”, “Pul düş­kü­nü Hacı Fərəc”, və b;. felyetonları, məktublar və 40 illik yu­bileyi münasibətilə teleqram və qəzet yazıları vardır.

Bu sənədlərin qiyməti onlardan əksəriyyətinin avtoqraf ol­masıdır.

“Şəfa” maarif cəmiyyəti nəşriyyatı tərəfindən 1913-cü ildə çap edil­miş kiçik həcmli kitabça Nəcəf bəyin keçdiyi həyat yo­lunu açıqlayan əvəzsiz bir sənəddir. Kitabçanın üz qabığında “Qırx yil Qafqaz türkləri ədəbiyyatinə etmiş olduğu xidmət­lə­rinə müqabil tərtib edilmiş yubileyi (şənlik günü) münasibətilə çap edilmişdir “kimi açıqlama verilmişdir.

Buradakı N.B.Vəzirovun öz qələmindən çıxan tərçümeyi-halından bəzi məqamları müasir gəncliyə ərməğan olaraq qeyd etmək istərdik.

Nəcəf bəy yazır:

Mən, 1854-cü ildə bəhar aylarında (Şişə) şəhərində anadan doğul­mu­şam. Məni on iki yaşında məktəbə göndərdilər. 3 ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən son­ra məni Şişə şəhərinin mülkiyə məktəbinə verdilər.

O, burada Mkrtç adlı müəllimdən rus dili dərsini almağa başlayır. Lakin müəllimin onu haq-nahaq döyməsinə dözmə­yib, məktəbdən qaç­dığını, 1868-ci ildə anasının göz yaşlarına baxmayaraq, Bakıya gəldi­yi­ni söyləyir. O, yazır ki, ailəmiz hədsiz dərəcədə kasıb idi. Ailəni anam idarə edirdi, atam xəstə və bacarıqsız idi. O vaxtlar yadıma düşdükcə şimdi də ürəyim parə-parə oluyor deyə çəkdiyi əzab və əziyyətlərini qəlb ağrısı ilə dilə gətirir.

Nəcəf bəy Bakı həyatını ürək dolusu sevinclə təsvir edir və bildirir ki, burada Realni məktəbin II sinfinə daxil olur, oranı gümüş medalla bitirir. Onun gələcək həyatında mühüm rol oy­nayan amil, 6-cı sinifdə oxuyarkən rus teatrına tamaşa etməsi olur. O, yazır ki, ertəsi günü qim­naziya müəllimim Həsən bəy Zərdabiyə müraciət etdim: “Aya, bizim dilimizdə teyatro əsər­ləri, ya məzhəkə və ya faciə varmıdır deyə sor­dum.

Məlikov Mirzə Fətəli Axundovun Hacı Qara komediyasını ona ni­şan verir və Nəcəf bəy bu komediyanı pansionun müsəl­man şagirdləri ilə bir yerdə hazırlayıb, tamaşaya qoyurlar. O, yazır ki, biz hazırlaşan zaman Həsən bəy Məlikov cənabları tamaşa edirdi. Amma şagirdləri mən hazırlayırdım.

Tamaşanın çox uğurla keçdiyini, qubernatorun ailəsi ilə ta­maşaya gəldiyini, tamaşa bitdikdən sonra qubernatorun dil­man­cı Həsən bəy Nə­bibəyovun onları qonaq etməsini sevinclə yad edir. Həman gecə müəl­limimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundova teleqram göndər­di...

O, Realni məktəbi bitirib əvvəlcə San Peterburqa gedir, sonra Mos­kvaya Petrovski Akademiyasına daxil olur. Burada son dərəcədə fəqir­lik həyatı keçirir. Bu haqda belə yazır: Ha­vası soyuq Moskvada üstümə örtməyə bir yorğanım yox idi. Gecələr dünya malından təkcə gümanım gələn bircə palazımı üstümə çəkirdim... Hərdən oturub, axırımın necə olmasından fikir edirdim... Hər il şəhərimizdə 10-15 imam ehsanı ve­rən olur. Burada boynuyoğun mollalar, şiş papaqlı tacirlər, hacılar plov­lanırlar. Allah belə ehsanı qəbul etsin. Fəqət fəqirlərin uşaqları üçün qayrılmış məktəbə verilən ehsanı qəbul etmir.

Nəcəf bəy belə bir mühitdə çalışmış, öz əsərlərində dövrü­nün fəna cəhətlərini təsvir edərək, tənqid atəşinə tutmuşdur.

Göründüyü kimi son dərəcədə kasıblıq, fəqirlik həyatı ke­çirən bu insanı xalqının savadsız qalması, onun əsrlərdən bəri xanların, bəylərin, mollaların təzyiqi ilə nadanlıq dünyasında yaşaması Həsən bəyi geniş­miqyaslı, müxtəlif məzmunlu əsər­lər yaradıb, bu kütləni ayıltmağa sövq etmişdir.

Bildiyimiz kimi Azərbaycanda dramaturgiya M.F.Axun­do­vun qələ­mi ilə, maarifçi dramaturgiya isə Nəcəf bəy Vəziro­vun yaradıcılığı ilə başlamışdır. Vəzirovun ədəbi və ideoloji fəaliyyəti milli maarifçilik, fa­ciə və məzhəkələri dramatur­gi­ya­mızın, elmi-bioloji əsərləri isə Azər­baycan meşəcilik elminin yeni bir mərhələsinin əsasını qoymuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, N.B.Vəzirovun ümumi yara­dıcılığı ətraflı öyrənilmiş, tədqiq edilib nəşr olunmuşdur. Onun “Palıd” adlı el­mi-təhqiqat işi isə haqqında yazılımış bir-iki mə­qaləni çıxmaqla indiyə­dək təhqiqat yoxsa tədqiqat çap edilmə­mişdir.

Alimin şəxsi fondunda 1-ci saxlama vahidi altında qorunan bu əsər 72 vərəqdən ibarət olub, 17x4x 21 sm ölçüsündədir.

Əsər Azərbaycan dilində, ərəb əlifbası ilə yazılmış, tarixi və yazıl­dığı yer qeyd olunmamışdır. Onun Nəcəf bəyin Ağama­lıoğlu adına Yer Quruluşu və Meliorasiya texnikumunda dərs dediyi zaman tələbələr üçün hazırladığını yəqin etmək olar.

Əsər sondan naqis olsa da məzmun etibarı ilə tamdır. Onu ilk dəfə olaraq transfoneliterasiya ilə nəşrə təqdim etməklə Azər­baycanda meşə­çiliyin inkişafına lazımi qədər xidmət edə­cə­yi ümidindəyik.

Ədibin şəxsi fondunda meşəçiliklə bağlı elə bir diğər sənəd yoxdur. Lakin buradakı bir məktub nəzərimizi cəlb edir. Bu, Ağamalıoğlu adına Yer Quruluşu və Meliorasiya texniku­mu­nun Nəcəf bəyin oğlu Samirə ünvanladığı müraciətdir. Mək­tub­da atasının meşəçiliyə aid kitablarının texnikuma verilməsi xahiş edilmişdir.

Bu məktubdan məlum olur ki, Nəcəf bəyin meşəçiliyə, kənd təsər­rüfatına aid əsərləri tələb olunan ünvana verilmişdir. Məktub Nəcəf bəyin vəfatından sonra 24 dekabr 1926-cı ildə yazılımışdır. fond 4, s.v.59.

Şəxsi fondundakı diğər bir sənəd, Nəcəf bəyin kənd təsər­rü­fatındakı fəaliyyətini açıqlayır. Bu, 5 dekabr 1920-ci ildə Ümum­rusiya Həmkar­lar İttifaqı tərəfindən Vəzirova verilmiş kitabçadır. Kitabça onun Azər­baycan rayonlarında kənd təsər­rüfatı ilə bağlı fəaliyyətinə görə verilmiş və Nəcəf bəyin I ka­teqoriyalı Ali meşəbəyi olduğu, 28 fevral 1920-ci ildə Xalq Tor­paq Komitəsinin müfəttişlik şöbəsinə işə götürüldüyü bil­dirilmişdir.

Burada meşəçiliyə aid digər sənədlər Nəcəf bəyin meşə qu­ru­luşu işi­nə aid planlarıdır.

S.v.64-də onun “İş planı” adlı sənədi texnikumun III kurs tələbə­lərinin meşə taktikası (oduncaqlı ağacların miqdarının təyin edilməsi), yay praktik işinin aparılıması, praktika kimi bir illik, altmış illik ağac­ların sahəsinin, ölçüsünün təyin edil­məsi və meşəçiliyə aid digər məsə­lələrin öyrənilməsi haq­qın­dadır.

Digər sənədlərdə Yer quruluşu və Meliorasiya texnikumu­nun meşə­çilik sahəsinin I kurs tələbələrinin meşədə canlı və çü­rümüş ağacların bö­yüməsi, yaşı və xüsusiyyətlərini öyrən­mə­ləri, meşə torpağının dərin­liyi, rütubətliliyi əsasında ağac­la­rı təyin etmək, ağacların yaşını və köl­gəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacı təsvir etməkdir.

“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox də­yər­lərə malik olduğundan onu ərəb əlifbasından foneli­te­rasiya ilə çapa hazırlamaqla Nəcəf bəy Vəzirov yaradıcı­lığı­na azacıq da olsa xidməti­mizlə qürurlanırıq. Əlbəttə müəllifin öz ədəbi dilini saxlamaq şərtilə.

Ədibin şəxsi fondunda onun yaradıcılığının 40 illik yubileyi müna­sibətilə çoxlu təbrik teleqramları vardır. Bu teleqram­lar­da Nəcəf bəyin nadir yaradıcılığa malik olması (Yelizovetpol şəhərinin başçısı); onun kimi ədibin xalq üçün həmişə gərəkli olması (Bakı Müsəlman Cəmiy­yəti Xeyriyyə idarəsi); onun ədə­biyyat sahəsindəki xidmətləri (Bakı Rus Müsəlman mək­təb­lərinin müəllimlərindən) qeyd olunur.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin