Tahirə Həsənzadə
(Əlyazmalar İnstitutu)
Mətbəələrİn coğrafİyası
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinələrindən birində on mindən artıq əski çap kitabı mühafizə olunmaqdadır. Əlyazmaların təsviri zamanı aparılan müqayisə, dəqiqləşdirmə, ümumiyyətlə tədqiqat baxımından onların böyük əhəmiyyəti vardır.
Bütün mədəni ölkələrdə nəşr tarixi yüz ili tamam olmuş kitabın dəyəri əlyazmaya bərabər tutulur. Əlyazmalar Institutu nəşr tarixi yüz ili çoxdan ötmüş və Şərq ölkələrinin Misir, Qahirə, Kəlküttə, Bombey, Təbriz, Avropanın Paris, London, Vyana, Roma kimi böyük şəhərlərində çap olunmuş nadir kitablarla zəngindir. Daşbasma (litoqrafiya və köhnə elektrik mətbəəsi) üsulu ilə işıq üzü görmüş bu kitablar Azərbaycanın mənəvi sərvətidir.
Məlumdur ki, Azərbaycanda kitab nəşrinin tarixi XIX yüzilliyin 30-cu illərinə təsadüf edir. Bu mühüm sahə görkəmli maarifçilərdən Mirzə Fətəli Axundzadə, Həsənbəy Zərdabi və Cəlil Məmmədquluzadə və başqalarını daim düşündürmüş, narahat etmişdir. Azərbaycan kitabının ilk nəşr nümunəsinin sorağı isə daha əvvəlki yüzilliklərdən gəlir. Artıq müəyyən edilmişdir ki, ilk Azərbaycan kitabı dünyaşöhrətli Azərbaycan alimi Nəsirəddin Tusinin 1594-cu ildə Romada çap olunmuş «Təhriri-Öqlidis» əsəridir. Xəzinədə qorunub saxlanan bu əsər Yunan alimi Evklidin «Əsaslar»ının Nəsirəddin Tusi tərəfindən yenidən, mükəmməl işlənmiş variantıdır ki, mənbələr onun Yaxın və Orta Şərqdə dərs vəsaiti kimi istifadə edildiyini barədə məlumat verir. Nadir çap nüsxələri arasında Firdovsinin, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Bakıxanovun dünyanın tanıdığı bir çox Azərbaycan aliminin nadir əsərlərini görürük.
Xəzinədə ən qədim nəşr tarixli kitab Əbu Əli ibn Sinanın 1609-cu ildə Polşanın Breslab şəhərində ərəb və latın dillərində çap olunmuş XIII-199 şifrəli əsəridir. Bu əsərin 30 nəşri mövcuddur və ilk dəfə 1473-cü ildə Milanda nəşr edilmişdir. Həmin sırada mühafizə olunan digər bir kitab da diqqəti çəkir. 1793-cü ildə Peterburqda Imperator mətbəəsində fars və rus dillərində çap olunmuş kitabın müəllifi Qacar şahları sülaləsinin banisi Ağa Məhəmməd şah Qacarın vaxtilə Rusiyaya sığınaraq hakimiyyət iddiasında olan qardaşı Murtuzaqulu xan Qacar tərəfindən II Yekaterinanın hüzuruna gönldərilən Məhəmməd Əşrəfi ibn Məhəmməd Möhsündür. O, səfərindən aldığı təəssuratı əks etdirən, fars dillərində yazdığı poemanı «Şahnamə» adlandırmışdır (ruscası sətri tərcümədir). Ehtimal olunur ki, poema Rus çariçası haqqında yazılmış ilk iri həcmli əsərdir.
Müdriklərdən biri demişdir ki, kitab nəsillərin bir-birinə vəsiyyətidir. Əlyamalar Institutunda Azərbaycanın mənəvi sərvəti olan əlyazmalarla yanaşı qədim kitabları da gələcək nəsillərə ötürmək üçün kataloqlaşdırma işi dama edir. Bu məqsədlə türkdilli, farsdilli, ərəbdilli və Avropa dillərində olan, əski çap kitablarının kataloqu da nəşr edilmişdir. Təsvir zamanı kitabların nəşr olunduğu, indi tarixdə qalmış mətbəələr də tərəfimizdən qeydə alınmış və məlum olmuşdur ki, Əlyazmalar İnstitutunda dünyanın bir çox şəhərlərində fəaliyyət göstərmiş yüz əllidən artıq mətbəəsinin çap kitabı mühafizə olunmaqdadır.
Əlyazmalar Institutunun zəngin xəzinələrində mühafizə olunan kitablar tədqiqat əhəmiyyətlidir. Heç şübhəsiz ki, aşağıda dərc etdiyimiz mətbəələrin adlar göstəricisi mətbəələrin tarixini, ümumiyyətlə mətbuat tarixini araşdıranlar üçün maraqlı faktlar aşkara çıxaracaq, onlara mətbəələrin coğrafiyası ilə daha yaxından tanış olmaq imkanı verəcəkdir:
Dostları ilə paylaş: |