Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə31/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   27   28   29   30   31   32   33   34   ...   232
Nailə Səmədova

(Əlyazmalar İnstitutu)
Məmmədəlİ Sİdqİ və “Molla Nəsrəddİn” məcmuəsİ
Maarifpərvər müəllim və mühərrir Məmmədəli Sidqi XX yü­zilin ta­nınmış ziyalılarındandır. O, görkəmli maarifçi və pe­daqoq Məmməd­ta­ğı Sidqinin ailəsində 1888-ci ildə Ordubadda dünyaya göz açmışdır. Dövrün görkəmli və ziyalı adamları Kər­bəlayi Nəsrulla Şeyxov, Mirzə Nəsrulla Əmirov, Məşədi Qur­banəli Şərifov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şah­taxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Məmməd­ta­ğı Sidqinin ən yaxın dostları idi. Məmmədəli Sidqi o illəri belə xatırlayır: “Atamın yaxın dostları, Naxçıvanın ziyalıları çox gecə­lər atamın ikinci mərtəbədə olan otağına yığışıb çox vaxt səhərə yaxın dağılışardı. Atam çox şirinsöhbət olduğuna görə bizə yığışmaqdan əla­və hər gecə atamı dəxi onlar öz evlə­rinə dəvət edərlərdi” (7). Belə bir mühitdə böyüyən Məm­mədəli Sidqidə hələ uşaq vaxtlarından ədəbiy­yata həvəs və mə­həbbət olmuşdur. O, ilk təhsilini Naxçıvanda atası Məm­­məd­tağı Sidqinin təşəbbüsü ilə açılmış “Məktəbi-tərbiyə”də al­mışdır. Sonra təhsilini Naxçıvan şəhər rus-tatar məktəbində davam et­dir­mişdir. Hüseyn Cavid, Əliqulu Qəmküsar, İbrahim Əbilov, Əli Səbri Sidqinin məktəb yoldaşları olmuşlar. 1906-cı ildə məktəbi bitirdikdən sonra Məmmədəli Sidqi əvvəlcə “Mək­təbi-tərbiyə”də, daha sonra Nax­çıvan kəndlərində müəl­lim­lik etmişdir. Onun “Açıq söz”, “Bəsirət”, “İt­ti­faqi-tərəqqi”, “Sə­dayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Bakı”, “Kas­­pi”, “Azər­baycan”, “Vətən yolunda”, “Sumqayıt işçisi”, “Molla Nəs­­rəddin”, “Babayi-əmir”, “Zənbur” və sair qəzet və məc­muə­­lərdə “Qəmiş”, “Şeypur”, “Mozalan” kimi imzalarla ya­zıları dərc olunmuş­dur.

“Molla Nəsrəddin” nəşr olunduğu ildən Məmmədəli Sid­qi­nin Əli­qulu Qəmküsar ilə birlikdə Naxçıvandan göndərdikləri yazılar jurnalda dərc olunurdu. Buna görə də hər ikisi nəzarət altına alınmışdı. Məm­mə­dəli Sidqi xatirələrində yazır: “1906 və 1907-ci illərdə Tiflisdən aldığı­mız və Boqoslavskinin yaz­dığı intibahnamələri çap edib çoxaltmaq is­tə­dik. Boqoslavski bizim evdə jelatindən teleqraf düzəltmişdi. Gecələr çap etdiyi­miz intibahnamələri Boqoslavski şəhərin divarlarına yapışdı­rırdı. 1907-ci ilin əvvəllərində mənim evim polislər tərəfindən mühasi­rə­yə alınaraq axtarış edildi və heç bir şey tapılmadığına görə mənə to­xunan olmadı. Lakin Boqoslovski, onun bir nəfər gürcü yoldaşı və iki nəfət naxçıvanlı (Heydər Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə alınıb sürgün edildilər. Məni isə Nax­çıvan məktəbindən çıxarıb kənd məktəblərinə müəllimliyə göndərdilər... İrəvan quberniyasının direktoru məşhur missio­ner F.A.Smirnov ... evin axtarılmasını əldə bəhanə edə­rək məni sədaqətsiz müəllim adlandırmaqla 1910-cu il iyun ayının bi­rin­dən vəzifədən kənar etdi” (5).

Məhz belə bir vaxtda, 1910-cu il iyun ayının 9-da Cəlil Məm­məd­quluzadə Tiflisdən Məmmədəli Sidqiyə məktub gön­dərir: “Əzizim Məm­mədəli! Mən bu ovqat kəndə getməliyəm və burada bir adam la­zımdır ki, “Molla Nəsrəddin”i idarə elə­sin. Əgər yay fəsli, yəni iki ay gə­lib Tiflisdə qala bilsəniz... Tez gəliniz Tiflisə və bunu da biliniz ki, burada, bizim evdə ye­yib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma gü­man edirəm ki, narazı olmazsınız. Əgər iki aydan sonra Tiflis­də qalmaq istəsəniz, bəlkə yenə idarədə qalasınız. Bunu da bi­liniz ki, burada bizim uşaqlara dərs verə bilərsiniz. Bura gələn­dən sonra hər bir şey müəyyən olar. Amma güman edirəm ki, “Molla Nəsrəddin” işlərində mənə yaxşı kö­məkçi ola biləsiniz. Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələ­cəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm” (6).

Hələ 1910-cu il may ayının 15-də Mirzə Cəlil Məmmədəli Sid­qiyə yazmışdi: “Qələm yoldaşım Məmmədəli Sidqiyə! Azar­lı olmağım səbə­bindən rica edirəm bir neçə ayın müd­də­tinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdi­ri-məsulluğunu öhdənə götürəsən. “Mol­la Nəsrəddin” məc­muə­si­nin müdiri Cəlil Məmmədquluzadə” (1, s.303).

Şübhəsiz, Cəlil Məmmədquluzadə bir tərəfdən Məmmədəli Sidqinin onu layiqincə əvəz edəcəyinə inanır, digər tərəfdən sədaqətli dostu Məm­mədtağı Sidqinin ölümündən sonra ailə­nin ehtiyac içində ya­şa­masından bixəbər deyildi. Vaxtilə Cəlil Məmmədquluzadə Nehrəm kən­dində müəllimlik etdiyi zaman hər həftə kənddən Naxçıvana gəl­dikdə “Məktəbi-tərbiyə”də Məmmədtağı Sidqinin görüşünə gələrdi. Məm­mədəli Sidqi “Molla Nəsrəddin” jurnalının əlli illiyi münasibətilə qələmə al­dığı xatiratda atası ilə Mirzə Cəlilin dostluğundan bəhs et­miş­dir: “Cümə günlərini atamı evlərinə qonaq aparıb bütün gün onun­la söhbət edərdi və yazmağa başladığı əsərlərini ona oxu­yardı. Məmməd­tağı Sidqi rus dilini bilmədiyinə görə rus ədə­biyyatından istifadə edə bilmırdi. Lakin onun yaxın dostları Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sulta­nov bu barədə ona çox kömək etmişlər. Cəlil Məmməd­qulu­zadə İrəvanda yazdığı “Poçt qutusu” əsərini atama gön­dər­miş­di” (5).

Beləliklə, 1910-cu il iyunun ortalarında Məmmədəli Sidqi Tiflisə gəlir. Bu onun Tiflisə üçüncü gəlişi idi. Bundan əvvəl o, Naxçıvandan Tiflisə məhz Mirzə Cəlil ilə görüşmək üçün gəlmişdi. Böyük ədib ilə görüşündən aldığı təəssüratlarını Məm­mədəli Sidqi belə xatırlayır: “Cəlil Məmmədquluzadə tək qalıb çox yorğun olduğundan şikayət etdi və istirahət üçün kən­də getməyə tələsdiyini bildirdi. Ümumiyyətlə, re­daksiya, mət­bəə və litoqrafiya işlərindən xəbərdar olmadığıma görə Cəlil Məmmədquluzadə üç gün müddətində məni bütün bu iş­lərə bələd etdi və ilk zamanlarda mənə kömək üçün o zaman Tif­lisdə “Molla Nəs­rəddin” jurnalında yaxından iştirak edən Həbib Zeynalov ilə məni tanış etdi” (6).

Məmmədəli Sidqi jurnalın şəkillərini Həbib Zeynalov ilə birlikdə tərtib edir, yazıları oxuyub təshih edirdilər. Xərcin çox çıxmaması üçün iki nömrənin şəkli bir yerdə daşla çap olunur­du. Bir nömrə abunəçilərə göndərilirdi və satışa buraxılırdı, o biri nömrə isə hazır şəkillərlə gələn həftəyə qalırdı. Sonralar məcmuənin dərc olunmasında bütün ağırlıq Sidqinin üzərinə düşmüşdü. O, xatirələrində bununla əlaqədar bildirirdi: “Re­dak­si­yada məndən başqa işçi yox idi. Şəkilləri rəssamlara sifa­riş vermək, jurnala material hazırlamaq, litoqrafiyada və mət­bəədə jurnalın yazılarını təshih etmək, jurnal çap olunduqdan sonra hamısını büküb üstünə adres və marka yapışdırmaq və poçta salmaq kimi vəzifələr mənim öhdəmdə idi” (6).

Məmmədhəsən Səfərov atası Məmmədəli Sidqinin tərcü­me­yi-halını qələmə alaraq ömür yolunun hər bir məqamını can­landırmağa çalışmış və “Molla Nəsrəddin” məcmuəsində fəaliyyətindən bəhs etmişdir: “Ələl­xüsüs yay aylarında Ömər Faiq də Azxura getdiyi üçün Məm­mə­dəli jurnalı yalnız tək­ba­şına buraxardı. Belə ki, jurnalın hər bir işini özü görərdi. İs­ma­yıl Həqqi ilə birlikdə 1911-ci ildə Sabir Tiflisə müalicəyə gə­lərkən yenə Məmmədəli idarədə tək işləyirdi və Sabir ilə ikisi bir otaqda idarədə yaşayırdılar” (4).

”Molla Nəsrəddin” jurnalının nəşr edilməsində Məmmədəli Sid­qinin göstərdiyi xidmətlər danılmazdır. Mirzə Cəlil ona eti­bar edir və güvə­nir­di, jurnalın yaxşı çıxmasından razılıq edir­di. Onun Sidqiyə yazdığı mək­tubları bunu bir daha təsdiqləyir. Bu­nunla belə, Məmmədəli Sidqi nəinki “Molla Nəsrəddin” məcmuəsinə redaktorluq edir, həmçinin Mir­zə Cəlilin məişət məsələləri ilə əlaqədar işlərində yaxından iştirak edir, ailənin bir çox problemlərini həll edirdi. 1911-ci ildə Sidqiyə ün­vanla­dığı məktublarının birində Mirzə Cəlil yazır: “Bu gün Sə­mədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bil­mirəm niyə? Evdən və uşaqlardan muğayat ol. Müzəffər çox gəzməsin və səy eləsin. Münəv­və­rin paltarını al və nə la­zım olsa, birbəbir elə. Hər nə sözün olsa, yaz. Qəzetləri gön­dər” (2, s.836). Başqa bir məktubunda Cəlil Məmməd­qu­luzadə Məmmədəli Sidqiyə yenə də ən yaxın adamı kimi müraciət edir: “...Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərdə də, pis işlərdə də insafının yanında sən cavabdeh ola­caqsan. Həmidə xanım da sənə çox dua göndərir və səndən çox razıdır, mən də həmçinin. Amma hər ikimiz də sənin ya­nında xəcalət çəkirik ki, puldan yana sənə korluq verdik...” (1, s.382). Böyük ədib Sidqini sahibi-ixtiyar adlandırır, ona məi­şət məsələləri ilə bağlı sifarişlərini verməklə yanaşı “nə cür ağ­lın kə­sir, o tövr elə” deyir.

Məmmədəli Sidqi 1910-cu ilin ortalarından 1911-ci ilin son­larına­dək “Molla Nəsrəddin” jurnalının müvəqqəti redak­to­ru olsa da sonrakı illərdə də məcmuənin nəşrində və yayıl­ma­sın­da yaxından iştirak etmiş­dir. Məlumdur ki, “Molla Nəsrəd­din” Cənubi Qafqaz şəhərlərindən baş­qa Orta Asiya, Türkiyə, İran, Mərkəzi Rusiyanın bir çox şəhərlərinə göndərilirdi. Bu işdə də Məmmədəli Sidqinin xidmətlərini qeyd etmə­mək ol­maz. Cəlil Məmmədquluzadənin Sidqiyə ünvanladığı 7 mart 1912-ci il, 11 yanvar 1915-ci il, 10 fevral, 17 sentyabr 1917-ci il tarixli məktublarını nəzərdən keçirmək kifayətdir ki, deyi­lənlər bir daha təsdiq olunsun. Hətta 1929-cu il iyun ayının 9-da İrəvandan göndərdiyi mək­tubunda yazmışdı: “...Ümidva­ram ki, məcmuəni adi bir qayda ilə çıxa­ra­san ki, kəm-kəsiri olmaya. Əli Nəzmiyə materialdan yana kömək elə ki, məc­muə­ni əhəmiyyətsiz material ilə doldurmağa məcbur olmasın. Habelə, şəkillər biməna olmasınlar. Bu barədə Polina Afanas­yev­naya da yazmışam ki, sənə desin. Əlbəttə, unutmayasan. Ümu­miyyətlə, diq­qət ver ki, yaramaz material çap olun­ma­sın...” (3, s.932).

Beləliklə, böyük maarifçi - pedaqoq Məmmədtağı Sidqinin oğlu mü­hərrir Məmmədəli Sidqinin “Molla Nəsrəddin” məc­muə­­sinin nəşr olun­masında böyük xidmətləri olmuşdur. Hə­yatın gerçək təsvirini verən mək­tublar, tərcümeyi-hal və xati­rə­lər bunu bir daha təsdiqləyir, indi­yə­dək işıqlandırılmamış bir çox məqamlara aydınlıq gətirir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin