Öpüşdüyü bir ölkədən.
İstiyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Orta əsrlər Azərbaycan-türk tərcümə nümunələrində fars dilindən hərfi şəkildə tərcümə olunmuş frazeoloji birləşmələrə də rast gəlirik. Məsələn: nam bordən – adın aparmaq (ad çəkmək), xəşm foru bordən – acığ yudmaq (hirsini basmaq), təngdəst şodən - əli dar olmaq (əliaşağı olmaq), peşimani xordən – peşimanlığ yemək, fetne əngixtən – fitnə sıçratmaq (fitnə törətmək), zəxm xordən – zəxm yemək (yaralanmaq) və s. “Şühədanamə”də işlənən bu frazeoloji birləşmələrin hərfi yolla tərcümə olunması göz qabağındadır.
Ortaçağ tərcümə əsərlərində fars dilinin təsiri bəzi cümlələrin quruluşunda da özünü göstərir. Məsələn: “Böyük qərdaşı ki adı Məhəmməd idi, uyxudan oyandı və kiçi qərdaşı ki adı İbrahim idi, dedi... Ol nəstəyə ki, ana buyurmış idilər, məşğul oldı. Qasım bir çadıra ki, anası ilən gəlin anda idilər, gəldi. (“Şühədanamə”). Nişati bu cümlələrini eynilə farsca mətndəki kimi qurmuş və sözlərin sırasını olduğu kimi saxlamışdır.
“Şühədanamə”də hərfi tərcümənin təsiri ədəbi dilimizin qrammatik normalarına uyğun gəlməyən digər cümlə tiplərində də özünü göstərir. Məsələn: “Biz səni təxtü cah içün yaratmışuz, nə quyınun dibi üçun”. Qeyd edək ki, fars mənşəli nə bağlayıcısının köməyi ilə qurulmuş bu cür cümlələrə Füzulinin “Hədiqətus-süəda” əsərində də rast gəlirik. Məsələn: Ey Adəm, bu müddəa əsəri-məhəbbətindür, nə ki müqtəzayi-şəriətin. Maraqlıdır ki, “Şühədanamə”də bəzən nə, nə ki əvəzinə onun türkcə qarşılığı olan yox/yoq sözləri də işlənmişdir. Məsələn: Bizim müddəamız oldur ki, sənün boğazundan qan axıtdırauz, yox ki, boğazuna su tokəüz.
Orta əsr mütərcimləri tərcümə prosesində söz yaradıcılığı sahəsində də səmərəli fəaliyyət göstərərək bir sıra yeni sözlər yaratmışlar. Məsələn: aldayıcı (aldadan), diləci (alan), qayrıc (hami), saqlayıcı (gözətçi), oquyıcı (oxucu), yol kəsici (yol kəsən, oğru), ırlayıcı (xanəndə, müğənni), pambıq atıcı (həllac), gözə dərman salıcı, günlük (pərdə) və s.
Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərinin dilində nadir hallarda çığatay dilinin təsiri də özünü göstərir. Məsələn: andin (ondan), yüzidin (üzündən), nuridin (nurundan), canumğə, könüllarğə, quşlarğə və s. Bu xüsusiyyət daha çox Nişatinin “Şeyx Səfi təzkirəsi”ndə nəsr arasında verilən nəzm parçalarında özünü göstərir.
Məsələn:
Dostları ilə paylaş: |