Kamandar Şərİfov
(Əlyazmalar İnstitutu)
Əhməd Həmdİ Şİrvanİ
XIX yüzillikdə yaşayıb-yaratmış azərbaycanlı dövlət xadimi və alimi Əhməd Həmdi Şirvani Osmanlı imperiyasında müxtəlif dövlət vəzifələrində fəaliyyət göstərməklə yanaşı, öz qələmini ayrı-ayrı elm sahələrində sınayaraq, dəyərli əsərlər yazmış və dövrünün görkəmli simalarından biri kimi tanınmışdır. Onun həyatı və yaradıcılığı ilə bağlı verilmiş məlumatlar olduqca qısadır. Əhməd Həmdi Şirvaninin doğum tarixi ilə bağlı iki fərqli məlumat verilmişdir. Şirvaninin “Səyahətnamə” əsərini1 nəşrə hazırlayaraq, ona yazdığı müqəddimədə nəticəsi Fatma Rezan Hürmen onun 1828-ci ildə dünyaya gəldiyini2 qeyd etmişdir. “Böyük larousse sözlük ve ansiklopedisi” və “Meydan larousse” adlı ensiklopedik qaynaqlarda isə alimin doğum tarixinin 1831-ci il olduğu göstərilmişdir3. Bu iki məlumatdan Fatma Rezan Hürmenin göstərdiyi tarixə üstünlük vermək olar, çünki onun babası haqqında əlində olan müəyyən bir sənədə istinad etdiyini ehtimal etmək olar.
Əhməd Həmdi Şirvanda dünyaya gəlmiş, orada boya-başa çatmış və mükəmməl təhsil almaq üçün İstanbula getmiş və orada təhsilini başa çatdırdıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, İstanbulda mədrəsədə dərs deməklə yanaşı “Əncümani-təftiş”də üzv və sonra rəhbərlik etmiş, “Məclisül-məarif”də üzv olmuşdur4. Sultan II Əbdülhəmid onu Hindistana Osmanlı imperiyasının konsulu olaraq göndərmişdir.
Əhməd Həmdi Şirvani İstanbulda bir türk qadını ilə evlənmiş, ondan bir oğlu, iki qızı dünyaya gəlmişdir. Əhməd Həmdi Şirvaninin özü kimi oğlu da ziyalı bir şəxsiyyət və dövlət xadimi olmuşdu5. Oğlu Mehmet Tofiq Həmdi (1876-1956) mükəmməl təhsil aldıqdan sonra, Osmanlı imperiyasının dövlət orqanlarında bir sıra məsul vəzifələrdə işlədikdən sonra Quds şəhərinə vali (1897-1901) təyin edilmişdir. Daha sonra Selanik (1901-1902), Konya (1902-1903), Yəmən (1904-1905), Bursa (1906-1909) və Ankara bölgələrində vali vəzifəsində çalışmışdır. İttihatçı-ixtilafçı mübarizəsi zamanı tərəflərdən heç birinə qoşulmayaraq, bir ixtisas sahibi kimi neytral qalmağa üstünlük vermişdir. Özünün bu mövqeyi sayəsində və müəyyən şərtlərlə Dövlət Şurası və Divanının baş mühasibi vəzifəsini icra etmişdir. Osmanlı imperiyasının bütünlükdə dağıldığı və işğal altında olduğu bir vaxtda Maliyyə nazirliyinə gətirilmişdir. Dövlət qurumlarında sədaqətlə çalışaraq, heç bir tərəfə qoşulmadığına görə Cumhuriyyət dövründə də işlədiyi vəzifələrdən çıxarılmamış, əksinə günümüzün Yüksək Mühəndis Məktəbindəki vəzifəsində öz fəaliyyətini davam etdirmişdir.
Mehmet Tofiq Həmdi bəyin həyat yoldaşı Naciyə Neyyal xanım (1878-1960) Türkiyənin Müfidə Qədri, Eminə Fuad, Mələk Cəlal, Mehri xanım, Cəlilə xanım və Vildan xanım kimi ilk rəssam qadınlarından olmuşdur6. Həyatının böyük bir hissəsini əri Mehmet Tofik Həmdinin təyin olunduğu müxtəlif yerlərdə keçirmişdir. Sadəcə olaraq bir vali arvadı olmaqla kifayətlənməyərək, müntəzəm surətdə öz üzərində çalışmış, rəsm çəkməklə məşğul olmuş, müstəqil şəkildə fransız dilini öyrənmiş və o dövrdə qurulmaqda olan “Sənayi-i Nafisə Məktəbi” üçün Avropadan gətirilən italyan rəssamı Salvador Valeridən rəssamlıq üzrə dərs almış və bir portret rəssamı olaraq, gözəl tablolar yarada bilmişdir. Osmanlı dövründən Cumhuriyyət illərinə qədər yaşadığı uzun ömrünün son səhnəsində o da əri kimi öz xatirələrini yazmağa başlamışdır. Bununla da bir evdə yaşayan iki nəfər-ər və arvad Əhməd Həmdi Şirvani kimi öz xatirələrini qələmə alırlar. Mehmet Tofiq Həmdi bəy öz xanımının xatirələr yazmasını ciddi qəbul etməmiş, hətta ona sataşaraq “əlinin xəmiri ilə xatirə yazan” demişdir. Naciyə Neyyal xanım da ərinin belə deməsindən xeyli kədərlənmişdi. Bununla əlaqədar Naciyə Neyyal xanım 9 iyun 1948-ci ildə xatirələrində belə yazmışdır. “Dünən Tofiq bəy xatirələrimi yazdığımı yenə gördü və dedi:
- Neyyal, əgər sənə təhsil vermiş olsalardı, məşhur bir yazıçı olardın. Halbuki, indi bu yazdıqların heç bir işə yaramayacaqdır.
-Sən öz xatirələrini yazarkən mənim yazdıqlarımdan istifadə etmədinmi?-deyə soruşur.
Tofiq də belə cavab verir:
-Bəli, sənin yazılarından istifadə etdim.
-Eh, o halda indi niyə belə deyirsən?
Amma aramızda olan bu söhbətdən sonra bir xeyli kədərləndim. Bu hiss etdiyim sadəcə kədər deyil, xəyal rahatsızlığı idi. Həqiqətən də, bu mənim yazdıqlarım gələcəkdə nə olacaq, kim oxuyacaq, nəyə yarayacaq? Əgər cırıb atmazlarsa, bəlkə bir gün kimsə (yəni siz) oxuyar, hətta yazdıqlarımdan faydalananlar da olacaq,-deyə düşünərək, təsəlli almağa çalışdım7.
Amma sonralar Mehmet Tofiq Həmdi bəyin Naciyə Neyyal xanımın yazdığı xatirələrinə münasibəti dəyişmişdir. Naciyə Neyyal xanım öz xatirələrindən ibarət kitabına yazdığı “son söz”də ərinin ona qarşı dəyişən münasibətini belə ifadə etmişdir: “Bir tarixi əsər qələmə almaq mənim çoxdankı arzum olmuşdu. Bununla əlaqədar, gördüyüm və yaşadığım hər şeyi burada qələmə almaqdan böyük bir zövq aldım. Tofiq bəy də artıq mənim yazdıqlarımı çox bəyənir və əvvəllər mənim bu fəaliyyətimə dodaq büzdüyü halda, indi bunların hamısını əlaqəli şəkildə öyrənir, hətta bu yazılarımın bəzisini gələn qonaqlara hündürdən oxuyurdu. Ayrıca ikilikdə olanda birdən mənə “bugün nə yazdın?” –deyərək, nələrdən yazdığımı öyrənmək istəyirdi, çünki o, öz xatirələrini yazarkən mənim yazılarımdan istifadə edirdi. Halbuki, beş il qədər əvvəl bu işə başlamağıma göstərdiyi münasibət pis olmuş, hətta, “bu yazdıqların bir işə yaramayacaq”,-deyərək, məni kədərləndirmişdi. İndi isə yazdıqlarım onun nəzərində böyük qiymət qazanmışdı”8.
Beləcə bir “ər-arvad” çəkişməsi da şirinliklə sona çatmış oldu.
Naciyə Neyyal öz rəssamlıq istedadını reallaşdıra bilməsə də, qızı Məlihənin bu sənətə yiyələnməsinə və peşəkar rəssam olmasına böyük yardım etmiş və bu işdə maraqlı olmuşdur.
Melihə (Zafir) Yenərdən də anası Naciyə xanım kimi rəssamlıq istedadına malik olmaqla yanaşı, Fransada musiqi təhsili almışdır. Klassik qərb musiqi stilində bəstələri olmuş və bir sıra mükafatlar almışdır. Fransız dilindən başqa, ingilis, alman və italyan dillərinə də yiyələnmişdir. O, da anası Naciyə Neyyal xanım kimi portret rəssamı olmuşdur. Qərb, xüsusən fransız mədəniyyətini dərindən öyrənmiş Məliha xanım fransızca şerlər də yazırmış. Fransızca yazdığı şerlərini 1952-ci ildə Parisdə “Edition de la Revue Moderne” adlı nəşriyyatda öz hesabına nəşr edilmişdir. “Sanguines et fusaius” adlı kitabında əsərlərini “Zeynəb Aksel” təxəllüsü ilə yazmışdır. Ümumiyyətlə o, öz əsərlərində Zeynəb Aksel, Xədicə Yenerden, Məlihə Zafir və Neyyal Şahsuvar adlartından istifadə etmişdir.
Məlihə Yenərdənin qızı Fatma Rezan xanım9 ulu babasının və anasının valideynlərinin, yəni Məhmət Tofiq Həmdi və Naciyə Neyyal xanımın ömürləri boyu yazdıqları və özlərindən sonra əlyazma şəklində qoyub getdikləri xatirələri səssiz, səmirsiz, heç bir kəsin diqqətini cəlb etmədən, sakitcə öyrənmək və nəşrə hazırlamaqla məşğul olmuşdur. Bununla da o, “səssiz bir vəsiyyət”i yerinə yetirməklə məşğul olmuşdur. Fatma nə qədər öz şəxsiyyətini arxa planda saxlasa da, gördüyü işi qabartmasa da, çox mühüm və faydalı bir işin arxasınca düşmüşdü. Əslində böyüklərinin pərakəndə şəkildə qoyub getdikləri xatirələri Fatma xanım nizama salaraq, bir kitab şəklində gətirmiş və nəşrə hazırlamışdır. Bəzi mənbələr Mehmet Tofiq Həmdinin və Naciyə Neyyalın xatirələrini, əslində onun “yazdığını” qeyd edirlər10.
Beləliklə o, baba və nənəsi Mehmet Tofiq Həmdinin və Naciyə Neyalın yazmış olduğu xatirələri nəşrə hazırlamışdır. Babası Mehmet Tofiq Həmdi bəyin xarirələri pərakəndə bir yazılardan ibarət olmuşdur. Bu yazıları o, nizama salmış, qaynaqların verdiyi məlumatlarla tamamlayaraq, çatışmamazlıqlarını aradan qaldırmış, osmanlı türkcəsində yazılmış mətnin dilini zəmanəmizin türkcəsinə yaxınlaşdırmış və nəşrə təqdim etmişdir. Eyni şəkildə nənəsi Naciyə Neyyal xanımın xatirələrini də həmin nizamla hazırlayaraq, çapa vermişdir. Onun bu fəaliyyəti 2000-ci ildə Yazıçılar Birliyi tərəfindən “Xatirələr” bölümü üzrə o, ilin yazarı seçilərək təqdir edilmişdir.
Fatma Rezan xanım bu şərəfli işi yerinə yetirməklə bərabər, həm də yazıçı Nahit Örükün bir “arzusunu” da yerinə yetirmiş oldu. Görkəmli romançı bu arzusunu “Həyatda qalan əski nazirlər, əski valilər” adlı yazısında belə bildirmişdir:”.... bu dəyərli zatı (Mehmet Tofiq Həmdini) rəhmətlə yad edərkən, son zamanlarda tamamladığını bildiyim xatirələrinin nəşr edilməsini arzulayıram”9.
Fatma Rezan Hürmən ulu babası Əhməd Həmdi Şirvaninin “Səyahətnamə” əsərini də ikinci dəfə çapa hazırlayaraq, 1995-ci ildə nəşr etdirmişdir. O, bu nəşrə yazdığı “ön söz”də Əhməd Həmdi Şirvaninin “Səyahətnamə” ilə birlikdə on doqquz əsəri olduğunu10 qeyd etmişdir. Lakin, Fatma Rezan Hürmən xanım bu əsərlərin nə adlarını, nə də hansı elm sahəsinə həsr edildiyi haqqında heç bir məlumat verməmişdir. Ərəb, fars və fransız dillərini mükəmməl bilən Əhməd Həmdi Şirvani Osmanlı imperiyasının və Türkiyə Cumhuriyyətinin tanınmış dövlət xadimi olmaqla bərabər, həm də rəngarəng elmi yaradıcılığı olan bir alim kimi tanınmışdır. O, öz qələmini ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, məntiq, coğrafiya, astranomiya, ilahiyyat elmləri, eləcə də tərcümə sahələrində sınamışdır. Əhməd Həmdi Şirvani özünün “Səyahətnamə” əsərini, Osmanlı imperiyasının Hindistandakı konsulu kimi fəaliyyətini başa çatdıraraq, geri vətənə qayıtdıqdan sonra qələmə almışdır. O, bu əsərini İstanbulda Mahmud bəy mətbəəsində həyata keçirilmiş nəşrinə yazdığı ön sözdə bildirir ki, o, sultan II Əbdülhəmid tərəfindən fövqəladə bir vəzifə ilə Hindistana göndərildiyindən bəhs edir. Əhməd Həmdi Şirvani Hindistanda konsul vəzifənsini icra etdiyi illər ərzində Hindistan, Svat və Əfqanıstanın müxtəlif şəhərlərinə səfərlər etmiş, bu səfərlər zamanı müxtəlif dövlət adamları və tanınmış ziyalılarla görüşmüş, ayrı-ayrı yerlərdə olmuş, müxtəlif hadisələrlə qarşılaşmışdır. O, qeyd edilən ölkələrin şəhərlərində yaşayan müxtəlif millətlərə və dinlərə mənsub toplumları dərindən öyrənmiş, bu ölkələrin xalqlarının adət və ənənələrini, mənsub olduqları məzhəb, ibadət və məbədləri, milli bayramları haqqında kifayət qədər geniş məlumat toplamışdır. Bütün bunlar o dövrdə türk xalqı üçün çox maraqlı idi. Odur ki, Əhməd Həmdi Şirvani konsul vəzifəsinin icrasına başladığı ilk gündən Hindistandakı fəaliyyətinin sonunadək gördüklərinin və eşitdiklərinin hamısını axıcı və gözəl bir dildə qələmə almışdır. “Səyahətnamə”dən başqa Əhməd Həmdi Şirvaninin aşağıdakı əsərləri məlumdur:
Əhməd Həmdinin “Suvarül-kavakib” (“Ulduzların şəkilləri”) adlanan digər əsəri astronomiyaya həsr edilmiş bir traktatdır. Şirvani bu əsərində bürclərdən və bürcləri meydana gətirən ulduzların sayından və şəkillərindən bəhs edir. Məsələn, bunlardan əkizlər bürcünün 18 ədəd ulduzdan meydana gəldiyini, başları şimal-qərbə, ayaqları cənub-şərqə doğru uzanan, biri-birinə sarılmış iki uşaq şəklində olduğunu demişdir. Beləliklə, o, bürclərin neçə ədəd ulduzdan meydana gəldiyini, hansı şəkildə olduğunu astronomik bilgilər əsasında müəyyən etməyə çalışmışdır. Əsər 1868-ci ildə çap olunmuşdur.
“Məqalətül-urəfa fi məsailül-hükəma” (“Filosofların məclisləri ilə bağlı ariflərin söylədikləri”) adlı əsərində Əhməd Həmdi filosofların üzərində durduğu bir çox məsələləri ariflər kimi təqdim etdiyi təsəvvüfçülərin, o cümlədən Qəzali, İbn Arabi və Sührəverdi kimi kəlamçı və sufi filosof xarakterli şəxsiyyətlərin fikirləri ilə müqayisəli şəkildə qələmə almışdır. Əsər türkcə (Osmanlıca) olub, bəzi yerlərdə ərəbcə və farsca ibarə, rübai və mənzumələrdən istifadə edilmişdir. Əsər 1869-cu ildə çap olunmuşdur.
“Təshilül-əruz vəl-qavafi vəl-fedayi” və “Bələğət lisan Osmani” adlı əsərləri ədəbiyyatşünaslığa “Üsulül-coğrafiya” coğrafiyaya, “Türkcə (Osmanlıca) özət məntiq” məntiqə həsr edilmişdir.
“Türkcə (Osmanlıca) özət fiqh üsulu” əsərində o, müsəlmanların dini və dünyəvi həyatlarını tənzimləyən normaları özündə toplayıb, ibadətlər, miras, əqdlər və ailə münasibətlərini, edilməli və edilməməli (əmr və nəhy) əməlləri qiymətləndirən hökmləri, cəza və mühakimə üsulları, dövlət təşkilatı və müharibə etmə hüququna dair ehkamları özündə birləşdirən fiqh elminin türkcə müxtəsər şərhini vermişdir.
“Xülasətül-fəraiz fi həllil-qavamiz” əsəri islam hüququna əsasən vərəsənin qohumlar arasında bölüşdürülməsinin qanuni yollarını və üsullarını işıqlandırır.
Əhməd Həmdi Şirvani qələmini tərcümə sahəsində də sınamışdır. O, XI əsrin məşhur ərəb yazıçısı Əbu Məhəmməd əl-Qasim əl-Həririnin (1054-1112) qafiyəli nəsrlə yazılmış məqamələrini (novellarını) türkcəyə tərcümə etmişdir.
Əhməd Həmdi Şirvani 1890-cı ildə İstanbulda vəfat etmişdir.
Dostları ilə paylaş: |